Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1224/2023 08.08.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: borc tələbi) Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi), X2 və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, Həşimova Leyla Yusub qızının katibliyi ilə, Cavabdeh iştirakı ilə, Xaçmaz Rayon Məhkəməsinin 16 mart 2023-cü il tarixli, e-2(067)-317/2023 saylı qətnaməsindən iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları a) Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, cavabdehdən 4375,36 manat məbləğində əsas, 916,63 manat faiz borcunun və 73,32 manat dövlət rüsumunun tutularaq "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddia ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı ASC ilə cavabdeh arasında bağlanmış 08 iyul 2021 il tariхli, 300804-674416/2 nömrəli istehlak krеditi müqaviləsinə əsasən borcluya 24 ay müddətinə, illik 17.5% dərəcəsi ilə 7000 manat məbləğində krеdit vеrilmişdir. Borcalan əsas öhdəliyi lazımınca icra etməmiş və krеditin təsdiq оlunmuş hissə-hissə ödəmə qrafikini pоzmuşdur. Cavabdehə dəfələrlə şifahi və yazılı хəbərdarlıq olunsa da o, Banka olan borcunu ödəməmişdir.
3. Cavabdeh tərəfindən iddia ərizəsinə etiraz verilməmişdir.
4. Xaçmaz Rayon Məhkəməsinin 16 mart 2023-cü il tarixli, e-2(067)-317/2023 saylı qətnaməsi iddia qismən təmin edilmiş, Cavabdeh 4224,65 manat məbləğində əsas, 318,32 manat faiz borcu və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 73,32 manat məbləğində pulun tutularaq İddiaçı ASC-nin hesabına ödənilməsi, ekspertiza tədqiqatının dəyəri 100 manat məbləğində pulun Cavabdeh alınaraq X1, kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22 Məhkəmə Eksperizası Mərkəzi VOEN ********** AZ34CTRE******************** hesabına keçirilməsi qət edilmişdir.
5. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1, 385.1, 442, 445.2.1, 445.3, 448.1, 449.4-cü maddələrinə istinad edərək əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
6. İddiaçı ASC tərəfindən apellyasiya şikayəti verilərək Xaçmaz Rayon Məhkəməsinin 16 mart 2023-cü il tarixli, e-2(067)-317/2023 saylı qətnaməsinin ləğv edilməsi, iddianın tam təmin edilməsi xahiş edilmişdir.
7. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bank tərəfindən 02 noyabr 2022-ci il tarixinə kimi cavabdehin ödəməli olduğu əsas borcun, faizlərin məbləği hesablanmış və həmin məbləğ ona qarşı tələb kimi irəli sürülmüşdür. Məhkəmə iş üzrə düzgün nəticəyə gəlməmişdir. Belə ki, cavabdehlə Bank arasında bağlanmış kredit müqaviləsinə əsasən kredit müqaviləsinin müddəti 08 iyul 2023-cü il tarixdə bitir və qeyd olunan maddi hüququ normasına əsasən özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hеsablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin krеditоra ödənildiyi günə qədər tutulur. Məhkəməyə təqdim edilmiş hesabdan çıxarışdan görünür ki, cavabdehin kredit müqaviləsi üzrə sonuncu ödənişi xx.xx.2022-ci il tarixdə olmuş və həmin tarixdən sonra da heç bir ödəniş edilməmişdir. Həmçinin, hesabdan çıxarışdan görünür ki, hazırkı vaxta kimi cavabdeh tərəfindən cəmi 3694 manat məbləğində kredit ödənişi edilmiş və həmin məbləğin 1069.36 manatı əsas borcdan, 2624.64 manatı isə faiz borcundan silinmişdir. Göründüyü kimi, həmin ödənişlər nəzərə alınmaqla, cavabdehin xx.xx.2022-ci il tarixə banka 4375.36 manat məbləğində əsas bоrc, 916.63 manat məbləğində faiz bоrcu оlmaqla, cəmi 5291.99 manat məbləğində kredit bоrcu yaranmışdır. Lakin, məhkəmə tərəfindən ekspertiza rəyi əsas götürülərək borcun məbləği 4224.65 manat məbləğində əsas bоrc, 318.32 manat məbləğində faiz bоrcu оlmaqla, cəmi 4542.97 manat məbləğində müəyyənləşdirilmişdir. ekspert tərəfindən borcun məbləği düzgün hesablanmamış, cavabdeh tərəfindən ödənilmiş məbləğlərin silinməsi və gecikdirilmə günlərinə hesablanmış faizləri nəzərə alınmamışdır.
b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
8. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
c) Apellyasiya icraatı iştirakçılarının izahatları
9. Məhkəmə kollegiyasının iclasında Cavabdeh apellyasiya şikayətinə etiraz edərək onun təmin edilməməsi, birinci instansiya məhkəməsini qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
10. Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq İddiaçı ASC-nin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, iştirak etməməsinin səbəbləri barədə məlumat verməmişdir.
11. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən işə qeyd edilən nümayəndənin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
12. Azərbaycan Respublikası Mülki Məcəlləsi 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borcalan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəkilində borc verənə qaytarmağı öhdəsinə götürür. 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş göstərməli və i.a ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımça icra edilməməsi başa düşülür. 445.2.1.-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 445.3.-cü maddəsinə uyğun olaraq, əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o, icranı xatırlatma üzrə gecikdirmiş sayılır. Öhdəliyin icrası barədə iddia irəli sürülməsi, habelə icraya dair yazılı tələbin çatdırılması xatırlatmaya bərabər tutulur. 448.1.-ci maddəsinə müvafiq olaraq, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 449.4.-cü maddəsində nəzərdə tutulduğu kimi, özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur.
13. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.3-cü maddəsinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
Apellyasiya baxışının hədləri
14. Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
15. Konstitusiya Məhkəməsinin Plenumu Azərbaycan Respublikası MPM-in 372-ci maddəsinin apelyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələri baxımından şərh edilməsinə dair 2011-ci il 20 may tarixli qərarında qeyd etmişdir ki, apellyasiya instansiyası məhkəməsində icraata dair MPM-in 41-ci fəslinin, o cümlədən 372-ci maddəsinin təhlili göstərir ki, apelyasiya şikayətinin obyekti birinci instansiya məhkəməsinin qətnaməsi və yaxud onun bir hissəsidir və obyekt apellyasiya tələbləri ilə məhdudlaşa bilər. Şikayətin dəlilləri tərəfin qətnaməni mübahisələndirdiyi hissəsi ilə bağlı dəlillərdə özünü büruzə verir. Qətnamə tamamilə mübahisələndirildiyi halda şikayətin dəlilləri onun bütün hissələrinin əsassızlığı ilə bağlı, hissəvi mübahisələndirildikdə isə məhz həmin hissənin əsassızlığı ilə bağlı olmalıdır. Məhz bu dəlillər şikayətin obyektini müəyyən edir. O da qeyd edilməlidir ki, çəkişmə və dispozitivlik kimi mülki prosesin fundamental prinsiplərinin təmin edilməsi baxımından apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlamalı, mübahisələndirilməyən hissəsinə toxunmamalıdır.
16. Apellyasiya şikayətindən görünür ki, iddiaçı təşkilat qətnaməni yalnız cavabdehdən tutulmuş əsas və faiz borcuna dair hissədə mübahisələndirir. Ona görə də məhkəmə kollegiyası qətnaməni həmin hissədə yoxlayır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
17. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini və işdə iştirak edən şəxsin izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Xaçmaz Rayon Məhkəməsinin 16 mart 2023-cü il tarixli, e-2(067)-317/2023 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
18. Belə ki, iş materiallarında olan 08 iyul 2021 il tariхli, 300804-674416/2 nömrəli kredit müqaviləsindən müəyyən olunur ki, İddiaçı ASC ilə borclu Cavabdeh 24 ay müddətinə, illik 17.5% dərəcəsi ilə 7000 manat məbləğində kredit verilmişdir.
19. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə ekspertiza Mərkəzinin 13 fevral 2023-cü il tarixli ekspert rəyindən müəyyən olunur ki, iş materiallarında olan hesabdan çıxarış məlumatları və 08 iyul 2021 il tariхli, **********16/2 nömrəli kredit müqaviləsinə əsasən Cavabdeh Banka olan borcu aşağıdakı kimi müəyyən edilir: xx.xx.2022-ci il tarixə: əsas borc üzrə 4224,65 manat, faiz borcu üzrə 318,32 manat, xx.xx.2022-ci il tarixə: əsas borc üzrə 4224,65 manat, faiz borcu üzrə 394,30 manat, xx.xx.2023-cü il tarixə: əsas borc üzrə 4224,65 manat, faiz borcu üzrə 519,57 manat müəyyən olunur.
20. Birinci instansiya məhkəməsi qeyd edilən iş materiallarına və ekspert rəyinə istinadən cavabdehin 4224,65 manat məbləğində əsas, 318,32 manat faiz borcunun olmasını müəyyən etmişdir.
21. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qeyd olunan iş materiallarına və qanunvericilik normalarına istinadən iddianı mübahisələndirilən hissədə yuxarıda qeyd edilən formada qismən təmin etməkdə haqlı olmuşdur.
22. Belə ki, cavabdehdən tələb olunan borc məbləği mübahisələndirildiyindən məhkəmə tərəfindən məhkəmə mühasiblatlıq ekspertizası təyin edilmiş və rəy alınmışdır.
23. İşə əlavə edilmiş 13 fevral 2023-cü il tarixli ekspert rəyindən görünür ki, iddia ərizəsini verildiyi tarixə cavabdehin borcu əsas borc üzrə 4224,65 manat, faiz borcu üzrə 318,32 manat təşkil etmişdir.
24. Məhkəmə kollegiyası apellyasiya şikayətinin ekspert rəyinin əsassız olması barədə dəlilinə qiymət verərək qeyd edir ki , ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da hazırkı iş üzrə yuxarıda qeyd edilən ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksək olduğundan və ekspert rəyində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilmədiyindən ekspert rəyi sübut kimi qəbul edilməlidir.
25. Bununla da məhkəmə kollegiyası qeyd edir ki, cavabdehin iddiaçı təşkilata kredit müqaviləsi üzrə yaranmış borcu ekspert rəyi ilə təsdiq edildiyindən birinci instansiya məhkəməsinin gəldiyi nəticə də əsaslıdır.
26. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qanunvericilik normalarını düzgün tətbiq edərək haqlı nəticəyə gəlmişdir.
27. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsinə dair apellyasiya şikayətlərinin dəlillərini formal mülahizələr kimi qiymətləndirərək hesab edir ki, qətnamənin ləğvi üçün Mülki Prosessual Məcəllənin 385.1-ci maddəsində sadalanan əsaslar yoxdur.
28. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan məhkəmənin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. Apellyasiya şikayətinin dəlili formal mülahizələrdən ibarət olmuşdur.
29. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, Xaçmaz Rayon Məhkəməsinin 16 mart 2023-cü il tarixli, e-2(067)-317/2023 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. 30 Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392- 393 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi:
Xaçmaz Rayon Məhkəməsinin 16 mart 2023-cü il tarixli, e-2(067)-317/2023 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Qətnamədən şikayət verilə bilməz.