Məhkəmə qərarları › İş №2(105)-1227/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1227/2021

29.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1227/2021 29.03.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakim Gülnarə Fikrət qızı Tağızadənin sədrliyi və məruzəsi, Hakimlər Lətifə Məhyəddin qızı Məmmədova və Telman Osman oğlu Quliyevdən ibarət tərkibdə, Elnarə Nəriman qızı Ağayevanın katibliyi, İddiaçının nümayəndəsi: X1 iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər X6, X9 və X7 qarşı borcun tutulması tələbinə dair mülki iş üzrə Şamaxı Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən cavabdehlər tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: Şamaxı Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakim E.Z.Hümbətov) iddianın qismən təmin edilməsi, cavabdehlər X8, Cavabdeh3 və X2 müştərək qaydada ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə 4173,62 manat əsas, 1691,58 manat faiz, 306,61 manat cərimə olmaqla, cəmi 6171,81 manat borc və ödənilmiş 30 manat dövlət rüsumunun tutulması qət edilmişdir. İ Ş İ N H A L L A R İ: Kreditor İddiaçı ASC borclular X3, X8, Cavabdeh3 və X7 qarşı “məhkəmə əmrinin verilməsinə dair” ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada İddiaçı ASC-nin xeyrinə xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə 4173,62 manat əsas, 1691,58 manat faiz, 306,61 manat cərimə olmaqla, cəmi 6171,81 manat borcun və ödənilmiş 20 manat dövlət rüsumunun tutulması barədə məhkəmə əmri verilməsini xahiş etmişdir. Şamaxı Rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli 2(074)-1959/2017 saylı məhkəmə əmri ilə borclular X.T.Hüseyinov, Q.Ə.İbrəhimov, Cavabdeh3 və C.F.Hüseyinovdan müştərək qaydada xx xxxx 2014-cü il tarixli kredit müqaviləsi üzrə 4173,62 manat əsas, 1691,58 manat faiz, 306,61 manat cərimə olmaqla, cəmi 6171,81 manat borc və ödənilmiş 20 manat dövlət rüsumunun tutularaq İddiaçı ASC-yə verilməsi əmr edilmişdir. Borclu Cavabdeh3 etirazına əsasən Şamaxı Rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli 2(074)-1959/2017 saylı qərardadı ilə Şamaxı Rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli 2(074)-1959/2017 saylı məhkəmə əmri ləğv edilmiş və materiallar iddia icraatına keçirilmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Q.Ə.İbrəhimov, Cavabdeh3 və C.F.Hüseyinovdan müştərək qaydada İddiaçı ASC-nin xeyrinə 4173,62 manat əsas, 1691,58 manat faiz, 306,61 manat cərimə olmaqla, cəmi 6171,81 manat borcun və ödənilmiş 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Prosesual Məcəlləsinin (bundan sonra MPM-in) 53-cü maddəsinə əsasən, iddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, xx.xx.2014-cü il tarixli 108.LN.2102.180714.00002 saylı kredit müqaviləsinə əsasən İddiaçı ASC tərəfindən X.T.Hüseyinova illik 28 faizlə 36 ay müddətinə 9000 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin təminatı olaraq Q.Ə.İbrəhimov, Cavabdeh3 və C.F.Hüseyinov ilə zaminlik müqavilələri bağlanmışdır. Lakin borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini vaxtında və lazımınca icra etməmişdir. xx.xx.2017-cı il tarixə X.T.Hüseyinovun banka xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə 4173,62 manat əsas, 1691,58 manat faiz, 306,61 manat cərimə olmaqla, cəmi 6171,81 manat borcu vardır. Dəfələrlə şifahi və yazılı xəbərdarlıq edilməsinə baxmayaraq, X.T.Hüseyinov ödənişlər üzrə gecikdirmələri aradan qaldırmamış və borcu ödəməkdən boyun qaçırmışdır. Mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: Cavabdehlər Q.Ə.İbrəhimov, Cavabdeh3 və C.F.Hüseyinov apellyasiya şikayətini onunla əsaslandırmışlar ki, birinci instansiya məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş və işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət edir. Məhkəmə nəzərə almamışdır ki, xx xxxx 2014-cü il tarixli kredit müqaviləsinə görə kreditor X.T.Hüseyinov Bankdan illik 28% 36 ay müddətinə 9000 manat məbləğində kredit götürmüşdür. Hazırda kreditor X.Hüseyinov hal-hazırda həyatda yoxdur, vəfat etmişdir. Mərhum kreditor X.T.Hüseyinov kredit müqaviləsini bağlayanda bir tanış kimi onlar zamin durmuşlar. Yəni o, sağlığında borcu ödəməsəydi onlar onun borcunu ödəməyə öhdəlik götürmüşlər. Lakin kreditor artıq vəfat etdiyindən onun hər hansı borcunu niyə ödəməlidirlər. Şamaxı Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(074)-336/2020 saylı qətnaməsini tamamilə ləğv edib, iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını məhkəmə kollegiyasından xahiş etmişdir. İddiaçının nümayəndəsi X.X.Xıdırzadə apellyasiya şikayətini qəbul etmədi, iddia ərizəsinə uyğun izahat verdi və qətnamənin dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdi. İş üzrə cavabdehlər Q.Ə.İbrəhimov, Cavabdeh3 və C.F.Hüseyinov məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilmiş tərəfin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə məhkəmə işə baxmağa haqlıdır. Məhkəmə kollegiyası işdə iştirak edən tərəfin nümayəndəsinin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara görə apellyasiya şikayəti təmin edilməməlidir. H Ü Q U Q İ M Ə S Ə L Ə L Ə R: İşdən görünür ki, birinci instansiya məhkəməsi qətnamə ilə iddianı qismən təmin edərkən, tərəflər arasında kredit, zamin müqaviləsinin olmasına və cavabdehlər tərəfindən müqavilənin şərtlərinin pozulmasına istinad etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla, işin məhkəmə iclasında araşdırılmış faktiki hallarına uyğun deyildir. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan, məhkəmə kollegiyası hesab edir ki, cavabdeh Q.Ə.İbrəhimov və qeyrilərinin apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldiyindən, apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduğundan, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən, maddi və prosessual hüquq normalarına düzgün riayət edilib-edilməməsinə hüquqi qiymət verilməlidir. İş materiallarında olan xx.xx.2014-cü il tarixli 108.LN.2102.180714.00002 saylı kredit müqaviləsindən görünür ki, X.T.Hüseyinov İddiaçı ASC-dən illik 28 faizlə 36 ay müddətinə 9000 manat məbləğində kredit götürmüşdür. İşə əlavə olan xx.xx.2014-cü il tarixli 108.LN.2102.180714.00002/b saylı zaminlik müqaviləsindən görünür ki, C.F.Hüseyinov xx.xx.2014-cü il tarixli 108.LN.2102.180714.00002 saylı kredit müqaviləsi və ona ediləcək bütün əlavələrdən irəli gələn öhdəliklərin, o cümlədən, borcalanın 9000 manat məbləğində alınmış kreditinin və ona hesablanmış faizlərin ödənilməsi öhdəliyinin tamamilə icra edilməsi üçün öz üzərinə məsuliyyət götürmüşdür. İşdə olan xx.xx.2014-cü il tarixli 108.LN.2102.180714.00002/c saylı zaminlik müqaviləsindən görünür ki, Cavabdeh3 xx.xx.2014-cü il tarixli 108.LN.2102.180714.00002 saylı kredit müqaviləsi və ona ediləcək bütün əlavələrdən irəli gələn öhdəliklərin, o cümlədən, borcalanın 9000 manat məbləğində alınmış kreditinin və ona hesablanmış faizlərin ödənilməsi öhdəliyinin tamamilə icra edilməsi üçün öz üzərinə məsuliyyət götürmüşdür. İş materiallarında olan xx.xx.2014-cü il tarixli 108.LN.2102.180714.00002/d saylı zaminlik müqaviləsindən görünür ki, Q.Ə.İbrəhimov xx.xx.2014-cü il tarixli 108.LN.2102.180714.00002 saylı kredit müqaviləsi və ona ediləcək bütün əlavələrdən irəli gələn öhdəliklərin, o cümlədən, borcalanın 9000 manat məbləğində alınmış kreditinin və ona hesablanmış faizlərin ödənilməsi öhdəliyinin tamamilə icra edilməsi üçün öz üzərinə məsuliyyət götürmüşdür. İşə əlavə olan xx.xx.2017-ci il tarixli 19/5593 saylı xəbərdarlıq məktubundan görünür ki, İddiaçı ASC tərəfindən X.T.Hüseyinov, Q.Ə.İbrəhimov, Cavabdeh3 və C.F.Hüseyinova xx.xx.2014-cü il tarixli 108.LN.2102.180714.00002 saylı kredit müqaviləsi üzrə xx.xx.2017ci il tarixə mövcud olan borcun ödənilməsi barədə xəbərdarlıq edilmiş, əks halda məhkəməyə müraciət olunacağı qeyd edilmişdir. İş materiallarında olan xx.xx.2017-ci il tarixli № 05/737 saylı maliyyə arayışından görünür ki, X.T.Hüseyinovun xx.xx.2014-cü il tarixli 108.LN.2102.180714.00002 saylı kredit müqaviləsi üzrə İddiaçı ASC-yə xx.xx.2017-ci il tarixə 4173,62 manat əsas, 1691,58 manat faiz, 306,61 manat cərimə olmaqla, cəmi 6171,81 manat borcu vardır. Məhkəmə kollegiyası cavabdehlərin hazırda onlar tərəfindən zamin duran şəxsin vəfat etdiyi üçün, onlardan borcun tələb olmasını düzgün olmaması barədə gətirdiyi dəlili qəbul etmir. Belə ki, işin araşdırılmış hallarından müəyyən olunur ki, cavabdeh X.Hüseyinov İddiaçı ASC-dən illik 28 faizlə 36 ay müddətinə 9000 manat məbləğində kredit götürmüş, digər cavabdehlər Q.İbrəhimov, Cavabdeh3 və C.Hüseyinov kredit müqaviləsi və ona ediləcək bütün əlavələrdən irəli gələn öhdəliklərin, o cümlədən, borcalanın 9000 manat məbləğində alınmış kreditinin və ona hesablanmış faizlərin ödənilməsi öhdəliyinin tamamilə icra edilməsi üçün öz üzərinə məsuliyyət götürmüşlər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra MM-in) 385.1 maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 448-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Həmin Məcələllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Həmin Məcəllənin 472.3-cü maddəsinə əsasən Birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də iş üzrə ödənilmiş dövlət rüsumu cavabdehdən tutularaq iddiaçının xeyrinə keçirilməlidir. Beləliklə, məhkəmə kollegiyası tərəfin apellyasiya şikayətində göstərilən digər dəlilləri də araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyinəzərindən qanuni və əsaslı olduğundan və işdə, iş üzrə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar olmadığından, iş üzrə məhkəmə qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır, apellyasiya şikayəti isə təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT E T D İ: Cavabdehlər X4, Cavabdeh3 və X5 apellyasiya şikayəti təmin edilməsin. Şamaxı Rayon Məhkəməsinin bu iş üzrə xx xxxxxx 2020-ci il tarixli 2(074)-336/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Gülnarə Tağızadə Hakimlər Lətifə Məmmədova Telman Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar