Məhkəmə qərarları › İş №2(105)-1228/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-1228/2023

01.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-1228/2023 01.06.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı ASC-nin Cavabdeh qarşı iş üzrə QƏRARDADİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Fuad Əli oğlu, hakimlər X3 və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Əliyev Rəşad Ayıl oğlunun katibliyi ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı borcun tutulması tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2(060)-269/2023 nömrəli qərardadından cavabdeh tərəfindən verilmiş şikayətə Sumqayıt Məhkəmə Kompleksinin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi. Birinci instansiya məhkəməsindəki icraat

1. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-269/2023 saylı, 31 yanvar 2023-cü il tarixli qətnaməsi ilə İddiaçı ASC-nin Cavabdeh qarşı borcun tutulması tələbinə dair iddiası təmin edilməmişdir.

2. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-269/2023 saylı, 31 yanvar 2023-cü il tarixli qətnaməsindən xx.xx.2023-cü il tarixdə iddiaçı tərəfindən məhkəməyə apellyasiya şikayəti daxil olmuşdur.

3. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-269/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə apellyasiya şikayətinin ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılması qərara alınmışdır.

4. xx.xx.2023-cü il tarixində İddiaçı ASC-nin qətnamədən apellyasiya şikayət verilməsi üçün buraxılmış müddətin bərpası haqqında vəsatəti məhkəməyə daxil olmuşdur. Vəsatət onunla əsaslandırılmışdır ki, İddiaçı ASC Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-269/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən ilkin apellyasiya şikayəti verən zaman müddət ötürülməmişdir. Belə ki, Sumqayıt Şəhər Məhkəməsinin müvafiq qətnaməsi elektron məhkəmə sisteminə xx.xx.2023-cü il tarixində yerləşdirilmişdir. İddiaçı tərəfindən apellyasiya şikayəti isə xx.xx.2023-cü il tarixdə elektron məhkəmə sisteminə yerləşdirilmişdir. xx.xx.2023-cü il tarixində Sumqayıt Şəhər Məhkəməsinin qərardadı ilə apellyasiya şikayəti və ona əlavə edilmiş sənədlərin geri qaytarılması qərara alınmışdır. Məhkəmə belə hesab etmişdir ki, Fərid Mustafayevin İddiaçı ASC-ni təmsil etmək səlahiyyəti yoxdur. Apellyasiya şikayəti verilən zaman Fərid Mustafayevin səlahiyyətlərini təsdiq edən etibarnamə sənədi yerinə səhvən başqa şəxsə aid etibarnamə yerləşdirilmişdir.

5. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2(060)-269/2023 nömrəli qərardadı ilə (hakim Emin Abdullayev) ərizə təmin edilərək, İddiaçı ASC-nin Cavabdeh qarşı borcun tutulması tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 2(060)- 269/2023 saylı, 31 yanvar 2023-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən apellyasiya şikayəti verilməsi üçün buraxılmış müddət üzrlü hesab edilərək bərpa edilməsi qərara alınmışdır.

6. Qərardaddan cavabdeh şikayət verərək, onun ləğv edilməsini, ərizənin rədd edilməsini xahiş etmişdir.

7. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2(060)-269/2023 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş, şikayətin iş materialları ilə birlikdə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır.

Şikayətin və ona qarşı etirazın dəlilləri

a) Şikayətin dəlilləri

8. Şikayət onunla əsaslandırılmışdır ki, qərardaddan da göründüyü kimi iddiaçı tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş apellyasiya şikayəti ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmışdır. Belə ki, həmin şikayətin səlahiyyətli şəxs tərəfindən verilməmişdir. Belə olduğu halda apellyasiya şikayəti verilməmiş sayılır. Yəni, məhkəmənin apellyasiya şikayəti verməyə səlahiyyəti olmayan şəxs tərəfindən apellyasiya şikayətinin vaxtında verilməsi kimi qənaəti absurd və əsassızdır. Apellyasiya şikayəti verimək səlahiyyəti olan şəxslərin dairəsi qanunla müəyyən edilmişdir (AR MPM-nin 361.2-ci maddəsi). Bu baxımdan, apellyasiya şikayətinin verilmə müddətinin bərpası üzrlü səbəbdən baş verməmişdir.

b) Şikayətə qarşı etirazın dəlilləri

9. Şikayətə qarşı yazılı etiraz daxil olmamışdır.

Tətbiq edilən hüquq

10. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

Maddə 128. Prosessual müddətlərin müəyyən edilməsi və hesablanması 128.1. Prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Prosessual müddətlər qanunla müəyyən edilmədiyi hallarda, onlar məhkəmə tərəfindən təyin edilir. 128.2. Prosessual hərəkətlərin edilməsi üçün müddətlər, hökmən baş verməli hadisə göstərilməklə, dəqiq təqvim tarixi ilə və ya hərəkətin edilə biləcəyi vaxt dövrü ilə müəyyən edilir. 128.3. İllərlə, aylarla və ya günlərlə hesablanan prosessual müddətin axını müddətin başlanğıcının təyin edildiyi təqvim tarixindən və ya hadisənin baş verməsindən sonrakı gündən başlanır.

Maddə 130. Prosessual müddətlərin buraxılmasının nəticələri 130.1. Qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. 130.2. Prosessual müddətlərin keçməsi prosessual vəzifələri yerinə yetirməkdən azad etmir. 130.3. Prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır.

Maddə 133. Prosessual müddətlərin bərpası 133.1. Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. 133.2. Buraxılmış müddətin bərpası haqqındakı ərizə prosessual hərəkətlərin edilməli olduğu məhkəməyə verilir və məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilir. Onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həllinə maneçilik törətmir. 133.3. Müddətin bərpası haqqında ərizə verilməklə eyni zamanda müddəti buraxılmış zəruri prosessual hərəkət edilməlidir (ərizə, şikayət verilməli, sənədlər təqdim edilməli və s.). 133.4. Buraxılmış prosessual müddətin bərpası məhkəmənin qətnaməsində, qərardadında və qərarında göstərilməlidir. 133.5. Müddətin bərpasından imtina barədə qərardad çıxarılır. 133.6. Prosessual müddətlərə dair məsələ üzrə qərardaddan işdə iştirak edən şəxslər şikayət verə bilər.

Maddə 360. Apellyasiya şikayətinin verilmə müddəti Apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər.

Maddə 372. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri (...) 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

Maddə 398. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyəti 398.0. Apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: 398.0.1. məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək (...)

Maddə 402. Kassasiya şikayəti vermə hüququ (...) 402.2. Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının aşağıdakı qərardadlarından kassasiya şikayəti verilə bilər: 402.2.1. apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; 402.2.2. kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; 402.2.3. kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; 402.2.4. iş üzrə icraata xitam verilməsi barədə; 402.2.5. bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında.

Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri

11. Apellyasiya instansiya məhkəməsi Mülki Prosessual Məcəllənin 397.2-ci maddəsinin tələbinə əsasən qərardaddan verilən şikayətə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir.

12. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

13. Məhkəmə kollegiyası məruzəçi-hakimi dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

14. İş materiallarından görünür ki, iddiaçı Sumqayıt Şəhər Məhkəməsinin 2(060)- 269/2023 saylı, 31 yanvar 2023-cü il tarixli qətnaməsindən məhkəməyə ilk dəfə apellyasiya şikayəti ünvanlayarkən qətnamədən apellyasiya şikayəti vermək müddətini ötürməmişdir.

15. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-269/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti apellyasiya şikayətinə əlavə edilən etibarnamədə X1 İddiaçı ASC-nin adından məhkəmə aktlarından şikayət vermək səlahiyyətinin olması öz əksini tapmadığından geri qaytarılmışdır.

16. Daha sonra, apellyasiya şikayətində olan yanlışlıq aradan qaldırılmış, iddiaçının nümayəndəsinin səlahiyyətlərini təsdiq edən etibarnamə apellyasiya şikayətinə əlavə edilərək, apellyasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin üzrlü hesab edilməsi xahiş olunmuşdur.

17. İş materiallarından müəyyən olunur ki, prosessual müddətin bərpa edilməsinə dair ərizə verilənə qədər iş üzrə prosessual hərəkətlər edilmiş, müddət iddiaçı bankın səlahiyyətli nümayəndəsinin etibarnaməsinin apellyasiya şikayətinə əlavə edilməməsi ilə əlaqədar olaraq ötürülmüşdür.

18. Avropa İnsan Hüquqları Məhkəməsi “Sovtransavto Holdinq”in Ukraynaya qarşı şikayəti üzrə xx.xx.2002-ci il tarixli qərarında şikayətin qanunda nəzərdə tutulmuş müəyyən formallıqlara riayət edilmədiyinə görə qəbul edilməsindən imtina olunmasını “artıq formalizm” kimi qiymətləndirilmişdir. Həmin qərarda qeyd edilmişdir ki, şikayətin qanunda nəzərdə tutulmuş müəyyən formallıqlara riayət edilmədiyinə görə qəbul edilməsindən imtina olunması ərizəçinin daxili müdafiə vasitələrini tükətməyə xidmət edir, Qanunda nəzərdə tutulmuş müəyyən formallıqlar avtomatik tətbiq olunmamalı, mütləq xarakter daşımamalıdır və hər bir konkret işdə onun halları nəzərə alınmalıdır.

19. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir.

20. Məhkəmə kollegiyası yuxarıda göstərilənləri nəzərə alaraq, iddiaçı tərəfindən qətnamədən apellyasiya şikayəti verilməsi üçün qanunla müəyyən edilmiş müddət üzrlü səbəbdən ötürülməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticəni əsaslı hesab edir.

21. Şikayətin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayəti səlahiyyətli şəxs tərəfindən verilmişdir. Belə ki, iş materiallarında olan (səh.133) etibarnamədən görünür ki, xx.xx.2023-cü il tarixdə apellyasiya şikayəti verilən zaman F.M.Mustafayevin həmin şikayəti vermək səlahiyyəti olmuşdur.

22. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, MPM-in 363.4-cü maddəsinə görə bu Məcəllənin 363.1.1 və 363.1.2-ci maddələrində göstərilmiş hallar aradan qaldırıldıqdan sonra şikayəti vermiş şəxs yenidən məhkəməyə ümumi qaydada apellyasiya şikayəti ilə müraciət edə bilər.

23. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası hesab edir ki, şikayətin dəlilləri iş üzrə birinci instansiya məhkəməsinin qərardadının ləğvi üçün əsas olmadığından şikayət təmin olunmamalı, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2(060)- 269/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

24. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 263-264, 357, 398.0.1, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qərara aldı:

Şikayət təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2(060)-269/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar