Məhkəmə qərarları › İş №2(105)-1229/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1229/2021

25.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1229/2021 25.05.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər Abasov Şəmsəddin Rizalı oğlu (sədrlik edən və məruzəçi), Qafari Səyyad Ağaəli oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Abbaslı Zümrüd Ruslan qızının katibliyi, İddiaçı Bank «xxxx» ASC-nin etibarnamə üzrə nümayəndəsi X1, Cavabdeh2 vəkili və nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Bank “xxxx” Açıq Səhmdar Cəmiyyətinin cаvabdehlər Cavabdeh1 və Cavabdeh2nа qarşı kredit müqaviləsinin ləğvi, kredit müqaviləsi üzrə borcun ödənilməsi, ipoteka predmetinə tutmanın yönəldilməsi, ipoteka predmeti olan əmlakın açıq hərracdan satılması, mənzildən istifadə hüququna xitam verilməsi və mənzilin boşaldılması tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-324/2020 saylı, 15 sentyabr 2020-ci il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apelyasiya şikayətinə Sumqayıt Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-324/2020 saylı, 15 sentyabr 2020-ci il tarixli qətnaməsi ilə iddia təmin olunmuş, "xxxx" ASC-nin Gənclik filialı ilə Cavabdeh1 arasında bağlanmış 04.03.2015-ci il tarixli, 494 ZBGF saylı kredit müqaviləsi ləğv edilmiş, Cavabdeh1 və Cavabdeh2 Bank “xxxx” ASCnin xeyrinə 04.03.2015-ci il tarixli, 494 ZBGF saylı kredit müqaviləsi üzrə 48330,89 (qırx səkkiz min üç yüz otuz manat səksən doqquz qəpik) manat əsas borc, 6422,75 (altı min dörd yüz iyirmi iki manat yetmiş beş qəpik) manat faiz borcu, iddia qaldırılması üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumu və 0,40 (qırx qəpik) manat bank xidməti haqqı, həmçinin 30 (otuz) manat ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş rüsum olmaqla, ümumilikdə 54814,04 (əlli dörd min səkkiz yüz on dörd manat dörd qəpik) manat məbləğində borcun tutulması, tutmanın ipoteka predmeti olan ünvan 1 ünvanında olan 0.023 ha torpaq sahəsinə və onun üzərində yerləşən fərdi yaşayış evinə yönəldilməsi, Cavabdeh1 mülkiyyətində olan ünvan 1 ünvanında olan 0.023 ha torpaq sahəsi və onun üzərində yerləşən fərdi yaşayış evinin açıq hərracda satılması, borcun həmin mənzilin satışından əldə olunacaq vəsait hesabına Bank “xxxx” ASC-yə ödənilməsi, satışdan əldə olunmuş vəsaitin qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi, ipoteka predmeti olan ünvan 1 ünvanında olan 0.023 ha torpaq sahəsi və onun üzərində yerləşən fərdi yaşayış evinin ilkin satış qiymətinin 55.000 (əlli beş min) manat müəyyən edilməsi, ipoteka predmeti olan ünvan 1 ünvanında olan 0.023 ha torpaq sahəsi və onun üzərində yerləşən fərdi yaşayış evinin satıldıqdan sonra cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən boşaldılması, iş üzrə təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizalarının xərci olaraq cavabdehlər Cavabdeh1 və Cavabdeh2 200 (iki yüz) manat məbləğində pul vəsaitinin tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin AZ34CTRE******************** saylı bank hesabına köçürülməsi qət edilmişdir. Qətnamədən Cavabdeh2 apelyasiya şikayəti verərək, onun ləğv edilməsini və iddianın rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. İŞİN HALLARİ: Bank «xxxx» ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" ASC-nin Gənclik filialı ilə Cavabdeh1 arasında bağlanmış 04.03.2015-ci il tarixli, 494 ZBGF saylı kredit müqaviləsinin ləğv edilməsi, həmin kredit müqaviləsindən irəli gələn və 15.09.2017ci il tarixinə olan 48330.89 manat əsas borc, 3191.25 manat faiz borcu, 30 manat dövlət rüsumu və 0.40 manat bank xidməti haqqı, həmçinin 30 manat ipoteka predmetinə tulmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş rüsum, ümumilikdə 51522.14 manat pulun və 60.40 manat məbləğin Cavabdeh1 iddiaçı Bank "xxxx" ASC-nin xeyrinə tutulması, Cavabdeh1 ilə bağlanan 04.03.2015-ci il tarixli, 494/ZBGF/1 saylı ipoteka müqaviləsi əsasında tam mülkiyyət hüququ üzrə Cavabdeh1 məxsus olan ünvan 1 ünvanındakı 0.023 ha torpaq sahəsinə və onun üzərində yerləşən fərdi yaşayış evinə tutmanın yönəldilməsi, açıq hərracda satılması və həmin ipoteka ilə təmin edilmiş kredit borcunun ipoteka predmetinin açıq hərracda satışından əldə edilmiş pul vəsaiti hesabına ödənilməsi, ipoteka predmeti olan əmlak satıldıqdan sonra əldə edilən vəsait kredit borcunu ödəməzsə qalan məbləğin Cavabdeh1 tutulması, cavabdehin ipotekaya qoyduğu fərdi yaşayış evinə tutmanın yönəldilməsi ilə bağlı fərdi yaşayış evinin boşaldılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə gedişatında Bank «xxxx» ASC iddia həcminin artırılması barədə ərizə təqdim edərək, “xxxx” ASC-nin Gənclik filialı ilə Cavabdeh1 arasında bağlanmış 04.03.2015-ci il tarixli, 494/ZBGF saylı kredit müqaviləsinin ləğv edilməsi, həmin kredit müqaviləsindən irəli gələn 10.07.2018-ci il tarixinə olan 48330.89 manat əsas borc, 6422.75 manat faiz borcu, 30 manat dövlət rüsumu və 0.40 manat bank xidməti haqqı, həmçinin 30 manat ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş rüsum, ümumilikdə 54753.64 manat pulun və 60.4 manat məbləğin Cavabdeh1 iddiaçı Bank “xxxx” ASC-nin xeyrinə tutulması, Cavabdeh1 ilə bağlanan 04.03.2015-ci il tarixli, 494/ZBGF/l saylı ipoteka müqaviləsi əsasında tam mülkiyyət hüququ üzrə Cavabdeh1 məxsus olan ünvan 2 ünvanındakı 0.023 ha torpaq sahəsinə və onun üzərində yerləşən fərdi yaşayış evinə tutmanın yönəldilməsi, açıq hərracda satılması və həmin ipoteka ilə təmin edilmiş kredit borcunun ipoteka predmetinin açıq hərracda satışından əldə edilmiş pul vəsaiti hesabına ödənilməsi, ipoteka predmeti olan əmlak satıldıqdan sonra əldə edilən vəsait kredit borcunu ödəməzsə qalan məbləğin Cavabdeh1 tutulması, cavabdehin ipotekaya qoyduğu fərdi yaşayış evinə tutmanın yönəldilməsi ilə bağlı fərdi yaşayış evinin boşaldılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Bank “xxxx” ASC iddia tələbini onunla əsaslandırmışdır ki, “xxxx” ASC-nin Gənclik filialı ilə Cavabdeh1 arasında bağlanmış 04.03.2015-ci il tarixli, 494/ZBGF saylı kredit müqaviləsinə əsasən, bank tərəfindən cavabdehə ünvan 1 ünvanında yerləşən yaşayış sahəsinin alınması məqsədi ilə 300 ay müddətinə illik 8 faiz ödəmək şərti ilə 49500 manat məbləğində kredit verilmişdir. Kreditin təminatı qismində Cavabdeh1 04.03.2015-ci il tarixdə “xxxx” ASC-nin Gənclik filialı ilə və satıcı X6 ilə 494/ZBGF/1 saylı alqı-satqı və ipoteka müqaviləsi bağlanmışdır. Alqı-satqı və ipoteka müqaviləsinin 1-ci bəndinə əsasən satıcı, Əmlak Məsələləri Dövlət Komitəsinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsi tərəfindən verilmiş 16.08.2014-cü il tarixli, RX ******* saylı Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışa əsasən mülkiyyətində olan 230 kv.metr torpaq sahəsində yerləşən, 3 otaqlı ümumi sahəsi 84.6 kv.metr, o cümlədən yaşayış sahəsi 57.9 kv.metr olan, ünvan 1 ünvanında yerləşən 1 mərtəbəli, 3 otaqlı fərdi yaşayış evini Alıcı-İpoteka qoyanın mülkiyyətinə vermişdir. Satılan fərdi yaşayış evi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsi tərəfindən verilmiş 16.08.2014-cü il tarixli, RX ******* saylı çıxarışa əsasən satıcıya məxsusdur. Fərdi yaşayış evinin satış qiyməti 64140 manatdır, fərdi yaşayış evinin dəyərinin 14640 manatı Alıcı-İpotekaya qoyanın özü tərəfindən, 49500 manatı isə Kreditor-İpoteka saxlayan tərəfindən 04 mart 2015-ci il tarixli, 494/ZBGF saylı kredit müqaviləsinə əsasən Alıcı-İpoteka qoyana verilmiş kredit vəsaiti hesabına ödənilir. Alıcı-İpotekaya qoyan satılan fərdi yaşayış evi bu müqavilə üzrə yaranmış hüquqa əsasən, onunla Kreditor-İpoteka saxlayan arasında bağlanmış 04 mart 2015-ci il tarixli, 494/ZBGF saylı kredit müqaviləsi üzrə yaranmış öhdəliyin təminatı kimi Kreditor-İpoteka saxlayana ipotekaya verir. Kredit üzrə əsas borc və faizlər hər növbəti ayın 5-dək aylıq 382,05 manat məbləğində bərabər hissələrlə ödənilir. Borcalan tərəfindən faktiki ödənişlərin məbləği artıq olduqda, növbəti aylıq ödənişlərin məbləği 04 mart 2015-ci il tarixli, 494/ZBGF saylı kredit müqaviləsinin şərtlərinə müvafiq olaraq azaldıla bilər. İpoteka predmeti kredit müqaviləsi üzrə kreditor-ipoteka saxlayanın tələblərini (o cümlədən hesablanmış faiz, dəbbə pulu, habelə tələbin yönəldilməsi ilə bağlı digər xərclər) ödəniş vaxtına mövcud olduğu həcmdə təmin edir. Cavabdeh kredit müqaviləsinin müddəti ərzində öz öhdəliklərini pozaraq ödəniş müddətlərini dəfələrlə ötürmüş və kredit müqaviləsi üzrə borc öhdəliklərini yerinə yetirməmişdir. Dəfələrlə şifahi, telefon bağlantısı və rəsmi bildirişlər ilə edilən xəbərdarlıqlara baxmayaraq, cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərini icra etməyərək gecikməyə səbəb olmuşdur. Cavabdehin 15.09.2017-ci il tarixinə hesablanmış və ödənilməmiş əsas borcunun məbləği 48330 (qırx səkkiz min üç yüz otuz) manat 89 (səksən doqquz) qəpik, faiz borcu 3191 (üç min bir yüz doxsan bir) manat 25 (iyirmi beş) qəpik təşkil edir. Beləliklə cavabdehin 15.09.2017-ci il tarixinə ümumi borcu 51522 (əlli bir min beş yüz iyirmi iki) manat 14 (on dörd) qəpik təşkil edir. 22 iyul 2016-cı il tarixdə Maliyyə Bazarlarına Nəzarət Palatasının müvafiq qərarına əsasən “xxxx” ASC-nin bank fəaliyyətinə dair lisenziyası ləğv edilmişdir. xxxx ASC ilə Bank “xxxx” ASC arasında imzalanmış 23 may 2011-ci il tarixli, 31 saylı xidmət müqaviləsinə əlavə olaraq 25 iyul 2016-cı il tarixli, 31-2507/16 saylı ipoteka kreditlərinin reyestrinə əsasən xidmət olunması üçün “xxxx” ASC-nin xxxx ASC xətti ilə verilmiş bütün ipoteka kreditləri Bank “xxxx” ASC-yə təhkim edilmişdir. Bu barədə, cavabdehə dəfələrlə şifahi, yazılı və KİV hesabına məlumat verilmişdir. Cavabdehlə bağlanılan kredit müqaviləsinin 2-ci bəndinə əsasən borcalan krediti və kreditdən istifadəyə görə hesablanmış faizləri ödəniş cədvəli ilə müəyyən olunmuş elə məbləğlərdə və elə müddətlərdə borcverənə qaytarmalıdır ki, kredit və kreditdən istifadəyə görə hesablanmış faizlər ən geci kreditin qaytarılmasının razılaşmada nəzərdə tutulmuş son tarixinə qədər tam həcmdə borcverənə ödənilmiş olsun. Həmin müqavilənin 4.2-ci bəndinə əsasən borcalan/borcalanlar bu müqavilənin 2.4-cü bəndinə uyğun olaraq tərəflər arasında yazılı tərtib olunmuş ödəniş qrafiki üzrə ödənişləri vaxtında qaytarmadıqda, hər gecikdiririlən gün üçün kredtin və faizinin ödənilməmiş hissəsinə görə kredit üzrə faiz dərəcəsinin ikiqat miqdarında dəbbə pulu ödəməlidir. Nəticədə iddiaçı məhkəməyə müraciət etməyə məcbur olmuşlar və iddia təmin edilməlidir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı çıxarılmışdır. Ş İ K A Y Ə T İ N D Ə L İ L L Ə R İ, T Ə R Ə F L Ə R İ N İ Z A H A T L A R İ və S Ü B U T L A R İ : Cavabdeh2 apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmənin qərarı qanunsuz və əsassızdır. Belə ki, iddiaçı şişirdilmiş əsas, faiz və cərimə borcu hesablamışdır. Ona görə də ekspertiza keçirilməli, cərimə və faiz borcu silinməlidir. Digər tərəfdən nəzərə alınmalıdır ki, tərəflər arasında imzalanmış kredit müqaviləsi 25 illikdir. Aylıq ödəmələrdə müəyyən problemlərin yaranması müqavilənin şərtlərinin əhəmiyyətli dərəcədə pozulması mənasına gəlmir. Kredit müqaviləsi üzrə borcun olması qəbul ediləndir, lakin bu borc bank tərəfindən şişirdilmişdir. Bundan başqa, ipoteka predmetinin qiymətləndirilməsində də məhkəmə səhvə yol vermişdir. Mübahisəli mənzil ipoteka ilə yüklü edilərkən tərəflərin razılığı ilə 64140 manat məbləğində qiymətləndirilmişdir. Lakin mənzilin real qiyməti bundan da artıqdır. Bunun üçün məhkəmə müvafiq ekspertiza təyin edərək bu qiyməti müəyyənləşdirməli idi. Lakin məhkəmə tərəfindən ipoteka predmetinin ilkin satış qiyməti 55000 manat məbləğində müəyyənləşdirilmişdir ki, bu da işin faktiki halına uyğun deyildir. Bu hallara məhkəmə tərəfindən düzgün qiymət verilmədiyindən qətnamə ləğv edilməli, iddianın rədd olunması barədə yeni qətnamə çıxarılmalıdır. Məhkəmə kollegiyasının iclasında Cavabdeh2 vəkili və nümayəndəsi X5 şikayəti müdafiə edərək onun təmin olunmasını xahiş etdi. İddiaçı Bank «xxxx» ASC-nin etibarnamə üzrə nümayəndəsi X3 şikayətlə razılaşmadə və onun rədd edilməsini xahiş etdi. Apelyasiya baxışı zamanı iclasın vaxtı və yeri barədə lazımi qaydada digər Cavabdeh1 xəbərdar edilsə də, ona göndərilən bildirişlər həmin ünvanda yaşamaması səbəbindən rabitə orqanı tərəfindən geri qaytarılmışdır. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə, məhkəmə işə baxmağa haqlıdır. Qeyd olunan hüquq normasını əsas götürərək məhkəmə kollegiyası işə Cavabdeh1 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə görə məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə işə baxarkən yalnız istinad olunan hüquq normalarında qeyd olunan tələblərə cavab verən sübutları qəbul edərək qiymətləndirmişdir. Tərəflərin tələb və etirazları iş materiallarında olan aşağıdakı sübutlara əsaslanır: İş materiallarında olan 04.03.2015-ci il tarixli, 494/ZBGF saylı kredit müqaviləsinin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, “xxxx” ASC-nin Gənclik filialı ilə Cavabdeh1 arasında bağlanmış kredit müqaviləsinə əsasən, Cavabdeh1 ünvan 1 ünvanında yerləşən yaşayış sahəsinin alınması məqsədi ilə 300 ay müddətinə illik 8 faiz ödəmək şərti ilə 49500 (qırx doqquz min beş yüz) manat məbləğində kredit götürmüşdür. Yenə iş materiallarında olan “xxxx” ASC-nin Gənclik filialı ilə Cavabdeh1 arasında bağlanmış 04.03.2015-ci il tarixli, 494/ZBGF/1 saylı alqı-satqı və ipoteka müqaviləsinin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, tərəflər arasında bağlanmış 04.03.2015-ci il tarixli, 494/ZBGF saylı kredit müqaviləsinin təminatı olaraq ünvan 1 ünvanındakı 230 kv.metr torpaq sahəsində yerləşən, 3 otaqlı ümumi sahəsi 84.6 kv.metr fərdi yaşayış evi ipoteka ilə yüklü edilmişdir. İş materiallarına əlavə edilmiş RX ******* saylı reyestrdən çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanındakı 230 kv.metr torpaq sahəsində yerləşən, 3 otaqlı, ümumi sahəsi 84.6 kv.metr fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ üzrə Cavabdeh1 adına 07.04.2015-ci il tarixdə qeydə alınmışdır Yenə iş materiallarına əlavə edilmiş Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX ******* saylı, 07.04.2015-ci il tarixli çıxarışın notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Cavabdeh1 tam mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 0,023 ha torpaq sahəsi və onun üzərində yerləşən fərdi yaşayış evi “xxxx” ASC-nin Gənclik filialının xeyrinə ipoteka ilə yüklü edilmişdir. İşdə olan Bank «xxxx» ASC-nin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Abşeron Rayon Ərazi İdarəsinə göndərilmiş ipoteka predmetinə tutma yönəldilməsi haqqında bildirişin qeydə alınmasına dair 29.08.2017-ci il tarixli, İH-2017/4773 saylı ərizəsindən görünür ki, kredit müqaviləsi üzrə öhdəliklər borclu tərəfindən müqavilədə nəzərdə tutulmuş qaydada yerinə yetirilməmiş və birtərəfli qaydada pozulmuşdur. Borclu və ipoteka qoyan - Cavabdeh1 ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında 24 avqust 2017-ci il tarixli, İH- 2017/4656 saylı bildiriş göndərilmişdir. «xxxx» ASC ilə Bank «xxxx» ASC arasında imzalanmış 23 may 2011-ci il tarixli, 31 saylı xidmət müqaviləsinə əlavə olaraq 25 iyul 2016-cı il tarixli, 31-2507/16 saylı ipoteka kreditlərinin reyestrinə əsasən xidmət olunması üçün «xxxx» ASC-nin «xxxx» ASC-nin vəsaiti hesabına verilmiş ipoteka kreditləri Bank «xxxx» ASC-yə təhkim edilmişdir. Yenə işdə olan ZB-İP 1096 saylı, 17.08.2015-ci il tarixli ipoteka kağızının notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Cavabdeh1 məxsus ünvan 1 ünvanında, olan 230 kv.metr torpaq sahəsində yerləşən, 3 otaqlı ümumi sahəsi 84.6 kv.metr fərdi yaşayış evi ipoteka ilə yüklü edilmişdir. İşə əlavə edilmiş «xxxx» ASC ilə Bank «xxxx» ASC arasında imzalanmış 23 may 2011-ci il tarixli, 31 saylı xidmət müqaviləsinə əlavə olaraq 25 iyul 2016-cı il tarixli, 31- 2507/16 saylı ipoteka kreditlərinin reyestrinə əsasən xidmət olunması üçün «xxxx» ASCnin «xxxx» ASC-nin vəsaiti hesabına verilmiş ipoteka kreditləri Bank «xxxx» ASC-yə təhkim edilməsi ilə bağlı Cavabdeh1 bildiriş ünvanlanmışdır. (iş materiallarına əlavə olunmuş 24.08.2017-ci il tarixli, İH-2017/4656 saylı bildirişə əsasən) İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 07.10.2019-cu il tarixli, 21931 saylı rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərildiyi kimi, iş materiallarında olan sənədlərə (hesabdan çıxarış, kredit müqaviləsi, ödəniş qrafiki və.s) əsasən 04.03.2015-ci il tarixli, 494/ZBGF saylı kredit müqaviləsi üzrə Cavabdeh1 banka əsas borcu 49 500 manat, faiz borcu isə 9 367,55 manat təşkil eir. İş materiallarında olan AZ-İ 191592 saylı nikah haqqında şəhadətnamənin surətinə əsasən Cavabdeh1 ilə X4 10.10.2005-ci il tarixdə rəsmi nikaha daxil olmuşlar. Nikahdan sonra arvada Məmmədova soyadı verilmişdir. Yenə iş materiallarında olan 13.07.2017-ci il tarixli, İH-2017/3363 saylı xəbərdarlıq məktubundan görünür ki, yaranmış borcunu ödəməyəcəyi təqdirdə məhkəməyə müraciət olunacağı barədə Cavabdeh1 yazılı bildiriş ünvanlanmışdır. Yenə də iş materiallarında olan Cavabdeh2 notarial qaydada təsdiq edilmiş 03 mart 2015-ci il tarixli ərizəsindən görünür ki, o, əri Cavabdeh1 məxsus ünvan 1 ünvanında yerləşən 0,023 ha torpaq sahəsi və onun üzərində yerləşən fərdi yaşayış evinin ipotekaya qoyulmasına razıdır və tutma ipoteka predmetinə yönəldikdə evi dərhal tərk edəcəyi barədə öhdəlik götürür. İşdə olan “xxxx”MMC-nin 24.01.2020-ci il tarixli qiymətləndirmə barədə hesabatından görünür ki, Cavabdeh1 məxsus ünvan 1 ünvanında yerləşən 0,023 ha torpaq sahəsi və onun üzərində yerləşən fərdi yaşayış evinin orta bazar dəyəri 55000 manat təşkil edir. Mülki iş materiallarına əlavə edilmiş “B+Ş Audit” MMC-nin A-01/28 saylı, 22.04.2021-ci il tarixli qiymətləndirmə hesabatından görünür ki, Cavabdeh1 məxsus ünvan 1 ünvanında yerləşən 0,023 ha torpaq sahəsi və onun üzərində yerləşən fərdi yaşayış evinin orta bazar dəyəri 55000 manat, likvid dəyəri isə 45000 manat təşkil edir. M Ə H K Ə M Ə N İ N H Ü Q U Q İ M Ö V Q E Y İ: Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Yenə həmin Məcəllənin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Yenə də həmin Məcəllənin 372.6-cı maddəsinə görə apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini dinləyərək, apelyasiya şikayətinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən apelyasiya şikayəti qismən təmin edilməli, hazırkı iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-324/2020 saylı, 15 sentyabr 2020-cı il tarixli qətnaməsi borcun Cavabdeh2 tutulması hissəsində ləğv edilməli, qalan hissələrdə isə apelyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, Cavabdeh1 “xxxx” ASC-dən yaşayış sahəsinin alınması məqsədilə 300 ay müddətinə illik 8 faiz ödəmək şərti ilə 49500 manat məbləğində kredit götürmüş və kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı kimi ünvan 1 ünvanında yerləşən 0,023 ha torpaq sahəsi və onun üzərində yerləşən fərdi yaşayış evi “xxxx” ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. Sonradan “xxxx” ASC-nin lisenziyası ləğv edilmiş və tələb “xxxx” ASC-yə ötürülmüşdür. “xxxx” ASC isə ipoteka kreditləri üzrə tələb hüquqlarını Bank “xxxx” ASC vasitəsilə həyata keçirir. Beləliklə, xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh Bank “xxxx” ASC-yə borcunu tam ödəməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, tərəflər arasında bağlanmış kredit müqaviləsinə əsasən, Cavabdeh1 həmin kredit müqaviləsi üzrə iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi, eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini və həmin müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Cavabdeh kredit müqaviləsi əsasında iddiaçıdan kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, lakin kredit vəsaitinin ödəməli olmasına dair vəzifəsini tam yerinə yetirməmişdir. Mübahisə ilə bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir. AR Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Yenə həmin Məcəllənin 445.2.1-ci maddəsinə uyğun olaraq öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Yenə də həmin Məcəllənin 448.1 və 448.2-ci maddələrinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 449.4-cü maddəsinə əsasən özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, borclu Cavabdeh1 iddiaçı bank qarşısında öhdəliyi yaranmışdır və o, bu öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Onun iddiaçıya 04.03.2015-ci il tarixli, 494/ZBGF saylı kredit müqaviləsindəki öhdəlikləri yerinə yetirmədiyinə görə 48330,89 manat əsas borcu, 6422,75 manat faiz borcu yaranmışdır. Cavabdeh apelyasiya şikayətində tələb olunan borc məbləğinin şişirdildiyini iddia etsə də işdə olan Məhkəmə Ekspertiza Mərkəzinin 07.10.2019-cu il tarixli, 21931 saylı rəyindən görünür ki, ekspert tərəfindən hazırki tələb üzrə əsas borc 49500 manat, faiz borcu isə 9367,55 manat müəyyən edilmişdir. Bununla belə, həmin rəydəki borc məbləği tələb həddindən çox olduğuna görə, məhkəmə kollegiyası MPM-nin 218.3-cü maddəsinə əsalanaraq hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən qət edilmiş borc məbləği əsaslıdır. Bundan başqa, məhkəmə kollegiyası hesab edir ki, iddiaçı bank müqavilə üzrə yaranan borc ödənilmədiyi üçün bunu ipoteka predmetinə yönəltməyi tələb etməkdə haqlıdır. Bu baxımdan məhkəmə kollegiyası aşağıdakı normaları qeyd etməyi zəruri hesab edir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1-ci maddəsinə əsasən girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Həmin Məcəllənin 269.5-ci maddəsinəəsasən girov və ipoteka girov qoyanın (borclunun) girov saxlayan (kreditor) qarşısında əsas öhdəliyinin icrasının təmin edilməsi üçün əlavə (aksessor) əşya hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 319.1-ci maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Borclunun ipoteka ilə təmin olunmuş öhdəliklərini yerinə yetirmədiyi və ya yerinə yetirilməsini gecikdirdiyi hallarda daşınmaz əmlaka mülkiyyət hüququnun bilavasitə kreditora keçməsi barədə razılaşma etibarsızdır. «İpoteka haqqında» AR Qanununun 34.1.1-ci maddəsinə əsasən öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması ipoteka predmetinə tutmanın yönəldilməsi üçün əsasdır. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanunun 36.1-cı maddəsinə görə əsas öhdəliyin, yaxud onun bir hissəssinin vaxtında icra edilməməsi, əsas öhdəlik üzrə faizlərin ödənilməməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnu yaradır. Həmin Qanunun 34.1.1-ci maddəsinə əsasən öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması ipoteka predmetinə tutmanın yönəldilməsi üçün əsasdır. Yuxarıda qeyd olunduğu kimi, borclu Cavabdeh1 kredit müqaviləsi üzrə bank qarşısında öhədliklərini icra etməmiş, nəticədə iddiaçı qarşısında borcu yaranmışdır və buna görə də «Bank xxxx» ASC-nin ipoteka saxlayan kimi, borcun mübahisə predmeti olan yaşayış evinə yönəldilməsi, həmin daşınmaz əmlakın açıq hərracdan satılması və borcun satılmış əmlak nəticəsində əldə edilmiş vəsait hesabına ödənilməsi, vəsait kifayət etmədikdə isə borcun ümumi qaydada qaytarılması barədə iddiası əsaslıdır. İş materiallarından görünür ki, bankın tələblərindən biri də, ipoteka predmetinin hərracda satılması barədədir. “İpoteka haqqında” Qanunun 39.3.3-cü maddəsinin tələblərinə görə ipoteka predmetinin ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Yuxarıda qeyd edildiyi kimi ipoteka müqaviləsi 04 mart 2015-ci ildə bağlanmış və həmin tarixə ipoteka predmeti 64140 manat məbləğində qiymətləndirilmişdir. Məhkəmə gedişatında daşınmaz əmlakın qiymətləndirilməsi barədə ekspertiza təyin edilmiş və “xxxx”MMC-nin 24.01.2020-ci il tarixli qiymətləndirmə barədə hesabatı ilə müəyyən olunmuşdur ki, Cavabdeh1 məxsus ünvan 1 ünvanında yerləşən 0,023 ha torpaq sahəsi və onun üzərində yerləşən fərdi yaşayış evinin orta bazar dəyəri 55000 manat təşkil edir. Lakin apelyasiya şikayətində bu qiymətin aşağı məbləğdə olması mübahisələndirildiyindən məhkəmə kollegiyası da bu xüsusda ekspertiza təyin etmiş və “B+Ş Audit” MMC-nin A-01/28 saylı, 22.04.2021-ci il tarixli qiymətləndirmə hesabatı ilə müəyyən edilmişdir ki, mübahisəli fərdi yaşayış evinin orta bazar dəyəri 55000 manat, likvid dəyəri isə 45000 manat təşkil edir. Məhkəmə kollegiyası hesab edir ki, mübahisəli ev açıq hərraca çıxarılarkən onun ilkin satış qiyməti əslində likvid dəyərində müəyyən edilməlidir. Bununla belə, iş materiallarından görünür ki, məhkəmə qətnaməsilə bu dəyər 55000 manat kimi müəyyən edilsə də, iddiaçı bank bununla razılaşmış, apelyant isə həmin qiyməti aşağı olduğu üçün mübahisələndirmişdir. Beləliklə də, məhkəmə kollegiyası MPM-nin 372.6-cı maddəsinə əsaslanaraq hesab edir ki, ipoteka predmetinin açıq hərracdakı ilkin satış qiyməti məhz 55000 manat müəyyənləşdirilməlidir. Digər tərəfdən, işdən görünür ki, iddia tələblərindən biri də mübahisəli daşınmaz əmlakın boşaldılması barədədir. “İpoteka haqqında” Qanunun 59.3-cü maddəsinə görə, ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər. Qeyd olunan qanunun 59.4-cü maddəsinə görə isə bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən çıxmadıqda həmin şəxslər evdən və ya mənzildən müvafiq olaraq tutmanın yönəldilməsi barədə notariusun icra qeydi və ya məhkəmə qərarı əsasında məcburi qaydada çıxarılırlar. İstinad olunan maddələrin dispozisiyasından aşkar şəkildə görünür ki, yaşayış sahəsinə hüququ olan şəxslər ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş əmlakı həmin əmlaka tutma yönəldildikdə və o satıldıqda ən geci bir ay ərzində tərk etməlidirlər. Göründüyü kimi, cavabdehlərin yaşayış sahəsini tərk etməsi üçün hüquqi fakt, əmlaka tutmanın yönəldilməsi və əmlakın hərracda satılmasıdır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, ipoteka predmeti olan Cavabdeh1 məxsus ünvan 2 ünvanında yerləşən 0,023 ha torpaq sahəsi və onun üzərində yerləşən fərdi yaşayış evi açıq hərracda satıldıqdan sonra 1 ay ərzində könüllü olaraq boşaldılmasa, həmin yaşayış evi boşaldılmalıdır. İşdən görünür ki, birinci instansiya məhkəməsi iddianı bu hissələrdə haqlı olaraq təmin etmişdir. Bununla belə, iş materiallarından görünür ki, cavabdehlərdən yalnız Cavabdeh1 bank qarşısında kredit öhdəliyi götürmüşdür və borcun tutulması barədə bank yalnız ona qarşı iddia qaldırmışdır. Lakin işə baxan məhkəmə təlbə həddindən kənara çıxaraq kredit müqaviləsi üzrə yaranmış borcu həm Cavabdeh1, həm də Cavabdeh2 tutmuş, bununla da MPM-nin 218.3-cü maddəsinin tələblərini pozmuşdur. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, qətnamə borcun Cavabdeh2 tutulması hissəsind ləğv olunmalıdır. Məhkəmə kolegiyası hesab edir ki, iddiaçı Bank “xxxx” ASC öz tələblərinin əsası kimi istinad etdiyi halları tam, Cavabdeh2 isə apelyasiya şikayətinin dəlillərini qanunvericilikdə nəzərdə tutulmuş əsaslarla məhkəmə iclasında qismən sübuta yetirə bilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirmədən, apelyasiya şikayətini təmin etmədən saxlaya bilər, yaxud həmin Məcəllənin 384.0.2-ci maddəsinə əsasən tamamilə və ya qismən ləğv edə bilər. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayəti qismən təmin edilməli, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-324/2020 saylı, 15 sentyabr 2020-ci il tarixli qətnaməsi qismən-cəmi 54814,04 manat məbləğində borcun və 200 manat məbləğində ekspertiza xərcinin Cavabdeh2 da tutulması hissəsində ləğv edilməli, qalan hissələrdə isə qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası həmçinin hesab edir ki,Azərbaycan Respublikası MPM-nin 119.1, 119.5-ci maddələrinin tələblərinə əsasən Cavabdeh2 apelyasiya şikayəti verilməsi üçün ödədiyi dövlət rüsumu onun özünə aid olunmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan RespublikasıMPM-nin 382, 384.0.2, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Apelyasiya şikayəti qismən təmin edilsin. Hazırkı iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-324/2020 saylı, 15 sentyabr 2020-ci il tarixli qətnaməsi qismən-cəmi 54814,04 manat məbləğində borcun və 200 manat ekspertiza xərcinin Cavabdeh2 tutulması hissəsində ləğv edilsin. Qətnamə "xxxx" ASC-nin Gənclik filialı ilə Cavabdeh1 arasında bağlanmış 04.03.2015-ci il tarixli, 494 ZBGF saylı kredit müqaviləsinin ləğv edilməsi, Cavabdeh1 Bank “xxxx” ASC-nin xeyrinə 04.03.2015-ci il tarixli, 494 ZBGF saylı kredit müqaviləsi üzrə 48330,89 (qırx səkkiz min üç yüz otuz manat səksən doqquz qəpik) manat əsas borc, 6422,75 (altı min dörd yüz iyirmi iki manat yetmiş beş qəpik) manat faiz borcu, iddia qaldırılması üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumu və 0,40 (qırx qəpik) manat bank xidməti haqqı, həmçinin 30 (otuz) manat ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş rüsum olmaqla, ümumilikdə 54814,04 (əlli dörd min səkkiz yüz on dörd manat dörd qəpik) manat məbləğində borcun tutulması, tutmanın ipoteka predmeti olan ünvan 1 ünvanında olan 0.023 ha torpaq sahəsinə və onun üzərində yerləşən fərdi yaşayış evinə yönəldilməsi, Cavabdeh1 mülkiyyətində olan ünvan 1 ünvanında olan 0.023 ha torpaq sahəsi və onun üzərində yerləşən fərdi yaşayış evinin açıq hərracda satılması, borcun həmin mənzilin satışından əldə olunacaq vəsait hesabına Bank “xxxx” ASC-yə ödənilməsi, satışdan əldə olunmuş vəsaitin qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi, ipoteka predmeti olan ünvan 1 ünvanında olan 0.023 ha torpaq sahəsi və onun üzərində yerləşən fərdi yaşayış evinin ilkin satış qiymətinin 55.000 (əlli beş min) manat müəyyən edilməsi, ipoteka predmeti olan ünvan 1 ünvanında olan 0.023 ha torpaq sahəsi və onun üzərində yerləşən fərdi yaşayış evinin satıldıqdan sonra cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən boşaldılması, iş üzrə təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizalarının xərci olaraq cavabdehlər Cavabdeh1 200 (iki yüz) manat məbləğində pul vəsaitinin tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin AZ34CTRE******************** saylı bank hesabına köçürülməsi hissələrində Cavabdeh2 apelyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Apelyasiya şikayətinin verilməsi üçün ödənilmiş 15,40 manat dövlət rüsumu apelyasiya şikayəti vermiş Cavabdeh2 özünə aid edilsin. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəmsəddin Abasov Hakimlər: Səyyad Qafari Telman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar