Məhkəmə qərarları › İş №2(105)-123/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-123/2021

17.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-123/2021 17.02.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Telman Osman oğlu Quliyev (sədrlik edən və məruzəçi hakim), Gülnarə Fikrət qızı Tağızadə və Lətifə Məhyəddin qızı Məmmədovadan ibarət tərkibdə, məhkəmə katibi X2, iddiaçı Ləğv prosesində olan QSC “Bank Standard” KB-nın nümayəndəsi X1 iştirakı ilə Sumqayıt Şəhər Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(060)-4571/2019 saylı qətnaməsindən Cavabdeh verdiyi apelyasiya şikayəti üzrə işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : Sumqayıt Şəhər Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(060)-4571/2019 saylı qətnaməsi ilə (hakim E.A.Abdullayev) iddiaçı ləğv Prosesində olan “xxxx” KB ASC-nin Cavabdeh Lazım oğluna qarşı kredit borcunun tutulması tələbinə dair iddia qismən təmin edilib, əsas borc üzrə 15252,52 manat, faiz borcu üzrə 2128,17 manat, cərimə üzrə 1000 manat, gecikdirilmiş vaxt üçün hesablanmış illik faizlər üzrə 2283,24 manat olmaqla, cəmi 20663 manat 93 qəpik məbləğində pulun və ödənilmiş 15 manat dövlət rüsunun Cavabdeh Lazım oğlundan tutularaq ləğv Prosesində olan “xxxx” KB ASC-yə ödənilməsi qət edilmişdir. Cavabdeh apelyasiya şikayəti verib, Sumqayıt Şəhər Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(060)-4571/2019 saylı qətnaməsinin ləğv edilib, iddianın rədd dilməsini xahiş etmişdir. İŞİN HALLARİ: İddiaçı Ləğv prosesində olan QSC «Bank Standard» KB iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddiasını onunla əsaslandırmışdır ki, “xxxx” KB ASC və Cavabdeh arasında bağlanmış xx xxxxx 2011-ci il tarixli kredit müqaviləsinə əsasən sonuncuya 60 ay müddətinə 18 faiz məbləğində 19851,42 manat məbləğində kredit verilmişdir. Cavabdeh kredit müqaviləsinin müddəti ərzində öz öhdəliklərini pozaraq ödəniş müddətini dəfələrlə ötürmüş və kredit müqaviləsi üzrə borc öhdəliklərini yerinə yetirməmişdir. Ona görə də, tərəflər arasında bağlanmış kredit müqaviləsi üzrə cavabdehdən 15252,52 manat məbləğində əsas, 2128,17 manat məbləğində faiz, 6332,68 manat məbləğində cərimə borcu, 2283,24 manat gecikdirilmiş vaxt üçün hesablanan faiz məbləği olmaqla, cəmi 25996,61 manat pulun və ödənilmiş 30 manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ V Ə PROSES İŞTİRAKÇİLARİNİN İZAHAT İ: Cavabdeh verdiyi apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, Sumqayıt Şəhər Məhkəməsi xx xxxx 2019-cu il tarixli qətnaməni qəbul edərkən maddi və prosessual hüquq normalarının tələbləri pozulmuş və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, onunla bank arasında kredit müqaviləsi bağlanılmamış və bankdan kredit götürməmişdir, hər hansı kredit müqaviləsinə imza atmamışdır. İcra məmuru tərəfindən icra şöbəsinə çağırılan zaman belə bir müqavilənin olmasından xəbər tutmuşdur. Kredit müqaviləsində olan imzalar ona məxsus deyildir. Hətta müqavilənin də əsli deyil, kserosurəti əlavə edilmişdir, müqavilənin son səhifələri də yoxdur. İpoteka müqaviləsində olan imza ona məxsusdur. İpoteka müqaviləsini imzalayıb, sonradan kredit müqaviləsini imzalamışdır. Halbuki tam əksinə olmalı, ilkin olaraq kredit, sonra ipoteka müqaviləsi bağlanmalıydı. Kredit müqaviləsindəki imzanın ona məxsus olmamasının təsdiq edilməsi üçün iş üzrə ekspertiza keçirilməsini xahiş edir. Ona görə də, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilib, iddianın təmin edilməməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iddiaçı Ləğv prosesində olan QSC “Bank Standard” KB-nın nümayəndəsi X3 apelyasiya şikayətinə etiraz edib, təmin olunmamasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə Cavabdeh Lazım oğluna lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən Cavabdeh iştirakı olmadan işin baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi-ha¬ki¬min məruzəsini və iddaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən cavabdehin verdiyi apelyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan “xxxx” KB ASC və Cavabdeh Lazım oğlu arasında bağlanmış xx xxxxx 2011-ci il tarixli, 1xx/xx/3175/11 nömrəli kredit müqaviləsinin kserosurətindən görünür ki, bank tərəfindən cavabdehə 60 ay müddətinə, illik 18 faizlə 19851,42 manat kredit vermişdir. Ləğv Prosesində olan “xxxx” KB ASC-nin maliyyə arayışına əsasən Cavabdeh xx xxxxx 2019-cu il tarixinə banka 15252,52 manat məbləğində əsas borc, 2128,17 manat məbləğində faiz borcu, 6332,68 manat məbləğində cərimə borcu, 2283,24 manat gecikdirilmiş vaxt üçün hesablanan faiz məbləği olmaqla, cəmi 25996,61 manat borcu qalmışdır. Cavabdeh xx xxxxx 2011-ci il tarixli, 1xx/xx/3175/11 nömrəli kredit müqaviləsində olan imzanın onun tərəfindən icra olunmadığını bildirməklə müqavilə üzrə heç bir öhdəliyinin olmadığını göstərmişdir. Ona görə də, məhkəmə kollegiyası tərəfindən məhkəmə xətşünaslıq ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxx 2020-ci il tarixli, 5/127 saylı rəy ilə müəyyən edilmişdir ki, ekspertizaya təqdim edilmiş “xxxx” KB ASC-nin “Əhmədli” filialı və Cavabdeh Lazım oğlu arasında bağlanmış xx xxxxx 2011-ci il tarixli, 1xx/xx/3175/11 nömrəli kredit müqaviləsinin reproqrafik surətində olan imzaların təsvirləri elektrofotoqrafik çap üsulu ilə rəqəmsal çap qurğusu (printer, çoxaldıcı qurğu) vasitəsi ilə icra olunmuşdur, həmin imzaların təsvirlərində montajın əlamətləri müəyyən edilmir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2020-ci il tarixli, 4/808 saylı rəy ilə müəyyən edilmişdir ki, ekspertizaya təqdim edilmiş 13-18 vərəqələrində “xxxx” KB ASC-nin “Əhmədli” filialı və Cavabdeh Lazım oğlu arasında bağlanmış xx xxxxx 2011-ci il tarixli, 1xx/xx/3175/11 nömrəli kredit müqaviləsinin kserosurətində 1-3-cü vərəqin aşağı sağ tərəflərində əks olunmuş, 35-38 vərəqində “xxxx” KB ASC-nin “Əhmədli” filialı və Cavabdeh Lazım oğlunun adından bağlanmış olan xx xxxxx 2011-ci il tarixli, 1xx/xx/3175/11 nömrəli ipoteka müqaviləsinin kserosurətinin 1-3-cü vərəqlərinin aşağı sağ tərəflərində, 4-cü vərəqində “Borcalan” qrafasında əks olunmuş imzalar - Cavabdeh tərəfindən icra olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: öhdəliyin onun icrası ücün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar ücün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə görə borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) ücün məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Məhkəmə kollegiyası toplanmış sübutları müqayisəli surətdə tədqiq edərək hesab edir ki, kredit müqaviləsinə əsasən cavabdehin bank qarşısında öhdəliyi yaranmış, cavabdeh öz üzərinə götürmüş olduğu öhdəliyi icra etməmiş və onun bu öhdəliyin icra edilmədiyi bütün hallar üçün məsuliyyət daşıyır. Məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh apelyasiya şikayətinin dəlillərini təsdiq edən başqa bir sübut təqdim edə bilməmişdir və birinci instnsiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi hallarını sübuta yetirə bilməmişdir. Ona görə də apelyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilib, iddianın rədd edilməsi üçün əsas ola bilməz. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir ki, bu da Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsinə görə məhkəmə qətnaməsinin apelyasiya qaydasında dəyişdirilmədən, apelyasiya şikayətinin isə təmin edilmədən saxlanması üçün əsasdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxx 2020-ci il tarixli rəyi ilə ekspertiza tədqiqatının dəyəri 100 (bir yüz) manat və xx.xx.2020-ci il tarixli rəyi ilə ekspertiza tədqiqatının dəyəri 73 (yetmiş üç) manat olmaqla ümumilikdə, 173 (yez yetmiş üç) manat təşkil edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə kollegiyası hesab edir ki, ekspertiza tədqiqatına xərclənmiş 100 (bir yüz) manat məbləğində pul ödənilmiş tələbin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. Apelyasiya şikayəti təmin edilmədiyindən aparılmış ekspertiza tədqiqatının dəyəri olan 173 (yüz yetmiş üç) manat pul Cavabdeh alınıb AZ.MEM, VÖEN **********, Dövlət Xəzinədarlığı Agentliyi, KOD 210005 VÖEN ********** müxbir hesab AZ 41 NABZ******************** SWİFT BİK CTREAZ 22 hesabına keçirilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392-393, 402, 403 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh verdiyi apelyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(060)-4571/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Aparılmış ekspertiza tədqiqatının dəyəri olan 173 (yüz yetmiş üç) manat pul Cavabdeh alınıb AZ.MEM, VÖEN **********, Dövlət Xəzinədarlığı Agentliyi, KOD 210005 VÖEN ********** müxbir hesab AZ 41 NABZ******************** SWİFT BİK CTREAZ 22 hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Apelyasiya instansiya məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Telman Quliyev Hakimlər: Gülnarə Tağızadə Lətifə Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar