Məhkəmə qərarları › İş №2(105)-1230/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1230/2021

29.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1230/2021 29.04.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər Abasov Şəmsəddin Rizalı oğlu (sədrlik edən və məruzəçi), Qafari Səyyad Ağaəli oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Ağamirova Nigar Kamran qızının katibliyi, İddiaçı Səfquliyev Rza İmran oğlunun, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X6 iştirakı ilə, İddiaçı Səfquliyev Rza İmran oğlunun cavabdehlər Sumqayıt ASAN Xidmət Mərkəzi Notariat Kontoruna və X5 qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab olunması tələbinə dair iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-73/2020 saylı, 05 oktyabr 2020-ci il tarixli qətnaməsindən iddiaçı Səfquliyev Rza İmran oğlu tərəfindən verilmiş apelyasiya şikayətinə Sumqayıt Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-73/2020 saylı, 05 oktyabr 2020-ci il tarixli qətnaməsi ilə iddia təmin edilməmişdir. (hakim A.Süleymanova) Qətnamədən iddiaçı Səfquliyev Rza İmran oğlu apelyasiya şikayəti verərək, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-73/2020 saylı, 05 oktyabr 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddianın təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. İŞİN HALLARİ: Səfquliyev Rza İmran oğlu Sumqayıt ASAN Xidmət Mərkəzi Notariat Kontoruna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Sumqayıt “ASAN xidmət” mərkəzinin Notariat Kontorunun 23.09.2015-ci il tarixli, AN-İ ******* saylı alqı-satqı müqaviləsinin etibarsız hesab olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bundan sonra, iddiaçı R.İ.Səfquliyev iddia ərizəsinə əlavə təqdim edərək X3 da cavabdeh qismində işə cədb edilməsini və qeyd olunan alqı-satqı müqaviləsinin etibarsız hesab olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Abşeron rayonu, Masazır kəndi, İlyas Bayramov küçəsində yerləşən 24 saylı fərdi yaşayış evi onun mülkiyyətindədir və həmin evdə xəstə anası və övladları ilə birlikdə yaşayır. X4 2-ci qrup əlidir və həyat yoldaşı vəfat etdiyindən uşaqlarını tək saxlayır. 23 sentyabr 2015-ci ildə tanışı Elnurun təkidi ilə ona pul lazım olduğundan evini girov qoymaq adı altında Sumqayıt “Asan Xidmət” Mərkəzinə gedərək orada 23.09.2015-ci il tarixli, 4Ə-3011 reyestr qeydli, AN-İ ******* saylı alqı-satqı müqaviləsi bağlayaraq üç aylıq müddətinə əmlakını X3 borc götürdüyü Fikrət adlı şəxsin qardaşı olan, iş üzrə üçüncü şəxs-X6 adına rəsmiləşdirmiş və onların borc münasibətlərində təminatçı kimi çıxış etmişdir. Lakin aradan üç ayıdan artıq müddət keçəndən sonra, onun evinin özünə qaytarılmamasını gördükdə tərəflərlə danışığa başlamış və vəziyyətin heç də onun düşündüyü kimi olmamasını başa düşüb öz etirazını bildirmişdir. Lakin borc alan ilə borc verən arasında öhdəlik münasibətləri razılaşdırılmış qaydada həyata keçirilmədiyindən o, məcbur qalıb məhkəmədə iddia qaldırmışdır. O, iş üzrə üçüncü şəxs X8 tanımır və ona evini satmamışdır. Onun tanıdıqları Elnur və Ələddindir, onlar da öz pul problemlərini həll etmirlər və onun mənzilini də özünə geri qaytarmırlar. Ona görə də alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi barədə iddia qaldırmışdır. Onun özünə məxsus və ailə üzvlərinin yaşadığı evini satmaqla əlaqədar heç bir iradə ifadəsi olmamışdır, yalnız yuxarıda qeyd etdiyi kimi tanışının borc götürməsi ilə əlaqədar təminat olaraq ona bildirilən girov müqaviləsi hesab etdiyi əqdə imza atmışdır. Onun alqı-satqı müqaviləsi bağlamağa heç bir niyyəti olmamışdır. O, yalnız digər şəxsin borc öhdəliklərinə görə müvəqqəti olaraq evini Ramin Qurbanovun adına keçirmişdir. Qanuna görə isə bir əqdi digər əqdlə pərdələmə yolverilməzdir və belə əqdlər əhəmiyyətsiz və etibarsız hesab olunurlar. Göstərilənlərə əsasən iddia təmin edilməlidir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı çıxarılmışdır. Ş İ K A Y Ə T İ N D Ə L İ L L Ə R İ, T Ə R Ə F L Ə R İ N İ Z A H A T L A R İ və S Ü B U T L A R İ : Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qətnaməsi qanunsuz və əsassızdır. Belə ki, mübahisəyə baxan məhkəmə onun son prosesdə iştirakını təmin etməyərək, ev satmadığı halda formal özgəninkiləşdirməni qərəzli olaraq qanuni hesab etmiş və özgəninkiləşdirmə niyyəti olmayan şəxslərin evi əlindən almalarını hüquqi müstəvidə araşdırmamışdır. Apellyasiya qaydasında mübahisəyə yenidən baxacaq yuxarı instansiya məhkəməsi, birinci instansiya məhkəməsinin buraxdığı kobud qanun pozuntularını təkrarlamamalı, məhkəmədə işə yenidən baxılarkən əsl həqiqət müəyyən edilməli, tərəflər arasında borc münasibətlərinin olub-olmadığı, borcun ödənilibödənilmədiyi, alqı-satqı müqaviləsinin həmin borcun təminatı kimi girov müqaviləsini pərdələmək məqsədilə bağlanıb-bağlanmadığı aydınlaşdırılmalı və bu hallara qiymət verilməlidir. Mübahisə araşdırılarkən Ramin Qurbanovun haradan bu əmlakın satılmasını öyrəndiyini, kimin vasitəsilə onunla əlaqəyə girdiyini, evinə gəlib-gəlmədiyini, alacağı əmlakı görüb-görmədiyini, cavabdehlə mübahisəli evə dair alqı-satqı müqaviləsinin bağlanmasının hansı zərurətdən doğduğu yoxlanılmalıdır. Mübahisələndirilən alqı-satqı müqaviləsinin məzmununun tərəflərin həqiqi niyyətinə uyğun olub-olmaması, tərəflərin əslində nəzərdə tutduqları əqdin nədən ibarət olması da araşdırılmalıdır. Lazım gələrsə həmin məsələnin aydınlaşdırılması məqsədilə mübahisələndirilən müqaviləni təsdiq etmiş notarius məhkəmə iclasına dəvət edilməli və onun müzakirə olunan məsələyə münasibəti öyrənilməlidir. Lakin birinci instansiya məhkəməsi bunu etməmiş, mübahisəni bir iclasla yekunlaşdırmışdır. Ramin Qurbanov əsil alıcı deyil, çünki onun niyyəti ev almaq olmamışdır. Onlar (Elnur ilə Fikrət adlı şəxslər) yalnız aralarındakı borcun təminatı olaraq evi adılarına keçirmək üçün əqd bağlanmasına onunla razılaşmışlar. Ramin Qurbanov guya pulla almış olduğu evi görməmiş və onun neçə otaqdan ibarət olduğunu belə yoxlamamışdır. Göründüyü kimi bu əqd digər əqdi-borc mübahisəsi üzrə girov qoyulma əqdini pərdələmək üçün bağlanmışdır və buna görə də etibarsız hesab edilməlidir. Belə olan halda hazırkı işə baxılıb onun iddiasının rədd edilməsi qanuna uyğun deyildir. Göstərilənlərə əsasən Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-73/2020 saylı, 05 oktyabr 2020-ci il tarixli qətnaməsi ləğv edilməli və iddianın təmin olunması barədəyeni qətnamə çıxarılmalıdır. Məhkəmə kollegiyasının iclasında iddiaçı Səfquliyev Rza İmran oğlu şikayətini müdafiə etdi və onun təmin olunmasını xahiş etdi. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X10 məhkəmə kollegiyasının iclasında şikayətlə razılaşmadı və onun rədd edilməsini xahiş etdi. O, bildirdi ki, külli miqdarda vəsait verərək mübahisəli evi 6 il öncə almasına baxmayaraq hələ də oradan istifadə edə bilmir. Buna səbəb isə iddiaçının mübahisəni süni yollarla yubatması olmuşdur. Apelyasiya baxışı zamanı məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehlərə lazımi qaydada bildirişlər göndərilmişdir. Bununla belə, Sumqayıt ASAN Xidmət Mərkəzi Notariat Kontoru məhkəmə kollegiyasına ərizə göndərərk mübahisəyə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Apelyasiya baxışında məlum oldu ki, cavabdeh X7 barəsində AR CM-nin 178.3.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi qaldırılmışdır. O, istintaqdan qaçıb gizləndiyi üçün barəsində axtarış elan edilmişdir. Onun yaşadığı ünvana göndərilmiş məhkəmə bildirişləri qeydiyyatda olduğu ünvanda yaşamaması səbəbilə poşt tərəfindən geri qaytarılmışdır. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə, məhkəmə işə baxmağa haqlıdır. Qeyd olunan hüquq normasını əsas götürərək məhkəmə kollegiyası işə hər iki cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə görə məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə kollegiyası işə baxarkən yalnız istinad olunan hüquq normalarında qeyd olunan tələblərə cavab verən sübutları qəbul edərək qiymətləndirmişdir. Tərəflərin tələb və etirazları iş materiallarında olan aşağıdakı sübutlara əsaslanır. İşdə olan RX ******* saylı reyestrdən çıxarışdan görünür ki, Abşeron rayonu, Masazır kəndi, İlyas Bayramov küçəsindəki 0,1 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 267,8 kv.metrlik 5 otaqlı 24 saylı fərdi yaşayış evi 11 fevral 2014-cü il tarixdən Səfquliyev Rza İmran oğlunun mülkiyyətində olmuşdur. Yenə işdə olan 22.09.2015-ci il tarixli ərizədən görünür ki, Səfquliyev Rza İmran oğlu özünə məxsus Abşeron rayonu, Masazır kəndi, İlyas Bayramov küçəsindəki 0,1 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 267,8 kv.metrlik 5 otaqlı 24 saylı fərdi yaşayış evi üzərində yüklülüyün olub-olmaması barədə məlumatın əldə edilməsini Sumqayıt ASAN Xidmət Mərkəzi Notariat Kontorundan xahiş etmişdir. Qeyd edilən əmlak üzərində hər hansı yüklülük aşkar olunmamışdır. Yenə də iş materiallarında olan Səfquliyev Rza İmran oğlu və X6 23.09.2015-ci il tarixli ərizələrindən görünür ki, onlar mübahisəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin təsdiq edilməsi üçün alıcı tərəfindən 120000 manat vəsaitin notariusun depozit hesabına köçürülməsini xahiş etmişlər. İş materiallarına əlavə edilmiş AN-İ ******* saylı, 23 sentyabr 2015-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin notariat qaydada təsdiq edilmiş surətindən görünür ki, satıcı Səfquliyev Rza İmran oğlu özünə məxsus Abşeron rayonu, Masazır kəndi, İlyas Bayramov küçəsində yerləşən ümumi sahəsi 267,8 kv.metrlik 5 otaqlı 24 saylı fərdi yaşayış evini 120.000 manata alıcı X6 mülkiyyətinə verir. Müqavilənin 4-cü bəndində göstərilmişdir ki, satıcı daşınmaz əmlakı X9 120000 manata satmış, alıcı isə həmin qiymətə almışdır. Yenə iş materiallarına əlavə edilmiş Sumqayıt Şəhər Prokurorluğunun 13 aprel 2021-ci il tarixli məktubundan görünür ki, X7 özgənin külli miqdarda əmlakını əvəzsiz olaraq ələ keçirmə məqsədi ilə tanışı Səfquliyev Rza İmran oğluna məxsus Abşeron rayonu, Masazır kəndi, İ.Bayramov küçəsi, 24 nömrəli evi Sumqayıt “Asan xidmət” mərkəzində alqı-satqı etmək yolu ilə tanışı Fikrət adlı şəxsə faktiki girov qoyub həmin evin alqı-satqısından əldə edilmiş 120.000 manat pulu R.Səfquliyevdən alaraq qısa müddətdə geri qaytaracağını, pulu geri qaytardıqdan sonra isə ona məxsus evi də onun adına keçirəcəyini yalandan vəd edib aldadaraq Səfquliyev Rza İmran oğluna məxsus 120.000 manat pulu ələ keçirərək sonuncuya külli miqdarda ziyan vurmaqla dələduzluq etməsi faktı əsasında sabiq Sumqayıt şəhər prokuroru Sərdar İmanov tərəfindən 04 iyun 2018-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 178.3.2- ci maddəsi ilə ********* saylı cinayət işi başlanmışdır. X7 30 iyul 2018-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsi haqqında müstəntiq Sənan Aslanov tərəfindən qərar qəbul edilmiş, lakin o, istintaqdan qaçıb gizləndiyi üçün barəsində axtarış elan olunmuş və həmin tarixdə cinayət işi üzrə icraat Azərbaycan Respublikası CPM-nin 53.1.3 və 53.3.3-ci maddələrinə əsasən dayandırılmışdır. İşdə olan RX ******* saylı reyestrdən çıxarışın surətindən görünür ki, Abşeron rayonu, Masazır kəndi, İlyas Bayramov küçəsindəki 0,1 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 267,8 kv.metrlik 5 otaqlı 24 saylı fərdi yaşayış evi 11.06.2016-cı il tarixdən X6 mülkiyyətindədir. M Ə H K Ə M Ə N İ N H Ü Q U Q İ M Ö V Q E Y İ: Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçinin məruzəsini, işdə iştirak edən şəxslərin izahatını dinləyərək, apelyasiya şikayətinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən apelyasiya şikayəti təmin edilməməli, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-73/2020 saylı, 05 oktyabr 2020ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, Abşeron rayonu, Masazır kəndi, İlyas Bayramov küçəsindəki 0,1 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 267,8 kv.metr olan 5 otaqlı 24 saylı fərdi yaşayış evi RX ******* saylı, 11 fevral 2014-cü il tarixdən Səfquliyev Rza İmran oğlunun mülkiyyətində olmuşdur. O, mülkiyyətində olan həmin daşınmaz əmlakı AN-İ ******* saylı, 23 sentyabr 2015-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən 120000 manata X1. Müqavilə notariat qaydasında təsdiq olunmuşdur. Mülki münasibətlərdən hüquq və vəzifələrin əmələ gəlməsi bilavasitə müqavilələrlə (əqdlərlə) bağlıdır. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) olmalıdır. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir (MM-in 324.1, 324.2, 324.4 və 324.5-ci maddələri). Mülki hüquqla tənzimlənən münasibətlər sahəsində tətbiq olunan müqavilələr mülki hüquqi müqavilələr anlayışı ilə əhatə olunur və hüquqi fakt, müqavilə öhdəliyi, sənəd mənasında işlədilir. Mülki Məcəllənin 389.1-ci maddəsinə görə mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Qeyd edilməlidir ki, Mülki Məcəllənin 390-cı maddəsində müəyyən edilən müqavilə azadlığı Azərbaycan Respublikası Konstitusiyasının 29-cu və həmin Məcəllənin 152.1-ci maddələrində nəzərdə tutulmuş mülkiyyət hüququnın reallaşdırılması elementlərindən biri kimi çıxış edir. Qeyd olunan normalarda şəxslərin azad surətdə müqavilələr bağlamaq və bu müqavilələrin məzmununu müəyyənləşdirmək təminatı verilir. X12 İmran oğlu iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Sumqayıt “ASAN xidmət” mərkəzinin Notariat Kontorunun 23.09.2015-ci il tarixli, AN-İ ******* saylı alqı-satqı müqaviləsinin etibarsız hesab olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Onun əsas dəlili bundan ibarətdir ki, həmin əqd başqa bir əqdi pərdələmək xatirinə yalan əqd kimi bağlandığından etibarsız hesab edilməlidir. Onun qətiyyən öz evini satmaq niyyəti olmamış, lakin tanışının borcuna görə sadəcə öz əmlakının girova qoyulmasına razı olmuşdur. Əqdlərin etibarsız sayılması üçün əsaslar Azərbaycan Respublikası Mülki Məcəllənin 337-349-cu maddələrində təsbit edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1, 337.2 və 337.4-cü maddələrinin ümumi məzmununa görə bu Məcəllə ilə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Eyni Məcəllənin 404.1-ci maddəsinə əsasən müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Həmin Məcəllənin 404.2-ci maddəsinə əsasən bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.2-ci maddəsinə görə yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir. “Notariat haqqında” AR Qanununun 45-ci maddəsinə əsasən, notariuslar və müvafiq icra hakimiyyəti orqanları öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş hallarda notariat qaydasında təsdiq edilməli olan əqdləri və tərəflərin arzusu ilə digər əqdləri təsdiq edirlər. Notariuslar və müvafiq icra hakimiyyəti orqanları təsdiq etdikləri əqdin məzmununun qanuna və tərəflərin həqiqi niyyətinə uyğunluğunu yoxlamalıdırlar. Hazırki halda iddiaçı yalan əqd əsasında onun əsl iradəsinə müvafiq olmayan əqdi bağlamağını göstərsə də, istinad etdiyi halı təsdiq edən heç bir sübutu məhkəməyə təqdim etməmişdir. İş materiallarından görünür ki, Səfquliyev Rza İmran oğlu ilə X10 arasında mübahisəli daşınmaz əmlakın alqı-satqısına dair qanunvericiliyə uyğun olan AN-İ ******* saylı, 23 sentyabr 2015-ci il tarixli müqavilə imzalanmış, alıcı olaraq X10 əmlakın dəyəri olan 120000 manat pulu notariusun depozit hesabına keçirmiş, müqavilə üzrə üzərinə düşən öhdəliyi tamamilə yerinə yetirmişdir. İşdən görünür ki, əmlaka görə ödənilən pulu Səfquliyev Rza İmran oğlunun öz tanışı, iş üzrə digər cavabdeh X7 onun razılığı ilə götürmüş, lakin dediyi kimi-qısa müddətə onu geri qaytarmamışdır. Bununla bağlı isə həmin şəxs barəsində Azərbaycan Respublikası CM-nin 178.3.2- ci maddəsi ilə ********* saylı cinayət işi başlanmışdır. Beləliklə də, işin faktiki hallarından görünür ki, əslində mübahisənin əsasını əmlaka görə alıcı tərəfindən ödənilmiş pulun iddiaçının öz tanışı tərəfindən mənimsəliməsi təşkil edir ki, bu hal mövcud alqı-satqı əməliyyatının etibarsızlığı üçün əsas ola bilməz. Məhkəmə kollegiyası hesab edir ki, qeyd edilən cinayət işi üzrə Səfquliyev Rza İmran oğlu zərərçəkmiş şəxs kimi həmin məbləği təqsirləndirilən şəxs, yəni X2 tələb etmək hüququna malikdir. Başqa sözlə, iddiaçı məhkəməyə öz tələbinin əsası kimi istinad etdiyi halları təsdiq edən hər hansı bir sübut təqdim etməmişdir. Halbuki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. (Azərbaycan Respublikası MPM-nin 77.1 və 14.2. maddələri). İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin «Mahmudovun Rusiyaya qarşı iş üzrə» 26 iyul 2007-ci il tarixli qərarında həmin məhkəmə xatırlatmışdır ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, «affirmanti, non neganti, incumbit probalion» (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. Beləliklə, sübutetmə yükü daşıyan iddiaçı öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları təsdiq edən sübutları məhkəmə kollegiyasına təqdim edə bilməmişdir. Bu baxımdan kollegiya hesab edir ki, mövcud əqdin bağlanması zamanı Mülki Məcəllə ilə müəyyənləşdirilmiş formaya riayət edilmiş və mülki qanunvericilikdə nəzərdə tutulan şərtlər pozulmamışdır. Bundan başqa, işdən görünür ki, Səfquliyev Rza İmran oğlu əqdin etibarsızlığı barədə hazırkı iddianı qaldırarkən qanunla müəyyən edilmiş tələb etmə müddətini də ötürmüşdür ki, bu hal da iddianın rədd edilməsi üçün əsasdır. Belə ki, mübahisələndirilən əqd 23 sentyabr 2015-ci il tarixdə imzalanmışdır, iddiaçı isə iddia edir ki, bu əqdlə əslində guya əmlakını borcun təminatı olaraq 3 ay müddətinə girova qoymuşdur, yəni onun bu əqdin yalan olmasını bilmə müddəti 23 dekabr 2015-ci il tarixinədək hesab olunur. Mülki Məcəllənin 354.2-ci maddəsinə görə bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. “B.Mürsəlovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 31 may 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” AR Konstitusiya Məhkəməsi Plenumunun 19 dekabr 2012-ci il tarixli Qərarındakı hüquqi mövqeyinə görə, Mülki Məcəllənin 354-cü maddəsi yalnız etibarsız əqdlərin məhkəmədə mübahisələndirilməsi müddətini özündə ehtiva etdiyindən, həmin müddət iddia müddəti kimi qiymətləndirilə bilməz və belə olan halda həmin Məcəllənin 375.2-ci maddəsinin tələbinə müvafiq olaraq iddia müddətinin tətbiqi barədə ərizənin verilib-verilməməsi qanunun həmin normasının hazırkı işə tətbiqi üçün əhəmiyyət kəsb etmir. Bununla yanaşı, Mülki Məcəllənin 354-cü maddəsinin əqdlərin etibarsızlığını müəyyən edən 14-cü fəsildə, iddia müddətinin isə həmin Məcəllənin 18-ci fəslində nəzərdə tutulması Məcəllənin 354-cü maddəsinin xüsusi norma olaraq iddia müddətinin tətbiqi ilə bağlı olmadığına dəlalət edir. Qanunvericiliyin bu norması onu nəzərdə tutur ki, maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi gündən bir il ərzində həmin əqdin etibarsızlığına dair mübahisə açmaq hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir. Qanunun mənasına görə, qeyd olunan müddət, hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətinə deyil, kəsici müddətlərə aiddir. Belə ki, kəsici müddət – şəxsin müəyyən zaman ərzində öz hüququndan istifadə etməməsi nəticəsində həmin hüquq xitam verilməsini nəzərdə tutan müddətdir. Belə hallarda hüquqa xitam verilməsi yalnız zamanın keçməsindən deyil, müəyyənləşdirilmiş müddət ərzində hüquq sahibinin hərəkətsiz qalmasından irəli gəlir. Kəsici müddət subyektiv hüququn həyata keçirilməməsi və ya lazımi qaydada həyata keçirilməməsi halında bu hüququn vaxtından əvvəl xitamına səbəb olur. Bu normaların tələbinə görə R.İ.Səfquliyev mübahisəli əqdin artıq etibarsızlığını 23 dekabr 2015-ci ildən bilməli olduğuna görə həmin əqdin etibarsızlığı barədə məhkəmədə ən gec 23 dekabr 2016-cı il tarixdə iddia qaldıra bilərdi. İş materiallarından isə görünür ki, R.İ.Səfquliyev hazırkı iddia ilə məhkəməyə 15 mart 2017-ci ildə müraciət etmiş, alqı-satqı müqaviləsini mübahisələndirmək hüququnu itirmişdir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianın rədd edilməsi barədə tamamilə düzgün hüquqi nəyticəyə gəlmişdir. İş materiallarında məlum alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsinə dair hər hansı mötəbər sübut mövcud deyil. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə kollegiyası apelyasiya şikayətində göstərilən dəlilləri formal mülahizələr kimi qiymətləndirirərək hesab edir ki, bu dəlillər birinci instansiya məhkəməsinin qanuni qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, hazırki işdə məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv olunması üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyil. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini təmin etmədən saxlaya bilər. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən apelyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Apelyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-73/2020 saylı, 05 oktyabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apelyasiya şikayətinin verilməsi üçün ödənilmiş 15 manat məbləğində dövlət rüsumu iddiaçı Səfquliyev Rza İmran oğlunun özünə aid edilsin. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəmsəddin Abasov Hakimlər: Səyyad Qafari Telman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar