Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1230/2025 11.09.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə (Açar söz: icarə müqaviləsinin etibarsız hesab edilməsi və pul tələbi) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının hakimləri Hüseynzadə Afiq Hüseyn oğlu (sədrlik edən və məruzəçi), X9 və X5 ibarət tərkibdə, Cəfərova Ayel Ramiz qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil4, Cavabdeh nümayəndəsi və vəkili Vəkil3 iştirakı ilə, Şamaxı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(074)-133/2025 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi. İşin halları Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı MMC ilə Cavabdeh arasında imzalanmış xx.xx.2009-cu il tarixli icarə müqaviləsinin etibarsız hesab edilməsi və 21 yanvar 2010-cu il tarixdən 17 oktyabr 2019-cu il tarixə qədər ödənilmiş, cəmi 13.200 (on üç min iki yüz) manat pul vəsaitinin və ödənilmiş 130 (yüz otuz) manat dövlət rüsumunun cavabdehdən alınaraq İddiaçı MMC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında xx.xx.2009-cu il tarixli sahənin icarəyə verilməsinə dair müqavilə imzalanmışdır. Həmin müqaviləyə görə Şamaxı rayonu, Avaxıl kəndində yerləşən 100 kv.m sahə mobil baza stansiyasının quraşdırılması üçün İddiaçı MMC-nin istifadəsinə verilmişdir. İcarə müqaviləsinin 5.1-ci maddəsinə görə illik icarə haqqı 1200 manat (min iki yüz) (vergilər xaric) müəyyən edilmişdir. Həmin vaxtdan, 21 yanvar 2010-cu il tarixdə, 02 dekabr 2010cu il tarixdə, 05 dekabr 2011-ci il tarixdə, 30 noyabr 2012-ci il, 17 dekabr 2013-cü il tarixdə, 24 noyabr 2014-cü il tarixdə, 27 noyabr 2015-ci il tarixdə, 01 dekabr 2016-cı il tarixdə, 12 dekabr 2017-ci il tarixdə, 26 noyabr 2018-ci il tarixdə və 17 oktyabr 2019-cu il tarixdə, hər il 1200 (min iki yüz) manat olmaqla, cəmi 13.200 manat (on üç min iki yüz) icarə haqqı ödənilmişdir. 07 iyun 2022-ci il tarixdə X1 Rayon Məhkəməsinə müraciət edərək xx.xx.2008-ci il tarixli, Seriya MH № ******* saylı, **********0 qeydiyyat nömrəli Çıxarışa və ona əlavə edilmiş torpaq sahəsinin planı və ölçüsü sənədinə əsasən Şamaxı rayonu, Avaxıl kəndində yerləşən 8,624443 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin mülkiyyətində olduğunu bildirmiş və yuxarıda göstərilən mobil baza stansiyasının onun mülkiyyətində olan torpaq sahəsində quraşdırıldığını bildirmişdir. Buna görə də mobil baza stansiyasının torpaq sahəsindən çıxarılması və stansiyanın torpaq sahəsində qaldığı müddət üçün kompensasiya qismində 10 noyabr 2009-cu il tarixdən iddianın verildiyi tarixə qədər gündəlik 20 manat pul vəsaitinin tutulmasını xahiş etmişdir. Şamaxı Rayon Məhkəməsinin 20 aprel 2023-cü il tarixli, 2(074)-24/2023 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, X3 mülkiyyətində olan Şamaxı rayonu, Avaxıl kəndində yerləşən 8.624443 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsində yerləşən İddiaçı MMC-yə məxsus mobil baza stansiyası cavabdehin hesabına sökülərək həmin torpaq sahəsindən çıxarılması və İddiaçı MMC-dən 15100 manat pul, dövlət rüsumu kimi ödənilmiş 345 manat, 310 manat hüquqi yardım üçün ödənilmiş pul və mütəxəssis rəyinin verilməsi üçün ödənilmiş 95 manat pul, cəmi 15850 manat pul tutularaq X4 ödənilməsi qət edilmişdir. Həmin qətnamədən tərəflərindən apelyasiya şikayəti verilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin 18 sentyabr 2023-cü il tarixli, 2(105)-1541/2023 saylı qətnaməsi ilə apelyasiya şikayəti təmin edilməmiş, Şamaxı Rayon Məhkəməsinin 20 aprel 2023-cü il tarixli, 2(074)-24/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Şamaxı Rayon Məhkəməsinin 20 aprel 2023-cü il tarixli, 2(074)-24/2023 saylı qətnaməsi 25 dekabr 2023cü il tarixdə icraya yönəldilmiş və tərəflərindən tam şəkildə icra edilmişdir. Göründüyü kimi, Cavabdeh onun mülkiyyətində olan torpaq sahəsinin mülkiyyətçisi kimi təqdim edərək İddiaçı MMC ilə etibarsız müqavilə imzalamış və ona 21 yanvar 2010-cu il tarixdən 17 oktyabr 2019-cu il tarixə qədər icarə haqları ödənilmişdir. Halbuki, onun müqavilə imzalamaq səlahiyyəti olmamışdır. Bundan əlavə iddiaçı cavabdehə ödənilmiş vəsaitdən də artıq bir məbləğdə pul vəsaitini torpaq sahəsinin əsl mülkiyyətçisi X4 ödəmişdir.
3. Daha sonra İddiaçı iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, İddiaçı MMC ilə Cavabdeh arasında imzalanmış xx.xx.2009-cu il tarixli icarə müqaviləsinin etibarsız hesab edilməsi və 21 yanvar 2010-cu il tarixdən 17 oktyabr 2019-cu il tarixə qədər ödənilmiş, cəmi 13.200 (on üç min iki yüz) manat pul vəsaitinin, 325 (üç yüz iyirmi beş) manat vəkilə ödənilmiş xidmət haqqının və ödənilmiş 130 (yüz otuz) manat dövlət rüsumunun tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz verərək qeyd etmişdir ki, onun Avaxıl kəndi ərazisində torpaq sahəsi var. 2009-cu ilin oktyabr ayında "xxxx"MMC-nin nümayəndəsi onunla görüşərək ona məxsus torpaq sahəsində "xxxx"MMC-nin ötürücü antennasının qoyulması üçün icarə müqaviləsi bağlamaq istədiklərini bildirmiş, o da etraz etməmiş və 100 kv.m.sahəni onlara icarəyə vermişdir. 2009-cu ildən 2019-cu il kimi də orada olan torpadan istifadə etməmişdir. İndi ona məlum olur ki, onlar ötürücü antennanı onun torpağında deyil, başqa yerə qoyublar. Amma ona bildirilməyib və icarə müqaviləsi də ləğv olunmayıb. Başqasının deyil, öz torpağını icarəyə vermişdir. Bunu da ona iddiaçının öz nümayəndəsi deyib ki, onların baza stansiyası qoymaq istədiyi yer onun torpaq sahəsinə düşür, onlar dəymiş ziyanı tələb edirlər. O, 10 il öz torpağından bu müqaviləyə görə istifadə etməmişdir. Bəs bu ziyanı kim ödəməlidir. Bu işlərdə onun heç bir günahı yoxdur. Onunla müqavilə bağlanmış, iddiaçı da icarəyə götürdüyü yerdə stansiyani quraşdırmalı idi. Ondan qanuni şəkildə torpaq icarəyə götürülüb, o da qanuni şəkildə icarə haqqı almışdır. Bu 10 ildə torpaq sahəsi iddiaçının icarəsində olub. Ondan istifadə edibetməməsi isə onun onun problemi deyil. Buna görə də iddianın rədd edilməsini xahiş etmişdir.
5. Şamaxı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(074)-133/2025 saylı qətnaməsi ilə (hakim Natiq İsmayılov) iddia tələbi təmin edilməmişdir.
6. Məhkəmə müəyyən etmişdir ki, sübutetmə vəzifəsinin bölgüsü baxımından cavabdehin İddiaçı MMC-yə başqa torpaq sahəsini öz torpaq sahəsi kimi təqdim etməsini iddiaçı sübut etməlidir. Lakin, İddiaçı MMC cavabdeh tərəfindən ona başqa torpaq sahəsinin təqdim edilməsinə dair sübutlarını iddia ərizəsinə əlavə etməmiş, məhkəmə baxışı zamanı iddianı təsdiq edə biləcək sübutları təqdim etməsi məhkəmə tərəfindən təklif olunmasına baxmayaraq, iddiaçı bu sübutları məhkəməyə təqdim edə bilməmişdir. Hazırki mülki işdə cavabdehin iddiaçının hesabına əmlak əldə etdiyi sübuta yetirilmiş olsa belə, bu hallar iddianın əsassız varlanma çərçivəsində təmin edilməsi üçün kifayət deyil. Bunun üçün növbəti dispozisya şərti - əldəetmə üçün qanundan və ya müqavilədən irəli gələn heç bir əsasın olmaması, yaxud belə əsasın sonradan aradan qalxması və ya əmlak verilərkən nəzərdə tutulan məqsədin hasil olmaması (həyata keçməməsi) müəyyən edilməlidir. İddiaçı MMC ilə Cavabdeh arasında sahənin icarəyə verilməsinə dair 10 noyabr 2009-cu il tarixli müqavilənin bağlanması və həmin müqavilə üzrə Cavabdeh 13200 manat məbləğində icarə haqqının ödənilməsi işin mübahisəsiz halıdır. Tərəflər arasında sahənin icarəyə verilməsinə dair 10 noyabr 2009-cu il tarixli müqavilə bağlanmış və həmin müqavilə əsasında cavabdeh mülkiyyətində olan Şamaxı rayonu, Avaxıl kəndində yerləşən torpaq sahəsinin 100 kvadratmetr hissəsini iddiaçıya icarəyə vermişdir. İddiaçının həmin torpaq sahəsindən təyinatına uyğun istifadə etmək hüququ olduğu kimi torpaq sahəsindən istifadə etməmək hüququ da olmuşdur. Buna görə də məhkəmə hesab edir ki, iddiaçının cavabdehin onun icarəsinə verdiyi torpaq sahəsindən istifadə etməməsi icarə müqaviləsi üzrə ödənilmiş icarə haqqının tələb edilməsi üçün əsas ola bilməz.
7. Birinci instansiya məhkəməsi öz hüquqi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 700.1. 700.2, 706.1, 708.1, 708.2,1091.1, 1091.2, Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə istinad etməklə əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
8. İddiaçı MMC tərəfindən apellyasiya şikayəti verilərək Şamaxı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(074)-133/2025 saylı qətnaməsinin ləğv edilməsi, iddia tələbinin təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
9. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında xx.xx.2009-cu il tarixli sahənin icarəyə verilməsinə dair müqavilə imzalanmışdır. Həmin müqaviləyə görə Şamaxı rayonu, Avaxıl kəndində yerləşən 100 kv.m sahə mobil baza stansiyasının quraşdırılması üçün İddiaçı MMC-nin istifadəsinə verilmişdir. İcarə müqaviləsinin 5.1-ci maddəsinə görə illik icarə haqqı 1200 manat (min iki yüz) (vergilər xaric) müəyyən edilmişdir. Həmin vaxtdan, 21 yanvar 2010-cu il tarixdə, 02 dekabr 2010cu il tarixdə, 05 dekabr 2011-ci il tarixdə, 30 noyabr 2012-ci il, 17 dekabr 2013-cü il tarixdə, 24 noyabr 2014-cü il tarixdə, 27 noyabr 2015-ci il tarixdə, 01 dekabr 2016-cı il tarixdə, 12 dekabr 2017-ci il tarixdə, 26 noyabr 2018-ci il tarixdə və 17 oktyabr 2019-cu il tarixdə, hər il 1200 (min iki yüz) manat olmaqla, cəmi 13.200 manat (on üç min iki yüz) icarə haqqı ödənilmişdir. 07 iyun 2022-ci il tarixdə X1 Rayon Məhkəməsinə müraciət edərək xx.xx.2008-ci il tarixli, Seriya MH № ******* saylı, **********0 qeydiyyat nömrəli Çıxarışa və ona əlavə edilmiş torpaq sahəsinin planı və ölçüsü sənədinə əsasən Şamaxı rayonu, Avaxıl kəndində yerləşən 8,624443 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin mülkiyyətində olduğunu bildirmiş və yuxarıda göstərilən mobil baza stansiyasının onun mülkiyyətində olan torpaq sahəsində quraşdırıldığını bildirmişdir. Buna görə də, mobil baza stansiyasının torpaq sahəsindən çıxarılması və stansiyanın torpaq sahəsində qaldığı müddət üçün kompensasiya qismində 10 noyabr 2009-cu il tarixdən iddianın verildiyi tarixə qədər gündəlik 20 manat pul vəsaitinin tutulmasını xahiş etmişdir. Şamaxı Rayon Məhkəməsinin 20 aprel 2023-cü il tarixli, 2(074)-24/2023 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, X3 mülkiyyətində olan Şamaxı rayonu, Avaxıl kəndində yerləşən 8.624443 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsində yerləşən İddiaçı MMC-yə məxsus mobil baza stansiyası cavabdehin hesabına sökülərək həmin torpaq sahəsindən çıxarılması və İddiaçı MMC-dən 15100 manat pul, dövlət rüsumu kimi ödənilmiş 345 manat, 310 manat hüquqi yardım üçün ödənilmiş pul və mütəxəssis rəyinin verilməsi üçün ödənilmiş 95 manat pul, cəmi 15850 manat pul tutularaq X4 ödənilməsi qət edilmişdir. Həmin qətnamədən tərəflərindən apelyasiya şikayəti verilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin 18 sentyabr 2023-cü il tarixli, 2(105)-1541/2023 saylı qətnaməsi ilə apelyasiya şikayəti təmin edilməmiş, Şamaxı Rayon Məhkəməsinin 20 aprel 2023-cü il tarixli, 2(074)-24/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Şamaxı Rayon Məhkəməsinin 20 aprel 2023-cü il tarixli, 2(074)- 24/2023 saylı qətnaməsi 25 dekabr 2023cü il tarixdə icraya yönəldilmiş və tərəflərindən tam şəkildə icra edilmişdir. Göründüyü kimi Cavabdeh onun mülkiyyətində olan torpaq sahəsinin mülkiyyətçisi kimi təqdim edərək İddiaçı MMC ilə etibarsız müqavilə imzalamış və ona 21 yanvar 2010-cu il tarixdən 17 oktyabr 2019-cu il tarixə qədər icarə haqları ödənilmişdir. Halbuki, onun müqavilə imzalamaq səlahiyyəti olmamışdır. Bundan əlavə, iddiaçı cavabdehə ödənilmiş vəsaitdən də artıq bir məbləğdə pul vəsaitini torpaq sahəsinin əsl mülkiyyətçisi X4 ödəmişdir. Lakin məhkəmə bu faktları düzgün qiymətləndirmədən, yalnız cavabdehin formal mülahizələrinə əsasən iddianı rədd etmişdir. Məhkəmədə sübuta yetirildi ki, cavabdeh icarə müqaviləsi üzrə 13.200 manat pul vəsaitini əldə etməklə əsassız varlanmışdır. Məhkəmədə cavabdehin nümayəndəsi etiraf etdi ki, mobil baza stansiyasının quraşdırılması ilə bağlı iddiaçı ilə cavabdeh arasında icarə müqaviləsi imzalanmış, lakin stansiya X3 torpaq sahəsində quraşdırmışdır. Cavabdeh bunu iddiaçının təqsiri kimi təqdim etməyə çalışsa da məhz iddiaçının təqsirli olmağını sübuta yetirə bilməmişdir. İddiaçı mobil baza stansiyasını bilərəkdən başqa şəxsin torpaq sahəsində quraşdırsa belə bu Cavabdeh əsassız varlanmadığı anlamına gəlmir. Faktiki olaraq onun torpaq sahəsi boş qalmış və onu istədiyi kimi istifadə edə bilərdi. İddiaçı "xxxx" MMC isə hazırki halda ikiqat xərc çəkmiş olur. Vidadi Kərimovun iddiası əsasında ona və Cavabdeh. Bu hal da cavabdehin əsassız varlandığının sübutudur. Hazırkı iş üzrə cavabdehin öz mülkiyyətində olan torpaq sahəsinin əvəzinə iddiaçıya başqa torpaq sahəsini göstərməsi, bunun əvəzində isə icarə haqqı alması məhz müqavilə əsasının olmaması deməkdir. Buna görə də hesab edir ki, cavabdehin əməlləri məhz göstrəilən maddi hüquq normasının tələblərinə əsasən əsassız varlanma hesab edilməlidir. Hazırki iş üzrə iddiaçı ilə cavabdeh arasında icarə müqaviləsi imzalanmaqdan əlavə, icarəyə verən olaraq Cavabdeh icarə obyektini icarəçi olaraq iddiaçı "xxxx" MMC-yə təhvil verməli idi. İşə baxılarkən məhkəmə proseslərində iştirak edən cavabdehin nümayəndəsi isə izahat verərək qeyd etmişdir ki, guya Cavabdeh öz torpaq sahəsini iddiaçıya göstərib və daha sonra isə həmin yerlə maraqlanmayıb və iddiaçının mobil baza stansiyasını başqa şəxsin torpaq sahəsində quraşdırdığından xəbəri olmayıb. Lakin nümayəndə Cavabdeh məhz özünə məxsus torpaq sahəsini iddiaçıya göstərməsini və sonradan həmin torpaq sahəsi ilə maraqlanmaması ilə bağlı heç bir sübut təqdim etməyib. Bundan əlavə, torpaq mülkiyyyətçisinin öz mülkiyyətində olan torpaq sahəsi ilə 10 ildən çox müddətdə maraqlanmaması məntiqə uyğun bir fikir də deyildir. Bildiririk ki, "xxxx" MMC ölkə ərazisində 3.000-dən artıq mobil baza stansiyası quraşdırıb və mobil baza stansiyalarının quraşdırılacağı yeri məhz torpaq mülkiyyətçilərinin göstərdiyi yerlərdə quraşdırır. Əksi olduğu halda bu çoxlu mübahisələrə, baza stansiyalarının tez-tez yerlərinin dəyişdirilməsinə səbəb ola bilər ki, bu da onlar üçün əlavə xərclər yaradır. Hazırki iş üzrə də Cavabdeh öz mülkiyyətində olan torpaq sahəsinin əvəzinə, X3 mülkiyyətində olan torpaq sahəsini öz torpaq sahəsi kimi göstərmiş və "xxxx" MMC də həmin yerdə mobil baza stansiyası quraşdırmışdır. Yəni Cavabdeh öz mülkiyyətində olan torpaq sahəsini qanuni şəkildə təhvil verməmiş, başqa şəxsin torpaq sahəsini öz torpaq sahəsi kimi qələmə vermişdir. Lakin işə baxan məhkəmə yalnız cavabdehin nümyəndəsinin formal mülazhilərinə əsasən iddianı rədd etmiş və nəticədə yuxarıda göstərilən maddi hüquq normalarının tələblərini pozmuşdur. Şamaxı Rayon Məhkəməsinin 20 aprel 2023-cü il tarixli, 2(074)-24/2023 saylı qətnaməsi ilə müəyyən edilmişdir ki, "xxxx" MMC ilə Cavabdeh arasında imzalanmış xx.xx.2009-cu il tarixli icarə müqaviləsinə əsas quraşdırılmalı olan mobil baza stansiyası Vidadi Kərimova məxsus torpaq sahəsində quraşdılmışdır. Şamaxı Rayon Məhkəməsinin qətnaməsində göstərdiyi 15850 manat pul vəsaiti isə mobil baza stansiyası quraşdırıldığına görə göstərilən müddətdə torpaq sahəsinin məşğul edilməsinə görə (icarə haqqının əvəzi kimi) "xxxx" MMC tərəfindən ödənilməli olan pul vəsaitidir ki, həmin məbləğ Vidadi Kərimova ödənilmişdir. Göründüyü kimi başqa mülki iş üzrə Cavabdeh əsassız varlanması sübuta yetirilmişdir. Məhkəmə isə göstərilən halları nəzərə almadan, prosessual hüquq normasının tələbini pozaraq iddianı rədd etmişdir.
b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
10. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
c) Apellyasiya icraatı iştirakçılarının izahatları
11. Məhkəmə kollegiyasının iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil4 apellyasiya şikayətini müdafiə edərək bildirdi ki, birinci instansiya məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmayıb. Məhkəmə qeyd etmişdir ki, iddiaçının hesabına cavabah tərəf əmlak əldə edib, lakin bu iddianın əsassız varlanma çərçivəsində təmin olunması üçün əsas deyil. Lakin məhkəmə nəzərə almayıb ki, müqavilə əsası olmayıb. Tərəflər arasında sahənin icarə müqaviləsi bağlanıb, cavabdeh tərəfindən torpaq sahəsi göstərilib, avandanlıq quraşdırılıb. Sonradan məlum olub ki, avadanlığın yerləşdiyi ərazi digər şəxsə məxsusdur. Bununla bağlı Şamaxı Rayon Məhkəməsinin 2023-cü il tarixli qətnamə var, orada bu hallar öz əksini tapır. Məhkəmə bu hallara da nəzər yetirməyib. belə olan halda eyni bir icarə müqaviləsi ilə əlaqədar iki dəfə ödəniş etmiş olurlar. Həm birinci instansiya məhkəməsi digər şəxsə məxsus torpaq sahəsindən istifadəyə görə 15000 manatdan artıq ödənişin edilməsi barədə qərara qəbul edib, hansı ki tərəflərindən ödənilib. Həm də hazırki iş üzrə iddianı təmin etməyib. Cavabdeh tərəfindən özünə məxsus olmayan torpaq sahəsi göstərilmiş olsa belə bu hal ona dəlalət eləmir ki, şəxs hər hansı müqavilə əsası olmadan varlanmayıb, faktiki olaraq həmin ərazidən istifadə olunmayıb, avadanlıq başqa torpaq sahəsində quraşdırılıb. Şəxsin 10 il müddətində öz torpaq sahəsinə baş çəkməməsi, nəzər yetirməməsi ağlabatan hesab edilmir. Avadanlıqlar praktikaya əsasən mülkiyyətçi göstərdiyi ünvanlarda quraşdırılır, sənəd təqdim olunur, müqavilə bağlanır. Bazanın yerləşdiyi torpaq sahəsinin sahibi bildirdiyinə görə bildirdiyinə görə xarici ölkədə olub, xəbəri olmayıb. Sonradan görüb ki, torpaq sahəsində avadanlıq var, hər gün üçün 20 manat ziyan tələb edib, məhkəmə qətnaməsi ilə iddiası təmin edilib. Torpaq sahəsinin cavabdehə məxsus olmadığını öyrənən kimi müraciət etmişlər, torpaq sahəsinin Cavabdeh məxsus olduğunu düşünmüşlər. Sonradan onun müqavilə bağlamağa subyektiv hüququnun olmadığını öyrənmişlər. Təxminən 10 ilə yaxındır ki, stansiya quraşdırlıb. Quraşdılan stansiyanın sonradan yerinin dəyişdirilməsi barədə məlumat yoxdur. İcarə hüquqları qeydiyyata alınmayıb. Rəsmi təhvil-təslim olunmayıb. Müqavilə bağlanılıb, ərazi vizual şəkildə göstərilmiş və təhvil alınmışdır. Etibarsızlığın əsası cavabdehin subyektiv hüququnun olmamasıdır. Hazırda müəyyən ediblər ki, başqa torpağı icarəyə vermək səlahiyyəti olmamışdır.
12. Məhkəmə kollegiyasının iclasında Cavabdeh nümayəndəsi və vəkili Vəkil3 apellyasiya şikayətinə etiraz edərək bildirdi ki, iş yetərincə araşdırılıb, təmsil etdiyi şəxs torpaq sahəsini özü şəxsən göstərib. İddiaçı cavabdehin başqa yer göstərməsini sübut edə bilmir. Torpaq kənd təsərrüfatı təyinatlı torpaq olmaqla, icarəyə verildikdən sonra cavabdeh tərəfindən istifadə olunmayıb. İstifadə edilməsi, əkinçiliklə bağlı hər hansı subsidiya alınmayıb. Cavabdeh Şamaxı şəhərində yaşayır, torpaq sahəsi isə kənd ərazisindədir. İddiaçının öz ərazisini deyil, səhvən başqa şəxsin ərazisini göstərməsi də məntiqli deyil. Belə ki, torpaq sahələri qonşu torpaq sahəsi olsa idi, bunu güman etmək olardır. Lakin ərazilər tamamilə başqa yerlərdədir, aradan asfalt yol keçir. Torpaq sahələri arasında yol keçir. Ehtimal edir ki, hüquqlarının müdafiə etdiyi şəxsə məxsus torpaq sahəsində antenaların tutmaması səbəbilə iddiaçının öz əməkdaşları avadanlıqları başqa ərazidə quraşdırıb. Belə ki, təcrübədə belə hallar olur, icarəyə yer götürülür, lakin kənara əraziyə quraşdırılır. Həmin ərazilər daşlıq torpaq ərazilər olmuşdur ki, iddiaçının nümayəndələri də antenanın cavabdehin ərazisində yaxşı tutumamasını müəyyən etdikləri halda, stansiyanı boş ərazi kimi başqa yerdə quraşdırma ehtimalı da vardır. Cavabdehə məxsus 1 ha torpaq sahəsindən icarəyə cəmi 1 sot verilmişdir. Etibarsızlıq üçün heç bir əsas yoxdur. İddiaçı 10 ildən sonra müqavilənin etibarsız hesab edilməsini istəyir. İcarə müqaviləsi bağlanıb, icarə hüququndan istifadə edib-etməməsi tərəfin öz seçimidir. İddiaçı hansı yerdə antenna quracaqlarını, yerin kimə məxsus olmasını dövlət orqanlarından öyrəndikdən sonra torpaq sahəsinin sahibi ilə əlaqə saxlayırlar. Odur ki, iddiaçının öz yerini deyil, başqa şəxsin yerini göstərməsi məntiqli deyil. Buna görə də apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir.
İşdə olan sübutlar
13. Şamaxı Rayon Məhkəməsinin 2(074)-24/2023 nömrəli, 20 aprel 2023-cü il tarixli qətnaməsindən görünür ki, iddianın qismən təmin edilməsi, X3 mülkiyyətində olan Şamaxı rayonu, Avaxıl kəndində yerləşən 8.624443 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsində yerləşən İddiaçı MMC-yə məxsus mobil baza stansiyasının cavabdehin hesabına sökülərək həmin torpaq sahəsindən çıxarılması, İddiaçı MMC-dən 15100 manat pul, dövlət rüsumu kimi ödənilmiş 345 manat, 310 manat hüquqi yardım üçün ödənilmiş pul və mütəxəssis rəyinin verilməsi üçün ödənilmiş 95 manat pul, cəmi 15850 manat pulun tutularaq X4 ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi, iş üzrə keçirilmiş ekspertizanın xərcini təşkil edən 50 manat pulun cavabdeh İddiaçı MMC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin (X2 kod 210005 VÖEN **********, m/h AZ41NABZ********************, S.W.İ.F.T. BİK CTREAZ22 Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********, Hesab: AZ34CTRE********************) hesabına köçürülməsi qət edilmişdir.
14. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(105)-1541/2023 saylı qətnaməsi ilə cavabdeh İddiaçı MMC-nin apellyasiya şikayətinin təmin edilməməsi, Şamaxı Rayon Məhkəməsinin 2(074)-24/2023 nömrəli, 20 aprel 2023cü il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir.
15. “Sahənin icarəyə verilməsi haqqında” 10 noyabr 2009-cu il tarixli müqavilənin surətindən görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında Şamaxı rayonu, Avaxıl kəndində yerləşən 100 m2 ərazini əhatə edən icarə müqaviləsi bağlanılmışdır. İcarə müddəti 10 il, illik icarə haqqı 1200 manat təşkil edir.
16. İş materiallarında olan “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 14 saylı Şamaxı Ərazi İdarəsinin 14 fevral 2025-ci il tarixli məktubundan görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanan sahənin icarəyə verilməsi haqqında müqavilə üzrə icarə hüquqlarının dövlət qeydiyyatı barədə “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 14 saylı Şamaxı Ərazi İdarəsinin bazasında hər hansı məlumat aşkar edilməmişdir.
17. JN-216, Kod 41010058 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət aktının surətindən görünür ki, Şamaxı şəhər sakini Cavabdeh Şamaxı Rayonu Avaxıl Bələdiyyəsinin 2002-ci il tarixli 09 saylı qərarı ilə verilmiş cizgidə göstərilən sərhəd daxilində 1,00 ha tikinti məqsədli torpaq sahəsi verilmişdir.
18. “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 14 saylı Şamaxı Ərazi İdarəsinin 30 aprel 2025-ci il tarixli məktubundan görünür ki, Cavabdeh mülkiyyətində olan **********59 reyestr nömrəli 0,81 ha torpaq sahəsi ilə X3 mülkiyyətində olan **********38 reyestr nömrəli 8,6244 ha torpaq sahələri bir-biri ilə qonşu deyil və aralarından Şamaxı-Dəmirçi yolu keçir.
19. Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi X10 İdarəsinin 16 may 2025-ci il tarixli məktubundan görünür ki, X10 İdarəsi radioelektron vasitələrinin (REV) quraşdırılmasına icazə vermir, müvafiq icazələr əsasında istismara verilmiş REVlərin qeydiyyatını aparır. İddiaçı MMC-yə məxsus olan mobil baza stansiyasının qoyulmasına (quraşdırılmasına) icazənin verilməsinə əsas olmuş sənədlərin İddiaçı MMC tərəfindən təqdim edilməsi məqsədəuyğun hesab edilir.
20. X12 İnkişaf Mərkəzinin 05 iyun 2025-ci il tarixli, 3-22-3-56/2-N-8-16-6/2025 saylı arayışın surətindən görünür ki, Cavabdeh Şamaxı rayonu, Avaxıl kəndi ərazisində mülkiyyətində və istifadəsində olan 0,81 ha torpaq sahəsinin əkilməsi barədə X8 İnformasiya Sistemində bəyan edilməmişdir.
Tətbiq edilən hüquq
21. Azərbaycan Respublikasının Mülki Məcəlləsi
337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. 339.2. Şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin. 339.3. Aldatma yolu ilə bağlanmış əqdin mübahisələndirilməsi üçün tərəfin yanlış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur. Üçüncü şəxs tərəfindən aldadılma halında, əgər bu əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqd mübahisələndirilə bilər. Əgər hər iki tərəf aldatma yolu ilə hərəkət etmişsə, onlardan heç birinin ixtiyarı yoxdur ki, aldadıldığına istinad edərək əqdi mübahisələndirsin və ya zərərin əvəzinin ödənilməsini tələb etsin. 347.1. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd belə yanılmanın təsiri altında hərəkət etmiş şəxs tərəfindən mübahisələndirilə bilər. 347.2. Vacib əhəmiyyətli yanılma aşağıdakı hallardır: 347.2.1. şəxs razılıq verdiyi əqdi deyil, başqa əqdi bağlamaq istəmişdir; 347.2.2. şəxs bağlamağı arzuladığı əqdin məzmunu barəsində səhv etmişdir; 347.2.3. tərəflərin vicdanlılıq prinsipini rəhbər tutmaqla əqdin əsası kimi nəzərdən keçirdikləri hallar mövcud deyildir. 347.3. Əqdin motivləri barəsində yanılma, onun razılaşma predmeti olduğu hallar istisna edilməklə, vacib əhəmiyyətə malik deyildir. 347.4. Kontragentin şəxsiyyəti barəsində yanılma yalnız o zaman vacib sayılır ki, əqdin bağlanması üçün kontragentin şəxsiyyəti və ya şəxsi keyfiyyətlərinin nəzərə alınması başlıca əsas olmuşdur. 347.5. Predmetin əsas xüsusiyyətləri barəsində yanılma yalnız o zaman vacib sayılır ki, predmetin dəyərinin müəyyənləşdirilməsi üçün əhəmiyyət kəsb edir. 347.7. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqdi mübahisələndirmiş tərəf yanılmanın digər tərəfin təqsiri üzündən əmələ gəldiyini sübuta yetirərsə, özünə dəymiş real zərərin əvəzini ödəməyi digər tərəfdən tələb edə bilər. Bu, sübuta yetirilməsə, vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqdi mübahisələndirmiş tərəf digər tərəfin tələbi ilə ona dəymiş real zərərin əvəzini ödəməyə, hətta yanılmanın yanılan tərəfdən asılı olmayan səbəblərdən əmələ gəldiyi hallarda da borcludur. 354.2. Bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. 358.1. Səlahiyyətsiz şəxsin əşyaya və ya hüquqa dair sərəncam verməsi, əgər səlahiyyətli şəxsin icazəsi (qabaqcadan verilmiş razılığı) ilə həyata keçirilirsə, etibarlıdır. 700.1. İcarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. 700.2. İcarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. 706.1. Torpaq icarəsi müqaviləsinə əsasən icarəyə dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan bütün kateqoriyalara aid torpaqlar verilə bilər. 708.1. İcarəyə verən icarəlik torpağı icarəçiyə müqavilə üzrə istifadəyə yararlı vəziyyətdə verməli və bütün icarə müddətində onu həmin vəziyyətdə saxlamalıdır, bir şərtlə ki, bu Məcəllənin 708.2-ci maddəsinə əsasən bu vəzifə icarəçinin öhdəsinə qoyulmasın. 708.2. İcarəçi icarəyə götürdüyü torpaqdan onun təsərrüfat təyinatına uyğun lazımi qaydada istifadə etməyə borcludur. 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.
22. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi
Maddə 43.
1. Yerquruluşu — torpaq münasibətlərinin nizama salınması və torpaqdan səmərəli istifadə olunması məsələlərinin həlli üzrə dövlətin müvafiq hüquqi, iqtisadi və texniki tədbirlər sistemidir.
3. Yerquruluşu aşağıdakı işləri nəzərdə tutur: torpaqların istifadəsində mövcud uyğunsuzluqların və çatışmazlıqların aradan qaldırılması məqsədilə torpaq sahələrinin dəqiqləşdirilməsi və qaydaya salınması layihələrinin tərtib edilməsi, yerdə (naturada) ayrılması, qanunvericiliklə müəyyən edilmiş formada sənədlərin tərtibi; torpaqların vəziyyəti və istifadəsi üzrə xəritə və atlasların tərtib edilməsi müvafiq iqtisadi və texniki tədbirlərin aparılması; torpaq münasibətlərinin nizama salınması və torpaqların səmərəli istifadəsi və mühafizəsi üzrə digər tədbirlər.
4. Yerquruluşu müvafiq icra hakimiyyəti orqanlarının qərarı, bələdiyyələrin təşəbbüsü və ya torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin sifarişi ilə aparılır.
5. Dövlət və ya bələdiyyə mülkiyyətində olan torpaqların kompleks yerquruluşu layihələri müvafiq icra hakimiyyəti orqanı və ya bələdiyyələr, xüsusi mülkiyyətdə olan torpaqların təsərrüfatdaxili yerquruluşu layihələri isə torpaq mülkiyyətçiləri tərəfindən təsdiq edilir.
6. Yerquruluşu işlərinin aparılması qaydaları Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə tənzimlənir.
Maddə 67.
1. Torpaq üzərində hüquqların (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır.
23. Mülki Prosessual Məcəllə
14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
Apellyasiya baxışının hədləri
24. Məhkəmə kollegiyası tərəfindən Şamaxı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(074)-133/2025 saylı qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmışdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
25. Məhkəmə kollegiyası proses iştirakçılarının izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Şamaxı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(074)-133/2025 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
26. Məhkəmə kollegiyası ilk öncə qeyd edir ki, iddiaçı cavabdehin torpaq sahəsini icrarəyə vermək səlahiyyətinin olmaması əsası ilə icarə müqaviləsinin etibarsız olmasını iddia etsə də işin müəyyən edilmiş hallarına əsasən icarə müqaviləsinin predmeti olan torpaq sahəsi cavabdehin mülkiyyətində olmaqla, onun torpaq sahəsi üzərində sərəncam vermək hüququ mövcud olmuşdur. Buna görə də iddiaçının qeyd olunan dəlili əsassız oluşdur.
27. Bundan başqa iddiaçı cavabdehin öz torpaq sahəsini deyil, başqa şəxsin torpaq sahəsini təhvil verməklə icarə müqaviləsinin bağlandığını iddia etmişdir ki, iddiaçının qeyd edilən dəlili müqavilənin aldadılma nəticəsində bağlanması anlamına gəlmişdir. Lakin, icarə müqaviləsinin cavabdeh tərəfindən aldadılma yolu ilə bağlanılması da sübut olunmamışdır. Belə ki, iddiaçının nümayəndəsinin izahatından da göründüyü kimi iddiaçı təşkilat icarəyə götürmək istədiyi torpaq sahələrinin mülkiyyətçilərini dövlət və ya bələdiyyə orqanından müəyyən etdikdən sonra həmin şəxslərlə əlaqə saxlayaraq icarə müqaviləsinin bağlanmasını həyata keçirir ki, belə olduğu təqdirdə cavabdehin başqa şəxsin torpaq sahəsini göstərib, aldatma yolu ilə icarə müqaviləsini bağlaması ağıalabatan hesab olunmur. Həmçinin, nəzərə alınmalıdır ki, iddiaçı hüquqi şəxs olmaqla, özünün də iddia etdiyi kimi ölkə ərazisində 3000-dən artıq baza satansiyaları quraşdırmışdır. Buna görə də iddiaçı yuxarıda istinad olunan Torpaq Məcəlləsinin tələbinə müvafiq olaraq, icarəyə götürdüyü torpaq sahəsini bölgü sxeminə uyğun olaraq, təhvil-təslim aktı ilə rəsmiləşdirməklə yanaşı, torpaq üzərində yaranan hüquqlarını qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatını aparmalı idi. Lakin, iddiaçı torpaq sahəsini vizual şəkildə göstərilməklə hər hansı bir yazılı rəsmiləşmə aparılmadan təhvil aldığını bildirmişdir ki, qeyd edilən halda birinci instansiya məhkəməsinin də qeyd etdiyi kimi sübutetmə vəzifəsinə müvafiq olaraq, iddiaçı cavabdehin öz torpağını deyil, başqa şəxsin torpağını icarə müqaviləsinin predmeti kimi təqdim etməsini və təhvil verməsini sübut etməli olsa da buna dair məhkəməyə hər hansı bir sübut təqdim edə bilməmişdir. Keçən 10 il ərzində cavabdehin icarəyə verilmiş torpaqda baza stansiyasının quraşdırılmamasından məlumatsız olmasının inandırıcı olmaması ilə bağlı iddiaçının dəlilinə münasibətdə isə məhkəmə kollegiyası qeyd edir ki, qeyd edilən hal iddiaçının iddia etdiyi kimi mobil baza satansiyasının səhvən quraşdırıldığı X3 mülkiyyətindəki torpaq sahəsinə də aid olmuşdur. Belə ki, iddiaçı səhvən mobil baza stansiyasını cavabdehin deyil, X3 mülkiyyətindəki torpaq sahəsinə quraşdırdığını bildirmişdir ki, iş materiallarında olan Şamaxı Rayon Məhkəməsinin 2(074)-24/2023 nömrəli, 20 aprel 2023-cü il tarixli qətnaməsindən də müəyyən edidiyi kimi həmin şəxs də 10 ildən artıq müddətdən sonra torpaq sahəsində avadanlıq quraşdırıldığını aşkar etmişdir. Hərçənd ki, cavabdeh mülkiyyətindəki 1 ha torpaq sahəsinin 100 kv.m hissəsini icarəyə vermişdir ki, icarə müqaviləsi bağlandıqdan sonra cavabdehin icarəyə verilməyən torpaq sahəsini qalan hissəsini istifadə etməsi də iş materialları ilə sübut olunmur. Digər tərəfdən isə icarəyə verilmiş torpaq sahəsindən istifadə edilməsi iddiaçının marağında olmaqla, cavabdehin mararğında icarə haqqının əldə edilməsi olmuşdur. Buna görə də icarə müqaviləsi üzrə torpaq sahəsindən istifadə edilməməsi cavabdeh üçün hər hansı bir vəzifə və öhdəlik yaratmamışdır.
28. Bundan başqa cavabdeh tərəf onun torpaq sahəsi ilə X3 mülkiyyətindəki torpaq sahələrinin qonşu torpaq sahəsi olmadığını, torpaq sahələrinin arasında avtomobil yolu keçdiyini, buna görə də torpaq sahəsinin göstərilməsinə hər hansı bir yalnışlığa da yol verilməsinin mümkünsüz olduğunu, həmin ərazinin dağlıq ərazi olmaqla, torpaq sahələrinin daşlı torpaq sahəsin olmasını, antenaların ötürücülük qabiliyyətinə görə baza stansiyasının yerinin iddiaçının öz əməkdaşları tərəfindən də dəyişdirilməsi ehtimalını irəli sürmüşdür ki, iddiaçı tərəfin torpaq sahəsini bölgü sxeminə uyğun olaraq, təhvil-təslim aktı ilə rəsmiləşdirməklə təhvil almaması və sübutetmə vəzifəsinə müvafiq olaraq cavabdehin öz torpağını deyil, başqa şəxsin torpağını icarə müqaviləsinin predmeti kimi təhvil verməsini sübut edə bilməməsi nəzərə alındıqda, cavabdeh tərəfin qeyd olunan dəlili əsassız hesab oluna bilməz. Bu halda isə icarə müqaviləsinin vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanması da istisna olunur.
29. Bununla yanaşı məhkəmə kollegiyası qeyd edir ki, icarə müqaviləsinin vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanması güman edildiyi halda da iddiaçının pul tələbi əsassız olmuşdur. Belə ki, iddiaçının Torpaq Məcəlləsinin tələbinə müvafiq olaraq, icarəyə götürdüyü torpaq sahəsini bölgü sxeminə uyğun olaraq, təhvil-təslim aktı ilə rəsmiləşdirməklə yanaşı, torpaq üzərində yaranan hüquqlarını qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatını aparmaması vacib əhəmiyyətli yanılmanın cavabdehin təqsiri üzündən əmələ gəlməsini istisna etməkdədir. Digər tərəfdən Mülki Məcəllənin 354.2-ci maddəsinin tələbinə əsasən vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. İddiaçı isə ən pis halda yuxarıda istinad olunan Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(105)-1541/2023 saylı qətnaməsinin çıxarıldığı vaxtdan icarə müqaviləsini vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlamasını bildiyini iddia edə bilərdi. Həmin qətnamənin çıxarılmasından isə bir ildən artıq müddət keçdikdən sonra iddiaçının hazırkı iddianı qaldırması nəzərə alındıqda, iddiaçının əqdi mübahisələndimə müddətini də ötürdüyü müəyyən olunur.
30. Beləliklə, məhkəmə kollegiyası müqavilənin etibarsızlığı və əsassız varlanma hallarının sübut olunmaması ilə bağlı birinci instansiya məhkəməsinin iş üzrə gəlmiş olduğu nəticə ilə razılaşaraq hesab edir ki, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə əsaslı və qanuni olmuş, apellyasiya şikayətinin dəlləri isə əsassız olmuşdur. Buna görə də apellyasiya şikayəti təmin edilməməli, Şamaxı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(074)-133/2025 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
31. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 220, 384.0.1, 392-393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Q Ə T E T D İ:
Apellyasiya şikayəti təmin edilməsin. Şamaxı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(074)-133/2025 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə, Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə təqdim etməklə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.