Məhkəmə qərarları › İş №2(105)-1231/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-1231/2024

11.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-1231/2024 11.07.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Dəmirov İlqar Kamal oğlu, hakimlər Məmmədov Fuad Əli oğlu və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi Quliyev Həsən Sahib oğlunun katibliyi ilə, İddiaçı Azərbaycan Beynəlxalq Bankı ASC-nin cavabdehlər Cavabdeh1 və AAAF- İnşaat MMC-yə qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 31 may 2022-ci il tarixli, e-2(012)-1635/2022 nömrəli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyü məsələsinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Beynəlxalq Bankı ASC cavabdehlər Cavabdeh1 və AAAF-İnşaat MMC-yə qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, Azərbaycan Beynəlxalq Bankı ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2014-cü il tarixli 09Mİ/14 saylı kredit müqaviləsi üzrə cavabdehlərdən müştərək qaydada 21918.67 manat əsas, 4347.21 manat faiz olmaqla cəmi 26265.88 manat borcun və iş üzrə ödənilmiş 169.40 manat dövlət rüsumunun Azərbaycan Beynəlxalq Bankı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçı Azərbaycan Beynəlxalq Bankı ASC Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki Prosessual Məcəllə adlanacaq) 53-cü maddəsinin tələblərinə əsasən, iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada 21918.67 manat əsas, 4858.68 manat faiz olmaqla cəmi 26777.35 manat borcun və iş üzrə ödənilmiş 171.80 manat dövlət rüsumunun Azərbaycan Beynəlxalq Bankı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir Abşeron Rayon Məhkəməsinin 31 may 2022-ci il tarixli, e-2(012)-1635/2022 nömrəli qətnaməsi ilə iddianın təmin edilməsi, iddiaçı Azərbaycan Beynəlxalq Bankı ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2014-cü il tarixli 09Mİ/14 saylı Vakala Borc müqaviləsi üzrə cavabdehlər Cavabdeh1 və AAAF-İnşaat MMC-dən müştərək qaydada 21918.67 (iyirmi bir min doqquz yüz on səkkiz manat altmış yeddi qəpik) manat əsas, 4858.68 (dörd min səkkiz yüz əlli səkkiz manat altmış səkkiz qəpik) manat faiz olmaqla cəmi 26777.35 (iyirmi altı min yeddi yüz yetmiş yeddi manat otuz beş qəpik) manat borc və 171.80 (yüz yetmiş bir manat səksən qəpik) manat ödənilmiş dövlət rüsumunun iddiaçı Azərbaycan Beynəlxalq Bankı ASC-nin xeyrinə tutulması qət edilmişdir (hakim Habil Əhmədov). Qətnamədən narazı qalan Cavabdeh1 apellyasiya şikayəti verərək Abşeron Rayon Məhkəməsinin 31 may 2022-ci il tarixli, e-2(012)-1635/2022 nömrəli qətnaməsinin ləğv edilərək apellyasiya şikayətinin təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmalarına baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası MPM-nin 376.2ci maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Məhkəmə kollegiyası iş materiallarını, apellyasiya şikayətini nəzərdən keçirib hesab edir ki, hazırki iş üzrə Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 363-cü maddəsinin tələbinə cavab vermədiyi üçün qeyri-mümkün hesab edilməli və şikayət mülki işlə birlikdə geri qaytarılmalıdır. Belə ki, cavabdeh Rəhimov X2 Rayon Məhkəməsinin e-2(012)-1635/2022 nömrəli mülki iş üzrə keçirilmiş məhkəmə iclaslarında iştirak etmiş, lakin 31 may 2022-ci il tarixli qətnaməni rəsmi olaraq almadığını qeyd edərək 2 il sonra - 06 may 2024-cü il tarixdə məhkəməyə müraciət etmişdir. Cavabdeh qeyd edilən qətnamədən 11 iyun 2024-cü il tarixdə apellyasiya şikayəti versə də, iş üzrə müddətin bərpa edilməsinə dair vəsatət təqdim etməmişdir. Abşeron Rayon Məhkəməsinin e-2(012)-1635/2022 nömrəli mülki iş üzrə xx.xx.2022ci il tarixli, e-2(012)-1635/2022 nömrəli icra sənədi verilmiş və Abşeron rayon İcra və probasiya şöbəsi tərəfindən xx.xx.2022-ci il tarixdə icraata başlanılmışdır. Belə olduğu halda birinci instansiya məhkəməsi icraata başlama haqqında qərardan cavabdehin məlumatının olub-olmamasını araşdırmadan apellyasiya şikayətini baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh apellyasiya şikayətini müddət ötürülməklə verdiyindən müddətin bərpası barədə ərizə ilə məhkəməyə müraciət etməli və yuxarıda sadalanan hallar birinci instansiya məhkəməsi tərəfindən araşdırılmalıdır. Göründüyü kimi, birinci instansiya məhkəməsi apellyasiya şikayətinin mülki prosessual qanunvericiliyin tələblərinə uyğunluğunu tam yoxlamamış, prosessual müddətlə bağlı məsələyə münasibət bildirməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 360-cı maddəsinə əsasən, apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Halbuki, məhkəmə aktlarından apellyasiya şikayəti verildiyi halda MPM-in 361 və 363-cü maddələrinin tələblərinin yoxlanılması birinci instansiya məhkəməsinin səlahiyyətinə aiddir. Həmin Məcəllənin 363.1.3-cü maddəsinə əsasən, apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Həmin Məcəllənin 130.3-cü maddəsinə əsasən prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. Həmin Məcəlləsinin 366.2-ci maddəsinə əsasən əgər apellyasiyanın mümkünlüyü üçün əsas yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 363, 366, 400, 402, 405.0.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Abşeron Rayon Məhkəməsinin 31 may 2022-ci il tarixli, e-2(012)-1635/2022 nömrəli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilsin və apellyasiya şikayəti mülki işlə birlikdə Sumqayıt Şəhər Məhkəməsinə qaytarılsın. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar