Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1234/2024 28.08.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı mülki iş üzrə (Açar sözlər: ölmüş şəxsin kredit borcunun vərəsədən tutulması) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri X14 (sədrlik edən və məruzəçi), X3 və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, İsmayılova Ləman Zakir qızının katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə, Cavabdeh1 (sonuncu məhkəmə iclasına gəlməmişdir) iştirakı ilə, Siyəzən Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(059)-215/2024 nömrəli qətnaməsindən iddiaçı "xxxx" ASC tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi: İşin halları
1. "xxxx" ASC ilə mərhum X4 arasında 27 yanvar 2023-cü il tarixdə bağlanmış DKM/024N05A01987723 saylı kredit müqaviləsinə əsasən bank mərhum Səddar Zülfüqarova 36 ay ərzində qaytarmaq şərti ilə illik 14%-lə istehlak məqsədilə 4000 manat məbləğində kredit vermişdir.
2. Bakı şəhər Xəzər rayon qeydiyyat şöbəsinin Zirə bölməsi tərəfindən 28 aprel 2023-cü il tarixdə verilmiş AZ-İİ seriyalı, 341820 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X4 05 aprel 2023-cü il tarixdə Bakı şəhərində ölmüş və bu barədə ölüm haqqında akt qeydləri kitabında 28 aprel 2023-cü il tarixdə 35 nömrə ilə qeyd edilmişdir.
3. Siyəzən rayon İcra Hakimiyyəti başçısının Məşrif kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 25 yanvar 2024-cü il tarixli, 5-73-17/2-03/2024 nömrəli məktubunun surətindən görünür ki, mərhum X1 Siyəzən rayonu Qozağacı kəndində olan fərdi yaşayış evində hal-hazırda ailə üzvləri, yəni arvadı Cavabdeh2, oğlu Cavabdeh1 Səttər oğlu, gəlini X5, nəvələri X7 və X6 yaşayır.
4. Siyəzən rayonu dövlət notariat ofisinin 26 yanvar 2024-cü il tarixli, 27 nömrəli məktubunun surətindən görünür ki, 05 aprel 2023-cü il tarixdə vəfat etmiş X1 adından heç bir vərəsəlik işi açılmamışdır.
5. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin 17 oktyabr 2023-cü il tarixli, 3-21-3-30/2-37574/2023 nömrəli məktubunun surətindən görünür ki, ünvan 1 ünvanda yerləşən 0,05 ha torpaq sahəsinin üzərindəki ümumi sahəsi 140,3 kvadratmetr olan fərdi yaşayış evi 17 oktyabr 2022-ci il tarixdə, ********** qeydiyyat nömrəli çıxarış ilə X1 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.
6. "xxxx" ASC tərəfindən Cavabdeh2 ünvanlanmış 12 yanvar 2024-cü il tarixli xəbərdarlıq məktubunun surətindən görünür ki, həmin tarixə, sözügedən müqavilə üzrə 125,53 manat faiz, 22,44 manat cərimə borcu yaranmışdır.
7. Maliyyə arayışının surətindən görünür ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 10 may 2024-cü il tarixə sözügedən müqavilə üzrə 1984,28 manat əsas, 6,97 manat faiz, 77,53 manat cərimə olmaqla, cəmi 2068,78 manat borcu vardır. Həmçinin, kredit müqaviləsi üzrə 11 may 2023- cü il tarixdən 11 noyabr 2023-cü il tarixədək adi faizlərin və cərimənin hesablanması 6 ay müddətinə dayandırılmışdır.
8. 14 fevral 2024-cü il tarixli qəbzdən görünür ki, "xxxx" ASC məhkəməyə müraciət edərkən 43,15 manat məbləğində dövlət rüsumu ödəmişdir.
Birinci instansiya məhkəməsində icraat
9. İddiaçı "xxxx" ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı "ölmüş şəxsin kredit borcunun mirası qəbul etmiş vərəsələrindən tutulması" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən birgə qaydada 2308,65 manat əsas, 5,39 manat kreditdən istifadəyə görə hesablanmış faiz olmaqla, cəmi 2314,04 manat borcun, qətnamənin qəbul edildiyi tarixə qədər əsas borc məbləğinə illik 14% dərəcəsi ilə hesablanan adi faiz və illik 15% dərəcəsi ilə hesablanan penyanın, eləcə də ödənilmiş 43,15 manat dövlət rüsumunun iddiaçı Bankın xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
10. Daha sonra, məhkəmə baxışı gedişində yeni əsaslar yarandığından iddiaçı "xxxx" ASC iddia tələbinin həcminin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən birgə qaydada 1984,28 manat əsas, 6,97 manat kreditdən istifadəyə görə hesablanmış faiz, 77,53 manat 10 may 2024-cü il tarixə qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 15 % dərəcəsi ilə hesablanan penya olmaqla, cəmi 2068,78 manat borcun, 10 may 2024-cü il tarixdən başlayaraq qətnamənin qəbul edildiyi tarixə qədər əsas borc məbləğinə illik 14% dərəcəsi ilə hesablanan adi faiz və illik 15% dərəcəsi ilə hesablanan penyanın, eləcə də ödənilmiş 43,15 manat dövlət rüsumunun iddiaçı Bankın xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
11. İddia ərizəsi ona əlavə olunmuş sənədlərlə onunla əsaslandırılmışdır ki, 27 yanvar 2023-cü il tarixli kredit müqaviləsinə əsasən, iddiaçı Bank tərəfindən X2 36 ay müddətinə, illik 14% ödənilməsi şərtilə 4000 manat məbləğində kredit verilmişdir. Beləliklə, borc alan müqavilənin 1 №-li əlavəsi olan ödəniş cədvəlində nəzərdə tutulmuş müddətlərdə kredit üzrə ödənişlərin ödənilməsini öhdəsinə götürmüşdür. Lakin, borc alan Səddər Zülfüqarov 05 aprel 2023-cü il tarixində vəfat etmiş və vəfatından sonra sonuncunun bank qarşısındakı üzrə öhdəlikləri yerinə yetirilməmiş qalmışdır. Bundan sonra, Səddər Zülfüqarovun mümkün vərəsələrinin müəyyən edilməsi istiqamətində müvafiq orqanlara rəsmi müraciətlər və sorğular edilmiş, nəticədə Siyəzən rayon dövlət notariat ofisi tərəfindən X1 adına hər hansı bir vərəsəlik işinin açılmaması qeyd edilsə də, Siyəzən rayon İcra Hakimiyyəti başçısının Məşrif kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən mərhumun Siyəzən rayon Qozağacı kəndində olan fərdi yaşayış evində hal-hazırda daimi yaşayan ailə üzvlərinin olması barədə məlumat verilmişdir. Həmin məlumata əsasən mərhum borc alanın evində onun faktiki vərəsələri sayılan arvadı 1972-ci il təvəllüdlü Cavabdeh2 və oğlu 1991-ci il təvəllüdlü Cavabdeh1 daimi yaşayırlar. Göründüyü kimi mərhum borc alan Səddər Zülfüqarova məxsus fərdi yaşayış evində sonuncunun arvadının və oğlunun öz ailə üzvləri ilə daimi yaşaması və bununla da həmin əmlaka sahiblik etməsi faktı vəfat etmiş borc alan Səddər Zülfüqarovdan qalmış mirasın qəbul olunmasının şəksiz nümayiş etdirilməsidir. Beləliklə, cavabdehlərin (vərəsələrin) üzərlərinə götürdüyü öhdəliklərini kobud şəkildə pozulması ilə əlaqədar iddiaçının kredit müqaviləsinə əsasən hesablanmış faizlərlə birlikdə əsas borc məbləğinin qaytarılmasını vaxtından əvvəl tələb etmək hüququ yaranmışdır. Bundan başqa, borcla bağlı cavabdehlərə xəbərdarlıq məktubunun göndərilməsinə baxmayaraq, onlar tərəfindən bank qarşısında kredit müqaviləsi üzrə mövcud öhdəliklərinin tam şəkildə icrası ilə bağlı hər hansı bir addım atılmamışdır. Bundan əlavə, mərhum Səddər Zülfüqarovun vəfatından sonra Bank tərəfindən güzəşt olunaraq, kredit müqaviləsi üzrə 11 may 2023-cü il tarixdən 11 noyabr 2023-cü il tarixə qədər adi faizlərin və penyanın hesablanması 6 ay müddətinə dayandırılmışdır. Odur ki, iddianın təmin edilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir.
12. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə müdafiə etdiyi iddia ərizəsində göstərilənləri təsdiq etməklə, yanaşı əlavə olaraq izahatında göstərdi ki, mərhum X1 vərəsələrinin ödəniş etməsindən də bəlli olur ki, cavabdehlər müəyyən ödənişlər etməklə, sözügedən kredit müqaviləsi üzrə yaranmış borcu qəbul edirlər. Buna baxmayaraq, qarşı tərəflə iddiaçı bankın razılaşması mümkün deyildir. Belə ki, cavabdehlər yaranmış borcdan qismən ödənişlər edirlər, lakin iddiaçı bank borcun tam şəkildə ödənilməsini tələb edir. Bundan əlavə, mərhum Səddər Zülfüqarovun vəfatından sonra Bank tərəfindən güzəşt olunaraq, kredit müqaviləsi üzrə 11 may 2023-cü il tarixdən 11 noyabr 2023-cü il tarixə qədər adi faizlərin və penyanın hesablanması 6 ay müddətinə dayandırılmışdır. Eyni zamanda, borcla bağlı tərəflərə xəbərdarlıq məktubu göndərilmiş və həmin tarixə 125,53 manat faiz, 22,44 manat cərimə borcunun qalması qeyd edilmişdir. Bundan başqa, Siyəzən Rayon Məhkəməsinin 22 fevral 2024-cü il tarixli qərardadı ilə mərhum Səddər Zülfüqarov adına qeydiyyata alınmış Siyəzən şəhərinin, A. Zahirov küçəsindəki 12 nömrəli fərdi yaşayış evinin üzərinə həbs qoyulmuşdur.
13. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 iddia tələbini qismən qəbul edərək izahatında göstərdi ki, o, iddianı əsas borca münasibətdə qismən qəbul etsə də, faiz və cərimə borclarını qəbul etmir. Çünki, atası, mərhum Səddər Zülfüqarovun öldüyü günə faiz və cərimə borcu olmamış, həmçinin sonuncunun adından notarial qaydada heç bir vərəsəlik işi də açılmamışdır. Bununla belə, onun yaranmış borcu hazırda ödəməyə imkanı olmasa da, gələcək zamanda mərhum atası Səddər Zülfüqarovun öldüyü günə olan qalan borcunu bütöv şəkildə ödəyəcəkdir. Hətta, həmin pul mərhumun sığortalı olduğu şirkət tərəfindən ödənilməli olsa da, sığorta şirkəti bundan imtina edir. Eyni zamanda, iddiaçı tərəf xəbərdarlıq məktubu göndərərək, mərhum atası Səddər Zülfüqarovun vərəsəsi olduğu üçün kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsini ondan tələb etmişdir. Beləliklə, mərhum atası X8 rayon Qozağacı kəndində yerləşən fərdi yaşayış evində hazırda o, anası və digər ailə üzvləri yaşayır. Bundan başqa, hazırda yaşayış olan və üzərinə həbs qoyulmuş, eləcə də mərhum atası tərəfindən miras qalan, həmçinin anası və özü tərəfindən faktiki olaraq miras kimi qəbul edilmiş Siyəzən şəhərinin, A. Zahirov küçəsindəki 12 nömrəli fərdi yaşayış evinin minimum 50000 manat dəyəri olar. Odur ki, iddia tələbinin qismən təmin edilməsi barədə qətnamə çıxarılmasına etiraz etmir.
14. Siyəzən Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(059)-215/2024 nömrəli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 birgə qaydada iddiaçı "xxxx" ASC-nin xeyrinə 1798,41 (bir min yeddi yüz doxsan səkkiz manat 41 qəpik) manat əsas borc tutulması, iddia tələbinin ödənilmiş 43,15 manat dövlət rüsumunun 87%-i, yəni 37,54 (otuz yeddi manat 54 qəpik) manatının cavabdehlər Cavabdeh1 və Cavabdeh2 birgə qaydada tutularaq iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir (hakim Bəylər Ələkbərov).
15. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni 01 oktyabr 2023-cü il tarixədək qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 421, 442, 448.1, 462.1, 739.1, 739.2, 741-ci maddələri, hazırda qüvvədə olan Mülki Məcəllənin 1146, 1159.1.1, 1243, 1306.1 və 1255-ci maddələri, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2023-cü il tarixli Qərarının 1 və 4-cü bəndləri, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 04 iyun 2018-ci il tarixli qərarındakı hüquqi mövqeyi, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107, 119.1, 217.2 və 217.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri
16. İddiaçı "xxxx" ASC apellyasiya şikayəti verib Siyəzən Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(059)-215/2024 nömrəli qətnaməsinin ləğv edilərək, iddia tələbinin tam təmin olunmasına dair qətnamə qəbul edilməsini və apellyasiya şikayətinin verilməsinə görə 21.58 (iyirmi bir manat 58 qəpik) manat məbləğində dövlət rüsumunun ödənilməsi üzrə çəkilmiş xərclərin cavabdehdən iddiaçının xeyrinə tutulmasını xahiş etmişdir.
17. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən kredit müqaviləsi üzrə hesablanmış əsas borc məbləğinin qismən təmin edilərək azaldılmasını, kredit müqaviləsi üzrə hesablanmış adi faizlər üzrə borc məbləğinin və penyanın rədd edilməsini qəbul etmirlər. Qətnamə maddi və prosessual hüquq normalarının kobud pozulması ilə qəbul olunmuşdur. Buna görə də həmin qətnamənin ləğv edilməsinə və Bankın iddia tələbinin tam təmin edilməsinə dair yeni qətnamə qəbul edilməlidir.
18. Belə ki, məhkəmə iddia tələbini adi faizlər və penyanın tutulması hissəsində iddia tələblərini qismən mövqeyini Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 29 mart 2023-cü il tarixli Qərarından irəli gələn hüquqi mövqeyi ilə əlaqələndirərək qeyd edir ki, “Beləliklə, ....faizlər hesablamaqda haqlı olmuşdur. Eyni zamanda, iddiaçı 12 yanvar 2024-cü il tarixdə bildiriş göndərərək qarşı tərəfdən sözügedən müqavilə üzrə əsas və gecikmə günü üçün hesablanmış faiz borcunun qaytarılmasını tələb etmişdir. Belə olan halda, kreditorun bildiriş göndərərək qarşı tərəfdən bütün borcun qaytarılmasını tələb etməsi, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbər verməsi kredit müqaviləsinin birtərəfli qaydada ləğv olunmasına dəlalət edir. Bu halda, müvafiq bildiriş verildikdən sonra faiz borcunun kredit müqaviləsindəki illik faiz dərəcəsi ilə hesablanması doğru yanaşma sayıla bilməz. Çünki, müqavilə ləğv edildikdən sonra həmin əqddəki faiz şərtinə istinad edilməsi yolverilməzdir. Bu mənada, iddiaçının kredit müqaviləsi üzrə bütün borcu geri tələb etməsinə dair qarşı tərəfə bildiriş göndərdiyi tarixdən müqavilə ləğv olunmuş sayıldığına görə bundan sonrakı dövr üçün cavabdehlərdən müqavilə faizi tələb etməsi yolverilməzdir.” (qətnamənin 5-ci səhifəsinin 5-ciabzası).
19. Məhkəmənin qeyd edilənlər ilə bağlı mövqeyi əsassızdır. Belə ki, iş materiallarında olan kredit müqaviləsi xx.xx.2023-cü il tarixində 36 (otuz altı) ay müddətinə bağlanmış, yəni müqavilə xx.xx.2026-cı il tarixinə qədər qüvvədədir və həmin kredit müqaviləsinin 3.1.3-cü bəndinə əsasən bank əsaslar yarandıqda kredit üzrə əsas borcun və ona hesablanmış faizlərin vaxtından əvvəl ödənilməsini Borcalandan tələb edə bilər. Borc alan mərhum X4 xx.xx.2023-cü il tarixində vəfat etmişdir. S.B.Zülfüqarovun vəfatından sonra onun bank qarşısında kredit müqaviləsi üzrə öhdəlikləri yerinə yetirilməmiş qalmışdır. Bundan sonra xx.xx.2024-cü il tarixində Bank “Xəbərdarlıq” məktubu (iş materiallarında mövcuddur) ünvanlayaraq həmin tarixə 1139.10 manat məbləğində gecikdirilmiş borcun yarandığını, bunun 991.13 manatı gecikdirilmiş əsas borcdan, 125.53 manatı hesablanmış gecikdirilmiş faizlər üzrə borc məbləğindən, 22.44 manatı isə cərimə faizləri üzrə borc məbləğinin təşkil etdiyi barədə məlumat verilmişdir. Eyni zamanda gecikdirilən borc məbləğinin 3 (üç) gün ərzində ödənilməsi tələb edilməklə, vurulmuş zərərin ödənilməsi üçün məhkəməyə müraciət etmək zərurətinin yaranacağını və belə olduğu halda məhkəmə xərclərinin də ödənilməsinin tələb ediləcəyi barədə xəbərdarlıq edilmişdir. Həmin xəbərdarlıq məktubunun məzmunu iddia tələblərindəki qeyd olunan borc məbləğinin tam şəkildə qaytarılması ilə bağlı deyil, bankın borc alanın vərəsələrindən gecikdirilmiş borcun tələb etmək hüququnun qanunauyğun olmasının onlara izah edilməsi ilə və həmin günə olan gecikdirilmiş borcun qaytarılması ilə bağlıdır. Lakin, məhkəmə həmin məktubu iddiaçının kredit müqaviləsi üzrə bütün borcun vaxtından əvvəl geri tələb etməsi ilə bağlı qarşı tərəfə bildiriş göndərdiyini və bununla da həmin tarixdən sonra müqavilənin ləğv edildiyinə dair səhv nəticəyə gələrək əsassız qətnamə qəbul etmişdir. Göründüyü kimi, məhkəmə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2,424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2023-cü il 29 mart tarixli Qərarının 1-ci və 4-cü bəndlərində (“qərara aldı” hissəsi) qeyd olunan hüquqi mövqeyi işin faktiki hallarına əsasən münasibətdə səhv tətbiq etmiş və bununla da düzgün olmayan qətnamə qəbul etmişdir. Halbuki, həmin Qərarda yer alan hüquqi mövqeyə əsasən “...müqavilənin bağlanması və qüvvədə qalması tərəflərin birgə iradəsinə əsaslandığı üçün, onların qabaqcadan xüsusi ləğvetmə əsaslarını müəyyən etmək hüququna malik olması da mülki qanunvericiliyin tələblərindən irəli gəlir. Bu səbəbdən də Mülki Məcəllənin 421.2-ci maddəsində “müqavilədə nəzərdə tutulan digər hallarda” və Məcəllənin 421.3-cü maddəsində “tərəflərin razılaşması ilə yol verildikdə” ifadələri ilətərəflərin müqaviləni birtərəfli qaydadaaradan qaldırmaq imkanıtanınmışdır.
20. Məhkəmə tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü maddəsinin tələbləri pozulmuşdur. Belə ki, həmin normaya görə, “müqavilədə nəzərdə tutula bilər ki, müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəflərin müqavilə üzrə öhdəliklərinin xitamına səbəb olur. Belə şərtin olmadığı müqavilə öhdəliyin icrasının qurtarmasının həmin müqavilədə müəyyənləşdirilmiş anına qədər qüvvədə sayılır.” Kredit müqaviləsinin 4.1-ci bəndinə əsasən həmin müqavilə Tərəflərin öz üzərinə götürdükləri öhdəliklərin tam icra edilməsi anına qədər qüvvəsini saxlayır və göründüyü kimi bu şərt Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü maddəsinin ikinci cümləsində ifadə olunmuş normaya tam uyğundur. Bu normanın hüquqi mahiyyəti bir daha “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli qərarında öz təsdiqini tapmışdır. Həmin qərarda Konstitusiya məhkəməsi qeyd edir ki: “Həmin norma müqavilədən yaranan öhdəliklərin icra olunma anına qədər müqavilənin qüvvədə olması prezumpsiyasına əsaslanır. Bu prezumpsiya isə “öhdəliklər vicdanla yerinə yetirilməlidir” (pacta suntservanda) hüquqi prinsipindən yaranır. Belə ki, müqavilənin qüvvədə olma müddətinin qurtarması və bununla əlaqədar müqavilə üzrə öhdəliklərin də xitamı şərtləri müqavilədə dəqiq göstərilməlidir”. Yuxarıda qeyd edilənləri nəzərə alaraq Konstitusiya Məhkəməsinin həmin qərarın nəticə hissəsində ifadə etdiyi hüquqi mövqeyinə görə kreditor (borc verən) və borclu arasında bağlanmış kredit müqaviləsində öhdəliklərin xitamı ilə bağlı digər şərt nəzərdə tutulmadığı halda, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 399.3-cü maddəsinin ikinci cümləsinə əsasən öhdəliyin icrasının qurtarmasının müqavilədə müəyyənləşdirilmiş anına qədər müqavilə qüvvədə sayılır.
21. Konstitusiya məhkəməsi yuxarıda qeyd edilmiş əsaslardan çıxış edərək daha sonra həmin qərarda növbəti hüquqi mövqeyini ifadə edərək, göstərir ki, “kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər”.
Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
22. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Apellyasiya icraatı iştirakçılarının izahatları
23. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi.
24. Cavabdeh1 iştirak etdiyi iclasında apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etmişdir.
25. Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq iş üzrə Cavabdeh2 məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzrlü səbəbi barədə məlumat verməmişdir.
26. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikasının 01 oktyabr 2023-cü il tarixədək qüvvədə olan Mülki Məcəlləsi
27. Maddə 739.1. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.
28. Maddə 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır.
29. Maddə 741. Əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir.
Azərbaycan Respublikasının qüvvədə olan Mülki Məcəlləsi
30. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır.
31. Maddə 432.4. Əgər borclu əsas öhdəliyin icrasından başqa, faizləri və xərcləri də ödəməlidirsə, bütün borcun ödənilməsi üçün yetərli olmayan öhdəliyin icrası əvvəlcə xərclərin hesabına, sonra faizlərin hesabına və nəhayət, əsas öhdəliyin hesabına daxil edilir. Borclunun müəyyənləşdirdiyi başqa qayda etibarsızdır.
32. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
33. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
34. Maddə 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir.
35. Maddə 1159.1.1. Qanun üzrə vərəsəlik zamanı birinci növbədə vərəsələr - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar.
36. Maddə 1306.1. Vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar.
Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 4 iyun 2018-ci il tarixli Qərarı
37. Vərəsələrin məsuliyyətinin həddi ilə bağlı Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən, miras qoyanın borcuna görə vərəsələrin məsuliyyəti miras əmlakın dəyəri ilə məhdudlaşır.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
38. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
39. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
40. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
41. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
42. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
43. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər.
44. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
45. Maddə 402.1. Apellyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, kommersiya mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz.
Apellyasiya baxışının hədləri
46. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6 və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
47. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
48. Apellyasiya şikayətindən görünür ki, iddiaçı "xxxx" ASC Siyəzən Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(059)-215/2024 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın tam təmin edilməsini xahiş etmişdir. Göründüyü kimi, iddiaçı qətnamənin tam ləğvini xahiş etsə də, iddia qismən təmin edildiyindən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi iddianın təmin edilməyən hissəsində yoxlanılmalıdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
49. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
50. Məhkəmə kollegiyası hesab edir ki, məhkəmə iddia tələbinin qismən təmin etməklə düzgün hüquqi nticəyə gəlmişdir.
51. Belə ki, məhkəmə araşdırmaları ilə müəyyən edilmişdir ki, "xxxx" ASC ilə mərhum X4 arasında 27 yanvar 2023-cü il tarixdə bağlanmış kredit müqaviləsinə əsasən bank mərhum Səddar Zülfüqarova 36 ay ərzində qaytarmaq şərti ilə illik 14%-lə istehlak məqsədilə 4000 manat məbləğində kredit vermişdir. X4 05 aprel 2023-cü il tarixdə Bakı şəhərində vəfat etmişdir. Mərhumun arvadı Cavabdeh2 və oğlu Cavabdeh1 Səttər oğlu birinci dərəcələli vərəsələridir. Mərhumun ölümündən sonra ünvan 1 ünvanda yerləşən 0,05 ha torpaq sahəsinin üzərindəki ümumi sahəsi 140,3 kvadrat metr olan fərdi yaşayış evi miras qalmışdır.
52. İşdən görünür ki, mərhum ölənədək kredit müqaviləsi üzrə vaxtı-vaxtında borcunu ödəmişdir. Səddər Zülfüqarovun ölən gününə 3437,4 manat məbləğində əsas borcu, 125,53 manat faiz borcu, 22,44 manat cərimə borcu qalmışdır.
53. Belə ki, Mülki Məcəllənin 1151.1-ci maddəsinə əsasən, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir.
54. “N.Rzazadə və R.Rzazadənin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 30 oktyabr 2017-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 11 dekabr 2018-ci il tarixli qərarına əsasən vərəsəlik hüququna əsasən, vərəsələrə ölən şəxsin miras əmlakı keçir. Miras əmlakın tərkibinə miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Mirası qəbul etmiş vərəsə miras qoyanın əmlak hüquqlarını əldə edir və onun vəzifələrinin icraçısı olur. Miras qoyanın vəzifələri dedikdə, onun kreditorlarının mənafelərinin təmin edilməsi başa düşülür.
55. Göründüyü kimi, miras qoyanın öldüyü məqamadək hazırkı kredit müqaviləsi üzrə 3585,41 manat həcmində miras passivi (vəzifəsi) vərəsələrinə keçmişdir. Vərəsə olan cavabdehlər isə borclu vəfat edəndən sonra 1787 manat məbləğində pul vəsaitini banka ödəmişlər.
56. Kollegiya qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 4 iyun 2018-ci il tarixli Qərarında əks olunan hüquqi mövqeyə əsasən, miras qoyanın borcuna görə vərəsələrin məsuliyyəti miras əmlakın dəyəri ilə məhdudlaşır.
57. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı apellyasiya şikayətinin dəlillərini sübuta yetirə bilməmişdir. Bu baxımdan, məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlilləri formal mülahizələr kimi qiymətləndirirərək hesab edir ki, bu dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.
58. Şərh olunanları ümumiləşdirərək məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, habelə tərəflərin münasibətləri ilə bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas təşkil etmir.
59. Beləliklə də, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, hazırkı iş üzrə Siyəzən Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(059)-215/2024 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
60. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392- 393 və 402.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Siyəzən Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(059)-215/2024 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.