Məhkəmə qərarları › İş №2(105)-1235/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1235/2021

30.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1235/2021 30.06.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi, hakimlər Abasov Şəmsəddin Rizalı oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Dadaşova Aynur Asif qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul, maddi və mənəvi zərər tələbinə dair mülki iş üzrə Quba rayon məhkəməsinin 17 noyabr 2020-ci il tarixli, 2(027)-1697/2020 saylı qətnaməsindən İddiaçı və Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətlərinə Sumqayıt Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında apellyasiya qaydasında baxaraq, MÜƏYYƏN ETDİ Quba rayon məhkəməsinin 17 noyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakim R.Həsənov) iddianın qismən təmin edilməsi, Cavabdeh 11.000 manat məbləğində pulun alınaraq İddiaçı verilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. İddiaçı və Cavabdeh ayrı-ayrılıqda qətnamədən apellyasiya şikayətləri vermişlər. İŞİN HALLARİ İddiaçı X1 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 18.000 manat pulun və ödənilmiş 30 manat dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Cavabdeh hal-hazırda İsveçdə yaşayan dostu Damətin vasitəsilə tanış olmuşdur. Vüsal onun işsiz olduğunu bildikdən sonra ona iş qurmaq təklif edərək guya Kanadadan maşın gətirərək satacaqlarını bildirmişdir. O, onunla razılaşdıqdan sonra avtomobilini 10.000 manata sataraq ilkin viza məsələlərinin həll edilməsi üçün Amerika səfirliyinin qarşısında əvvəlcə 6.000 manat, daha sonra Ayna Sultanova heykəlinin yaxınlığında isə 4.000 manat pul vermişdir. Daha sonra Vüsal ona əlavə yenə də iş qurmaq üçün pul lazım olduğunu deyərək bankdan pul götürməsini məsləhət görmüşdür. O, da Vüsalın sözlərinə inanaraq 2019-cu ilin iyun ayında Beynəlxalq bankdan 7000 manat götürüb Vüsala yenə Ayna Sultanovanın heykəlinin yaxınlığında onun idarə etdiyi avtomaşının içərsində ona vermişdir. Sonuncu 1000 manat pulu isə bu işlə Vüsala Yasamal rayonunun Caspian Plazanan qarşısında vermişdir. Lakin, sonradan bu işlərin uzandığını görüb onun danışıqlarından şübhələnmiş və Vüsalın kimliyini araşdırmağa başlamışdır. Ona məlum olmuşdur ki, Vüsalın idarə etdiyi avtomaşın icarədir və dediyi sözlərin hamısı həqiqətə uyğun deyildir. Bundan sonra o, Vüsaldan pulunun geri qaytarılmasını tələb etdikdə sonuncu müxtəlif bəhanələr gətirərək bugünə qədər nə sənədlərini nədə ki, pulunu geri qaytarmamışdır. Cavabdeh iş qurmaq adı ilə ondan 18.000 manat pul almış və qeyd olunan məbləğdə ona maddi ziyan vurmuşdur. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ İddiaçı Quba rayon məhkəməsinin 17 noyabr 2020-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin qismən, iddia tələbinin təmin edilməyən hissəsində ləğv edilməsini, iddia tələbinin tam təmin edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi iddia tələbinin qismən təmin edilməsi ilə bağlı əsaslandığı dəlillər mübahisə predmetinin mahiyyətinə və konkret hallarına uyğun deyildir. Nəticə işin hallarına uyğun gəlmir, mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış, iş üzrə düzgün olmayan məhkəmə aktı qəbul edilmişdir. Cavabdeh Quba rayon məhkəməsinin 17 noyabr 2020-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarıldığından qanunsuz və əsassızdır. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında dindirilən İddiaçı apellyasiya şikayətini müdafiə edərək, şikayətinin təmin edilməsini, cavabdehin apellyasiya şikayətinin isə təmin edilməməsi məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə cavabdehə məlumat verilməsinə baxmayaraq, məhkəmə kollegiyasının iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2. maddəsinə əsasən cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. İş materiallarını araşdırıb, məruzəçini və iddiaçının izahatını dinləyib, eləcə də apellyasiya şikayətlərinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətləri təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası MPM-nin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İddia tələbini qismən təmin edən birinci instansiya məhkəməsi Cavabdeh İddiaçı 11.000 manat məbləğində pul almasının öz təsdiqini tapması ilə əsaslandırmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan iddiaçı vermiş olduğu apellyasiya şikayətində iddianın təmin olunmayan hissəsində gəlinən nəticəni, Cavabdeh isə qətnamənin ləğv edilməsini xahiş etsə də, şikayətin məzmununa əsasən o iddia tələbinin təmin olunan hissəsində gəlinən nəticəni mübahisələndirmişdir. Konstitusiya Məhkəməsinin Plenumu məhkəmə aktlarının qanuniliyinin və əsaslılığının yoxlanılmasının hədləri ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikasının Konstitusiyasında demokratik dövlətin təbiətini və mahiyyətini əks etdirən, insan və vətəndaş hüquq və azadlıqlarının təminatını nəzərdə tutan prinsiplər təsbit edilmişdir. Mülki proses iştirakçılarının əsas hüquqları Konstitusiyada təsbit edilmiş prinsiplərə əsaslanmaqla, bütün mülki mühakimə icraatının, o cümlədən apellyasiya icraatı üçün həlledici əhəmiyyət kəsb edən, həmçinin bu hüquqların səmərəli həyata keçirilməsini təmin edən mülki mühakimə icraatının əsas prinsiplərində öz əksini tapmışdır. Konstitusiya Məhkəməsinin Plenumu bir sıra qərarlarında göstərilən prinsiplərin mahiyyətini açıqlayaraq, bu prinsiplər baxımından apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərinə dair öz mövqeyini ifadə etmişdir (Konstitusiya Məhkəməsinin 09.12.2013-cü il tarixli qərarı). “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 20 may 2011-ci il tarixli qərarında müəyyən edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq iddia tələbi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İlk növbədə qeyd olunmalıdır ki, mülki iş üzrə mübahisəni həll edən məhkəmənin ilkin vəzifələrindən biri prosessual qənaət prinsipini təmin etmək və araşdırmanın predmetini müəyyən etmək üçün tərəflərin mübahisələndirmədikləri faktları, yəni işin mübahisəsiz hallarını müəyyən etmək və iddia tələbinin qanuni əsasını tapmaqdan ibarətdir. Yalnız bundan sonra məhkəmə tərəflər arasında mübahisəli hallarla bağlı sübutetmə yükünü müəyyən etməli və MPM-in 88-ci maddəsinə əsasən sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilməlidir. Eyni zamanda mülki prosessual qanunvericilik hakimin üzərinə öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmaq öhdəliyi qoyur və öz qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandırmağı qadağan edir. Prosessual qanunvericilik sübut etmə yükünün bir qayda olaraq tələb edən tərəfin üzərində olduğu barədə ümumi prinsipi əks etdirir. Sözsüz ki, iddia tələbinin qanuni əsasını təşkil edən maddi hüquq normalarında, habelə mübahisəyə tətbiq edilməli olan digər hüquq normalarında tərəflərdən hansının işin hallarını sübut etməli olması barədə fərqli qaydalar müəyyən oluna bilər. Baxılan iş üzrə iddia tələbinin qanuni əsasını Mülki Məcəllənin 739-cu maddəsi təşkil edir. Bu maddənin dispozisiya şərtlərinə görə bu cür iddiaların təmin olunması üçün tərəflər arasında etibarlı borc (kredit) müqaviləsi bağlanmış olmalı, müqavilə üzrə iddiaçının öhdəliyini yerinə yetirdiyi müəyyən olunmuş məbləği cavabdehə verdiyi sübuta yetirilməlidir. Bu cür tələblər üzrə pulun borcluya verildiyini sübutetmə yükü iddiaçının üzərindədir. İddiaçı həmin halı sübut etmək yükündən o vaxt azad edilə bilər ki, cavabdeh borc müqaviləsi üzrə müəyyən edilən pulun ona verildiyini mübahisələndirməsin. Hazırki işdə pulun borc şəklində cavabdehə verilməsi işin mübahisəsiz halıdır. Lakin iddiaçı ümumilikdə 18000 manat verdiyini iddia etsə də, cavabdeh istər istintaq orqanında araşdırma zamanı, istərsə də apellyasiya şikayətində iddiaçıdan 11000 manat borc pul aldığını etiraf etmişdir. İşin digər halı ondan ibarətdir ki, cavabdeh həmin puldan ofisə lazım olan avadanlıqları alıb qoymuş, lakin onun fəaliyyət göstərdiyi şirkət müflisləşdiyindən, onun bağlamaq məcburiyyətində qalmış və bu səbəbdən borcu qaytara bilməmişdir. Avropa Məhkəməsinin mövqeyinə görə, yuxarı məhkəmə instansiyası tərəfindən aşağı məhkəmə instansiyasının qərarı ləğv edilərkən məhkəmələr öz qərarlarında istinad etdiyi dəlilləri çox aydın şəkildə əsaslandırmalı və bu qərarın qəbul olunmasına əsas olmuş halları dəqiq göstərməlidirlər. Əks halda, bu, Konvensiyanın 6-cı maddəsində nəzərdə tutulmuş ədalətli məhkəmə araşdırılması hüququnun pozuntusu kimi qiymətləndirilir. (Avropa Məhkəməsinin Hadjianastasiu Yunanıstana qarşı iş üzrə 16 dekabr 1992-ci il tarixli Qərarı; X2rşı iş üzrə 21 yanvar 1999-cu il tarixli Qərarı). Məhkəmələr tərəfindən istinad olunan halların aydın şəkildə əsaslandırılması işdə iştirak edən şəxslərin izahatlarının dinlənilib hüquqi qiymət verilməsinin göstəricisidir (Avropa Məhkəməsinin Hirvisaari Finlandiyaya qarşı iş üzrə 27 sentyabr 2001-ci il tarixli Qərarı). Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekpertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları il, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən olunur. (Azərbaycan Respublikası MPM-nin 76.1, 76.2-ci maddələri) İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin «Mahmudovun Rusiyaya qarşı iş üzrə» 26 iyul 2007-ci il tarixli qərarında həmin məhkəmə xatırlatmışdır ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, «affirmanti, non neganti, incumbit probalion» (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. Göründüyü kimi, üzərinə sübutetmə yükü düşən iddiaçı mübahisələndirdiyi hissədə öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları təsdiq edən tutarlı sübutlar təqdim edə bilmədiyindən, iddia tələbini bu hissədə təmin etməməklə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası Cavabdeh apellyasiya şikayətinin (məhkəmənin onun iştirakını təmin etməməsi barədə) dəlilinə gəldikdə isə qeyd edir ki, cavabdehə istər 29 oktyabr 2020-ci il tarixli, istərsə də 17 noyabr 2020-ci il tarixli məhkəmə iclasları vaxtı barədə sms vasitəsilə məlumatlandırılmışdır. Odur ki, məhkəmənin onun iştirakını təmin etməməsi barədə apellyasiya şikayətinin dəlilləri ilə məhkəmə kollegiyası razılaşmır. Bununla yanaşı məhkəmə kollegiyası həmçinin hesab edir ki, cavabdeh apellyasiya şikayətində də iddiaçıdan 11.000 manat borc pul aldığını, lakin şirkətinin müflisləşməsi səbəbindən pul qaytara bilməməsini göstərdiyindən, həmin məbləğin ondan tutularaq iddiaçıya verilməsi barədə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 31 yanvar 2006-cı il tarixli qərarı). Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qəbul etdiyi qətnamə işin həqiqi hallarına uyğun olmaqla, tərəflərin qarşılıqlı münasibətlərini əks etdirir, eləcə də, qətnamə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə qəbul edilmişdir. Azərbaycan Respublikası MPM-nin 385.2. maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar olmadığından, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 384.0, 384.0.1, 385.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏT ETDİ Apellyasiya şikayətləri təmin edilməsin. Quba rayon məhkəməsinin 17 noyabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilmədikdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar