Məhkəmə qərarları › İş №2(105)-1235/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1235/2024

29.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1235/2024 29.08.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Dəmirov İlqar Kamal oğlu, hakimlər Məmmədov Fuad Əli oğlu və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi Elbəyli Vüsalə Rasim qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul və ona hesablanmış faiz məbləğinin alınması tələbinə dair mülki iş üzrə Quba Rayon Məhkəməsinin 25 aprel 2024-cü il tarixli, 2(027)-589/2024 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı borc tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ******* (üç milyon doqquz yüz əlli min) rus rublunun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə aralarında olan razılıq əsasında, Quba rayonu 1-ci Nügədi kəndində cavabdehə qaytarmaq şərti ilə 300.000 (üç yüz min) rus rublu özünə fərdi ev tikmək üçün, 3.650000 (üç milyon altı yüz əlli min) rus rublu isə komersiya məqsədi ilə vermişdir. Belə ki, o, cavabdehə 2016-cı ilin sentyabr ayında qaytarmaq şərti ilə cavabdehə ümumilikdə ******* (üç milyon doqquz yüz əlli min) rus rublu borc pul vermişdir. Cavabdeh aldığı borc pul məbləğini 2020-ci ilə qədər qaytaracağına söz versə də, buna əməl etməmişdir. Bildirmişdir ki, 2020-ci il tarixində borcun qaytarılması ilə bağlı cavabdehlə aralarında mübahisə olmuş və Quba rayon PŞnin Quba rayonu 1-ci Nügədi kəndinin sahə rəisi məhkəməyə müraciət etməyi tövsiyə etmişdir. Cavabdehlə aralarında olan razılaşmaya əsasən 2016-cı ilin sentyabr ayında 2019-cu il tarixində qaytarmaq şərti ilə cavabdehə ümumilikdə ******* (üç milyon doqquz yüz əlli min) rus rublu borc pul vermişdir. Həmin müddət tamam olanda cavabdeh üzərinə götürdüyü öhdəliyi yerinə yetirməkdən yayınmağa başlamışdır. Hazırda cavabdehin ona ümumilikdə ******* (üç milyon doqquz yüz əlli min) rus rublu borcu var. Quba Rayon Məhkəməsinin 25 aprel 2024-cü il tarixli, 2(027)-589/2024 nömrəli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Cavabdeh ******* (üç milyon altı yüz qırx bir min) rus rublunun (Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ödəniş gününə uyğun məzənnə nəzərə alınmaqla) alınaraq İddiaçı verilməsi qət edilmişdir (hakim İlqar Məmmədov). Qətnamədən narazı qalan Cavabdeh apellyasiya şikayəti verərək Quba Rayon Məhkəməsinin 25 aprel 2024-cü il tarixli, 2(027)-589/2024 nömrəli qətnaməsinin ləğv edilməsi, iddia tələbinin təmin olunmaması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTLƏRİNİN DƏLİLLƏRİ Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iddiaçı iddia ərizəsində borcun qaytarılma tarixini bir-birinə zidd olaraq 2019-cu il tarixdə və 2020-ci il tarixdə olmasını qeyd etmişdir. İşin məhkəmə baxışı zamanı iddiaçı yalnız birinci məhkəmə iclasına gəlmiş, daha sonra iclaslara gəlməmiş, məhkəmə iclası dəfələrlə təxirə salınsa da, iddiaçı heç bir səbəb olmadan məhkəmə iclasında iştirak etməmişdir. Halbuki həmin borcun nədən ibarət olması, borcun nə zaman, harada alınması, bir çox məsələlər aydınlaşdırılmalı olduğu halda, məhkəmə iddiaçının iştirakını təmin etməyərək iddianı qismən təmin etmişdir. Həmin vaxt qüvvədə olan Mülki Məcəllənin 740.2-ci maddəsinə əsasən borc müqaviləsi yazılı formada bağlanmalıdır. Bundan başqa iddiaçı onun 2016-cı ildə iddiaçıdan pul almağı ilə və 2019-2020-ci ildə qaytarmağı ilə bağlı heç bir sübutu məhkəməyə təqdim etməmişdir. Həmçinin onun barəsində edilən şikayətlərdən məlumatı olmamış, o, Quba RPŞ-nə getməmişdir. İşin həqiqi halları ondan ibarətdir ki, onun iddiaçı ilə Rusiya Federasiyasında münasibətləri olmuş və birlikdə alver etmişlər. O, iddiaçıdan Azərbaycan Respublikasında heç bir məbləğdə pul almamışdır. Əgər alsaydı iddiaçı yazılı sübutu məhkəməyə təqdim edərdi, məhkəmə iclasında iştirak edərdi. İnandırıcı deyildir ki, yüksək məbləğdə bir pulu iddiaçı ona versin, lakin onun alınması ilə bağlı heç bir sübut olmasın. Məhkəmə bu kimi halları araşdırmamış, iddiaçını məhkəmə iclasına dəvət etməmişdir. Bundan əlavə məhkəmə pulun alınmasının sübutu kimi onun icra şöbəsində olan izahatını işə əlavə etmişdir. Halbuki həmin izahatdan da göründüyü kimi o, uzun illərdir Rusiya Federasiyasında yaşadığı üçün latın qrafikalı əlifbanı bilmir, həmin izahatını da kril əlifbası ilə yazmışdır. O, Azərbaycan Respublikasına gələn kimi onu Quba rayon İcra və probasiya şöbəsindən çağırmışlar. Həmin idarədə borcunun ödənilməsini tələb etmişlər və izahat yazmağını bildirmişlər. Əks halda onu icra şöbəsindən buraxmayacaqlarını, məhkəməyə aparacaqlarını bildirmişlər. Özləri dedikləri kimi izahat yazmağını bildirdilər və o, həmin izahatı yazmışdır. Halbuki onun iddiaçıya borclu olmağı ilə bağlı heç bir sübut yoxdur. Həmçinin böyük məbləğdə pulun qaytarılması üçün iddiaçının bu qədər müddət gözləməsi, məhkəməyə müraciət etməməsi sual yaradır. Həmçinin iddiaçının məhkəməyə təqdim etdiyi pullarla bağlı qeyd etmək istəyir ki, o, iddiaçı ilə uzun illər Rusiya Federasiyasında alver etmişdir. 2015-ci ildə birlikdə Rusiya Federasiyasının Nalçik şəhərindən Omsk şəhərinə, Novosibirsk şəhərinə, Həştərxan şəhərində meyvə göndərmişlər. Həmin meyvənin pullarının bir hissəsi alqı-satqı nöqtələrində qalmışdır. O, həmin pulları meyvə məhsullarını verdiyi yerlərdən alaraq iddiaçıya vermişdir. İddiaçının məhkəməyə təqdim etdiyi ödənişlər onlardır. Bundan başqa o, evini 2015-ci ildə tikib qurtarmışdır. Bunu şahidlər təsdiq edə bilər. Bundan başqa əgər o, iddiaçıdan pul alsaydı pulun alınma tarixi göstərilərdi. Lakin iddia ərizəsində pulun verildiyi tarix qeyd edilməmişdir. Bundan başqa o, iddiaçının iddia tələbi ilə bağlı ümumiyyətlə ona qarşı tələb irəli sürülməsi üçün iddia müddətinin ötməsi barədə ərizəsini məhkəməyə təqdim etsə də, məhkəmə buna heç bir münasibət bildirməmişdir. Belə ki, iddiaçı onun iddiaçıdan 2016-cı ildə pul almasını iddia edirsə, onun qaytarılması ilə bağlı heç bir razılaşmanı da məhkəməyə təqdim edə bilmir. Bu zaman 2016-cı ildən hesablansa borc tələbləri üzrə iddia müddəti 3 il olmaqla, iddiaçı tərəfindən 2019-cu ildə iddia müddətini ötürmüşdür. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmasına baxmayaraq cavabdeh məhkəmə iclaslarına gəlməmişdir. Məhkəmə kollegiyası MPM-nin 376.2-ci maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6 və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirərək, iddiaçının izahatlarını dinləyərək, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan Quba rayon Polis Şöbəsinin 09 iyun 2020-ci il tarixli məktubundan görünür ki, İddiaçı Quba RPŞ-nə ünvanlandığı xx.xx.2020-ci il tarixli ərizəsi araşdırılmış, ərizə göstərdiyi xüsusatlar mülki xarakterli olduğundan mülki iddia qaydasında məhkəməyə müraciət etmək hüququ olması izah edilmişdir. İş materiallarında olan Quba Rayon Məhkəməsinin 01 oktyabr 2020-ci il tarixli, 2(027)-1423/2020 nömrəli qiyabi qətnaməsindən görünür ki, iddia təmin edilmiş, Cavabdeh ******* (üç milyon doqquz yüz əlli min) rus rublu, ödəniləcək günə manat ilə məzənnəsi hesablanmaqla, alınıb İddiaçı verilməsi qət edilmişdir. İş materiallarından görünür ki, Cavabdeh ərizə ilə məhkəməyə müraciət edərək, Quba Rayon Məhkəməsinin 01 oktyabr 2020-ci il tarixli, 2(027)-1423/2020 nömrəli qiyabi qətnaməsinin ləğv edilməsi və işin təzələnərək mahiyyəti üzrə baxılması barədə qərardad çıxarılmasını xahiş etmiş, Quba rayon məhkəməsinin 10 yanvar 2024-cü il tarixli, 2(027)- 1423/2020 nömrəli qərardadı ilə Cavabdeh Quba Rayon Məhkəməsinin 01 oktyabr 2020ci il tarixli, 2(027)-1423/2020 nömrəli qiyabi qətnaməsinin ləğv edilməsi və mülki işin icraatının təzələnməsinə dair ərizəsi təmin edilmiş, İddiaçı Cavabdeh qarşı borc tələbinə dair mülki işin icraatı təzələnmişdir. İş materiallarında olan qəbzlərdən görünür ki, cavabdeh mütamadi olaraq iddiaçıya ödəniş etmişdir. Həmçinin İddiaçı birinci instansiya məhkəməsi iclasları zamanı izahatında cavabdehin müxtəlif vaxtlarda ödəniş etməklə, borcundan ümumilikdə 309000 (üç yüz doqquz min) rus rublu ödədiyini bildirmişdir. Birinci instansiya məhkəməsi iddianı qismən təmin edərək qənaətini onunla əsaslandırmışdır ki, Cavabdeh İddiaçı ******* (üç milyon doqquz yüz əlli min) rus rublu məbləğində borc alması, borcundan müxtəlif vaxtlarda ödəniş etməklə, ümumilikdə 309000 (üç yüz doqquz min) rus rublu məbləğində borcu qismən ödəməsi, cavabdehin Quba rayon İcra və probasiya şöbəsində verdiyi izahatındakı etirafı və iş materialları ilə öz təsdiqini tapdığından, cavabdeh borcunu tam ödəməsi barədə məhkəməyə heç bir mötəbər sübut təqdim etmədiyindən, iddia qismən təmin edilməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin əsaslandırılmış qətnaməsi ilə nəticə etibari ilə razılaşaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 372.1 və 372.2-ci maddələrinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir; hüquq pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Həmin Məcəllənin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti 3 ildir. Həmin Məcəllənin 380.1-380.2-ci maddələrinə əsasən müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. Fasilədən sonra iddia müddəti yenidən başlanır. Fasiləyə qədər keçmiş vaxt yeni müddətə daxil edilmir. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin dəlili kimi qeyd etdiyi onun iddiaçıdan pul almamasına münasibətdə qeyd edir ki, işə apellyasiya qaydasında baxılarkən Quba Rayon icra və Probasiya Şöbəsindən 01 oktyabr 2020-ci il tarixli, 2(027)- 1423/2020 nömrəli icra işi tələb edilmiş və qeyd edilən icra işi materialları ilə müəyyən edilmişdir ki, Quba Rayon icra və Probasiya Şöbəsinin icra məmurunun sualına cavab olaraq xx.xx.2022-ci il tarixində verdiyi yazılı izahatında cavabdeh iddiaçıya borcunun olmasını etiraf etmiş və ödənişlər etdiyini bildirmişdir. Buna baxmayaraq ödənişlərə dair hər hansı sənəd təqdim etməmişdir. Cavabdehin icra şöbəsində izahatına dair dəlilinə münasibətdə isə məhkəmə kollegiyası qeyd edir ki, izahatdan da göründüyü kimi cavabdeh latın əlifbası bilmədiyindən izahatını öz xətti ilə kiril əlifbası ilə yazmış və izahatının doğruluğunu imzası ilə təsdiq etmişdir. Həmçinin işə apellyasiya qaydasında baxılarkən iddiaçı cavabdehin səs yazılarından ibarət olan diski məhkəməyə təqdim etmiş və həmin diskə baxış keçirilərkən də aydın olmuşdur ki, cavabdeh borc pul aldığını öz izahatı ilə etiraf etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun N.Əsədovanın şikayəti üzrə 12 aprel 2021-ci il tarixli Qərarında da qeyd edilmişdir ki, mülki prosessual hüquq doktrinasında qanunsuz sübut anlayışının iki halı fərqləndirilir. Bunlardan biri sübutların qanuna zidd əməllər nəticəsində əldə olunması, digəri isə əldə olunan sübutların qanuna zidd şəkildə istifadə olunması halıdır. Mülki Prosessual Məcəllənin 76.3cü maddəsində qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmədiyi müəyyən olunmuşdur. Qanunu pozmaqla əldə edilmiş sübut anlayışı mülki hüquq subyektlərinin şəxsi toxunulmazlıq hüququnun pozulması nəticəsində əldə edilmiş sübut mənasını daşıyır. İnsanın səs, görüntü və s. kimi şəxsiyyəti ilə bağlı olan dəyərlərinin onun iradəsi xaricində istifadə olunmasının yolverilməzliyi prinsipi insan şəxsiyyətinin toxunulmazlığını və ona olan hörməti təmin etmək məqsədi daşıyır. Şəxs tərəfindən əqdin qarşı tərəfinin bildirdiyi iradə ifadələrini əks etdirən danışıqların həmin münasibət barəsində yaranan hüquqi mübahisənin həllində istifadə olunması özözlüyündə şəxsi toxunulmazlıq hüququna qəsd kimi qiymətləndirilə bilməz. Belə ki, həmin danışıq və yazışmalar əqdin tərəfləri üçün sirr deyildir və mahiyyət etibarı ilə aralarındakı hüquqi münasibətlə bağlı bir-birlərinə yazılı mətn halında çatdırdıqları iradə ifadələrindən və bildirişlərindən fərqlənmir. Bu baxımdan başqa şəxslə deyil, birbaşa əlaqədar tərəflər arasında olan danışıqların mülki mübahisənin həlli zamanı istifadə edilməsi Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsi ilə nəzərdə tutulan hallara aid edilə bilməz. Bu baxımdan məhkəmə kollegiyası yuxarıda qeyd edilənlərə əsasən hesab edir ki, səs yazıları cavabdehin şəxsi toxunulmazlığına qəsd kimi qiymətləndirilmədiyindən qanuni və əsaslı olub, işin həqiqi hallarına uyğun olduğuna görə iş üzrə sübut növü kimi qəbul edilməlidir. Göründüyü kimi cavabdehin borc alması həm səs yazıları, həm Quba Rayon İcra və Probasiya Şöbəsində verdiyi izahatından təsdiq edildiyindən və cavabdeh dəfələrlə məhkəmə iclası təxirə salınmasına baxmayaraq məhkəmə iclasında iştirak etməyərək borcunun olmamasına dair sübutları həm məhkəmə prosesi zamanı, həm də elektron kabinet vasitəsilə göndərilməsini təmin edə bilmədiyindən apellyasiya şikayətinin dəlilləri əsassızdır və təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Cavabdehin iddia müddətinin ötürülməsinə dair apellyasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı tərəfindən iddia müddəti ötürülmədiyindən həmin dəlillər əsassızdır. Belə ki, iddiaçı iddia ərizəsində cavabdehin aldığı pulu 2020-ci ilə kimi qaytaracağına söz verdiyini qeyd etdiyindən müqavilə münasibətlərinin müddəti də 2020-ci ilə kimi davam etmişdir.Nəzərə almaq lazımdır ki, bu zaman iddia müddətinin axımı iddiaçının cavabdehdən tələbetmə müddətinin bitdiyi 2020ci ildən başlanmalıdır.Belə ki, AR Mülki Məcəlləsinin 377.3-cü maddəsinə əsasən icra müddəti müəyyənləşdirilməmiş və ya tələbetmə məqamı ilə müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı kreditorun öhdəliyi icra etmək tələbini irəli sürmək hüququnun əmələ gəldiyi andan başlanır, borcluya həmin tələbin icrası üçün güzəştli müddət verildikdə isə iddia müddəti göstərilən müddət bitdikdən sonra hesablanmağa başlanır.Hazırki işdən də göründüyü kimi iddiaçı xx.xx.2020-ci il tarixdə məhkəməyə müraciət etmişdir.Bununla əlaqədar məhkəmə kollegiyası borcun hətta 2019-cu ildə qaytarılmalı olmasına dair apellyasiya şikayətinin dəlilini əsassız hesab edir.Belə ki, borc hətta 2019-cu ildə qaytarılmalı olduğu halda belə iddiaçı iddia müddətini ötürməmişdir. Beləliklə, məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır, buna görə də apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin hazırki iş üzrə qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 392, 393, 402.1 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Quba Rayon Məhkəməsinin 25 aprel 2024-cü il tarixli, 2(027)-589/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar