Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1238/2021 02.04.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Abasov Şəmsəddin Rizalı oğlu (sədrlik edən və məruzəçi), Qafari Səyyad Ağaəli oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Ağamirova Nigar Kamran qızının katibliyi, İddiaçı “xxxx” ASC-nin nümayəndəsi X2, Cavabdeh iştirakı ilə, İddiaçı “xxxx” ASC-nin Cavabdeh qarşı X1yə görə yaranmış borcun tutulması tələbinə dair mülki işə Xaçmaz Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(067)- 2110/2020 saylı qətnaməsindən iddiaçı “xxxx” ASC tərəfindən verilmiş apelyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Xaçmaz Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(067)-2110/2020 saylı qətnaməsi ilə “xxxx” ASC-nin Cavabdeh qarşı X1yə görə yaranmış borcun tutulması tələbinə dair iddiası təmin edilməmişdir. (İ.Xəlilov) Qətnamədən iddiaçı “xxxx” ASC apelyasiya şikayəti verərək Xaçmaz Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(067)-2110/2020 saylı qətnaməsinin ləğv edilməsi, iddianın təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İŞİN HALLARİ: “xxxx” ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 486,26 manat pulun tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdehin X1yə görə “xxxx” ASCyə 486,26 manat borcu yaranmışdır və bu borc bu günə qədər ödənilməmiş, bununla da iddiaçıya zərər vurulmuşdur. “xxxx” ASC-nin əməkdaşları abonentin ünvanına gələrək, sayğacın göstəricisini göstərməklə ona bildiriş-xəbərdarlıq (hesab-faktura) təqdim etmişlər, o, isə vaxtaşırı ödənişlər etməklə borcunu etiraf etmişdir. Göstərilənlərə əsasən iddia təmin edilməlidir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı çıxarılmışdır. Ş İ K A Y Ə T İ N D Ə L İ L L Ə R İ, T Ə R Ə F L Ə R İ N İ Z A H A T L A R İ və S Ü B U T L A R İ : İş üzrə iddiaçı “xxxx” ASC apelyasiya şikayətini bununla əsaslandırmışdır ki, məhkəmə mübahisəni hərtərəfli araşdırmamış, işin faktiki hallarına düzgün qiymət verməmiş, iddianın rədd edilməsi barədə səhv nəticəyə gəlmişdir. Bu nəticəyə gələrkən məhkəmə bir sıra maddi və prosessual hüquq normalarını pozmuşdur. Tərəflər arasında münasibətlər onlar arasında imzalanmış elektrik enerjisinin alqı-satqı müqaviləsinə əsasən yaranmışdır və abonent elektrik enerjisindən EEİQ-nin tələblərinə uyğun istifadə etməli idi. ASC-nin əməkdaşları abonentin sayğacına baxış keçirmiş və nöqsan aşkarlayaraq bu barədə NDM 016848 saylı akt tərtib etmişlər. Bu akta əsasən itirilmiş elektrik enerjisinin dəyəri kimi cəmi 526,73 manat hesablaşma aparılmışdır. Abonent bu məbləğdən bir qismini ödəsə də, xx xxxx 2020-ci il tarixinə 486,26 manat borcu qalmışdır. Abunə haqqında çıxarışda isə borc məbləği ümumi göstərilir. Burada borcun hansı hissəsinin akt əsasında, hansı hissənin isə sayğac göstəricisinə əsasən hesablanması göstərilmir. Həmçinin ödənişlərin hansı hissəyə görə ödənilməsi də məlum deyildir. Məhkəmə isə bu halları araşdırmadan, cavabdeh tərəfindən olan ödənişləri hər hansı əsas olmadan sayğac üzrə aparılmış hesabatdan çıxaraq akt üzrə yaranmış borc məbləğindən olan ödəmələri nəzərə almamışdır. Bu hallara düzgün qiymət verilmədiyindən qətnamə ləğv edilməli, iddia isə təmin olunmalıdır. Məhkəmə kollegiyasının iclasında iddiaçı “xxxx” ASC-nin nümayəndəsi X3 şikayəti müdafiə edərək onun təmin edilməsini xahiş etdi. Apelyasiya baxışı zamanı Cavabdeh apelyasiya şikayətinə etiraz etdi və bildirdi ki, şikayət formal mülahizələrə əsaslanaraq tərtib edilmişdir. Buna görə də qətnamə qanunidir və onun ləğv edilməsinə hüquqi əsaslar yoxdur. Əlavə etdi ki, iddiaçı tərəfin tərtib etdiyi akt əsassızdır. Çünki, onun tərəfindən sayğaca müdaxilə olmamışdır. İddiaçının mütəxəssisləri onun evinə quraşdırılmış sayğaca baxış keçirərkən sayğacdan sonra evə gedən xəttin üstünün niyə açıq olduğunu soruşmuş, o da dəfələrlə müraciət etməsinə baxmayaraq elektriklərin gəlib o, xətti bağlamadığını bildirmişdir. Onun yanında akt tərtib edilməmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə görə məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. İş materiallarına əlavə edilmiş “xxxx” ASC-nin xx xxxx 2020-ci il tarixli, SD-144 saylı arayışından müəyyən olunur ki, X1yə görə cavabdehə 486,26 manat məbləğində borc hesablanmışdır. Abonentin (cavabdehin) saldosu iş materiallarına əlavə edilmişdir. İşdə olan NDM 016848 saylı, xx.xx.2019-cu il tarixli aktdan görünür ki, iddiaçının əməkdaşları Cavabdeh məxsus yaşayış sahəsindəki sayğaca baxış keçirmişlər və bu zaman məlum olmuşdur ki, elektrik enerjisi xəttinə 1,8 kilovatlıq xətlə sayğacdan kənar qoşulma vardır. Akt Cavabdeh tərəfindən imzalanmamışdır. Yenə işdə olan “xxxx” ASC-nin xx xxxxxx 2019-cu il tarixli satış və texniki sahələr üzrə tələbindən görünür ki, sayğacdan kənar 1,8 kvt xətlə qoşulma nəticəsində abonent Cavabdeh 180 gün üçün 5443 kvts dəyəri ödənilməmiş X1 etmişdir. İşdəki ödəmə qəbzlərindən görünür ki, Cavabdeh elektrik enerjisinə görə 2018- 2019-cu illər ərzində cəmi 109 manat ödəniş etmişdir. M Ə H K Ə M Ə N İ N H Ü Q U Q İ M Ö V Q E Y İ: Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Yenə həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçinin məruzəsini dinləyərək, iş üzrə tərəflərin izahatlarını, apellyasiya şikayətinin dəlillərini nəzərə alıb, işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən apelyasiya şikayəti təmin edilməməli, hazırkı iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyasının araşdırması zamanı müəyyən olundu ki, tərəflər elektrik enerjisinin alınması barədə öz aralarında alqı-satqı müqaviləsi bağlamışlar və abonent Cavabdeh məxsus yaşayış sahəsinə sayğac quraşdırılaraq elektrik enerjisi ilə təchiz edilmişdir. İddiaçı təşkilat iddia edir ki, onun əməkdaşları abonentin sayğacına baxış keçirmiş və nöqsan aşkarlayaraq bu barədə NDM 016848 saylı akt tərtib etmişlər. Akta görə ki, elektrik enerjisi xəttinə 1,8 kilovatlıq xətlə sayğacdan kənar qoşulma müəyyən edilmişdir. Akt Cavabdeh, habelə hal şahidləri tərəfindən imzalanmamışdır. Bu akta əsasən itirilmiş elektrik enerjisinin dəyəri kimi cəmi 526,73 manat hesablaşma aparılmışdır. Abonent bu məbləğdən bir qismini ödəsə də, xx xxxx 2020-ci il tarixinə 486,26 manat borcu qalmışdır və bu borc onun tərəfindən ödənilməlidir. Mübahisə ilə bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2005-ci il tarixli, 18 nömrəli Qərarı ilə təsdiq edilmiş «X1 Qaydaları»nın 7.11-ci bəndinə əsasən yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanılmasına görə enerijtəchizatı müəssisəsi cavabdehlik daşıyır. Enerjitəchizatı müəssisəsi yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının göstərişlərinə baxış keçirilməsi üçün məişət abonentlərinə şərait yaratmağa borcludur. Mənzildə, yaxud xüsusi yaşayış evində quraşdırılmış hesablaşma elektrik sayğacının, o cümlədən üzərindəki plombların qorunmasına və onun işçi vəziyyətdə saxlanılmasına görə mənzil (xüsusi yaşayış evinin) kirayəçisi və ya mülkiyyətçisi cavabdehlik daşıyır. Həmin Qaydaların 8.32-ci bəndində göstərilir ki, məişət abonenti (mənzillər üzrə hesablaşma elektrik sayğacı yaşayış binasının girişində, yaxud pilləkən meydançasında quraşdırılmış məişət abonenti istisna olmaqla)tərəfindən hesablaşma elektrik sayğaclarının qoşulma sxeminin dəyişdirilməsi, sayğacın baxış şüşəsinin sındırılması, plombunun qırılması, sayğacın diskinin süni şəkildə dayandırılması və X1 göstərişini azaltmaq məqsədilə edilmiş digər pozuntulara yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsi onu şəbəkədən açmalı və hesablaşma elektrik sayğacının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanması tarixindən sonrakı müddət üçün, ancaq Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddəti daxilində X1yə görə yenidən hesablaşma aparmağa borcludur. Həmin Qaydaların 8.33-cü bəndində göstərilir ki, məişət abonenti tərəfindən X1də pozuntuya yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsinin nümayəndəsi onun və iki nəfər hal şahidinin iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini məişət abonentinə verir. Akt enerjitəchizatı müəssisəsinin nümayəndəsi, məişət abonenti və iki nəfər hal şahidi tərəfindən imzalanmalıdır. Lakin, iş materiallarından görünür ki, iddiaçı “xxxx ASC” tərəfindən Cavabdeh sayğaca müdaxiləsini təsdiq edən mötəbər sübutlar, məişət abonenti tərəfindən X1də pozuntuya yol verildiyinə görə hal şahidlərinin və abonentin iştirakı ilə təsdiq edilmiş akt məhkəməyə təqdim edilməmişdir. NDM 016848 saylı, xx.xx.2019-cu il tarixli akta gəlincə isə, məhkəmə kollegiyası qeyd edir ki, bu akt tərtib edilərkən abonentin və hal şahidlərinin iştirakı təmin edilmədiyindən öz mötəbərliyini itirir, başqa sözlə, iş materialları ilə abonentin elektrik enerjisindən qanunsuz əsaslarla istifadə etməsi görünmür. Belə olan halda, həmin akta əsasən hesablaşma aparılaraq abonentdən borc tələb edilməsi əsassızdır və bu barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin faktiki hallarına uyğundur. Apelyasiya şikayətində hazırda yaranmış borcun məhz abonentin təqsiri, yənikənar və qanunsuz təsirlər nəticəsində yaranması barədə dəlillərinə dair iddiaçı məhkəməyə hər hansı mötəbər sübut təqdim edə bilməmişdir, halbuki Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Hazırki halda məhkəmə kollegiyası hesab edir ki, iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilməmiş, apelyasiya şikayətinin əsaslarına dair məhkəməyə hər hansı mötəbər və legitim sübut təqdim edə bilməmişdir. Ona görə də məhkəmə kollegiyası apelyasiya şikayətini formal mülahizələr kimi qiymətləndirir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini təmin etmədən saxlaya bilər. AR MPM-in 404-1-ci madəsinə əsasən apelyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, kommersiya mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 393 və 404-1ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: İddiaçı “xxxx” ASC-nin apelyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Xaçmaz Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(067)- 2110/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə dərhal qüvvəyə minir. Qətnamədən şikayət verilə bilməz. Sədrlik edən: Şəmsəddin Abasov Hakimlər: Səyyad Qafari Telman Məmmədov
Məhkəmə qərarları › İş №2(105)-1238/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1238/2021
02.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver