Məhkəmə qərarları › İş №2(105)-1238/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1238/2024

23.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1238/2024 23.08.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı mülki iş üzrə QƏTNAMƏSİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Fuad Əli oğlu, hakimlər X8 və X1 ibarət tərkibdə, Əliyev Rəşad Ayıl oğlunun katibliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı borc tələbinə dair mülki iş üzrə Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2(067)-1217/2024 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. İddiaçı Açıq Səhmdar Cəmiyyəti və X7 arasında bağlanmış 10 iyun 2019 il tariхli, 300804-717591/1 nömrəli istehlak krеditi müqaviləsinə əsasən borcluya 36 ay müddətinə, illik 27% dərəcəsi ilə 3580 (üç min beş yüz səksən) manat məbləğində krеdit vеrilmişdir.

2. Qanun üzrə vərəsəlik hüququ haqqında xx.xx.2021-ci il tarixli, reyestrdə 2V-879 nömrə ilə qeyd edilmiş şəhadətnamənin surətindən görünür ki, xx.xx.2020-ci il tarixdə vəfat etmiş X4 vərəsəsi Cavabdehdır və o, miras əmlakdan tam hissədə pay almalıdır. Miras əmlak 1464,31 manat puldan ibarətdir.

Birinci instansiya məhkəməsindəki icraat

3. İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 2,239.57 manat məbləğində əsas bоrcu və 47.95 manat faiz borcu оlmaqla, cəmi 2,287.52 (İki min iki yüz səksən yeddi manat əlli iki qəpik) manat borcun və 42.88 manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı ASC-nin hesabına ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə borcalan X7 arasında bağlanmış 10 iyun 2019 il tariхli, **********91/1 nömrəli istehlak krеditi müqaviləsinə əsasən borcluya 36 ay müddətinə, illik 27% dərəcəsi ilə 3580 (üç min beş yüz səksən) manat məbləğində krеdit vеrilmişdir. X7 09 dekabr 2020-ci il tarixdə vəfat etmişdir. X4 vərəsələrinin olub-olmaması araşdırılarkən məlum olmuşdur ki, X6 dair Xaçmaz rayon 1 saylı Notariat ofisində vərəsəlik işi açılmışdır. Bundan sonra Xaçmaz rayon 1 saylı Notariat ofisinə vəkil sorğusu verilmiş və sorğu nəticəsində müəyyən edilmişdir ki, X4 vərəsəsi kimi Cavabdeh tanınmış və bu barədə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsi verilmişdir. Həmin şəhadətnaməyə əsasən 1,464 manat məbləğində pul vəsaitinə tam hissədə pay almışdır. Bundan sonra X4 vərəsəsi olaraq, kredit müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməsi ilə bağlı Cavabdeh xəbərdarlıq məktubu göndərilmiş, lakin banka olan borc ödənilməmişdir. 24 yanvar 2024-cü il tarixinə cavabdehin kredit müqaviləsi üzrə 2,239.57 manat məbləğində əsas bоrcu və 47.95 manat faiz borcu оlmaqla, cəmi 2,287.52 (İkimin iki yüz səksən yeddi manat əlli iki qəpik) manat məbləğində kredit bоrcu yaranmışdır.

5. Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2(067)-1217/2024 nömrəli qətnaməsi ilə (S.Səmədzadə) iddia təmin edilmiş və Cavabdeh 2,239.57 manat məbləğində əsas, 47.95 manat faiz borcu və 42.88 manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi qət edilmişdir.

6. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı müqavilə ilə öz üzərinə düşən öhdəliyi tam və lazımı qaydada icra etmiş, lakin qarşı tərəf müqavilə üzrə öz üzərinə düşən öhdəliyi tam və lazımi qaydada icra etməmişdir.

7. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 385.1, 389, 390.1, 397.1, 398.1, 399.1, 399.3, 399.4, 442, 443.1, 445.1, 445.2.1, 448.1, 448.2, 739.2ci və Mülki Prosessual Məcəllənin 14.2, 77.1-ci maddələrinin tələbləri ilə əsaslandırmışdır.

8. Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin dəyişdirilməsini xahiş etmişdir.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri

9. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Xaçmaz Rayon Məhkəməsinin gəldiyi nəticə ilə razı deyil. Mərhum həyat yoldaşı X4 vərəsəliyini ona görə qəbul etmişdir ki, onun bütün yas mərasimini və dəfn xərclərini ödəmiş və işlədiyi yerdən dəfn pulu almaq üçün ondan vərəsəliyini tələb etmişlər. O, vərəsə olaraq yalnız 1464.31 manatı əldə etmiş, başqa mərhum Sabir Məmmədovun heç bir əmlakına sahib olmamışdır ki, onun ödənişlərini icra etsin. Hal-hazırda işsizdir və dövlət tərəfindən heç bir müavinat və pensiya almır. Bundan əlavə, ondan başqa ailə üzvləri qızı və oğlu var, övladlarının heç biri vərəsəlik qəbul edilərkən iştirak etməyiblər. Lakin vərəsəlik işi onların iştirakı olmadan dəfn puluna görə açılıb deyə "xxxx" ASC sözü gedən məbləği tələb edir. Mərhum həyat yoldaşı X7 bankdan 10 iyun 2019-cu il tarixdə 300804-717591/1 nömrəli istehlak kredit müqaviləsinə əsasən 36 ay müddətinə illik 27% dərəcəsi ilə 3580 manat məbləğində kredit götürəndə bu məbləğ 2019-cu il tarixdə sığortalanıb. Lakin 5 il sonra bu iş yenidən öz başına qüvvəsini alıb.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

10. Apellyasiya şikayətinə qarşı tərəf etiraz təqdim etməmişdir.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

11. Məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişdirlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Konstitusiyası:

12. Maddə 29. Mülkiyyət hüququ Vİİ. Dövlət vərəsəlik hüququna təminat verir; Maddə 60. Hüquq və azadlıqların inzibati və məhkəmə təminatı İ. Hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir;

Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

13. Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar;

14. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür;

15. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür;

16. Maddə 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər;

17. Maddə 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir;

18. Maddə 1159.1. Qanun üzrə vərəsəlik zamanı ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər), bərabər pay hüquqlu birinci növbədə vərəsələr sayılırlar;

19. Maddə 1255. Qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır;

20. Maddə 1306.1. Vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar;

21. Maddə 1307. Vərəsələr tərəfindən kreditorların təmin edilməsi zamanı sübutetmə yükü Mirasın notarius tərəfindən siyahıya alındığı haldan başqa, vərəsə miras qoyanın borclarının mirasdan çox olduğunu sübut etməlidir.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

22. Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. (...)

23. Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (..)

24. Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

25. Maddə 372. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri (...) 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

26. Maddə 384. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyətləri 384.0. Apellyasiya instansiyası məhkəməsi: (...). 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. (...)

27. Maddə 385. Məhkəmə aktının apellyasiya qaydasında ləğv olunması üçün əsaslar 385.1. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi; 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

28. Maddə 402. Kassasiya şikayəti vermə hüququ 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. (...)

Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri

29. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsi iddianın təmin edilmiş hisəsində mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı həmin hissədə yoxlanılacaqdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

30. Məhkəmə kollegiyası məruzəçi-hakimi dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi qismən ləğv edilməlidir.

31. İşin mübahisəsiz halı ondan ibarətdir ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti və X7 arasında bağlanmış xx.xx.2019-cu il tariхli, 300804-717591/1 nömrəli istehlak krеditi müqaviləsinə əsasən borcluya 36 ay müddətinə, illik 27% dərəcəsi ilə 3580 (üç min beş yüz səksən) manat məbləğində krеdit verilmiş, borclu X7 xx.xx.2020-ci il tarixdə vəfat etmişdir. Kredit müqaviləsi üzrə borc tam ödənilməmiş, bank hazırda mövcud borcun mərhum X4 vərəsəsi Cavabdeh tələb edir.

32. Qanun üzrə vərəsəlik hüququ haqqında xx.xx.2021-ci il tarixli, reyestrdə 2V-879 nömrə ilə qeyd edilmiş şəhadətnamənin surətində qeyd olunur ki, xx.xx.2020-ci il tarixdə vəfat etmiş X4 vərəsəsi Cavabdehdır və o, miras əmlakdan tam hissədə pay almalıdır. Miras əmlak 1464,31 manat puldan ibarətdir.

33. İlk olaraq mülki hüquq münasibətlərinin əhatəli və aparıcı sahələrindən biri öhdəlik hüququdur. Öhdəlik iqtisadi dövriyyə iştirakçılarının öhdəlik hüququ normaları ilə tənzimlənən qarşılıqlı əlaqələridir.

34. Vərəsəliyə gəldikdə, bu hüquq obyektiv hüquq kimi ölmüş şəxsin əmlakının və bununla bağlı hüquq və vəzifələrinin qanun üzrə və ya vəsiyyət üzrə digər şəxslərə keçməsi qaydalarını müəyyənləşdirən hüquq normalarının məcmusudur.

35. Məhkəmə kollegiyası hesab edir ki, kredit müqaviləsi üzrə borclu olmuş mərhum X2mış miras əmlakın ümumi dəyəri 1464,31 manat pul vəsaitindən ibarət olduğundan, iddia tələbi Mülki Məcəllənin 1306-cı maddəsinə əsasən həmin həcmdə təmin oluna bilər. Odur ki, Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2(067)-1217/2024 nömrəli qətnaməsi Cavabdeh 823.21 (2239,57+47,95-1464,31) manat məbləğində borcun, o cümlədən 8,23 (42,88-34,65) manat dövlət rüsumunun tutulması hissəsində ləğv edilməli, Cavabdeh tutulacaq borcun məbləği 1464,31 manat məbləğində müəyyən edilməli və İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalıdır.

36. Mülki Prosessual Məcəllənin 385.1.2, 385.1.3 və 385.1.4-cü maddələrinə görə, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.

37. Kollegiya həmçinin qeyd edir ki, tutulmalı olan borcun məbləği 1464,31 manat məbləğində müəyyən edildiyindən, MPM-in 119.1-ci maddəsinə əsasən cavabdehdən dövlət rüsumuna görə ödənilmiş 34,65 manat İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

Apellyasiya şikayəti qismən təmin edilsin. Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2(067)-1217/2024 nömrəli qətnaməsi qismən - Cavabdeh 823,21 manat məbləğində borcun və 8,23 manat dövlət rüsumunun tutulması hissəsində ləğv edilsin və həmin hissədə yeni qətnamə qəbul edilərək iddia tələbi təmin edilməsin. Qətnamə qalan - Cavabdeh 1464,31 (bir min dörd yüz altmış dörd manat otuz bir qəpik) manat məbləğində borcun və dövlət rüsumuna görə ödənilmiş 34,65 (otuz dörd manat altmış beş qəpik) manatın İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması hissəsində dəyişdirilmədən saxlanılsın. Qətnamə çıxarıldığı andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar