Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1241/2025 20.11.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimi Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Məmmədov Fuad Əli oğlu və X1 ibarət tərkibdə, Məmmədova Rəxşəndə Elşad qızının katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-956/2025 nömrəli, 18 iyun 2025-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ Sumqayıt Şəhər Məhkəməsinin 18 iyun 2025-ci il tarixli qətnaməsi ilə (hakim V.Şirəliyeva) iddia tələbinin təmin edilməsi, Cavabdeh 12000 (on iki min) manat pul vəsaiti, ödənilmiş dövlət rüsumunun 126 (yüz iyirmi altı) manat hissəsi tutularaq İddiaçı xeyrinə ödənilməsi qət edilmişdir. Cavabdeh qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ İddiaçı Cavabdeh qarşı iddia qaldıraraq Cavabdeh 12000 manat və dövlət rüsumuna görə ödədiyi 180 manat pulun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə 06 oktyabr 2023-cü il tarixində Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində yerləşən “Çayka” sanatoriyasında görüşmüşdürlər. Həmin vaxt Cavabdeh yaxın qohumu Cəmalə, qaynı Anarın yoldaşı X5, Şəmsin qohumu X2 yanında ondan 150 qram çəkidə müxtəlif əyarlı qızılları almış və şifahi razılaşmalarına əsasən ilkin ödəniş kimi 1500 manat ödəməklə, növbəti ay 500 manat, qalan 13 ay ərzində isə hər ay 1000 manat ödəməklə borcu bağlamağı öhdəsinə götürmüşdür. Lakin cavabdeh 2023-cü ilin noyabr ayında 500 manat, dekabr ayında isə 1000 manat pulu ona ödədikdən sonra qalan 12000 manat pulu ona vermədi. Dəfələrlə Cavabdeh həmin pulları tələb etsə də, o, hər dəfə müxtəlif bəhanələr gətirmiş və ona olan 12000 manat borcu ödəmək istəmir. Onu aldatması faktına görə Bakı Şəhər Sabunçu Rayon Polis İdarəsinə rəsmi ərizə ilə müraciət etmişdir. Cavabdeh Bakı Şəhər Sabunçu Rayon Polis İdarəsinin İstintaq Şöbəsində ondan qızılları almasını və 12000 manat ona olan borcunu etiraf etmişdir. Qeyd olunan qızılları rəfiqəsi Təranədən almış və yaxın qohumlarından borc alıb onun pulunu vermişdir. Bakı Şəhər Sabunçu Rayon Polis İdarəsinin İstintaq Şöbəsində ərizəsi əsasında toplanmış 11K-1/2853 saylı material üzrə aralarında olan mübahisənin mülki xarakterli olması səbəbindən 12 noyabr 2024-cü il tarixdə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmiş və mübahisə ilə bağlı məhkəməyə müraciət edilməsi tövsiyə olunmuşdur. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Cavabdeh Sumqayıt Şəhər Məhkəməsinin 18 iyun 2025-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edərək iddia tələbinin rədd edilməsinə dair yeni qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmənin gəldiyi əsassız və qanunsuz qətnamə ilə razılaşmır. Cavabdeh Polis İdarəsində verdiyi izahatda tələb olunan məbləği etiraf etməmişdir. Həmin izahatdakı imza ona məxsus deyil. Çünki cavabdeh şöbədə izahat verərkən, 3000 manat məbləğində qızıl götürdüyünü etiraf etmiş, iddiaçı da etiraf etmişdir ki, 3000 manat pul vəsaiti ona qaytarılmışdır. Sabunçu rayon Polis İdarəsində isə onun izahatı dəyişdirilmişdir. Hesab edir ki, iş üzrə ekspertiza təyin olunmalı və Sabunçu rayon Polis İdarəsində verilən izahatdakı imzanın cavabdehə məxsus olubolmaması müəyyən olunmalıdır. Şöbədən fərqli olaraq İdarədə onun izahatı dəyişdirilmişdir. Çünki cavabdeh şöbədə necə izahat vermişdirsə, idarədə də eyni izahat vermişdir. İddia tələbində qeyd olunan məbləğlə bağlı hər hansı bir mötəbər sübut yoxdur. Şahid ifadələri isə mötəbər sübut kimi qiymətləndirilə bilməz. Şahidlərdən Cehunə adlı şəxsin cavabdehlə münasibətləri qənaətbəxş olmamışdır. Hazırkı vəziyyətdə iddiaçı əsassız olaraq varlanmışdır. Çünki iddia tələbinin heç bir hüquqi əsası yoxdur. Ona görə də hesab edir ki, iddia tələbi əsassız olduğundan rədd olunmalıdır. Məhkəmə çəkişmə prinsipinə əməl etməmişdir. Heç bir araşdırma aparmamış, düzgün nəticəyə gəlməmiş, qanunsuz və əsassız qətnamə qəbul etmişdir. Sonuncu məhkəmə iclasında isə iştirakı təmin edilməmişdir. Məhkəmə prosesin çəkişmə prinsipini təmin etməmiş, cavabdehin iştirakını təmin etmədən, qərarını özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandırmışdır. Halbuki MPM-nin tələbinə görə məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratmamışdır. Məhkəmə qətnaməsi lazımi əsaslandırılmadan qəbul edilmişdir. İş üzrə obyektiv araşdırma aparılmadığından iddia tələbini qəbul etmir. Qətnamə tamamilə qanunsuz və əsassızdır. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATİ Məhkəmə kollegiyasının iclasında dindirilən iddiaçının nümayəndəsi Nümayəndə1 apellyasiya şikayətini qəbul etməyərək, şikayətin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə cavabdehə məlumat verilməsinə baxmayaraq, məhkəmə kollegiyasının iclasında iştirak etməmiş, iştirak etməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2. maddəsinə əsasən cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. İş materiallarını araşdırıb, məruzəçini və iddiaçının nümayəndəsinin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və qətnamə dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi iddia tələbinin təmin edilməsini Cavabdeh iddiaçıdan qeyd olunan məbləğdə qızıl əşyaları alması onun Sabunçu rayon Polis İdarəsində verilmiş izahatı ilə də öz təsdiqini tapması ilə əsaslandırmışdır. Birinci instansiya məhkəməsinin nəticəsindən narazı qalan Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd olunmasını xahiş etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İlk növbədə qeyd olunmalıdır ki, mülki iş üzrə mübahisəni həll edən məhkəmənin ilkin vəzifələrindən biri prosessual qənaət prinsipini təmin etmək və araşdırmanın predmetini müəyyən etmək üçün tərəflərin mübahisələndirmədikləri faktları, yəni işin mübahisəsiz hallarını müəyyən etmək və iddia tələbinin qanuni əsasını tapmaqdan ibarətdir. İşdən görünür ki, tərəflər arasında qızılın alqı-satqısı ilə bağlı şifahi razılaşmanın (müqavilə) olması işin mübahisəsiz halıdır. Baxılan iş üzrə iddia pul tələbi barədədir. İddia tələbinin qanuni əsasını Mülki Məcəllənin 600-cü maddəsi təşkil edir. Məlum olduğu kimi, Mülki Məcəlləsinin 600.1. 600.4-cü maddələrinə əsasən alqısatqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn: pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır (Mülki Məcəllənin 385.1 maddəsi). Həmin Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məhkəmə tərəfindən tərəflərin ədalətli məhkəmə araşdırma hüququnu təmin etmək məqsədilə işə əlavə olunmuş tərəflər arasındakı telefon danışığı ilə bağlı qeydə alınmış diskdəki səs yazıları dinlənilmiş və bu zaman Cavabdeh tərəfindən İddiaçı qızıl-zinət əşyalarını alması öz təsdiqini tapmışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi xx.xx.2021-ci il tarixli qərarında qeyd etmişdir ki, şəxs tərəfindən əqdin qarşı tərəfinin bildirdiyi iradə ifadələrini əks etdirən danışıqların həmin münasibət barəsində yaranan hüquqi mübahisənin həllində istifadə olunması öz-özlüyündə şəxsi toxunulmazlıq hüququna qəsd kimi qiymətləndirilə bilməz. Belə ki, həmin danışıq və yazışmalar əqdin tərəfləri üçün sirr deyildir və mahiyyət etibarı ilə aralarındakı hüquqi münasibətlə bağlı bir-birlərinə yazılı mətn halında çatdırdıqları iradə ifadələrindən və bildirişlərindən fərqlənmir. Bu baxımdan başqa şəxsə deyil, birbaşa əlaqədar tərəflər arasında olan danışıqların mülki mübahisənin həlli zamanı istifadə edilməsi Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsi ilə nəzərdə tutulan hallara aid edilə bilməz. Qeyd olunmalıdır ki, işdə iştirak edən şəxslərin izahatları o halda işin hallarını müəyyən etməyə imkan verən mötəbər sübut kimi qəbul oluna bilər ki, həmin izahatlar işdə olan digər sübutlarla təsdiqlənmiş olsun. Göründüyü kimi tərəflər arasındakı telefon danışığındakı səs yazısında qızıl əşyalarının satışı ilə bağlı Cavabdeh iddiaçıya 12.000 manat məbləğində pul borclu qalması öz təsdiqini tapır. Qeyd etmək lazımdır ki, mülki hüquq məsuliyyətin yaranma əsaslarından biri də iki tərəfin iradə ifadəsi olan müqavilədir. Cavabdeh qeyd olunan müqavilə üzrə üzərinə düşən öhdəliyi icra etmədiyindən, müqavilənin tərəfi olan iddiaçı mövcud müqavilə üzrə cavabdehin ödəməli olduğu pulu ondan tələb etməkdə haqlı olmuşdur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Hiro Balani İspaniya qarşı” üş üzrə 09 dekabr 1994-cü il tarixli qərarında göstərmişdir ki, milli məhkəmələr hər təqdim olunan sübutu cavablandırmaq vəzifəsini daşımasalar da, məhkəmə tərəfindən mühüm arqumentlər cavabsız qaldıqda məhkəmə baxışı ədalətli hesab edilə bilməz. Ərizəçinin arqumentinin apellyasiya məhkəməsi tərəfindən rədd edildiyi və ya sadəcə nəzərə alınmadığı aydın deyil. Hər halda, həmin məhkəmə bu arqumenti rədd etsəydi, bunu öz qərarında əsaslandırmalı idi. Bu baxımdan məhkəmə kollegiyası cavabdehin Sabunçu rayon Polis İdarəsindəki izahatının dəyişdirilməsi və həmin izahatdakı imzanın ona məxsusluğunun müəyyən olunması üçün ekspertizanın təyin edilməsi barədə apellyasiya şikayətinin dəlilinə gəldikdə isə qeyd olunmalıdır ki, xx.xx.2025-ci il tarixli məhkəmə iclasına dəvət olunmuş cavabdeh, həmin iclasa gəlmədiyindən sonuncunun şikayətində göstərdiyi dəlili araşdırmaq məqsədilə növbəti məhkəmə iclası xx.xx.2025-ci il tarixə təxirə salınmış, lakin cavabdeh həmin vaxta da məhkəmə iclasında yenidən iştirak etməmişdir. Qeyd etmək lazımdır ki, tərəfin çəkişməli prosesdə iştirak dərəcəsi onun öz iradəsindən asılıdır və çəkişmədəki passiv iştirakı onun özü üçün neqativ nəticələrə səbəb olur. Bu mənada məhkəmə kollegiyası Cavabdeh ekspertiza keçirilməsini arzuladığı halda, sonradan onun ekspertiza keçirilməsindən yayınması (ekspertizanın keçirilməsi üçün imza nümunələrini təqdim etməməsi) ekspertiza təyin edilən faktının rədd edilməli olması qənaətini qaçılmaz edir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qəbul etdiyi qətnamə işin həqiqi hallarına uyğun olmaqla, tərəflərin qarşılıqlı münasibətlərini əks etdirir, eləcə də, qətnamə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə qəbul edilmişdir. Azərbaycan Respublikası MPM-nin 385.2. maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri formal mülahizədən ibarət olmaqla, məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsas hesab edilə bilməz. Bu səbəbdən apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 384.0, 384.0.1, 385.2, 392, 393-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏTETDİ Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin 18 iyun 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən kassasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-1241/2025
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1241/2025
20.11.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver