Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1245/2025 25.09.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi hakim Dəmirov İlqar Kamal oğlu, hakimlər Məmmədov Zahid Tahir oğlu və Məmmədov Elçin Qüdrət oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əhmədzadə Səbinə Məhəmməd qızının katibliyi ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair mülki iş üzrə Şuşa Rayon Məhkəməsinin 10 iyun 2025-ci il tarixli, e-2(077)-216/2025 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh iddiaçının xeyrinə xx.xx.2024-cü il tarixli, RGTK1375132C226 saylı kredit müqaviləsinə əsasən 9174,75 manat əsas borc, 484,26 manat faiz borcu olmaqla, cəmi 9659,01 manat məbləğində borcun və 116,59 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli, RGTK1375132C226 saylı kredit müqaviləsinə əsasən ona 83 ay müddətinə illik 17 faiz dərəcəsi ilə 9174,75 AZN məbləğində kredit verilmişdir. Kredit müqaviləsinə əsasən cavabdeh müəyyən olunmuş müddətdə kredit və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəliyi lazımi qaydada yerinə yetirməmiş və banka olan borcunu tam qaytarmamışdır. Bank tərəflər arasında bağlanmış müqavilələrin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh həmin müqavilələr üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Nəticədə cavabdehin xx.xx.2025-ci il tarixə banka xx.xx.2024-cü il tarixli, RGTK1375132C226 saylı kredit müqaviləsinə üzrə 9174,75 manat əsas borc, 484,26 manat faiz borcu olmaqla, cəmi 9659,01 manat borcu yaranmışdır. Bank tərəfindən dəfələrlə şifahi xəbərdarlıq olunmasına və rəsmi bildirişin göndərilməsinə baxmayaraq (pretenziya qaydasında həll olunma) borcun qaytarılması təmin edilməmişdir. Şuşa Rayon Məhkəməsinin 10 iyun 2025-ci il tarixli, e-2(077)-216/2025 nömrəli qətnaməsi ilə iddianın təmin edilməsi, Cavabdeh xx.xx.2024-cü il tarixli, RGTK1375132C226 saylı kredit müqaviləsinə əsasən 9174,75 manat əsas borc, 484,26 manat faiz borcu olmaqla, cəmi 9659,01 (doqquz min altı yüz əlli doqquz manat 1 qəpik) manat məbləğində borc və 116,59 (bir yüz on altı manat 59 qəpik) manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməsi qət edilmişdir (hakim Sərdar Mehrəliyev). Şuşa Rayon Məhkəməsinin 10 iyun 2025-ci il tarixli, e-2(077)-216/2025 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən apellyasiya şikayəti verilərək qətnamənin tamamilə ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılması xahiş edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, İddiaçı ASC ilə bağlanılmış xx.xx.2024-cü il tarixli kredit müqaviləsinə əsasən, ona 83 ay müddətinə kredit verilmişdir. Həmin müqavilə üzrə İddiaçı ASC-yə xx.xx.2031 tarixinədək hər ay 188,68 manat məbləğində ödəniş ödəməli idi. Lakin üzləşdiyi maddi çətinliklər ödənişlərin həyata keçirilməsi istiqamətində problemlər yaşamağına səbəb olub. Hazırki vəziyyətə aylıq ödəməli olduğu 188,68 məbləğinin ödənilməsində əziyyət çəkdiyi halda, məhkəmə yekun məhkəmə qətnaməsində 9659,01 (doqquz min altı yüz əlli doqquz manat 1 qəpik) manatın və 116,59 (bir yüz on altı manat 59 qəpik) manat dövlət rüsumunun ödənilməsini tələb etməsi reallıqdan tamamilə uzaqdır. Belə ki, ədalət mühakiməsi real faktlar əsasında dəyərləndirilir. Bununla belə məhkəmə iddiaçının xeyrinə mübahisəni həll edərkən digər diqqətəlayiq halların qiymətləndirilməsinə etinasız münasibət göstərmişdir. Nəzərə almaq lazımdır ki, yekun məhkəmə aktları qanuni və əsaslı olmaqla icra perspektivi də nəzərə alınmalıdır. Məhz bu səbəbdən müqavilə müddəti ərzində (xx.xx.2031-ci il tarixə qədər) xxxx-2024 tarixli RGTK1375132C226 saylı kredit müqaviləsinə əlavə ödəniş qrafikinə müvafiq olaraq ödənişin aylar üzrə tutulması icra potensialına uyğun olduğundan kreditin tərəfindən ödənilməsi ağlabatandır. Digər tərəfdən qanunvericilik tələb edir ki, məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Lakin məhkəmədə həmin nəticələr barədə aydın məlumat ala bilməmişdir. Qətnaməni özü xx.xx.2025-ci il tarixində məhkəmədən götürüb tanış olduqdan sonra ödəniş məbləği və digər yekun hüquqi nəticələr barədə məlumatlardan xəbəri oldu. Həmçinin məhkəmə qətnamədə hesablanmış faiz miqdarına münasibətdə natamam mövqe bildirmiş, ümumiyyətlə hesablanma qaydasına toxunmamışdır. Bu işin hərtərəfli, tam və obyektiv tədqiqinə şübhə doğuran haldır. Belə ki, iddiaçı tərəfindən müəyyənləşdirilmiş faiz miqdarı doğru hesablanmamışdır. Məhkəmə sadəcə iddiaçının qoyduğu iddia tələbini təsdiqləməklə kifayətlənmiş və hesabın necə müəyyən edilməsini konkretləşdirməmişdir. Odur ki, hazırki mülki işdə çıxarılmış qətnamənin qanuni və əsaslı olmasında ciddi əksikliklər mövcuddur. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmalarına baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmişlər. İddiaçı ASC “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə ərizə ünvanlayaraq qeyd etmişdir ki, cavabdehin qeyd etdikləri demək olar ki, söz toplusudur, ləğv üçün əsas deyil. Belə ki, müqavilənin şərtləri cavabdeh tərəfindən pozulduğundan iddiaçı tərəfin haqlı iddiasına səbəb olmuşdur. Hesab edir ki, cavabdeh bu cür şikayət verməklə işin həllini müəyyən müddət uzatmaq məqsədi daşıyır. Müqavilə var, müqavilənin şərtləri var. Müqavilənin şərtlərini hər iki tərəf vaxtında icra etməlidir. Məhkəməyə iddia qaldırılan zaman cavabdehdən 9.174,75 manat əsas, 484.26 manat isə faiz borcu tələb edilmişdir. Müqavilənin şərtlərinin vaxtında icra edilməməsi səbəbindən bu qədər faiz borcu yaranmışdır. Apellyasiya şikayətində qeyd edilənlər qətnamənin ləğvi üçün əsas ola bilməz. Məhkəmə kollegiyası MPM-nin 376.2-ci maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı, 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirərək, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli, RGTK1375132C226 saylı kredit müqaviləsinin surətindən görünür ki, bank tərəfindən borc alana 83 ay müddətinə illik 17 faiz dərəcəsi ilə 9174,75 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli kassa məxaric orderinin surətindən görünür ki, Cavabdeh imza etməklə 9174,75 manat məbləğində pul vəsaitini bankdan almışdır. İş materiallarında olan xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh banka xx.xx.2024-cü il tarixli, RGTK1375132C226 saylı kredit müqaviləsinə əsasən 9174,75 manat əsas borc, 484,26 manat faiz borcu olmaqla, cəmi 9659,01 manat borcu vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 442.1-ci maddəsinə uyğun olaraq öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 743.1-ci maddəsinə əsasən kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. 742.5-ci maddəsinə əsasən qanunda və ya borc müqaviləsi ilə borcalanın xeyrinə ayrı qayda nəzərdə tutulmayıbsa, borcverən aşağıdakı hallarda müəyyən müddətə verilmiş borcun (o cümlədən borcun vaxtından əvvəl tələb edildiyi günədək borcla bağlı borcverənə ödənilməli olan faiz və (və ya) digər ödənişlərin) vaxtından əvvəl qaytarılmasını tələb edə bilər: 742.5.1. borcalanın əmlak vəziyyətinin əhəmiyyətli dərəcədə pisləşməsi (o cümlədən müqavilə bağlanılmazdan əvvəl baş vermiş və müqavilə bağlanılan anadək aradan qaldırılmamış pisləşmə borcverənə sonradan məlum olduqda) və ya borcalanın borcverənə hər hansı yanlış məlumat verməsi səbəbindən borcun vaxtında qaytarılmayacağını güman etməyə əsaslar olduqda; 742.5.2. borcun hissə-hissə qaytarılmasını və (və ya) faizlərin və (və ya) haqların hissə-hissə ödənilməsini nəzərdə tutan borc müqaviləsi üzrə vaxtı çatmış borcun (faizlər və (və ya) haqlar daxil olmaqla) 90 (doxsan) gün və ya daha çox müddətə gecikdirilməsi, yaxud borcun (faizlər və (və ya) haqlar daxil olmaqla) ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması (90 (doxsan) gündən az olmamaqla); 742.5.3. borcalan borc öhdəliyinin icrasının təmin edilməsi üzrə vəzifəsini yerinə yetirmədikdə, borcverənin cavabdeh olmadığı hallarla əlaqədar təminat itirildikdə (məhv olduqda, xitam verildikdə və s.) və yaxud dəyəri azaldıqda (o cümlədən qarantın və ya zaminin əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşdikdə) və bu hallarda borcun vaxtında qaytarılmayacağını güman etməyə əsaslar olduqda; 742.5.4. borcun təyinatı borc müqaviləsində göstərildiyi halda borcalan borcverənə borcun təyinatı üzrə istifadə edilməsinə müqavilədə nəzərdə tutulmuş qaydada nəzarət etməyə imkan vermədikdə və ya borc təyinatı üzrə istifadə olunmadıqda. Kollegiya qeyd edir ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli, RGTK1375132C226 saylı kredit müqaviləsinin 3.1.4-cü bəndinə əsasən müştəri tərəfindən müqavilə üzrə borcların (əsas, faiz və digər borclar) vaxtında ödənilməsi müddəti pozulduqda Bank kreditin hesablanmış faizi ilə və digər borcları ilə birlikdə qaytarılmasını Müştəridən vaxtından əvvəl tələb edə bilər. İşin hallarına əsasən də müəyyən edilir ki, cavabdeh kredit müqaviləsi bağlayarkən götürdüyü öhdəlikləri pozmuş və onları lazımi qaydada icra etməyərək kreditor İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməli olan əsas borcu və faiz məbləğini ödəniş cədvəlində nəzərdə tutulan qaydada ödəməmiş və bununla da, kreditor İddiaçı ASC Açıq Səhmdar Cəmiyyətindən alınmış krediti müqavilə ilə müəyyən edilmiş müddət ərzində qaytarmamaqla müqavilə öhdəliklərini müvafiq qaydada yerinə yetirməmiş, həmçinin apellyasiya şikayətinin dəlillərində də hazırda maddi imkanı olmadığından ödəmək imkanı olmadığını qeyd etmişdir. Göründüyü kimi kreditor bankın müqavilə üzrə borcu vaxtından əvvəl tələb etmə hüququ yaranmışdır. Cavabdehin apellyasiya şikayətinin dəlillərinə münasibətdə kollegiya qeyd edir ki, həmin dəlillər onun müqavilə üzrə öhdəliklərini yerinə yetirməməsi üçün əsas deyildir. Beləliklə, yuxarıda qeyd olunanlardan göründüyü kimi birinci instansiya məhkəməsinin qətnaməsi iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslandığı üçün təmin edilməməlidir və həmin dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Buna görə apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin hazırki iş üzrə qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 392, 393 və 402.1 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şuşa Rayon Məhkəməsinin 10 iyun 2025-ci il tarixli, e-2(077)-216/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər.
Məhkəmə qərarları › İş №2(105)-1245/2025
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1245/2025
25.09.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver