Məhkəmə qərarları › İş №2(105)-1246/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1246/2021

26.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1246/2021 26.04.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ X5 Tağızadənin sədrliyi və məruzəsi, X2 Məmmədova və Telman Osman oğlu Quliyevdən ibarət tərkibdə, Zümrüd Ruslan qızı Abbaslının katibliyi, İddiaçının nümayəndəsi və vəkili: X1, Cavabdeh: Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh Agadadaş oğluna qarşı pul tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakim R.N.Qoşqarlı) iddianın qismən təmin edilməsi, Cavabdeh 130000 (bir yüz otuz min) manat məbləğində pulun və iş üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun alınaraq İddiaçı ödənilməsi qət edilmişdir. İ Ş İ N H A L L A R İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 130000 (yüz otuz min) manat pulun və 13000 manat Milli Bankın uçot dərəcəsi ilə hesablanmış faiz məbləğinin bütövlükdə 143000 manat pulun onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırmışdır ki, o, Cavabdeh 2014-cü ildən tanıyır. Cavabdehlə polietilen istehsalı ilə məşğul olmaq üçün iş birliyi yaratmaq fikrinə gəlmişdir. 2017-ci ilin noyabr ayında ümumi iş birliyini reallaşdırmaq üçün 130000 manat məbləğində pul vermişdir. Sahibkarlıq fəaliyyətinin məqsədi qazanc əldə etməkdir. Lakin 2017-ci ilin noyabr ayından bugünə kimi cavabdeh iddiaçıya qazancdan və verilmiş pul məbləğindən ona pul qaytarmamışdır. Azərbaycan Respublikası MM-nin 439.3-cü maddəsi müəyyən edir ki, Qanuna və ya müqaviləyə əsasən borcun üstünə faizlər hesablanmalı olduqda, əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, onlar iki faiz bəndi əlavə edilməklə Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilən uçot dərəcəsi miqdarında, lakin ildə azı beş faiz miqdarında hesablanır. Bununla bağlı cavabdeh ona 13000 manat pul ödəməlidir. Cavabdeh öz üzərinə düşən öhdəliyi yerinə yetirməmiş, götürdüyü borc məbləğini geri qaytarmamışdır. Cavabdeh 130000 manat pulun alınması ilə bağlı qəbzə imza atdığından hesab edir ki, borc müqaviləsinin sadə yazılı formasından istifadə etmişlər. Mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, sahibkarlıq fəaliyyəti ilə məşğul olmuşdur. «xxxx» MMC-nin rəhbəri olmuşdur. Həmin şirkətin, «Azərkimya» İstehsalat Birliyindən kimyəvi materiallar- yəni, polietilen xammalı və spirt alqı-satqısı ilə məşğul olur. 2015-ci ilin xatırladığına görə yaz aylarında təxminən 2013-cü ildən sahibkarlıq fəaliyyəti ilə məşğul olan polietilen sexi işlədən şəxs kimi tanıdığı İddiaçı işlətdiyi polietilen sexinə xammal almaq üçün ona müraciət etmişdir. O, da, «Azərkimya» İstehsalat Birliyindən aldığı külçə, toz-tullantı, çirkli polietilen xammalını Mehmana satmağa başlamış, qeyd edilən materialların hər tonuna görə Mehman ona qazanc kimi 70 manat pul ödəməli idi. Lakin, bahalı xammal alınanda razılaşıdıqlarına görə Mehman ona qazanc kimi pul ödəməmişdir. Bundan əlavə, alınan xammalın pulu onun tərəfindən «Azərkimya» istehsalat Birliyinə nəğd, bəzən isə köçürmə vasitəsilə ödənişlər həyata keçirilmişdir. Mehman isə sonradan həmin pulları hissə-hissə olmaqla ona ödəmişdir. Bu barədə Mehman və onun arasında hər hansı sənədləşmə aparılmamışdır. 2016-cı ilin təxminən oktyabr ayında «Azərkimya» İstehsalat Birliyindən ona polietilen xammalını yalnız istehsalat birliyinə satılacağı deyilmiişdir. O, da bu barədə Mehmana danışıb, ona xammal sata bilməyəcəyini demişdir. Söhbət əsnasında Mehman bildirmişdir ki, özünün əvvəllər vergi işlərində problemi olduğuna görə özünün də «Azərkimya» İstehsalat Birliyindən polietilen üçün xam material ala bilməyəcəklər. Belə olanda o, Mehmanın işlətdiyi Sumqayıt şəhəri H.Z.Tağıyev qəsəbəsində yerləşən poletilen istehsalı sexini formal olaraq icarəyə götürüb, həmin icarə müqaviləsi əsasında “Azərkimya” İstehsalat Birliyindən xammal alıb, Mehmana satmağı, Mehman isə yenə də öz sexini özünün işlətməsini razılaşmışlar. 2016-ci ilin təxminən oktyabr ayında Mehmanın sexini icarəyə götürməsi barədə müqavilə bağlayaraq, polietilen üçün xammal alqı-satqısını əvvəlki qaydada davam etdirmişlər. 2018-ci ilin noyabr ayınadək bir-birlərinə hər hansı problem yaranmamış, gecikmələrlə də olsa bir- birlərinin işini görmüşlər. İddianın təmin edilməsində məhkəmənin istinad etdyi yeganə sübut, onun iddiaçıya təqdim etdiyi sadə yazılı qəbzdir. Qeyd edilən qəbzin mötəbərliyi, həqiqəti əks etdirməsi, sübut növü olaraq onun real ifadəni ifadə etməsi halı isə məhkəmə tərəfindən araşdırılmamış, nəticədə səthi qətnamə qəbul etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsinin ləğv edilərək iddia tələbinin təmin olunmamasına dair yeni qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətinin dəlillərini müdafiə etdi, ona oxşar izahat verdi və onun təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdi. İddiaçının nümayəndəsi və vəkili A.Ş.Qulamov apellyasiya şikayətinin dəlillərini qəbul etmədi, iddia ərizəsinə uyğun izahat verdi, məhkəmə tərəfindən heç bir qanun pozuntusunun olmamasını bildirdi və qətnamənin dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyası işdə iştirak edən tərəflərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara görə iş üzrə məhkəmə qətnaməsi dəyişdirilməməlidir, apellyasiya şikayəti isə təmin edilməməlidir. H Ü Q U Q İ M Ə S Ə L Ə L Ə R: İşdən görünür ki, birinci instansiya məhkəməsi qətnamə ilə iddia ərizəsini qismən təmin edərkən, iddiaçının cavabdehə borcunun olmasının təqdim edilmiş qəbzə istinad etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi bu nəticə qanuni və əsaslı olmaqla, işin məhkəmə iclasında araşdırılmış faktiki hallarına tam uyğundur. Belə ki, Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldiyindən, apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduğundan, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edilib-edilməməsinə hüquqi qiymət verilməlidir. İş materiallarında olan əlyazmanın surətindən görünür ki, İddiaçı tərəfindən xammal alqı-satqısına görə Cavabdeh ümumilikdə 130000 manat pul ödəmiş və sonuncu tərəfindən həmin məbləğin aldığını qeyd etmişdir. İşdə olan “Cinayət işinin başlanılmasının rədd edilməsi haqqında xx.xx.2019-cu il tarixli qərarının surətindən görünür ki, İddiaçı ərizəsi əsasında toplanmış ilkin yoxlama materialı üzrə cinayət işinin başlanılması rədd edilmişdir. Məhkəmə kollegiyası cavabdeh T.A.Rzayevin iddiaçı tərəfindən borcun qeyd olunması barədə dəftərin əslini məhkəmə iclasına təqdim olunmaması barədə gətirdiyi dəlilə qiymət verərək, hesab edir ki, həmin dəlil qəbul edilməməlidir. Məhkəmə prosesi zamanı iddiaçınün nümayəndəsi tərəfindən təqdim olunmuş dəftərindən müəyyən olunur ki, iddiaçı M.E.Rzayev tərəfindən xx xxxxxx 2017-ci ildə 80.000 manat xx xxxxxx 2017-ci ildə 20.000 manat və x xxxxxx 2017-ci ildə Cavabdeh 30.000 AZM məbləğində nagd pul verildiyi göstərilmişdir. Həmin pulun alınması barədə Cavabdeh məhkəmə iclasında etiraf etmişdir, lakin o pulun qaytarılmasını bildirmişdir. “İnsan Hüquqları və X3 Haqqında Konvensiya”nın 6-cı maddəsinin 1-ci bəndinə görə, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 740-cı maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091-ci maddəsinə görə əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 135.1 və 135.2-ci maddəsinin tələblərinə görə pul da əmlak hesab olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1092.1-ci maddəsi nə görə varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qeyd olunan qanunveriçilik normalardan çıxış edərək məhkəmə belə nəticəyə gəlir ki, hazırki mübahisə üzrə Cavabdeh varlanmış şəxs, İddiaçı isə məhrum olandır. Cavabdeh varlanmasına haqqı qazandıran əsas və ya müqavilə olmadığı üçün o, əldə etdiyini İddiaçıa qaytarmalıdır. Bundan əlavə iddiaçı cavabdehdən 13000 manat Milli Bankın uçot dərəcəsi ilə hesablanmış faiz məbləğinin bütövlükdə 143000 manat pulun onun xeyrinə tutulmasını xahiş etsə də iddiaçı bu barədə cavabdehlə aralarında hər hansı bir müqavilənin mövcudluğunu bu barədə hər hansı bir razılaşmanın olmasına dair heç bir sübut məhkəməyə təqdim edə bilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir; işə qiyabi baxıldığı halda qətnamənin nəticə hissəsində cavabdehin qətnamənin ləğvi üçün ərizə vermə qaydası da əks olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Beləliklə, məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində göstərilən digər dəlilləri də araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olduğundan və işdə, iş üzrə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar olmadığından, iş üzrə məhkəmə qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT E T D İ: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin iş üzrə xx xxxxxx 2020-ci il tarixli 2(060)-3084/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Gülnarə Tağızadə Hakimlər Lətifə Məmmədova Telman Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar