Məhkəmə qərarları › İş №2(105)-1246/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1246/2023

05.07.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1246/2023 05.07.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh ASC-yə qarşı istehsalatda baş vermiş bədbəxt hadisəyə görə ödənişin verilməsi tələbinə dair mülki iş üzrə (Açar sözlər: istehsalatda baş vermiş bədbəxt hadisəyə görə ödəniş, vaxtaşırı ödəmələrin miqdarının artırılması) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri X1 (sədrlik edən və məruzəçi), Məmmədov Fuad Əli oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, İsmayılova Ləman Zakir qızının katibliyi, İddiaçı və onun nümayəndəsi Nümayəndə iştirakı ilə, Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(067)-344/2023 nömrəli qətnaməsindən Cavabdeh ASC tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi: İşin halları Xaçmaz Rayon Məhkəməsinin 2(067)-378/2011 nömrəli, xx.xx.2011-ci il tarixli qətnaməsinin surətinə əsasən İddiaçı Cavabdeh ASC-yə qarşı istehsalatda baş vermiş bədbəxt hadisəyə görə ödənişin verilməsi tələinə dair iddiaı təmin edilmiş, Cavabdeh ASCdən ödənilməmiş ödəncin məbləği kimi 3762 manat məbləğində pulun alınaraq İddiaçı verilməsi qət edilmişdir. Xaçmaz Rayon Məhkəməsinin 2(067)-596/2012 nömrəli, xx.xx.2012-ci il tarixli qətnaməsinin surətinə əsasən İddiaçı Cavabdeh ASC-yə qarşı vurulmuş zərərin əvəzinin ödənilməsi tələbinə dair iddiası təmin edilmiş, Cavabdeh ASC-dən xx.xx.2011-ci il tarixdən xx.xx.2012-ci il tarixədək olan dövr üçün hər aya görə 99 manat olmaqla, cəmi 1287 manat ödənc pulunun alınaraq İddiaçı verilməsi qət edilmişdir. Xaçmaz Rayon Məhkəməsinin 2(067)-1306/21 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsindən müəyyən olunur ki, Cavabdeh ASC-dən xx.xx.2021-ci il tarixədək olan dövr üçün ödənilməmiş 2850 manat məbləğində pul alınaraq İddiaçı verilməsi qət edilmişdir. Azərbaycan Respublikasında minimum aylıq əmək haqqının məbləği 2021-ci il üçün 250 manat, 2022-ci il üçün 300 manat, 2023-cü il tarixi üçün isə 345 manat məbləğində müəyyən edilmişdir. Birinci instansiya məhkəməsində icraat İddiaçı məhkəmədə iddia və iddiaya əlavə verərək, Cavabdeh ASC-dən onun xeyrinə xx.xx.2021-ci il tarixdən xx.xx.2023-cü il tarixədək olan dövr üçün 18 ayın hər aya görə 310,5 manat olmaqla, cəmi 5589 manat ödəniş pulun alınaraq ona verilməsi barəsində qətnamə çıxarılmasını xahiş etmişdir İddiaçın dəqiqləşdirmə ərizəsi ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, o, 15 noyabr 2022-ci il tarixində Xaçmaz rayon məhkməsində Cavabdeh Aşıq Səhmdar Cəmiyyətindən onun xeyrinə 01 sentyabr 2021-ci il tarixindən 15 noyabr 2022-ci il tarixinə olan dövr üçün 15 ayın hər aya görə 275 manat olmaqla cəmi 4050 manat ödəniş pulunun alınıb verilməsi barədə qətnamə qəbul edilməsi üçün iddia ərizə ilə müraciət etmişdir. Məhkəmə 28 fevral 2023-cü il tarixinə təyin edildiyindən 01 sentyabr 2021-ci il tarixindən bu günə kimi olan dövr 18 aya bərabərdir. Nəzərə alısa ki, 01 yanvar 2023-cü il tarixindən Azərbaycan Respublikasının Prezidentinin fərmanı ilə Azərbaycan Respublikasında minimum əmək haqqı 345 manat olmuşdur. 345 manatın 90 %-i 310 manat 50 qəpik edir. Bu 18 ay ərzində dərman, ərzaq və digər istehlak mallarının qiyməti çox bahalaşmışdır. Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(067)-344/2023 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh ASC-dən xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan dövr üzrə hər ay üçün 250 manat olmaqla, cəmi 1000 manat pul, xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan dövr üzrə hər ay üçün 300 manat olmaqla, cəmi 3600 manat pul, xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək olan dövr üzrə hər ay üçün 345 manat olmaqla, cəmi 690 manat pul, yəni ümumilikdə 5290 manat (1000+3600-690) məbləğində pulun alınaraq İddiaçıa verilməsi qət edilmişdir. (hakim Vüsalə Qasımova) Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1. 1096, 1097, 1118, 1119, 1123, . 319.5, 415.2, 415.5, 416.1-ci maddələri, Mülki Prosessual Məcəllənin 14.2, 77.1 və 217.4-cü maddələri ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri Cavabdeh ASC apellyasiya şikayəti verib, Xaçmaz Rayon Məhkəməsinin 2(067)- 344/20223 xx.xx.2023-cü il tarixli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Şikayətin dəlilləri: Xaçmaz rayon məhkəməsinin 2(067)-344/2023 saylı, 16 mart 2023-ci il tarixli qətnaməsi birtərəfli, əsassız, qeyri-obyektiv qəbul edildiyindən və birinci instansiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2, 8, 9, 14, 88, 217, 218-ci maddələrinin tələbləri, o cümlədən ədalət mühakiməsinin faktlar əsasında həyata keçirilməsi, sübutların obyektiv, qərəzsiz qiymətləndirilməsi, qətnamənin qanuni və əsaslılığı kimi mülki məhkəmə icraatının prinsipləri kobud surətdə pozulmuş, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar araşdırılmamış, məhkəmə tərəfindən tətbiq edilməli olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq maddələri nəzərə alınmamışdır. Sadalanan maddi və prosessual hüquq normalarının məhkəmə tərəfindən pozulması sonda düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnmişdir. Aşağıdakılara əsasən Xaçmaz Rayon məhkəməsinin 2(067)-344/2023 saylı, 16 mart 2023-ci il qətnaməsinin ləğv edilməsi, apellyasiya şikayətinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmalıdır. Belə ki, tərtib edilən qətnamə prosessual Məcəllənin tələblərinə cavab vermir. Qətnamə lazımı qaydada əsalandırılmamışdır. Əsas hissə ilə nəticə hissəsi arasında səbəbli əlaqə yoxdur. Qətnamədə iddianın qısa təsviri barədə hər hansı məlumat yoxdur. Birbaşa iddiaçının ərizədə etdiyi dəqiqləşdirmə hissəsinə keçmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli, qərarına uyğun olaraq Qətnamənin tərtib edilməsi haqqında 2005-ci il tarixli Konstutsiya Məhkəməsinin qərarında göstərdiyitələblər kobud şəkildə pozulmuşdur. Həmçinin Xaçmaz rayon məhkəməsinin 2(067)-1306/21 saylı xx.xx.2021-ci il tarixli qətnaməsi ilə xx.xx.2021-ci il tarixədək olan dövr üçün ödənilməmiş 2850 manat məbləğində pul alınaraq İddiaçı verilməsi qət edilmişdir. Hazırkı iş üzrə məhkəmə qətnaməsi vardır. Lakin yeni halın yaranması üçün əsaslı hallar yoxdur. Yeni çıxarılan qətnamədə müstəqil öhdəlik yaranıb artıq. Eyni zamanda orta əmək haqqının qalxması heç də yeni iddianın verilməsi üçün əsas deyil. İndeksləşdirmə zaman orta əmək haqqını deyil statistik göstəriciləri eyni zamanda borclunun mənafeyi və maliyyə imkanları nəzərə alınmamışdır. Məhkəmə bu hallarada qiymət verməmişdir və işi araşdırmamışdır. Həmçinin CavabdehASC fəaliyyətini dayandırıb və gəlirləri yoxdur. Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri Apellyasiya şikayətinə yazılı etiraz daxil olmamışdır. Apellyasiya icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının əvvəlki iclasında İddiaçı və onun nümayəndəsi Nümayəndə apellyasiya şikayətinə etiraz edərək təmin olunmamasını xahiş etdilər. Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq iş üzrə CavabdehASC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə, məhkəmə işə baxmağa haqlıdır. Qeyd olunan hüquq normasını əsas götürərək məhkəmə kollegiyası işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 1096. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1097. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər; qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər; Əgər zərər zərərçəkənin xahişi və ya razılığı ilə vurulmuşsa, onun əvəzini ödəməkdən imtina edilə bilər. Maddə 385. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 459.2. Əgər bədən xəsarəti və ya sağlamlığa zərər vurulması nəticəsində zərərçəkən əmək qabiliyyətini itirmişsə və ya bu qabiliyyəti azalmışsa, yaxud onun tələbatı artırsa, zərərçəkənə zərərin əvəzi aylıq dolanacaq xərcinin verilməsi ilə ödənilməlidir. Maddə 1118. Fiziki şəxsə xəsarət yetirilərkən və ya onun sağlamlığı başqa şəkildə pozularkən zərərçəkənin malik olduğu, yaxud yəqin ki, malik ola biləcəyi və itirdiyi qazancın (gəlirin), habelə sağlamlığının pozulması ilə bağlı əlavə çəkdiyi xərclərin, o cümlədən müalicəyə, əlavə qidalanmaya, dava-dərman alınmasına, protezləşdirməyə, başqasının qulluğuna, sanatoriya-kurort müalicəsinə, xüsusi nəqliyyat vasitələri əldə edilməsinə, başqa peşəyə hazırlanmaya çəkdiyi xərclərinin əvəzi ödənilir, bu şərtlə ki, zərərçəkənin həmin yardım və qulluq növlərinə möhtac olduğu və bunları pulsuz almaq hüququnun olmadığı müəyyənləşdirilsin; itirilmiş qazanc (gəlir) müəyyənləşdirilərkən zərərçəkənə xəsarət yetirilməsi və ya sağlamlığının başqa şəkildə pozulması ilə əlaqədar təyin edilmiş əlilliyə görə pensiya, eləcə də həm sağlamlığına zərər vurulanadək, həm də zərər vurulduqdan sonra təyin edilmiş digər pensiyalar, müavinətlər və digər bu cür ödənişlər nəzərə alınmır və zərərin əvəzinin ödənilməsi miqdarının azaldılmasına səbəb olmur (zərərin əvəzinin ödənilməsi hesabına daxil edilmir). Zərərçəkənin sağlamlığı pozulduqdan sonra əldə etdiyi qazanc (gəlir) da zərərin əvəzinin ödənilməsi hesabına daxil edilmir. Bu Məcəllənin 1118-ci maddəsinə uyğun olaraq zərərçəkənə ödənilməli zərərin əvəzinin həcmi və miqdarı qanunla və ya müqavilə ilə artırıla bilər. Maddə 1119. Zərərçəkənin itirdiyi və əvəzi ödənilməli qazancın (gəlirin) miqdarı onun xəsarətdən və ya sağlamlığının başqa şəkildə pozulmasından və ya əmək qabiliyyətini itirməsindən əvvəlki orta aylıq qazancından (gəlirindən) faizlər şəklində müəyyənləşdirilir. Bu faizlər zərərçəkənin professional əmək qabiliyyətini itirməsi dərəcəsinə, professional əmək qabiliyyəti olmadıqda isə ümumi əmək qabiliyyətini itirməsi dərəcəsinə uyğun gəlməlidir; Zərərçəkənin itirdiyi qazancın (gəlirin) tərkibinə onun həm əsas iş yerində, həm də əvəzçilik üzrə əmək və mülki hüquq müqavilələri əsasında əməyinin ödənilməsinin gəlir vergisi tutulan bütün növləri daxil edilir. Birdəfəlik xarakterli ödənclər, o cümlədən istifadə edilməmiş məzuniyyətə görə kompensasiya və işdən azad edilərkən işdənçıxma müavinəti nəzərə alınmır. Müvəqqəti əmək iqtidarsızlığı və ya hamiləliyə və doğuşa görə məzuniyyət dövrü üçün ödənilmiş müavinət nəzərə alınır. Sahibkarlıq fəaliyyətindən götürülən gəlir, habelə müəllif qonorarı itirilmiş qazancın tərkibinə daxil edilir, bu zaman sahibkarlıq fəaliyyətindən götürülən gəlir müvafiq icra hakimiyyəti orqanının məlumatına əsasən daxil edilir. Qazancın (gəlirin) bütün növləri vergilər tutulanadək hesablanmış məbləğlərdə nəzərə alınır; Zərərçəkənin orta aylıq qazancı (gəliri) onun sağlamlığının pozulmasından əvvəlki on iki aylıq qazancının (gəlirinin) ümumi məbləğinin on ikiyə bölünməsi yolu ilə hesablanır. Zərər vurulanadək zərərçəkənin on iki aydan az işləmiş olduğu halda orta aylıq qazanc (gəlir) sağlamlığın pozulmasından əvvəlki faktik işlənilmiş aylar üçün qazancın (gəlirin) ümumi məbləğinin həmin ayların sayına bölünməsi yolu ilə hesablanır. Zərərçəkənin tam işləmədiyi aylar onun arzusu ilə tam işlənilmiş əvvəlki aylarla əvəz edilir və ya əvəz etmək mümkün olmadıqda hesabdan çıxarılır; Zərərin vurulduğu an zərərçəkənin işləmədiyi halda öz arzusu ilə onun işdən azad edilənədək əldə etdiyi qazanc və ya həmin ərazidə onun ixtisasından olan işçiyə verilən muzdun adi miqdarı, lakin altı manatdan az olmamaqla, nəzərə alınır; Əgər xəsarət yetirilənədək və ya sağlamlığı başqa şəkildə pozulanadək zərərçəkənin qazancında (gəlirində) onun əmlak vəziyyətini yaxşılaşdıran sabit dəyişikliklər baş vermişdirsə (tutduğu vəzifə üzrə əmək haqqı artırılmışdırsa, daha yüksək maaşlı işə keçirilmişdirsə, əyani təhsil aldığı təhsil müəssisəsini bitirdikdən sonra işə girmişdirsə və zərərçəkənin əməyinin ödənilməsində dəyişikliyin və ya dəyişiklik imkanının sabitliyinin sübuta yetirildiyi başqa hallarda), onun orta aylıq qazancı (gəliri) müəyyənləşdirilərkən yalnız müvafiq dəyişiklikdən sonra aldığı və ya almalı olduğu qazanc (gəlir) nəzərə alınır. Maddə 1123. Əmək qabiliyyətini qismən itirmiş zərərçəkənin sağlamlığının pozulması ilə əlaqədar əmək qabiliyyəti sonralar zərərin əvəzinin təyin edildiyi məqamdakına nisbətən azaldıqda o, zərərin əvəzinin ödənilməsi vəzifəsinin həvalə olunduğu şəxsdən əvəz miqdarının müvafiq surətdə artırılmasını istənilən vaxt tələb edə bilər. Əgər zərərçəkənin əmək qabiliyyəti zərərin əvəzinin təyin edildiyi məqamdakına nisbətən artarsa, zərərçəkənin sağlamlığına vurulmuş zərərin əvəzini ödəmək vəzifəsinin həvalə olunduğu şəxs əvəz miqdarının müvafiq surətdə azaldılmasını tələb edə bilər. Əgər zərərin əvəzini ödəmək vəzifəsinin həvalə olunduğu fiziki şəxsin əmlak vəziyyəti yaxşılaşmışsa, əvəz miqdarı isə bu Məcəllənin 1116.3-cü maddəsinə uyğun azaldılmışsa, zərərçəkən zərərin əvəzinin ödənilməsi miqdarının artırılmasını tələb edə bilər. Əgər zərər vurmuş fiziki şəxsin əmlak vəziyyəti əlilliklə və ya pensiya yaşına çatmaqla əlaqədar olaraq zərərin əvəzinin ödənilməsinin təyin edildiyi məqamdakı vəziyyətə nisbətən pisləşmişdirsə, onun tələbi ilə məhkəmə zərərin əvəzinin ödənilməsi miqdarını azalda bilər, amma zərərin qəsdən törədilmiş hərəkətlərlə vurulduğu hallar istisna təşkil edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 233.4. Cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6 və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Apellyasiya şikayətindən görünür ki, cavabdeh Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(067)-344/2023 nömrəli qətnaməsini tam həcmdə mübahisələndirmişdir. Ona görə də kollegiya Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsinin tam həcmdə yoxlanılmasını vacib hesab edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini və işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarından görünür ki, Xaçmaz Rayon Məhkəməsinin 2(067)-1306/21 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə Cavabdeh ASC-dən xx.xx.2021-ci il tarixədək olan dövr üçün ödənilməmiş 2850 manat məbləğində pulun alınaraq İddiaçı verilməsi qət edilmişdir. Azərbaycan Respublikasında minimum aylıq əmək haqqının məbləği 2021-ci il üçün 250 manat, 2022-ci il üçün 300 manat, 2023-cü il tarixi üçün isə 345 manat məbləğində müəyyən edilmişdir. Göründüyü kimi, İddiaçı Cavabdeh ASC-yə qarşı istehsalatda baş vermiş bədbəxt hadisəyə görə ödəniş tələbinə dair mülki işi üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnamələr vardır. Lakin onların arasında olan münasibətlər davamlı xarakter daşıdığından, iddiaçı yenidən məhkəməyə müraciət etmişdir. AR MPM-in 233.4-cü maddəsinin tələbinə görə cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. Qanunverici, prinsip etibari ilə məhkəmə tərəfindən ödəmənin miqdarı müəyyən olunduqdan sonra onun miqdarının dəyişdirilməsinin mümkünlüyünü nəzərdə tutur. Lakin bunun ən əsas şərti məhkəmə tərəfindən ödənişin miqdarı müəyyən olunduqdan sonra ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən halların dəyişməsinin sübuta yetirilməsidir. Hazırkı mübahisə üzrə iddiaçı, ödənişin miqdarının artırılmasını Xaçmaz Rayon Məhkəməsinin 2(067)-1306/21 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə müəyyənləşdirilmiş məbləğin onun ehtiyaclarını ödəməyə imkan verməməsinə, dərman, ərzaq və digər istehlak mallarının qiyməti bahalaşmasına əsaslanmaqla tələb etmişdir. Göründüyü kimi, Xaçmaz Rayon Məhkəməsinin 2(067)-1306/21 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinin qəbul edilməsindən xeyli müddət keçmiş, həmin müddətdən sonra minimum yaşayış tələbatları artmışdır. Birinci instansiya məhkəməsinin hazırkı iş üzrə qətnaməsindən görünür ki, məhkəmə iddia tələbinin 5589 manat olmasına baxmayaraq, iddianın qismən, ödənişin məbləğini ümumilikdə 5290 manat həcmində təmin etməklə hər iki tərəfə münasibətdə balanslaşdırmış qətnamə qəbul etmişdir. Beləliklə də, məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh ASCö tərəfindən ödənilməli olan məbləğin bu həddə artırılması barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin faktiki hallarına uyğundur. Məhkəmə kollegiyası onu da qeyd etməyi zəruri hesab edir ki, hər hansı bir məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün əsas şərtlərdən biri onun ədalətli olmasıdır. Avropa İnsan Hüquqları Məhkəməsinin bir çox qərarlarında da (“Delcourt Belçikaya qarşı” iş üzrə xx.xx.1970-ci il tarixli, “Piersack Belçikaya qarşı” iş üzrə xx.xx.1982-ci il tarixli, “X2rşı” iş üzrə xx.xx.1984-cü il tarixli qərarları) ifadə olunmuş mövqeyinə görə “ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir”. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək və birinci instansiya məhkəməsinin mübahisə üzrə gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, şikayətdə göstərilən dəlillər apellyasiya şikayətinin təmin edilməsi üçün əsas ola bilməz. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış, tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir ki, bu da Azərbaycan Respublikasının MPM-nin 384.0.1-ci maddəsinə görə məhkəmə qətnaməsinin apellyasiya qaydasında dəyişdirilmədən saxlanması, apellyasiya şikayətinin isə təmin edilməməsi üçün əsasdır. Beləliklə də, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, hazırkı iş üzrə Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(067)- 344/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392-393 və 405.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Cavabdeh ASC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(067)-344/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar