Məhkəmə qərarları › İş №2(105)-1246/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1246/2024

06.08.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1246/2024 06.08.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh qarşı mülki iş üzrə QƏTNAMƏSİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Fuad Əli oğlu, hakimlər X9 və X1 ibarət tərkibdə, Əliyev Rəşad Ayıl oğlunun katibliyi, İddiaçı MMC-nin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(060)-77/2024 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən toplanmış materialda cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmiş və materialın Cavabdeh barəsində Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsinə əsasən inzibati tənbeh tədbirlərinin görülməsi üçün Binəqədi RPİ-nin DYPŞ-nə göndərilməsi qərara alınmışdır.

Birinci instansiya məhkəməsindəki icraat

2. İddiaçı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək İddiaçı MMC-yə məxsus “Nissan X-Trail” markalı, **-AG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə vurulmuş zərərin əvəzi olan 4500 (dörd min beş yüz) manatın və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 65 (altmış beş) manatın Cavabdeh İddiaçı MMC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

3. İddia tələbi onunla əsaslandırılmışdır ki, “Nissan X-Trail” markalı, **-AG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi mülkiyyət hüququ əsasında İddiaçı MMC-yə məxsusdur. İddiaçı MMC-də əmək fəaliyyəti ilə məşğul olan X7 həmin nəqliyyat vasitəsini yol vərəqəsi əsasında idarə edir. 15 sentyabr 2022-ci il tarixində saat 21 radələrində Cavabdeh X8 məxsus olmaqla etibarnamə əsasında idarə etdiyi “Ford-Focus” markalı, **- VL-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə Bakı şəhəri, Binəqədi rayonu, A.Gəraybəyli küçəsi ilə üzü Atatürk prospekti istiqamətində hərəkətdə olarkən iki küçənin kəsişməsində olan 2.4 “yol ver” nişanının tələblərinə riayət etməyib yol ayrıcının keçilməsi qaydasını pozaraq baş yolda Atatürk prospekti ilə üzü C.Xəndan küçəsi istiqamətində hərəkət edən X3 İddiaçı MMC-yə məxsus olmaqla yol vərəqəsi əsasında idarə etdiyi “Nissan X-Trail” markalı, **-AG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə toqquşaraq yol nəqliyyat hadisəsi törətmişdir. Nəticədə İddiaçı MMC-yə məxsus “Nissan X-Trail” markalı, **-AG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə maddi zərər dəymişdir. Binəqədi Rayon Polis İdarəsinin Təhqiqat Şöbəsinin baş təhqiqatçısı, polis mayoru X5 01 oktyabr 2022- ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarına əsasən, yol-nəqliyyat hadisəsinin törədilməsində “Ford-Focus” markalı, **-VL-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini hadisə zamanı idarə edən Cavabdeh təqsirli bilinmişdir. "xxxx" MMC-nin 5228 nömrəli, xx.xx.2022-ci il tarixli qiymətləndirmə aktına əsasən, İddiaçı MMC-yə məxsus “Nissan XTrail” markalı, **-AG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə hadisə zamanı 9500 (doqquz min beş yüz) manat məbləğində maddi zərər dəydiyi müəyyənləşdirilmişdir. “Ford-Focus” markalı, **-VL-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi hadisə zamanı icbari qaydada "xxxx" ASC-də sığortalanmışdır. "xxxx" ASC xx.xx.2022-ci il tarixində icbari sığorta qaydasında dəymiş zərərin əvəzi olaraq 5000 (beş min) manat İddiaçı MMC-yə ödəniş etmişdir. Dəymiş zərərin qalan hissəsi olan 4500 (dörd min beş yüz) manat isə hadisənin törədilməsində təqsirli bilinən Cavabdeh İddiaçı MMC-nin xeyrinə tutulmalıdır.

4. "xxxx" MMC-nin 5228 nömrəli, xx.xx.2022-ci il tarixli qiymətləndirmə aktından görünür ki, İddiaçı MMC-yə məxsus “Nissan X-Trail” markalı, **-AG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə hadisə zamanı 9500 (doqquz min beş yüz) manat maddi zərər dəydiyi müəyyənləşdirilmişdir.

5. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 9/8685 saylı ekspert rəyindən görünür ki, nəzəri hesablama yolu ilə, "xxxx" MMC tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli, 5228 №-li qiymətləndirmə aktı məlumatlarına əsasən 2014-cü il buraxılışlı, mühərrik həcmi 2488 sm3, “Nissan” markalı, “Xtrail” model, **-AG-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci təxminən aşağıdakı kimi müəyyən edilir: Dəyişilməli hissələrin qiyməti təzə hissələrin qiymətinə müvafiq hesablanmaqla 9500 manat, o cümlədən: dəyişilməli hissələrin qiyməti - 7000 manat; təmir- bərpa işlərinin qiyməti - 2500 manat. Dəyişilməli hissələrin qiymətinə aşınma tətbiq edilməklə 7986,00 manat, o cümlədən: dəyişilməli hissələrin qiyməti - 5486,00 manat; təmir- bərpa işlərinin qiyməti - 2500 manat.

6. Nəqliyyat vasitələrinə dəymiş ziyanın müəyyən olunması ilə bağlı ekspertizalar barədə Məhkəmə ekspertizası mərkəzinin 27 yanvar 2015-ci il tarixli 422-li məktubunda göstərilənlərə əsasən nəqliyyat vasitələrinə dəymiş ziyanın müəyyən olunması ixtisaslaşdırılmış servis müəssisələrinin arayışı əsasında əmtəəşünaslıq ekspertizaların aparılması məqsədə müvafiq hesab olunduğundan, 2014-cü il buraxılışlı mühərrik həcmi 2488 sm3, “Nissan” markalı, “Xtrail” model, **-AG-*** dövlət qeydiyyat nişanlı avtomobilin bərpası məqsədilə zədələnmiş hissələrin (dəyişilməli və bərpa oluna bilən) və görüləcək əl işlərinin qiymətləndirilməsi üzrə ekspertiza tədqiqatı "xxxx" MMC tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli, 5228 №-li qiymətləndirmə aktı əsasında hesablanır.

7. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(060)-77/2024 nömrəli qətnaməsi ilə (hakim Elmir Hüseynov) iddia tələbi qismən təmin edilərək, İddiaçı MMC-yə məxsus “Nissan XTrail” markalı, **-AG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə hadisə zamanı dəymiş maddi ziyan olaraq 2986 manat və 49,86 manat ödənilmiş dövlət rüsumunun əvəzinin Cavabdeh tutularaq İddiaçı MMC-yə ödənilməsi, ödənilmiş 15,14 manat dövlət rüsumunun iddiaçının özünə aid edilməsi və ekspertizası tədqiqatının dəyəri olaraq 50 (əlli) manat pulun Cavabdeh tutularaq X2 müxbir hesabına köçürülməsi (Kod: 210005, VÖEN: **********, Müxbir hesab: AZ41NABZ********************) və iddia tələbinin qalan hissədə rədd edilməsi qət edilmişdir.

8. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, yolnəqliyyat hadisəsi baş verdiyindən və bunun nəticəsində iddiaçıya maddi zərər dəydiyindən, o, hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Sözügedən avtomobilə dəymiş zərərin məbləği ilə əlaqədar tərəflər arasında mübahisə yarandığından məhkəmə tərəfindən ekspertizanın keçirilməsi labüd hesab edilmiş, iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 9/8685 saylı ekspert rəyinə əsasən, nəzəri hesablama yolu ilə, "xxxx" MMC tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli, 5228 №-li qiymətləndirmə aktı məlumatlarına əsasən 2014-cü il buraxılışlı, mühərrik həcmi 2488 sm3, “Nissan” markalı, “Xtrail” model, **-AG-*** dövlət qeydiyyat nişanlı avtomobilin dəyişilməli hissələrin qiymətinə aşınma tətbiq edilməklə 7986,00 manat məbləğində müəyyən edilmişdir.

9. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Azərbaycan Respublikasının Konstitusiyasının 13 və 29-cu maddələri, Mülki Məcəllənin 21, 21.2, 1097.1, 1108.1-ci maddələrinin, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 217.3, 217.4-cü maddələrinin tələbləri ilə əsaslandırmışdır.

10. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək, qətnaməsinin ləğv edilib, iddianın rədd edilməsini xahiş etmişdir.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddia tələbini qəbul etmir. Hesab edir ki, iddia tələbi tam qanunsuz və əsassızdır. Məhkəmə əvvəldən ona qarşı qərəzli mövqe tutmasa idi, işin ədalətli həllinə nail ola bilərdi. Belə ki, məhkəmə baxışı zamanı məhkəmə çəkişmə prinsipini pozmuş, iddiaçı tərəfin əsassız varlanmaq istəyinə və hüquqdan sui-istifadə etməsinə göz yummuşdur. Belə ki, iddiaçı şirkətin avtomobilinə 9500 manatlıq ziyanın dəyməsi absurd və əsassızdır. Özlərinə yaxın olan MMC-lərdən alınmış qiymətləndirilmə aktlarının heç bir hüququ əsası yoxdur. Ekspertiza təyin edildikdən sonra və məhkəmə gedə-gedə iddiaçı təşkilat həmin avtomaşını satıb. Nəticədə ekspert avtomaşına baxış keçirməkdən məhrum olub. Verdiyi rəy isə əvvəlki qiymətləndirilmə aktına əsaslanıb. O, hələ hadisə olandan dərhal sonra dəfələrlə iddiaçı təşkilata avtomobili təmir etdirmək üçün ona verilməsini təklif etmişdir. Lakin MMC nə avtomobili ona vermiş, nə də ondan hansısa bir tələbləri olmuşdur. Hadisədən 2 ilə yaxın müddət keçdikdən sonra isə hazırki iddia ilə məhkəməyə müraciət olunmuşdur. Yol-nəqliyyat hadisəsində təqsirli olmağını mübahisələndirmir. Baxmayaraq ki, iddiaçı tərəfin sürücüsü də hadisəni törədərkən telefon vasitəsi ilə danışırdı və yola diqqət yetirmirdi. Buna baxmayaraq günahkardırsa, deməli avtomoilə dəymiş zərər də dəqiq və düzgün hesablanmalıdır. Qiymətləndirilmə aktında göstərilir ki, guya avtomobildə dəyişməli hissələrin qiyməti 7000 manat təşkil edir. Təmir bərpa işlərinin isə 2500 manatdır. Dəqiqliyi ilə deyə bilər ki, həmin avtomobilə dəymiş ziyan sığorta təşkilatın verdiyi məbləğdən də az təşkil edir. Məhkəmə tərəfindən təyin edilmiş ekspertiza isə avtomobili görmədən, onun razılaşmadığı və mübahiəsələndirdiyi akta əsaslanmışdır. Burada hansı ədalətdən söhbət gedə bilər? Belə çıxır ki iddiaçı təşkilat həm sığortadan pul alır, həm məhkəmə gedə-gedə avtomobili satıb bir növ ekspertiza baxışından yayındırıb, həm də ondan pul tələb edir. Bu açıq-aşkar hüquqdan sui-istifadədir. Məhkəmə bütün bunları nəzərə almadan ədalətsiz qətnamə qəbul etmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

12. Apellyasiya şikayətinə qarşı tərəf yazılı etiraz təqdim etməmişdir.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

13. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı MMC-nin nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətinə etiraz edib, təmin edilməməsini xahiş etdi.

14. Məhkəmə iclasının yeri və vaxtı barədə Cavabdeh məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

15. Maddə 21. Zərərin əvəzinin ödənilməsi 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. (...)

16. Maddə 1096. Mülki hüquq pozuntuları (deliktlər) anlayışı 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.

17. Maddə 1097. Mülki hüquq pozuntuları üçün məsuliyyətin əsasları 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1097.3. Qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. 1097.5. Əgər zərər zərərçəkənin xahişi və ya razılığı ilə vurulmuşsa, onun əvəzini ödəməkdən imtina edilə bilər.

18. Maddə 1108. Ətrafdakılar üçün yüksək təhlükə yaradan fəaliyyətlə törədilmiş zərərə görə məsuliyyət 1108.1. Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. 1108.2. Yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. 1108.3. Yüksək təhlükə mənbələrinin sahibləri bu mənbələrin qarşılıqlı təsiri (nəqliyyat vasitələrinin toqquşması və i.a.) nəticəsində üçüncü şəxslərə dəymiş zərər üçün bu Məcəllənin 1108.1-ci maddəsində nəzərdə tutulan əsaslar üzrə birgə məsuliyyət daşıyırlar. Yüksək təhlükə mənbələrinin qarşılıqlı təsiri nəticəsində onların sahiblərinə dəymiş zərərin əvəzi ümumi əsaslarla ödənilir.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

19. Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. (...)

20. Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (..)

21. Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

22. Maddə 103. Ekspert rəyinin məhkəmə tərəfindən qiymətləndirilməsi 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. 103.2. Ekspertin rəyi ilə məhkəmənin razılaşmaması iş üzrə qətnamədə və ya qərardadda əsaslandırılmalıdır.

23. Maddə 372. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri (...) 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

24. Maddə 384. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyətləri 384.0. Apellyasiya instansiyası məhkəməsi: (...). 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər (...)

25. Maddə 402. Kassasiya şikayəti vermə hüququ 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. (...)

Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri

26. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsi iddia tələbinin təmin edilən hissəsində mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı qeyd edilən hissədə yoxlanılacaqdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

27. Məhkəmə kollegiyası məruzəçi-hakimi dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

28. Belə ki, iş materialında olan cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən Cavabdeh əməlində cinayət əməlinin tərkibi olmadığından barəsində cinayət işinin başlanması rədd edilmiş, Cavabdeh əməlində Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsinə əsasən inzibati tənbeh tədbirlərinin görülməsi üçün Binəqədi RPİ-nin DYPŞ-nə göndərilməsi qərara alınmışdır.

29. Məhkəmə kollegiyası qeyd edir ki, baş vermiş yol-nəqliyyat hadisəsində cavabdehin təqsirli olması və vurulmuş zərəri ödəməli olması işin mübahisəsiz halıdır. Bu halı cavabdeh də, qəbul edir. Mübahisələndirilən hal vurulmuş zərərin məbləği ilə bağlıdır.

30. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 9/8685 nömrəli ekspert rəyindən görünür ki, nəzəri hesablama yolu ilə "xxxx" MMC tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli, 5228 №-li qiymətləndirmə aktı məlumatlarına əsasən 2014-cü il buraxılışlı, mühərrik həcmi 2488 sm3, “Nissan” markalı, “Xtrail” model, **-AG-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci dəyişilməli hissələrin qiyməti - 5486,00 manat; təmir- bərpa işlərinin qiyməti - 2500 manat müəyyən edilmişdir.

31. Cavabdeh apellyasiya şikayətində dəymiş zərərin məbləğini mübahisələndirsə də, iddiaçı MMC-yə məxsus məxsus “Nissan” markalı, “X-Trail” model, **-AG-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin miqdarının iş üzrə keçirilmiş ekspertiza tədqiqatına dair rəydə göstərilən məbləğdən az olması, işdə olan ekspert rəyinin əsassız, işin hallarına görə kifayət qədər aydın və tam olmamasının nədən ibarət olması barədə məhkəməyə hər hansı sübut növü təqdim etməmişdir.

32. Nəzərə almaq lazımdır ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

33. Mülki Prosessual Məcəllənin 78.1-ci maddəsinə əsasən, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.

34. Məhkəmə kollegiyası hesab edir ki, iş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli, 9/8685 nömrəli rəyi Mülki Prosessual Məcəllənin 103-cü maddəsinə əsasən mötəbər sübut kimi qiymətləndirilməlidir.

35. Belə ki, ekspert hesablama apararkən təqdim olunmuş sənədləri əsas tutmuş, rəydə ekspertin gəldiyi nəticə əsaslandırılmışdır.

36. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, hazırki işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün Mülki Prosessual Məcəllənin 385.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyildir.

37. Göstərilən halları nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarına düzgün istinad etmişdir ki, bu da Azərbaycan Respublikası MPM-in 384.0.1-ci maddəsinə görə məhkəmə qətnaməsinin apellyasiya qaydasında baxıldıqda dəyişdirmədən, apellyasiya şikayətini təmin etmədən saxlanması üçün əsasdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(060)-77/2024 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə çıxarıldığı andan qanuni qüvvəyə minir. Qətnamədən kasasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar