Məhkəmə qərarları › İş №2(105)-1247/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1247/2023

30.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1247/2023 30.08.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimi Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər X6 və Məmmədova Lətifə Məhyəddin qızından ibarət tərkibdə, Həsənli Ülkər Cabbar qızının katibliyi, iddiaçılar İddiaçı1 və İddiaçı2 nümayəndəsi vəkil Nümayəndə1 iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Xaçmaz Rayon Məhkəməsinin 29 noyabr 2022-ci il tarixli, 2(067)-1951/2022 nömrəli qətnaməsindən iddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında apellyasiya qaydasında baxaraq, MÜƏYYƏN ETDİ Xaçmaz Rayon Məhkəməsinin 29 noyabr 2022-ci il tarixli qətnaməsi ilə (hakim S.Səmədzadə) iddia tələbinin rədd edilməsi, ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir. İddiaçılar İddiaçı1 və İddiaçı2 qətnamədən apellyasiya şikayəti vermişlər. İŞİN HALLARİ İddiaçılar İddiaçı1 və İddiaçı2 məhkəmədə iddia qaldıraraq Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev küçəsi, 102 saylı binanın qarşısında yerləşən 3 mərtəbəli ticarət obyektinin magistral yola baxan tərəfindən birinci mərtəbəsindəki 504.000 manat dəyərində 72 kv.m. ticarət sahəsinin 175.000 manatı istisna olmaqla, qaytarılmamış 329.000 manat manat məbləğin və ödənilmiş 619 manat dövlət rüsumunun Cavabdeh alınaraq onlara verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İddia tələbi onunla əsaslandırılmışdır ki, 19 oktyabr 2015-ci il tarixdə "xxxx" MMC ilə İddiaçı1 arasında 12 saylı müqavilə bağlanmışdır. Müqaviləyə əsasən "xxxx" MMC-yə məxsus Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev küçəsi, 102 saylı binanın qarşısında yerləşən 3 mərtəbəli ticarət obyektinin magistral yola baxan tərəfindən birinci mərtəbəsindəki 504.000 manat dəyəirndə 72 kv.metrlik 5 nömrəli ticarət sahəsini hər kvadrat metrini 7000 manat olmaqla, ümumilikdə 504.000 manata İddiaçı1 satılmışdır. Həmin tarixdə ticarət sahəsinin ümumi dəyəri tərəfindən "xxxx" MMC-ə tam şəkildə ödənilmiş və "xxxx" MMC-i ona ticarət sahəsinin dəyərinin tam şəkildə ödənildiyini təsdiq edən maliyyə arayışı təqdim etmişdir. İddiaçı1 məxsus həmin ticarət sahəsi İddiaçı2 Cavabdeha olan 175.000 manat borcu müqabilində həmin borcu qaytarılanadək İddiaçı2 tərəfindən cavabde Cavabdeh istifadəsinə verilməklə, xx.xx.2016-cı il tarixli, 29 nömrəli müqavilə əsasında müvəqqəti olaraq onun adına keçirmişdir. Sonradan İddiaçı2 cavabdehə 175.000 manat borcunu ödəməklə həmin ticarət sahəsinin qaytarılmasını cavadbehdən tələb etsə də, cavabdeh İddiaçı2 175.000 manat borcu qəbul etməkdən və ümumiyyətlə ticarət sahəsini qaytarmaqdan qəti şəkildə imtina etmişdir. Bundan sonra İddiaçı2 cavabdehin həmin ticarət sahəsini ələ keçirməsi barədə ərizə ilə DİN-nin BMCM İdarəsinə müraciət etmişdir. İddiaçı2 ərizəsi üzrə DİN aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, Cavabdeh ilə 2015-ci ilin sonlarından 2016-cı ilin əvvəllərinə kimi olan müddət ərzində şifahi razılaşma əsasında pulunu sonradan ödəmək şərti ilə İddiaçı2 tikinti materialları satmış, sonrakı müddət ərzində İddiaçı2 borcun bir hissəsini ödəyərək qalan 175.000 manatın əvəzində ona yəni İddiaçı1 məxsus Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev küçəsi, 102 saylı binanın qarşısında yerləşən 3 mərtəbəli ticarət obyektinin magistral yola baxan tərəfindən birinci mərtəbəsindəki 504.000 manat dəyərində 72 kv.m. ticarət sahəsini cavabdehin adına keçirmişdir. Sonradan isə İddiaçı2 cavabdehə olan 175.000 manat borcunu ödəməklə, həmin ticarət sahəsinin qaytarılmasını ondan tələb etsə də, cavabdeh həmin ticarət sahəsini qaytarmadığına görə onlar arasında mübahisə yaranmışdır. Qeyd edir ki, cavabdeh ona məxsus 504.000 manat dəyərində 72 kv.m. ticarət sahəsini 175.000 manat borca görə ələ keçirmiş, bununla belə ticarət sahəsinin ümumi dəyərindən ona, İddiaçı1 qaytarmalı olduğu 329.000 manat pulu qaytarmayıb və əsassız olaraq varlanmış, eyni zamanda ona qaytarmalı olduğu 329.000 manat puldan qanunsuz istifadə etməklə ona maddi zərər vurmuşdur. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ İddiaçılar İddiaçı1 və İddiaçı2 Xaçmaz Rayon Məhkəməsinin 29 noyabr 2022-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddianın təmin edilməsi barədə qətnamənin qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi mübahisənin həllinə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091-1092-ci maddələrini tətbiq etməli olduğu halda tətbiq etməmişdir. Lakin məhkəmə təqdim etdiyi sübutları araşdırmamış, ümumiyyətlə onlara münasibət belə bildirməmişdir. Belə ki, DİNnin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin işdə olan xx.xx.2021-ci il tarixli məktubunu ümumiyyətlə tədqiq etməmişdir. Bununla belə, işdə qeyri-yaşayış sahəsini Cavabdeh İddiaçı1 razılığı ilə satıldığı nəticəsinə gəlməyə hər hansı bir əsas olmamasına baxmayaraq, məhkəmə bu barədə iddiaçıların nümayəndəsinin izahat verdiyini göstərmiş, lakin iddiaçıların nümayəndəsi verdiyi izahatda mübahisəli qeyri-yaşayış sahəsinin Cavabdeh sahibliyinə hansı əsasla keçdiyini müəyyən etmək üçün "xxxx" MMC-yə təkrar sorğu verilməsini və bu sorğunu "xxxx" MMC-yə çatdırılmasını iddiaçı tərəfə həvalə etməyə xahiş etsə də məhkəmə təkrar sorğu verməkdən imtina etmişdir. Bunlardan başqa, məhkəmə ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilməsi prinsipini də pozaraq cavabdehin məhkəmə iclasında iştirakını təmin edərək, onun tələb üzrə izahat verməsini təmin etməli olduğu halda, bu tələbə riayət etməyib qərarını özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandırmışdır. Bunlarla yanaşı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməli olduğu halda, bu prosesual normanın tələbinə də riayət etməmişdir. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATİ Məhkəmə kollegiyasının iclasında dindirilən ididdiaçıların nümayəndəsi vəkil Nümayəndə1 apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə Cavabdeh və üçüncü şəxs "xxxx" MMC-yə məlumat verilməsinə baxmayaraq, məhkəmə kollegiyasının iclasında iştirak etməmiş, iştirak etməmələrinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM 376.2. maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. İş materiallarını araşdırıb, məruzəçini və işdə iştirak edən şəxsin izahatını dinləyib, eləcə də apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iddia tələbinin rədd edilməsi barədə iş üzrə yeni qətnamə qəbul edilməlidir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi iddia tələbinin təmin edilməməsini iddianın təmin olunmasına hər hansı bir əsasın olmaması ilə əsaslandırmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticədən narazı qalan iddiaçı apellyasiya şikayəti vermiş, apellyasiya şikayətində iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası ilk öncə qeyd edir ki, iddia tələbini rədd edən birinci instansiya məhkəməsi iddia tələbinin qanuni əsası kimi münasibətləri tənzimləyən mülki qanunvericilik normalarına istinad etməmişdir. Qeyd edilməlidir ki, iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Avropa Məhkəməsi dəfələrlə qeyd etmişdir ki, istənilən hüquq sistemində norma nə qədər dəqiq tərtib olunsa da, məhkəmə şərhi qaçılmazdır. Anlaşılmayan məqamların izah olunmasına hər zaman ehtiyac olacaq. Müəyyənlik arzuedilən olsa da, bəzən lüzumsuz sərtliklə müşaiyət oluna bilər, halbuki hüquq dəyişən şəraitlə addımlamaq xüsusiyyətinə malik olmalıdır. Müvafiq olaraq bir çox qanunlar qaçılmaz terminlərin istifadəsi ilə tərtib olunmuşlar ki, onlar az və ya çox dərəcədə qeyri-müəyyəndir, onların şərhi və tətbiqi təcrübədən asılıdır. Hüquq müddəasının müxtəlif cür təfsir olunması özü-özlüyündə öncədən görmə tələbinin pozulmasına gətirib çıxarmır. İşlərə baxılarkən məhkəmələrin üzərinə qoyulmuş rol ondan ibarətdir ki, onlar bu cür şübhələri təfsirlə aradan götürsünlər. (Böyük Palatanın CentroEuropa 7 S.R.L. və X7rşı iş üzrə 7 iyun 2012-ci il tarixli Qərarı, §141; X4 və digərləri Polşaya qarşı iş üzrə 17 Fevral 2004-ci il tarixli Qərarı, § 65; X1rşı iş üzrə 20 May 1999-cu il tarixli Qərarı § 34). Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin (Mülki Prosessual Məcəllənin 386-cı maddəsi). Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır (MPM-nin 385.1.1-ci maddəsi). Baxılan iş üzrə iddia tələbi cavabdehin əsassız əldə etdiyi pulun qaytarılması barədədir. İddia tələbinin qanuni əsasını Mülki Məcəllənin 1091.1, 1092.1-ci maddələri təşkil edir. "xxxx" MMC ilə İddiaçı1 arasında Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev küçəsi, 102 saylı binanın qarşısında yerləşən 3 mərtəbəli ticarət obyektinin magistral yola baxan tərəfindən birinci mərtəbəsindəki 72 kv.metrlik 5 nömrəli ticarət sahəsini hər kvadrat metrini 7000 manat olmaqla, ümumilikdə 504.000 manata alınması barədə 19 oktyabr 2015-ci il tarixli 12 nömrəli müqavilənin bağlanması, həmin qeyri-yaşayış sahəsi ilə bağlı müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" MMC tərəfindən Cavabdeh satılması işin mübahisəsiz halıdır. Hazırda iddiaçılar Cavabdeh digər İddiaçı1 məxsus 504.000 manat dəyərində əldə etdiyi 72 kv.m. qeyri-yaşayış sahəsinin ümumi dəyərindən sonuncuya qaytarmalı olduğu 329.000 manat pulu qaytarmayaraq nəticədə əsassız olaraq varlandığına istinad edərək həmin sahəni 175.000 manat borc müqabilində Cavabdeh adına keçirildiyini, lakin həmin məbləği ödəməklə əmlakın geri qaytarılmasını tələb etsələr də, cavabdehin bundan imtina etdiyini, nəticədə əmlakın ümumi dəyərindən (504.000-175.000=329.000 manat) tələb olunan məbləği qaytarmadığından həmin məbləğin, yəni 329.000 manat pulun cavabdehdən alınaraq ona verilməsini xahiş edir. İlk öncə qeyd olunmalıdır ki, mövcud iddia üzrə həm İddiaçı1 və həm də İddiaçı2 iddiaçı olaraq tələb irəli sürsələr də, lakin ərizənin məzmunundan görünür ki, sonda cavabdehdən tələb olunan pulun İddiaçı1 xeyrinə tutulmasını xahiş etmişlər. Məhkəmə kollegiyası bu mənada ilkin olaraq İddiaçı1 tələbinin əsaslarına hüquqi qiymət verərək qeyd edir ki, sonuncu ona əvvəllər məxsus olmuş qeyri-yaşayış sahəsini digər İddiaçı2 Cavabdeh olan 175.000 manat borc müqabilində həmin borcu qaytarılanadək İddiaçı2 tərəfindən cavabdehin adına keçirildiyini, lakin borcun qaytarılaraq əmlakı geri qaytarılmasını tələb etsə də, cavabdehin bundan imtina etdiyini, nəticə də 504.000 manat dəyərində olan qeyri-yaşayış sahəsinin ona qaytarılmalı olan 329.000 manatını qaytarmamaqla cavabdehin əsassız olaraq varlandığını iddia etsə də, lakin bu halları təsdiq edən hər hansı bir tutarlı sübut məhkəməyə təqdim etməmişdir. Əksinə iş materiallarında olan xx.xx.2016-cı il tarixli 29 saylı müqavilədən görünür ki, "xxxx" MMC tərəfindən mübahisəli qeyri-yaşayış sahəsi Cavabdeh 432.000 manat müqabilində satılmışdır. Başqa sözlə desək, həmin sahə ilə bağlı İddiaçı1la Cavabdeh arasında hər hansı bir müqavilə mövcud olmamış və sonuncu tərəfindən iddiaçının tələb etdiyi məbləğdə borclu qalması müəyyən olunmur. Həmçinin o da nəzərə alınmalıdır ki, Cavabdehlə "xxxx" MMC arasında bağlanmış xx.xx.2016-cı il tarixli 29 saylı alqı-satqı müqaviləsi (etibarsızlığı və ləğvi) İddiaçı1 tərəfindən mübahisələndirilməmişdir. Göründüyü kimi, cavabdehlə iddiaçı arasında qeyri-yaşayış sahəsinin onun iddia etdiyi kimi 504.000 manata satılmasını təsdiq edən hər hansı bir tutarlı sübut mövcud deyil. Odur ki, iddiaçı ilk növbədə cavabdehin onun hesabına varlandığını və bununla ona zərər vurduğunu sübut etməli olduğı halda bunu təsdiq edəcək hər hansı bir tutarlı sübut məhkəməyə təqdim etməmişdir. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır (Mülki Məcəllənin 1091.1., 1092.1. maddələri). Qanunun mənasına görə əsassız varlanma heç bir hüquqi əsas olmadan başqa şəxsin hesabına zənginləşməni ehtiva edən hüquqa zidd hərəkətdir və əsassız varlanmış şəxs əldə etdiklərini mərhum olanın tələbi ilə ona qaytarılmalıdır. Bu mənada məhkəmə kollegiyası hesab edir ki, İddiaçı1 iddia tələbi təmin edilə bilməz. Bununla yanaşı məhkəmə kollegiyası həmçinin cavabdehin nümayəndəsi Nümayəndə2 tərəfindən birinci instansiya məhkəməsinə ünvanlanmış xx.xx.2022-ci il tarixli yazılı etirazında Mülki Məcəllənin 1095-ci maddəsinə əsasən iki illik müddətin keçməsini də nəzərə almaqla iddianın rədd edilməsi barədə dəlilinə gəldikdə də aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Qalan hallarda müddətin keçməsi ümumi göstərişlərə uyğun müəyyənləşdirilir (Mülki Məcəllənin 1095-ci maddəsi). Konstitusiya Məhkəməsinin Plenumu bir çox qərarlarında iddia müddəti institutunun məqsədinə və əhəmiyyətinə toxunaraq qeyd etmişdir ki, mülki işin qanuna uyğun həlli baxımından qanunvericiliyin iddia müddətlərinə dair müddəalarının düzgün tətbiqi mühüm əhəmiyyətə malikdir (Konstitusiya Məhkəməsi Plenumunun H.Həşimov və qeyrilərinin şikayəti üzrə 30 iyun 2005-ci il, R.Salamovun şikayəti üzrə 30 oktyabr 2007-ci il, X.Xəlilovun şikayəti üzrə 16 yanvar 2009-cu il tarixli Qərarları və s.). Qanunda başqa qayda nəzərdə tutulmayıbsa bütün tələblər üzrə iddia müddəti şamil edilir. İddia müddətinin müəyyən edilməməsi yaranmış münasibətlərin daim mübahisələndirilməsinə zəmin yaradardı. İddia müddətləri iki növə bölünür – ümumi və xüsusi. Ümumi iddia müddəti nə hüquq münasibəti subyektlərinin hüquqi statusundan, nə də mülkiyyətin formasından və növündən asılı deyil. (Konstitusiya Məhkəməsinin 27 dekabr 2001-ci il tarixli qərarı). İddia müddətinin məqsədi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Stanyo Belçikaya qarşı iş üzrə 7 iyul 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır (Mülki Məcəllənin 375.2. maddəsi). İşdən göründüyü kimi iddiaçı mövcud qanunvericilikdə nəzərdə tutulmuş iddia müddətini də ötürməklə məhkəməyə müraciət etdiyindən, bu əsasla da iddia tələbi təmin edilə bilməz. İddiaçı2 tələbinə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, cavabdehlə aralarında hər hansı müqavilənin mövcudluğu və həmin əqdə əsasən Cavabdeh borclu qaldığını təsdiq edən heç bir sübut məhkəməyə təqdim etməmişdir. Bu mənada İddiaçı2 yuxarıda adı çəkilən qeyri-yaşayış sahəsi ilə bağlı cavabdehə qarşı iddia irəli sürməkdə haqlı olmamışdır. “M. Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu 30 iyul 2008-ci il tarixli Qərarında qeyd etmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 31 yanvar 2006-cı il tarixli qərarı). Azərbaycan Respublikası MPM-nin 384.0.2. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Xaçmaz Rayon Məhkəməsinin 29 noyabr 2022-ci il tarixli qətnaməsi ləğv edilməli və iddia tələbinin rədd edilməsinə dair iş üzrə yeni qətnamə qəbul edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 385.1.1., 385.1.2., 385.1.3., 385.1.4, 392 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ İddiaçılar İddiaçı1 və İddiaçı2 apellyasiya şikayəti qismən təmin edilsin. Xaçmaz Rayon Məhkəməsinin 29 noyabr 2022-ci il tarixli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı iddia tələbi rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən kassasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar