Məhkəmə qərarları › İş №2(105)-1248/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1248/2021

29.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1248/2021 29.04.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri: Məmmədov Telman Qədir oğlu (sədrlik edən, məruzəçi hakim), Abasov Şəmsəddin Rizalı oğlu və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1, İddiaçı nümayəndəsi və vəkili Vəkil3, Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə açıq məhkəmə iclasında Sumqayıt Şəhər Məhkəməsinin 26 noyabr 2020-ci il tarixli, 2(060)-5106/2020 saylı qətnaməsindən İddiaçı apellyasiya şikayətinə əsasən işə apellyasiya qaydasında baxaraq MÜƏYYƏN E T D İ: Sumqayıt Şəhər Məhkəməsinin 26 noyabr 2020-ci il tarixli, 2(060)-5106/2020 saylı qətnaməsi ilə (sədrlik edən, hakim Günel Tanrıverdiyeva) İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə iddia təmin edilməmiş, iddiaçı qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ: Mülki işin materiallarından görünür ki, İddiaçı iddia ilə məhkəməyə müraciət edərək Cavabdeh Abasqulu oğlundan əsas məbləğ kimi 7500 manat və əldən çıxmış fayda kimi 1125 manat, cəmi 8625 manat məbləğində pulun və ödənilmiş 30 manat dövlət rüsumunun tutulub onun xeyrinə alınması barədə qətnamə qəbul edilməsini xahiş etmiş və tələblərini onunla əsaslandırmışdır ki, o, 20 oktyabr 2010-cu il tarixdə X5 ilə ailə həyatı qurmuşdur. Keçmiş həyat yoldaşı X5 N saylı hərbi hissədə xidmət etdiyindən, həmin hərbi hissənin yaxınlığında kirayə qalırdılar. Valideynləri kirayədə yaşamalarını istəmədikləri üçün satlıq ev axtarmağa başlamışdılar. 2014-cü il mart ayının əvvəllərində anasına zəng edib Seymurun H.Z.Tağıyev qəsəbəsində iki otaqlı ev tapdığını və mənzilə baxıb bəyəndiklərini bildirmişdi. Mənzilin sahibi Cavabdeh mənzili onun adına istədiyi vaxt sənədləşdirib verəcəyini demişdi. Mənzilin hansı qiymətə satılması ilə maraqlandıqda, Cavabdeh mənzilin qiymətinin 7500 manat olduğunu bildirmişdi. Anası 06 mart 2014-cü il tarixdə pulu gətirib ona vermiş, həmin gün saat 17-18 radələrində Cavabdeh onların kirayə yaşadığı mənzilə gəlmiş, 7500 manat pulu anasının iştirakı ilə Cavabdeh vermişdir. 14 aprel 2014-cü il tarixdə o və keçmiş həyat yoldaşı X16 Məmmədovun satdığı H.Z.Tağıyev qəsəbəsinə yerləşən, Tağıyev-3 H/Ş, F.Qayıbov küçəsi, 18 saylı evin 8 saylı mənzilinə köçmüşdülər. 25 avqust 2017-ci il tarixdə ailələrində problem olduğundan Seymur Vəliyevlə nikahları pozulmuş, iki azyaşlı uşağı ilə valideynlərinin yaşadığı evə gəlmiş, hazırda valideynlərinin yaşadığı yataqxanada iki azyaşlı uşaqları ilə birlikdə yaşayır. Keçmiş həyat yoldaşından ayrıldıqdan sonra ona bəlli olmuşdur ki, yaşadığı mənzil xidməti ev olduğundan satıla bilməzdi. Buna görə də cavabdehdən verdiyi 7500 manat pulu qaytarmasını tələb etmişdir. Dəfələrlə cavabdehdən verdiyi pulun qaytarılmasını tələb etsə də, cavabdeh pulun qaytarılmasını imtina etmiş və ona hədə qorxu gəlmişdir. Buna görə də cavabdehə verdiyi pulların qaytarılması üçün Sumqayıt şəhər hərbi prokurorluğuna müraciət etmişdir. Sumqayıt şəhər hərbi prokurorluğunda araşdırma zamanı cavabdehin həqiqətən də həmin pulları aldığı müəyyənləşdirilmişdir. Buna görə də verdiyi pul məhkəmə qərarı əsasında cavabdehdən alınıb ona ödənilməlidir. Eləcə də Cavabdeh 2017-ci il avqust ayından başlayaraq pulları qanunsuz olaraq özündə saxlamış və bu puldan faydalanmışdır. Ondan 7500 manat məbləğində əsas və qanunsuz olaraq pullarını özündə saxlayıb faydalandığına görə 2017-ci ilin avqust ayından başlayaraq 3 il üçün əldən çıxmış fayda (qazanc) kimi faizlərini də tələb edir. 7500 manat məbləğində pulu Cavabdeh 2017-ci ilin avqust ayından qanunsuz olaraq özündə saxlayıb, üç il müddətində ondan faydalandığına görə həmin pul məbləğindən ona hər ay üçün 5% hesabı ilə üç il üçün (7500: 100 x 5% x 3 il) cəmi 1125 manat məbləğində faizə görə pul ödəməlidir. Mübahisə üzrə yuxarıda göstərilən qətnamə qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ, İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ: İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə qətnaməni qəbul edərkən heç bir maddi hüquq normasına istinad etməmiş, onun tərəfindən məhkəməyə təqdim edilmiş sübutları araşdırmamış, preyudisial hüquqi qüvvəyə malik olan cinayət işi üzrə icraata xitam verilməsi haqqında qərarı nəzərə almamış, onunla cavabdeh arasında pulun qaytarılmasını müəyyən edən əsaslara deyil, qarşı tərəfin təqdim etdiyi iddia ərizəsinə etirazda göstərilmiş, işə heç bir aidiyyatı olmayan Müdafiə Nazirliyinin balansında olan evlərin alqı-satqısının olmamasından və özəlləşdirilməməsindən hərbiçilərin məlumatlı olmasına, təmirlə bağlı hərbiçilərin çəkdiyi xərclərin əvəzini almalarına haqq qazandırmış, Azərbaycan Respublikası MPM-nin formal olaraq 14.1, 14.2, 77.1, 81-ci maddələrinə istinad etmişdir. Məhkəmənin qətnaməsi tam qanunsuz və əsassız olduğundan, maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarıldığından ləğv edilməli və iddia tələbi təmin olunmalıdır. Belə ki, Sumqayıt hərbi prokurorluğunun 28.11.2018-ci il tarixli qərarı ilə ********* saylı cinayət işinə xitam verilmişdir. Məhkəməyə təqdim edilmiş həmin qərarda qeyd edilir ki, təqsirləndirilən şəxs qismində dindirilmiş Cavabdeh Tağıyev-3 H/Ş, F.Qayıbov küçəsi, ev 18, mənzil 8 ünvanında yerləşən yaşayış sahəsini satmaq istədiyini hərbiçi yoldaşlarına bildirdiyini, 2014-cü ilin mart ayının əvvəllərində keçmiş xidmət yoldaşı S.Vəliyev ona zəng edib, həyat yoldaşı İddiaçı, qayınanası G.Mehrəliyeva ilə birlikdə gəlib mənzilə baxmaq istədiyini bildirdikdə, buna razılıq verdiyini, İddiaçı anası G.Mehrəliyeva ilə birlikdə onlara gəlib mənzilə baxıb bəyəndiklərini dedikdən sonra mənzili alacaqlarını söyləyərək evdən çıxıb getdiklərini, 06.03.2014-cü il tarixdə təxminən saat 17-18 radələrində o, yaşadığı mənzildə olan zaman S.Vəliyev ona zəng edərək mənzili almaq istədiklərini deyib pulun evdə olduğunu, ondan yaşadığı mənzilə gəlməsini xahiş etdiyindən, o, sonuncunun “Şirvan” qəsəbəsi adlanan ərazidə kirayə qaldığı mənzilə gəldiyini, S.Vəliyevin yaşadığı mənzilə gəldikdən sonra sonuncunun evlərində olan rəfin yuxan hissəsindən 7500 manat pulu götürüb ona verərək saymasını xahiş etdikdə, o, S.Vəliyevdən pulu götürərək saydığını, 7500 manat pul olduğuna əmin olduqdan sonra isə iki gün müddətində mənzilə köçə biləcəklərini deyərək çıxıb getdiyini göstərmişdir. Cinayət işi üzrə icraata xitam verilməsi barədə qərarda həmçinin zərər çəkmiş şəxs qismində tanınmış Mehrəliyeva Gözəl İbrahim qızı 06 mart 2014-cü il tarixdə təxminən 11-12 radələrində 7500 manat pulu qızı İddiaçı vermək üçün sonuncunun kirayə yaşadığı “Şirvan” qəsəbəsində yerləşən mənzilinə gəldiyini, qeyd olunan məbləği sonuncuya verdiyini, Cavabdeh mənzili almalarını deyib getdiyini göstərmişdir. Cinayət işi üzrə icraata xitam verilməsi barədə qərarda eləcə də qeyd edilir ki, şahid qismində dindirilmiş X8 ifadəsində göstərmişdir ki, həyat yoldaşı Cavabdehla birlikdə 2005-ci il tarixdən 2014-cü ilin aprel ayına kimi Tağıyev-3 H/Ş, F.Qayıbov küçəsi, ev 18, mənzil 8 ünvanında yaşamış, 2014-cü ilin təxminən fevral ayının axırlarında isə ünvan 1 ünvanına köçdüklərindən həyat yoldaşı Cavabdeh Tağıyev-3 H/Ş, F.Qayıbov küçəsi, ev 18, mənzil 8 ünvanını 7500 manata S. Vəliyeva satmışdır. Bundan öncə onun anası Mehrəliyeva X9 Məmmədova qarşı hazırki tələblə bağlı iddia qaldırmış, Sumqayıt Şəhər Məhkəməsinin 15 iyul 2019-cu il tarixli, 2(060)-5157/2019 saylı qətnaməsi ilə iddia tələbi, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 03 dekabr 2019-cu il tarixli, 2(105)-4059/2019 saylı qətnaməsi ilə apellyasiya şikayəti, Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasının 30 iyul 2020-ci il tarixli 2(102)-2010/2020 saylı qərarı ilə kassasiya şikayəti təmin edilməmişdir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasının 30 iyul 2020-ci il tarixli, 2(102)-2010/2020 saylı qərarında göstərilmişdir ki, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşıb, kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətinin dəlillərini araşdırıb haqlı olaraq qeyd etmişdir ki, iddiaçı tərəfindən cavabdehdən tələb olunan pul vəsaiti bilavasitə onun özü tərəfindən cavabdehə verilməmişdir, həmin pul vəsaiti cavabdehə iddiaçının qızı Rəfiqə Vəliyeva və keçmiş kürəkəni Seymur Vəliyev tərəfindən verilmişdir, deməli, həmin pulun alınması tələbi barədə iddia qaldırmaq hüququna da həmin şəxslər malikdir və iddiaçı hazırki iddia qaldırmaq üçün müvafiq subyektiv hüquqa malik deyildir. Məhkəmənin belə bir qənaətə gəlməsi artıq həmin pul məbləğinin cavabdehə verilməsini bir daha təsdiq edir və həmin qətnamə digər işə baxan məhkəmələr üçün məcburi sayılmağına baxmayaraq, Sumqayıt Şəhər Məhkəməsi hazırki işə baxarkən göstərilən məhkəmə qətnaməsi ilə müəyyən edilmiş halları nəzərə almamışdır. İşin yuxarıda göstərilən halları məhkəmə tərəfindən araşdılmamış, məhkəmə belə bir qənaətə gəlmişdir ki, Cavabdeh və eləcə də həmin iş üzrə digər hərbiçilər barəsində cinayət işi üzrə icraata xitam verildiyindən, habelə hərbiçilərin öz aralarında yaşadıqları mənzilləri dəyişdirməsi zamanı təmirə görə pulun alınması, xidməti mənzillərin alqı-satqısının və özəllədirilməsinin qadağan olunmasını hərbiçilərin özləri də bildiklərindən, o cümlədən Seymur Vəliyevin özünün də ifadəsində kirayə müqaviləsi ilə mənzili aldığını bildiyindən, onun həmin pulun mənzilin alqı-satqısına görə verməsi inandırıcı deyildir və həmin pulun alqı-satqı üçün verilməsi sübuta yetməmişdir. Məhkəmənin gəldiyi bu nəticə işin hallarına uyğun deyildir. Belə ki, Mais Məmmədov özü, onun keçmiş həyat yoldaşı Seymur Vəliyev, Mais Məmmədovun həyat yoldaşı Əminə Məmmədova özlərinin istintaqda verdikləri ifadələrində Tagıyev-3 H/Ş, F.Qayıbov küçəsi, ev 18, mənzil 8 ünvanındakı yaşayış sahəsini 7500 manata alqı-satqı etdiklərini bildirmişlər. Sonradan təmir adı ilə həmin şəxslərin ifadələrini dəyişməsi özlərini müdafiə məqsədi güdmüşdür. Qətnamədə göstərilmişdir ki, Cavabdeh mənzili satmaq adı ilə ondan və anasından pul alması öz təsdiqini tapmadığından, beləliklə, Cavabdeh əməlində cinayət tərkibi olmadığından cinayət işi üzrə icraata xitam verilmişdir. Məhkəmə onu da qeyd etmişdir ki, Sumqayıt hərbi prokurorluğunun cinayət işi üzrə icraata xitam verilməsi haqqında 28.11.2018-ci il tarixli qərarından görünür ki, N nömrəli hərbi hissənin hərbi qulluqçusu, baş gizir X17 Vəliyevin yaşadığı Tağıyev-3 H/Ş, F.Qayıbov küçəsi bina 18, mənzil 8 ünvanını satmaq istədiyini eşitdiyindən sonuncu ilə görüşüb mənzili hansı qiymətə satması ilə maraqlanmış, Seymur Vəliyev qeyd olunan mənzili 11000 manata satmaq istədiyini bildirdikdə isə Vasif Yusifov mənzili 9500 manata ala biləcəyini söyləmişdir. Seymur Vəliyev mənzili 9500 manat pula Vasif Yusifova satmağa razılıq verdikdən sonra sonuncu qeyd olunan məbləğin 3000 manatını 20.10.2017-ci il tarixdə təxminən saat 19 radələrində yaşadığı mənzilin qapısının qarşısında Seymur Vəliyevin atası M.Vəliyevə vermiş, 6500 manatını isə 28.10.2017-ci il tarixdə təxminən saat 18 radələrində Seymur Vəliyevə yaşadığı məhəllənin qarşısında vermişdir. Göründüyü kimi Müdafiə Nazirliyinin balansında olan mənzillərin hərbi qulluqçular arasında mənzilin təmirinə çəkilmiş xərc müqabilində bir-birinə verilməsi barədə onun keçmiş həyat yoldaşı, hərbi qulluqçu olan Seymur Vəliyev də bilmiş, sözügedən mənzili təmirinə çəkilmiş xərc müqabilində başqa bir hərbi qulluqçuya vermişdir. Onun keçmiş həyat yoldaşının hərbi qulluqçu olmasına baxmayaraq Müdafiə Nazirliyinin balansında olan mənzillərin alqı-satqısının mümkün olmaması barədə məlumatlı olmamasına dair dəlillərini isə məhkəmə inandırıcı hesab etmir. Daha sonra məhkəmə qətnamədə göstərmişdir ki, o və ailəsi üç ildən çox mənzildə yaşamış, həmin müddətdə verdiyi pulu tələb etməmiş, yalnız nikahına xitam verildikdən, pulun verilməsindən isə 6 ildən çox keçdikdən sonra pul tələbinə dair hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Məhkəmənin göstərdiyi, yəni Cavabdeh barəsində cinayət işinə xitam verilməsi, Seymur Vəliyev tərəfindən Tağıyev-3 H/Ş, F.Qayıbov küçəsi bina 18, mənzil 8 ünvanını 28.10.2017-ci il tarixdə Vasif Yusifova 9500 manat pula satması, iddiaçı və ailəsinin üç ildən çox sözügedən mənzildə yaşaması, həmin 3 il müddətində verdiyi pulu tələb etməməsi, yalnız nikahına xitam verildikdən, pulun verilməsindən isə 6 ildən çox keçdikdən sonra pul tələbinə dair hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etməsi kimi əsaslara görə iddia tələbini rədd etməsi qanunsuz olmuşdur. Birincisi, adətən tərəflər arasında nikah pozulduqdan sonra əmlakla bağlı mübahisələr yaranır, ikincisi, Sumqayıt hərbi prokurorluğunun 28.11.2018-ci il tarixli, ********* saylı cinayət işinə xitam verilməsi barədə qərarından və işin mübahisə olunmayan hallarından göründüyü kimi, tərəflər arasında nikah Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-8016/2017 saylı, 25 avqust 2017-ci il tarixli qətnaməsi ilə pozulmuş, bundan sonra o və anası mübahisələndirilən evə münasibətdə hüquqlarının olub-olmamasını, həmin evin onun adına keçirilməsi məsələsini araşdırmış, onlara məlum olmuşdur ki, mənzil xususi təyinatlıdır, bundan sonra onun anası pulu tələb etmiş, pulu ala bilmədiyini görüb şikayət ərizəsi ilə 2018-ci ilin əvvəllərində Sumqayıt şəhər prokurorluğuna müraciət etmiş, 13 mart 2018-ci il tarixdə fakta görə cinayət işi başlanmış, 28.11.2018-ci il tarixdə cinayət işinin başlanması rədd edilmiş, 2019-cu ilin əvvəllərində bununla bağlı mülki qaydada Sumqayıt Şəhər Məhkəməsinə müraciət edilmiş, həmin iş üzrə sonuncu Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasının 30 iyul 2020-ci il tarixli, 2(102)-2010/2020 saylı qərarından sonra o öz adından hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. Göründüyü kimi, hazırki iddia ilə onun məhkəməyə gec müraciət etməsinin səbəbləri məhz yuxarıda göstərilənlərdən ibarət olmuşdur və buna görə iddia tələbinin təmin olunmaması barədə məhkəmənin mülahizələri tam əsassızdır. Hazırki işdən göründüyü kimi, zərər mülki hüquq pozuntusundan irəli gələn ziyanı tələb etməkdə haqlıdır. Belə ki, onun keçmiş əri Seymur Vəliyev dövlətin balansında olan evi satıb 9500 manat pul əldə etmiş, öz növbəsində də Mais Məmmədov həmin mənzili satılmasına və ya təmirinə görə onun anasının 7500 manat pulunu ələ keçirmişdir. Ortada ziyan çəkən səxs o və anası olmuş, nəticədə öz əmlaklarından məhrum olmuşdur. Apellyasiya şikayətində iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə çıxarılması xahiş olunmuşdur. İddiaçı nümayəndəsi Vəkil3 məhkəmə iclasında apellyasiya şikayətində göstərilənlərə uyğun izahat verdi. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi Vəkil2 apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayıb, izahatında iş üzrə məhkəmə qətnaməsinin dəyişdirilmədən, apellyasiya şikayətinin isə təmin edilmədən saxlanılmasını xahiş etdi. İddiaçı və Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, məhkəmə iclasına gəlmədiklərindən məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, iş üzrə məhkəmə qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldiyindən, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən, maddi və prosessual hüquq normalarına düzgün riayət edilib, edilməməsinə hüquqi qiymət verilməlidir. İş materiallarında olan Sumqayıt hərbi prokurorluğunun böyük müstəntiqinin 28 noyabr 2018-ci il tarixli cinayət işi üzrə icraata xitam verilməsi haqqında qərarının surətindən görünür ki, N №-li hərbi hissənin hərbi qulluqçusu, baş çavuş Cavabdeh Abasqulı oğlunun Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsilə ittiham olunmasına dair istintaq edilən ********* №-li cinayət işinin icraatına CPM-nin 39.1.2-ci maddəsinə əsasən xitam verilmiş, Cavabdeh barəsində seçilmiş 29 iyun 2018-ci il tarixli “komandanlığın müşahidəsi altına vermə” növündə qətimkan tədbiri ləğv olunmuş, X5 və X2 barələrində Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.4 və 297.1-ci maddələri ilə aparılan cinayət təqibinə CPM-nin 39.1.2-ci maddəsinə əsasən hissəvi xitam verilmiş, X4 barəsində Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə aparılan cinayət təqibinə CPM-nin 39.1.1-ci maddəsinə əsasən hissəvi xitam verilmiş, Mehrəliyeva Gözəl İbrahim qızı və X3 barələrində Azərbaycan Respublikası CM-nin 297.1-ci maddəsi ilə aparılan cinayət təqibinə CPM-nin 39.1.2-ci maddəsinə əsasən hissəvi xitam verilmiş, N nömrəli hərbi hissənin mənzil komissiyasının, o cümlədən Müdafiə Nazirliyinin Hacı Zeynalabdin rayon Mənzil-İstismar Hissəsinin vəzifəli şəxslərinin barələrində Azərbaycan Respublikası CM-nin 341.1-ci maddəsi ilə aparılan cinayət təqibinə CPM-nin 39.1.2-ci maddəsinə əsasən hissəvi xitam verilmiş, Mehrəliyeva Gözəl İbrahim qızının zərər çəkmiş şəxs qismində tanınmasına xitam verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 30 iyun 2020-ci il tarixli, 2(102)-2010/2020 saylı qərarının surətindən görünür ki, iddiaçı Mehrəliyeva Gözəl İbrahim qızının kassasiya şikayəti təmin edilməmiş, iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 03 dekabr 2019-cu il tarixli, 2(105)- 4059/2019 saylı qətnaməsi kassasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılmışdır. Həmin qərarın məzmunundan görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin 15 iyul 2019-cu il tarixli, 2(060)-5157/2019 saylı qətnaməsi ilə iddiaçı Mehrəliyeva Gözəl İbrahim qızının Cavabdeh qarşı əsas borca görə 7500 manat, əldən çıxmış fayda kimi 9000 manat olmaqla, cəmi 16500 manat pul tələbinə dair iddiası rədd edilmiş, iddiaçı qətnamədən apellyasiya şikayəti vermiş, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 03 dekabr 2019-cu il tarixli, 2(105)-4059/2019 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 15 iyul 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikasının MM-nin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Məhkəmə kollegiyası hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və biri-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, İddiaçı Cavabdeh Abasqulu oğluna 7500 manat məbləğində pulu Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsinə yerləşən, Tağıyev- 3 H/Ş, F.Qayıbov küçəsi, 18 saylı evin 8 saylı mənzilini alması məqsədi ilə verilməsi iş materialları ilə sübut olunmur. İddiaçı istinad etdiyi cinayət işi üzrə icraata xitam verilməsi haqqında 28 noyabr 2018-ci il tarixli qərarında olan izahatında Cavabdeh bildirmişdir ki, kimisə aldadıb suiistifadə edərək pulunu mənimsəməmiş, mənzili S.Vəliyevə satan zaman Tağıyev-3 H/Ş, F.Qayıbov küçəsi bina 18, mənzil 8 ünvanında yaşadığı müddət ərzində mənzilin təmirinə xərclədiyi pulu aldığını, o cümlədən 7500 manat pulu S.Vəliyevdən onun kirayə yaşadığı mənzildə almasını bildirmişdir. Qeyd edilən qərardan görünür ki, N nömrəli hərbi hissənin hərbi qulluqçusu, baş gizir X17 Vəliyevin yaşadığı Tağıyev-3 H/Ş, F.Qayıbov küçəsi bina 18, mənzil 8 ünvanını satmaq istədiyini eşitdiyindən sonuncu ilə görüşüb mənzili hansı qiymətə satması ilə maraqlanmış, Seymur Vəliyev qeyd olunan mənzili 11000 manata satmaq istədiyini bildirdikdə isə Vasif Yusifov mənzili 9500 manata ala biləcəyini söyləmişdir. Seymur Vəliyev mənzili 9500 manat pula Vasif Yusifova satmağa razılıq verdikdən sonra sonuncu qeyd olunan məbləğin 3000 manatını 20.10.2017-ci il tarixdə təxminən saat 19 radələrində yaşadığı mənzilin qapısının qarşısında S.Vəliyevin atası M.Vəliyevə vermiş, 6500 manatını isə 28.10.2017-ci il tarixdə təxminən axşam saat 18 radələrində S.Vəliyevə yaşadığı məhəllənin qarşısında vermişdir. Göründüyü kimi, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin balansında olan mənzillərin hərbi qulluqçular arasında mənzilin təmirinə çəkilmiş xərc müqabilində bir-birinə verilməsi barədə iddiaçının keçmiş həyat yoldaşı, hərbi qulluqçu olan X5 da bilmiş, yaşadığı mənzili təmirinə çəkilmiş xərc müqabilində başqa bir hərbi qulluqçuya vermişdir. İddiaçının keçmiş həyat yoldaşının hərbi qulluqçu olmasına baxmayaraq Azərbaycan Respublikası Müdafiə Nazirliyinin balansında olan mənzillərin alqı-satqısının mümkün olmaması barədə məlumatlı olmamasına dair dəlillərini isə məhkəmə kollegiyası inandırıcı hesab etmir. Belə ki, iddiaçı və ailəsi üç ildən çox Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsinə yerləşən, Tağıyev-3 H/Ş, F.Qayıbov küçəsi, 18 saylı evin 8 saylı mənzilində yaşamış, həmin müddətdə verdiyi pulu tələb etməmiş, yalnız nikahına xitam verildikdən və pulun verilməsindən 6 ildən çox keçdikdən sonra pul tələbinə dair hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. İddiaçı Vəliyeva X7 Mayis Abasqulu oğlundan pulun vaxtında ödənilməməsi səbəbindən əldən çıxmış fayda qismində 1125 manat tələb edir. Belə olan halda hazırki tələbin bu hissəsinin hüquqi əsasını Azərbaycan Respublikası MM-nin 449-cu maddəsi təşkil edir. Azərbaycan Respublikası MM-nin 449.1-ci maddəsinə görə özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Məhkəmə kollegiyası hesab edir ki, pul öhdəliyinin yalnız vaxtında və ya lazımi qaydada icra edilməməsi faktı özü-özlüyündə Azərbaycan Respublikası MM-nin 449.1-ci maddəsinin tətbiqi üçün əsas sayıla bilməz. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 09 iyul 2009-cu il tarixli Qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, Mülki Məcəllənin 449-cu maddəsinin mənasına görə, borclu şəxs yalnız aşağıdakı dörd hərəkəti etməklə özgənin pul vəsaitindən faydalanır: qanunsuz saxlama; qaytarmaqdan boyun qaçırma; ödənilməsini digər şəkildə gecikdirmə; başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etmə və ya toplama. Qeyd olunmalıdır ki, faydalanmanın anlayışı mülki qanunvericilikdə verilməsə də, faydalanmanın hərfi mənasının öz tələbatı üçün istifadə olduğunu nəzərə alaraq, MM-in bu terminlə ayrılmaz əlaqədə olan “istifadə hüququna” həsr olunmuş 152.3-cü maddəsi buna müəyyən aydınlıq gətirir. Həmin maddəyə əsasən istifadə hüququ-əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə və başqa formalarda ola bilər. Bu baxımdan, MM-in “öhdəliklərin icra edilməməsinə görə məsuliyyəti” nəzərdə tutan 449-cu maddəsindəki xüsusi normada “faydalanma” və “(qanunsuz) istifadə” sözləri eyni məzmun daşımaqla, bu dörd hərəkət (hərəkətsizlik) nəticəsində müəyyən gəlir, artım, bəhər və s. əldə edilməsi mənasını nəzərdə tutur. Göründüyü kimi, Konstitusiya Məhkəməsi Plenumunun qeyd edilən qərardakı hüquqi mövqeyinə görə borclu şəxsdən Azərbaycan Respublikası MM-nin 449-cu maddəsinə əsasən, o halda özgənin pul vəsaitindən faydalanmağa görə pul tutula bilər ki, borclu şəxs həmin puldan gəlir əldə etmiş olsun. Hazırki işdə isə İddiaçı Cavabdeh Abasqulu oğluna qarşı pul tələbi barədə iddiası təmin edilmədiyinə görə əldən çıxmış fayda hissəsində də iddia tələbi təmin edilə bilməz. Məhkəmə kollegiyası yuxarıda qeyd edilənləri nəzərə alaraq hesab edir ki, iş üzrə məhkəmə qətnaməsi qanuni və əsaslıdır. İddiaçı apellyasiya şikayətində iddiaçı Mehrəliyeva Gözəl İbrahim qızının Cavabdeh qarşı pul tələbinə dair Sumqayıt Şəhər Məhkəməsinin 15 iyul 2019-cu il tarixli, 2(060)- 5157/2019 saylı qətnaməsinin digər işə baxan məhkəmələr üçün məcburi sayıldığına baxmayaraq birinci instansiya məhkəməsinin həmin qətnamə ilə müəyyən edilmiş halları nəzərə almadığını göstərmişdir. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, İddiaçı Mehrəliyeva Gözəl İbrahim qızının Cavabdeh qarşı pul tələbinə dair iş üzrə tərəf olmamışdır və Sumqayıt Şəhər Məhkəməsinin 15 iyul 2019-cu il tarixli, 2(060)-5157/2019 saylı qətnaməsi ilə iddia tələbi Mehrəliyeva Gözəl İbrahim qızının həmin iddianı qaldırmaq üçün müvafiq subyektiv hüquqa malik olmaması əsası ilə rədd edilmişdir. İddiaçının apellyasiya şikayətində göstərdiyi dəlillər iş üzrə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunmas üçün əsas deyildir. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlilləri əsassız hesab edir. Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Beləliklə, məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən işə əlavə edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verib, hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olduğundan, işdə, iş üzrə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar olmadığından, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT E T D İ: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. İs üzrə Sumqayıt Şəhər Məhkəməsinin 26 noyabr 2020-ci il tarixli, 2(060)-5106/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər, qətnamədən kassasiya şikayəti verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Telman Məmmədov Hakimlər: Şəmsəddin Abasov Səyyad Qafari

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar