Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1248/2023 11.07.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 Əmrqulu oğluna, Cavabdeh2 Ələskər oğluna və Cavabdeh3 qarşı iş üzrə QƏTNAMƏSİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Fuad Əli oğlu, hakimlər X1 və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Əliyev Rəşad Ayıl oğlunun katibliyi, Cavabdehlər Cavabdeh1 Əmrqulu oğlunun və Cavabdeh2 Ələskər oğlunun iştirakları ilə, İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 Əmrqulu oğluna, Cavabdeh2 Ələskər oğluna və Cavabdeh3 qarşı kredit borcunun ödənilməsi tələbinə dair mülki iş üzrə Şabran Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(031)- 73/2018 nömrəli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. "xxxx" ASC ilə Cavabdeh1 Əmrqulu oğlu arasında bağlanmış xx.xx.2015-ci il tarixli, ********* nömrəli kredit müqaviləsinə əsasən Cavabdeh1 Əmrqulu oğluna illik 20 faizlə 36 ay müddətinə 11000 ABŞ dolları kredit verilmişdir.
2. Kredit müqaviləsinin təminatı kimi kreditor ilə Cavabdeh2 Ələskər oğlu və Cavabdeh3 arasında xx.xx.2015-ci il tarixli, 150005140/ZM nömrəli zaminlik müqaviləsi bağlanmışdır.
3. xx.xx.2015-ci il tarixdə xx.xx.2015-ci il tarixli, ********* nömrəli kredit müqaviləsinə 1 nömrəli əlavə saziş bağlanmışdır. Əlavə sazişə əsasən kreditin qalığı 9878,07 ABŞ dolları təşkil edir. Kreditin müddəti 60 ay təyin edilir. Kreditin illik faiz dərəcəsi 20% təyin edilir. Kredit üzrə planlaşdırılmış faktiki illik faiz dərəcəsi 30 % təşkil edir. Gecikdirilən borc məbləğinə cərimə kimi hesablanan illik faiz dərəcəsi 40%, aylıq isə 5% təyin edilir.
4. Həmin tarixdə zaminlik müqaviləsinə 1 nömrəli əlavə saziş bağlanmış, zaminlik müqaviləsi bu qətnamənin 3-cü bəndində göstərilən məzmunda dəyişikliklər edilmişdir.
Birinci instansiya məhkəməsindəki icraat
5. İddiaçı ASC məhkəmədə iddia qaldıraraq Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada İddiaçı ASC-nin xeyrinə 9625.99 ABŞ dolları əsas borc, 3793.07 ABŞ dolları faiz borcu və 503.88 ABŞ dolları cərimə borcu olmaqla ümumilikdə cəmi 13922.94 ABŞ dolları borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. İddia onunla əsaslandırılmışdır ki, Cavabdeh1 xx.xx.2015-ci il tarixli kredit müqaviləsinə əsasən İddiaçı ASC-dən illik 20 faizlə 36 ay müddətinə 11000 ABŞ dolları kredit götürmüşdür. Borcun təminatı olaraq, Cavabdeh2 və Cavabdeh3 ilə bank arasında xx.xx.2015-ci il tarixli zaminlik müqaviləsi bağlanmışdır. xx.xx.2015-ci il tarixində cavabdehlə əlavə saziş bağlanmışdır. Lakin borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkfən boyun qaçırır. xx.xx.2017-ci ilədək Cavabdeh1 banka 9625.99 ABŞ dolları əsas borc, 3793.07 ABŞ dolları faiz borcu və 503.88 ABŞ dolları cərimə borcu olmaqla ümumilikdə cəmi 13922,94 ABŞ dolları borcu vardır. Xəbərdardıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırır.
7. Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli, 11358 nömrəli ekspert rəyində göstərilmişdir ki, xx.xx.2017-ci il tarixə Cavabdeh1 Əmrqulu oğlunun İddiaçı ASC-yə olan borcu 13419,06 ABŞ dolları məbləğində müəyyən edilir: o cümlədən əsas borc üzrə 9625,99 ABŞ dollar, faiz borcu üzrə 3793,07 ABŞ dolları.
8. Şabran Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(031)-73/2018 nömrəli qətnaməsi ilə (hakim Çingiz İsgəndərov) iddia qismən təmin edilərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 9625,99 (doqquz min iyirmi beş dollar doxsan doqquz sent) ABŞ dolları əsas borc, 3793,07 (üç min yeddi yüz doxsan üç dollar yeddi sent) ABŞ dolları faiz borcu olmaqla ümumilikdə cəmi 13419,06 (on üç min dörd yüz on doqquz dollar altı sent) ABŞ dolları borcun (milli manat ekvivalentində) və 30 manat ödənilmiş dövlət rüsumunun tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 145 (bir yüz qırx beş) manat ekspertiza xərcinin tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir.
9. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 385.1, 425.1, 442, 443.1, 445.1, 448.2, 449.1, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 78, 88, 106.1, 217-ci maddələrinin tələbləri ilə əsaslandırmışdır.
10. Qətnamədən Cavabdeh2 apellyasiya şikayəti verərək, qətnamənin ona aid hissədə ləğv edilməsini xahiş etmişdir.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iş materiallarından göründüyü kimi xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə borcun təminatı kimi onunla və digər Cavabdeh3 arasında xx.xx.2015-ci il tarixli zaminlik müqaviləsi bağlanmışdır. xx.xx.2015-ci il tarixdə cavabdeh əsas borclu ilə kredit borcunun ödənişi və əlavə faizlərin hesablanaraq kredit müqaviləsi üzrə öhdəliklərində dəyişiklik etmişdir, lakin həmin saziş bağlanılarkən razılığı mütləq tələb edildiyi halda nə bank, nə də ki, cavabdeh onlara heç bir məlumat vermədən onlardan xəbərsiz kredit borcunun ödənişi və əlavə faizlərin hesablanması barədə əlavə saziş bağlayaraq kredit müqaviləsi üzrə zamin olaraq onların məsuliyyətinin artırılmasına səbəb olmuşdur. Lakin işə baxan məhkəmə əlavə saziş bağlanarkən zaminlərin həmin sazişin bağlanmasında razılığının olub-olmadığını yoxlamamışdır. Halbuki, mövcud qanunvericiliyin tələbinə əsasən zaminin razılığı olmadan həmin öhdəlik dəyişdirildikdə və bu dəyişdirilmə onun məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olduqda zaminliyə xitam verilir. Bundan əlavə iş materiallarında olan əsas öhdəliyin icrası müddəti göstərilməmişdir, eyni zamanda müəyyənləşdirilməsi mümkün olmamışdır. Amma buna baxmayaraq işə baxan məhkəmə qeyd olunan halları nəzərə almadan zamin olaraq onun da kreditor kimi üzərinə götürdükləri öhdəliyə görə eyni məsuliyyət daşıdıqlarını göstərərək borcun əsas kreditorla bərabər ondan da müştərək qaydada tutulmasını qət etmişdir. Halbuki, zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda, belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
12. Apellyasiya şikayətinə qarşı tərəf etiraz təqdim etməmişdir.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
13. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh2 Ələskər oğlu izahatında bildirdi ki, zaminlik müqaviləsinə əlavə sazişi özü imza etmişdir, zaminlikdən çıxarılmağını xahiş edir.
14. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 Əmrqulu oğlu izahatında bildirdi ki, dolların məzənnəsi dəyişdiyindən kredit borcunu ödəyə bilməmişdir.
15. Məhkəmə iclasının yeri və vaxtı barədə İddiaçı ASC-yə və Cavabdeh3 məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişdirlər. Cavabdeh3 məhkəməyə etiraz ərizəsi ünvanlayaraq, qətnamənin ona aid hissədə ləğv edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
16. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
Maddə 385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 385.2. Öz məzmunundan və xarakterindən asılı olaraq, öhdəlik tərəflərdən hər birinin üzərinə istər müqavilə münasibətləri zamanı, istərsə də belə münasibətlərdən sonra digər tərəfin hüquqlarına və əmlakına xüsusi qayğı göstərmək vəzifəsini qoya bilər.
Maddə 442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
Maddə 443. Öhdəliyin icra edilməməsi ilə vurulan zərərin əvəzinin ödənilməsi 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. (...)
Maddə 445. Borclunun icranı gecikdirməsi 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. (...)
Maddə 448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. (...)
Maddə 470. Zaminlik müqaviləsi 470.1. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 470.2. Zaminlik müqaviləsi gələcəkdə yaranacaq öhdəliyin təmin edilməsi üçün də bağlana bilər.
Maddə 472. Zaminin məsuliyyəti 472.1. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 472.2. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. (...)
Maddə 477. Zaminliyə xitam verilməsi 477.0. Zaminliyə aşağıdakı hallarda xitam verilir: 477.0.1. zaminliyin təmin etdiyi öhdəliyə xitam verildikdə, habelə zaminin razılığı olmadan həmin öhdəlik dəyişdirildikdə və bu dəyişdirilmə onun məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olduqda; 477.0.2. əgər zamin yeni borclu üçün cavabdeh olmaq barəsində kreditora razılıq verməmişsə, zaminliklə təmin edilmiş öhdəlik üzrə borc başqa şəxsə keçirildikdə; 477.0.3. kreditor borclunun və ya zaminin təklif etdiyi lazımi icranı qəbul etməkdən imtina etdikdə; 477.0.4. zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir.
Maddə 739. Borc müqaviləsi 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər.
17. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. (...)
Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (..)
Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
Maddə 101. Ekspert rəyi (...) 101.7. Ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir.
Maddə 103. Ekspert rəyinin məhkəmə tərəfindən qiymətləndirilməsi 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. (...)
Maddə 372. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri (...) 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
Maddə 384. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyətləri 384.0. Apellyasiya instansiyası məhkəməsi: (...). 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər (...)
Maddə 402. Kassasiya şikayəti vermə hüququ 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. (...)
Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri
18. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsi Cavabdeh2 aid hissədə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı qeyd edilən hissədə yoxlanılacaqdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
19. Məhkəmə kollegiyası məruzəçi-hakimi dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
20. İşdən görünür ki, "xxxx" ASC ilə Cavabdeh1 Əmrqulu oğluna arasında bağlanmış xx.xx.2015-ci il tarixli, ********* nömrəli kredit müqaviləsinə əsasən Cavabdeh1 Əmrqulu oğluna illik 20 faizlə 36 ay müddətinə 11000 ABŞ dolları kredit verilmişdir. Kredit müqaviləsinin təminatı kimi kreditor ilə Cavabdeh2 Ələskər oğlu və Cavabdeh3 arasında xx.xx.2015-ci il tarixli, 150005140/ZM nömrəli zaminlik müqaviləsi bağlanmışdır. xx.xx.2015-ci il tarixdə xx.xx.2015-ci il tarixli, ********* nömrəli kredit müqaviləsinə 1 nömrəli əlavə saziş bağlanmışdır. Əlavə sazişə əsasən kreditin qalığı 9878,07 ABŞ dolları təşkil edir. Kreditin müddəti 60 ay təyin edilir. Kreditin illik faiz dərəcəsi 20% təyin edilir. Kredit üzrə planlaşdırılmış faktiki illik faiz dərəcəsi 30 % təşkil edir. Həmin tarixdə zaminlik müqaviləsinə 1 nömrəli əlavə saziş bağlanmış, zaminlik müqaviləsinə yuxarıda göstərilən məzmunda dəyişikliklər edilmişdir.
21. Belə ki, iddiaçı, Cavabdeh2 qarşı borcun tutulması tələbini onun zamin olması barədə xx.xx.2015-ci il tarixli müqaviləyə əsaslanmaqla irəli sürmüşdür.
22. Həmin müqavilənin 4.1-ci bəndinə görə, zaminliklə təmin edilmiş öhdəlik kredit müqaviləsində göstərilmiş qaydada icra edilmədikdə və ya lazımınca icra edilmədikdə zamin və ya zaminlər və borcalan kreditor qarşısında birgə məsuliyyət daşıyırlar.
23. Göründüyü kimi, bankla apellyant arasında zaminlə əsas borclunun birgə məsuliyyətini özündə ehtiva edən müstəqil zaminlik müqaviləsi bağlanmışdır. Həmin müqavilədə kredit məbləğinin 11000 ABŞ dolları təşkil etməsi, kreditin 36 ay müddətinə qaytarılması, kredit üzrə illik faiz dərəcəsinin 20% olması, kreditin qaytarılması gecikdirildiyi halda cərimə kimi ödəniləcək məbləğin illik 40%, aylıq cərimə faiz dərəcəsinin isə 3,33 % təşkil etməsi qeyd olunmuşdur.
24. xx.xx.2015-ci il tarixdə xx.xx.2015-ci il tarixli, ********* nömrəli kredit müqaviləsinə 1 nömrəli əlavə saziş bağlanmışdır. Əlavə sazişə əsasən kreditin qalığı 9878,07 ABŞ dolları təşkil edir. Kreditin müddəti 60 ay təyin edilir. Kreditin illik faiz dərəcəsi 20% təyin edilir. Kredit üzrə planlaşdırılmış faktiki illik faiz dərəcəsi 30 % təşkil edir. Gecikdirilən borc məbləğinə cərimə kimi hesablanan illik faiz dərəcəsi 40%, aylıq isə 5% təyin edilir.
25. Həmin tarixdə zaminlik müqaviləsinə 1 nömrəli əlavə saziş bağlanmış, zaminlik müqaviləsinə kreditin qalığı 9878,07 ABŞ dolları təşkil etməsi, kreditin müddətinin 60 ay təyin edilməsi, kreditin illik faiz dərəcəsinin 20% təyin edilməsi, gecikdirilən borc məbləğinə cərimə kimi hesablanan illik faiz dərəcəsinin 40% təyin edilməsi məzmununda dəyişikliklər edilmişdir.
26. Həmin sazişi cavabdehlər imzalamış və saziş üzrə öhdəliklərini qəbul etmişdirlər.
27. Cavabdeh apellyasiya şikayətində sazişin bağlanmasına razılığının olmadığını mübahisələndirsə də, məhkəmə kollegiyasının iclasında sazişin tərəfindən imzalandığını bildirmiş, sazişdəki imzanın ona məxsus olduğunu təsdiq etmişdir.
28. Kollegiya həmçinin qeyd edir ki, Mülki Məcəllənin 477-ci maddəsinə əsasən, zaminliyin təmin etdiyi öhdəliyə xitam verildikdə, habelə zaminin razılığı olmadan həmin öhdəlik dəyişdirildikdə və bu dəyişdirilmə onun məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olduqda zaminliyə xitam verilir.
29. Konstitusiya Məhkəməsinin Plenumu bir sıra qərarlarında zaminlik müqaviləsinə xitam verilməsinin şərtlərinə və əsaslarına dair hüquqi mövqeyini formalaşdırmışdır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin həmin Məcəllənin 470.2-ci maddəsi və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8 və 10.5-ci maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.11 və 307.4cü maddələrinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 3.2 və 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 2018-ci il 31 may tarixli Qərarda qeyd edilmişdir ki, zaminliyə xitam verilməsi halları Mülki Məcəllənin 477-ci maddəsində göstərilmişdir. Belə ki, həmin Məcəllənin 477.0.1-ci maddəsinə əsasən, zaminliyin təmin etdiyi öhdəliyə xitam verildikdə, habelə zaminin razılığı olmadan həmin öhdəlik dəyişdirildikdə və bu dəyişdirilmə onun məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olduqda zaminliyə xitam verilir.
30. Zaminin məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə gətirib çıxaran dəyişikliklər dedikdə, zaminin müqavilə bağlayarkən həmin müqavilə üzrə öhdəsinə götürdüyündən daha artıq öhdəliyinin yaranması nəzərdə tutulur. Göründüyü kimi, həmin maddə istənilən dəyişikliyə görə zaminliyin xitamını nəzərdə tutmur. Bu normaya əsasən, zaminliyin xitamı üçün təmin edilmiş öhdəliyə edilən dəyişiklik zaminin məsuliyyətini artırmalı və ya onun üçün başqa əlverişsiz nəticələrə səbəb olmalıdır.
31. Zaminliyə xitam verilməsi üçün hər iki şərtin, yəni zaminin razılığı olmadan öhdəliyin dəyişdirilməsi və belə dəyişdirilmənin onun məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olması vacibdir.
32. Hazırkı işdə isə cavabdeh öhdəliyin məzmununun dəyişdirilməsinə razı olmuş və sazişin imzalanması ilə dəyişdirilmənin onun məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olmasını qəbul etmişdir.
33. Zaminlik müqaviləsinin müddəti ilə bağlı apellyasiya şikayətinin dəlilləri ilə bağlı kollegiya qeyd edir ki, Mülki Məcəllənin 477-ci maddəsinə əsasən, zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda zaminliyə xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir.
34. Hazırkı iş üzrə zaminlik müqaviləsi isə 36 ay müddətinə bağlanmış, müqaviləyə əlavə sazişlə kredit müddəti 60 ay təyin edilmişdir. İddiaçı ASC isə iddia ərizə ilə məhkəməyə xx.xx.2017-ci il tarixdə müraciət etmişdir. Göründüyü kimi müddətlə bağlı zaminlik müqaviləsinə xitam verilməsinin əsasları hazırkı işdə yoxdur.
35. Kreditor və borclu arasında bağlanan müqavilədən irəli gələn öhdəliklərin icrasını təmin edən zaminlik müqaviləsi aksessor xarakter daşıyır. Zaminliyin aksessor xarakteri ondan ibarətdir ki, zaminlik müqaviləsi icra edilməyən və ya lazımınca icra edilməyən əsas öhdəliyin icrasını təmin etmək məqsədi ilə borclunun öhdəliyinə əlavə kimi çıxış edir.
36. Göstərilənlərə əsasən məhkəmə kolleiyası hesab edir ki, Cavabdeh1 Əmrqulu oğlu müqavilə üzrə öhdəliyi icra etməyərək ödəməli olduğu pul məbləğini ödəmədiyindən, Cavabdeh2 isə zaminlik müqaviləsi üzrə Cavabdeh1 Əmrqulu oğlunun icra edilməyən əsas öhdəliyinin icrasını təmin etməli olduğundan kredit müqaviləsi üzrə borc məbləğinin cavabdehlərdən müştərək qaydada tutulması barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə əsaslıdır.
37. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini formal mülahizələr kimi qiymətləndirir və hesab edir ki, bu dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas sayıla bilməz.
38. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, hazırki işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün Mülki Prosessual Məcəllənin 385.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyil.
39. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi:
Apellyasiya şikayəti təmin edilməsin. Şabran Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(031)-73/2018 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemi”ndə yaradılmış elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.