Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-125/2025 22.01.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı ölmüş şəxsin kredit borcunun vərəsəsindən tutulması tələbinə dair mülki iş üzrə (Açar sözlər: ölmüş şəxsin kredit borcunun onun vərəsəsindən tutulması) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri X11 (sədrlik edən və məruzəçi), X1 və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, Məmmədli Rəşad Mehman oğlunun katibliyi, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə3, Cavabdeh iştirakı ilə, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(060)-3999/2024 nömrəli qətnaməsindən iddiaçı "xxxx" ASC tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi: İşin halları 1."xxxx" ASC ilə X7 arasında bağlanmış 27 fevral 2020-ci il tarixli, BPM**********26 saylı kredit müqaviləsinə əsasən Bank tərəfindən X5 48 ay müddətinə, illik 24 faiz dərəcəsi ilə, 3200 manat məbləğində kredit verilmişdir.
2. "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, X4 xx.xx.2020-ci il tarixli kredit müqaviləsinə əsasən "xxxx" ASC-yə 1563,89 manat əsas borc, müqavilə müddətində ödənilməmiş 62,6 manat faiz borcu olmaqla, cəmi 1626,49 manat borcu vardır.
3. xx.xx.1985-ci il tarixli, İİİ-JQ № 432479 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X7 ilə X6 29 iyul 1985-ci il tarixdə nikahlarını bağlamışlar, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında elə həmin tarixdə 21 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra arvada Abdinova soyadı verilmişdir.
4. Sumqayıt şəhər Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, AZ-İİ № 303944 saylı ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X7 xx.xx.2022-ci il tarixdə ölmüşdür.
5. 1 saylı Sumqayıt regional “ASAN xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusu X2 tərəfindən verilmiş 30 aprel 2023-cü il tarixli «Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə»nin təsdiq olunmuş surətindən görünür ki, xx.xx.2022-ci il tarixdə vəfat etmiş- X4 vərəsəsi: arvadı Cavabdehdır və o miras əmlakdan tam hissədə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli, **********9 nömrəli məktubuna əsasən orta aylıq əmək haqqının 3 mimsli 782 manat 91 qəpik məbləğində vəsait və SN 00008 seriyalı, ******* nömrəli xəstəlik vərəqəsinə görə müavinətdən ibarətdir.
6. "xxxx" ASC tərəfindən Cavabdeh ünvanlanmış xəbərdarlıqdan görünür ki, cavabdehə kredit müqaviləsi üzrə borcun ödənilməsi ilə bağlı xəbərdarlıq edilmişdir.
Birinci instansiya məhkəməsində icraat
7. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı ölmüş şəxsin kredit borcunun vərəsəsindən tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
8. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC ilə X7 arasında xx.xx.2020-ci il tarixli, BPM**********26 saylı kredit müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən X5 48 ay müddətinə, illik 24 faiz ödəmək şərtilə 3200 manat məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsi ilə müəyyən edilmişdir ki, borcalan bu müqavilə ilə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanan faizləri ödəməlidir. AZ-İİ №303944 saylı ölüm haqqında şəhadətnaməyə əsasən X7 xx.xx.2022-ci il tarixdə vəfat etmişdir. 1 saylı Sumqayıt regional “ASAN” xidmət mərkəzində notariat ofisinin məlumatına əsasən X4 mirası qəbul etmiş vərəsəsinin Cavabdeh olduğu müəyyən edilmişdir. Bankın Sumqayıt filialı tərəfindən təqdim edilmiş xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, X4 xx.xx.2024-cü ilədək Banka ödənilməmiş 1563,89 manat əsas və 62,6 manat faiz borcu qalmışdır. Cavabdeh mərhum X3 qalmış mirası qəbul etməsinə baxmayaraq, ona çatan miras payı həcmində miras qoyanın "xxxx" ASC qarşısında olan öhdəliyini icra etməmişdir. Mübahisənin məhkəmədənkənar həlli üçün cavabdehə xx.xx.2024-cü il tarixində 6-2-22/2-2806/2024 nömrəli xəbərdarlıq məktubu göndərilməsinə baxmayaraq, sonuncu öz öhdəliyini bu günədək tam şəkildə yerinə yetirməmişdir. Göstərilənlərə əsasən X4 mirası qəbul etmiş vərəsəsi Cavabdeh "xxxx" ASC-nin xeyrinə xx.xx.2020-ci il tarixli, BPM**********26 saylı kredit müqaviləsi üzrə ödənilməmiş 1563,89 manat əsas və 62,6 manat faiz borcu olmaqla, cəmi 1626,49 manat məbləğində vəsaitin, ödənilmiş 36,9 manat dövlət rüsumunun və 0,40 manat xidmət haqqının tutulması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.
9. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(060)-3999/2024 nömrəli qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi, Cavabdeh 782,91 (yeddi yüz səksən iki manat, doxsan bir qəpik) manat məbləğində pulun və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun əvəzinin alınaraq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir (hakim Şəbnəm Həxiyeva).
10. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442, 443.1, 448.1, 449.1, 739, 1306, 1146, 1255-ci maddələrinə, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1-ci və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2018-ci il tarixli Qərarındakı hüquqi mövqeyinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1, 76.2, 77.1, 217.3 və 217.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri
11. İddiaçı "xxxx" ASC apellyasiya şikayəti verib Sumqayıt Şəhər Məhkəməsinin e- 2(060)-3999/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsinin tamamilə ləğv edilərək, Cavabdeh "xxxx" ASC-nin xeyrinə xx.xx.2020-ci il tarixli BPM**********26 nömrəli kredit müqaviləsi üzrə ödənilməmiş nağd kredit üzrə 1563.89 manat əsas borc, 62.6 faiz borcu olmaqla, 1626.49 manat borcu olmaqla, ödənilmiş 36.9 manat dövlət rüsumunun və 0.40 manat xidmət haqqının tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
12. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Sumqayıt Şəhər Məhkəməsinin e-2(060)-3999 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmişdir. Məhkəmə tərəfindən düzgün qərar qəbul edilməmişdir. Qətnamə ləğv edilməli, iddia tələbi tam təmin edilməlidir. Qanun üzrə vərəsəlik şəhadətnaməyə əsasən vərəsə Cavabdeh miras əmlakdan tam hissədə pay almışdır. Cavabdeh miras əmlakını yəni miras qoyanının aktivlərini tam həcmdə qəbul edərək miras passivlərini də tam həcmdə qəbul etmişdir. Beləliklə, miras əmlakını tam həcmdə qəbul etdiyi üçün borc öhdəliklərini tam həcmdə ödəməyi öz üzərinə götürmüşdür.
13. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470, 472-ci, eləcə də 1146, 1255 və 1306-cı maddələrinə uyğun olaraq, borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Miras qoyanın kreditorları tərəfindən vərəsələrə qarşı öhdəliyin icrası tələbi irəli sürülərkən, mirasın qəbulu ilə bağlı qanunvericilikdə müəyyən edilmiş müddətlər nəzərə alınmalıdır. Vərəsələr və zamin borclu öldükdən sonra əsas borcdan əlavə, faiz borcuna görə də məsuliyyət daşıyırlar.
14. Əgər borclunun şəxsi iştirakı olmadan icra mümkün deyilsə, onun ölümü öhdəliyin xitamına səbəb olur. Sözügedən iddia tələbi üzrə öhdəlik borclunun şəxsi iştirakı olmadan icra edilməsi mümkün olan öhdəliklər sırasına daxildir.
15. Şəxsi xarakter daşıyan və yalnız miras qoyana mənsub ola bilən əmlak hüquqları və vəzifələr, habelə qanunda və ya müqavilədə nəzərdə tutulan, yalnız kreditorun və borclunun sağlığında qüvvədə olan və onların ölümü ilə xitam verilən hüquq və vəzifələr mirasın tərkibinə daxil deyildir. Beləliklə, şəxsi xarakterli hüquq və vəzifələr vərəsəlik qaydasında ölmüş şəxsin vərəsələrinə keçmir. Borclunun kredit müqaviləsindən irəli gələn vəzifələri isə şəxsə bağlı olmayan və şəxsən icranı tələb etməyən, üçüncü şəxslər tərəfindən icrası mümkün olan əmlak xarakterli öhdəliklərdir. Bu səbəbdən də kredit müqaviləsi üzrə borclunun ölümü ilə onun öhdəliklərinə xitam verilmir və bu öhdəliklər miras qoyanın vərəsələri tərəfindən icra edilməlidir. Məhkəmə qeyd edilən halları nəzərə almadan, qanunsuz yekun məhkəmə qərarı qəbul etmişdir.
Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
16. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Apellyasiya icraatı iştirakçılarının izahatları
17. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə3 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi.
18. Məhkəmə iclasında Cavabdeh apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi.
Tətbiq edilən hüquq Azərbaycan Respublikasının 01 oktyabr 2023-cü il tarixədək qüvvədə olan Mülki Məcəlləsi
19. Maddə 739.1. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.
20. Maddə 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır.
21. Maddə 741. Əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir.
Azərbaycan Respublikasının qüvvədə olan Mülki Məcəlləsi
22. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır.
23. Maddə 432.4. Əgər borclu əsas öhdəliyin icrasından başqa, faizləri və xərcləri də ödəməlidirsə, bütün borcun ödənilməsi üçün yetərli olmayan öhdəliyin icrası əvvəlcə xərclərin hesabına, sonra faizlərin hesabına və nəhayət, əsas öhdəliyin hesabına daxil edilir. Borclunun müəyyənləşdirdiyi başqa qayda etibarsızdır.
24. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
25. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
26. Maddə 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir.
27. Maddə 1159.1.1. Qanun üzrə vərəsəlik zamanı birinci növbədə vərəsələr - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar.
28. Maddə 1306.1. Vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar.
29. Maddə 1307. Mirasın notarius tərəfindən siyahıya alındığı haldan başqa, vərəsə miras qoyanın borclarının mirasdan çox olduğunu sübut etməlidir.
30. “N.Rzazadə və R.Rzazadənin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 30 oktyabr 2017-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 11 dekabr 2018-ci il tarixli qərarına əsasən vərəsəlik hüququna əsasən, vərəsələrə ölən şəxsin miras əmlakı keçir. Miras əmlakın tərkibinə miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Mirası qəbul etmiş vərəsə miras qoyanın əmlak hüquqlarını əldə edir və onun vəzifələrinin icraçısı olur. Miras qoyanın vəzifələri dedikdə, onun kreditorlarının mənafelərinin təmin edilməsi başa düşülür.
31. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 4 iyun 2018-ci il tarixli Qərarı Vərəsələrin məsuliyyətinin həddi ilə bağlı Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən, miras qoyanın borcuna görə vərəsələrin məsuliyyəti miras əmlakın dəyəri ilə məhdudlaşır.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
32. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
33. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
34. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
35. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
36. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
37. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər.
38. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
39. Maddə 402.1. Apellyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, kommersiya mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz.
Apellyasiya baxışının hədləri
40. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6 və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
41. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
42. Apellyasiya şikayətindən görünür ki, iddiaçı "xxxx" ASC Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(060)-3999/2024 nömrəli qətnaməsinin tam ləğv edilməsini xahiş edərək iddianın tam təmin edilməsini xahiş etmişdir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsini iddianın təmin edilməyən hissəsində yoxlanılmalıdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
43. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini və işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
44. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbinin qismən təmin etməklə düzgün hüquqi nəticəyə gəlmişdir.
45. Belə ki, məhkəmə araşdırmaları ilə müəyyən edilmişdir ki, "xxxx" ASC ilə X7 arasında bağlanmış 27 fevral 2020-ci il tarixli, kredit müqaviləsinə əsasən bank tərəfindən X5 48 ay müddətinə, illik 24 faiz dərəcəsi ilə, 3200 manat məbləğində kredit verilmişdir. İşin digər hallarından görünür ki, X7 xx.xx.2022-ci il tarixdə vəfat etmişdir. İddiaçı mülki qanunvericiliyin müddəalarına istinad edərək borclunun vərəsəsi Cavabdeh borcun ödənilməsini tələb edir.
46. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, mülki qanunvericiliyin göstərişinə görə mirası qəbul etmiş vərəsə miras payı həcmində miras qoyanın kreditorları qarşısında məsuliyyət daşıyır.
47. Göründüyü kimi vərəsə tərəfindən qəbul edilən miras kütləsi – vəfat etmiş borclunun hesabındakı məbləğ 782,91 manat təşkil edir. Belə olan halda, məhkəmə hesab edir ki, Cavabdeh miras payı həcmində, yəni 782,91 manat məbləğində bank qarşısında məsuliyyət daşımalıdır.
48. Kollegiya həmçinin qeyd edir ki, Mülki Məcəllənin 1307-ci maddəsinə əsasən mirasın notarius tərəfindən siyahıya alındığı haldan başqa, vərəsə miras qoyanın borclarının mirasdan çox olduğunu sübut etməlidir.
49. Göründüyü kimi, birinci instansiya məhkəməsində aparılan araşdırma nəticəsində vəfat etmiş şəxsin adına hər hansı başqa daşınar və ya daşınmaz əmlakın mövcudluğu müəyyən edilməmişdir, notarius tərəfindən 782,91 manat pul vəsaitindən başqa digər miras əmlak siyahıya alınmamışdır.
50. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 4 iyun 2018-ci il tarixli Qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470, 472-ci, eləcə də 1146, 1255 və 1306-cı maddələrinə uyğun olaraq, borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar.
51. Kollegiya qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 4 iyun 2018-ci il tarixli Qərarında əks olunan hüquqi mövqeyə əsasən, miras qoyanın borcuna görə vərəsələrin məsuliyyəti miras əmlakın dəyəri ilə məhdudlaşır.
52. Mülki Məcəllənin 1151.1-ci maddəsinə əsasən, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir.
53. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı apellyasiya şikayətinin dəlillərini sübuta yetirə bilməmiş, vərəsə olan cavabdeh isə miras qoyanın borclarının mirasdan çox olduğunu sübut edə bilmişdir. Bu baxımdan, məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlilləri formal mülahizələr kimi qiymətləndirirərək hesab edir ki, bu dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.
54. Şərh olunanları ümumiləşdirərək məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, habelə tərəflərin münasibətləri ilə bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas təşkil etmir.
55. Beləliklə də, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, hazırkı iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(060)-3999/2024 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
56. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392- 393 və 402.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(060)-3999/2024 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.