Məhkəmə qərarları › İş №2(105)-1250/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1250/2021

14.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1250/2021 14.04.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Telman Osman oğlu Quliyev (sədrlik edən və məruzəçi), Gülnarə Fikrət qızı Tağızadə və Lətifə Məhyəddin qızı Məmmədovadan ibarət tərkibdə, məhkəmə katibi X2, İddiaçı, Cavabdeh iştirakı ilə Sumqayıt Şəhər Məhkəməsinin 01 dekabr 2020-ci il tarixli, 2(060)-5923/2020 saylı qətnaməsindən Cavabdeh verdiyi apelyasiya şikayəti üzrə işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : Sumqayıt Şəhər Məhkəməsinin 01 dekabr 2020-ci il tarixli, 2(060)-5923/2020 saylı qətnaməsi ilə (hakim E.A.Abdullayev) İddiaçı Cavabdeh qarşı əmlak tələbinə dair iddiası təmin edilib, çəkisi 60,8 qram olan 2 ədəd burma (tros) boyunbağı, bir cüt çəkisi 14 qram olan qızıl sırğa, həmin əmlaklar olmadığı təqdirdə həmin əmlakların dəyəri olan 4864 (dörd min səkkiz yüz altmış dörd) manat məbləğində pul və 30 (otuz) manat dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı verilməsi qət edilmişdir. Cavabdeh apelyasiya şikayəti verib, Sumqayıt Şəhər Məhkəməsinin 01 dekabr 2020-ci il tarixli, 2(060)-5923/2020 saylı qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. İŞİN HALLARİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddiasını onunla əsaslandırmışdır ki, o, Cavabdeh Ramilə adlı qadının vasitəsilə tanımışdır. 2017-ci ilin ortalarında cavabdeh ona bildirmişdir ki, lombard işlədir və əgər o cavabdehə qızıl-zinyət əşyaları verərsə həmin əşyaları dövriyyəyə buraxmaqla gəlir götürəcək və ona da hər ay pul verəcəkdir. Cavabdeh inanaraq özünə məxsus olan ümumi çəkisi 60,8 qram olan 2 ədəd tros boyunbağını və bir cüt çəkisi 14 qram olan qızıl sırğanı cavabdehə vermis, cavabdeh də ona 300 manat pul vermişdir. Sonrakı aylarda cavabdeh işində bir qədər çətinliklər olduğunu bildirmiş və onu əmin etmişdir ki, qızılların dövriyyəsində toplanacaq gəlirləri bir yerdə ona ödəyəcəkdir. Lakin, cavabdeh yenə də ona ödəniş etməmiş və bundan sonra qızılların qaytarılmasını tələb etdikdə cavabdeh həmin əşyaları qaytarmamışdır. Bununla bağlı Sumqayıt şəhər 4-cü Polis bölməsinə şikayət etsə də, ona mülki qaydada məhkəməyə müraciət etməsi tövsiyə edilmişdir. Cavabdeh onu yenidən aldadaraq qızılları qaytaracağını bildirmiş və 1 il ondan möhlət istəmiş, lakin bu müddət ərzində yenə də, cavabdeh qızılları ona qaytarmaqdan yayınmışdır. Ona görə də, çəkisi 60,8 qram olan 2 ədəd tros boyunbağının və bir cüt çəkisi 14 qram olan qızıl sırğanın, həmin əmlaklar olmadığı təqdirdə həmin əmlakların dəyəri kimi 7500 manat məbləğində pulun və 30 manat dövlət rüsumunun cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı 01dekabr 2020-ci il tarixdə iddia tələbinin həcminin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək çəkisi 60,8 qram olan 2 ədəd tros boyunbağının və bir cüt çəkisi 14 qram olan qızıl sırğanın, həmin əmlaklar olmadığı təqdirdə həmin əmlakların dəyəri kimi 4864 manat məbləğində pulun cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ PROSES İŞTİRAKÇİLARİNİN İZAHAT İ: Cavabdeh verdiyi apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, Sumqayıt Şəhər Məhkəməsi 01 dekabr 2020-ci il tarixli qətnaməni qəbul edərkən maddi və prosessual hüquq normalarının tələbləri pozulmuş və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, ondan 74 qram qızıl və ya onun dəyərinin iddiaçıya ödənilməsi barədə tələb təmin edilmişdir. Halbuki iddiaçı Sumqayıt şəhər 4-cü Polis İdarəsinin 3-cü Polis bölməsində izahat verərək ondan ümumilikdə 60 qram qızıl tələb etmişdir. İddiaçı 300 manat qızılın dəyəri kimi 2016-cı il tarixdə ödəniş etmişdir. Göründüyü kimi hazırda iddiaçıya 45 qram qızıla görə borcu vardır. Birinci instansiya məhkəməsinin araşdırması zamanı məhkəmə iclasında iştirak etmədiyinə görə məhkəmə 74 qram qızılın dəyərinin ondan tutulması barədə qətnamə qəbul etmişdir. Ona görə də, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında Cavabdeh apelyasiya şikayətini müdafiə edib, təmin olunmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında İddiaçı apelyasiya şikayətinə etiraz edib, birinci instansiya məhkəməsinin qətnamədinin dəyişdirilmədən saxlanmasını xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini və işdə iştirak dən şəxslərin izahatını dinləyib, iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq aşağıda göstərilən əsaslara görə hesab edir ki, apelyasiya şikayəti qismən təmin edilib, birinci instansiya məhkəməsinin qətnaməsi qismən ləğv edilərək iddia qismən təmin olunmalıdır. Belə ki, iş materialları ilə müəyyən olur ki, İddiaçı 25 mart 2020-ci il tarixdə Cavabdeh ümumi çəkisi 60,8 qram olan 2 ədəd burma (tros) boyunbağı və bir cüt qızıl sırğa vermişdir. İşdə olan cavabdeh tərəfindən yazılaraq imzalanmış qəbzdən görünür ki, Cavabdeh 25.03.2017-ci il tarixdə 60,80 qram çəkidə, 585 əyarlı qızıl-zinət əşyalarını İddiaçı götürmüşdür. Cavabdeh məhkəmə kollegiyasının iclasında həmin faktı etiraf etmişdir. İş materiallarına əlavə edilmiş 18.11.2020-ci il tarixli mütəxəssis rəyi ilə müəyyən olur ki, qızıl-zinət əşyalarının dəyəri bazar qiymətinə uyğun olaraq aşağıdakı kimi qiymətləndirilmişdir: boyunbağı burma – 583 əyarlı, çəkisi 34 qram, qiyməti 2720 manat, boyunbağı burma - 583 əyarlı, çəkisi 19 qram, qiyməti 1520 manat, bir cüt sırğa – 583 əyarlı, çəkisi 7,8 qram, qiyməti 624 manat. Rəydə qızıl-zinət əşyalarının ümumi dəyərinin 4864 manat təşkil etdiyi göstərilmişdir. Azərbaycan Respubikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. İnsan Hüquqlarının və X1 Haqqında Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə əsəsən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümümi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını tələb edə bilər. İşin araşdırılan halları ilə müəyyən olur ki, iddiaçı özünə məxsus qızıl-zinət əşyalarının cavabdehin qanunsuz sahibliyində qalmasını sübuta yetirə bilmişdir. Cavabdeh ümumi çəkisi 60,80 qram olan 2 ədəd burma (tros) boyunbağı və bir cüt qızıl sırğanı İddiaçı aldığını etiraf etsə də, tələb olunan əşyaların iddia ərizəsində göstərilən məbəğdə müəyyən edilməsi ilə razılaşmamış, hazırkı mübahisə ilə bağlı olaraq İddiaçı 300 manat pul verdiyini və birinci instansiya məhkəməsi tərəfindən həmin məbləğdə pulun ümumi borcdan çıxılmaması halını mübahisələndirmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsi ilə Cavabdeh çəkisi 60,8 qram olan 2 ədəd burma (tros) boyunbağı və çəkisi 14 qram olan bir cüt qızıl sırğa, həmin əmlaklar olmadığı təqdirdə həmin əmlakların dəyəri olan 4864 (dörd min səkkiz yüz altmış dörd) manat məbləğində pul tutularaq İddiaçı verilməsi qət edilmişdir. Məhkəmə qətnaməsinin nəticə hissəsindən belə məlum olur ki, cavabdehdən çəkisi 60,8 qram olan 2 ədəd burma (tros) boyunbağı və çəkisi 14 qram olan bir cüt qızıl sırğa olmaqla, ümumilikdə 74,8 qram çəkidə qızıl-zinət əşyaları alınıb iddiaçıya verilməlidir. Lakin işin faktiki halları ilə müyyən olur ki, iddiaçının tələb etdiyi qızıl-zinət əşyaları 2 ədəd burma (tros) boyunbağı və bir cüt qızıl sırğadan ibarət olub, cəmi çəkisi 60,8 qram təşkil edir. Həmin fakt iddiaçının izahatı ilə bir daha öz təsdiqini tapır və bu işin mübahisəsiz halıdır. Eyni zamanda İddiaçı məhkəmə kollegiyasının iclasında cavabdeh tərəfindən hazırkı mübahisə ilə bağlı olaraq ona 300 manat pul verildiyini etiraf etmiş və ona verilmiş həmin məbləğdə pulun birinci instansiya məhkəməsinin qətnaməsi ilə müəyyən edilmiş ümumi məbləğdən çıxılmasına etiraz etmədiyini göstərmişdir. Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən hazırkı mübahisə ilə bağlı olaraq iddiaçıya 300 manat pul verilməsi faktı sonuncu tərəfidən qəbul olunduğuna görə, bu hal qətnamənin icra mərhələsində nəzərə alınmalı və ümumi çəkisi 60,8 qram olan 2 ədəd burma (tros) boyunbağı və bir cüt qızıl sırğanin dəyəri olan 4864 (dörd min səkkiz yüz altmış dörd) manat məbləğində pul vəsaitindən çıxılmalıdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh apelyasiya şikayətinin dəlillərini qismən sübuta yetirsə də, birinci instansiya məhkəməsinin qətnaməsinin tam ləğv edilməsi hallarını sübuta yetirə bilməmişdir. Azərbaycan Respublikası MPM-nin 385.1.1 - 385.1.4-cü maddələrinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi və və birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv edilməsi üçün əsaslar hesab edilir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbi üzrə işin həqiqi hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə əsaslanaraq, tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir ki, bu da Azərbaycan Respublikası MPM-nin 384.0.2-ci maddəsinə görə məhkəmə qətnaməsinin apelyasiya qaydasında qismən ləğv edilməsi üçün əsasdır. Beləliklə, məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə nəticəyə gəlir ki, apelyasiya şikayəti qismən təmin edilib, birinci instansiya məhkəməsinin qətnaməsi qismən- “çəkisi 60,8 qram olan 2 ədəd burma (tros) boyunbağı və çəkisi 14 qram olan bir cüt qızıl sırğa, həmin əmlaklar olmadığı təqdirdə həmin əmlakların dəyəri olan 4864 (dörd min səkkiz yüz altmış dörd) manat məbləğində pul Cavabdeh tutulub İddiaçı verilsin”- hissəsində ləğv edilərək, Cavabdeh boyunbağı burma – 583 əyarlı, çəkisi 34 qram, qiyməti 2720 manat, boyunbağı burma - 583 əyarlı, çəkisi 19 qram, qiyməti 1520 manat, bir cüt sırğa – 583 əyarlı, çəkisi 7,8 qram, qiyməti 624 manat olan qızıl-zinət əşyaları və ya həmin əmlaklar olmadığı təqdirdə onların dəyəri olan 4864 (dörd min səkkiz yüz altmış dörd) manat pul vəsaiti tutulub İddiaçı verilməli və qətnamə qalan hissəsində dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 392- 393, 402, 403 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh verdiyi apelyasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin 01 dekabr 2020-ci il tarixli, 2(060)-5923/2020 saylı qətnaməsi qismən- “çəkisi 60,8 qram olan 2 ədəd burma (tros) boyunbağı və çəkisi 14 qram olan bir cüt qızıl sırğa, həmin əmlaklar olmadığı təqdirdə həmin əmlakların dəyəri olan 4864 (dörd min səkkiz yüz altmış dörd) manat məbləğində pul Cavabdeh tutulub İddiaçı verilsin”- hissəsində ləğv edilsin. İddia qismən təmin edilsin. Cavabdeh boyunbağı burma- 583 əyarlı, çəkisi 34 qram, qiyməti 2720 manat, boyunbağı burma- 583 əyarlı, çəkisi 19 qram, qiyməti 1520 manat, bir cüt sırğa- 583 əyarlı, çəkisi 7,8 qram, qiyməti 624 manat olan qızıl-zinət əşyaları və ya həmin əmlakların dəyəri olan 4864 (dörd min səkkiz yüz altmış dörd) manat məbləğində pul vəsaiti tutulub İddiaçı verilsin. Qətnamə- “İddiaçı tərəfindən iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumu Cavabdeh tutulub İddiaçı verilsin”- hissəsində dəyişdirilmədən saxlansın. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Apelyasiya instansiya məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Telman Quliyev Hakimlər: Gülnarə Tağızadə Lətifə Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar