Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1250/2024 19.11.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı mülki iş üzrə QƏTNAMƏSİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Fuad Əli oğlu, hakimlər X3 və X1 ibarət tərkibdə, Əliyev Rəşad Ayıl oğlunun katibliyi, cavabdehlər Cavabdeh1 və Cavabdeh3 iştirakları ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı kredit borcunun ödənilməsi tələbinə dair mülki iş üzrə Siyəzən Rayon Məhkəməsinin xx.xx.2024cü il tarixli, e-2(059)-315/2024 nömrəli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. 03 noyabr 2022-ci il tarixli, MK/72729/88/19 nömrəli kredit sazişinə əsasən İddiaçı ASC Cavabdeh1 36 ay müddətinə, illik 24% ödəmək şərti ilə 20.000 manat məbləğində kredit vermiş, həmçinin bu sazişə görə cavabdehlər Cavabdeh2 və Cavabdeh3 zaminliklə təmin edilmiş öhdəlik üzrə əsas borc, faizlər, cərimə məbləği, borcun tutulması üzrə məhkəmə xərcləri və müştərinin öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində banka dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla Bank qarşısında müştəri ilə eyni həcmdə birgə məsuliyyət daşımağı öz öhdələrinə götürmüşlər.
2. İddiaçı ASC-nin 11 fevral 2024-cü il tarixli kredit müqaviləsinin ləğvinə və borcun ödənilməsinə dair bildiriş məktublarnın surətindən görünür ki, cavabdehlərin sözügedən kredit sazişi üzrə 17159,55 manat əsas, 2791,36 manat faiz, 786,92 manat cərimə borcu vardır. Həmçinin, yaranmış borcla əlaqədar iddiaçı bank tərəfindən cavabdehlərə xəbərdarlıq edilmişdir.
Birinci instansiya məhkəməsindəki icraat
3. İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 birgə qaydada iddiaçı Bankın xeyrinə 17159,55 manat əsas borc, 3157,44 manat faiz borcu, 786,92 manat cərimə olmaqla, cəmi 21103,91 manat borcun və ödənilmiş 154 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC və Cavabdeh1 arasında bağlanmış 03 noyabr 2022-ci il tarixli kredit sazişinə əsasən bank cavabdehə 36 ay müddətinə, illik 24% dərəcəsi ilə 20.000 manat kredit vermişdir. Hazırda, cavabdeh ödəniş cədvəlinə əsasən ödəməli olduğu kredit və hesablanmış faizləri banka ödəməkdən yayınır. Kredit şərtlərinə əsasən ödəniş cədvəli ilə müəyyən edilən müddətlər kredit alan tərəfindən iki aydan artıq müddətə gecikdirildikdə, habelə ardıcıl olaraq iki dəfə pozulduqda bank pul öhdəliyinin vaxtından əvvəl icrasını tələb edə bilər. Eyni zamanda, Cavabdeh2 və Cavabdeh3 (zaminlər) həmin sazişə əsаsən bаnk qаrşısındа öz üzərlərinə məsuliyyət götürərək krеdit müqаviləsindən irəli gələn öhdəliklərin icrаsı üçün borclu Cavabdeh1 ilə birgə məsuliyyət dаşıyır və krеditin qаytаrılmаsı ilə bаğlı borclu ilə birgə sonuncuya aid bütün öhdəlikləri icrа еtməlidirlər. Beləliklə, sözügedən müqavilə üzrə Cavabdeh1 üzərinə düşən öhdəliyi yerinə yetirməmiş və nəticədə onun banka, cəmi 21103,91 manat borcu yaranmışdır.
5. Siyəzən Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(059)-315/2024 nömrəli qətnaməsi ilə (hakim Bəylər Ələkbərov) iddia qismən təmin edilərək cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 birgə qaydada 17159,55 manat əsas borc, 2791,36 manat faiz borcu, 786,92 manat cərimə olmaqla, cəmi 20737,83 (iyirmi min yeddi yüz otuz yeddi manat 83 qəpik) manat məbləğində borc və ödənilmiş 154 manat məbləğində dövlət rüsumunun 98%-i, yəni 150,92 (bir yüz əlli manat 92 qəpik) manat hissəsinin tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməsi və iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.
6. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki iddiaçı bankla Cavabdeh1 arasında bağlanmış 03 noyabr 2022-ci il tarixli kredit müqaviləsinə əsasən bank cavabdehə 36 ay müddətinə illik 24% dərəcəsi ilə 20000 manat məbləğində kredit vermiş, həmçinin bu müqavilədən irəli gələn öhdəliklərin təmini olaraq, həmin sazişə əsasən digər cavabdehlər Cavabdeh2 və Cavabdeh3 borclu Cavabdeh1 ilə eyni həcmdə məsuliyyəti öz üzərinə götürmüşlər. İddiaçı bank həmin məbləğdə pulu Cavabdeh1 verməklə, üzərinə düşən öhdəliyi yerinə yetirsə də, cavabdehlər borclu kimi üzərilərinə düşən öhdəlikləri vaxtında və lazımi qaydada icra etməməklə, müqavilənin və mülki qanunvericiliyin şərtlərini pozmuşlar. Beləliklə, 03 noyabr 2022-ci il kredit müqaviləsi üzrə cavabdehlərin banka cəmi 20737,83 manat borcu yaranmışdır.
7. Məhkəmə iddianın faizin ödənilməsi hissəsinə münasibət bildirərək göstərmişdir ki, iddiaçı 11 fevral 2024-cü il tarixdə bildiriş göndərərək cavabdehlərdən sözügedən müqavilə üzrə əsas və gecikmə günü üçün hesablanmış faiz borcunu qaytarmasını tələb etməklə, həmin müqavilənin birtərəfli qaydada ləğv olunmasını bəyan etmişdir. Belə olan halda, kreditorun borclulara bildiriş göndərərək bütün borcun qaytarılmasını tələb etməsi, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbər verməsi kredit müqaviləsinin birtərəfli qaydada ləğv olunmasına dəlalət edir. Bu halda, müvafiq bildiriş verildikdən sonra faiz borcunun kredit müqaviləsindəki illik faiz dərəcəsi ilə hesablanması doğru yanaşma sayıla bilməz. Çünki, müqavilə ləğv edildikdən sonra həmin əqddəki faiz şərtinə istinad edilməsi yolverilməzdir. Bu mənada, iddiaçının kredit müqaviləsi üzrə bütün borcu geri tələb etməsinə dair bildirişi borcluya göndərdiyi tarixdən müqavilə ləğv olunmuş sayıldığına görə bundan sonrakı dövr üçün cavabdehdən müqavilə üzrə faizi tələb etməsi yolverilməzdir.
8. İddia tələbinin cərimə hissəsi ilə bağlı kredit sazişinə əlavə olunmuş 1 nömrəli ödəniş cədvəlinə əsasən gecikdirilmiş kreditə görə kredit alan hər gecikdirilən gün üçün gecikdirilmiş kreditin 1 faizi (minimum 50 qəpik olmaqla) miqdarında cərimə ödəməsinin nəzərə tutulduğu, ona görə də, 786,92 manat cərimə məbləğ həddində tələbin də əsaslı olması qənaətinə gəlmişdir.
9. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 385.1, 442, 448.1, 465.2, 467, 739.1, 739.2, 741-ci maddələri, Mülki Prosessual Məcəllənin 77.1, 119.1, 217.4-cü maddələrinin, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2023-cü il tarixli Qərarının tələbləri ilə əsaslandırmışdır.
10. Cavabdeh1 apellyasiya şikayəti verərək, qətnamənin 2791,36 manat faiz və 786,92 manat cərimə borcu hissəsində ləğv edilməsini xahiş etmişdir.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə Mülki Məcəllənin 422ci maddəsinin tələbini cavabdehi xeyrinə tətbiq etməmişdir. Belə ki, cavabdeh olaraq kredit borcunu donuzçuluq fermasının genişləndirilməsi məqsədi üçün götürmüş, lakin heyvanlar tələf olması səbəbindən kredit borcunu vaxtında ödənilməsi ləngimişdir. O, müqavilə bağlayarkən əsas götürdükləri şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi halları barədə dəfələrlə Banka bildirib, xahiş edilsə də bank onun haqlı tələbini təmin etməmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
12. Apellyasiya şikayətinə qarşı tərəf etiraz təqdim etməmişdir.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
13. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehlər Cavabdeh1 və Cavabdeh3 apellyasiya şikayətinin dəlilləri ilə eyni məzmunlu izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdilər.
14. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak edən İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətinə etiraz edib, rədd edilməsini xahiş etmişdir. Növbəti məhkəmə iclasında nümayəndə iştirak etməmiş, “Elektron məhkəmə” informasiya sistemi vasitəsi ilə müraciət edib işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir.
15. Məhkəmə iclasının yeri və vaxtı barədə Cavabdeh2 məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
16. Maddə 385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 385.2. Öz məzmunundan və xarakterindən asılı olaraq, öhdəlik tərəflərdən hər birinin üzərinə istər müqavilə münasibətləri zamanı, istərsə də belə münasibətlərdən sonra digər tərəfin hüquqlarına və əmlakına xüsusi qayğı göstərmək vəzifəsini qoya bilər.
17. Maddə 443. Öhdəliyin icra edilməməsi ilə vurulan zərərin əvəzinin ödənilməsi 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. (...)
18. Maddə 445. Borclunun icranı gecikdirməsi 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. (...)
19. Maddə 448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. (...)
20. Maddə 462. Dəbbə pulu anlayışı 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. 462.2. Əgər borclu öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi üçün məsuliyyət daşımırsa, kreditor dəbbə pulunun ödənilməsini tələb edə bilməz. 462.3. Müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. 462.4. Əgər öhdəliyin icrası barədə vəd bu Məcəlləyə görə etibarsız sayılırsa, həmin öhdəliyin icra edilməməsi üçün dəbbə pulu haqqında qəbul edilmiş razılaşma da, hətta həmin vədin etibarsızlığı tərəflərə məlum olsa belə, etibarsızdır. 462.5. Əgər borclu öz öhdəliyini icra etdiyinə görə dəbbə pulu tutulması barədə mübahisə edirsə, o, icranı sübuta yetirməlidir, bu şərtlə ki, öhdəlik hərəkətdən çəkinməkdən ibarət olmasın.
21. Maddə 739. Borc müqaviləsi 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər.
22. Maddə 741. Borc üzrə faizlər Əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
23. Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. (...)
24. Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (..)
25. Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
26. Maddə 101. Ekspert rəyi (...) 101.7. Ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir.
27. Maddə 103. Ekspert rəyinin məhkəmə tərəfindən qiymətləndirilməsi 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. (...)
28. Maddə 372. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri (...) 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
29. Maddə 384. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyətləri 384.0. Apellyasiya instansiyası məhkəməsi: (...). 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər (...)
30. Maddə 402. Kassasiya şikayəti vermə hüququ 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. (...)
Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri
31. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 05 iyul 2024-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsi kredit müqaviləsi üzrə tələb edilən faiz və cərimə borcunun tutulması hissəsində mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı qeyd edilən hissədə yoxlanılacaqdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
32. Məhkəmə kollegiyası məruzəçi-hakimi dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
33. Apellyasiya şikayəti əsasında birinci instansiya məhkəməsinin qətnaməsi faiz və cərimə borcunun tutulması hissəsində mübahisələndirilir.
34. Belə ki, birinci instansiya məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsi ilə cavabdehlərdən birgə qaydada 17159,55 manat əsas, 2791,36 manat faiz, 786,92 manat cərimə olmaqla, cəmi 20737,83 (iyirmi min yeddi yüz otuz yeddi manat 83 qəpik) manat borcun tutulması qət edilmişdir.
35. İş materiallarından görünür ki, iddiaçı 11 fevral 2024-cü il tarixli kredit müqaviləsinin ləğvinə və borcun ödənilməsinə dair bildiriş göndərərək kredit müqaviləsi üzrə əsas borcu və gecikmə günü üçün hesablanmış faiz və cərimə borcunun qaytarılmasını tələb etmişdir.
36. Məhkəmə kollegiyası qeyd edir ki, tərəflər arasında kredit müqaviləsi əsasında öhdəlik münasibətləri yaranmış, iddiaçı kredit müqaviləsi üzrə öhdəliyi icra edərək müqavilədə nəzərdə tutulan məbləği Cavabdeh1 versə də, o, müqavilə üzrə öhdəliyi lazımı qaydada icra etməyərək ödəməli olduğu pul məbləğini ödəməmiş, bununla da cavabdeh müqavilənin şərtlərinə əməl etməyərək üzərinə düşən öhdəliyi lazımınca və vaxtında icra etməmiş, nəticədə bank qarşısında borcu yaranmışdır.
37. Başqa sözlə, cavabdeh kredit müqaviləsi əsasında iddiaçıdan kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, həmin kreditdən yaranan borclarını ödəməli olmasına dair vəzifəsini isə lazımınca icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir.
38. Apellyasiya şikayətinin dəlillərini nəzərə alınaraq, tələb edilən faiz məbləğinin düzgün hesablanıb-hesablanmamasının müəyyənləşdirilməsi üçün iş üzrə məhkəməmühasibatlıq ekspertizası təyin etmişdir.
39. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 9/7007 nömrəli, 26 sentyabr 2024-cü il tarixli rəyindən görünür ki, Cavabdeh1 11 fevral 2024-cü il tarixə 17.155,42 və 2.801,33 manat faiz borcu var.
40. Məhkəmə kollegiyası hesab edir ki, həmin rəy Azərbaycan Respublikası MPM-in 103-cü maddəsinə əsasən mötəbər sübut kimi qiymətləndirilməlidir.
41. Belə ki, ekspert hesablama apararkən təqdim olunmuş mühasibatlıq sənədlərini və tərəflər arasında bağlanmış müqavilənin şərtlərini əsas tutmuş, rəydə ekspertin gəldiyi nəticə əsaslandırılmışdır. Lakin rəydən görünür ki, rəylə müəyyən edilən faiz məbləği qətnamə ilə tutulmuş faiz məbləğindən yüksəkdir. Ona görə də, kollegiya 2791,36 manat faiz borcunun tutulması hissəsində birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır.
42. Cərimə borcunun tutulması hissəsində apellyasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, dəbbə pulu borclunun icra etməli olduğu öhdəliyi icra etmədikdə alınır. Tərəflər dəbbə pulunun miqdarını müəyyənləşdirməkdə sərbəstdirlər. Lakin qanunvericilik mülki hüquq məsuliyyətinin həcmini nəzərə alaraq bununla bağlı da konkret nizamlayıcı normalar müəyyən etmişdir. Mülki qanunvericiliyə görə mülki hüquq məsuliyyətinin iki növü vardır: zərərin əvəzinin ödənilməsi və dəbbə pulu. Zərərin əvəzinin ödənilməsi ümumi (universal), dəbbə pulu isə xüsusi təbiətə malik məsuliyyət tədbiridir. Borclu öhdəliyi icra etməməklə hüquq pozuntusuna yol verdikdə, o, zərərin əvəzinin ödənilməsi formasında məsuliyyət daşıyır. Lakin, qanunda və ya müqavilədə öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda dəbbə pulu (borclunun kreditora ödəməli olduğu pul məbləği) alınması da nəzərdə tutula bilər.
43. Tərəflər arasında bağlanmış kredit müqaviləsinə görə ödəniş cədvəlinə əsasən gecikdirilmiş kreditə görə kredit alan hər gecikdirilən gün üçün gecikdirilmiş kreditin 1 faizi (minimum 50 qəpik olmaqla) miqdarında cərimə ödəyir.
44. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas deyildir. Birinci instansiya məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarına düzgün istinad etmişdir ki, bu da Azərbaycan Respublikası MPM-in 384.0.1-ci maddəsinə görə məhkəmə qətnaməsinin apellyasiya qaydasında baxıldıqda dəyişdirmədən, apellyasiya şikayətinin təmin edilmədən saxlanması üçün əsasdır.
45. Kollegiya MPM-in 402-ci maddəsinə əsasən həmçinin qeyd edir ki, qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan az olduğundan, qətnamədən kassasiya şikayəti verilə bilməz.
46. Məhkəmə kollegiyası MPM-in yuxarıda qeyd olunan 119.1-ci maddəsinə əsasən həmçinin hesab edir ki, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan - 100 manat Cavabdeh1 tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 402ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi:
Apellyasiya şikayəti təmin edilməsin. Siyəzən Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(059)-315/2024 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. İş üzrə keçirilmiş məhkəmə mühasibatlıq ekspertizası tədqiqatının dəyəri 100 (bir yüz) manat Cavabdeh1 alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Qətnamə çıxarıldığı andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.