Məhkəmə qərarları › İş №2(105)-1254/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1254/2023

18.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1254/2023 18.10.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borcun tutulmasına tələbinə dair mülki iş üzrə (Açar sözlər: kredit borcunun tutulması) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri X3 (sədrlik edən və məruzəçi), Dəmirov İlqar Kamal oğlu və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, İsmayılova Ləman Zakir qızının katibliyi, İddiaçının nümayəndəsi X2 (son iclasa gəlməmişdir), Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakı ilə Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(060)-7273/2022 nömrəli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi: İşin halları

1. İbadov Nazim Ənvər oğlu ilə "xxxx" QSC arasında bağlanmış xx.xx.2020-ci il tarixli 003R********** saylı kredit müqaviləsinə əsasən İbadov Nazim Ənvər oğluna aylıq faiz dərəcəsi 2,25% оlmaqla 15 ay müddətinə ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 3200 (üç min iki yüz) manat kredit verilmişdir.

2. xx.xx.2022-ci il tarixli maliyyə arayışından görünür ki, cavabdeh İbadov Nazim Ənvər oğlunun 3015,6 manat krеdit bоrcu, 1301,59 manat faiz bоrcu və 1817,18 manat cərimə borcu olmaqla, ümumilikdə cəmi 6134,37 (altı min yüz otuz dörd manat, 37 qəpik) borcu vardır.

3. 003S**********01 saylı zaminlik müqaviləsindən görünür ki, zamin Cavabdeh2 borclunun uzunmüdətli kredit müqaviləsindən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün bank qarşısında tam məsuliyyəti öz üzərinə götürür və borclu ilə birlikdə bank qarşısında birgə məsuliyyət daşıyır.

4. 003S**********02 zaminlik müqaviləsindən görünür ki, zamin Cavabdeh1 borclunun uzunmüdətli kredit müqaviləsindən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün bank qarşısında tam məsuliyyəti öz üzərinə götürür və borclu ilə birlikdə bank qarşısında birgə məsuliyyət daşıyır.

5. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli, 9/5576 nömrəli ekspert rəyində göstərilmişdir ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, İbadov Nazim Ənvər oğlu tərəfindən banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış, xx.xx.2020-ci il tarixli, 003R********** saylı kredit razılaşmasının şərtlərinə müvafiq olaraq İbadov Nazim Ənvər oğlunun xx.xx.2022-ci il tarixinə (maliyyə arayışı tarixinə) əsas borcu 2998,16 manat, 1701,92 manat faiz borcu olmaqla cəmi borcu 4700,07 manat məbləğində müəyyən edilmişdir. Ekspertiza xərclərinə dair bildirişdən görünür ki, ekspert tədqiqatının dəyəri 20 manat təşkil etmişdir.

Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı QSC iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, cavabdеhlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin хеyrinə 003R********** saylı krеdit razılaşması üzrə 3015,6 manat krеdit bоrcu, 1301,59 manat faiz bоrcu və 1817,18 manat cərimə borcu olmaqla, ümumilikdə cəmi 6134 (altı min yüz otuz dörd) manat 37 (otuz yeddi) qəpik bоrcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 81,35 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıхarılmasını xahiş etmişdir.

7. İddia tələbi onunla əsaslandırılmışdır ki, İbadov Nazim Ənvər oğluna "xxxx" QSC ilə bağladığı xx.xx.2019-cu il tarixli 003L**********63 saylı uzunmüddətli kredit müqaviləsinə əsasən 120 (yüz iyirmi) ay müddətinə 300000 (üç yüz min) manat krеdit хətti açılmışdır. Bu müqaviləyə əsasən cavabdehə vеriləcək məbləğ və müddət ayrıca оlaraq Krеdit razılaşması ilə müəyyən оlunur. Uzunmüddətli kredit müqaviləsi üzrə İbadov Nazim Ənvər oğlu "xxxx" QSC ilə bağladığı xx.xx.2020-ci il tarixli 003R********** saylı krеdit razılaşması əsasında 15 ay müddətinə, aylıq faiz dərəcəsi 2.25% оlmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 3200 (üç min iki yüz) manat krеdit götürmüşdür. İbadov Nazim Ənvər oğlu krеdit razılaşmasının 1.2-ci bəndinin tələbini pоzaraq krеdit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, krеdit bоrcu və faiz bоrcundan ibarət оlmaqla ödəməli оlduğu vəsaitləri xx.xx.2020-ci il tarixdən banka qaytarmamışdır. İbadov Nazim Ənvər oğlu götürdüyü krеdit bоrcundan 184,4 manat ödəmiş, onun 3015,6 manat kredit borcu qalmışdır. Kredit razılaşmasının 2.3-cü bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz bu kredit razılaşmasının 1.1-ci bəndi ilə müəyyən olunmuş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Qeyd edilənlərə əsasən bildirilir ki, İbadov Nazim Ənvər oğlu kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün xx.xx.2022-ci il tarixə 733 gün üçün hesablanmış faiz borcu 1301,59 manat təşkil edir. Krеdit razılaşmasının 4.2.2-ci bəndinə uyğun оlaraq borclu ödəniş planı üzrə krеditi və оna hеsablanmış faizi vaхtında qaytarmadıqda hər gеcikdirilən gün üçün kredit qalığının 0.1 % məbləğində cərimə ödəməlidir. xx.xx.2022-ci il tarixə 733 gün üçün hеsablanmış cərimə 1817,18 manat təşkil edir. Uzunmüddətli krеdit müqaviləsinin 3.1.2-ci bəndinin «a» yarımbəndinə əsasən krеdit alan müvafiq оlaraq krеditi və faizi ödəniş planına uyğun оlaraq qaytara bilmədikdə Kreditor müqaviləyə vaxtından əvvəl xitam vеrmək, qalan krеdit məbləğini, faiz bоrcunu və müqavilə üzrə hеsablanmış cəriməni tələb еtmək hüququna malikdir. Uzunmüddətli kredit müqaviləsi üzrə İbadov Nazim Ənvər oğlunun öhdəliklərinin icrasını təmin еtmək məqsədilə cavabdеhlər Cavabdeh1, Cavabdeh2 zaminlik müqavilələrinə əsasən bank qarşısında öz üzərlərinə məsuliyyət götürmüşlər. Onlar həmin zaminlik müqavilələrinin 1.1-ci bəndinə əsasən yuхarıda göstərilən uzunmüddətli kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında cavabdeh İbadov Nazim Ənvər oğlu ilə birgə məsuliyyət daşıyır və uzunmüddətli kredit müqaviləsi üzrə krеditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra еtməlidirlər. Azərbaycan Respublikası DİN-nin BPQMİ-nin MAPS şöbəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli arayışı İbadov Nazim Ənvər oğlunun öldüyü Banka məlum olmuşdur. Bank tərəfindən müvafiq notariat orqanlarına və digər aidiyyatı orqanlara sorğular verilmiş, lakin İbadov Nazim Ənvər oğlunun adına vərəsəlik işi açılmamış və qanun və ya vəsiyyətnamə üzrə vərəsələrdən müraciət edən olmamış, həmçinin İbadov Nazim Ənvər oğlunun adına qeydiyyatdan keçmiş daşınmaz əmlak və nəqliyyat vasitəsi aşkar olunmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenum Qərarına əsasən, Borclunun ölümü zaminliyin xitamına səbəb olmur. Zaminin ölmüş borclunun kreditorları qarşısında məsuliyyətinin həddi miras əmlakın həcmi ilə məhdudlaşmır. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, vərəsələr öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, eləcə də miras əmlakın həcmi vərəsələrə öhdəliyi icra etməyə imkan vermədikdə, zamin kreditor qarşısında tam məsuliyyət daşıyır. Hazırda İbadov Nazim Ənvər oğlunun qanun və ya vəsiyyətnamə üzrə vərəsəsi olmadığından kredit müqaviləsi üzrə borcun zaminlərdən tələb edilməsi zərurəti yaranmışdır. Həmçinin Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, kredit müqaviləsi üzrə borclunun ölümü də tərəflər arasında mövcud olan müqavilə münasibətlərini başa çatdırmır və əsas borca görə faizlər hesablanmaqda davam edə bilər.

8. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(060)-7273/2022 nömrəli qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi, cavabdеhlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı QSC-nin xeyrinə 3015,6 manat əsas bоrc, 1301,59 manat faiz bоrcu olmaqla, ümumilikdə 4317,19 (dörd min üç yüz on yeddi manat, 19 qəpik) manat borc və ödənilmiş 63,17 manat dövlət rüsumunun əvəzinin tutulması, ödənilmiş dövlət rüsumunun 18,18 manat hissəsinin iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin özünə aid edilməsi, iddia tələbinin qalan hissədə rədd edilməsi qət edilmişdir (hakim Elmir Hüseynov).

9. Məhkəmə qeyd etmişdir ki, cavabdeh İbadov Nazim Ənvər oğlu iddiaçıdan aldığı kredit üzrə əsas borcu və müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair öhdəliklərin daşıyıcısı olmuşdur. Lakin cavabdeh xx.xx.2020-ci il tarixli kredit müqaviləsi üzrə öhdəliklərini icra etməyərək kredit müqaviləsinin tələblərini pozmuş və iddiaçı qarşısında pul öhdəliyini yerinə yetirməmişdir. İbadov Nazim Ənvər oğlu xx.xx.2020ci il tarixdə sıradan çıxmışdır (ölməsi ilə əlaqədar). Uzunmüddətli kredit müqaviləsi üzrə İbadov Nazim Ənvər oğlunun öhdəliklərinin icrasını təmin еtmək məqsədilə cavabdеhlər Cavabdeh1, Cavabdeh2 zaminlik müqavilələrinə əsasən bank qarşısında öz üzərlərinə məsuliyyət götürmüşlər. Onlar həmin zaminlik müqavilələrinin 1.1-ci bəndinə əsasən yuхarıda göstərilən uzunmüddətli kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında cavabdeh İbadov Nazim Ənvər oğlu ilə birgə məsuliyyət daşıyır və uzunmüddətli kredit müqaviləsi üzrə krеditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra еtməlidirlər. Azərbaycan Respublikası DİN-nin BPQMİ-nin MAPS şöbəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli arayışı İbadov Nazim Ənvər oğlunun öldüyü Banka məlum olmuşdur. Bank tərəfindən müvafiq notariat orqanlarına və digər aidiyyatı orqanlara sorğular verilmiş, lakin İbadov Nazim Ənvər oğlunun adına vərəsəlik işi açılmamış və qanun və ya vəsiyyətnamə üzrə vərəsələrdən müraciət edən olmamış, həmçinin İbadov Nazim Ənvər oğlunun adına qeydiyyatdan keçmiş daşınmaz əmlak və nəqliyyat vasitəsi aşkar olunmamışdır. Vərəsələr öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, eləcə də miras əmlakın həcmi vərəsələrə öhdəliyi icra etməyə imkan vermədikdə, zamin kreditor qarşısında tam məsuliyyət daşıyır. Hazırda İbadov Nazim Ənvər oğlunun qanun və ya vəsiyyətnamə üzrə vərəsəsi olmadığından kredit müqaviləsi üzrə borcun zaminlərdən tələb edilməsi hissədə iddia tələbi təmin edilməlidir.

10. Məhkəmə iddianın cərimə borcu hissəsinə münasibətdə qeyd etmişdir ki, iddia ərizəsi məhkəməyə verilənədək əsas borca faiz borcu hesablandığından cərimə borcu tutulması məqsədəuyğun deyil.

11. Məhkəmə iddianın ödənilmiş dövlət rüsumunun tutulması ilə bağlı hesab etmişdir ki, iddia tələbi bu hissədə də qismən təmin edilməli, iddianın qiyməti 1000 manatdan 10000 manatadək olduqda məhkəməyə ödənilməli olan dövlət rüsumunun məbləği 30 manat + 1000 manatdan yuxarı olan iddia qiymətinin 1 %-i qədər olmalıdır. (“Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsi) Hazırda iddia tələbinin təmin edilən hissəsi 4317,19 manat olduğundan iddiaçı tərəfindən ödənilmiş 81,35 manat dövlət rüsumunun 63,17 manat əvəzi cavabdehdən tutularaq iddiaçıya ödənilməli, ödənilmiş 18,18 manat iddiaçının özünə aid edilməlidir.

12. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 385.1, 386.1, 442, 448.1, 739.1, 739.2, 477-ci maddəllərinə, həmçinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarına, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 119.1 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri

13. Cavabdeh1 apellyasiya şikayəti verərək, Sumqayıt Şəhər Məhkəməsinin 22 dekabr 2022-ci il tarixli e-2(060)-7273/2022 nömrəli qətnaməsinin tam ləğv olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

14. Cavabdeh1 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iddia tələbini qismən qəbul edir, atası İbadov Nazim Ənvər oğlu İddiaçı QSC-dən kredit götürmüş, onun ölümündən sonra həmin kredit müqaviləsi üzrə ödənişlərin həyata keçirilməsi ilə bağlı bankla danışıqlar aparmışdır. Bank tərəfindən hissə-hissə ödəniş edilməsi barədə razılıq verilməmişdir. Ödənişlər etsə də, faiz borcundan çıxılmışdır, o iddiaçının hesabına 550 (beş yüz əlli) manat pul ödəmişdir. Lakin iddiaçı cəmi 184 manat ödədiyini bildirir, bundan əlavə faiz və cərimə borcu həddən artıq şişirdilmişdir. Həmçinin bildirir ki, məhkəmə prosesin çəkişmə prinsipini təmin etməmişdir.

Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri

15. İddiaçı tərəfindən apellyasiya şikayətinə yazılı etiraz daxil olmamışdır.

Apellyasiya icraatı iştirakçılarının izahatları

16. Məhkəmə kollegiyasının iclasında Cavabdeh1 apellyasiya şikayətini müdafiə edib orada göstərilənlərə uyğun izahat verərək şikayətin təmin olunmasını xahiş etdi.

17. Məhkəmə kollegiyasının iclasında Cavabdeh2 da apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir.

18. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada iddiaçıya məlumat verilməsinə baxmayaraq, nümayəndə son məhkəmə iclasına gəlməmiş, “Elektron Məhkəmə” sistemi vasitəsilə ərizə ünvanlayaraq məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini xahiş etmiş, həmçinin ekspert rəyini məhkəmənin mülahizəsinə buraxdıqlarını bildirərək apellyasiya şikayətinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

19. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə, məhkəmə işə baxmağa haqlıdır.

20. Qeyd olunan hüquq normasını əsas götürərək məhkəmə kollegiyası işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi

21. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

22. Maddə 739. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır.

23. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

24. Maddə 445.2.1. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır.

25. Maddə 447.7. Müqavilədən çıxarkən kreditor müqavilənin icra edilməməsi nəticəsində ona dəymiş zərərin əvəzini ödəməyi tələb edə bilər. Əgər müqavilədən çıxmaq üçün əsas borclunun təqsiri üzündən yaranmamışsa, bu qayda tətbiq edilmir.

26. Maddə 448.1 və 448.2. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır.

27. Maddə 472.1. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar.

28. Maddə 472.2. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır.

29. Maddə 477. Zaminliyə aşağıdakı hallarda xitam verilir: 477.0.1. zaminliyin təmin etdiyi öhdəliyə xitam verildikdə, habelə zaminin razılığı olmadan həmin öhdəlik dəyişdirildikdə və bu dəyişdirilmə onun məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olduqda; 477.0.2. əgər zamin yeni borclu üçün cavabdeh olmaq barəsində kreditora razılıq verməmişsə, zaminliklə təmin edilmiş öhdəlik üzrə borc başqa şəxsə keçirildikdə; 477.0.3. kreditor borclunun və ya zaminin təklif etdiyi lazımi icranı qəbul etməkdən imtina etdikdə; 477.0.4. zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir.

30. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarından görünür ki, mülki dövriyyədə öhdəliklərin icrasının təmin edilməsinin daha çox istifadə olunan üsulu kimi zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür (Mülki Məcəllənin 470.1-ci maddəsi). Zaminlik müqaviləsi kreditorla zamin arasında bağlanılır və zamin əsas borclunun öz öhdəliyini icra etməməsi və ya lazımınca icra etməməsi halında, həmin öhdəliyi icra edəcəyinə dair öz üzərinə vəzifə götürür. Bununla da gələcəkdə əsas borclu tərəfindən öhdəlik icra edilmədiyi və ya lazımınca icra edilmədiyi halda kreditor zaminə qarşı həmin öhdəliyin icrası barədə tələb irəli sürmək hüququ əldə etmiş olur. Zaminlik müqaviləsi əsas öhdəlikdən asılı olan aksessor xarakterli müqavilədir, əsas müqavilənin etibarsız hesab edilməsi və ya xitamı, öz növbəsində, bu müqavilənin də xitamına səbəb olur. Mülki Məcəllənin 472-ci maddəsində göstərilir ki, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır.

31. Mülki Məcəllənin 470, 472-ci, eləcə də 1146, 1255 və 1306-cı maddələrinə uyğun olaraq, borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Miras qoyanın kreditorları tərəfindən vərəsələrə qarşı öhdəliyin icrası tələbi irəli sürülərkən, mirasın qəbulu ilə bağlı qanunvericilikdə müəyyən edilmiş müddətlər nəzərə alınmalıdır.

32. Borclunun ölümü zaminliyin xitamına səbəb olmur. Zaminin ölmüş borclunun kreditorları qarşısında məsuliyyətinin həddi miras əmlakın həcmi ilə məhdudlaşmır. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, vərəsələr öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, eləcə də miras əmlakın həcmi vərəsələrə öhdəliyi icra etməyə imkan vermədikdə, zamin kreditor qarşısında tam məsuliyyət daşıyır.

33. Vərəsələr və zamin borclu öldükdən sonra əsas borcdan əlavə, faiz borcuna görə də məsuliyyət daşıyırlar. Borclunun təqsirli hərəkətləri nəticəsində öhdəlik icra edilmədiyi və ya lazımınca icra edilmədiyi halda hesablanmış dəbbə pulunun ödənilməsi ilə bağlı tələb kreditor tərəfindən bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş qaydada vərəsələr və ya zaminə qarşı irəli sürülə bilər. Vərəsələr və ya zaminin təqsirli hərəkətləri nəticəsində öhdəlik icra edilmədiyi və ya lazımınca icra edilmədiyi təqdirdə kreditor dəbbə pulunun ödənilməsini bu hərəkətləri törətmiş şəxsdən tələb edə bilər.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

34. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

35. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

36. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

37. Maddə 101.7. Ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir.

38. Maddə 119.1 Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

39. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

40. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

41. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər.

42. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

43. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri

44. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6 və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

45. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

46. Apellyasiya şikayətindən görünür ki, Cavabdeh1 Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(060)-7273/2022 nömrəli qətnaməsini tam ləğvini xahiş etsə də, kollegiya qətnaməni yalnız apellyanta aid hissədə yoxlanılmasını vacib hesab edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

47. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini və işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

48. Beləliklə, işin hallarına görə cavabdeh İbadov Nazim Ənvər oğlu iddiaçıdan aldığı kredit üzrə əsas borcu və müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair öhdəliklərin daşıyıcısı olmuşdur. Lakin cavabdeh xx.xx.2020-ci il tarixli kredit müqaviləsi üzrə öhdəliklərini icra etməyərək kredit müqaviləsinin tələblərini pozmuş və iddiaçı qarşısında pul öhdəliyini yerinə yetirməmişdir. İbadov Nazim Ənvər oğlu xx.xx.2020ci il tarixdə vəfat etmişdir. Kredit müqaviləsi üzrə İbadov Nazim Ənvər oğlunun öhdəliklərinin icrasını təmin еtmək məqsədilə cavabdеhlər Cavabdeh1, Cavabdeh2 zaminlik müqavilələrinə əsasən bank qarşısında öz üzərlərinə məsuliyyət götürmüşlər.

49. Apellyasiya şikayəti verən cavabdeh dəlillərində faiz və cərimə borcunun şişirdilməsinə və birinci instansiya məhkəmsində işə baxılarkən çəkişmə prinsipinin pozulmasına istinad etmişdir. Məhkəmə kollegiyasının araşdırması zamanı borcun düzgün hesablanmamasına dair dəlil nəzərə alınmaqla iş üzrə ekspertiza təyin edilmiş və əldə edilmiş rəy digər sübutlarla birlikdə tədqiq edilmişdir. İddiaçı bank 1301,59 manat məbləğində faiz borcu tələb etmiş, birinci instansiya məhkəməsi iddianı həmin hissədə tam təmin etmiş, ekspert rəyi ilə isə faiz borcu 1701,92 manat hesablanmışdır. Göründüyü kimi, rəylə müəyyən edilmiş məbləğdən aşağı məbləğdə olan iddia tələbi təmin edilmişdir.

50. Məhkəmə kollegiyası izah edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmənin qərardadı əsasında keçirilmiş ekspertizanın rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir.

51. Apellyasiya şikayətinin digər dəlili – çəkişmə prinsipinin pozulması olsa da iş materiallarının 50-ci səhifəsində olan sms bildirişdən, 53-cü səhifəsində olan poçt göndərişinin verilməsi haqqında xəbərnamədən görünür ki, cavabdehə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı qaydada məlumat verilmişdir. İşdən həmçinin o da aydın olur ki, cavabdeh xx.xx.2023-cü il tarixli məhkəmə hazırlıq iclasında və eləcə də qətnamənin çıxarıldığı xx.xx.2023-cü il tarixli məhkəmə iclasında iştirak etmişdir. Beləliklə, çəkişmə prinsinpinin pozulmasına dair dəlil də məhkəmə kollegiyasının araşdırması zamanı öz təsdiqini tapmamışdır.

52. Apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi Cavabdeh1 aid hissədə iddia tələbini qismən təmin etməklə düzgün hüquqi nəticəyə gəlmişdir.

53. Bu baxımdan, məhkəmə kollegiyası apellyantın apellyasiya şikayətində göstərdiyi dəlilləri formal mülahizələr kimi qiymətləndirirərək hesab edir ki, bu dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.

54. Beləliklə də, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, hazırkı iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e- 2(060)-7273/2022 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Eyni zamanda iş üzrə aparılmış ekspertiza tədqiqatlarının dəyəri olan 20 (iyirmi) manat Cavabdeh1 tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir.

55. Mülki Prosessual Məcəllənin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütanasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

56. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392- 393 və 402.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(060)-7273/2022 nömrəli qətnaməsi Cavabdeh1 aid hissədə dəyişdirilmədən saxlanılsın. İş üzrə aparılmış ekspertiza tədqiqatlarının dəyəri olan 20 (iyirmi) manat Cavabdeh1 tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN **********, X1, Kod 210005, VÖEN **********, müxbir hesab AZ 41 NABZ ******************** SWİFT BİK CTREAZ 22, hesab nömrəsi «AZ34CTRE ********************) keçirilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar