Məhkəmə qərarları › İş №2(105)-1254/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-1254/2025

09.09.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-1254/2025 09.09.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının hakimləri–Hüseynzadə Afiq Hüseyn oğlu (sədrlik edən və məruzəçi), X3 və X2 ibarət tərkibdə, Cəfərova Aysel Ramiz qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı aliment məbləğinin artırılması tələbinə dair mülki iş üzrə Qubadlı Rayon Məhkəməsinin 2(028)-170/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, rəsmi nikahdan anadan olmuş xx.xx.2022-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün Bakı 13 saylı Mediasiya təşkilatında bağlanmış 19 aprel 2023-cü il tarixli, MŞB/13/2023-00349 saylı Barışıq sazişi ilə müəyyən edilmiş aylıq 220 manat sabit pul məbləğində alimentin məbləğinin dəyişdirilərək, xx.xx.2022-ci il təvəllüdlü Yağmur Zeynalovanın yetkinlik yaşına çatana kimi saxlanması üçün atası Cavabdeh hər ay 246 manat sabit pul məbləğində alimentin, yaxud sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,64 misli həddində sabit pul məbləğində alimentin və eyni zamanda göstərilən xidmət haqqına görə vəkilə ödədiyi 300 manat məbləğində pul vəsaitinin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qubadlı Rayon Məhkəməsinin 2(028)-170/2025 nömrəli, 21 aprel 2025-ci il tarixli qərardadı ilə (hakim R. Quliyev) “aliment məbləğinin artırılması” tələbinə dair mülki iş üzrə icraata xitam verilmişdir. Birinci instansiya məhkəməsi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı Barışıq Sazişi ilə müəyyən edilmiş aliment məbləğinin artırılması tələbi ilə çıxış etmiş, bu zaman əsas olaraq ölkə üzrə yaşayış minimumunun artımına əsaslanmışdır. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024-cü il tarixli 15 nömrəli Qərarında qeyd edilmişdir ki, alimentin indeksasiyasından fərqli olaraq, Ailə Məcəlləsinin 112-ci maddəsində nəzərdə tutulmuş halların mövcudluğu məhkəmənin müəyyən etdiyi alimentin miqdarının (minimum əmək haqqına münasibətdə müəyyən edilmiş mislinin) dəyişdirilməsi barədə müstəqil iddianın qaldırılması üçün əsasdır. Əgər iddia minimum əmək haqqı məbləğinin artımına əsaslanırsa, başqa sözlə, iddianın mahiyyəti indeksasiya xarakteri daşıyırsa, bu məsələnin icra icraatı qaydasında həll edilməli olması nəzərə alınmalı və iddianın yolverilməzliyinə görə iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilməli, əgər iddia ərizəsi artıq icraata qəbul edilmişsə, MPM-in 261.0.1-ci maddəsinə əsasən mülki iş üzrə icraata xitam verilməlidir (8.4.3-cü bənd).Hazırkı iddia tələbi yaşayış minimumu məbləğinin artımına əsaslandığından və iddianın mahiyyəti indeksasiya xarakteri daşıdığından mülki iş üzrə icraata xitam verilməlidir. Həmçinin, iddiaçı övladının yetkinlik yaşına çatanadək saxlanılması üçün müəyyən edilmiş alimentin indeksasiyası (artırılması) üçün icra icraatı qaydasında ərizə ilə məhkəməyə müraciət edə bilər. İddiaçı birinci instansiya məhkəməsinin qərardadından apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsini xahiş etmişdir. İddiaçı şikayətini onunla əsaslandırmışdır ki, tərəflər arasında Bakı 13 saylı Mediasiya təşkilatında xx.xx.2023-cü il tarixli, MŞB/13/2023-00349 saylı Barışıq sazişi bağlanmış, həmin sazişə əsasən tərəflərin birgə nikah münasibətlərindən doğulmuş xx.xx.2022-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün atası – Cavabdeh hər ay 220 (iki yüz iyirmi) manat sabit pul məbləğində alimenti uşağın anası - İddiaçı ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh götürdüyü öhdəliyi yerinə yetirmişdir. Əgər Cavabdeh xx.xx.2023-cü il tarixli, MŞB/13/2023-00349 saylı barışıq sazişində qeyd olunan alimentlə bağlı öhdəliyini yerinə yetirməsəydi və sözügedən sazişin şərtlərinin könüllü icrasından imtina etsəydi, onda İddiaçı Mülki Prosessual Məcəllənin 355-23.1-ci maddəsinə əsasən, sazişin təsdiq olunması üçün xüsusi icraat qaydasında məhkəməyə müraciət edərdi. Bu səbəbdən də o, sözügedən barışıq sazişində müəyyən olunmuş aliment məbləğinin artırılması ilə bağlı yeni iddia tələbi ilə bağlı məhkəməyə müraciət etmişdir. İddiaçı sazişlə müəyyən olunmuş aliment məbləğinin artırılması ilə bağlı məhkəməyə müraciət etməmişdən öncə mediasiyaya müraciət etmiş, lakin cavabdeh alimentin artırılması ilə bağlı razılaşmamışdır. Ona görə də sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,64 misli həddində sabit pul məbləğində alimentin tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılması üçün məhkəməyə müraciət etmişdir. Belə ki, “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2024-cü il 20 dekabr tarixli qərarı ilə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 2016-cı il 28 mart tarixli, 8-2/2016 nömrəli Qərarına dəyişikliklər və əlavələr edilmişdir. Edilmiş dəyişiklik və əlavələrin 8.4-1-ci bəndinə əsasən Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər. Həmin qərarın 8.4-3-cü bəndinə əsasən alimentin indeksasiyasından fərqli olaraq, Ailə Məcəlləsinin 112-ci maddəsində nəzərdə tutulmuş halların mövcudluğu məhkəmənin müəyyən etdiyi alimentin miqdarının (minimum əmək haqqına münasibətdə müəyyən edilmiş mislinin) dəyişdirilməsi barədə müstəqil iddianın qaldırılması üçün əsasdır. Həmçinin Azərbaycan Respublikası Ali Məhəməsinin Azərbaycan Respublikasının rayon (şəhər) və apellyasiya məhkəmələrinə ünvanladığı xx.xx.2025-ci il tarixli, 1-8-16-1/2-57/2025 saylı məktubunun dördüncü bəndində qeyd olunmuşdur ki, Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişində sabit pul məbləğində alimentin tutulması ilə bağlı şərt tərəflərin razılığından asılı olaraq konkret rəqəmlə və ya minimum əmək haqqının müəyyən misli ilə ifadə edilə bilər. Tərəflər sazişdə tutulan alimentin məbləğini konkret rəqəmlə ifadə etdikləri və bu məbləğin sonrakı indeksasiyasını nəzərdə tutmadıqları halda, məhkəmə tərəfindən bu sazişin təsdiqi zamanı həmin məbləğin minimum əmək haqqının mislinə çevrilməsi tərəflərin iradə ifadəsinə zidd olduğundan yolverilməzdir. Eyni mövqe iddia icraatının gedişatında analoji barışıq sazişlərinin təsdiqi zamanı da nəzərə alınmalıdır. Bununla yanaşı konkret rəqəmlə ifadə olunan alimentin tutulmasına dair qanuni qüvvəsini almış məhkəmə qətnamələrindən fərqli olaraq, bu məzmunda mediasiya sazişi daxil olmaqla, barışıq sazişlərinin təsdiq edilməsi barədə məhkəmə aktları (qətnamə, qərardad) üzrə müəyyən edilmiş alimentin indeksasiyası da buna dair barışıq sazişində müvafiq bəndin olmadığı halda istisna edilir. Bu zaman tərəflərə Ailə Məcəlləsinin 112-ci maddəsində nəzərdə tutulmuş əsasların olduğu halda alimentin miqdarının dəyişdirilməsinə dair yeni iddia tələbi ilə məhkəməyə müraciət etmək hüquqlarının olması izah edilməlidir. Tərəflər belə bir tələblə məhkəməyə müraciət etdikləri halda isə qəbul olunacaq qətnamədə müəyyən edilən alimentin məbləği minimum əmək haqqının misli ilə göstərilməlidir. Buradan da aydın olur ki, əgər tərəflər arasında mediasiya prosesində “aliment” tələbi ilə bağlı barışıq sazişi bağlanmışsa və həmin sazişdə alimentin indeksasiyası göstərilməmişsə, onda iddiaçı alimentin indeksasiyası (artırılması) üçün icra icraatı qaydasında ərizə ilə məhkəməyə müraciət edə bilməz. Bu zaman iddiaçı Ailə Məcəlləsinin 112-ci maddəsinə əsasən alimentin miqdarının dəyişdirilməsinə dair yeni iddia tələbi məhkəməyə müraciət etməlidir. Yuxarıda qeyd olunanlara əsasən hesab edir ki, “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2024-cü il 20 dekabr tarixli qərarını əsas götürərək və eyni zamanda Azərbaycan Respublikası Ali Məhkəməsinin Azərbaycan Respublikasının rayon (şəhər) və apellyasiya məhkəmələrinə ünvanladığı xx.xx.2025-ci il tarixli, 1-8-16-1/2- 57/2025 saylı məktubuna istinad edərək, rəsmi nikahdan anadan olmuş xx.xx.2022-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün Bakı 13 saylı Mediasiya təşkilatında bağlanmış 19 aprel 2023-cü il tarixli, MŞB/13/2023- 00349 saylı barışıq sazişi ilə müəyyən edilmiş hər ay 220 (iki yüz iyirmi) manat sabit pul məbləğində aliment məbləği dəyişdirilərək, xx.xx.2022-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün atası Cavabdeh hər ay 246 (iki yüz qırx altı) manat sabit pul məbləğində aliment, yaxud sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,64 misli həddində sabit pul məbləğində alimentin və eyni zamanda göstərilən xidmət haqqına görə vəkilə ödənilən 300 (üç yüz) manat məbləğində pul vəsaitinin tutularaq İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmalıdır. Qubadlı Rayon Məhkəməsinin 2(028)-170/2025 nömrəli, 06 may 2025-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-845/2025 nömrəli, 29 may 2025-ci il tarixli qərardadı ilə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Qubadlı Rayon Məhkəməsinin 21 aprel 2025-ci il tarixli və onunla bağlı 06 may 2025-ci il tarixli qərardadları dəyişdirilmədən saxlanılması qərara alınmışdır. İddiaçı (Vəkil) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin 29 may 2025-ci il tarixli qərardadının ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 29 iyul 2025-ci il tarixli, 2(102)-2307/2025 nömrəli qərarı ilə İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(105)-845/2025 nömrəli iş üzrə 29 may 2025-ci il tarixli qərardadının ləğv edilməsi, mülki işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, Qubadlı Rayon Məhkəməsinin 2(028)-170/2025 nömrəli, 21 aprel 2025-ci il tarixli qərardadı və həmin qərardadla bağlı 2(028)-170/2025 nömrəli, 06 may 2025-ci il tarixli qərardadı ləğv edilməli, mülki iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 29 iyul 2025-ci il tarixli, 2(102)-2307/2025 nömrəli qərarında göstərilmişdir ki, tərəflər arasında Bakı 13 saylı Mediasiya təşkilatında bağlanmış 19 aprel 2023-cü il tarixli, MŞB/13/2023- 00349 saylı Barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunmamış və icra vərəqəsi verilməmişdir. Tərəflər Barışıq sazişinin könüllü icrasından boyun qaçırmırlar, Cavabdeh müəyyən edilmiş aylıq 220 manat sabit pul məbləğində alimenti vaxtı-vaxtında iddiaçıya ödəyir. Tərəflərin razılığı olmadan Barışıq sazişi üzrə alimentin indeksasiyası, məhkəmə tərəfindən alimentin miqdarının dəyişdirilməsi mümkün deyildir. Belə olan halda Azərbaycan Respublikası Ailə Məcəlləsinin 110.1, 110.2 və 112.1-ci maddələrinin və “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2024-cü il tarixli 15 nömrəli Qərarının hazırkı mübahisənin həllində tətbiqi istisna olunur. İddiaçı Bakı 13 saylı Mediasiya təşkilatında bağlanmış 19 aprel 2023-cü il tarixli, MŞB/13/2023-00349 saylı Barışıq sazişi ilə müəyyən edilmiş aylıq 220 manat sabit pul məbləğində alimentin məbləğinin dəyişdirilərək, xx.xx.2022-ci il təvəllüdlü Yağmur Zeynalovanın yetkinlik yaşına çatana kimi saxlanması üçün cavabdeh atası Cavabdeh hər ay 246 manat sabit pul məbləğində alimentin, yaxud sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,64 misli həddində sabit pul məbləğində alimentin tutularaq ona ödənilməsi barədə iddia tələbinin yaşayış minimumu məbləğinin artımına əsaslanması və mahiyyətcə indeksasiya xarakteri daşıması hər bir halda iddianın yolverilməzliyinə əsas vermir, Cavabdeh aliment tutulması haqqında məhkəmə aktı, yaxud məhkəmə tərəfindən təsdiq edilmiş Barışıq sazişi, həmçinin icra sənədi olmadığına görə alimentin icra icraatı qaydasında indeksasiyasını aparmaq və alimentin müəyyən olunmuş miqdarını dəyişmək də mümkün deyildir. Bu baxımdan hazırkı iş üzrə iddiaçının tələbi yol verilən hesab olunmalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 110.1-ci maddəsinə əsasən məhkəmə qətnaməsi ilə sabit pul məbləğində tutulan alimentin indeksasiyası aliment tutan təşkilatın müdiriyyəti tərəfindən müəyyən olunmuş minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq müəyyən edilir. Həmin Məcəllənin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Mediasiya haqqında” Azərbaycan Respublikası qanununun 34.1-ci maddəsinə əsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Həmin qanunun 34.2-ci maddəsinə əsasən barışıq sazişinin könüllü icrasından boyun qaçırma Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq barışıq sazişində müəyyən olunan məsuliyyətə səbəb olur. Həmin qanunun 34.3-ci maddəsinə əsasən əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024cü il tarixli 15 nömrəli Qərarının 8.4-1-ci bəndinə əsasən Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər (məsələn, Məhkəmə 2024-cü ildə bir uşağın saxlanmasına görə alimentin tutulması barədə iddiaya baxarkən alimenti 255 manat həddində müəyyən etmək istəyirsə, həmin il üzrə minimum əmək haqqı məbləğinin 0,74 mislində (345 x 0,74 = 255 manat) alimentin tutulması barədə qətnamə qəbul etməklə, qətnamənin nəticə hissəsini “xx.xx.xxxx tarixindən başlayaraq yetkinlik yaşına çatmayan A-nın saxlanılması üçün B-dən C-nin xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,74 misli həddində sabit pul məbləğində aliment tutulsun” məzmununda ifadə etməlidir). 8.4-2. Nəzərə alınmalıdır ki, Ailə Məcəlləsinin 110.1-ci maddəsinə əsasən bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada tutulan alimentin indeksasiyası ölkə üzrə müəyyən edilən minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq alimentin tutulmasını həyata keçirən təşkilatın müdiriyyəti (borclunun rəsmi iş yerinin olduğu halda işəgötürən, rəsmi iş yerinin olmadığı halda isə icra qurumunun rəhbəri) tərəfindən müəyyən edilməlidir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-in 232- ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Qərardad qəbul edilərkən indeksasiyanın bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada aparılmalı olması, habelə qanunvericilikdə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alınmalıdır (məsələn, 2019-cu ildə qəbul edilmiş qətnamə ilə bir uşağın saxlanılması üçün 125 manat sabit pul məbləğində alimentin tutulması qət edilibsə, məhkəmə 2024-cü ildə indeksasiyanı həyata keçirən zaman qüvvədə olan qətnamə ilə tutulmuş alimentin miqdarının 2019-cu il üzrə müəyyən edilmiş 250 manat məbləğində minimum əmək haqqının 0,5 mislini təşkil etdiyini nəzərə alaraq, qərardadın nəticə hissəsində tutulan alimentin məbləğinin ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,5 misli həddində indeksasiya olunması şəklində göstərməlidir). Həmin qərarın 8.4-3-cü bəndinə əsasən alimentin indeksasiyasından fərqli olaraq, Ailə Məcəlləsinin 112-ci maddəsində nəzərdə tutulmuş halların mövcudluğu məhkəmənin müəyyən etdiyialimentin miqdarının (minimum əmək haqqına münasibətdə müəyyən edilmiş mislinin) dəyişdirilməsi barədə müstəqil iddianın qaldırılması üçün əsasdır. Əgər iddia minimum əmək haqqı məbləğinin artımına əsaslanırsa, başqa sözlə, iddianın mahiyyəti indeksasiya xarakteri daşıyırsa, bu məsələnin icra icraatı qaydasında (Ailə Məcəlləsinin 110-cu və MPM-in 232ci maddələri) həll edilməli olması nəzərə alınmalı və MPM-in 153.2.1-ci maddəsinə əsasən iddianın yolverilməzliyinə görə iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilməli, əgər iddia ərizəsi artıq icraata qəbul edilmişsə, MPM-in 261.0.1-ci maddəsinə əsasən mülki iş üzrə icraata xitam verilməlidir.”; Azırbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Beləliklə, yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməli, Qubadlı Rayon Məhkəməsinin 2(028)-170/2025 nömrəli, 21 aprel 2025-ci il tarixli qərardadı və həmin qərardadla bağlı 2(028)-170/2025 nömrəli, 06 may 2025-ci il tarixli qərardadı ləğv edilməli, mülki iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə səlahiyyəti vardır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 263, 264, 398.0.2, 400, 402ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: İddiaçı şikayəti təmin edilsin. Qubadlı Rayon Məhkəməsinin 2(028)-170/2025 nömrəli, 21 aprel 2025-ci il tarixli qərardadı və həmin qərardadla bağlı 2(028)-170/2025 nömrəli, 06 may 2025-ci il tarixli qərardadı ləğv edilsin. İş sonrakı prosessual hərəkətlərin edilməsi üçün Qubadlı Rayon Məhkəməsinə qaytarılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar