Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-1256/2024 30.09.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyası – hakimlər X2 (sədrlik edən və məruzəçi), Məmmədov Zaur İkram oğlu və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi Ağakişiyeva Lətafət Almazxan qızının katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə2, Cavabdeh vəkili-nümayəndəsi Vəkil iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “cavabdehin şəhidin ailə üzvü olmasına dair hüququna xitam verilməsi, maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair” mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 20 may 2024-cü il tarixli, 2(060)-1664/2024 nömrəli qətnaməsindən İddiaçı vəkili-nümayəndəsi Nümayəndə1 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “cavabdehin şəhidin ailə üzvü olmasına dair hüququna xitam verilməsi, maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, onun oğlu X10 21 fevral 1992-ci ildə Cavabdeh ilə rəsmi nikaha daxil olmaqla ailə qurmuş, lakin bəzi məlum səbəblərə görə toyun səhəri günü Cavabdeh atası ilə öz evlərinə göndərmişdir. Həmin dövrdə Birinci Qarabağ müharibəsi davam etdiyi üçün oğlu Əvəz Sadıqov könüllü olaraq Qarabağ uğrunda gedən döyüşlərdə iştirak etmək üçün müharibəyə getmişdir. 03 oktyabr 1992-ci il tarixdə oğlu X15 uğrunda gedən şiddətli döyüşlər zamanı şəhid olmuşdur. Bu illər ərzində onların Cavabdeh ilə hər hansı münasibətləri və Cavabdeh xəbərləri olmamışdır. Sonradan ona məlum olmuşdur ki, Cavabdeh kiminləsə ailə həyatı qurmuş və həmin şəxsdən də bir oğlan övladı dünyaya gətirmişdir. Cavabdeh nə onun mərhum oğlu Əvəz Sadıqovla, nə də onların ailə üzvləri ilə hər hansı bir münasibəti olmamışdır. Bu yaxınlarda ona məlum olmuşdur ki, Cavabdeh Sumqayıt şəhər 3 saylı notariat ofisinə müraciət edərək xx.xx.1992-ci ildə şəhid olmuş X6 adına xx.xx.2021-ci il tarixdə vərəsəlik işi açdırmış və miras əmlakın 1/3 hissəsinə dair xx.xx.2021-ci il tarixdə Cavabdeh adına, 1/3 hissəsinə dair xx.xx.2021-ci il tarixdə onun adına və digər 1/3 hissəsinə dair xx.xx.1983-cü ildə vəfat etmiş X4 vərəsəsi olan arvadı kimi yenə onun adına vərəsəlik hüququ haqqında şəhadətnamələr verilmişdir. Cavabdeh onun mərhum oğlu Əvəz Sadıqovla rəsmi nikaha daxil olaraq ailə həyatı qursa da, qeyd etdiyi səbəbdən toyun səhəri günü öz atası evinə getmiş, oğlu vəfat edən zaman yas mərasimində iştirak etməmiş, bundan sonra bir dəfə də olsun iddiaçı ilə maraqlanmamışdır. Lakin Sumqayıt şəhəri 3 saylı notariat ofisi bunları nəzərə almamış və mərhum oğlu Əvəz Sadıqovun adına olan miras əmlakına dair Cavabdeh vərəsəlik hüququ haqqında şəhadətnamə vermişdir. Sumqayıt şəhəri 3 saylı notariat ofisi tərəfindən xx.xx.1992-ci il tarixdə vəfat etmiş mərhum oğlu X8 məxsus miras əmlakın 1/3 hissəsinə dair xx.xx.2021-ci il tarixdə Cavabdeh verilmiş vərəsəlik hüququ haqqında şəhadətnamə etibarsız hesab edilməli idi. Sumqayıt Şəhər Məhkəməsinin 19 noyabr 2021-ci il tarixli, 2(060)-4759/2021 saylı qətnaməsi ilə iddiaçı kimi onun (İddiaçı) Cavabdeh qarşı vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi tələbinə dair iddiası təmin edilmiş, Sumqayıt şəhəri 3 saylı notariat ofisi tərəfindən xx.xx.1992-ci il tarixdə vəfat etmiş X8 məxsus miras əmlakın 1/3 hissəsinə dair xx.xx.2021ci il tarixdə Cavabdeh verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin MK-nın xx.xx.2022-ci il tarixli qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt Şəhər Məhkəməsinin 19 noyabr 2021-ci il tarixli, 2(060)-4759/2021 saylı qətnaməsi ləğv edilmiş, Sumqayıt şəhəri 3 saylı notariat ofisi tərəfindən xx.xx.1992-ci il tarixdə vəfat etmiş X8 məxsus miras əmlakın 1/3 hissəsinə dair xx.xx.2021-ci il tarixdə Cavabdeh verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə etibarsız hesab edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli qərarı ilə cavabdehin kassasiya şikayəti qismən təmin edilərək, iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 01 aprel 2022-ci il tarixli qətnaməsi ləğv edilmiş, mülki iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmışdır. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-332/2023 saylı mülki iş üzrə 16 mart 2023-cü il tarixli qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti qismən təmin edilərək, iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 19 noyabr 2021-ci il tarixli qətnaməsi ləğv edilmiş, yeni qətnamə qəbul edilməklə, iddia təmin edilmiş, Sumqayıt şəhəri 3 saylı notariat ofisi tərəfindən xx.xx.1992- ci il tarixdə vəfat etmiş Əvəz Sadıqova məxsus miras əmlakın 1/3 hissəsinə dair xx.xx.2021-ci il tarixdə Cavabdeh adına verilmiş “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə”nin etibarsız hesab edilməsi qət edilmişdir. Ali Məhkəmənin MK-nın xx.xx.2023-cü il tarixli qərarı ilə cavabdehin kassasiya şikayəti təmin edilməmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin MK-nın 16 mart 2023-cü il tarixli, 2(105)-332/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. 03 oktyabr 1992-ci il tarixdə mərhum oğlu X15 uğrunda gedən şiddətli döyüşlər zamanı şəhid olmuşdur. Oğlunun şəhid olmasından əvvəl və onun ölümündən sonrakı illər ərzində iddiaçının Cavabdeh ilə hər hansı bir münasibəti və Cavabdeh xəbəri olmamışdır. Sonradan ona məlum olub ki, Cavabdeh evdən qovulandan sonra X11 ilə ailə həyatı qurmuş və həmin şəxsdən xx.xx.2001-ci il tarixdə Arzuman adlı övladı doğulmuşdur. Cavabdeh nə mərhum oğlu Əvəz Sadıqovun, nə də onun (iddiaçının) ailə üzvü olmamışdır. Cavabdehin onun şəhid olmuş mərhum oğlu Əvəz Sadıqovun ailə üzvü-arvadı olması statusunu itirməsi X11 ilə ailə həyatı qurması və həmin şəxsdən xx.xx.2001-ci il tarixdə Arzuman adlı övladının doğulması ilə tam təsdiq olunur. Göstərilənlərə əsasən Cavabdeh mərhum şəhid oğlu X6 ailə üzvü olmasına dair hüquqlarına xitam verilməsi, şəhid oğluna görə ona (iddiaçıya) çatası və cavabdeh tərəfindən qanunsuz alınmış 9000 manat pulun və mənəvi ziyana görə 50.000 manat pulun cavabdehdən alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında Cavabdeh vəkili-nümayəndəsi Vəkil iddia tələbinə etiraz edərək bildirmişdir ki, iddia tələbi əsassızdır və iddiaçının formal mülahizələrinə əsaslanır. X3 ilə Cavabdeh 1992-ci ilin fevral ayında rəsmi nikaha daxil olmuşlar. Cavabdehin, iddia ərizəsində qeyd olunduğu kimi, toyun səhəri günü geri qayıtması halı olmamışdır. Ailə münasibətlərinə davam edərək, bir neçə ay ailə kimi yaşamışlar. 1992-ci ilin təxminən sentyabr-oktyabr aylarında Əvəz Sadıqov könüllü olaraq müharibəyə getmişdir. Bundan sonra cavabdeh qayıdıb atasının evində yaşamağa başlamışdır. 1992-ci ilin oktyabr ayında isə Əvəz Sadıqov şəhid olmuşdur. Əvəz Sadıqov şəhid olana qədər də cavabdeh ilə rəsmi nikahda olmuşdur və onun ölüm faktı 2008-ci ildə məhkəmə qaydasında tanınmışdır. Tərəflər arasında əvvəl də vərəsəlik haqqında şəhadətnamənin etibarsız hesab edilməsi ilə bağlı məhkəmə mübahisəsi olmuşdur. Əvəz Sadıqov şəhid olduqdan sonra Cavabdeh həm iddiaçı, həm də onun qızı ilə ümumiyyətlə əlaqələri olmamışdır. 2021-ci ildə özləri cavabdehə yaxınlaşmış və bildirmişlər ki, Prezidentin Sərəncamı əsasında şəhid ailələrinə 11.000 manat birdəfəlik ödəniş verilir. Cavabdehə nikahda olduğu üçün şəhadətnamə alınmalı olduğu bildirilmişdir. Əvvəlcə Cavabdeh, ondan bir ay sonra isə iddiaçı tərəf məbləği ala bilmək üçün müraciət edərək notarial qaydada şəhadətnamə almışlar. Daha sonra onlar vərəsəlik haqqında şəhadətnaməni mübahisələndirmişlər. Hesab ediblər ki, ailə münasibətləri məhkəmə tərəfindən pozulmuş hesab edilməlidir. Belə ki, iddiaçının oğlu ilə cavabdeh rəsmi nikahda olmalarına baxmayaraq, ailə olmamışlar və bu səbəbdən də nikaha xitam verilməlidir. Birinci instansiya məhkəməsi iddiaçının iddiasını təmin edərək, həm ailə münasibətlərinə xitam verilməsi hallarını, həm də müddəti ötürməklə mirasın qəbul edilməsi faktına əsasən vərəsəlik haqqında şəhadətnaməni ləğv etmişdir. Qətnaməni apellyasiya məhkəməsi qüvvədə saxlamış, Ali Məhkəmə isə ləğv etmişdir. İş yenidən apellyasiya məhkəməsinə qayıtmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin 16 mart 2023-cü il tarixli qətnaməsinin 39-cu bəndində qeyd edilmişdir ki, işin müəyyən edilmiş hallarından göründüyü kimi, birinci instansiya məhkəməsi iddianın təmin edilməsi ilə bağlı gəldiyi nəticəni Cavabdeh X3nun ailə üzvü hesab edilməməsi və mirasın qəbulu müddəti ilə bağlı qanunvericiliyin tələblərinə əməl edilməməsi ilə əsaslandırmışdır. Sumqayıt Apellyasiya Məhkəməsi qanunvericiliyin birinci instansiya tərəfindən pozulmasını göstərir. Qətnamənin 46-cı bəndində isə qeyd edilir ki, “qanunvericiliyin qeyd olunan normalarına istinadən məhkəmə kollegiyası cavabdehin ailə üzvü hesab edilməməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qanuni və əsaslı hesab etmir”. Apellyasiya məhkəməsinin mövqeyi belə olmuşdur. Bu mövqe Ali Məhkəmənin qərarı ilə də qüvvədə qalmışdır. Göründüyü kimi, iddia tələbi iki hissədən ibarətdir. İddia tələbinin birinci hissəsində ailə üzvü münasibətlərinə xitam verilməsi məsələsinin məhkəmə tərəfindən göstərilməli olduğu qeyd olunmuşdur. Daha sonra isə maddi ziyanla bağlı məsələ öz əksini tapmışdır. Təbii ki, maddi ziyanla bağlı ikinci hissə birinci hissədən asılıdır. Birinci hissə ilə bağlı isə bundan əvvəlki məhkəmə qərarlarında qanuni qüvvəsini alınmış hüquqi mövqe vardır. Həm apellyasiya məhkəməsinin, həm də Ali Məhkəmənin mövqeyinə görə ailə üzvü münasibətlərinə xitam verilməsi məsələsindən söhbət gedə bilməz. Bu, qanuni tələb deyildir. 2000-ci ilə qədər qüvvədə olan Ailə Məcəlləsinin normalarına əsasən rəsmi nikah olduğuna görə iddiaçının belə bir tələbinin mümkün olmaması əsaslandırılmışdır. Qanuni qüvvəsini alan məhkəmə qərarlarında göstərilən mövqeyə əsaslanaraq, iddia tələbinin birinci hissəsi, yəni ailə üzvü məsələsinə xitam verilməsi məsələsi əsassızdır. Bu hal məhkəmə aktlarında öv əksini tapmışdır. O olmadığı təqdirdə də maddi ziyandan söhbət gedə bilməz. “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları”nın təsdiq olunması haqqında Qanunun 2-ci maddəsində də qeyd edilmişdir ki, şəhidin ailə üzvləri birinci sırada ər-arvaddır. Bu səbəblərdən də, iddia tələbi əsassızdır və təmin edilməməlidir. Nikah haqqında şəhadətnamə iddiaçının oğlu şəhid olana qədər qüvvədə olmuşdur. Bu, məhkəmə aktlarından da görünür. Əvəz Sadıqov 1992-ci ilin oktyabr ayında şəhid olmuşdur. Cavabdeh ikinci dəfə 2001-ci ildə ailə qurmuşdur, lakin rəsmi nikah olmamışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin qətnaməsinin 39 və 46-cı bəndlərində bu məsələ ilə bağlı kifayət qədər izah verilmişdir. Məhkəmə qeyd edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə düzgün deyildir. Qeyd edir ki, məhkəmə tələb qoymur, iddiaçının tələbinə münasibət bildirir. Vərəsəlik haqqında şəhadətnamənin etibarsız hesab edilməsi barədə qərara gəlmək üçün orada aydın şəkildə izah verilmiş, birinci instansiya məhkəməsinin hansı maddi və prosessual hüquq normalarının tətbiqində səhvə yol verdiyi qeyd edilmişdir. Qeyd olunanlara əsasən iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 20 may 2024-cü il tarixli, 2(060)-1664/2024 nömrəli qətnaməsi ilə iddia təmin edilməmişdir (hakim Şəbnəm Həxiyeva). Həmin qətnamədən İddiaçı vəkili-nümayəndəsi Nümayəndə1 apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin 04 iyul 2024-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün hesab edilərək məhkəmə baxışına təyin olunmuşdur. Apellyasiya baxışı ilə əlaqədar məhkəmə kollegiyasının hazırkı iclasında iştirak edən İddiaçı nümayəndəsi Nümayəndə2 və kollegiyanın əvvəlki iclaslarında iştirak etmiş iddiaçının vəkili-nümayəndəsi Nümayəndə1 apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək, iddia tələbinin təmin edilməsini xahiş etmişlər. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh vəkili-nümayəndəsi Vəkil apellyasiya şikayətinin təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Sumqayıt Şəhər Məhkəməsinin 20 may 2024-cü il tarixli, 2(060)- 1664/2024 nömrəli qətnaməsi ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan Sumqayıt şəhər Qeydiyyat şöbəsi tərəfindən verilmiş 08 may 2020-ci il tarixli 05/Q-893/69 saylı arayışdan görünür ki, X10 ilə Cavabdeh nikahları 21 fevral 1992-ci il tarixdə Sumqayıt Nikah evində 274 №-li akt qeydi ilə rəsmiləşdirilmişdir. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 07 fevral 2008-ci il tarixli, 2- 450/08 saylı qətnaməsinə əsasən, ərizə təmin edilərək, 04 fevral 1969-cu ildə anadan olmuş X7 Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlər zamanı 03 oktyabr 1992-ci il tarixdə həlak olması faktının müəyyən edilməsi qət edilmişdir. İş materiallarında olan Sumqayıt şəhər VVADQ şöbəsi tərəfindən verilmiş xx.xx.2008-ci il tarixli, AZ-İ seriyalı 285543 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X10 xx.xx.1992-ci il tarixdə Ağdam rayonu Abdal Gülablı kəndi uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. İş materiallarında olan Sumqayıt Şəhər Əhalinin Sosial Müdafiəsi Mərkəzi tərəfindən xx.xx.2008-ci il tarixdə verilmiş 007679 saylı vəsiqədən görünür ki, İddiaçı Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş güzəşt və imtiyazlardan istifadə etmək hüququ vardır. İşdən göründüyü kimi, İddiaçı iddia tələbi 2 hissədən - “cavabdehin şəhidin ailə üzvü olmasına dair hüququna xitam verilməsi” və “şəhid oğluna görə ona çatası, cavabdeh tərəfindən qanunsuz alınmış 9000 manat və mənəvi ziyana görə 50.000 manat pul vəsaitlərinin cavabdehdən alınıb ona verilməsi” tələblərindən ibarətdir. Həm də mahiyyət etibarilə birinci tələb əsas, ikinci tələb isə ondan törəmədir; yəni, törəmə tələbin nəticəsi əsas tələb üzrə qəbul ediləcək qərardan asılıdır. İddiaçı Cavabdeh onun şəhid oğlu Əvəz Sadıqovun ailə üzvü olmasına dair hüququna məhkəmə tərəfindən xitam verilməsini tələb edir. Bu tələblə bağlı məhkəmə kollegiyası qeyd edir ki, fiziki şəxslər arasında ailə-qohumluq münasibətləri hüquqi faktlara əsaslanır. Ər-arvad arasında ailə hüquq münasibətləri də onlar arasında nikahın bağlanması yolu ilə yaranır və bu münasibətlər nikaha xitam verilənədək davam edir. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 9.4-cü maddəsinə əsasən, ərarvadın hüquq və vəzifələri müvafiq icra hakimiyyəti orqanı tərəfindən nikahın bağlanmasının dövlət qeydiyyatı günündən yaranır. Həmin Məcəllənin 14.1-ci maddəsinə əsasən, ər (arvad) öldükdə, yaxud məhkəmə qaydasında ölmüş elan edildikdə nikaha xitam verilir. Həmin Məcəllənin 23.1-ci maddəsinə əsasən, nikah müvafiq icra hakimiyyəti orqanında pozulduqda pozulmanın dövlət qeydiyyatına alındığı gündən, məhkəmə qaydasında pozulduqda isə bu barədə məhkəmənin qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən nikaha xitam verilmiş sayılır. Ailə qanunvericiliyinə müvafiq olaraq nikaha xitam verilənədək ər-arvad bir-birinin ailə üzvü sayılır. Nikaha xitam verilməsi ilə ər-arvadın da bir-birinin ailə üzvü olması hüququna xitam verilmiş olur. Göründüyü kimi, qanunvericilik ər-arvadın bir-birinin, o cümlədən arvadın (ərin) vəfat etmiş (şəhid olmuş) ərinin (arvadının) ailə üzvü olması hüququna xitam verilməsi məsələsinin məhkəmə qaydasında həlli mümkünlüyünü nəzərdə tutmamışdır. Bu məsələ qanunla birbaşa tənzimlənmiş və ər-arvad arasındakı nikaha xitam verilməsindən asılı edilmişdir. Ona görə də ər-arvadın bir-birinin, o cümlədən arvadın (ərin) vəfat etmiş (şəhid olmuş) ərinin (arvadının) ailə üzvü olması hüququna xitam verilməsi tələbinə dair məhkəmədə iddia qaldırılması yolverilməzdir və belə tələblə bağlı iddia ərizəsinə məhkəmə qaydasında baxılmalı deyildir. MPM-in 153.2 və 153.2.1-ci maddələrinə əsasən, ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə ərizəni qəbul etməkdən imtina edir. İddia ərizəsi məhkəmə tərəfindən baxılmaq üçün icraata qəbul ediləndən sonra işin məhkəmədə baxılmalı olmaması müəyyən edilərsə, MPM-in 261.0 və 261.0.1-ci maddələrinə əsasən, hakim iş üzrə icraata xitam verir. MPM-in 262.1-ci maddəsinə əsasən, iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. Həmin Məcəllənin 262.3-cü maddəsinə müvafiq olaraq, bu Məcəllənin 261.0.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə icraata xitam verilərsə, məhkəmə ərizəçinin hansı orqana müraciət etməli olmasını göstərməlidir. Şərh olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, İddiaçı tərəfindən irəli sürülmüş “cavabdehin şəhidin ailə üzvü olmasına dair hüququna xitam verilməsi” tələbinə məhkəmə qaydasında baxılmalı olmadığından, habelə bu tələbdən törəmə olduğu üçün “şəhid oğluna görə ona çatası, cavabdeh tərəfindən qanunsuz alınmış 9000 manat və mənəvi ziyana görə 50.000 manat pul vəsaitlərinin cavabdehdən alınıb ona verilməsi” tələbinə də hazırda baxılması mümkün olmadığından bütövlükdə onun iddiası ilə bağlı olan hazırkı mülki iş üzrə icraata xitam verilməlidir. Məhkəmə kollegiyası iddiaçının hüquqi marağını nəzərə alaraq hesab edir ki, o, cavabdehin “şəhid ailəsinin üzvü” statusundan məhrum edilməsi (statusun ləğv edilməsi) məsələsinə baxılması üçün bu barədə ərizə ilə cavabdehə həmin statusu vermiş müvafiq icra hakimiyyəti orqanına müraciət edə, müraciətinə baxılmadığı və ya təmin olunmadığı halda isə məsələni müvafiq inzibati məhkəmədə mübahisələndirə bilər. Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 372.1-ci mаddəsinə əsаsən, аpellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Həmin Məcəllənin 261.0.1-ci maddəsinə əsasən, iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 384 və 384.0.5-ci maddələrinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddəsinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər... Həmin Məcəllənin 387.2 və 387.2.8-ci maddələrinə əsasən isə, iş üzrə icraata xitam verilməsi üçün bu Məcəllədə müəyyən edilmiş əsaslar olduğu halda məhkəmə işə mahiyyəti üzrə baxmışsa, şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməlidir. Həmin Məcəllənin 402-ci maddəsinə əsasən, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının iş üzrə icraata xitam verilməsi barədə qərardadlarından kassasiya şikayəti verilə bilər. Şərh edilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 261, 262, 372, 384, 387, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı vəkili-nümayəndəsi Nümayəndə1 apellyasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin 20 may 2024-cü il tarixli, 2(060)-1664/2024 nömrəli qətnaməsi ləğv edilsin və iş üzrə icraata xitam verilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemi”ndə yaradılmış elektron kabinet vasitəsilə) verilə bilər. Qərardaddan kassasiya şikayəti verilmədikdə, qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-1256/2024
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-1256/2024
30.09.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver