Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1257/2021 29.04.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri: Məmmədov Telman Qədir oğlu (sədrlik edən, məruzəçi hakim), Abasov Şəmsəddin Rizalı oğlu və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X2, iddiaçı “Cargo-Az” məhdud məsuliyyətli cəmiyyətinin nümayəndəsi X1 və Cavabdeh iştirakları ilə açıq məhkəmə iclasında Xaçmaz Rayon Məhkəməsinin 01 dekabr 2020-ci il tarixli, 2(067)-2413/2020 saylı qətnaməsindən iddiaçı “Cargo-Az” məhdud məsuliyyətli cəmiyyətinin apellyasiya şikayətinə əsasən işə apellyasiya qaydasında baxaraq MÜƏYYƏN E T D İ: Xaçmaz Rayon Məhkəməsinin 01 dekabr 2020-ci il tarixli, 2(067)-2413/2020 saylı qətnaməsi ilə (sədrlik edən, hakim İlkin Xəlilov) iddiaçı “Cargo-Az” məhdud məsuliyyətli cəmiyyətinin Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə iddia təmin edilməmiş, iddiaçı qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ: Mülki işin materiallarından görünür ki, “Cargo-Az” məhdud məsuliyyətli cəmiyyəti iddia ilə məhkəməyə müraciət edərək Cavabdeh ** XL *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə vurulmuş 6056,5 manat məbləğində maddi ziyanın və 30 manat dövlət rüsumunun tutulub cəmiyyətə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş və tələbini onunla əsaslandırmışdır ki, mülkiyyətçi X5 tərəfindən ** XL *** dövlət qeydiyyat nişanlı, “İSUZU NPR 66P” markalı yük avtomobili 06.01.2018-ci il tarixli icarə müqaviləsi ilə cəmiyyətə icarəyə verilmişdir. Müqavilənin 2.4-cü bəndinə əsasən cəmiyyət tərəfindən həmin nəqliyyat vasitəsi yük daşımanın həyata keçirilməsi, sifarişlərin yerinə yetirilməsi məqsədi ilə cəmiyyətin sürücüsü olan Cavabdeh istifadəsinə verilmişdir. Belə ki, Cavabdeh ilə cəmiyyət arasında 26.07.2018-ci il tarixində əmək müqaviləsi və tam maddi məsuliyyət haqqında müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən Cavabdeh ** XL *** dövlət qeydiyyat nişanlı, “İSUZU NPR 66P” markalı yük avtomobilinin təyinatına uyğun istifadəsini və mühafizəsini öz üzərinə götürmüşdür. Lakin ** XL *** dövlət qeydiyyat nişanlı, “İSUZU NPR 66P” yük markalı nəqliyyat vasitəsinə Cavabdeh etinasız və istismar qaydalarına uyğun olmayan istifadəsi nəticəsində xeyli miqdarda ziyan dəymiş, avtomobilin müəyyən ehtiyat hissələri istifadəyə yararsız vəziyyətə düşmüşdür. Belə ki, “A.N.AZ” məhdud məsuliyyətli cəmiyyətindən əldə edilən 15.02.2019-cu il tarixli qüsur aktına görə həmin nəqliyyat vasitəsinə ümumilikdə 6056,5 manat miqdarında maddi ziyan dəymişdir. Cavabdeh vurduğu ziyanı dərk etdiyindən öhdəlikdən yayınmaq məqsədilə istifadəsinə verilən həmin nəqliyyat vasitəsini təhvil-təslim qaydalarına əməl etmədən sahibsiz qoyaraq getmişdir. Cəmiyyət tərəfindən Cavabdeh dəfələrlə vurulmuş ziyanın ödənilməsinə dair müraciətlər olunsa da, lakin bu günə qədər cavabdeh zərəri ödəməkdən müxtəlif bəhanələrlə boyun qaçırır. Cavabdeh qanunsuz hərəkətlərinin qarşısı alınmalı və cəmiyyətə vurulmuş maddi ziyanın cavabdehdən tutulması barədə qətnamə qəbul edilməlidir. Mübahisə üzrə yuxarıda göstərilən qətnamə qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ, İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ: İddiaçı “Cargo-Az” məhdud məsuliyyətli cəmiyyəti apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnamə qeyri-obyektiv, əsassız və qanunsuz olduğundan, həmçinin maddi və prosessual hüquq normalarının kobud şəkildə pozulması ilə çıxarıldığından ləğv olunmalı, iddia tələbinin tam təmin edilməsi barədə yeni qərar qəbul edilməlidir. Belə ki, məhkəmə iddianı rədd edərkən işəgötürən tərəfindən Əmək Məcəlləsinin 203-cü maddəsinə müvafiq qaydada araşdırma aparılmamasını, habelə Cavabdeh təqsirli hərəkətləri nəticəsində cəmiyyətə ziyan vurmasına görə inzibati və ya cinayət məsuliyyətinə cəlb edilmədiyini, təqsirli hərəkətləri nəticəsində işəgötürənə ziyan vurmasının müvafiq səlahiyyətli orqanın və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə öz təsdiqini tapmadığını əsas gətirmişdir. Lakin, məhkəmənin gəldiyi nəticə həm faktiki hallarla bağlı, həm də tətbiq edilmiş hüquq normalarına görə işin həqiqi hallarına uyğun olmadığından və tərəflərin qarşılıqlı münasibətlərini əks etdirmədiyindən tamamilə qanunsuz və əsassızdır. Belə ki, hazırki mübahisədə Əmək Məcəlləsinin 203-cü maddəsinə istinad edilməsi məhkəmənin araşdırma aparmadan maddənin təfsirində yanlışlığa yol verdiyini açıq-aşkar sübut edir. Həmin maddədə göstərilmişdir ki, işəgötürən ona vurulan ziyanın ödənilməsini təmin etmək qərarına gəlməmişdən əvvəl işçinin yazılı izahatını alır, onun əməlinin qanunauyğunluğunu, dəymiş ziyanla işçinin hərəkətləri (hərəkətsizliyi) arasındakı səbəbli əlaqəni, habelə dəymiş ziyanın həqiqi miqdarını araşdırır. Hazırki iş üzrə avtomobili sahibsiz qoyaraq çıxıb gedən cavabdeh növbəti gün əmək müqaviləsinə xitam vermək niyyətini bildirmiş və tərəflər arasındakı əmək münasibətlərinə son verilmişdir. Yalnız cavabdehlə əmək münasibətlərinə xitam verildikdən sonra avtomobilə ziyan vurulması ilə bağlı məlumatları olmuş və bu zaman artıq cavabdehlə əlaqə saxlamağa cəhd edildikdə, sonuncu müxtəlif bəhanələrlə törətdiyi əməldən boyun qaçırmışdır, yəni cəmiyyət artıq cavabdehin yazılı izahatını əldə etmək imkanından məhrum olmuşdur. Əmək Məcəlləsinin 203-cü maddəsi konkret olaraq işəgötürənlə işçi arasındakı əmək münasibətlərinin qüvvədə olduğu müddətə şamil edilir. Hazırki iş üzrə isə cavabdehlə əmək münasibətlərinə avtomobilə zərər vurulması barədə məlumatlı olduqlarından əvvəl xitam verildiyi üçün cavabdeh işçi kateqoriyasından çıxmaqla müvafiq maddənin tətbiqini mümkünsüz etmişdir. Odur ki, məhkəmənin cəmiyyətdən Əmək Məcəlləsinin 203-cü maddəsini tətbiqini tələb etməsi tamamilə absurddur. Bundan əlavə, məhkəmənin cavabdehin əməlinə görə inzibati və ya cinayət məsuliyyətinə cəlb edilməməsini iddianı rədd etmə əsası kimi qəbul etməsi məhkəmənin mülki-hüquqi və maddi məsuliyyəti məsuliyyət növü kimi qəbul etmədiyi qənaətinə gətirmişdir. Məhkəmənin bu mövqeyi aşkar şəkildə işçilərin işəgötürənə ziyan vurduğu halda, məsuliyyətdən yayınma hallarına şərait yaratmasından başqa bir şey deyildir. Habelə, qətnamədə cavabdehin izahatını oxuyarkən izahatın nə dərəcədə yalan ifadələrlə nağıl kimi danışıldığı, bir-birini təkzib edən arqumentlərlə əhatələndiyini görməmək, ümumiyyətlə, mümkün deyildir. İlk növbədə cavabdeh özü də avtomobilin ona saz vəziyyətdə verildiyini və avtomobilin 9 ay ərzində yalnız onun istifadəsində olduğunu etiraf etmişdir. Məhz bu etiraf avtomobilə dəymiş zərərin birbaşa cavabdeh tərəfindən vurulmasını teoremlikdən çıxarıb, aksioma daxil edir. Cəmiyyət tərəfindən dəymiş zərər barəsində müvafiq mütəxəssislərdən əldə edilmiş qüsur aktı, avtomobilin cavabdehin istifadəsində olmaqla onun hərəkət və hərəkətsizliyinin təsiri altında olması və yuxarıda sadalalanlar, eləcə də məhkəməyə təqdim edilmiş bütün sübutlar təqsirkarın qanunazidd əməli ilə dəymiş ziyan arasındakı səbəbli əlaqəni sübut edir və aşkar şəkildə cavabdeh üçün maddi məsuliyyət yaradır. İşçilərin işəgötürənə vurduğu ziyandan yayınmaması üçün hüquq institutunda məhz tam maddi məsuliyyət haqqında müqavilə bağlanılması da nəzərdə tutulmuşdur ki, cəmiyyət cavabdehlə 26.07.2018-ci il tarixində tam maddi məsuliyyət haqqında müqavilə bağlamışdır. Bununla da cavabdeh istifadəsinə verilmiş əmlakın təyinatına uyğun istifadəsini və mühafizəsini öz üzərinə götürmüş, əmlakın salamatlılığına görə məsuliyyət daşıdığını qəbul etmişdir. Apellyasiya şikayətində iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsi və iddianın təmin olunması barədə yeni qətnamə qəbul edilməsi xahiş olunmuşdur. Məhkəmə iclasında iddiaçı “Cargo-Az” məhdud məsuliyyətli cəmiyyətinin nümayəndəsi X3 apellyasiya şikayətində göstərilənlərə uyğun izahat verdi. Cavabdeh məhkəmə iclasında apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayıb, izahatında iş üzrə məhkəmə qətnaməsinin dəyişdirilmədən, apellyasiya şikayətinin isə təmin edilmədən saxlanılmasını xahiş etdi və əlavə olaraq göstərdi ki, 26 iyul 2018-ci il tarixdə əmək müqaviləsinə əsasən “Cargo-Az” məhdud məsuliyyətli cəmiyyətinə sürücü vəzifəsinə qəbul edilmiş, ** XL *** dövlət qeydiyyat nişanlı, “İSUZU NPR 66P” yük markalı nəqliyyat vasitəsi onun idarəçiliyinə verilmişdir. İş şəraiti ağır olduğuna görə həmin nəqliyyat vasitəsini qaraja təhvil vermiş və ərizə ilə müraciət edərək işdən çıxmaq istədiyini bildirmişdir. Onunla bağlanmış əmək müqaviləsinə 12 fevral 2019-cu il tarixdə xitam verilmişdir. Əgər nəqliyyat vasitəsini təhvil verməsəydi, onunla bağlanmış əmək müqaviləsinə xitam verilməzdi. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, iş üzrə məhkəmə qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldiyindən, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən, maddi və prosessual hüquq normalarına düzgün riayət edilib, edilməməsinə hüquqi qiymət verilməlidir. İş materiallarında olan AB seriyalı, 187617 saylı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, ** XL *** dövlət qeydiyyat nişanlı, “İSUZU NPR 66P” markalı yük avtomobilinin sahibi X4r. İş materiallarında olan 06 yanvar 2018-ci il tarixli, 2 saylı nəqliyyat vasitəsinin icarə müqaviləsindən görünür ki, “İcarəyə verən” X5 ** XL *** dövlət qeydiyyat nişanlı, “İSUZU NPR 66P” markalı yük avtomobilini 06 yanvar 2021-ci il tarixədək aylıq 800 manata “İcarəçi” “Cargo-Az” məhdud məsuliyyətli cəmiyyətinə icarəyə vermişdir. İş materiallarından görünür ki, “Cargo-Az” məhdud məsuliyyətli cəmiyyəti ilə bağlanmış 26 iyul 2018-ci il tarixli əmək müqaviləsinə əsasən Cavabdeh həmin cəmiyyətdə sürücü vəzifəsinə qəbul edilmişdir. İş materiallarından görünür ki, “Cargo-Az” məhdud məsuliyyətli cəmiyyəti ilə Cavabdeh arasında 26 iyul 2018-ci il tarixdə tam maddi məsuliyyət haqqında müqavilə bağlanmışdır. İş materiallarında olan 018 saylı, 26 yanvar 2019-cu il tarixli yük avtomobilinin yol vərəqəsindən görünür ki, “Cargo-Az” məhdud məsuliyyətli cəmiyyəti tərəfindən Cavabdeh “İSUZU NPR 66P” markalı, ** XL *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin 26 fevral 2019-cu il tarixli idarə edilməsi üçün yol vərəqəsi verilmişdir. İş materiallarında olan əmək müqaviəsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, “Cargo-Az” məhdud məsuliyyətli cəmiyyəti tərəfindən Cavabdeh əmək müqaviləsinə 12.02.2019-cu il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən xitam verilmişdir. İş materiallarından olan ki, “A.N.A.Z” məhdud məsuliyyətli cəmiyyətinin 15.02.2019cu il tarixli aktından görünür ki, “İSUZU NPR 66P” markalı, ** XL *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə 6056,5 manat məbləğində ziyan dəymişdir. İddia ərizəsindən, iş materiallarından görünür ki, “Cargo-Az” məhdud məsuliyyətli cəmiyyəti iddia tələbini Cavabdeh ilə cəmiyyət arasında 26.07.2018-ci il tarixində əmək müqaviləsi və tam maddi məsuliyyət haqqında müqavilə bağlanması ilə əsaslandırmışdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 191-ci maddəsinin 1-ci hissəsinə əsasən əmək münasibətləri prosesində əmək müqaviləsi üzrə işəgötürən və işçi öhdəliklərini yerinə yetirərkən birinin digərinə vurduğu ziyana görə bu Məcəllədə və müvafiq normativ hüquqi aktlarda göstərilmiş qaydada qarşılıqlı maddi məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 191-ci maddəsinin 2-ci hissəsinə görə aşağıdakı şərtlərin eyni zamanda hər üçü olduqda tərəflərin birinin digərinə qəsdən və ya ehtiyatsızlıqla vurduqları ziyana görə maddi məsuliyyəti yaranır: a) ziyanın həqiqətən vurulduğu aşkar olduqda; b) təqsirkarın əməli, yəni hərəkəti və ya hərəkətsizliyi qanuna zidd olduqda; c) təqsirkarın qanunazidd əməli ilə bu əməlin nəticəsi arasında səbəbli əlaqə olduqda. Həmin Məcəllənin 192-ci maddəsinin 2-ci hissəsinə əsasən tərəflər, maddi ziyanın məbləğini və onun vurulduğunu, habelə digər tərəfə ziyan vurmaqda təqsiri olmadığını iddia etdikdə bunu sübut etməyə borcludurlar. Həmin Məcəllənin 198-ci maddəsinə görə bu Məcəllənin 199 və 200-cü maddələrində nəzərdə tutulmuş hallardan başqa qalan bütün hallarda işçi işəgötürənə vurduğu ziyana görə bir aylıq orta əmək haqqı məbləğinədək maddi məsuliyyət daşıyır. Həmin Məcəllənin 199-cu maddəsinin 1-ci hissəsinin “a” bəndinə əsasən işçi qanunazidd hərəkətləri ilə saxlanmaq və başqa məqsədlər üçün işçiyə verilmiş əmlakın və digər sərvətlərin salamatlığını təmin etməməyə görə əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində əmək funksiyasının xarakteri ilə əlaqədar olaraq işçinin öz üzərinə tam maddi məsuliyyət götürməsi haqqında işəgötürənlə yazılı müqavilə bağlandıqda vurduğu ziyana görə tam həcmdə maddi məsuliyyət daşıyır. Həmin Məcəllənin 200-cü maddəsinin 1-ci hissəsinə görə istər bilavasitə əmək müqaviləsi bağlanarkən, istərsə də əmək münasibətləri prosesində işəgötürən etibar edərək verdiyi əmlakın, maddi və ya digər sərvətlərin saxlanması, emalı, satışı, daşınması, istifadəsi və başqa əməliyyatların aparılması ilə bilavasitə əlaqədar işlər görən və ya xidmətlər göstərən 18 yaşına çatmış işçilərlə onların tam maddi məsuliyyət daşıması barədə yazılı müqavilə bağlaya bilər. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 203-cü maddəsinə əsasən işəgötürən ona vurulan ziyanın ödənilməsini təmin etmək qərarına gəlməmişdən əvvəl işçinin yazılı izahatını alır, onun əməlinin qanunauyğunluğunu, dəymiş ziyanla işçinin hərəkətləri (hərəkətsizliyi) arasındakı səbəbli əlaqəni, habelə dəymiş ziyanın həqiqi miqdarını araşdırır. Araşdırmaların (yoxlamanın) gedişində işçinin yoxlama sənədləri ilə tanış olmaq, əlavə izahat vermək (etiraz etmək) hüququ vardır. İşəgötürən işçini yoxlamanın nəticələri ilə tanış etməlidir. Maddənin mənasından göründüyü kimi, işçinin işəgötürənə vurduğu ziyanın məbləğinin, həmin ziyanın məhz işçinin təqsirli hərəkətləri nəticəsində vurulduğunun müəyyən edilməsi üçün işəgötürən ona vurulan ziyanın ödənilməsini təmin etmək qərarına gəlməmişdən əvvəl işçinin yazılı izahatını almalı, onun əməlinin qanunauyğunluğunu, dəymiş ziyanla işçinin hərəkətləri (hərəkətsizliyi) arasındakı səbəbli əlaqəni, habelə dəymiş ziyanın həqiqi miqdarını araşdırmalı, araşdırmaların (yoxlamanın) gedişində işçinin yoxlama sənədləri ilə tanış olmaq, əlavə izahat vermək (etiraz etmək) hüququnu təmin etməli, işçini yoxlamanın nəticələri ilə tanış etməlidir. İşin müəyyən edilmiş hallarından görünür ki, işəgötürən tərəfindən qanunvericilikdə imperativ şəkildə müəyyən olunmuş tələblərə əməl edilməmiş, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 203-cü maddəsinə müvafiq qaydada araşdırma aparılmamışdır. Həmçinin, Cavabdeh təqsirli hərəkətləri nəticəsində iddiaçı “Cargo-Az” məhdud məsuliyyətli cəmiyyətinə ziyan vurmasına görə inzibati və ya cinayət məsuliyyətinə cəlb edilməmiş, onun işəgötürənə təqsirli hərəkətləri nəticəsində ziyan vurması müvafiq səlahiyyətli orqanın və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə öz təsdiqini tapmamışdır. Məhkəmə kollegiyası yuxarıda qeyd edilən maddi hüquq normalarının tələblərini hazırki mübahisəyə tətbiq edib hesab edir ki, iş üzrə birinci instansiya məhkəmə qətnaməsi qanuni və əsaslıdır. İddiaçı apellyasiya şikayətində cavabdehin avtomobili sahibsiz qoyaraq çıxıb getdiyini, növbəti gün əmək müqaviləsinə xitam vermək niyyətini bildirdiyini və tərəflər arasındakı əmək münasibətlərinə son verildiyini göstərmişdir. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, Cavabdeh avtomobili harada sahibsiz qoyması, avtomobilin nə vaxt, hansı şəraitdə aşkar edilməsinə dair məhkəməyə hər hansı sübut təqdim edilməmişdir. Digər tərəfdən, istifadəsinə verilmiş avtomobili təhvil vermədiyi halda, Cavabdeh ilə bağlanmış əmək müqaviləsinə onun öz təşəbbüsü ilə dərhal xitam verilməsini məhkəmə kollegiyası inandırıcı hesab etmir. İddiaçı apellyasiya şikayətində həmçinin məhkəmə qətnaməsinin maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edildiyini göstərsə də, bunun nədə ifadə olunduğunu konkret qeyd etmədiyindən məhkəmə kollegiyası onun bu dəlili ilə razılaşmır. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən maddi və prosessual hüquq normalarını pozmamışdır. İddiaçının apellyasiya şikayətində göstərdiyi dəlillər iş üzrə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunmas üçün əsas deyildir. Yuxarıda qeyd edilənlənlərə əsasən məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətində göstərdiyi digər dəlilləri əsassız hesab edir. Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Beləliklə, məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən işə əlavə edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verib, hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olduğundan, işdə, iş üzrə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar olmadığından, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT E T D İ: İddiaçı “Cargo-Az” məhdud məsuliyyətli cəmiyyətinin apellyasiya şikayəti təmin edilməsin. İs üzrə Xaçmaz Rayon Məhkəməsinin 01 dekabr 2020-ci il tarixli, 2(067)-2413/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər, qətnamədən kassasiya şikayəti verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən:Telman Məmmədov Hakimlər: Şəmsəddin Abasov Səyyad Qafari
Məhkəmə qərarları › İş №2(105)-1257/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1257/2021
29.04.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver