Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1259/2022 09.12.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Dəmirov İlqar Kamal oğlu, hakimlər Məmmədov Zaur İkram oğlu və Məmmədov Zahid Tahir oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əhmədzadə Səbinə Məhəmməd qızının katibliyi, İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı “Bank VTB (Azərbaycan)” ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit borcunun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddiası üzrə Sumqayıt Şəhər Məhkəməsinin 27 oktyabr 2020-ci il tarixli, 2(060)-3095/2020 nömrəli qətnaməsindən İddiaçı ASC tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı “Bank VTB (Azərbaycan)” ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, iddiaçı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2013-cü il tarixli 117491-1-8885 saylı kredit müqaviləsinə, həmin müqaviləyə dəyişiklik və əlavələr edilməsi barədə xx.xx.2016-cı il tarixli, 01 saylı Razılaşmaya əsasən 18 mart 2020-ci il tarixə 9666,37 ABŞ dolları məbləğində əsas borcun, 132,89 ABŞ dolları məbləğində müqavilə bitdiyi xx.xx.2017-ci il tarixə faiz borcunun, 1031,20 ABŞ dolları məbləğində xx.xx.2017-ci il tarixdən xx.xx.2020-ci il tarixədək illik 5% hesabı ilə hesablanmış faiz borcunun, 106,88 ABŞ dolları məbləğində cərimə borcunun, cəmi 10937,34 ABŞ dolları pul məbləğinin və məhkəməyə müraciət etmək üçün ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada alınaraq iddiaçıya ödənilməsi, tələbin “Chevrolet Aveo” minik markalı, ** FN *** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilməsi və avtomobilin açıq hərracdan satılaraq əldə edilən vəsaitdən qeyd edilən pul məbləğinin və məhkəməyə müraciət etmək üçün ödənilmiş 30 manat dövlət rüsumunun İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 ilə iddiaçı arasında bağlanmış 117491-1-8885 saylı, xx.xx.2013-cü il tarixli “avtomobil krediti müqaviləsi”nə əsasən cavabdehə avtomobil satın alınması üçün 48 ay müddətinə illik 17 faiz hesablanmaqla 17.506 ABŞ dolları məbləğində kredit verilmişdir. 117491-1-8885 saylı, xx.xx.2013-cü il tarixli “avtomobil krediti müqaviləsi”nə dəyişiklik və əlavələr edilməsi barədə xx.xx.2016-cı il tarixli 01 saylı razılaşmaya əsasən Cavabdeh1 borcu kapitallaşdırılaraq 10547 ABŞ dolları məbləğində müəyyən edilmiş, o, həmin borcu 13 ay 18 gün müddətinə, yəni xx.xx.2018-ci il tarixinədək qaytarmağı və 17% ödəməyi öhdəsinə götürmüşdür. Kredit müqaviləsi üzrə öhdəliklərin icrasını təmin etmək məqsədilə Cavabdeh1 mülkiyyətində olan “Chevrolet Aveo” minik markalı, ** FN *** dövlət nömrə nişanlı avtomobil xx.xx.2013cü il tarixli, 117491016-12725 saylı ipoteka müqaviləsi əsasında bank qarşısında ipoteka ilə yüklü edilmişdir. Eyni zamanda “avtomobil krediti müqaviləsi”nə dəyişiklik və əlavələr edilməsi ilə əlaqədar tərəflər arasında xx.xx.2013-cü il tarixli, 1174xx-xx-12725 saylı ipoteka müqaviləsinə dəyişiklik edilməsi barədə xx.xx.2016-cı il tarixli 01 saylı razılaşma bağlanmışdır. Bundan başqa avtomobil krediti müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh2 xx.xx.2013-cü il tarixli, 117490-7-5342 saylı zaminlik müqaviləsi əsasında Cavabdeh1 bank qarşısında öhdəliklərinin yerinə yetirilməsinə görə cavabdehlik daşıması öhdəliyini öz üzərinə götürmüşdür. Eyni zamanda “avtomobil krediti müqaviləsi”nə dəyişiklik və əlavələr edilməsi ilə əlaqədar tərəflər arasında xx.xx.2013-cü il tarixli 117491-7-5342 saylı zaminlik müqaviləsinə dəyişiklik edilməsi barədə xx.xx.2016-cı il tarixli 01 saylı Əlavə Razılaşma bağlanmışdır. Sumqayıt Şəhər Məhkəməsinin 27 oktyabr 2020-ci il tarixli, 2(060)-3095/2020 nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilərək əsas borc üzrə 9666,37 ABŞ dolları, faiz borcu üzrə 132,89 ABŞ dolları, xx.xx.2017-ci il tarixdən xx.xx.2020-ci il tarixədək illik 5% hesabı ilə hesablanmış faiz borcu üzrə 1031,20 ABŞ dolları, cərimə borcu üzrə 106,88 ABŞ dolları olmaqla, cəmi 10.937,34 (on min doqquz yüz otuz yeddi ABŞ dolları otuz dörd sent) ABŞ dolları məbləğində pul (ödəniş günü ABŞ dollarının manata olan ekvivalentində manatla) və 30 (otuz) manat dövlət rüsumu cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq iddiaçı “Bank VTB (Azərbaycan)” Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi, tutmanın “Chevrolet Aveo” minik markalı, ağ (metal) rəngli, 2013-cü il buraxılışlı, ** FN *** dövlət nömrə nişanlı avtomobilə yönəldilməsi, cavabdehə məxsus “Chevrolet Aveo” minik markalı, ** FN *** dövlət nömrə nişanlı avtomobilin açıq hərracda satılması, avtomobilin satışından əldə edilmiş vəsait hesabına Cavabdeh1 “Bank VTB (Azərbaycan)” ASC-yə olan borcunun ödənilməsi, avtomobilin satışından əldə edilmiş vəsait borcun ödənilməsi üçün kifayət etmədikdə çatışmayan məbləğin Cavabdeh1 və Cavabdeh2 ümumi qaydada tutularaq “Bank VTB (Azərbaycan)” ASC-yə ödənilməsi, “Bank VTB (Azərbaycan)” ASC-yə olan borc ödənildikdən sonra avtomobilin satışından əldə edilmiş vəsaitdən artıq qalan məbləğin Cavabdeh1 qaytarılması, “Chevrolet Aveo minik” markalı, ** FN *** dövlət nömrə nişanlı avtomobilin ilkin satış qiymətinin 19452 (on doqquz min dörd yüz əlli iki) ABŞ dolları (satış vaxtı ABŞ dollarının manata olan ekvivalentində manatla) məbləğində müəyyən edilməsi qət edilmişdir (hakim Emin Abdullayev). Qətnamədən narazı qalan İddiaçı ASC apellyasiya şikayəti verərək Sumqayıt Şəhər Məhkəməsinin 27 oktyabr 2020-ci il tarixli, 2(060)3095/2020 saylı qətnaməsinin qismən, “Chevrolet Aveo” minik markalı, ** FN *** dövlət nömrə nişanlı avtomobilin ilkin satış qiymətinin 19452 (on doqquz min dörd yüz əlli iki) ABŞ dolları (satış vaxtı ABŞ dollarının manata olan ekvivalentində manatla) məbləğində müəyyən edilməsi hissəsində ləğv edilməsini və həmin hissədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Sumqayıt Apelyasiya Məhkəməsi Mülki kollegiyasının 16 fevral 2021-ci il tarixli, 2(105)-871/2021 nömrəli qərardadı ilə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmiş, ekspertizanın aparılması Məhkəmə Ekspetizası Mərkəzinə həvalə edilmişdir. Məhkəmə Ekspertizası Mərkəzinin 16 iyul 2021-ci il tarixli, 9/3627 saylı ekspert rəyinə əsasən 2013cü il buraxılışlı “Chevrolet Aveo” minik markalı avtomobilin normal vəziyyətdə istifadəyə yararlı halda orta bazar qiyməti 11000 (on bir min) manat müəyyən edilmişdir. Sumqayıt Apelyasiya Məhkəməsi Mülki kollegiyasının 14 sentyabr 2021-ci il tarixli, 2(105)-871/2021 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin olunaraq Sumqayıt Şəhər Məhkəməsinin 27 oktyabr 2020-ci il tarixli, 2(060)3095/2020 saylı qətnaməsinin mübahisələndirilən hissədə, “Chevrolet Aveo” minik markalı, ** FN *** dövlət nömrə nişanlı avtomobilin ilkin satış qiymətinin 19452 (on doqquz min dörd yüz əlli iki) ABŞ dolları (satış vaxtı ABŞ dollarının manata olan ekvivalentində manatla) məbləğində müəyyən edilməsi hissəsində dəyişdirilməsi, “Chevrolet Aveo” minik markalı, ** FN *** dövlət nömrə nişanlı avtomobilin ilkin satış qiymətinin 11000 (on bir min) manat müəyyən edilməsi, qətnamənin qalan hissədə iddiaçıya münasibətdə dəyişdirilmədən saxlanılması, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olaraq 100 (yüz) manatın 50 (əlli) manatının İddiaçı ASCdən, 50 (əlli) manatının Cavabdeh1 alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməsi qət edilmişdir (hakimlər – Lətifə Məmmədova - sədrlik edən və məruzəçi, Telman Quliyev, Gülnarə Tağızadə). Qətnamədən narazı qalan İddiaçı ASC kassasiya şikayəti verərək, apellyasiya məhkəməsinin qətnaməsinin ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən olunması hissəsində ləğv olunmasını və işin həmin hissədə yeni apellyasiya baxışına qaytarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 14 mart 2022-ci il tarixli 2(102)-865/2022 nömrəli qərarı ilə kasasiya şikayəti təmin edilərək, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-871/2021 nömrəli iş üzrə 14 sentyabr 2021-ci il tarixli qətnaməsinin qismən, ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində ləğv edilməsi, işə həmin hissədə yenidən baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır (hakimlər – Elşanə Vəliyeva - sədrlik edən və məruzəçi, Elşad Şamayev, Aqil Abbasov). APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ İddiaçı “Bank VTB (Azərbaycan)” ASC apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi qətnaməsində tərəflər arasında bağlanmış ipoteka müqaviləsinə istinad edərək, belə qənaətə gəlmişdir ki, ipoteka predmetinin ilkin satış qiyməti 19.452 (on doqquz min dörd yüz əlli iki) ABŞ dolları məbləğində müəyyən edilməlidir. Məhkəmənin gəldiyi bu nəticə ilə razılaşmaq mümkün deyildir. Belə ki, tərəflər arasında bağlanmış xx.xx.2013-cü il tarixli 1174xx-xx-12725 saylı ipoteka müqaviləsinin 3.5-ci bəndində qeyd olunan qiymət açıq hərraca çıxarılacaq ipoteka predmetinin ilkin satış qiyməti deyil, ipoteka predmetinin həmin dövrə olan, yəni 2013-cü ilin sentyabr ayına olan, avtomobilin avtosalondan alış qiymətidir. Açıq hərraca çıxarılan ipoteka predmetinin ilkin satış qiyməti və hər hansı bir əmlakın bazar dəyəri, xüsusi ilə də 2013-cü ilə olan dəyəri ayrı-ayrı anlayışlardır. Bu səbəbdən də, məhkəmə tərəfindən ipoteka predmetinin ilkin satış qiymətinin ipoteka müqaviləsində qeyd olunmuş avtomobilin 2013-cü il üçün olan dəyəri ilə müəyyən edilməsi əsassızdır. Bundan başqa, hamıya bəlli olan haldır ki, hər hansı bir əmlakın, xüsusi ilə də avtomobilin dəyəri daimi deyil və əlbətdə ki, dəyişir. ABŞ dollarının manata nisbətdə iki dəfədən çox bahalaşmasını, ipoteka müqaviləsində ipoteka predmetinin dəyərinin müəyyən olunmasından sonra 7 ildən artıq müddətin keçməsini, avtomobil bazarında qiymətlərin köklü şəkildə dəyişməsini, ən əsası isə həmin avtomobilin istifadədə olmasını və aşınmaya məruz qalmasını nəzərə alsaq, məhkəmənin ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən etməsi hissəsində gəldiyi nəticənin əsassız olduğunu müəyyən edərik. Hesab edirlər ki, birinci instansiya məhkəməsi maddi hüquq norması kimi, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 39.3, 39.3.3cü maddələrini səhv təfsir etmiş, bununla da maddi hüquq normasını düzgün tətbiq etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 386-cı maddəsinə əsasən maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 39.3, 39.3.3-cü maddəsinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən, qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Qanunun məzmunundan göründüyü kimi ipoteka predmetinin qiymətləndirilməsi mübahisəyə məhkəmədə baxılan vaxta münasibətdə müəyyən edilməlidir. İş materiallarından göründüyü kimi birinci instansiya məhkəməsi işə baxılmasından 7 il əvvəl bankla ipoteka qoyan şəxs arasında bağlanmış xx.xx.2013-cü il tarixli 1174xx-xx-12725 saylı ipoteka müqaviləsində göstərilmiş qiyməti tərəflərin razılaşması əsasında müəyyən edilmiş ilkin satış qiyməti hesab etməklə səhv nəticəyə gəlmişdir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 39.3.3-cü maddəsində “ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında” ifadəsi mübahisəyə baxılan anda razılaşmanın olmasını nəzərdə tutur. Məhkəmə ipoteka qoyanla ipoteka saxlayanın ilkin satış qiyməti barədə razılığının olub-olmamasını araşdırır, əgər belə bir razılıq yoxdursa müstəqil qiymətləndirici vasitəsi ilə ilkin satış qiymətini müəyyən edir. Bu hal ona görə nəzərdə tutulmuşdur ki, ipoteka müqaviləsinin bağlanmasından keçən müddət ərzində ipoteka predmetinin qiymətində dəyişikliklər baş verə bilər. Qanunun 39.3.3-cü maddəsinin məzmunundan göründüyü kimi ipoteka müqaviləsi bağlanan zaman müqavilədə göstərilən qiymət sözügedən maddədə göstərilən razılaşma əsasında müəyyən edilmiş qiyməti əhatə etmir. Tərəflərin razılığına əsasən bağlanmış bütün ipoteka müqavilələrində ipotekanın qiyməti göstərilir. Lakin, həmin qiymət ipotekaya tutma yönəldilən zaman müəyyən edilməli olan qiyməti əvəz etmir. Əgər belə olmuş olardısa Qanunun 39.3.3-cü maddəsinin qəbuluna zərurət olmazdı, qanunverici qətnamədə ipoteka müqaviləsində göstərilmiş qiymətin ilkin satış qiyməti kimi göstərilməsinin nəzərdə tutardı. Bundan əlavə, sözügedən avtomobil 2013-cü ilin sentyabr ayında cavabdeh tərəfindən avtosalondan alınmış və 19.452 ABŞ dolları qiyməti avtomobilin həmin vaxta olan qiymətidir, buna görə də ipoteka müqaviləsində də bu qiymət öz əksini tapmışdır. Həmin tarixdən məhkəmənin qətnaməsinin çıxarıldığı tarixə qədər 7 ildən artıq müddət keçmişdir (və qətnaməyə əsasən avtomobil açıq hərraca çıxarılanadək daha da çox müddət keçəcəkdir). Aydın məsələdir ki, 7 ildən artıq istifadədə olan avtomobil avtosalondan təzə vəziyyətdə alındığı qiymət dəyərində ola bilməz, belə ki, avtomobilin istifadə edilməsi onun aşınmaya (amortizasiyaya) məruz qalmasına və qiymətinin aşağı düşməsinə səbəb olur. Bundan başqa, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 1.0.9-cu maddəsinə əsasən ilkin satış qiyməti – bu Qanunun tələblərinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 01 nömrəli 20 iyul 2020-ci il tarixli qərardadına əsasən “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3.3-cü maddəsinə əsasən məhkəmə qətnaməsində göstərilən ilkin satış qiyməti ipoteka predmeti olan əmlakın likvid qiyməti ilə müəyyən edilməlidir. Göründüyü kimi, qanunun tələbinə əsasən ipoteka predmetinin ilkin satış qiyməti bazar dəyəri ilə deyil, likvid (satış) dəyəri ilə müəyyən olunmalıdır. Qanunverici ilkin satış qiymətinin bazar dəyəri ilə deyil, likvid dəyəri ilə müəyyən olunmasını ona görə nəzərdə tutmuşdur ki, tutma ipoteka predmetinə yönəldilən zaman açıq hərracda satılması tez və real olsun. İpoteka müqaviləsində isə avtomovilin avtosalondan alış qiyməti qeyd olunmuşdur ki, həmin qiymətlə də hal-hazırda həmin avtomobilin açıq hərracdan satılması real deyildir. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin dəlillərini müdafiə edərək apellyasiya şikayətinin təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada cavabdehlər məlumatlandırılsalar da, məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verilməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPMnin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı, 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirərək, apellyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, apellyasiya şikayəti təmin edilərək birinci instansiya məhkəməsinin qətnaməsi ipoteka predmetinin ilkin satış qiymətinə dair hissədə ləğv edilməli, ipoteka predmeti olan “Chevrolet Aveo” minik markalı, ** FN *** dövlət nömrə nişanlı avtomobilin ilkin satış qiyməti icra haqqında qanunvericiliyin tələblərinə müvafiq olaraq icra icraatı zamanı “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müəyyən edilməlidir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 14 mart 2022ci il tarixli 2(102)-865/2022 nömrəli qərarı ilə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-871/2021 nömrəli iş üzrə 14 sentyabr 2021-ci il tarixli qətnaməsi “ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi” hissəsində ləğv edilərək mülki iş həmin hissədə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərildiyindən hazırki məhkəmə kollegiyası iddia tələbinin “ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi” hissəsinə münasibət bildirilməsini əsaslı hesab edir. Birinci instansiya məhkəməsi iddia tələbinin “ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi” hissəsinə qiymət verərək hesab etmişdir ki, cavabdeh kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri lazımınca yerinə yetirməmiş, ona görə də bank cavabdehlərdən müştərək qaydada tələblə qeyd olunan məbləğlərdə əsas, müqavilə müddəti üçün faiz, cərimə və müqavilə müddəti bitdikdən sonra illik 5%-lə hesablanmış borcu tələb etməkdə və tələbini ipoteka predmetinə yönəltməkdə haqlı olmuşdur. Tərəflər arasında ipoteka predmetinin ilkin satış qiyməti ilə bağlı mübahisə olmadığından ipoteka predmeti ipoteka müqaviləsinə uyğun olaraq 19452 ABŞ dolları məbləğində qiymətləndirilmişdir. Məhkəmə qətnaməsini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 317.1, 319.1, 319.6, 385, 442, 445.7, 462.1, 470.1, 472.1, 739.1, 739.2, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 34.1.1 və 39.3.3-cü maddələrinə istinadla əsaslandırmışdır. İşə əvvəl apellyasiya şikayəti əsasında apellyasiya instansiyası məhkəməsi tərəfindən baxılarkən apellyasiya instansiyası məhkəməsi “ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi” ilə bağlı qənaətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi ipoteka predmeti olan avtomobilin ilkin satış qiymətini tərəflər arasında bağlanmış ipoteka müqaviləsinə əsasən 19452 ABŞ dolları həddində müəyyən etməklə düzgün nəticəyə gəlməmiş, qeyd edilən hal iddiaçı təşkilat tərəfindən mübahisələndirilmişdir. Məhkəmə tərəfindən ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi məqsədilə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin olunmuş və daxil olmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 16 iyul 2021-ci il tarixli, 9/3627 saylı ekspert rəyinə əsasən 2013-cü il buraxılışlı “Chevrolet Aveo” minik markalı avtomobilin normal vəziyyətdə istifadəyə yararlı halda orta bazar qiyməti 11.000 manat müəyyən edilmişdir. Apellyasiya instansiya məhkəməsi qeyd olunan ekspert rəyini əsas götürməklə ipoteka predmetinin ilkin satış qiymətini rəyə uyğun 11.000 manat müəyyən etmiş və mövqeyini “İpoteka haqqında” Qanunun 39.3.3-cü maddəsinə istinadla əsaslandırmışdır. İşə kassasiya şikayəti əsasında kassasiya instansiyası məhkəməsi tərəfindən baxılarkən kassasiya instansiyası məhkəməsi “ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi” ilə bağlı qənaətini onunla əsaslandırmışdır ki, apellyasiya məhkəməsinin ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən olunması istiqamətində avtomobilə baxış keçirilərək onun mövcud vəziyyəti müəyyən edilmədən eyni texniki göstəricilərə malik normal vəziyyətdə saxlanılmış əmlakın satış qiyməti əsasında keçirilmiş ekspertizanın rəyinin əsas götürülməsi qanuni və əsaslı olmamışdır. Kollegiya hesab etmişdir ki, məhkəmə tərəfindən avtomobilə baxış keçirilməsi təşkil olunmalı, bu mümkün olmadıqda isə tərəflərə avtomobilin hazırkı vəziyyətini əks etdirən digər sübutların (foto şəkillər və s.) ekspertiza tədqiqatına təqdim olunması təklif edilməli idi. Digər tərəfdən, qanunvericiliyə görə, ipoteka predmetin orta bazar dəyəri deyil, likvid dəyəri müəyyən olunmalı idi. İşə yenidən apellyasiya qaydasında baxılarkən ipoteka predmeti olan avtomobilin real qiymətinin müəyyən edilməsi üçün müvafiq ekspertiza təyin edilməsi, avtomobilə baxış keçirilməsi və faktiki olaraq avtomobilin hazırda istismar nəticəsində hansı vəziyyətdə olmasının müəyyən edilməsi məqsədilə iddiaçının ərizəsinə əsasən Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(105)-1259/2022 nömrəli qərardadı ilə “Chevrolet Aveo” minik markalı, ağ (metal) rəngli, 2013-cü il buraxılışlı, sedan tipli, mühərrik A14XER19YT0324, ban KL1TA69F9DB115098 olan ** FN *** dövlət nömrə nişanlı nəqliyyat vasitəsinin üzərinə həbs qoyulması və həmin avtomobilin Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X1 İdarəsinin nəzdindəki müvafiq cərimə meydançasına yerləşdirilməsi qərara alınmışdır. İşə yenidən apellyasiya qaydasında baxılarkən Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(105)-1259/2022 nömrəli qərardadı ilə ipoteka predmeti olan 2013cü il buraxılışlı, “Chevrolet Aveo minik” markalı, ** FN *** dövlət nömrə nişanlı nəqliyyat vasitəsinin hazirki vəziyyətdə bazar və likvid dəyərinin müəyyən edilməsi məqsədilə təkrar məhkəmə əmtəəşünaslıq ekspertizası təyin edilmiş, ekspertizanın aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 31 oktyabr 2022-ci il tarixli, 9/6014 nömrəli məktubu ilə qiymətləndirilməsi nəzərdə tutulan avtomobil ekspertə təqdim edilmədiyindən ekspertizanın aparılmasından imtina edilmişdir. Məhkəmə kollegiyası işin araşdırılmış hallarına əsasən ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi üzrə iddiaçının apellyasiya şikayətinin dəlilləri ilə bağlı aşağıdakıları qeyd edir: İş materiallarında olan iddiaçı “Bank VTB (Azərbaycan)” ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2013-cü il tarixli, 117491016-12725 saylı ipoteka müqaviləsinə əsasən Cavabdeh1 kredit müqaviləsi üzrə öhdəliklərinin icrasını təmin etmək məqsədilə özünə məxsus “Chevrolet Aveo minik” markalı, ** FN *** dövlət nömrə nişanlı avtomobili bank qarşısında ipoteka ilə yüklü etmiş, ipoteka ilə yüklü edilmiş “Chevrolet Aveo minik” markalı, ** FN *** dövlət nömrə nişanlı avtomobil 19452 ABŞ dolları məbləğində qiymətləndirilmişdir. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsinə əsasən ilkin satış qiyməti – qanunun tələbinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir. Həmin Qanunun 38.2.2-ci maddəsinə əsasən ipoteka predmetinin ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, bu razılaşma olmadıqda isə ilkin satış qiymətinin müəyyən edilməsi müstəqil qiymətləndirici tərəfindən müəyyən edilir. Həmin Qanunun 39.3.3-cü maddəsinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 20 iyul 2020-ci il tarixli qərardadından görünür ki, ilk öncə likvid dəyərlə bağlı qeyd edilməlidir ki, “likvidlik” özü iqtisadi termin olaraq biznesdə, yaxud investisiya proseslərində aktivlərin bazarda əhəmiyyətli qiymət fərqi olmadan və dəyər itkisi yaratmadan tez reallaşdırıla (satıla) bilməsi qabiliyyətidir. Likvid dəyər bazar dəyərinin müəyyənləşdirilməsi üçün adekvat marketinqin keçirilməsi üçün vaxt məhdudluğu şəraitində mülkiyyətin satılmasından real əldə oluna biləcək pulun məbləğidir. Bu baxımdan aydın olur ki, əmlakın likvid qiyməti onun bazar qiymətinin açıq bazar şəraitində daha asan və tez satılma imkanı verən həddini ehtiva edir. Məhkəmə kollegiyası hesab edir ki, məhkəmə qətnaməsində ipoteka predmeti olan əmlakın ilkin satış qiyməti yalnız tərəflərin razılaşması əsasında, yaxud müstəqil qiymətləndiricinin rəyi əsasında müəyyən edilə bilər. Hazırkı vəziyyətdə isə tərəflər arasında bununla bağlı hər hansı bir razılaşma yoxdur, eləcə də ipoteka qoyan (cavabdeh) bununla bağlı mövqeyini ifadə etməmişdir. Belə olan halda isə avtomobilin harada olması, texniki vəziyyəti barədə məlumat olmadığından onun qiymətinin müəyyənləşdirilməsi də qeyri-mümkündür. Bu baxımdan ipoteka predmetinin dəyərinin icra icraatı zamanı “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq qiymətləndirici tərəfindən müəyyən edilməsi ilə bağlı apellyasiya şikayətinin dəlilləri əsaslıdır. “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 51.1-ci maddəsinə əsasən borclunun əmlakının “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən tərəflərin razılığı, yaxud məhkəmənin qərarı ilə qiymətləndirildiyi, habelə tənzimlənən qiymətlərin tətbiq olunduğu hallar istisna olmaqla, borclunun əmlakının qiymətləndirilməsi “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq qiymətləndirici tərəfindən həyata keçirilir. Kollegiya hesab edir ki, bu hissədə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və ipoteka predmeti olan “Chevrolet Aveo” minik markalı, ağ (metal) rəngli, 2013cü il buraxılışlı, sedan tipli, mühərrik A14XER19YT0324, ban KL1TA69F9DB115098 olan ** FN *** dövlət nömrə nişanlı nəqliyyat vasitəsinin ilkin satış qiyməti icra haqqında qanunvericiliyin tələblərinə müvafiq olaraq icra icraatı zamanı “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.2, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: İddiaçı ASC-nin apellyasiya şikayəti təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin 27 oktyabr 2020-ci il tarixli, 2(060)-3095/2020 nömrəli qətnaməsi ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsinə dair hissədə ləğv edilsin. İpoteka predmeti olan “Chevrolet Aveo” minik markalı, ağ (metal) rəngli, 2013-cü il buraxılışlı, sedan tipli, mühərrik A14XER19YT0324, ban KL1TA69F9DB115098 olan ** FN *** dövlət nömrə nişanlı nəqliyyat vasitəsinin ilkin satış qiyməti icra haqqında qanunvericiliyin tələblərinə müvafiq olaraq icra icraatı zamanı “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müəyyən edilsin. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(105)-1259/2022
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1259/2022
09.12.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver