Məhkəmə qərarları › İş №2(105)-127/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-127/2023

27.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-127/2023 27.02.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: kredit borcunun tutulması, tələbin ipoteka predmetinə yönəldilməsi, ipoteka predmetinin açıq hərracda satılması və ipoteka predmetinin boşaldılması) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri X10 (sədrlik edən və məruzəçi), Məmmədova Lətifə Məhyəddin qızı və X5 ibarət tərkibdə, məhkəmə iclasının katibi X2 iddiaçı LPO İddiaçı ASC-nin nümayəndəsi X3 iştirakı ilə Sumqayıt Şəhər Məhkəməsinin 17 may 2022-ci il tarixli, 2(060)-501/2022 nömrəli qətnaməsindən iddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti və Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətlərinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası müəyyən etdi: İşin halları

1. "xxxx" Açıq Səhmdar Cəmiyyəti və Cavabdeh arasında bağlanmış xx.xx.2012-ci il tarixli, 350AİK saylı kredit müqaviləsinə əsasən sonuncuya 25 il müddətinə, illik 4 faizlə, 35.000 manat məbləğində kredit vermişdir.

2. Kredit müqaviləsinə əlavəyə əsasən Cavabdeh 25 il müddətində hər ay 184,74 manat olmaqla ödəniş etməli idi.

3. Kreditor – İpoteka saxlayan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X8, satıcı X4 və alıcı Cavabdeh arasında 02 avqust 2012-ci il tarixdə bağlanmış 275 nömrəli alqı-satqı və İpoteka müqaviləsindən görünür ki, satıcı X1 mülkiyyətində olan Sumqayıt şəhəri, 18-ci mikrorayon, ev 20A, mənzil 35 alıcı Cavabdeh satılmış və həmin mənzilin qiyməti 55.000 manat müəyyən edilməklə mənzilin dəyərinin 20.000 manat hissəsi alıcı tərəfindən ödənilməklə 35.000 manat hissəsi satıcıya bank tərəfindən ödənilmişdir.

4. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı, ******* nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Sumqayıt şəhəri, 18-ci mikrorayon, ev 20A, mənzil 35 mülkiyyət hüququ ilə 31 avqust 2012-ci il taixdə Cavabdeh adına Dövlət qeydiyyatına alınmışdır.

5. İddiaçı Açıq Səhmdar Cəmiyyəti və Cavabdeh arasında bağlanmış xx.xx.2012-ci il tarixli ipoteka müqaviləsinə əsasən Sumqayıt şəhəri, 18-ci mikrorayon, ev 20A, mənzil 35 kredit müqaviləsinin təminatı olaraq bankın xeyrinə ipoteka ilə yüklü edilmişdir. Həmin əmlakın ipoteka yüklülüyü daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı, ******* nömrəli çıxarışa əsasən müəyyən edilir.

6. Bank tərəfindən cavabdehə borcun 3 gün müddətində ödənilməsi ilə bağlı xəbərdarlıq məktubu göndərilmişdir.

7. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 9/328 saylı ekspert rəyində göstərilmişdir ki, cavabdehin məhkəməyə müraciət olunduğu xx.xx.2021-ci il tarixinə əsas borc üzrə 27558,50 manat, faiz borcu üzrə 6125,52 manat borcu mövcuddur.

8. “FAME-PRO” Məhdud Məsuliyətli Cəmiyyətinin xx.xx.2022-ci il tarixdə məhkəməyə daxil olmuş xx.xx.2022-ci il məktubunda tərəflərin qiymətləndirmənin keçirilməsi üçün müəyyən edilmiş haqqı ödəməkdən imtina etdikləri üçün qiymətləndirmə işinin aparılmasından imtina edildiyi qeyd edilmişdir.

9. AR İqtisadiyyat Nazirliyi yanında ƏMDX DƏDK və Reyestri PHŞ-n 2 saylı Sumqayıt Əİ-nin xx.xx.2023-cü il tarixli “daşınmaz əmlakın qiymətləndirilməsinə dair” məktubun (rəyin) məzmunundan müəyyən edilir ki, Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(105)-127/2022 nömrəli məktubunda qeyd olunmuş əmlakın bazar dəyəri 90.000 - 110.000 manat arası təşkil edir.

İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat

10. İddiaçı Ləğv prosesində olan İddiaçı ASC Cavabdeh qarşı iddia ərizəsi və iddia tələbinin həcminin artırılması barədə ərizə ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, 02 avqust 2012-ci il tarixli, 350 AİK nömrəli kredit müqaviləsinin ləğv edilməsi, cavabdehdən 27558,50 manat əsas borc, 6125,52 manat faiz borcu, 10,26 manat cərimə borcu olmaqla, ümumilikdə 27505,09 manat kredit borcunun, ipoteka predmetinə tutmanın yönəldilməsinə dair bildirişin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün ödənilmiş 40 manat dövlət rüsumunun və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 173 manat dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulması, tutmanın cavabdehə xüsusi mülkiyyət hüququ əsasında məxsus, Sumqayıt şəhəri, 18-ci mikrorayon, 20 A saylı evin 35 nömrəli mənzilinə yönəldilməsi, əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi, həmin ipoteka predmetinin açıq hərracdan satılması, satışdan əldə edilən pul vəsaitinin kredit borcuna yönəldilməsi və ipoteka predmeti satıldıqdan sonra əldə olunan vəsait borcun tam bağlanması üçün kifayət etmədiyi halda, qalan borc məbləğinin cavabdehdən iddiaçının xeyrinə tutulması, ipoteka predmeti olan əmlaka tutma yönəldikdə və əmlak satıldıqdan sonra həmin mənzilin boşaldılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

11. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti və Cavabdeh arasında bağlanmış xx.xx.2012-ci il tarixli, 350AİK nömrəli kredit müqaviləsinə əsasən cavabdehə 25 il müddətinə, illik 4 faiz hesablanmaqla 35.000 manat məbləğində kredit verilmişdir. Tərəflərin razılığına əsasən verilmiş kreditin təminatı kimi mülkiyyət hüququ üzrə cavabdehə məxsus Sumqayıt şəhəri, 18-ci mikrorayon, 20A saylı evin 35 nömrəli mənzili ipotekaya qoyulmuşdur. Cavabdeh bank qarşısında öhdəliklərini bu günə kimi lazımınca yerinə yetirməmişdir. Belə ki, cavabdehin banka 27558,50 manat əsas borc, 6125,52 manat faiz borcu, 10,26 manat cərimə borcu təşkil edir. İddiaçı tərəfindən pul məbləğinin ödənilməsi tələbi ilə dəfələrlə cavabdehə şifahi, yazılı bildirişlərin göndərilməsi yolu ilə xəbərdarlıq edilmiş, lakin qeyd olunan öhdəlik bu günədək yerinə yetirilməmişdir.

12. Sumqayıt Şəhər Məhkəməsinin (hakim E.Abdullayev) 17 may 2022-ci il tarixli, 2(060)-501/2022 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilib, iddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti və Cavabdeh arasında bağlanmış xx.xx.2012-ci il tarixli, 350AİK nömrəli saylı kredit müqaviləsinin ləğv edilməsi, - 27558,50 manat əsas borc, 6125,52 manat faiz borcu, 10,26 manat cərimə olmaqla, cəmi 33694 (otuz üç min altı yüz doxsan dörd) manat 28 (iyirmi səkkiz) qəpik borc, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 40 manat dövlət rüsumu və iddianın verilməsi üçün ödənilmiş 173 manat dövlət rüsumunun 100 (yüz) manatının Cavabdeh tutularaq iddiaçı Ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi, - tutmanın ipoteka predmeti olan Cavabdeh məxsus Sumqayıt şəhəri, 18-ci mikrorayon, ev 20A, mənzil 35-ə yönəldilməsi və mənzilin açıq hərracda satılması, mənzilin satışından əldə edilmiş vəsait hesabına Cavabdeh iddiaçıya olan borcunun ödənilməsi, - fərdi yaşayış evinin satışından əldə edilmiş vəsait borcun ödənilməsi üçün kifayət etmədikdə çatışmayan məbləğin Cavabdeh ümumi qaydada tutularaq Ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi, - borc ödənildikdən sonra mənzilin satışından əldə edilmiş vəsaitdən artıq qalan məbləğin Cavabdeh qaytarılması, - Sumqayıt şəhəri, 18-ci mikrorayon, ev 20A, mənzil 35-in ilkin satış qiymətinin 55.000 (əlli beş min) manat məbləğində müəyyən edilməsi, iddianın qalan hissədə təmin edilməməsi, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat pulun Cavabdeh dövlət büdcəsinə tutulması qət edilmişdir.

13. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, tərəflər arasında kredit müqaviləsi bağlan, cavabdeh kredit müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəlikləri lazımınca yerinə yetirməmiş və kredit müqaviləsi üzrə borcunu müqaviləyə əsasən ödəməmişdir. Cavabdehin banka olan borcunun dəqiq müəyyənləşdirilməsi üçün iş üzrə ekspertiza təyin edilmiş və ekspert rəyində cavabdehin məhkəməyə müraciət olunduğu xx.xx.2021-ci il tarixinə 27558,50 manat əsas borc və 6125,52 manat faiz borcunun olduğu göstərilmişdir. İddiaçı tərəfindən tələb edilən əsas və faiz borcu ekspert rəyində göstərilən məbləğdədir. Bu səbəbdən məhkəmə tələb edilən əsas və faiz borc məbləğinin cavabdehdən tutulmalı olması qənaətinə gəlir. Bundan əlavə cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərini lazımınca yerinə yetirməmiş və müqavilənin şərtlərini pozmuşdur. Bu səbəbdən tərəflər arasında bağlanmış 02 avqust 2012-ci il tarixli, 350 AİK nömrəli kredit müqaviləsi ləğv edilməli və 27558,50 manat əsas borc məbləğinə 10,26 manat cərimənin hesablanaraq tələb edilməsi məqsədə müvafiqdir. Sumqayıt şəhəri, 18-ci mikrorayon, ev 20A, mənzil 35 iddiaçı qarşısında kredit öhdəliklərinin təmini üsulu kimi ipoteka ilə yüklü edilmişdir. Bu səbəbdən iddiaçı cavabdehin kredit borcu üzrə tutmanın həmin ipoteka predmetinə yönəldilməsi tələbi ilə çıxış etməkdə haqlı olmuşdur. Bu səbəbdən iddia kredit borcu üzrə tutmanın həmin ipoteka predmetinə yönəldilməsi hissəsində də təmin edilməli, cavabdehin kredit borcu üzrə tələbi həmin ipoteka predmetinə yönəldilməli, ev açıq hərracda satılmalı və əldə edilmiş vəsait hesabına iddiaçıya olan borc ödənilməlidir. İş üzrə məhkəmə tərəfindən qiymətləndirmə ekspertizası təyin edilsə də, tərəflər qiymətləndirmə haqqını ödəməmiş və müstəqil qiymətləndiriciyə əmlaka baxış keçirilməsinə şərait yaratmamışlar. Bu səbəbdən qiymətləndirici rəy verməkdən imtina etmişdir. Məhkəmə hesab edir ki, mənzilin qiyməti ipoteka müqaviləsində göstərilən məbləğdə, yəni 55.000 manat məbləğində müəyyən edilməlidir. Məhkəmə hesab etmişdir ki, ipoteka predmetinin satışından əldə edilmiş vəsait cavabdehin kredit müqaviləsi üzrə iddiaçıya olan borcundan az olduğu təqdirdə qalan borc məbləği cavabdehdən ümumi qaydada tutulmalıdır. Həmin məbləğ kredit borcundan çox olduqda isə artıq qalan məbləğ cavabdehə qaytarılmalıdır. Eyni zamanda iddiaçının ipoteka predmetinə tutma yönəldilməsi ilə bağlı çəkdiyi xərclər də cavabdehdən tutulmalıdır. Ev satıldıqdan sonra boşaldılaraq alıcıya təhvil verilməsi məsələlərinə gəldikdə isə qeyd edilməlidir ki, həmin məsələlər ipoteka predmetinin satışından sonra həll edilməli olan məsələlərdir. Bu səbəbdən iddia həmin hissədə təmin edilə bilməz. Eyni zamanda “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununda göstərilmişdir ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən və yaşayış yeri üzrə qeydiyyatdan çıxmadıqda, həmin şəxslər evdən (mənzildən) və yaşayış yeri üzrə qeydiyyatdan ayrıca məhkəmə qərarı tələb olunmadan ipoteka predmetinə tutmanın yönəldilməsi barədə icra sənədi əsasında 10 təqvim günü müddətində məcburi qaydada çıxarılırlar.

14. Birinci instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1, 269.2, 269.4, 319.1, 319.4, 319.6, 385.1, 421.1, 421.2, 442, 445.2.1, 462.1, 467, 739.1, 739.2-ci maddələrinə, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 1.0.9, 10.5, 39.3.3, 59.3-cü məddələrinə, Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə istinadla əsaslandırmışdır.

Apellyasiya instansiyası məhkəməsindəki icraat Apellyasiya şikayətinin dəlilləri

15. İddiaçı LPO "xxxx" ASC apellyasiya şikayəti verərək Sumqayıt Şəhər Məhkəməsinin 17 may 2022-ci il tarixli, 2(060)-501/2022 nömrəli qətnaməsinin mənzilin boşaldılmasına dair təmin edilməyən hissəsində qismən ləğv edilməsi və ipoteka predmeti olan əmlaklara tutma yönəldikdə və əmlaklar satıldıqdan sonra həmin mənzilin boşaldılması” hissəsində iddia tələbinin tam olaraq təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

16. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi işə baxarkən maddi və prosessual huquq normalarını düzgün tətbiq etməmiş və işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət edir. Məhkəmə mənzilin boşaldılması hissəsində iddia ərizəsi təmin etməmiş, bu nəticə ilə bank razılaşmır. Məhkəmə qətnaməsi onunla əsaslandırmışdır ki, «ev satıldıqdan sonra boşaldılaraq alıcıya təhvil verilməsi məsələlərinə gəldikdə, həmin məsələlər ipoteka predmetinin satışından sonra həll edilməli məsələlərdir», göründüuyü kimi məhkəmə tərəfindən Azərbaycan Respublikası «İpoteka haqqında» 59.3-cü maddəsinin tələbləri pozulmuşdur. Cavabdeh mülkiyyətində olan mənzili kredit müqaviləsi üzrə öhdəliklərinin təminatı üçün bank qarşısında yüklü edərkən həmin mənzilə tutma yönəldiyi təqdirdə onu qeyd şərtsiz tərk edəcəyi barədə notariat qaydada öhdəlik götürmüşdür. Məhkəmə bu halı nəzərə almamışdır.

17. Cavabdeh apellyasiya şikayəti verərək Sumqayıt Şəhər Məhkəməsinin 17 may 2022-ci il tarixli, 2(060)-501/2022 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

18. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, hərbi qulluqçu kimi Azərbaycan Ordusunda xidmətdədir. Məhkəmə zamanı hərbi xidmətlə əlaqədar olaraq həmin iclaslarda iştirak etməmişdir. Qətnamə qəbul edərkən MPM-nin 4, 9, 14, 254.1.3-cü maddəsinin tələblərini pozmuşdur. 2-ci Qarabağ müharibəsinin fəal iştirakçısı və hərbi xidmətdə göstərdiyi qəhramanlığa görə orden və medallarla təltif edilmişdir. Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə müharibə iştirakçılarının, şəhid ailələrinin və onların ailə üzvlərinin 01 yanvar 2021-ci il tarixinə aldıqları kreditə görə hesablanmış faizlərə görə borcu silinməlidir, lakin məhkəmə işə baxarkən bank tərəfindən tələb edilən 6125,52 manat faiz borcunu silməmişdir. Mənzilin ilkin qiymətləndirməsi ilə də razılaşmır.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

19. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş iddiaçı LPO İddiaçı ASC-nin nümayəndəsi X6 apellyasiya şikayətini müdafiə edərək bildirmişdir ki, Sumqayıt Şəhər Məhkəməsinin 17 may 2022-ci il tarixli, 2(060)-501/2022 nömrəli qətnaməsinin mənzilin boşaldılmasına dair təmin edilməyən hissəsində qismən ləğv edilməsi və ipoteka predmeti olan əmlaklara tutma yönəldikdə və əmlaklar satıldıqdan sonra həmin mənzilin boşaldılması” hissəsində iddia tələbinin tam olaraq təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişik. İpoteka predmeti olan əmlakın qiymətinin 90.000 və ya 100.000 manat civarında qiymətləndirilməsi ilə bank razılaşmır. Bankın nümayəndəsi olaraq mənzilin qiymətləndirilməsi aparılan zaman cavabdeh ilə söhbətlər aparılmış və borcun ödənilməsi ilə bağlı razılığa gəlinməsi bildirilmişdir. Cavabdeh tərəf razılığın əldə olunması üçün Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin baş ofisində olmuş, lakin heç bir razılaşma əldə olunmamışdır. Ona görə də, apellyasiya şikayətinin təmin olunmasını, iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

20. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq Cavabdeh səbəb və mümkünsüzlüyü barədə məlumat vermədən məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Cavabdeh rəsmi poçt vasitəsilə yanaşı, istifadəsində olan 051 ******* nömrəli telefon nömrəsinə “SMS xəbərdarlığın AZEMİS vasitəsilə göndərilməsi barədə” Bildiriş göndərilməklə xəbərdar olunmuşdur. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçməmişlərsə, onlara məhkəmə sənədləri barədə məlumat bu sistem vasitəsilə şəxsin təqdim etdiyi mobil telefon nömrəsinə SMS-lə çatdırılır. (Mülki Prosessual Məcəllə maddə 135.7) Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir

Tətbiq edilən hüquq

21. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 279-cu maddəsinə əsasən əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, girov saxlayanın tələblini girov faktiki təminat məqamında malik olduğu həcmdə təmin edir. Bu tələbə həmçinin faizlər, dəbbə pulu, icranın gecikdirilməsi ilə vurulmuş zərərin əvəzinin ödənilməsi, habelə girov qoyulmuş əşyanın saxlanılması və salamatlığı üçün girov saxlayanın zəruri xərcləri və tutma xərcləri daxildir. 295-ci maddəsinə müvafiq olaraq, girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. 296.1-ci maddəsinə görə, girov saxlayanın tələbinin məhkəməyə müraciət edilmədən, girov qoyulmuş əşya hesabına ödənilməsinə girov saxlayanla girov qoyanın notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında yol verilir. Bu cür razılaşma olmadıqda, girov saxlayanın (kreditorun) tələbinin girov qoyulmuş əşyanın dəyərindən ödənilməsi məhkəmənin qərarı ilə həyata keçirilir. 307.6-cı maddəsinə uyğun olaraq, ipoteka müqaviləsi ipoteka verən və ipoteka saxlayan tərəfindən, habelə ipoteka verən borclu deyildirsə, borclu tərəfindən imzalanmış bir sənədin tərtibi yolu ilə yazılı formada bağlanmalıdır. 317.1-ci maddəsinə uyğun olaraq, əgər borclu təminat vasitəsi ipoteka olan tələbin ödənilməsini ləngidirsə, ipotekasaxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. 319.1-ci və 319.6-cı maddələrinə müvafiq olaraq, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Borclunun ipoteka ilə təmin olunmuş öhdəliklərini yerinə yetirmədiyi və ya yerinə yetirilməsini gecikdirdiyi hallarda daşınmaz əmlaka mülkiyyət hüququnun bilavasitə kreditora keçməsi barədə razılaşma etibarsızdır. İpoteka predmetinin satışından götürülmüş məbləğ ipoteka saxlayanın tələblərini ödəməyə kifayət etmirsə, borclu çatışmayan məbləği ipoteka saxlayana ödəməlidir. Əgər satışdan götürülən və ya əldə edilən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ borcluya qaytarılmalıdır. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması – öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Maddə 425-ci maddəsində təsbit edilmiş «vicdanlılıq» anlayışı ilə birgə dəyərləndirilməlidir. Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidməti qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Maddə 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması – öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Maddə 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən isə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Maddə 462.1. Dəbbə pulu (cərimə, peniya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Maddə 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Maddə 739. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır.

22. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun; 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. 34.1-ci maddəsinə əsasən əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması, əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anıdır. 39.1-ci maddəsinə əsasən ipoteka saxlayan ipoteka müqaviləsi üzrə tələbinin ödənilməsi üçün iddia ilə məhkəməyə müraciət edə bilər. Həmin Qanunun 39.3. və 39.3.3cü maddələrinə əsasən, məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən ipoteka predmetinin ilkin satış qiymətini qərarda göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. 59.1. Yaşayış evi və ya mənzil ipoteka qoyulduğu halda, ona tutma yönəldildikdə və o satıldıqda həmin Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, həmin evdə və ya mənzildə qeydiyyatda olan şəxslərin çıxarılması üçün əsas deyildir. 59.2. Yaşayış evinin və ya mənzilin yeni mülkiyyətçisi ilə evin və ya mənzilin keçmiş mülkiyyətçisi arasında həmin evin və ya mənzilin kirayəsi barəsində müqavilə bağlanılır. Yeni mülkiyyətçi kirayə müqaviləsi bağlamaqdan imtina etdikdə keçmiş mülkiyyətçi (ipoteka qoyan) kirayə müqaviləsinin bağlanması üçün məhkəməyə müraciət edə bilər. 59.3. İpoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: 59.3.1. yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya 59.3.2. ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar.

23. Mülki Prosessual Məcəllə 372.2-ci maddəsinə görə, əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 385.1 və 385.1.2-ci maddələrinə görə məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardır. 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

Apellyasiya baxışının hədləri

24. Apellyasiya şikayətindən görünür ki, iddiaçı tərəf Sumqayıt Şəhər Məhkəməsinin 17 may 2022-ci il tarixli, 2(060)-501/2022 nömrəli qətnaməsinin “mənzilin boşaldılmasına dair təmin edilməyən hissəsində qismən ləğv edilməsi və ipoteka predmeti olan əmlaklara tutma yönəldikdə və əmlaklar satıldıqdan sonra həmin mənzilin boşaldılması” hissəsini, cavabdeh tərəf isə sözügedən qətnaməni tam hissədə mübahisələndirmişdir.

25. Ona görə də kollegiya birinci instansiya məhkəməsinin qətnaməsini iddiaçıya münasibətdə mübahisələndirilən hissədə, cavabdehə münasibətdə isə tam yoxlanılmasını zəruri hesab edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

26. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə tam, hərtərəfli və obyektiv araşdırıb verilən apellyasiya şikayətlərinin dəlillərinə müfəssəl hüquqi qiymət verərək hesab edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti tam, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti isə qismən təmin edilməli, iş üzrə həmin hissələrdə yeni qətnamə qəbul edilməlidir.

27. Hazırki iddia tələbindən görünür ki, iddiaçının tələbi bir neçə hissədən ibarətdir. - kredit müqaviləsi üzrə yaranmış borcun (o cümlədən əsas, faiz və cərimə borcunun) cavabdehdən alınması; - tutmanın ipoteka ilə yüklü edilmiş əmlaka yönəldilməsi, - həmin əmlakın açıq hərracda satılması, - satışdan əldə olunmuş vəsaitin kredit borcuna yönəldilməsi və ipoteka predmetinin satışından əldə olunan vəsait borcun tam bağlanması üçün kifayət etmədiyi halda, qalan borc məbləğinin cavabdehdən tutulması; - ipoteka predmeti olan əmlaka tutma yönəldikdə və əmlak satıldıqdan sonra yaşayış sahəsinin boşaldılması barədədir.

28. Mübahisələndirilən qətnamədən görünür ki, iddiaçının yuxarıda sadalanan tələbləri qismən təmin edilmişdir.

29. Araşdırılan işin faktiki hallarından müəyyən edilir ki, LPO "xxxx" ASC və Cavabdeh arasında xx.xx.2012-ci il tarixli, 350AİK saylı kredit müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən sonuncuya 25 il müddətinə, illik 4 faizlə, 35.000 manat məbləğində kredit vermişdir.

30. Cavabdeh kredit müqaviləsinə əlavəyə əsasən 25 il müddətində hər ay 184,74 manat olmaqla ödəniş etməli idi.

31. Kreditor – İpoteka saxlayan "xxxx" ASC, satıcı X4 və alıcı Cavabdeh arasında 02 avqust 2012-ci il tarixdə bağlanmış 275 nömrəli alqı-satqı və İpoteka müqaviləsindən görünür ki, satıcı X1 mülkiyyətində olan Sumqayıt şəhəri, 18-ci mikrorayon, ev 20A, mənzil 35 alıcı Cavabdeh satılmış və həmin mənzilin qiyməti 55.000 manat müəyyən edilməklə mənzilin dəyərinin 20.000 manat hissəsi alıcı tərəfindən ödənilməklə 35.000 manat hissəsi satıcıya bank tərəfindən ödənilmiş və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı, ******* nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Sumqayıt şəhəri, 18-ci mikrorayon, ev 20A, mənzil 35 mülkiyyət hüququ ilə 31 avqust 2012-ci il taixdə Cavabdeh adına Dövlət qeydiyyatına alınmışdır.

32. Tərəflərin razılığına əsasən kreditin təminatı kimi sözügedən yaşayış evi ipotekaya qoyulmuşdur. Kredit müqaviləsinin şərtlərinə əsasən cavabdeh müqavilədə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürmüşdür

33. Öyrənilən mülki işin təhlilindən belə aydın olur ki, iddiaçı tərəf kredit müqaviləsi ilə üzərinə düşən öhdəliyi tam icra etmiş, yəni kredit müqaviləsində nəzərdə tutulan pul vəsaitini cavabdeh tərəfə vermiş, lakin cavabdeh sözügedən müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi lazımınca yerinə yerirməmişdir.

34. Bank tərəfindən cavabdehlərə borcun ödənilməsi barədə dəfələrlə şifahi müraciətlər olunmasına, habelə yazılı bildirişlərin göndərilməsinə baxmayaraq, cavabdeh Banka heç bir cavab verməmiş və mövcud borcun Banka qaytarılmasından yayınmışdır. Odur ki, cavabdeh tərəfin iddiaçı qarşısında icra edilməmiş pul öhdəlikləri vardır.

35. Mübahisəli kredit müqaviləsinin 3-cü bəndinə əsasən borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və ya yerinə yetirə bilmədikdə kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə Bankın hüququ vardır.

36. Məhkəmə kollegiyası hesab edir ki, Mülki Məcəllənin yuxarıda göstərilən müddəaları baxımından iddiaçı və cavabdeh arasında müqavilə hüquq münasibətlərindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının ona vurulmuş zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbi də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir.

37. Belə ki, zərərin əvəzinin ödənilməsinə dair Mülki Məcəllənin 21-ci maddəsi mərkəzi ümumi norma kimi çıxış edərək zərərin əvəzinin ödənilməsi ilə əlaqədar tələbin şərtlərini deyil, yalnız hüquqi nəticələrini tənzimləyir. Zərərin əvəzinin ödənilməsi üçün iddia tələbinin əsasının özü isə digər hüquq sahələrində (məs, müqavilə hüququ, delikt hüququ və s.) axtarılmalıdır.

38. Apellyasiya instansiya məhkəməsi iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin dəlillərinə münasibət bildirərək qeyd edir ki, həmin apellyasiya şikayətində mübahisələndirilən dəlillər əsaslı olduğundan təmin olunmalıdır.

39. Belə ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 59.3-cü maddəsinin tələbinə görə ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: - 59.3.1. yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya - 59.3.2. ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar.

40. Qeyd olunan Qanunun 59.4-cü maddəsinə əsasən bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən və yaşayış yeri üzrə qeydiyyatdan çıxmadıqda, həmin şəxslər evdən (mənzildən) və yaşayış yeri üzrə qeydiyyatdan ayrıca məhkəmə qərarı tələb olunmadan ipoteka predmetinə tutmanın yönəldilməsi barədə icra sənədi əsasında 10 təqvim günü müddətində məcburi qaydada çıxarılırlar.

41. Kollegiya cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin dəlillərinə də ümumilikdə hüquqi qiymət verərək belə qənaətə gəlir ki, şikayətin dəlilləri qətnamənin tam ləğv edilməsi üçün əsaslı olmasa da, qismən, yəni ipoteka predmetinin dəyərinin müəyyən olunması hissəsində ləğv edilməsi və həmin hissə üzrə yeni qətnamə qəbul edilməsi üçün əsaslıdır.

42. Belə ki, birinci instansiya məhkəməsinin icraatı zamanı Sumqayıt şəhəri, 18ci mikrorayon, ev 20A, mənzil 35-in ilkin satış qiymətinin müəyyən edilməsi üçün məhkəmə əmtəəşünaslıq-qiymətləndirmə ekspertizası təyin edilmiş, qərardadın icrası “FAME-PRO” Məhdud Məsuliyətli Cəmiyyətinə həvalə edilmişdir. MMC-nin xx.xx.2022-ci il tarixdə məhkəməyə daxil olmuş xx.xx.2022-ci il məktubunda tərəflərin qiymətləndirmənin keçirilməsi üçün müəyyən edilmiş haqqı ödəməkdən imtina etdikləri üçün qiymətləndirmə işinin aparılmasından imtina edilmişdir.

43. Birinci instansiya məhkəməsi iş üzrə məhkəmə tərəfindən qiymətləndirmə ekspertizası təyin edilsə də, tərəflər qiymətləndirmə haqqının ödənilməməsi və müstəqil qiymətləndiriciyə əmlaka baxış keçirilməsinə şərait yaradılmadığı nəzərə alınaraq mənzilin qiymətinin ipoteka müqaviləsində göstərilən məbləğdə, yəni 55.000 manat məbləğində müəyyən edilməsi nəticəsinə gəlmişdir.

44. Məhkəmə kollegiyası tərəflər arasında yaranamış mübahisə üzrə obyektiv nəticəyə gəlinməsini təmin etmək məqsədi ilə apellyasiya icraatı zamanı yenidən qiymətləndirmə təyin edilmiş, bu barədə MPM-in 97.5-ci maddəsinin tələbləri tərəflərin, o cümlədən də cavabdehin diqqətinə çatdırılmışdır.

45. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinin 27 yanvar 2023-cü il tarixli daşınmaz əmlakın qiymətləndirilməsinə dair məlumatdan görünür ki, ipoteka predmeti olan əmlakın bazar dəyərinə təsir edən amillərin faktiki vəziyyətinin yerində dəqiqləşdirilməsi məqsədi ilə əmlaka 26 yanvar 2023-cü ildə baxış keçirilmişdir, lakin mühəndis-qiymətləndiriciyə şərait yaradılmamışdır. Odur ki, əmlak bazarında analoji mənzillərin bazar dəyəri üçün əsas olan parametrlər və bazar trendi nəzərə alınmaqla 26 yanvar 2023-cü il tarixinə bazar dəyəri 90.000 – 110.000 manat təşkil etdiyi müəyyən edilmişdir.

46. Məhkəmə kollegiyası hesab edir ki, qeyd olunan daşınmaz əmlakın qiymətləndirilməsinə dair məlumat əsas götürülməklə ipoteka predmeti olan Cavabdeh məxsus Sumqayıt şəhəri, 18-ci mikrorayon, ev 20A, 35 nömrəli mənzilin likvid dəyəri kimi ortalama, yəni 100.000 manat məbləğində müəyyən edilməlidir.

47. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrına əsasən belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qismən - yəni “ipoteka predmeti olan mənzilə tutma yönəldikdə və satıldıqdan sonra boşaldılmasının” təmin edilməmiş hissəsində, həmçinin həmin əmlakın ilkin satış qiymətinin 55.000 manat məbləğində müəyyən edilməsi hissəsində ləğv edilməli, ipoteka predmeti olan Sumqayıt şəhəri, 18-ci mikrorayon, ev 20A, mənzil 35-ə tutma yönəldildikdən və o satıldıqdan sonra boşaldılması və mənzilin likvid dəyərinin 100.000 (yüz min) manat məbləğində müəyyən edilməsinə dair yeni qətnamə qəbul edilməlidir. Qətnamə cavabdehin apellyasiya şikayətinə münasibətdə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 392-393 və 405.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

İddiaçı LPO İddiaçı ASC və Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətləri qismən təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin 17 may 2022-ci il tarixli, 2(060)-501/2022 nömrəli qətnaməsi qismən- «ipoteka predmeti olan mənzilə tutma yönəldikdə və satıldıqdan sonra boşaldılmasının təmin edilməmiş hissəsində, həmçinin həmin əmlakın ilkin satış qiymətinin 55.000 manat məbləğində müəyyən edilməsi hissələrində ləğv edilsin. Həmin hissələr üzrə yeni qətnamə qəbul edilsin. Cavabdeh məxsus Sumqayıt şəhəri, 18-ci mikrorayon, ev 20A, 35 nömrəli mənzilə tutma yönəldikdə və satıldıqdan sonra boşaldılsın. İpoteka predmeti olan Cavabdeh məxsus Sumqayıt şəhəri, 18-ci mikrorayon, ev 20A, mənzil 35-in ilkin satış qiyməti 100.000 (yüz min) manat məbləğində müəyyən edilsin. Qətnamə mübahisələndirilən qalan hissələrdə -“iddiaçı LPO İddiaçı ASC və Cavabdeh arasında bağlanmış xx.xx.2012-ci il tarixli, 350AİK nömrəli saylı kredit müqaviləsinin ləğv edilməsi, - 27558,50 manat əsas borc, 6125,52 manat faiz borcu, 10,26 manat cərimə olmaqla, cəmi 33694 (otuz üç min altı yüz doxsan dörd) manat 28 (iyirmi səkkiz) qəpik borc, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 40 manat dövlət rüsumu və iddianın verilməsi üçün ödənilmiş 173 manat dövlət rüsumunun 100 (yüz) manatı Cavabdeh tutularaq iddiaçı LPO İddiaçı ASC-yə ödənilməsi, -tutma ipoteka predmeti olan Cavabdeh məxsus Sumqayıt şəhəri, 18-ci mikrorayon, ev 20A, mənzil 35-ə yönəldilməsi və mənzil açıq hərracda satılması, mənzilin satışından əldə edilmiş vəsait hesabına Cavabdeh iddiaçıya olan borcun ödənilməsi, fərdi yaşayış evinin satışından əldə edilmiş vəsait borcun ödənilməsi üçün kifayət etmədikdə çatışmayan məbləğ Cavabdeh ümumi qaydada tutularaq LPO İddiaçı ASC-yə ödənilməsi, -Borc ödənildikdən sonra mənzilin satışından əldə edilmiş vəsaitdən artıq qalan məbləğ Cavabdeh qaytarılması, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat pul Cavabdeh dövlət büdcəsinin xeyrinə tutulması” hissəslərində dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər (elektron kabinet və vəkil vasitəsilə). Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar