Məhkəmə qərarları › İş №2(105)-127/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-127/2025

17.01.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi - Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-127/2025 17.01.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi hakim Dəmirov İlqar Kamal oğlu, hakimlər Məmmədov Zahid Tahir oğlu və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi X3 qızının katibliyi, Cavabdeh1, onun nümayəndəsi vəkil Nümayəndə3, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsi Nümayəndə4 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı şəxsi yaşayış evinin boşaldılaraq təhvil verilməsi tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 27 avqust 2024-cü il tarixli, e-2(012)-2403/2024 nömrəli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı şəxsi yaşayış evinin boşaldılaraq təhvil verilməsi tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, ona məxsus Abşeron rayonu, Xırdalan şəhəri, 26-cı məhəllədə, 0,00646 ha torpaq sahəsində 1 mərtəbəli, 3 otaqlı 33,8 kv.m. yaşayış, 13,9 kv.m. köməkçi sahədən ibarət 5/22 nömrəli fərdi yaşayış evinin boşaldılaraq ona təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2012-ci il tarixdə iddiaçıya məxsus Abşeron rayonu, Xırdalan şəhəri, 26-cı məhəllədə istifadəsində olan 0,00646 ha torpaq sahəsində 1 mərtəbəli, 3 otaqlı 33,8 kv.m. yaşayış, 13,9 kv.m. köməkçi sahədən ibarət 5/22 nömrəli fərdi yaşayış evinin gələcəkdə cavabdehlərə satılması barədə razılığa gəlmişlər. Həmin vaxt Cavabdeh1 ilə iddiaçı arasında evin alqı-satqısını həyata keçirməyini təminat altına almaq üçün 21 noyabr 2012-ci il tarixli kredit müqaviləsi də bağlanmışdır. Həmin kredit müqaviləsi üzrə Cavabdeh1 iddiaçıya 2013-cü ilədək 25000 ABŞ dolları məbləğində pul vermişdir. Əvəzində isə iddiaçı evin sənədlərini Sürməlinin adına keçirəcəyi təqdirdə Cavabdeh1 borcdan imtina edəcəkdir. Lakin sənədləri Sürməlinin adına keçirmədiyi üçün fərdi yaşayış evini boşaldacağına söz vermiş və kredit müqaviləsi üzrə borcun tutulması üçün Binəqədi rayon Məhkəməsinə müraciət etmiş və iddia qismən təmin olunaraq 25000 ABŞ dolları pulun iddiaçıdan tutulması qət edilmişdir. Bildirir ki, həmin fərdi yaşayış evi mülkiyyət hüququ ilə iddiaçıya məxsusdur və hazırda cavabdehlərin qanunsuz sahibliyindədir. Həmin evin boşaldılması barədə cavabdehlərə dəfələrlə müraciət etsə də, hər dəfə müxtəlif bəhanələrlə evdən çıxmamışlar. Abşeron Rayon Məhkəməsinin 27 avqust 2024-cü il tarixli, e-2(012)-2403/2024 nömrəli qətnaməsi ilə iddianın təmin edilməsi, İddiaçı məxsus Abşeron rayonu, Xırdalan şəhəri, 26- cı məhəllədə, 0,00646 ha torpaq sahəsində 1 mərtəbəli, 3 otaqlı 33,8 kv.m. yaşayış, 13,9 kv.m. köməkçi sahədən ibarət 5/22 nömrəli fərdi yaşayış evinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən boşaldılması və İddiaçı təhvil verilməsi qət edilmişdir (hakim Habil Əhmədov). Qətnamədən narazı qalan Cavabdeh1 apellyasiya şikayəti verərək Abşeron Rayon Məhkəməsinin 27 avqust 2024-cü il tarixli, e-2(012)-2403/2024 nömrəli qətnaməsinin ləğv edilərək iddia tələbinin rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Cavabdeh1 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, 2012-ci ildə mübahisəli evi İddiaçı Alxas oğlundan 30000 ABŞ dollarına almış, belə ki, 2012- ci ildə həyət evi almaq qərarına gəlmiş, “Birja” qəzeti vasitəsi ilə Abşeron rayonunun Xırdalan şəhərində yerləşən alqı-satqı ofisinin əməkdaşı İbadova İradə adlı şəxslə tanış olmuş, bundan bir neçə gün sonra o, qızı Leyla ilə həmin ofisə gələrək İradə ilə görüşmüş və sonuncu onlara bir neçə həyət evi göstərmiş, lakin qızı Leyla, İradənin göstərdiyi həyət evlərini bəyənməmişdir. 2012-ci ilin oktyabr ayında İradə ona zəng edərək Xırdalan şəhərinin 26cı məhəlləsində üç otaqdan ibarət ev tapdığını, həmin evin İddiaçı məxsus olduğunu bildirmişdir. Bundan sonra evə baxmış, qızı Leyla evi bəyənmiş, ev sahibi Cəsarət evi 30000 ABŞ dollarına satdığını, evin texniki pasportunun olduğunu və 5000 ABŞ dolları olarsa ilin sonunadək evə çıxarış alaraq bizə verəcəyinə inandırmışdır. O, iddiaçı ilə razılaşmış, pula görə narahat olduqlarını görən Cəsarət elə həmin tarixdə, yəni xx.xx.2012-ci ildə ofisin içərisində müvəqqəti sənəd olaraq kirayə müqaviləsi yazmış və onlar imzalamışlar. Həmin müqavilədə göstərilmişdir ki, Cəsarət onlardan 25000 ABŞ dolları alaraq özünün Xırdalan şəhəri, 26-cı məhəllədə yerləşən 5/22 saylı evini ona satmışdır, bundan sonra Cəsarət onu inandırmaq üçün 32 saylı notariat ofisinə apararaq orada onlarla kredit müqaviləsi bağlamış və göstərmişdir ki, ondan 25000 ABŞ dollarını borc olaraq almışdır. Onların arasında ilkin olaraq sadə yazılı formada alqı-satqı müqaviləsi bağlanmış və onlar Cəsarətə 25000 ABŞ dolları vermiş, qalan 5000 ABŞ dollarını evin sənədi hazır olanda verəcəklərinə razılaşmışlar. Daha sonra notariat kontorunda beh müqaviləsi bağlamışlar, eyni zamanda Cəsarət öz xətti ilə evin onlara satılmasına dair iltizam yazmışdır. Bundan sonra o evə köçərək orada yaşamağa başlamışlar, bu zaman fərqli insanlar evə gələrək, evin onlara satıldığını bildirmişlər. O, iddiaçı tərəfindən aldadıldığını başa düşdükdən sonra, dəfələrlə pulunu iddiaçıdan tələb etsə də, iddiaçı buna məhəl qoymamış və iddiaçıya ödənilmiş 25000 ABŞ dolları məbləğinin İddiaçı alınaraq ona verilməsi üçün müvafiq iddia ərizəsi ilə Bakı şəhər, Binəqədi Rayon Məhkəməsinə müraciət etmiş, Binəqədi Rayon Məhkəməsinin 2(001)- 5631/2020 nömrəli, xx.xx.2020-ci il tarixli qətnaməsinə əsasən İddiaçı maddi ziyana görə 25000 ABŞ dollarının, mənəvi ziyana görə 1000 manatın və dövlət rüsumuna görə 30 manatın alınaraq ona ödənilməsi qət edilmişdir. Lakin bu günədək iddiaçı tərəfindən ona yalnız 10000 manat ödəniş edilmişdir. Abşeron Rayon Məhkəməsi 27 avqust 2024-cü il tarixli qətnaməsi ilə iddiçı İddiaçı iddia ərizəsini təmin edərkən bunların heç birini nəzərə almadan ədalətsiz qətnamə qəbul etmişdir. Sözü gedən qətnamənin mövcudluğu əvvəlki qanuni qüvvəsini almış məhkəmə qətnaməsinin icra olunmamasına şərait yaradacaqdır. Belə olan halda hesab edir ki, məhkəmə qət hissəsində qeyd edilən qətnamənin əvvəlki qətnamə ilə eyni vaxtda icra edilməsinə dair qeyd verməli idi. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 və onun nümayəndəsi vəkil Nümayəndə3 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında iştirak edən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsi Nümayəndə4 apellyasiya şikayətinin təmin edilməsi məsələsini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də, məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası verilmiş apellyasiya şikayəti üzrə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı, 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirərək, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli və birinci instansiya məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamə dəyişdirilməli və qətnamə Binəqədi Rayon Məhkəməsinin 2(001)-5631/2020 nömrəli, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə eyni vaxtda icra edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən verilmiş Seriya MH ******* №-li Çıxarışın surətindən görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri, 26-cı məhəllədə, 0,00646 ha torpaq sahəsində 1 mərtəbəli, 3 otaqlı 33,8 kv.m. yaşayış, 13,9 kv.m köməkçi sahədən ibarət 5/22 nömrəli fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 4 nömrəli reyestr kitabının 111 nömrəli vərəqində xx.xx.2009-cu il tarixdə qeydiyyata alınmışdır. İş materiallarında olan Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-5631/2020 nömrəli, xx.xx.2020-ci il tarixli qətnaməsindən görünür ki, iddia qismən təmin edilmiş, İddiaçı maddi ziyana görə 25000 ABŞ dolları, mənəvi zərərə görə 1000 manat, dövlət rüsumuna görə 30 manatın alınaraq iddiaçı Cavabdeh1 verilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. İş materiallarında olan Binəqədi rayon İcra Şöbəsinin xx.xx.2024-cü il tarixli məktubu ilə müəyyən edilir ki, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-5631/2020 nömrəli, xx.xx.2020-ci il tarixli icra sənədi üzrə borclu İddiaçı tələbkar Cavabdeh1 10.000 ( on min) manat və həmçinin tələbkara ödənilməsi məqsədilə Binəqədi Rayon İcra Şöbəsinin depozit hesabına 1.450 (min dörd yüz əlli) manat ödəniş etmişdir. Yəni həmin tarixə icra sənədi üzrə borc tam ödənilməmişdir. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən verilmiş Seriya MH ******* №-li Çıxarışa əsasən, Abşeron rayonu, Xırdalan şəhəri, 26-cı məhəllədə, 0,00646 ha torpaq sahəsində 1 mərtəbəli, 3 otaqlı 33,8 kv.m. yaşayış, 13,9 kv.m. köməkçi sahədən ibarət 5/22 nömrəli fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 4 nömrəli reyestr kitabının 111 nömrəli vərəqində xx.xx.2009-cu il tarixdə qeydiyyata alınmışdır. Sözügedən yaşayış evi vaxtilə İddiaçı tərəfindən Cavabdeh1 25000 ABŞ dollarına satılmış, lakin müqavilə lazımi qaydada rəsmiləşdirilmədiyindən, Cavabdeh1 ödədiyi pulun qaytarılması üçün məhkəməyə müraciət etmiş və Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-5631/2020 nömrəli, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə İddiaçı 25000 ABŞ dolları pulun alınaraq iddiaçı Cavabdeh1 verilməsi qət edilmişdir. Sözügedən yaşayış evinə dair mülkiyyət hüququnu təsdiq edən Çıxarışı olan iddiaçı cavabdehlərdən mülkiyyətində olan evi tərk etməklərini tələb etsə də, cavabdehlər mənzildə yaşamaqda davam etmişlər. Odur ki, iddiaçı göstərilənləri nəzərə alaraq ona məxsus Abşeron rayonu, Xırdalan şəhəri, 26-cı məhəllədə, 0,00646 ha torpaq sahəsində 1 mərtəbəli, 3 otaqlı 33,8 kv.m yaşayış 3,9 kv.m köməkçi sahədən ibarət 5/22 nömrəli fərdi yaşayış evinin boşaldılaraq ona təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsi evə dair iddiaçının mülkiyyət hüququ olduğundan iddianı təmin etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə görə mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1. maddəsinə əsasən bütün fiziki şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin İ hissəsində göstərilir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi iddiaçının mülkiyyət hüququnun əsas hüquq olduğundan iddianı təmin etsə də, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-5631/2020 nömrəli, xx.xx.2020-ci il tarixli qətnaməsinin icrasını nəzərə almamışdır. Belə ki, həmin qətnaməyə əsasən İddiaçı maddi ziyana görə 25000 ABŞ dolları, mənəvi zərərə görə 1000 manat, dövlət rüsumuna görə 30 manatın alınaraq iddiaçı Cavabdeh1 verilməsi qət edilsə də, iş materiallarında olan Binəqədi rayon İcra Şöbəsindən verilmiş məktuba əsasən müəyyən edilir ki, qətnamə tam icra edilməmişdir. Buna görə də iddiaçı Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-5631/2020 nömrəli, xx.xx.2020-ci il tarixli qətnaməsinə əsaslanaraq cavabdehlərin mübahisə predmeti olan evdən çıxarılmasını tələb etmək hüququ olsa da, həmin evə görə verilmiş pulun qaytarılmasına dair sözügedən qətnamənin tam icra etmədiyindən iddia tələbi də qismən təmin edilməli və hazırki iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi həmin qətnamə ilə eyni vaxtda icra edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 220.6-cı maddəsinə əsasən məhkəmə qətnamənin icra qaydasını və müddətini müəyyən etdiyi hallarda, bunu qətnamənin nəticə hissəsində göstərməlidir. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli və birinci instansiya məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamə dəyişdirilməli və qətnamə Binəqədi Rayon Məhkəməsinin 2(001)-5631/2020 nömrəli, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə eyni vaxtda icra edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.3, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Abşeron Rayon Məhkəməsinin 27 avqust 2024-cü il tarixli, e-2(012)-2403/2024 nömrəli qətnaməsi dəyişdirilsin. Abşeron rayonu, Xırdalan şəhəri, 26-cı məhəllədə, 0,00646 ha torpaq sahəsində 1 mərtəbəli, 3 otaqlı 33,8 kv.m. yaşayış, 13,9 kv.m. köməkçi sahədən ibarət 5/22 nömrəli fərdi yaşayış evinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən boşaldılaraq İddiaçı təhvil verilməsinə dair Abşeron Rayon Məhkəməsinin 27 avqust 2024-cü il tarixli, e-2(012)- 2403/2024 nömrəli qətnaməsi Binəqədi Rayon Məhkəməsinin 2(001)-5631/2020 nömrəli, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə eyni vaxtda icra edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar