Məhkəmə qərarları › İş №2(105)-1270/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1270/2021

05.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1270/2021 05.04.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakim Gülnarə Fikrət qızı Tağızadənin sədrliyi və məruzəsi, Hakimlər Lətifə Məhyəddin qızı Məmmədova və Telman Osman oğlu Quliyevdən ibarət tərkibdə, Elnarə Nəriman qızı Ağayevanın katibliyi, Cavabdeh: Cavabdeh2 iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit borcunun tutulması tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxxx 2017-ci il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxxx 2017-ci il tarixli qətnaməsi ilə (hakim İ.M.Mahmudov) iddianın qismən təmin olunması, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə xx xxxxxx 2014-cü il tarixli kredit müqaviləsi üzrə 2183,41 ABŞ dolları əsas, 1134,05 ABŞ dolları faiz, 9,68 ABŞ dolları cərimə, cəmi 3327 (üç min üç yüz iyirmi yeddi) dollar 14 (on dörd) sent (qətnamənin icra olunduğu günə olan manatın məzənnəsi ilə hesablanmaqla) məbləğində borc və ödənilmiş 30 manat dövlət rüsumunun tutulması qət edilmişdir. İ Ş İ N H A L L A R İ: İddiaçı ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun tutulmasına dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada İddiaçı ASC-nin xeyrinə xx xxxxxx 2014-cü il tarixli kredit müqaviləsi üzrə banka 2183,41 ABŞ dolları əsas borc, 1134,05 ABŞ dolları faiz borcunun, 499.68 ABŞ dolları cərimə borcunun, cəmi 3817.14 ABŞ dolları borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, xx.xx.2014-cü il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh1 İddiaçı ASC-dən illik 33%-lə 24 ay müddətinə 2500 ABŞ dollar məbləğində kredit götürmüşdür. Borcun təminatı olaraq Cavabdeh2 ilə xx xxxxxx 2014-cü il tarixli zaminlik müqaviləsi bağlanılmışdır. Hal-hazırda borclu müqavilənin şərtlərini pozaraq borc öhdəliyini icra etməkdən imtina edir. Mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: Cavabdeh2 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə işə onun iştirakı olmadan baxmışdır, bununla da prosessual normalarının tələblərini pozmuşdur. Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxxx 2017-ci il tarixli 2(060)-13088/2017 saylı qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd olunması barədə yeni qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Cavabdeh2 apellyasiya şikayətinin dəlillərini müdafiə etdi, eyni məzmunlu izahat verdi və təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. İş üzrə iddiaçının nümayəndəsi və Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilmiş tərəfin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə məhkəmə işə baxmağa haqlıdır. Məhkəmə kollegiyası işdə iştirak edən tərəfin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara görə apellyasiya şikayəti qismən təmin edilməlidir. H Ü Q U Q İ M Ə S Ə L Ə L Ə R: İşdən görünür ki, birinci instansiya məhkəməsi qətnamə ilə iddianı qismən təmin edərkən, tərəflər arasında kredit, zaminlik müqaviləsinin olmasına, cavabdehlər tərəfindən müqavilənin şərtlərinin pozulmasına istinad etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi işə cavabdehin iştirakı olmadan baxıldığı üçün ləğv edilməlidir. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan, məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh2 apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldiyindən, apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduğundan, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən, maddi və prosessual hüquq normalarına düzgün riayət edilib-edilməməsinə hüquqi qiymət verilməlidir. İş materiallarında olan xx xxxxxx 2014-cü il tarixli ********* saylı kredit müqaviləsindən görünür ki, Cavabdeh1 ilə İddiaçı ASC-dən illik 33%-lə 24 ay müddətinə 2500 ABŞ dollar məbləğində kredit götürmüşdür. İşə əlavə olan xx xxxxxx 2014-cü il tarixli ********* saylı zaminlik müqaviləsindən görünür ki, Cavabdeh2 xx xxxxxx 2014-cü il tarixli ********* saylı kredit müqaviləsi üzrə borcalan tərəfindən kreditor qarşısında öhdəliklərin tamamilə və ya hissə-hissə ödənilməsi üçün öz üzərinə məsuliyyət götürmüşdür. İş materiallarından görünür ki, Bank tərəfindən cavabdehə borcun ödənilməsi barədə bildiriş məktubu göndərilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, tərəflər arasında qanunla müəyyən edilmiş qaydada kredit müqaviləsi bağlanılmış, həmin müqavilələrə əsasən tərəflər arasında öhdəliklər yaranmış, iddiaçı tərəfindən öhdəliklər yerinə yetirilmiş, cavabdehlər isə üzərlərinə düşən öhdəlikləri lazımı qaydada yerinə yetirməmişdir Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 421.2-ci maddəsinə görə tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Məcəllənin 428.4-cü maddəsinə görə öhdəliyin icrası üçün borclunun xeyrinə hər hansı müddət təyin edildikdə, əgər borclu ödəniş qabiliyyətini itirərsə və ya şərtləşdirilmiş təminatı azaldarsa, yaxud ümumiyyətlə, belə təminat verə bilməzsə, kreditor dərhal icranı tələb edə bilər. Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Məcəllənin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Məcəllənin 449.4-cü maddəsinə görə özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Məcəllənin 462.3-cü maddəsinə görə müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. Qeyd olunanlara əsasən məhkəmə belə hesab edir ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iddiaçıdan aldığı krediti vaxtında və lazımı qaydada qaytarmamış, həmin müqavilə üzrə nəzərdə tutulmuş öhdəliyi icra etməmiş və bununla da o, tələb olunan borcunu ödəməlidir. Həmçinin, məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyi ücün və iddia qismən təmin olunduğu halda isə məhkəmə xərclərinə aid edilən ödənilmiş dövlət rüsumunun əvəzi 30 (otuz) manat məbləğində pul vəsaiti cavabdehlərdən tutulub iddiacıya ödənilməlidir. Azərbaycan Respublikası MPM-nın 14.2, 77.1 və 88-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Cavabdeh apellyasiya şikayətində göstərmişdir ki, birinci instansiya məhkəməsində qanunla müəyyən olunmuş qaydada onun iştirakı təmin olunmamış və onun iştirakı olmadan hazırkı qətnamə çıxarılmışdır. Rəsmi qaydada verilməli olan məhkəmə sənədlərinin siyahısı göstərilmiş Azərbaycan Respublikası MPM-nin 134.1 və 134.1.5-ci maddələrinə əsasən birinci instansiya məhkəməsinin, apellyasiya və kassasiya məhkəmələrinin aktları işdə iştirak edən şəxslərə məhkəmə tərəfindən rəsmi qaydada verilməlidir. Məhkəmə aktlarının da daxil olduğu məhkəmə sənədlərinin rəsmən verilməsi anlayışını açıqlayan Azərbaycan Respublikası MPM-nin 135-ci maddəsinə əsasən, sənədin rəsmən verilməsi məhkəmənin göndərdiyi rəsmi sənədlərin çatdırılmasıdır. Məhkəmə sənədlərinin çatdırılması və rəsmi qaydada verilməsi Azərbaycan Respublikası MPM-nin 135.1 və 135.2-ci maddələrinin tələbinə görə bu məcəllənin 134-cü maddəsində sadalanan məhkəmə sənədləri “Poçt haqqında” Azərbaycan Respublikası Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi (məktubu) ilə çatdırılır. Zəruri hallarda məhkəmə sənədlərinin çatdırılması hakim tərəfindən məhkəmə işçisinə tapşırıla və ya işdə iştirak edən şəxslərin razılığı ilə həmin şəxsə həvalə edilə bilər. Məhkəmə sənədləri məhkəməyə qaytarılmalı olan, forması müvafiq qaydada təsdiq edilmiş qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Hüquqi şəxsə ünvanlamış məhkəmə sənədləri müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Məhkəmə sənədlərinin rəsmi qaydada verilməsi məhkəmədə də həyata keçirilə bilər. İş materiallarından görünür ki, cavabdeh birinci instansiya məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli məhkəmə iclasında iştirak etməmiş, məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməmiş və işə onun iştirakı olmadan baxılmışdır. Azərbaycan Respublikası MPM-nin 387.2.2-ci maddəsinə görə işə, işdə iştirak edən şəxslərdən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməmiş hər hansı birinin iştirakı olmadan məhkəmə tərəfindən baxılmışdırsa prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi kimi qiymətləndirilməlidir. Həmin maddədə nəzərdə tutulmuş hallar apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsinin məcburi əsası kimi müəyyən edildiyi üçün qətnamə hətta faktlar nöqteyi-nəzərindən əsaslı və mahiyyətcə düzgün olsa da, apellyasiya qaydasında ləğv edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən qeyd olunan prosessual hüquq normaları pozulmuşdur. Beləliklə, məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində göstərilən digər dəlilləri də araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi-nəzərindən qanunsuz və əsassız olduğundan və işdə, iş üzrə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar olduğundan, iş üzrə məhkəmə qətnaməsi ləğv olunmalı, apellyasiya şikayəti isə qismən təmin edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 392 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT E T D İ: Cavabdeh2 apellyasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin iş üzrə xx xxxxxxx 2017-ci il tarixli 2(060)- 13088/2017 saylı qətnaməsi ləğv edilsin. İddiaçı İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit borcunun tutulmasına dair iddiası qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə xx xxxxxx 2014-cü il tarixli kredit müqaviləsi üzrə 2183,41 ABŞ dolları əsas, 1134,05 ABŞ dolları faiz, 9,68 ABŞ dolları cərimə, cəmi 3327 (üç min üç yüz iyirmi yeddi) dollar 14 (on dörd) sent (qətnamənin icra olunduğu günə olan manatın məzənnəsi ilə hesablanmaqla) məbləğində borc və ödənilmiş 30 manat dövlət rüsumu tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Gülnarə Tağızadə Hakimlər Lətifə Məmmədova Telman Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar