Məhkəmə qərarları › İş №2(105)-1271/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1271/2023

05.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1271/2023 05.07.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı LPO "xxxx" KB QSC-nin Cavabdeh qarşı borcun qaytarılması tələbinə dair mülki iş üzrə (Açar sözlər: kredit müqaviləsi, iddia müddəti) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri X2 (sədrlik edən və məruzəçi), Dəmirov İlqar Kamal oğlu və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1 iştirakı ilə, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2(060)-1425/2023 nömrəli qətnaməsindən iddiaçı LPO "xxxx" KB QSC tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi: İşin halları 09 dekabr 2014-cü il tarixli, 1xx/xx/127523/14 saylı kredit müqaviləsinə əsasən cavabdehə 24 ay müddətinə illik 25 % ödəmək şərtilə 1443 manat kredit verilmişdir. 22 noyabr 2022-ci il tarixli maliyyə arayışına əsasən, Cavabdeh 11 noyabr 2022-ci il tarixə 797,76 (yeddi yüz doxsan yeddi manat, 76 qəpik) manat əsas borc, 131,12 (bir yüz otuz bir manat, 12 qəpik) manat müqavilə müddəti üçün hesablanmış və tələb olunan faizlər, 45,36 (qırx beş manat, 36 qəpik) manat məbləğində cərimə borcu, 237,93 (iki yüz otuz yeddi manat, 93 qəpik) manat gecikdirilmiş vaxt üçün hesablanan faiz məbləği, ümumilikdə isə 1212,17 (bir min iki yüz on iki manat, 17 qəpik) manat borcu vardır. Birinci instansiya məhkəməsində icraat İddiaçı LPO "xxxx" KB QSC iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, QSC "xxxx" KB ilə Cavabdeh arasında bağlanmış xx.xx.2014-cü il tarixli 1xx/xx/127523/14 saylı kredit müqaviləsi üzrə cavabdehdən Banka 797,76 (yeddi yüz doxsan yeddi manat, 76 qəpik) manat əsas borc, 131,12 (bir yüz otuz bir manat, 12 qəpik) manat müqavilə müddəti üçün hesablanmış və tələb olunan faizlər, 45,36 (qırx beş manat, 36 qəpik) manat cərimə borcu, 237,93 (iki yüz otuz yeddi manat, 93 qəpik) manat gecikdirilmiş vaxt üçün hesablanan faiz məbləği, ümumilikdə isə 1212,17 (bir min iki yüz on iki manat, 17 qəpik) manat borcun, 32,13 (otuz iki manat 13 qəpik) manat dövlət rüsümunun əvəzinin ləğv prosesində olan Qapalı Səhmdar Cəmiyyəti "xxxx" Kommersiya Bankının xeyrinə tutulmasına dair dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, QSC "xxxx" KB ilə Cavabdeh arasında xx.xx.2014-cü il tarixində kredit verilməsi haqqında 1xx/xx/127523/14 saylı müqavilə bağlanmış, həmin sənədlərə əsasən Bank tərəfindən Cavabdehə illik 25 (iyirmi beş) faiz ödənilməsi şərti ilə 24 (iyirmi dörd) ay müddətinə 1443 (bir min dörd yüz qırx üç) manat kredit verilmişdir. Lakin Cavabdeh öz üzərinə götürdüyü kredit öhdəliklərini lazımınca icra etməmiş və bunun nəticəsində Cavabdehin Banka 797,76 (yeddi yüz doxsan yeddi manat, 76 qəpik) manat əsas borc, 131,12 (bir yüz otuz bir manat, 12 qəpik) manat müqavilə müddəti üçün hesablanmış və tələb olunan faizlər, 45,36 (qırx beş manat, 36 qəpik) manat məbləğində cərimə borcu, 237,93 (iki yüz otuz yeddi manat, 93 qəpik) manat gecikdirilmiş vaxt üçün hesablanan faiz məbləği, ümumilikdə isə 1212,17 (bir min iki yüz on iki manat, 17 qəpik) manat borcu qalmışdır. Cavabdeh ərizə ilə məhkəməyə müraciət edərək kredit müqaviləsi üzrə iddia müddəti keçdiyinə görə iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2(060)-1425/2023 nömrəli qətnaməsi ilə iddiaçı QSC "xxxx" KB ilə Cavabdeh arasında bağlanmış xx.xx.2014-cü il tarixli 1xx/xx/127523/14 saylı kredit müqaviləsi üzrə borcun tutulması barədə iddia tələbi təmin edilməmişdir. (hakim Elmir Hüseynov) Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1, 373, 375.2, 376, 377.2, 378-ci maddələri, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 217.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri İddiaçı QSC "xxxx" KB apellyasiya şikayəti verib, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(060)-1425/2023 saylı qətnaməsini ləğv edərək, iddia tələbinin təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Şikayətin dəlilləri: Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2(060)-1425/2023 saylı qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması və düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması ilə qəbul edilmişdir. QSC "xxxx" KB ilə Cavabdeh arasında bağlanmış xx.xx.2014-cü il tarixli 1xx/xx/127523/14 saylı kredit müqaviləsi üzrə ləğv prosesində olan QSC "xxxx" KB-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən xx.xx.2019-cu il tarixdə Sumqayıt Şəhər Məhkəməsinə iddia tələbi ilə müraciət edilmişdir. Lakin Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(060)-9782/2019 saylı qərardadı ilə iddia ərizəsi baxılmamış saxlanılmışdır. Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında fərmanla əlaqədar baxılmamış saxlanılmışdır. Lakin fiziki şəxslərin kredit borclarının restrukturizasiyası məqsədilə yeni güzəştli kredit müqaviləsinin bağlanması ilə bağlı müraciətlərinin qəbulu 2019-cu illin dekabrın 31-də başa çatmasına baxmayaraq, tövsiyə edilən tədbirlər tərəfimizdən təmin edildiyi halda, bu günədək cavabdeh tərəfindən bankla Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” fərmanın icrası ilə bağlı yeni müqavilə bağlanması üçün müraciət olunmamış və güzəştli şərtlərlə restrukturizasiya müqaviləsi imzalanmamışdır. Məlum olduğu kimi, Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında fərmanı ilə əlaqədar iddia ərizələri həmin dövr ərzində-təqribən, 2019, 2020 və bəzi işlərdə hətta 2021-ci il tarixlərdə baxılmamış saxlanılmışdır. Hazırkı mülki iş üzrə iddia ərizəsi xx.xx.2019-cu il tarixli 2(060)-9782/2019 saylı qərardadla baxılmamış saxlanılmışdır. Tərəflərindən həmin qərardaddan şikayət verilmiş, lakin Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(105)-1084/2020 saylı qərardadı ilə Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(060)-9782/2019 qərardadı dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh tərəfindən bankla Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” fərmanın icrası ilə bağlı yeni müqavilə bağlanması üçün müraciət olunmamış və güzəştli şərtlərlə restrukturizasiya müqaviləsi imzalanmamışdır. Müvafiq fərmanla əlaqədar iddia ərizələrinin məhkəmələr tərəfindən baxılmamış saxlanılması təcrübəsi öncədən mövcud olmadığından, onun tədbiqinə sərf ediləcək ağlabatan müddətin bank tərəfindən müəyyən edilməsi də mümkün olmamışdır. Məhkəməyə yenidən müraciət olunduğu təqdirdə eyni vəziyyətlə üzləşməmək üçün həmçinin, son dövrlərə qədər apellyasiya məhkəmələrində müvafiq fərmanla bağlı məsələlər mübahisələndirildiyindən tərəflərin məhkəməyə ancaq xx.xx.2023-cü il tarixdə yenidən müraciət edilmişdir. Bank tərəfindən fərmanın tətbiqi prosedurları tam yekunlaşana qədər gözlənildiyi üçün yenidən eyni kredit üzrə məhkəməyə ancaq xx.xx.2023-cü il tarixdə müraciət edilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(060)-9782/2019 saylı qərardadında fərmanın tətbiqi prosedurlarına sərf oluna biləcək ağlabatan müddət konkret olaraq müəyyən edilməmişdir. Tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən xx.xx.2019-cu il tarixli 2(060)-9782/2019 saylı kredit müqaviləsi üzrə iddia müddətinin axımının başlanğıcı tərəflərin öz öhdəliklərini tam həcmdə yerinə yetirilməsindən sonra başlayır. Bu səbəbdən də xx.xx.2014-cü il tarixli 1xx/xx/127523/14 saylı kredit müqaviləsi üzrə öhdəliklər icra edilmədiyi üçün iddia müddətinin axımı başlamamışdır. Həmçinin xx.xx.2014-cü il tarixli 1xx/xx/127523/14 saylı kredit müqaviləsi 24 ay müddətinə bağlanaraq, xx.xx.2016-cı il tarixi kreditin ödənilməli olduğu son tarixdir. Məhkəmə iş materiallarında həmin hissəyə istinad edərək iddia müddətinin 3 il olmasını göstərərək, iddia müddətinin tətbiq olunmasını qeyd etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 374.1-ci maddəsində isə qeyd edilmişdir ki, əgər müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətləri və onların hesablanması qaydası bu Məcəllə ilə müəyyənləşdirilir. Lakin cavabdeh ilə bağlanılan xx.xx.2014-cü il tarixli 1xx/xx/127523/14 saylı kredit müqaviləsinin 10.1-ci bəndində qeyd edilmişdir ki, tərəflərin səlahiyyətli nümayəndələri tərəfindən imzalanmasından sonra qüvvəyə minir və tərəflərin öz öhdəliklərini tam həcmdə yerinə yətirməsinə qədər qüvvədədir. Yəni, qanunvericiliyin bu tələbindən aydın olur ki, tərəflər arasında bağlanmış müqavilədə iddia müddətləri və onların hesablanması qaydası ilə bağlı başqa hal nəzərdə tutulmadığı təqdirdə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373.2-ci və 377.2-ci maddəsi tətbiq edilir. Hətta bu hal Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 03 iyun 2013-cü il tarixli qərarında da qeyd edilmişdir. Hazırkı iş üzrə məhkəmə, tərəfin öz sərbəst iradəsi ilə bağlanmış olduğu kredit müqaviləsinin şərtlərini tam araşdırmadan iddia müddətinin tətbiqinə dair qətnamə çıxarması da qanuni deyildir. Bu isə o deməkdir ki, tərəflər öz aralarında iddia müddətinin hesablanma qaydasını müəyyən etmiş və onun öhdəliklərinin tam həcmdə yerinə yetirilməsinə qədər qüvvədə olmasına dair iradələrini müqavilədə əks etdirmişlər. Belə olan halda artıq Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 374.1-ci maddəsinin tələbləri hazırki mübahisəyə tətbiq edilərək, məhkəmənin qətnaməsi ləğv olunmalıdır. Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri Cavabdeh tərəfindən apellyasiya şikayətinə yazılı etiraz daxil olmamışdır. Apellyasiya icraatı iştirakçılarının izahatları Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq iş üzrə tərəflər məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbi barədə məlumat verməmişlər. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə, məhkəmə işə baxmağa haqlıdır. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 372. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Maddə 373.2. Müqavilə tələbləri üzrə iddia müddəti üç il təşkil edir. Maddə 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması dedikdə öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsi, lazımınca icra edilməməsi dedikdə isə vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. “E.S.Həkimovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikasının Ali Məhkəməsinin MİÜMK-nın 06 noyabr 2007-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarınauyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli qərarı İddia hüququnun şəxsin hüququnun pozulmasını bilməli olduğu gündən əmələ gəlməsinə dair göstərişin təyinatı və məqsədi subyektiv hüquqların və qanuni mənafelərin müdafiəsilə bağlı məsuliyyət hissinin artırılmasına xidmət etməklə yanaşı, onun həyata keçirilməsinə yarana biləcək laqeyd, səhlənkar münasibətin aradan qaldırılmasına və suiistifadə hallarının qarşısının alınmasına yönəlmişdir. Qeyd edilən qərarında həmin məhkəmə iddia müddətinin axımının başlanğıcının bir tərəfdən subyekti hüququn pozulduğu obyektiv anla, digər tərəfdən isə səlahiyyətli şəxsin öz hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu subyektiv anla əlaqəli olduğunu, bu iki müxtəlif faktorun mövcudluğunun, habelə, onların heç də hər zaman üst-üstə düşməsinin iddia müddətinin başlanğıcının təyin olunmasına təsir göstərən mühüm amil olduğunu qeyd etmişdir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun 03 iyun 2013-cü il tarixli qərarı İddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllə Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6 və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Apellyasiya şikayətindən görünür ki, QSC "xxxx" KB Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2(060)-1425/2023 nömrəli qətnaməsini tam həcmdə mübahisələndirmişdir. Ona görə də kollegiya Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsinin tam həcmdə yoxlanılmasını vacib hesab edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarından görünür ki, 09 dekabr 2014-cü il tarixli, 1xx/xx/127523/14 saylı kredit müqaviləsinə əsasən cavabdehə 24 ay müddətinə illik 25 % ödəmək şərtilə 1443 manat kredit verilmişdir. İddiaçının iddia tələbi məhz qeyd olunan müqaviləyə istinadla irəli sürülmüş, birinci instansiya məhkəməsi isə həmin tələbi təmin etmədiyi zaman göstərilən müqavilədən yaranan tələblər üzrə iddia müddətinin keçmiş olmasına əsaslanmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi bu nəticə ilə razılaşır; belə ki, cavabdehlə bank arasında bağlanmış müqavilə üzrə öhdəliklərin icrası üçün nəzərdə tutulmuş müddət xx.xx.2016-cı il tarixdə bitmiş və iddia müddətinin axımı başlanmışdır. Hazırkı iş üzrə tərəflər arasında yaranmış münasibətlər müqavilədən irəli gələn öhdəlikəri ilə bağlı olduğundan, həmin mübahisələrə 3 illik iddia müddəti tətbiq edilir. Məhkəmə kollegiyası hesab edir ki, kredit müqaviləsi üzrə öhdəliklərlə bağlı QSC "xxxx" KB qanunla müəyyən edilmiş müddət ərzində məhkəməyə müraciət etmədiyindən və cavabdeh tərəf iddia müddətinin tətbiqi barədə ərizə ilə məhkəməyə müraciət etdiyindən birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 03 iyun 2013-cü il tarixli “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” Qərarında göstərilmişdir ki, kredit münasibətlərindən yaranan mübahisələrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 377.2-ci maddələrinin mənasına görə kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 384.0.4-cü maddəsində nəzərdə tutulan əşya hüquqlarının müdafiəsi ilə əlaqədar tələblərə iddia müddətinin şamil edilməməsi kredit müqavilələrindən yaranan münasibətlərə aid edilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, 09 dekabr 2014-cü il tarixdə bağlanmış müqavilə üzrə iddiaçı tərəfindən iddia müddətinin ötürüldüyünə dair birinci instansiya məhkəməsinin qənaəti Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan qərarında müəyyən olunmuş hüquqi mövqeyə görə əsaslıdır və həmin müqavilə üzrə iddia müddətinin axımı kredit müqaviləsinin müddətinin bitdiyi 09 dekabr 2016-cı il tarixdən hesablanmalıdır. Kollegiya həmçinin qeyd edir ki, həmin müqavilənin təşkil etdiyi tələblər üzrə iddia müddəti 09 dekabr 2019-cu il tarixdə bitmişdir, iddiaçı isə ilk dəfə ərizə ilə məhkəməyə xx.xx.2019-cu il tarixdə müraciət etdikdən və ərizə baxılmamış saxlandıqdan sonra xx.xx.2023-cü il tarixdə iddia qaldırdığından iddia müddəti ötürülmüş hesab olunmalıdır. İddiaçının apellyasiya şikayətinin xx.xx.2019-cu il tarixdə Sumqayıt Şəhər Məhkəməsinə müvafiq iddia tələbi ilə müraciət edilməsi, lakin Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(060)-9782/2019 saylı qərardadı ilə iddia ərizəsinin baxılmamış saxlanılmaslı ilə bağlı dəlilinə münasibətdə kollegiya qeyd edir ki, Mülki Məcəllənin 381.1-ci maddəsinə əsasən əgər iddia məhkəmə tərəfindən baxılmamış saxlanmışdırsa, iddia irəli sürülənədək başlanmış iddia müddətinin axımı ümumi qaydada davam edir. Qeyd olunmalıdır ki, iddia müddətləri mübahisələrin həlli baxımından mülki qanunvericiliyin mühüm əhəmiyyət daşıyan institutlarından biridir. Konstitusiya Məhkəməsinin Plenumu bir çox qərarlarında bu institutun əhəmiyyətinə toxunaraq qeyd etmişdir ki, mülki işin qanuna uyğun həlli baxımından qanunvericiliyin iddia müddətlərinə dair müddəalarının düzgün tətbiqi mühüm əhəmiyyətə malikdir. İddia müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, tərəflərlərin üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq, ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. İddia müddətinin məqsədi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra – Avropa Məhkəməsi) Stanyo Belçikaya qarşı iş üzrə 7 iyul 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Avropa Məhkəməsinin prinsipial hüquqi mövqeyi ondan ibarətdir ki, qanun, qanunverici normaların kifayət qədər dəqiq ifadə olunmasını, bu və ya digər hərəkətin hansı nəticələrə səbəb olacağını görməyə imkan verməsini tələb edən müəyyən olunmuş standarta cavab verməlidir (Avropa Məhkəməsinin Deryus Litvaya qarşı iş üzrə 31 iyul 2000-ci il tarixli qərarı və həmin Məhkəmənin Böyük Palatasının Baranovski və Braniovski Polşaya qarşı işlər üzrə 28 mart 2000-ci və 22 iyul 2004-cü il tarixli qərarları). Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas təşkil etmir. Beləliklə, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392-393 və 405.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: İddiaçı LPO "xxxx" KB QSC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2(060)-1425/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar