Məhkəmə qərarları › İş №2(105)-1272/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1272/2023

04.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1272/2023 04.07.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə QƏTNAMƏSİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Fuad Əli oğlu, hakimlər X3 və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Əliyev Rəşad Ayıl oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Quba Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(027)-636/2023 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. İddiaçı iddia ərizəsi ilə Quba Rayon Məhkəməsinə müraciət edərək, cavabdehə borc verdiyi 3000 (üç min) manat məbləğində pulun, hüquqi yardıma görə ödədiyi 100 (bir yüz) manat məbləğində pulun, həmçinin rüsum kimi ödədiyi 65 (altımış beş) manat məbləğində pulun və 1500 (bir min beş yüz) manat məbləğində zərərin Cavabdeh alınaraq, ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

Birinci instansiya məhkəməsindəki icraat

2. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 3 dekabr 2019-cu il tarixdə cavabdehin xahişi ilə ona 3000 manat borc pul vermişdir. O, həmin borcu 03 yanvar 2020ci il tarixə kimi qaytarmağına vəd etmişdir. Həmin borcun cavabdehə verilməsinə dair 3M- 935 reyestr nömrəli, 03 dekabr 2019-cu il tarixli kredit müqaviləsi tərtib edilmiş və X7 Xidmət Mərkəzində notariat ofisinin xüsusi notariusu X1 tərəfindən təsdiq edilmişdir. Cavabdeh ona borc verdiyi 3000 manat məbləğində pulu hazıra kimi qaytarmamışdır. Borc verdiyi pulun geri alınması üçün dəfələrlə cavabdehin evinə getmiş və dəfələrlə telefonla əlaqə saxlayaraq, pulunu tələb etsə də, bir nəticəsi olmamışdır. Cavabdeh müxtəlif bəhanələr gətirməklə onu aldatmış və hazıra kimi pulunu qaytarmamış və qaytarmağa cəhd belə etməmişdir. Ona görə də məhkəməyə müraciət etməli olmuşdur. Cavabdeh aldığı borcu vaxtında qaytarmamaqla ona xeyli maddi və mənəvi ziyan vurmuşdur. Belə ki, borcun geri alınması üçün dəfələrlə cavabdehin yaşadığı evin yerinin axtarılması, həmin evə gedib-gəlməsi üçün taksi xərcləri və başqa xərclər çəkməklə, zərər çəkmişdir. Bundan əlavə əgər cavabdehin ona borc verdiyi 3000 manat məbləğində pulu vaxtında qaytarsaydı, həmin pulu mülki dövriyyəyə buraxmaqla, 3 il ərzində 1500 manat da əlavə qazanc əldə edərdi. Odur ki, ona vurulmuş zərər cavabdeh tərəfindən ödənilməlidir. xx.xx.2022-ci il tarixdə borc tələbi ilə Quba Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişdir. Lakin pretenziya ərizəsini gecikdirməklə göndərdiyi üçün həmin iddiasının baxılmamış saxlanılmasına dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Lakin hazırda Cavabdeh vaxtında pretenziya ərizəsi göndərmiş və həmin pretenziyanın alınmasına dair xəbərnamə alandan sonra cavabdeh tərəfindən borcun qaytarılmasına dair heç bir təşəbbüs olmadığı üçün yenidən borc tələbinə dair məhkəməyə müraciət edir. Əvvəlki iddia ərizəsinə əlavə edilmiş bütün sənədlər (order, etibarnamə, qəbz və s.) Quba Rayon Məhkəməsində olduğu üçün nəzərə alınmasını xahiş edir.

3. İş üzrə Cavabdeh iddia müddətinin tətbiq edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, İddiaçı ona qarşı 3000 manat məbləğində pulun, hüquqi yardıma 100 manat pulun, həmçinin 65 manat dövlət rüsumunun və 1500 manat zərərin tutulması barədə iddiasının iddia müddəti keçdiyini nəzərə alaraq, iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. Quba Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(027)-636/2023 nömrəli qətnaməsi ilə (hakim Vüqar Seyidov) iddia qismən təmin edilmiş, Cavabdeh 3000 (üç min) manat məbləğində pul, hüquqi yardımın göstərilməsinə dair 100 manat və 65 manat ödənilmiş dövlət rüsumunun alınaraq İddiaçı ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.

5. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, İddiaçı ilə Cavabdeh arasında notarial qaydada təsdiq olunmuş xx.xx.2019-cu il tarixli kredit müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən İddiaçı Cavabdeh xx.xx.2020-ci il tarixinə qaytarmaq şərti ilə 3000 (üç min) manat məbləğində borc pul vermiş, İddiaçı tərəfindən borcun qaytarılmasının dəfələrlə tələb edilməsinə baxmayaraq cavabdeh borcunu qaytarmamış, qanuni əsas və müqavilə əsası olmadan İddiaçı hesabına əsassız varlanmaqla, İddiaçı 3000 (üç min) manat məbləğində məbləğində maddi ziyan vurmuşdur.

6. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 425.1, 425.2, 427.1, 427.2, 427.3, 442, 443.2, 445.1, 448.1, 448.2, 445.7, 739.1, 739.2, 740, 742.1, 743, 1091.1, 1091.2, 1092.1, 1093.1-ci maddələrinə istinad edərək əsaslandırmışdır.

7. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək, apellyasiya şikayətinin təmin edilməsini, qətnaməsinin ləğv edilməsini, iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iş materiallarından göründüyü kimi iddiaçı müqavilə müddəti xx.xx.2020-ci ildə bitmiş müqavilə üzrə xx.xx.2023-cü il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, bundan sonra o, iddia müddətinin tətbiq edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək iddianın rədd olunmasını xahiş etmişdir. Məhkəmə təqdim etdiyi ərizəyə münasibət bildirirək qeyd etmişdir ki, “Cavabdeh iddia müddətinin tətbiqi ərizəsinə münasibətdə məhkəmə hesab edir ki, iddiaçı tərəfindən qanunda nəzərdə tutulmuş 3 illik iddia müddəti ötürülməmiş, belə ki, İddiaçı Cavabdeh qarşı borc tələbinə dair xx.xx.2022-ci il tarixdə məhkəməyə müraciət etmiş, Quba Rayon Məhkəməsinin 2(027)-191/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadı ilə pretenziya verilməsi ilə bağlı iddia ərizəsi baxılmamış saxlanmışdır.” Məhkəmə iddia müddətinin hesablanmasını hazırki iş üzrə iddia ərizəsinin verilməsindən deyil, daha əvvəl qaldırılmış və baxılmamış saxlanılmış iddianın tarixindən hesablamışdır ki, bu da kobud maddi və prosessual pozuntu hesab edilməlidir. Belə ki, Quba Rayon Məhkəməsinin 2(027)- 191/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadı ilə işi baxılmamış saxlamış və izah olunmuşdur ki, ərizənin baxılmamış saxlanılması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət edə bilər. Hesab edir ki, qərardadın və qanunvericiliyin tələblərinə əsasən baxılmamış saxlanılmış mülki iş hazırda baxılan iş üzrə məhkəməyə müraciət tarixi hesab oluna bilməz. Bundan başqa qətnamədən məlum olmuşdur ki, iddiaçı baxılmamış saxlanılan iş üzrə istifadə edilmiş dövlət rüsumunu təkrarən iddia qaldırılan zaman istifadə etmişdir, halbuki Quba Rayon Məhkəməsinin 2(027)-191/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadında ödənilmiş dövlət rüsumunun geri qaytarılması nəzərdə tutulmamış, hətta geri qayatrılması nəzərdə tutulsaydı da, ödənilmiş vəsait geri qaytarılmalı və yenidən ödənilməli idi, yəni eyni qəbzin istifadə edilməsi mümkün deyildir. Göründüyü kimi məhkəmə dövlət rüsumu ödənilməmiş işi icraata götürərək baxmaqla qanunvericiliyin tələblərini bir daha pozmuşdur.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

9. İddiaçı apellyasiya şikayətinə qarşı etiraz təqdim edərək göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə məhkəməyə müraciət edərək müqavilə üzrə cavabdehdən 3000 manat pulun tutulmasını xahiş etmiş, məhkəmənin hazırlıq iclasında ona məlum olmuşdur ki, xx.xx.2022-ci il tarixdə cavabdehə göndərdiyi pretenziya məktubunu cavabdeh almamışdır. Məhkəmə iclasında xahiş etmişdir ki, iddia ərizəsi geri qaytarılsın və yenidən cavabdehə pretenziya məktubu ünvanlasın. xx.xx.2023-cü il tarixdə təkrar pretenziya məktubu yazmışdır. Həmin məktubun cavabdehə çatması barədə məlumat alan kimi xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət etmişdir. Bu səbbədən iddianın verilməsi müddəti xx.xx.2022-ci il tarixdən hesablanmalıdır. Qanunvericiliyin tələbinə görə xx.xx.2022-ci il tarixli iddia ərizəs məhkəməyə daxil olduqdan sonra cavabdeh iddiaya qarşı etiraz verməmiş, iddianı etiraf edilməsinə dair müəyyən hərəkətlər etdiyindən iddia müddətinin axımı kəsilmişdir. Odur ki, apellyasiya şikayətinin təmin edilməməsi, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

10. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək, apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi.

11. Məhkəmə iclasının yeri və vaxtı barədə Cavabdeh məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

12. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

Maddə 739. Borc müqaviləsi 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər.

Maddə 740. Borc müqaviləsinin forması 740.1. Borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. 740.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır.

Maddə 385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

Maddə 442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

13. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarı “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur”. Məhkəmə göstərilən qanunvericilik normalarını əsas tutaraq qeyd edir ki, qanunda zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş olduğu hüquqlarının bərpa edilməsi üçün çəkdiyi və ya çəkməli olduğu xərclərin real olması və bununla əlaqədar əldən çıxmış faydanın ödənilməsi nəzərdə tutulmuşdur.

14. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. (...)

Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (..)

Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

Maddə 372. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri (...) 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

Maddə 384. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyətləri 384.0. Apellyasiya instansiyası məhkəməsi: (...). 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər (...)

Maddə 402. Kassasiya şikayəti vermə hüququ 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. (...)

Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri

15. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

16. Məhkəmə kollegiyası məruzəçi-hakimi dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

17. İş materiallarında olan notarial qaydada təsdiq olunmuş xx.xx.2019-cu il tarixli kredit müqaviləsindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında 3000 (üç min) manat məbləğində pulun kredit verilməsi barədə müqavilə bağlanmış və Quba regional “ASAN xidmət” mərkəzində notariat ofisində təsdiq edilmişdir. Həmin müqavilə əsasında İddiaçı Cavabdeh xx.xx.2020-ci il tarixinə qaytarmaq şərti ilə 3000 (üç min) manat məbləğində borc pul vermişdir.

18. İş materiallarında olan xx.xx.2023-cü il tarixli pretenziya məktubundan görünür ki, X2 tərəfindən cavabdehə borcun ödənilməsi təklif olunmuş, əks halda müqavilə üzrə əmələ gəlmiş xərclərin ondan məcburi qaydada alınaraq ona qaytarılması tələbi ilə məhkəmyə müraciət ediləcəyi barədə xəbərdarlıq olunmuşdur.

19. İş materiallarında olan xx.xx.2022-ci il tarixli qəbzdən görünür ki, hazırki iddianın qaldırılması ilə bağlı iddiaçı tərəfindən 65 manat məbləğdə dövlət rüsumu ödənilmişdir.

20. İş materiallarından həmçinin görünür ki, iddiaçı ilə onun vəkili arasında hüquqi yardımın göstərilməsi haqqında müqavilə bağlanmış və iddiaçı tərəfindən vəkilə xx.xx.2022-ci il tarixli mədaxil qəbzi ilə 100 manat pul ödənilməsi göstərilmişdir.

21. İş materiallarına əlavə olunmuş Quba Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(027)-191/2023 saylı qərardadından görünür ki, İddiaçı Cavabdeh qarşı borc tələbinə dair mülki iş üzrə iddia ərizəsi baxılmamış saxlanmışdır.

22. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, tərəflər arasında notarial qaydada təsdiq olunmuş xx.xx.2019-cu il tarixli kredit müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən iddiaçı cavabdehə xx.xx.2020-ci il tarixinə qaytarmaq şərti ilə 3000 (üç min) manat məbləğində borc pul vermiş, borcun qaytarılmasının dəfələrlə tələb edilməsinə baxmayaraq cavabdeh borcunu qaytarmamış, qanuni əsas və müqavilə əsası olmadan İddiaçı hesabına əsassız varlanmaqla, İddiaçı 3000 (üç min) manat məbləğində maddi ziyan vurmuşdur.

23. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, tərəflər arasında bağlanmış müqaviləyə əsasən iddiaçının cavabdehə 3000 manat verməsi təsdiq edilmiş, cavabdehin həmin məbləği geri qaytarması isə təsdiqini tapmamışdır. Hətta cavabdeh birinci instansiya məhkəməsində verdiyi ərizədə iddiaçıdan borc almasını təsdiq etsə də, həmin borcu qaytarmasına dair hər hansı xüsusatı qeyd etməmiş, yalnız iddia müddətinin tətbiq edilməsi əsası ilə iddianın təmin edilməməsini xahiş etmişdir.

24. Bununla da cavabdeh iddiaçıdan borc pul almasını və həmin borcu qaytarmamasını təsdiq etmişdir. Belə olan halda iddiaçı cavabdehdən verdiyi pul məbləğini tələb etməkdə haqlı olmuşdur.

25. Məhkəmə kollegiyası iddia müddətinin keçməsinə dair cavabdehin dəlilinə qiymət verərək qeyd edir ki, iş materialları ilə müəyyən edilir ki, tərəflər arasında bağlanmış müqaviləyə əsasən cavabdeh aldığı borcu xx.xx.2020-ci il tarixədək qaytarmalı olduğundan iddiaçı qanunvericilikdə nəzərdə tutulmuş 3 illik müddəti ərzində, xx.xx.2023dək məhkəməyə müraciət etməlidir.

26. İş materiallarından görünür ki, iddiaçı cavabdehə qarşı eyni iddia ilə xx.xx.2022-ci il tarixdə məhkəməyə müraciət etmiş, işə baxılarkən iddiaçı pretenziya verilməsi ilə əlaqədar iddia ərizəsinin baxılmamış saxlanılmasını xahiş etmiş, məhkəmənin xx.xx.2023cü il tarixli qərardadı ilə iddia ərizəsi baxılmamış saxlanmışdır.

27. Bundan sonra iddiaçı qeyd edilən nöqsanın aradan qaldırılması üçün xx.xx.2023cü il tarixdə cavabdehə pretenziya məktubu ünvanlamış, məktub xx.xx.2023-ü il tarixdə xəbərnaməyə imza edilməklə cavabdeh tərəfindən qəbul edilmiş, həmin xəbərnamə iddiaçıya xx.xx.2023-cü il tarixdə təqdim edilmiş, hazırki iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə poçt vasitəsi ilə məhkəməyə göndərilmişdir.

28. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 380.1-ci maddəsinə görə müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir.

29. Bununla da müəyyən edilir ki, iddiaçının iddia ərizəsi ilə məhkəməyə müraciət etməsi üçün qanunvericiliklə müəyyən edilmiş müddətin axımı iddiaçının xx.xx.2022-ci il tarixdə məhkəməyə müraciət etməklə kəsilmiş, bundan sonra iddia ərizəsində olan nöqsana görə iddiaçının ərizəsi əsasında ərizə baxılmamış saxlanılmış, həmin nöqsan aradan qaldırılaraq yenidən məhkəməyə müraciət etdiyindən iddiaçının məhkəməyə müraciət etməsi üçün müddət keçməmişdir.

30. Məhkəmə kollegiyası iddia tələbinin hüquqi yardımın göstərilməsinə dair 100 manat və 65 manat ödənilmiş dövlət rüsumunun cavadbehdən tutulmasına dair məhkəmənin gəldiyi nəticəni MPM-in 115, 119,121-ci maddələrinə görə əsaslı hesab edir.

31. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayətinin dəlilləri yuxarıda sadalananlara əsasən əsassız hesab edildiyindən formal mülahizələr kimi qiymətləndirilməli və şikayət təmin edilməməlidir.

32. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, hazırki işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün Mülki Prosessual Məcəllənin 385.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyil.

33. Göstərilən halları nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarına düzgün istinad etmişdir ki, bu da Azərbaycan Respublikası MPM-in 384.0.1-ci maddəsinə görə məhkəmə qətnaməsinin apellyasiya qaydasından baxıldıqda dəyişdirmədən, apellyasiya şikayətini təmin etmədən saxlanması üçün əsasdır.

34. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

Apellyasiya şikayəti təmin edilməsin. Quba Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(027)-636/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə çıxarıldığı andan qanuni qüvvəyə minir. Qətnamədən kasasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar