Məhkəmə qərarları › İş №2(105)-1277/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1277/2025

26.11.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1277/2025 26.11.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının İddiaçı Cavabdeh qarşı “mənzilə çəkilmiş xərclərə görə pul” tələbinə dair ilk, iddiaçı Cavabdeh, cavabdeh İddiaçı qarşı “pul” tələbinə dair qarşılıqlı iddia ərizəsinə dair iş üzrə QƏTNAMƏSİ Sədrlik edən və məruzəçi hakim Dəmirov İlqar Kamal oğlu, hakimlər Məmmədov Zahid Tahir oğlu və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi Quliyev Həsən Sahib oğlunun katibliyi, İddiaçı, Cavabdeh nümayəndəsi Vəkil2, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X4 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “mənzilə çəkilmiş xərclərə görə pul” tələbinə dair ilk, iddiaçı Cavabdeh, cavabdeh İddiaçı qarşı “pul” tələbinə dair qarşılıqlı iddia ərizəsinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 18 mart 2025-ci il tarixli, e-2(060)-192/2025 nömrəli qətnaməsindən ilk iddia üzrə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti əsasında işə Sumqayıt Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ İşin halları

1. İddiaçı məxsus olan Azərbaycan Beynəlxalq Bankı tərəfindən verilmiş hesabdan çıxarışdan görünür ki, hesab xx.xx.2021-ci il tarixdə açılmış və xx.xx.2024-cü il tarixdə bağlanmışdır. xx.xx.2021-ci ildə, xx.xx.2021-ci ildə, xx.xx.2021-ci ildə, xx.xx.2022-ci ildə, xx.xx.2022-ci ildə, xx.xx.2022-ci ildə, xx.xx.2022-ci ildə, xx.xx.2022-ci ildə, xx.xx.2022-ci ildə, xx.xx.2022-ci ildə, xx.xx.2022-ci ildə, xx.xx.2020-ci ildə, xx.xx.2022-ci ildə, xx.xx.2022-ci ildə, xx.xx.2022-ci ildə, xx.xx.2023-cü ildə, xx.xx.2023-cü ildə, xx.xx.2023-cü ildə, xx.xx.2023-cü ildə, xx.xx.2023-cü ildə ipoteka ödənişi üçün müvafiq olaraq 502.99, 7.93 və 55.86 manat məbləğlərində ödəniş olunmuşdur.

2. Bank Respublika tərəfindən verilmiş hesab üzrə çıxarışdan görünür ki, X5 debet dövriyyəsi 13100.18 manat, kredit dövriyyəsi, 13101 manat, çıxış qalıq isə 0.82 manat olmuşdur.

3. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışın surətindən görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri, Bakı-Sumqayıt şossesi, 7-ci km, “ünvan 1 ünvanında yerləşən mənzil xüsusi mülkiyyət hüququ əsasında Cavabdeh adına tam payda ********** qeydiyyat nömrəsi ilə xx.xx.2021ci il tarixdə rəsmiləşdirilmişdir.

4. Azərbaycan Beynəlxalq Bankı tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli qəbzlərdən görünür ki, Cavabdeh 22400 manat ipoteka üçün ilkin ödəniş və 238 manat xidmət haqqı ödəmişdir.

5. “X14” MMC tərəfindən verilmiş 3824 nömrəli, 17 yanvar 2024-cü il tarixli arayışdan görünür ki, "xxxx" ASC-nin inşa etdiyi Abşeron rayonu, Xırdalan şəhəri, Sumqayıt şossesi, 7-ci km ünvanda yerləşən ünvan 3 ünvanı, əvvəlki müqaviləyə əsasən bina 2, blok 11, mənzil 13 ünvanı ilə eynidir.

6. "xxxx" MMC tərəfindən verilmiş 28 oktyabr 2024-cü il tarixli, M 10-026/24 nömrəli hesabatdan görünür ki, 2022-ci il avqust – 2023-cü il dekabr tarixinə orta aylıq kirayə dəyəri 500 manat təşkil etmişdir.

7. İş materiallarında olan "xxxx" MMC-nin xx.xx.2025-ci il tarixli № 07 saylı hesabatından görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri, Sumqayıt şossesi, 7-ci km ünvanda yerləşən Abşeron Gənclər Şəhərciyi yaşayış kompleksində invertarizasiyadan sonra ev 2, 207 saylı mənzilin real bazar qiyməti 10800 manat, Abşeron rayonu, Xırdalan şəhəri, Sumqayıt şossesi, 7-ci km ünvanda yerləşən Abşeron Gənclər Şəhərciyi yaşayış kompleksində invertarizasiyadan sonra ev 2, 207 saylı mənzilin likvid dəyəri 98000 manat, Abşeron rayonu, Xırdalan şəhəri, Sumqayıt şossesi, 7-ci km ünvanda yerləşən Abşeron Gənclər Şəhərciyi yaşayış kompleksində invertarizasiyadan sonra ev 2, 207 saylı mənzilə oxşar şəraitli (yerləşdiyi yer, otaqların sayı, mərtəbəsi, təmiri və s hallar nəzərə alınmaqla) mənzillərin aylıq kirayə haqqı 500 manat təşkil etmişdir.

8. “X14” MMC tərəfindən verilmiş 4233 nömrəli, 07 mart 2025-ci il tarixli arayışdan görünür ki, "xxxx" ASC-nin inşa etdiyi Abşeron rayonu, Xırdalan şəhəri, Sumqayıt şossesi, 7-ci km ünvanda yerləşən ünvan 3 ünvanı 18 avqust 2021-ci ildə Cavabdeh tərəfindən alınmış, ona məxsusdur və MTK-nın qeydiyyatındadır. Kommunal ödənişlər Cavabdeh tərəfindən ödənilmişdir.

Birinci instansiya məhkəməsində icraat

9. İlk iddia üzrə İddiaçı ilk iddia üzrə Cavabdeh qarşı “mənzilə çəkilmiş xərclərə görə pul” tələbinə dair ilk iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, məhkəmədən Cavabdeh ünvan 4 ünvanında yerləşən mənzilin alınmasına ödənilmiş ilkin ödəniş 20 400 (iyirmi min dörd yüz) manat, kredit ödənişi 15 271,34 (on beş min iki yüz yetmiş bir manat otuz dörd qəpik) (566,78*23=13035,94 558,85*4=2235,40 13035,94+2235,40=15 271,34) manat, ödənilmiş dövlət rüsumu 198 manat, ümumilikdə 35 869,34 (otuz beç min səkkiz yüz altmış doqquz manat otuz dörd qəpik) manat məbləğində pulun alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

10. İlk iddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh qızı X6 ilə 11 iyun 2022-ci il tarixdə Səadət sarayında (Bakı nikah evi) 778 №li akt qeydi ilə rəsmiləşdirilmiş nikaha daxil olmuşdur. İddiaçı 2021-ci il avqust ayının əvvəli cavabdehin qızı ilə nişanlandıqdan sonra ev almağı planlaşdırırdı. O, bir çox mənzillərə baxdıqdan sonra Xırdalan şəhəri, ünvan 5 ünvanında yerləşən 2 otaqlı mənzili bəyənib ev sahibi ilə behləşmişdir. Mənzilin dəyəri 68 000 (altmış səkkiz min) manat təşkil edirdi, lakin iddiaçının əlində olan pul həm toy etmək, həm də ev almaq üçün kifayət etmirdi. Bu səbəbdən evi ipoteka yolu ilə almaq məcburiyyətində qalmışdır. İddiaçının müraciət etdiyi banklar mənzili ipoteka yolu ilə almaq üçün onun məvacibinin uyğun olmadığını bildirdilər. Belə olduğu halda iddiaçı evi atası və ya qardaşının adına rəsmiləşdirmək istəyi ilə banka yenidən müraciət etmiş, lakin bank ata və qardaşının da aldıqları məvacibin yetərli olmadığından imtina etmişdir. İddiaçının qaynatası Cavabdeh bunu biləndə onun aldığı məvacibin yüksək olduğunu və mənzili onun adına ala biləcəyini iddiaçıya bildirmişdir. İddiaçı biraz fikirləşib razı olmuşdur. Bu cür razılaşmaya səbəb isə iddiaçı ilə cavabdehin həm bir kəndçi olmaları, həm də qohumluq münasibətlərindən irəli gələn inam olmuşdur. Bundan başqa cavabdehlə aralarında olan şifahi razılaşmaya əsasən, kredit borcu tam ödənildikdən sonra o, mənzili iddiaçının adına rəsmiləşdirəcəkdir. Kreditin məbləği və şərtləri iddiaçı ilə razılaşdırıldıqdan sonra mənzilin dəyərinin (68 000 manat) 30%-i təşkil edən 20 400 manat məbləğində pul iddiaçı tərəfindən ABB-nın kassasına ödənilmiş, iddiaçının imzası ilə təsdiqlənmiş və bununla da alqı-satqı müqaviləsi formal olaraq etibar etdiyi qayınatası Cavabdeh adına rəsmiləşdirilmişdir. İddiaçı mənzili aldıqdan sonra öz vəsaiti hesabına əsaslı təmir etdirmiş, çatışmayan bəzi əşyaları almış və hələ nikaha daxil olmamışdan həmin mənzilə köçüb orada yaşamağa başlamışdır. 11 iyun 2022-ci il tarixdə keçirilmiş toy mərasimindən sonra cavabdehin qızı X6 da həmin mənzilə köçmüşdür. Evliliklərinin ilk vaxtlarında İddiaçıla Cəfərova Səmayə arasında normal ailə münasibətləri olsa da, İddiaçı bir müddət sonra onun xasiyyətində ciddi dəyişikliklər müşahidə etməyə başlamışdır. Bu dəyişiklik münasibətlərinin gərginləşməsinə, səbəbsiz söz-söhbətlərə və dava-dalaşa gətirib çıxarmışdır. Bu gərgin ər-arvad münasibəti səbəbindən 2023-cü il dekabr ayında iddiaçı yaşadığı və özünə məxsus mənzilini tərk etmək məcburiyyətində qalmışdır. Bir müddət sonra ailə münasibətlərinin bərpa olması, ər-arvad kimi birgə yaşamaları və ailənin mövcudluğunu qoruyub saxlamaq qeyri-mümkün olduğundan hər ikisinin razılığı ilə 07 aprel 2024-cü il tarixdə nikahları 7 saylı “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsində rəsmi olaraq pozulmuşdur. Bildirmək istəyir ki, evin bütün kredit və kommunal xərcləri alındığı gündən 2023-cü il dekabr ayınadək (dekabr ayı daxil) iddiaçı tərəfindən ödənilmişdir. Hazırda mübahisəli mənzil faktiki olaraq cavabdeh və qızının istifadə və sahibliyindədir. Bu da həm müvafiq sənədlərlə, həm də şahid ifadələri ilə öz təsdiqini tapır. Həmçinin, mübahisəli əmlakın alqı-satqısı zamanı ödənişlər də iddiaçı tərəfindən ödənilmiş, qəbzlər də iddiaçı tərəfindən imzalanmışdır. Bu da ABB-ya ödənilən 30%, yəni 20 400 (iyirmi min dörd yüz) manat ilkin ödəniş qəbzində öz əksini tapır. Qeyd etdikləri bütün xüsusatların öz əksini tapması üçün iddiaçı tərəfin kifayət qədər ümumi tanışları olan, mötəbər şahidləri vardır. Həmin şahidlər məhkəmədə həqiqətən də sözügedən evin iddiaçıya məxsus olduğunu, sadəcə formal olaraq cavabdehin adına rəsmiləşdirildiyini təsdiq edə bilərlər. Ümumiyyətlə, cavabdeh əmlakın alınmasında, təmirində, kredit ödənişində iştirak etməmişdir. Hesab edirlər ki, əgər Cavabdeh iddiaçının formal olaraq onun adına rəsmiləşdirdiyi əmlakına onun etibarından sui-istifadə edərək sahiblənmək niyyətindədirsə, o halda onun həmin mənzilə görə ödədiyi ilkin ödənişi, kredit ödənişlərini və mənzilin təmir işlərinə çəkdiyi xərcləri geri qaytarmalıdır.

11. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabden İddiaçı qarşı “pul” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, məhkəmədən ilk iddia tələbinin rədd edilməsi və qarşılıqlı iddia tələbnin təmin edilərək qarşılıqlı iddia tələbi üzrə cavabdeh X7 4000 azn və ödənilmiş dövlət rüsumuna görə 60 manat pulun qarşılıqlı iddia tələbi üzrə iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 12.Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, hazırkı mülki iş üzrə iddiaçı Cavabdeh ünvan 6 ünvanında yerləşən mənzilin alınmasına ödənilmiş ilkin ödəniş 20 400 (iyirmi min dörd yüz) manat, kredit ödənişi 15 271,34 (on beş min iki yüz yetmiş bir manat otuz dörd qəpik) (566,78*23=13035,94 558,85*4=2235,40 13035,94+2235,40=15 271,34) manat, ödənilmiş dövlət rüsumu 198 manat, ümumilikdə 35 869,34 (otuz beç min səkkiz yüz altmış doqquz manat otuz dörd qəpik) manat məbləğində pulun alınaraq ona verilməsinə dair iddia ərizəsi ilə Sumqayıt şəhər məhkəməsinə müraciət etmişdir. Qeyd olunan iddia tələbini qəbul etmir. Hesab edir ki, həmin iddia tələbi əsassız olduğundan rədd edilməli, qarşılıqlı iddia tələbi təmin edilməlidir. Belə ki, iddia ərizəsində qeyd olunanların heç bir hüquqi əsası və sübutu yoxur. Buna görə də, həmin iddia ərizəsi təmin edilə bilməz. İddia ərizəsində qeyd olunan mənzil cavabdehin xüsusi mülkiyyətindədir və həmin mənzilin alınması ilə bağlı tərtib edilmiş müqavilələr cavabdehin həqiqi iradə ifadəsi əsasında onun özü tərəfindən imzalanmış, habelə mənzilə görə ödənilmiş ilkin ödəniş və digər ödənişlər cavabdehin özü tərəfində həyata keçirilmişdir. İddiaçının iddia tələbində göstərilən guya iddiaçının və yaxın qohumlarının aylıq rəsmi qazancının ipoteka və kredit müaqavilələrinin bağlanmasına imkan verdmədiyinə görə formal olaraq həmin müqavilələrin cavabdehin təklifi ilə sonuncunun adından bağlanması ağıla batan deyildir və bununla bağlı hər hansı mötəbər sübuta rast gəlinmir. İddiaçının qeyd olunan kredit və ipoteka müqavilələrinin bağalanması üçün kifayət qədər aylıq rəsmi gəlirləri olmuş və onun qeyd olunanlarla bağlı dəlilləri əsassızdır. İddiaçı rəsmi olaraq dövlət işində həkim vəzifəsində çalışmışdır. İlkin iddia tələbi üzrə iddiaçının dedikləri yalandan başqa bir şey deyildir. Əgər onun mənzil almaq istəyi olsa idi, öz vəsait hesabına öz adına mənzil ala bilərdi. İddiaçı cavabdehin qızı ilə boşanması səbəbindən qərəzli olaraq hazırkı əsassız iddia tələbi ilə cavabdehi süründürmək üçün məhkəməyə vermişdir. Əslində iddiaçının cavabdehin qızı ilə ayrılmasına səbəb iddiaçının səhətində yaranmış problemlər və həmin problemlər səbəbindən cavabdehin qızı ilə ər-arvad münasibətində ola bilməməsi səbəbindən onların nikahları pozulmuş, habelə onların ailə münasibətlərinin pozulmasına səbəb onun sağlamlığında yaranmış problemlər üzündən iddiaçının kişi cinsindən olan insanlara çox diqqət çəkməsi və öz həyat yoldaşından uzaqlaşmasına və son nəticə etibarı ilə onların təzə qurulmuş ailələrinin dağılmasına səbəb olmuşdur. Əslində iddiaçının ailə münasibətlərinin pozulması ilə bağlı iddia ərizəsində göstərdiyi dəlillərin heç bir əsası yoxdur. Buna görə də iddiaçı keçmiş həyat yoldaşına qarşı hayıf çıxmaq məqsədi ilə sonuncunun atası iş üzrə cavabdehə qarşı hazırkı əsassız pul tələbi irəli sürülmüşdür. Bu günki gündə iddiaçı cavabdehə 4000 manat məbləğində pul verməlidir. Belə ki, iddiaçı cavabdehin qızı ilə birgə nikah dövründə öz adına Hundai Sonata markalı, **-EG-*** dövlət qeydiyyat nişanlı avtomobil alarkən pul çatmadığı üçün ilk iddia tələbi üzrə iddiaçıdan 4000 manat məbləğində geri qaytarmaq şərt ilə pul almış, lakin hazıradək həmin pul vəsaitini geri qaytarmamışdır.

13. Sumqayıt Şəhər Məhkəməsinin 18 mart 2025-ci il tarixli, e-2(060)-192/2025 nömrəli qətnaməsi ilə İddiaçı ilk iddia üzrə Cavabdeh qarşı “mənzilə çəkilmiş xərclərə görə pul” tələbinə dair ilk iddia tələbinin təmin edilməməsi, ödənilmiş dövlət rüsumunun İddiaçı özünə aid edilməsi, iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı “pul” tələbinə dair qarşılıqlı iddia tələbinin təmin edilməməsi, ödənilmiş dövlət rüsumunun Cavabdeh özünə aid edilməsi qət edilmişdir (hakim Aynur Behbudova).

14. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh qızı X3 arasında 11 iyun 2022-ci il tarixdə 778 akt qeydi ilə nikah bağlanmış və hər iki tərəfin razılığı ilə 07 aprel 2024-cü il tarixdə nikah 7 saylı “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsində rəsmi olaraq pozulmuşdur. Məhkəmə tərəfindən həmçinin müəyyən edilmişdir ki, Abşeron rayonu, Xırdalan şəhəri, Bakı- Sumqayıt şossesi, 7-ci km, “ünvan 1 ünvanında yerləşən mənzil xüsusi mülkiyyət hüququ əsasında Cavabdeh adına tam payda xx.xx.2021-ci il tarixdə rəsmiləşdirilmişdir. Azərbaycan Beynəlxalq Bankı tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli qəbzlərə əsasən müəyyən edilir ki, Cavabdeh 22400 manat ipoteka üçün ilkin ödəniş və 238 manat xidmət haqqı ödəmişdir. İddiaçı iddia edir ki, 2021-ci il avqust ayının əvvəli cavabdehin qızı ilə nişanlandıqdan sonra ev almağı planlaşdırmışdır. Xırdalan şəhəri, ünvan 5 ünvanında yerləşən 2 otaqlı mənzili bəyənib ev sahibi ilə behləşmişdir. Mənzilin dəyəri 68 000 (altmış səkkiz min) manat təşkil etmiş, lakin iddiaçının əlində olan pul həm toy etmək, həm də ev almaq üçün kifayət etməmişdir. Bu səbəbdən evi ipoteka yolu ilə almaq məcburiyyətində qalmışdır. İddiaçının müraciət etdiyi banklar mənzili ipoteka yolu ilə almaq üçün onun məvacibinin uyğun olmadığını bildirdilər. Belə olduğu halda iddiaçı evi atası və ya qardaşının adına rəsmiləşdirmək istəyi ilə banka yenidən müraciət etmiş, lakin bank ata və qardaşının da aldıqları məvacibin yetərli olmadığından imtina etmişdir. İddiaçının qaynatası Cavabdeh bunu biləndə onun aldığı məvacibin yüksək olduğunu və mənzili onun adına ala biləcəyini iddiaçıya bildirmişdir. İddiaçı biraz fikirləşib razı olmuşdur. Bu cür razılaşmaya səbəb isə iddiaçı ilə cavabdehin həm bir kəndçi olmaları, həm də qohumluq münasibətlərindən irəli gələn inam olmuşdur. Bundan başqa cavabdehlə aralarında olan şifahi razılaşmaya əsasən kredit borcu tam ödənildikdən sonra o, mənzili iddiaçının adına rəsmiləşdirəcəkdir. Kreditin məbləği və şərtləri iddiaçı ilə razılaşdırıldıqdan sonra mənzilin dəyərinin (68 000 manat) 30%-i təşkil edən 20.400 manat məbləğində pul iddiaçı tərəfindən ABB-nin kassasına ödənilmiş, iddiaçının imzası ilə təsdiqlənmiş və bununla da alqı-satqı müqaviləsi formal olaraq etibar etdiyi qayınatası Cavabdeh adına rəsmiləşdirilmişdir. İddiaçı mənzili aldıqdan sonra öz vəsaiti hesabına əsaslı təmir etdirmiş, çatışmayan bəzi əşyaları almış və hələ nikaha daxil olmamışdan həmin mənzilə köçüb orada yaşamağa başlamışdır. İlk iddia üzrə iddiaçı məhkəmədən Cavabdeh ünvan 4 ünvanında yerləşən mənzilin alınmasına ödənilmiş ilkin ödəniş 20.400 (iyirmi min dörd yüz) manat, kredit ödənişi 15.271,34 (on beş min iki yüz yetmiş bir manat otuz dörd qəpik) (566,78*23=13035,94 558,85*4=2235,40 13035,94+2235,40=15 271,34) manat, ödənilmiş dövlət rüsumu 198 manat, ümumilikdə 35.869,34 (otuz beç min səkkiz yüz altmış doqquz manat otuz dörd qəpik) manat məbləğində pulun alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Göründüyü kimi, tərəflər arasındakı mübahisənin həlli sözügedən mənzilin birgə nikah dövründə əldə olunmuş əmlak sayılıb-sayılmaması, ümumi əmlakın bölgüsü dedikdə ər-arvadın hansı hüquq və öhdəliklərinin bölünməsinin nəzərdə tutulduğu, eləcə də nikah dövründə qazanılmış əmlak hesabına icra edilmiş öhdəliklərlə bağlı tələblər irəli sürülməsinin mümkünlüyü məsələlərinə veriləcək hüquqi qiymətdən asılıdır və bu səbəblə də işin faktiki hallarının İddiaçı iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğunluğu yoxlanılmalıldır. Abşeron rayonu, Xırdalan şəhəri, Sumqayıt şossesi, 7-ci km ünvanda yerləşən Abşeron Gənclər Şəhərciyi yaşayış kompleksində invertarizasiyadan sonra ev 2, 207 nömrəli mənzilin İddiaçıla Sərmayə Cəfərovanın nikahda olduqları müddətdən əvvəl əldə edildiyi işin müəyyən olunmuş halıdır. Kirayə ödənişi ilə bağlı tərəflərin ilkin və qarşlıqlı iddia tələbləri üzrə iddia tələbinə dair mülahizələrini məhkəmə əsaslı hesab etməmiş və qeyd etmişdir ki, əmlak anlayışı bir əşyanı və ya maddi dəyəri olan konkret bir subyektiv hüququ deyil, bir şəxsə mənsub maddi dəyəri olan bütün subyektiv hüquqların və öhdəliklərin cəmini, yəni şəxsin bütöv iqtisadi vəziyyətini ifadə edir. Bu mənada, şəxsə (hüquqi və ya fiziki şəxsə) mənsub maddi dəyərə malik olan bütün haqlar (hüquqlar) əmlakın aktiv qisminə, iqtisadi mahiyyət kəsb edən öhdəliklər isə onun (əmlakın) passiv qisminə aid olunur. Mülki Məcəllənin 157.1-ci maddəsinə əsasən, əşya üzərində mülkiyyət hüququ qanunla müəyyən edilmiş əsaslar üzrə əldə edilir və bu hüququ təsdiq edən əsas sənəd daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdır. Mübahisəli mənzil xx.xx.2021-ci il tarixdə Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən Cavabdeh adına xüsusi mülkiyyət hüququ ilə qeydiyyata alınmışdır. İlk iddia üzrə iddiaçı mənzilin alınmasında maliyyə iştirakının olduğunu iddia etmiş, lakin bunun hüquqi əsasını sübut edəcək alqı-satqı müqaviləsi, yazılı razılaşma, ya da digər əqdləri təqdim etməmişdir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz iddiasını və ya etirazını əsaslandıran halları sübuta yetirməlidir. İş üzrə təqdim olunmuş sübutlar qiymətləndirildikdə məlum olur ki, çıxarış və ödəniş qəbzləri ilk iddia üzrə Cavabdeh adınadır. Öhdəlik ya müqavilə, ya delikt, ya da qanunla müəyyən edilir. İddiaçı cavabdehin mənzili öz adına almaq barədə şifahi razılaşmasını müqavilə kimi təqdim etməmişdir. Qanunda yazılı müqavilə tələb olunan əqdlərdə şifahi razılaşma yolverilməzdir. Məhkəmə yalnız iş materiallarında təqdim olunmuş yazılı və digər sübutları nəzərdən keçirə bilər. Şifahi razılaşma və ya sözlər MPM üzrə yalnız əlavə sübutlarla təsdiq oluna bilər. İddiaçının əsaslandırmasında şifahi razılaşmanın mövcudluğunu göstərən videoyazı, yazışma və ya digər obyektiv sübutlar təqdim olunmadığından, məhkəmə ilkin iddia tələbini əsaslı saymır. Əgər yazılı müqavilə yoxdursa, iddiaçı bank qəbzləri, yazışmalar, ekspert rəyləri, tərəflərin izahatları əsasında ümumi əmlak iddiasını sübuta yetirməlidir. İddiaçıda bank qəbzləri olsa da, tərəflər arasında mənzilin formal olaraq cavabdehin adına rəsmiləşdirilməsi barədə yazılı sənəd yoxdur. Məhkəmə qeyd etmişdir ki, ilk iddia üzrə iddiaçının təqdim etdiyi yazılı əsasların çatışmazlığı səbəbindən iddianı sübuta yetirmək sadəcə hesabatı əhatə edən çıxarışa əsasən mümkün deyildir. Ona görə də məhkəmə qeyd olunanları ümumiləşdirib, belə nəticəyə gəlir ki, ilk iddia üzrə iddiaçı iddiasını təsdiq edən kifayət qədər sübutları məhkəməyə təqdim etməmiş və bu səbəbdən də iddiasını sübuta yetirə bilməmişdir. Məhkəmə qarşılıqlı iddia tələbi ilə bağlı da bildirir ki, eyni qaydada ilk iddia üzrə cavabdeh avtomobil alınarkən 4000 manat məbləğində pulu iddiaçıdan tələb edərkən, öz iddiasını sübuta yetirə bilməmişdir

15. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu, Mülki Məcəlləsinin 21.1, 21.2, 152, 225.4, 385.1, 675, 1091.1, 1091.2, 1092.1, 1093.1-ci maddələrinin, “Məhkəmə qətnaməsi haqqında” və Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenum qərarlarının tələbləri ilə əsaslandırmışdır.

Apellyasiya şikayətinin dəlilləri

16. Qətnamədən narazı qalan ilk iddia üzrə İddiaçı apellyasiya şikayəti verərək Sumqayıt Şəhər Məhkəməsinin 18 mart 2025-ci il tarixli, e-2(060)-192/2025 nömrəli qətnaməsinin ilk iddianın rədd edilməsi hissəsində ləğv edilməsi və ilk iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

17. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, evin ipoteka ödənişləri, eləcə də bütün kommunal xərcləri faktiki olaraq tam şəkildə iddiaçı tərəfindən ödənilmişdir və bu hal uzun müddət ərzində sabit və davamlı xarakter daşımaqla yanaşı, tərəflər arasında formalaşmış faktiki münasibətləri əks etdirir. Cavabdeh tərəfindən heç bir maliyyə öhdəliyinin yerinə yetirilməməsinə baxmayaraq, hazırda daşınmaz əmlakın “hüquqi mülkiyyətçisi” qismində çıxış edir. Bu hal Mülki Məcəllədə təsbit olunmuş ədalətlilik və vicdanlılıq prinsiplərinə zidd olmaqla yanaşı, maddi hüquq baxımından əsassız varlanma ilə nəticələnmişdir. Belə ki, cavabdeh heç bir faktiki töhfə vermədən əmlak sahibi statusunu qoruyur, bu isə iddiaçının haqq və mənafelərinin pozulması deməkdir. İddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş bank sənədləri - çeklər və ödəniş qəbzləri, illər ərzində mənzil üzrə bütün maliyyə öhdəliklərinin — ipoteka kreditinin ödənişi və kommunal xidmət haqlarının bilavasitə iddiaçı tərəfindən yerinə yetirildiyini aydın şəkildə təsdiq edir. Bu halda, cavabdehin daşınmaz əmlak üzərində mülkiyyət hüququna malik olması əmlakın faktiki maliyyə təminatını həyata keçirən şəxsə — yəni iddiaçıya ziddir. Belə hüquqi vəziyyətdə məhkəmə ya mənzilə dair iddiaçı tərəfindən çəkilmiş bütün xərcləri tam şəkildə cavabdeh tərəfindən geri ödənilməsini, ya da mənzil üzərində mülkiyyət hüququnun iddiaçının xeyrinə tanınmasını təmin etməli idi. Hazırkı iş üzrə iddiaçı tərəfindən bütün zəruri və mötəbər sübutlar tam şəkildə məhkəməyə təqdim edilməsinə baxmayaraq, məhkəmə təqdim olunmuş sübutlara hüquqi baxımdan lazımi qiyməti verməmiş, onların işin hallarına təsirini yetərincə nəzərə almamışdır. Nəticə etibarilə, işin faktiki və hüquqi əsasları düzgün qiymətləndirilmədən, iddiaçının tələbi əsassız olaraq rədd edilmişdir ki, bu da qanunvericiliyin tələblərinə və ədalətli məhkəmə araşdırması prinsipinə ziddir.

Apellyasiya şikayətinə etiraz

18. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

İşdə iştirak edən şəxslərin izahatları

19. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin dəlillərini müdafiə edərək apellyasiya şikayətinin təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdi.

20. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh nümayəndəsi Vəkil2 və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X8 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək apellyasiya şikayətinin təmin olunmamasını məhkəmə kollegiyasından xahiş etdilər.

Tətbiq edilən hüquq:

21. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə bocludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin; 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir; 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır; 1093.1-ci maddəsinə əsasən öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. 225.4-cü maddəsinə əsasən ər-arvaddan hər birinin əmlakı o halda onların birgə mülkiyyəti sayıla bilər ki, nikah dövründə ərlə arvadın ümumi əmlakı və ya ərin (arvadın) şəxsi əmlakı hesabına həmin əmlakın dəyərini əhəmiyyətli dərəcədə artıran vəsait qoyulduğu (əsaslı təmir, yenidənqurma, yeni avadanlıqla təchizetmə və i.a.) müəyyənləşdirilsin. Əgər nikah kontraktında və ya ərlə arvadın razılaşmasında ayrı qayda nəzərdə tutulubsa, bu qayda tətbiq edilmir. 675-ci maddəsinə əsasən əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür.

22. “Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 mart 2024-cü il tarixli, 1/2024 nömrəli plenum qərarının 5.5-ci bənində qeyd olunur ki, nəzərə alınmalıdır ki, hər hansı müqavilə üzrə sübutetmə şərti olaraq yazılı forma tələbi heç də həmin əqdin mütləq şəkildə "müqavilə” adlanan sənədlə rəsmiləşdirilməli olmasını deyil, belə əqd üzrə iddianın sübuta yetirilməsi, habelə bu əqddən irəli gələn nəticələrin tətbiqi tələbinin təmin edilməsi üçün həmin əqdin mövcudluğunun müxtəlif sənədlər, o cümlədən bank hesabına köçürməni əks etdirən bank sənədləri, yazışmalar və s. əyani sübutlarla, habelə tərəflərin izahatları əsasında işin mübahisəsiz halı kimi təsdiq edilməli olduğunu ehtiva edir. Qeyd olunan əyani sübutlar (yazılı sənədlər və s.) işin digər halları ilə birlikdə araşdırılaraq məsələyə hüquqi qiymət verilməlidir.

23. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenum qərarına əsasən qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin həmin faktlara tətbiq edilən hüquqdan irəli gələn qəti nəticəsi şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.

24. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32 və 36-cı maddələri baxımından həmin Məcəllənin 37.3-cü maddəsinin şərh edilməsinə dair” 23 iyul 2021-ci il tarixli Qərarında isə Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, “...Ümumi əmlakın bölünməsi dedikdə ər-arvadın nikah dövründə birgə ailə təsərrüfatı nəticəsində əldə etdikləri bütün hüquq və öhdəliklərin məcmusunun bölünməsi nəzərdə tutulur. Nəticə etibarilə ümumi əmlakın bölünməsi müddəası təkcə mülkiyyət payının bölünməsini deyil, iqtisadi dəyərə malik olan tələb hüquqlarının və yerinə yetirilməli olan öhdəliklərin bölünməsi hallarını da əhatə edir. ...Qanunverici mülki hüquqi bərabərlik prinsipindən çıxış edərək ümumi əmlakın bölünməsi zamanı bir qayda olaraq ər-arvadın ümumi əmlakdakı paylarının bərabər olduğunu təsbit etmişdir. Əmlak bölgüsü həyata keçirilərkən ər-arvadın ümumi öhdəlikləri də əsasən bərabər bölünür. Ailə Məcəlləsinin 37.2-ci maddəsi ilə müəyyən edilmiş əsaslar üzrə ər-arvadın mülkiyyət payları bərabər bölünmədiyi halda ümumi öhdəliklər də həmin Məcəllənin 37.3-cü maddəsinə uyğun olaraq hər birinin payına mütənasib olaraq bölünür. Lakin ər-arvad arasında ümumi öhdəliklərin bölgüsü kreditora münasibətdə hüquqi təsirə malik olmamaqla kreditor qarşısında onların birgə məsuliyyətini aradan qaldırmır. O da nəzərə alınmalıdır ki, ər-arvadın nikah dövründə qazandıqları əmlak hesabına icra edilmiş öhdəliklərlə bağlı tərəflərin bir-birinə qarşı tələbinin təmin edilməsi istisna edilir. Yəni ümumi öhdəliklərin məhz icra edilməmiş hissəsi üzrə borclar ümumi əmlakın bölgüsü halında ər-arvad arasında onların mülkiyyət paylarına uyğun olaraq bölünür”.

25. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 1.4-cü maddəsinə əsasən Azərbaycan Respublikasında nikah və ailə münasibətlərinin hüquqi baxımdan tənzimlənməsi dövlət tərəfindən həyata keçirilir və yalnız müvafiq icra hakimiyyəti orqanında bağlanmış nikah tanınır. 9.4-cü maddəsinin tələbinə görə ər-arvadın hüquq və vəzifələri müvafiq icra hakimiyyəti orqanı tərəfindən nikahın bağlanmasının dövlət qeydiyyatı günündən yaranır. 32.1-ci maddəsinə əsasən nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi mülkiyyəti sayılır. 32.2.2-ci maddəsinə əsasən ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və ya sair kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak ər-arvadın ümumi birgə mülkiyyətindədir.

26. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:

14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 47.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, prosessual qanunvericiliklə onlara verilmiş prosessual hüquqlardan vicdanla istifadə etməyə borcludurlar. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər. 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

27. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya şikayəti ilə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

28. Məhkəmə kollegiyası qeyd edir ki, hər hansı iddia tələbi üzrə ilk öncə tələbə uyğun gələn iddia tələbinin qanuni əsası tapılmalı və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olması yoxlanılmalıdır. Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər.

29. İşin hallarına əsasən də müəyyən edilir ki, iddiaçı öz iddia tələbini sübut edən dəlillərini məhkəməyə təqdim edə bilməmişdir.

30. Məhkəmə kollegiyası tərəfindən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmiş X8 da izahatında bildirmişdir ki, mənzil alınması üçün işlərin görülməsinə hələ o, Elnur ilə nişanlanmadan öncəki dövrdə başlanılıb. Bununla bağlı Asan imza alınıb və İpoteka və Kredit Zəmanət Fonduna rəsmi müraciət edilib. Daha sonra ilkin ödənişi və ipoteka kreditinin ilk aylar üzrə ödənişlərini atası etmişdir. Elnur onların uzaq qohumu olduğuna görə və atasında ona qarşı etibar yaranmasına görə onlar evlənmədən öncə Elnur mənzilə tək köçüb yaşamışdır. Etdiyi ödənişləri isə onlar kirayə haqqı olaraq razılaşmışlar.

31. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, iddiaçı mənzilin dəyərinin 30%-ni təşkil edən 20400 manatın məhz onun tərəfindən və onun imzası ilə Azərbaycan Beynəlxalq Bankının kassasına ödənilməsini qeyd etsə də, onun iddia tələbinin dəlili nəinki təkzib olunur, hətta iş materiallarına əsasən müəyyən olunur ki, ilkin ödəniş 20400 manat deyil, 22400 manat olmuş, həmin məbləğ isə tam şəkildə cavabdehin özü tərəfindən cavabdehin imzası ilə bankın kassasına ödənilmişdir. Bundan əlavə iddiaçı mənzildə yaşamaqla cavabdehin adına yaşadığı aylar üzrə 566 manat, bəzən isə 558 manat kredit ödənişlərini könüllü etməsi, həmin ödənişlərin əsassız varlanma kimi cavabdehdən alınaraq iddiaçıya qaytarılması üçün hüquqi əsas yaratmır.

32. Yuxarıda qeyd olunanlardan göründüyü kimi birinci instansiya məhkəməsinin qətnaməsi iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmışdır.Buna görə apellyasiya şikayətinin yuxarıda qeyd edilən dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin apellyasiya şikayəti ilə mübahisələndirilən hissədə ləğv edilməsi üçün əsas hesab edilə bilməz.

33. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏT ETDİ:

İlk iddia üzrə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin 18 mart 2025-ci il tarixli, e-2(060)-192/2025 nömrəli qətnaməsi apellyasiya şikayəti ilə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar