Məhkəmə qərarları › İş №2(105)-1278/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-1278/2021

25.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr - Torpaq icarə müqaviləsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-1278/2021 25.02.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri: Məmmədov Telman Qədir oğlu (sədrlik edən, məruzəçi hakim), Abasov Şəmsəddin Rizalı oğlu və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1, X2 nümayəndəsi X3 iştirakı ilə açıq məhkəmə iclasında Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli, 2(060)-1658/2021 saylı qərardadından X2 şikayətinə əsasən işə apellyasiya qaydasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli, 2(060)-1658/2021 saylı qərardadı ilə (sədrlik edən, hakim Rəşad Qoşqarlı) X2 Cavabdeh qarşı icarə haqqı üzrə borc məbləğinin ödənilməsi, icarə müqaviləsinə xitam verilməsi və torpaq sahəsinin geri qaytarılması tələbinə dair mülki iş üzrə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılması qərara alınmış, iddiaçı qərardaddan şikayət vermişdir. İŞİN HALLARİ: Mülki işin materiallarından görünür ki, xx.xx.2021-ci il tarixdə Sumqayıt Bələdiyyəsi iddia ilə məhkəməyə müraciət edərək Cavabdeh icarəsinə verilmiş Sumqayıt şəhərinin 2-ci mikrorayon ərazisində yerləşən 68 metr torpaq sahəsindən istifadəyə görə yaranmış 843,57 manat məbləğində icarə haqqı borcunun, gecikdirilmiş vaxt üçün illik 5% olmaqla 30,9 manat faiz borcunun, ümumilikdə 874,47 manat məbləğində icarə haqqı borcunun Cavabdeh Sumqayıt Bələdiyyəsinin xeyrinə tutulması, həmin torpaq sahəsinə dair Sumqayıt Bələdiyyəsi ilə Cavabdeh arasında bağlanılmış xx xxxxxxxx 2014-cü il tarixli, 132 saylı torpaq icarə müqaviləsinin ləğv edilməsi, torpaq sahəsində inşa edilmiş tikilinin cavabdehin hesabına sökülməsi və torpaq sahəsinin cavabdeh tərəfindən boşaldılaraq onun hesabına əvvəlki vəziyyətə qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən qərardad qəbul edilmişdir. ŞİKAYƏTİN DƏLİLLƏRİ, İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSİN İZAHATİ: İddiaçı şikayətini onunla əsaslandırmışdır ki, məhkəmənin Cavabdeh yaşayış ünvanı kimi Qubadlı şəhərinin göstərilməsi səbəbindən iddia ərizəsinin geri qaytarılması barədə gəldiyi nəticə tamamilə qanuna ziddir. Belə ki, iddia ərizəsinin məzmunundan da göründüyü kimi, Sumqayıt Bələdiyyəsinin iddia tələbləri bələdiyyə mülkiyyətində olan Sumqayıt şəhəri, 2-ci mikrorayon ərazisində yerləşən 68 kvadrat metr torpaq sahəsi ilə bağlı tələblərdir. Sumqayıt Bələdiyyəsi məhkəmədən Cavabdeh icarəsinə verilmiş Sumqayıt şəhəri, 2-ci mikrorayon ərazisində yerləşən 68 metr torpaq sahəsindən istifadəyə görə yaranmış icarə haqqı borcunun Sumqayıt Bələdiyyəsinin xeyrinə tutulması, həmin torpaq sahəsinə dair Sumqayıt Bələdiyyəsi ilə Cavabdeh arasında bağlanılmış torpaq icarə müqaviləsinin ləğv edilməsi, torpaq sahəsində inşa edilmiş tikilinin cavabdehin hesabına sökülməsi, torpaq sahəsinin cavabdeh tərəfindən boşaldılaraq onun hesabına əvvəlki vəziyyətə qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bu halda, yəni məhkəmə mübahisəsi daşınmaz əmlakla bağlı olduqda, işə cavabdehin yaşayış yeri üzrə yerləşən məhkəmədə deyil, həmin daşınmaz əmlakın yerləşdiyi yerin məhkəməsində baxılmalıdır. Bu müddəa mülki prosessual qanunvericilikdə də öz əksini tapmışdır. Bununla əlaqədar olaraq mübahisələndirilən torpaq sahəsi Sumqayıt şəhərinin ərazisində yerləşdiyindən və iddia Sumqayıt Bələdiyyəsinin torpaq üzərində mülkiyyət hüququnun müdafiəsi ilə bağlı olduğundan, bu işə müstəsna aidiyyət qaydasında Sumqayıt Şəhər Məhkəməsində baxılmalıdır. Şikayətdə iş üzrə məhkəmə qərardadının ləğv edilməsi və işə mahiyyəti üzrə baxılması xahiş edilmişdir. Məhkəmə iclasında X2 nümayəndəsi X4 şikayətdə göstərilənlərə uyğun izahat verdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlmədiyindən, məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsin izahatını dinləyib, şikayətin dəlillərini araşdırıb, işdə olan sübutları tədqiq edərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən şikayət qismən təmin edilməli, qərardad ləğv edilməli, iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün birinci instansiya məhkəməsinə qaytarılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində, apellyasiya üçün müəyyən olunmuş qaydada baxır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, iddiaçının şikayəti iş üzrə məhkəmə qərardadının ləğv edilməsinə yönəldiyindən, iş üzrə məhkəmə qərardadının qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən prosessual hüquq normalarına düzgün riayət edilib-edilməməsinə hüquqi qiymət verilməlidir. Birinci instansiya məhkəməsi iddia ərizəsini və ona əlavə olunmuş sənədləri geri qaytararkən Azərbaycan Respublikası MPM-nin 152.1.3-cü maddəsinə istinad etmişdir. Azərbaycan Respublikası MPM-nin 152.1.3-cü maddəsinə görə əgər iş ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə iddia ərizəsi geri qaytarılır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi bu nəticə qanuni və əsaslı hesab edilə bilməz. Azərbaycan Respublikası MPM-nin 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Göründüyü kimi, qanunvericilik iddianın, bir qayda olaraq, cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilməsi qaydasını müəyyən etmiş, eləcə də bu qaydadan kənara çıxan aidiyyət qaydasını da nəzərdə tutmuşdur. Azərbaycan Respublikası MPM-nin 39.1-ci maddəsinə əsasən tikintiyə, qurğuya, torpaq sahəsinə mülkiyyət hüququnun tanınması, tikintinin, qurğunun, torpaq sahəsinin başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan sahibkarın və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar tikintinin, qurğunun, torpaq sahəsinin olduğu yerə görə verilir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş ********* saylı şəhadətnamənin surətindən görünür ki, Sumqayıt şəhəri ərazisində yerləşən sahəsi 68 kv.metr və ya 0,0068 ha olan torpaq sahəsi xx xxxxxx 2014-cü il tarixdə icarə müqaviləsi əsasında 15 il müddətinə Cavabdeh verilmişdır. İddia ərizəsindən və iş materiallarından görünür ki, Sumqayıt Bələdiyyəsinin tələbi Cavabdeh icarəsinə verilmiş Sumqayıt şəhərinin 2-ci mikrorayon ərazisində yerləşən 68 metr torpaq sahəsindən istifadəyə görə yaranmış 843,57 manat məbləğində icarə haqqı borcunun, gecikdirilmiş vaxt üçün illik 5% olmaqla 30,9 manat faiz borcunun, ümumilikdə 874,47 manat məbləğində icarə haqqı borcunun Cavabdeh Sumqayıt Bələdiyyəsinin xeyrinə tutulması, həmin torpaq sahəsinə dair Sumqayıt Bələdiyyəsi ilə Cavabdeh arasında bağlanılmış xx xxxxxxxx 2014-cü il tarixli, 132 saylı torpaq icarə müqaviləsinin ləğv edilməsi, torpaq sahəsində inşa edilmiş tikilinin cavabdehin hesabına sökülməsi və torpaq sahəsinin cavabdeh tərəfindən boşaldılaraq onun hesabına əvvəlki vəziyyətə qaytarılması barədədir. Göstərilən daşınmaz əmlak Sumqayıt şəhərində yerləşir və iddiaçının tələbi də mülkiyyətçi kimi hüquqlarının pozulmasının aradan qaldırılmasına yönəlmişdir. Məhkəmə kollegiyası yuxarıda sadalanan mülki prosessual hüquq normasının tələbini əsas tutub, hesab edir ki, Sumqayıt Bələdiyyəsi torpaq sahəsində inşa edilmiş tikilinin cavabdehin hesabına sökülməsi və torpaq sahəsinin cavabdeh tərəfindən boşaldılaraq onun hesabına əvvəlki vəziyyətə qaytarılmasını da tələb etdiyindən və iddia ərizəsi Azərbaycan Respublikası MPM-nin müstəsna aidiyyəti nizama salan normasının tələblərinə uyğun olaraq məhkəməyə verildiyindən, birinci instansiya məhkəməsinin qərardadı qanuni və əsaslı sayıla bilməz. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı hazırki tələblə məhkəməyə müraciət etmək hüququna malikdir, iddia ərizəsinə məhkəmə qaydasında baxılması mülkiprosessual qanunvericiliyin tələbləri baxımından mümkündür və birinci instansiya məhkəməsi Azərbaycan Respublikası MPM-nin yuxarıda qeyd olunan normalarını düzgün tətbiq etməməklə iddiaçının məhkəmə müdafiəsi hüququnu məhdudlaşdırmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsinə əsasən hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Azərbaycan Respublikası MPM-nin 398.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır. Beləliklə, məhkəmə kollegiyası sadalanan halları, şikayətdə göstərilən dəlilləri araşdırıb hesab edir ki, şikayət qismən təmin edilməli, iş üzrə məhkəmə qərardadı ləğv edilməli və mülki iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün Sumqayıt Şəhər Məhkəməsinə qaytarılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264 və 398-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: X2 şikayəti qismən təmin edilsin. İş üzrə Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli, 2(060)-1658/2021 saylı qərardadı ləğv edilsin. Mülki iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün Sumqayıt Şəhər Məhkəməsinə qaytarılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir, qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Telman Məmmədov Hakimlər: Şəmsəddin Abasov Səyyad Qafari

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar