Məhkəmə qərarları › İş №2(105)-1279/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1279/2021

07.04.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1279/2021 07.04.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi, hakimlər Abasov Şəmsəddin Rizalı oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Dadaşova Aynur Asif qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı yol nəqliyyat hadisəsi ilə əlaqədar dəymiş maddi zərərin ödənilməsi tələbinə dair mülki iş üzrə Sumqayıt şəhər məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(060)-5834/2020 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında apellyasiya qaydasında baxaraq, MÜƏYYƏN ETDİ Sumqayıt şəhər məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakim R.Qoşqarlı) iddianın qismən təmin edilməsi, Cavabdeh 665 manat dəymiş maddi ziyanın və dövlət rusumunu üçün ödənilmiş 30 manat məbləğində pul vəsaitinin alınaraq İddiaçı ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməsi qət edilmişdir. Cavabdeh qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx xxxx 2020-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı onun “Trinx Tepmo 1.0” markalı velosipedinə vurulmuş 865 manat maddi zərərin və müalicəsinə xərclədiyi 250 manat pulun cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx xxxx 2020-ci il tarixdə saat 22:00 radələrində Sumqayıt şəhəri, 2 saylı Poliklinikanın yanında məhəllə daxili yolda dostlarıyla birlikdə velosiped sürərkən Cavabdeh idarə etdiyi **-UT-*** dövlət qeydiyyat nömrə nişanlı nəqliyyat vasitəsi onu vurub biraz irəlidə maşını saxlayıb ona və valideynlərinə şöyüşlər söyərək hadisə yerindən qaçmışdır. Hadisə zamanı onurğası, çanaq sümüyü, aşağı ətrafları və “Trinx Tepmo 1.0” markalı velosipedi zərər görmüşdür. Müalicə xərclərinə 250 manat xərclənmişdir. Yararsız hala düşmüş “Trinx Tepmo 1.0” markalı velosipedi almaq üçün 865 manat məbləğində pul tələb edilir. Ümumilikdə ona 1115 manat ziyan dəymişdir. Sumqayıt şəhər Polis İdarəsinin Təhqiqat Şöbəsinin baş təhqiqatçısı polis kapitanı Elsevər Quliyevin xx xxxx 2020-ci il tarixli qərarına əsasən Cavabdeh əməlində cinayət tərkibi olmadığından onun barəsində cinayət işinin başlanması rədd edilmiş və Azərbaycan Respublikası İXM-in 327.6-cı maddəsinə əsasən inzibati qaydada tədbir görülməsi üçün Sumqayıt şəhər Pİ-nin DYPŞ-yə göndərilmişdir. Digər tərəfdən hadisədən sonra cavabdehlə aparılmış danışıqlara baxmayaraq, həmin danışıqlar heç bir nəticə verməmişdir və cavabdeh ona vurduğu ziyanı ödəməkdən imtina etmişdir. Bu səbəbdən o, məcbur olub məhkəməyə müraciət etməli olmuşdur. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Cavabdeh Sumqayıt şəhər məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən apellyasiya şikayət verərək, qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsinə dair yeni qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə maddi və prosessual hüquq normalarını pozmaqla qəbul edilmişdir. İddiaçıya hadisə zamanı heç bir xəsarət dəyməmişdir. Velosipedə dəymiş ziyanı 200 (iki yüz) manat məbləğində pulu iddiaçıya ödəmişdir. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında dindirilən İddiaçı apellyasiya şikayətini qəbul etməyərək, şikayətin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə cavabdehə məlumat verilməsinə baxmayaraq, o, məhkəmə kollegiyasının iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2. maddəsinə əsasən cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. İş materiallarını araşdıraraq, məruzəçini və iddiaçının izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi iddia tələbinin qismən təmin edilməsini cavabdehin təqsirli hərəkəti ilə baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində iddiaçıya məxsus “Trinx Tepmo 1.0” markalı velosipedə ziyan dəyməsi ilə əsaslandırmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi bu nəticəni qanuni və əsaslı hesab edir. İş üzrə “Cinayət işinin başlanılmasının rədd edilməsi” haqqında xx xxxx 2020-ci il tarixli qərarının surətindən görünür ki, Cavabdeh barəsində toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, qərarın surəti “Volsvagen-Passat” markalı, ** UT *** nömrə nişanlı avtomaşının sürücüsü Cavabdeh barəsində Azərbaycan Respublikası İXM-nin 327.6-cı maddəsinə əsasən inzibati qaydada tədbir görülməsi məqsədi ilə Sumqayıt şəhər Pİ-nin DYPŞ-nə göndərilmiş və İddiaçı müalicə xərcləri ilə velosipedinə dəymiş olan ziyanla bağlı olaraq məhkəməyə müraciət etmə hüququ izah edilmişdir. İş üzrə Azərbaycan Respublikası “xxxx” MMC-nin 17 .08.2020-ci il tarixli arayışının surətindən görünür ki, İddiaçı məxsus “Trinx Tempo 1.0” seriya nömrəsi **********4615 markalı velosiped avto qəzada böyük zədələr aldığı üçün istismara tam yararsız olduğuna görə, təmir olunması mümkün olmamışdır. İş üzrə ödəniş qəbzin surətindən görünür ki, “Trinx Tempo 1.0” seriya nömrəsi **********4615 markalı velosipedin dəyərinə görə 865 manat ödəniş olunmuşdur. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır (Mülki Məcəllənin 1096.1. və 1096.2. maddələri). Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur (Mülki Məcəllənin 1108.1. maddəsi). Məhkəmə kollegiyası qeyd edir ki, mülki hüquq məsuliyyətinin yaranması üçün əməlin baş verməsi, əməlin hüquqa zidd olması və əməli törədən şəxsin təqsirli olması vacibdir. Bu üç əlamət bir-biri ilə bağlı olduğundan və birinin mövcudluğunun olmaması mülki hüquq məsuliyyətini istisna etdiyindən hər üç əlamətin mövcud olması mülki hüquqi məsuliyyəti daşıyan şəxsdən tələb hüququ hüquqi müəyyənlik prinsipi baxımından da əhəmiyyətlidir. Çünki maddi hüquq normasının dispozisiyasında birbaşa və aydın ifadə olunmuşdur ki, delikt törətmiş şəxsin mülki hüquqi məsuliyyətinin yaranması və buna görə də məsuliyyət daşıması, əməlin hüquqa zidd olması, həmin əmələ görə təqsirin olması ilə şərtləndirilmiş və mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin əvəzinin zərərvuran tərəfindən tam həcmdə ödənilməli olması göstərilmişdir. İşdən görünür ki, yüksək təhlükə mənbəyi hesab olunan avtonəqliyyat vasitəsi Cavabdeh tərəfindən idarə olunmuş və onun təqsiri ucbatından baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində İddiaçı məxsus “Trinx Tempo 1.0” seriya nömrəsi **********4615 markalı velosipedə ziyan dəymişdir. İş materiallarında olan “xxxx” MMC-nin 17 .08.2020-ci il tarixli arayışdan İddiaçı məxsus “Trinx Tempo 1.0” seriya nömrəsi **********4615 markalı velosiped avto qəzada böyük zədələr aldığı üçün istismara tam yararsız hala düşdüyünə görə, təmir olunmasının mümkün olmaması müəyyən edilmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, ekspertiza tədqiqatının nəqliyyat vasitələrinə dəymiş ziyanın müəyyən olunması ixtisaslaşdırılmış servis müəssisələrinin arayışı əsasında aparılması mümkün olduğundan, birinci instansiya məhkəməsi dəymiş zərərin məbləği ilə bağlı düzgün nəticəyə gəlmişdir. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxx 2006-cı il tarixli qərarı). Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qəbul etdiyi qətnamə işin həqiqi hallarına uyğun olmaqla, tərəflərin qarşılıqlı münasibətlərini əks etdirir və eləcə də qətnamə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə qəbul edilmişdir. Azərbaycan Respublikası MPM-nin 385.2. maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar olmadığından, apellyasiya şikayəti təmin edilməməli və iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 404-1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı iş üzrə tələb 2000 manatdan az olduğundan, qanunvericiliyin yuxarıda qeyd olunan tələbi baxımından bu iş üzrə məhkəmə aktından kassasiya şikayəti verilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 385.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt şəhər məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən Səyyad Qafari Hakimlər Şəmsəddin Abasov Telman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar