Məhkəmə qərarları › İş №2(105)-1279/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-1279/2024

17.07.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-1279/2024 17.07.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri X2 (məruzəçi), Dəmirov İlqar Kamal oğlu və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı maddi ziyanın ödənilməsi tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(060)- 4403/2024 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında yazılı icraat qaydasında baxaraq MÜƏYYƏNETDİ İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia qaldıraraq iddia tələbinin təmin edilməsi və cavabdehlər Cavabdeh1 və Cavabdeh2 1955 manat məbləğində dəymiş zərərin əvəzinin və ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(060)-4403/2024 nömrəli qərardadı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılması, İddiaçı iddia ərizəsinin verilməsi üçün ********** saylı qəbzə əsasən ödədiyi 30 (otuz) manat dövlət rüsumunun dövlət büdcəsindən iddiaçıya qaytarılması, qərardadın icrasının Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Sumqayıt şəhəri üzrə Maliyyə İdarəsinə həvalə edilməsi qərara alınmışdır (hakim Vəfa Şirəliyeva). İddiaçı Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(060)-4403/2024 saylı qərardadından şikayət verərək Sumqayıt Şəhər Məhkəməsinin e-2(060)-4403/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadının ləğv edilməsi və iddia ərizəsinin icraata götürülməsi barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia qaldıraraq iddia tələbinin təmin edilməsi və cavabdehlər Cavabdeh1 və Cavabdeh2 1955 manat məbləğində dəymiş zərərin əvəzinin və ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sumqayıt şəhər Məhkəməsinin e-2(060)-4403/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadına əsasən iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılması qərara alınmışdır. Qərardad onunla əsaslandırılmışdır ki, "Cavabdeh1 Naxçıvan Muxtar Respublikası, Şərur rayonu, Çərçiboğan ərazi dairəsi, Çərçiboğan kəndində, Cavabdeh2 isə ünvan 1 ünvanında rəsmi qeydiyyatdadırlar. Eyni zamanda, elektron məhkəmə informasiya sistemindən əldə edilmiş məlumatdan aydın olur ki, Cavabdeh2 məcburi köçkündür. Bundan başqa iş materiallarına Cavabdeh2 müvəqqəti yaşayış yeri üzrə qeydiyyatı barədə Azərbaycan Respublikası Qaçqınların və Məcburi köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin arayışı əlavə edilməmişdir." Məsələ burasındadır ki, iddia ərizəsinə və hazırki şikayətə əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Abşeron DYP polis baş leytenantı R.Abdalov tərəfindən verilmiş TP ******* saylı, xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarın təsviri hissəsindən göründüyü kimi hazırki mülki iş üzrə Cavabdeh1 yaşayış yeri üzrə qeydiyyat ünvanı ünvan 2li şəxsi tərəfindən tərtib edilmiş həmin inzibati xəta protoklu və qərar isə məhz dövlət informasiya ehtiyatlarına əsaslanır. Belə ki, həmin qərar qanuni qüvvəyə mindiyindən tərəflər üçün preyudisial əhəmiyyət daşıyır. Bununla yanaşı, sözügedən qərar səlahiyyətli dövlət orqanı tərəfindən qəbul edildiyindən qərarda müəyyən edilmiş faktlar mötəbərlik prinsipinə müvafiq olaraq təkzibolunmazdır. Məhkəmə isə qanunsuz və əsassız olaraq Daxili İşlər Nazirliyinin müvafiq elektron informasiya sistemlərindəki rəsmi məlumatlara əsaslanan müvafiq inzibati tənbehvermə barədə qərarın məlumatlarının mötəbərliyini mübahisələndirmişdir. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(060)-4403/2024 nömrəli qərardadı ilə şikayətin təmin edilməməsi və baxılması üçün işlə birlikdə Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası MPM-nin 397.2-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(060)- 4403/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, elektron məhkəmə informasiya sistemindən əldə edilmiş məlumatdan görünür ki, Cavabdeh1 Naxçıvan Muxtar Respublikası, Şərur rayonu, Çərçiboğan ərazi dairəsi, Çərçiboğan kəndində, Cavabdeh2 isə ünvan 1 ünvanında rəsmi qeydiyyatdadırlar. Eyni zamanda, elektron məhkəmə informasiya sistemindən əldə edilmiş məlumatdan aydın olur ki, Cavabdeh2 məcburi köçkündür. Bundan başqa iş materiallarına Cavabdeh2 müvəqqəti yaşayış yeri üzrə qeydiyyatı barədə Azərbaycan Respublikası Qaçqınların və Məcburi köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin arayışı əlavə edilməmişdir. Birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşan məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Həmin Məcəlləsinin 36.2-ci maddəsinə əsasən rəsmi yaşayış yeri, olduğu yer və ya hüquqi ünvanı müxtəlif olan bir neçə cavabdehə iddia cavabdehlərdən birinin rəsmi yaşayış yeri və ya hüquqi ünvanı üzrə verilə bilər. Qeyd olunan Məcəllənin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Azərbaycan Respublikası MPM-nin 152.1.3-cü maddəsinə əsasən, əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Məhkəmə kollegiyası ərazi aidiyyətinin müəyyən edilməsi ilə əlaqədar aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Prosessual normanın məzmununa görə hər bir kəs qanunla qorunan hüquqlarının və azadlıqlarının müdafiəsi üçün məhkəməyə müraciət edə bilər. Əgər hər hansı şəxs digər şəxs tərəfindən onun hüquqlarının və qanunla qorunan maraqlarının müdafiəsi üçün məhkəməyə müraciət edirsə, onda iddia tələbi tələbin yönəldiyi şəxsin rəsmi qeydə alındığı yer üzrə məhkəməyə müraciət edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsində hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ təsbit edilmişdir. Bu normada qeyd edilən “qanunla müəyyən edilmiş məhkəmə” müddəası işlərin aidiyyət qaydaları, qanuni məhkəmə tərkibinin mövcudluğu və s. subyektiv elementləri ehtiva edir (Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2012-ci il tarixli qərarı). Göstərilənlərə əsasən, birinci instansiya məhkəməsi haqlı olaraq belə hesab etmişdir ki, cavabdehlər Sumqayıt şəhəri ərazisində qeydiyyatda olmadığından iddia ərizəsi və ona əlavə olunmuş sənədlər MPM-nin 152.1.3-cü maddəsinə əsasən geri qaytarılmalıdır. İddiaçı şikayətində göstərmişdir ki, inzibati tənbeh vermə haqqında qərarın təsviri hissəsindən Cavabdeh1 yaşayış yeri üzrə qeydiyyat ünvanı ünvan 2li şəxsi tərəfindən tərtib edilmiş həmin inzibati xəta protoklu və qərar isə məhz dövlət informasiya ehtiyatlarına əsaslanır. Belə ki, həmin qərar qanuni qüvvəyə mindiyindən tərəflər üçün preyudisial əhəmiyyət daşıyır. Məhkəmə kollegiyası həmin dəlillə razılaşmayaraq qeyd edir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən şəxsin yaşayış yeri- tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Həmin Qanununun 3-cü maddəsinə əsasən yaşayış yeri Azərbaycan Respublikası vətəndaşı barədə — yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi ilə müəyyən edilir. Beləliklə kollegiya qeyd edir ki, inzibati tənbeh vermə haqqında qərarında göstərilən məlumat şəxsin qeydiyyatda olduğu ünvanın müəyyən edilməsi üçün əsas deyildir. Azərbaycan Respublikası MPM-nin 398.0.1-ci maddələrinə görə apellyasiya instansiyası məhkəməsinin birinci instansiya məhkəməsinin qərardadını dəyişdirmədən saxlayıb, şikayəti təmin etməmək hüququ vardır. Beləliklə də, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia ərizəsinin qeyd olunan əsasla geri qaytarılması barədə düzgün nəticəyə gəlmişdir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 152, 263-264, 395, 398 və 400-402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Şikayət təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(060)-4403/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar