Məhkəmə qərarları › İş №2(105)-128/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-128/2023

28.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-128/2023 28.11.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh (üçüncü şəxs X7 işə cəlb edilməklə) qarşı mülki iş üzrə (Açar sözlər: pul tələbi, sübutetmə) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri X10 (sədrlik edən və məruzəçi), X5 və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X4, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil1, cavabdehin nümayəndəsi və vəkili Vəkil3 iştirakı ilə, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(060)-37/2022 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi: İşin halları

1. İddiaçı keçmiş kürəkəni Cavabdeh tərəfindən tərtib olunmuş yazılı qəbzə əsaslanaraq Cavabdeh bacısı X6 məxsus mənzilində iddiaçı tərəfindən görülmüş təmir işlərinin xərclərinin dəyərini ödəməyi tələb edir.

2. Mülki iş materiallarının olan yazılı iltizamda qeyd olunmuşdur: «Rəhman X2 rayonu Azadlıq prospektində bacımın adına olan evin təmirinə (mənə məxsus olan) qaynatam çəkdiyi xərci, ustanın gəlib müəyyənləşdirdiyi məbləği, məsələn 15 min manat olarsa (və yaxud başqa məbləğ) ekspertlərin iştirakı ilə evin təmirinə çəkilmiş xərcləri müddətli şəkildə bugünkü günün dollar kursuna uyğun, qaynatam İddiaçı (mümkün qədər tez, məsələn bir il yarıma, yəni 16 aya) ödəməyimi özümə öhdəlik götürürəm. Müəyyən olunacaq məbləği qaytarmayasam qanun qarşısında cavab verməyə hazıram. Özüm yazdım. AZE 000*****. Cavabdeh».

3. 4/571 nömrəli 04 iyun 2021-ci il tarixli məhkəmə-xətşünasdıq ekspertizasının rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş, mülki işin 87-88-ci vərəqlərində A4 vərəqi üzərində Cavabdeh adından olan 1-ci səhifədə “Cavabdeh Eldar” sözləri ilə başlayıb 2-ci səhifədə “Cavabdeh” sözləri ilə bitən qəbzin mətni və həmin qəbzdəki imzalar - Cavabdeh tərəfindən icra olunmuşdur.

4. xx.xx.2022-ci il tarixli məhkəmə ekspertizasının aparılmasından imtina edilməsi barədə məlumatdan və aktdan görünür ki, ekspert qarşısında qoyulmuş sualların həlli məqsədi ilə xx.xx.2022-ci il, saat 15:00-da tərəflərin iştirakı ilə tədqiqat obyektinə baxış keçirilməsinin təşkil edilməsi barədə xx.xx.2022-ci il tarixli, 10/1737 №-li ekspert vəsatəti verilmişdir. Ekspert vəsatətinə cavab olaraq Məhkəmə Ekspertizası Mərkəzinə xx.xx.2022ci il tarixdə daxil olmuş Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli məktubunda baxışın keçirilməsi tədqiqat obyekti yerləşən əraziyə təyin edilmişdir. Təyin olunmuş vaxtda tədqiqat obyekti yerləşən ərazidə (Bakı şəhəri, Nərimanov rayonu, Azadlıq prospekti, ev 127/131, mənzil 99) iş üzrə iddiaçı şəxs olan İddiaçı ilə görüşərək mübahisə predmeti olan mənzilə gedilmiş lakin, iş üzrə cavabdeh şəxsin baxışda iştirak etməməsi və mübahisə predmeti olan mənzilin qapısının bağlı olması səbəbindən baxış baş tutmamışdır. İş üzrə cavabdeh şəxs olan Cavabdeh ilə mülki iş materiallarında qeyd olunan telefon nömrəsi vasitəsi ilə əlaqə yaradılmağa çalışılmış, lakin zəngə cavab verilməmişdir.

5. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli, 4/310 nömrəli məhkəmə-xətşünasdıq ekspertizasının rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş, mülki işin İ cildinin 87-88-ci vərəqlərində A4 vərəqi üzərində Cavabdeh adından olan 1-ci səhifədə “Cavabdeh Eldar” sözləri ilə başlayıb 2-ci səhifədə “Cavabdeh” sözləri ilə bitən qəbzin üz tərəfində yuxarı sol küncdəki imza, 2-ci səhifədəki 2 ədəd imza - eyni şəxs Cavabdeh tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim olunmuş, mülki işin İ cildinin 87-88-ci vərəqlərində A4 vərəqi üzərində Cavabdeh adından olan 1-ci səhifədə “Cavabdeh Eldar” sözləri ilə başlayıb 2-ci səhifədə “Cavabdeh” sözləri ilə bitən ləbzdəki yazılarda, 1-ci səhifənin üz tərəfində yuxarı sol küncdəki imzada, 2ci iəhifədəki 2 ədəd imzada - yazıların və imzaların hər hansı qeyri-adi psixofizioloji vəziyyətdə (həyəcanlı, stress, hər hansı qeyri-adi vəziyyətdə, sərxoş vəziyyətdə və s.) icra olunmasını xarakterizə edən əlamətlər müşahidə olunmadı. Ekspertizaya təqdim edilmiş, mülki işin İ cildinin 87-88-ci vərəqlərində A4 vərəqi üzərində Cavabdeh adından olan 1-ci səhifədə “Cavabdeh Eldar” sözləri ilə başlayıb 2-ci səhifədə “Cavabdeh” sözləri ilə bitən qəbzin 1-ci səhifəsinin üz tərəfində yuxarı sol küncdəki imzada, 2-ci səhifədəki 2 ədəd imzada- imzanın qəsdən dəyişdirilməklə icra olunma əlamətləri müşahidə olunmadı. Ekspertiza xərclərinə dair bildirişdən görünür ki, ekspert tədqiqatının dəyəri 122 manat təşkil etmişdir.

Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh onun xeyrinə 20.000 (iyirmi min) manat məbləğində borc pulun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

7. İddiaçı iddianı onunla əsaslandırmışdır ki, 2019-cu ilin noyabr ayının 18-dən başlayaraq Cavabdeh aralarında olan qohumluq münasibətlərindən irəli gələrək, Nərimanov rayonu Azadlıq prospektində bacısının adına olan, lakin faktiki cavabdehə məxsus evin təmiri ilə bağlı 20000 (iyirmi min) manat borc pul verməyini xahiş etmiş, o da qohum olduqları üçün inanıb ona borc pul vermiş, bu barədə öz xətti ilə ona yazmış olduğu pulun ondan alınmasını təsdiq edən yazılı etirafı da vermişdir. Buna baxmayaraq, bu günə kimi pulu geri qaytarmamışdır. Sonuncu dəfə görüşən zaman cavabdeh həmin pulu ona qaytaracağını bildirmişdir. Qeyd etdiyi yazıda Cavabdeh faktiki olaraq özünün ona olan borcunu etiraf etmişdir. Bir-birilərinə olan etibarla bağlı olaraq kredit müqaviləsi notariat qaydada təsdiqlənməmişdir. Lakin bununla belə, Cavabdeh öhdəliyini icra etməkdən yayınmışdır. Hazırki tarixədək, Cavabdeh mövcud borcdan ona heç bir ödəniş etməmiş, verilən pulu geri istədikdə isə, bu barədə ona hər hansı bir məlumat verməmişdir. Qeyd edilən halları nəzərə alaraq, Cavabdeh ona olan 20000 (iyirmi min) manat borcunu qaytarması ilə bağlı məhkəməyə müraciət etmək qərarına gəlmişdir.

8. Bundan sonra, məhkəmənin təşəbbüsü ilə X7 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmişdir

9. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(060)-37/2022 nömrəli qətnaməsi ilə iddianın təmin edilməsi, Cavabdeh 20000 (iyirmi min) manat pul və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manatın İddiaçı xeyrinə tutulması, Cavabdeh 122 (bir yüz iyirmi iki) manatın alınaraq X1 hesabına ödənilməsi qət edilmişdir (hakim Almaz Süleymanova).

10. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 752, 770, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 97.5, 119, 217.4-cü maddələri ilə əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri

11. Cavabdeh apellyasiya şikayəti verib Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(060)-37/2022 nömrəli qətnaməsinin ləğv edilməsi, iddianın rədd edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

12. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsində qətnamə çıxarılarkən hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyəti olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini müəyyən edir, qətnamənin əsaslandırıcı hissəsində məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandığı sübutları göstərir. Bu zaman məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyətli olan hallarla, məhkəmənin bu halları təsdiq etmək üçün istinad etdiyi sübutlar arasında uyğunluq əlaqəsi qətnamənin əsaslığının şərtlərindən biridir. Məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən hallar dedikdə, işdə olan sübutlara əsasən məhkəmənin müəyyən etdiyi və qətnamənin əsaslandırıcı hissəsində göstərdiyi hallar başa düşülür. İş üçün əhəmiyyəti olan hallar dedikdə, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar başa düşülməlidir. Məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən hallar qanunla göstərilən sübutlarla təsdiq edilməməsi onu nəzərdə tutur ki, işdə həmin halları təsdiq edən və MPMnin 81-ci maddəsinə əsasən mümkün sayılan sübutlar olmur. İş üçün əhəmiyyətli olan və məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən hallar qeyri-mötəbər, ziddiyyətli, aid olmayan sübutlarla təsdiq edildikdə də həmin hallar sübut edilməmiş sayılır. İşdə olan, iş üçün əhəmiyyətli halı təsdiq və (və ya) təkzib edən ziddiyyətli sübutlardan birinin qəbul olunmasının, digərinin (digərlərinin) isə rədd edilməsinin səbəbləri qətnamənin əsaslandırıcı hissəsində göstərilmədikdə də məhkəmənin müəyyən olunmuş hesab etdiyi iş üçün əhəmiyyətli olan hallar birinci instansiya məhkəməsi tərəfindən sübut edilməmiş hesab edilir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsində deyilir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç birsübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Tərəflər arasında borc münasibətləri olmayıb, əgər belə bir münasibət olsaydı qanunveriliciyin tələblərinə görə borc müqaviləsi bağlanmalı və qəbzdə göstərildiyi kimi 1 il 06 ay müddətdən sonra borc ödənilməlidir. Əgər bu münasibətlər təmir xərci ilə bağlıdırsa təmir xərcləri müəyyən edilməlidir, bu isə müvafiq sübutlarla öz təsdiqini tapmalıdır. Çünki qəbzin məzmunundan da göründüyü kimi təmirin dəyəri ehtimallara əsasən qeyd olunmuşdur. İddiaçı tərəfindən qeyd olunan hallarla bağlı heç bir mötəbər sübut təqdim edilməmişdir. Məhkəmə öz qətnaməsində yalnız 2 “sübut”növünə-tarixi olmayan və imzaları mənə məxsus olmayan, psixiolji təzyiq və təhdid altında yazılan və heç bir hüquqi əsası olmayan kağız parçası olan iltizam hesab etdiyi “sənədə” və ekspertizaya dair sənədlərə (4/571 nömrəli, 04 iyun 2021-ci il tarixli məhkəmə-xətşünasdıq ekspertizasının rəyinə və məhkəmə tikinti-texniki ekspertizası təyin edilməsinə dair Sumqayıt Şəhər Məhkəməsinin 30 mart 2021-ci il tarixli qərardadına, xx.xx.2022-ci il tarixli məhkəmə ekspertizasının aparılmasından imtina edilməsi barədə məlumata və akta) istinad etmişdir. Halbuki həmin sənədlər heç bir halda mötəbər sübut hesab edilə və hüquqi nəticə yarada bilməz. Belə ki, məhkəmənin istinad etdiyi məhkəməxətşünasdıq ekspertizasının rəyi qanunsuz və əsassız olmuş və cavabdeh tərəfdə əsaslı şübhə yaratmış və ekspertizanın aparılması qaydaları pozulmuş və ekspertizanın əsaslandığı sübutlar qeyri-mötəbər olmuşdur və ekspertizanın təyin olunması haqqında qərardadda iltizamda yazılanların hansı şəraitdə yazılmasına dair sual qoyulmadığına görə həmin rəydə ən vacib və ən mühüm məsələlərdən biri ilə bağlı məsələ öz düzgün həllini tapmamışdır. Məhkəmə tikini-texniki ekspertizanın təyin olunması və həyata keçirilməsi ilə bağlı qanunvericiliyin tələbləri həm məhkəmə həm də ekspertiza qurumu tərəfindən kobud surətdə pozulmuşdur. Belə ki, iddiaçının irəli sürdüyü iddia tələbinə əsasən, tərəflər arasında olan münasibətlər borc münasibətləri olduğu üçün məhkəmə tikinti-texniki ekspertizanın təyin edilməsinə və keçirilməsinə zərurət və əsas yox idi. Məhkəmənin qanunsuz və əsasız mövqeyindən yanaşsaq belə, tərəflər arasında münasibətlər təmir xərcləri ilə bağlı olsa belə, iddiaçı tərəf ilk növbədə nə vaxt və dəqiq olaraq hansı təmir işlərinin aparılmasını, sonra isə çəkilən xəsrclərinin dəqiq məbləğini təsdiq edən digər sübut növlərini təqdimetməli idi. Başqa sözlə desək, iddiaçı çəkdiyinə dair iddia etdiyi xərcləri təsdiq edən sübutları məhkəməyə təqdim etməli və konkret olaraq hansı xərcləri, nə vaxt, hansı qaydada çəkdiyinə dair, habelə hansı təmir işlərinin kim və ya kimlər (usta və fəhlələr) tərəfindən həyata keçirilməsi, tikinti işləri üçün hansı tikinti materiallarının sərf olunması, onların kim tərəfindən, hansı tarixdə, hansı məbləğə, haradan satın alınması və sair məsələlərə dair irəli südüyü dəlilləri mötəbər şəkildə sübut etməli idi. Əgər iddiaçı tərəfin təqdim etdiyi sübutlar ilə məhkəmə və ya cavabdeh tərəf razılaşmasa idi məhz o halda mübahisənin düzgün həlli məqsədi ilə çəkilmiş xərclərinin dəqiq məbləğini müəyyən etmək üçün müvafiq ekspertiza təyin oluna bilərdi. Digər tərəfdən həmin ekspertizanın həyata keçirilməməsi məndən asılı olmayan səbəblərdən baş vermişdir. Belə ki, mənzilin mülkiyyətçisi mən deyil, yəni başqa şəxs olduğuna və həmin şəxsin ekspertizada iştirakı təmin edilmədiyinə görə ekspertizanın keçirilməsi baş tutmamışdır. Ekspertizanın keçirilməsini mən deyil, məhkəmə və mənzilin mülkiyyətçisi olan üçüncü şəxs təmin etməli idi və mən iştirak etmədən də ekspertiza keçirilə bilərdi. Məhkəmə ona təqdim edilən sübutların məzmununda olan dəlillərin və faktların həqiqi və mötəbər olduğunu düzgün yoxlamamış və onları düzgün qiymətləndirməmişdir. Məhkəmə öz qətnaməsində yoxlama nəticəsində onun məzmununu təşkiledən məlumatların həqiqətə uyğun olub-olmadığını, habelə bu sübutun qanunun bütün formal tələblərinə cavab verib vermədiyini düzgün müəyyən etməmişdir. Məhkəmə sübut edilməli olan halları və faktları təsdiq edən sübutları dəqiq araşdıraraq qiymətləndirməmiş, öz qətnaməsində nəyə görə məhz belə nəticəyə gəldiyini düzgün və qanunun tələblərinə uyğun olaraq əsaslandırmamışdır. Bəhs edilən mülki işinmateriallarında iddiaya düzgün hüquqi qiymət vermək üçün məhkəmənin ixtiyarında kifayət qədər mötəbər sübutlar mövcud olmamışdır, çünki məhkəmə sübut edilməli olan halları tam və düzgün aydınlaşdıra bilməmişdir, başqa sözlə desək, məhkəmənin iddiaya münasibətdə bütün sübut edilməli hallara dair qəti, birmənalı və düzgün münasibət bildirməyə kifayətedəcək dərəcədə sübut materialı olmamışdır.

Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri

13. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

Apellyasiya icraatı iştirakçılarının izahatları

14. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi və vəkili Vəkil3 apellyasiya şikayətini müdafiə edib orada göstərilənlərə uyğun izahat verərək təmin edilməsini xahiş etdi.

15. Məhkəmə kollegiyasının iclasında İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətinə etiraz edərək təmin olunmamasını xahiş etdilər.

16. Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq iş üzrə üçüncü şəxs X7 məhkəmə iclasında iştirak etməmiş, iştirak etməməsinin səbəbi barədə məlumat verilməmişdir.

17. Məhkəmə kollegiyası üçüncü şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Məcəlləsi

18. Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.

19. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

20. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

21. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

22. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

23. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş diqər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

24. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

25. Maddə 882.1. Borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

26. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

27. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

28. Maddə 97.5. Tərəf ekspertizanın keçirilməsində iştirak etməkdən imtina edirsə və ya onun keçirilməsinə mane olursa (ekspertizaya gəlmir, zəruri tədqiqat predmetlərini ekspertə təqdim etmir, ekspertizanın aparılması üçün tələb olunan xərcləri ödəmir və s.) və işin hallarına görə bu tərəfin iştirakı olmadan ekspertizanı keçirmək mümkün deyilsə, məhkəmə hansı tərəfin iştirak etməkdən imtina etməsindən, habelə bunun onun üçün hansı əhəmiyyət kəsb etməsindən asılı olaraq, ekspertiza təyin edilən faktı, onun hüquqi nəticələrini əsaslandırmaqla təsdiq olunmuş və yaxud rədd edilmiş hesab edə bilər.

29. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

30. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

31. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

32. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər.

33. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

34. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6 və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

35. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

36. Apellyasiya şikayətindən görünür ki, cavabdeh Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(060)-37/2022 nömrəli qətnaməsini tam mübahisələndirərək ləğv edilməsini xahiş etmişdir.

37. Ona görə də kollegiya birinci instansiya məhkəməsinin qətnaməsini tam həcmdə yoxlanılmasını vacib hesab edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

38. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini və işdə iştirak edən şəxsin izahatlarını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

39. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlar, həmçinin, mülki iş materiallarına əlavə olunmuş yazılı iltizam ilə Cavabdeh etirafı əsasında İddiaçı Nərimanov rayonu, Azadlıq prospektində bacısının adına olan evin təmirinə çəkilmiş xərcləri ödəməyi öhdəliyinə götürülməsi öz təsdiqini tapmışdır. Cavabdeh iltizamda mütəxəssislərin müəyyən etdiyi istənilən məbləğdə çəkilmiş təmir xərclərini borc kimi ödəməyi öhdəsinə götürməsinə baxmayaraq, borcun geri qaytarılmasını təmin etməmiş, bununla da, iddiaçının həmin borcu məhkəmə qaydasında tələb etmək hüququ yaranmışdır. Cavabdehin vəsatəti ilə keçirilmiş məhkəmə-xətşünaslıq ekspertizasının rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş qəbzin mətni və həmin qəbzdəki imzalar - Cavabdeh tərəfindən icra olunmuşdur.

40. Apellyasiya şikayətinin dəlillərindən biri yazılı iltizamın cavabdeh tərəfindən psixiolji təzyiq və təhdid altında yazılması ilə bağlıdır. Kollegiya həmin dəlilinin yoxlanılması üçün ekspertiza təyin etmiş, lakin ekspert rəyi ilə həmin dəlil öz təsdiqini tapmamışdır.

41. Göründüyü kimi, iddiaçı ilə cavabdeh arasında borcun etirafına dair müqavilə bağlanmış, cavabdeh istənilən məbləğdə çəkilmiş təmir xərclərini borc kimi iddiaçıya ödəməyi öhdəsinə götürmüşdür. Hazırkı mübahisə üzrə isə yazılı iltizam şəklində bağlanmış əqdin etibarlılığını şübhə altına alan hal müəyyən edilməmişdir.

42. Kollegiya qeyd edir ki, işin mübahisəli halı iddiaçı tərəfindən görülmuş təmir işlərin xərclərin məbləğidir. Birinci və apellyasiya instansiya məhkəmələrində aparılan icraat zamanı xərclərin məbləğini müəyyən edilməsi üçün ekpertizanın keçirilməsinə dair qərardadlar qəbul edilmiş, lakin cavabdeh tərəfindən ekspertizanın keçirilməsinə şərait yaradılmamışdır, qərardadların icrası mümkünsüz olmuşdur.

43. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 97.5-ci maddəsinə əsasən tərəf ekspertizanın keçirilməsində iştirak etməkdən imtina edirsə və ya onun keçirilməsinə mane olursa (ekspertizaya gəlmir, zəruri tədqiqat predmetlərini ekspertə təqdim etmir, ekspertizanın aparılması üçün tələb olunan xərcləri ödəmir və s.) və işin hallarına görə bu tərəfin iştirakı olmadan ekspertizanı keçirmək mümkün deyilsə, məhkəmə hansı tərəfin iştirak etməkdən imtina etməsindən, habelə bunun onun üçün hansı əhəmiyyət kəsb etməsindən asılı olaraq, ekspertiza təyin edilən faktı, onun hüquqi nəticələrini əsaslandırmaqla təsdiq olunmuş və yaxud rədd edilmiş hesab edə bilər.

44. Kollegiya hesab edir ki, iş üzrə təmir xərcləri ilə bağlı mübahisələndirilən fakt üzrə obyektiv həqiqətin müəyyən edilməsi üçün ekspert rəyi əhəmiyyətli sübut olduğundan, cavabdeh tərəfindən dəfələrlə ekspertizanın keçirilməsi üçün şərait yaradılmadığından, nəticədə həqiqətin müəyyən edilməsinə maneə törətdiyindən, cavabdeh tərəfin iddiaya etirazının heç bir sübuta əsaslanmadığından, birinci instansiya məhkəməsi haqlı olaraq iddianın əsası olaraq istinad olunan iltizamda göstərilənləri nəzərə alaraq iddianı təmin etmişdir.

45. Mülki Prosessual Məcəlləsinin 77-ci maddəsi sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. İddiaçı iddiasının əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir.

46. Əlavə olaraq kollegiya qeyd edir ki, mülki münasibətlərdə riayət edilməsi zəruri olan mühüm qaydalardan biri də dürüstlük qaydasıdır. Bir hüquqdan dürüstlük qaydasına zidd şəkildə istifadə edilməsi hüquqdan sui-istifadə sayılır ki, hüquq sistemi hüquqdan açıqca sui-istifadə edilməsini qorumur. Dürüstlük qaydası hər bir şəxsdən dürüst bir insan olaraq gözlənilən davranışı ifadə edir; bir davranışın bu xarakterdə olub-olmadığı isə cəmiyyətdə mövcud olan əxlaqi ölçülərə, qəbul edilmiş adətlərə, hüquqları yaradan münasibətlərin məqsədinə görə təyin edilir. Dürüstlük qaydası və hüquqdan sui-istifadə qadağası haqqa və ədalətə, əxlaq anlayışına, həyat ehtiyaclarına uyğun gəlməyən nəticələrin qarşısını alan ümumi bir hüquq qaydası, bir təməl hüquq prinsipidir.

47. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi 21 dekabr 2012-ci il tarixli qərarında qeyd etmişdir ki, Konstitusiyanın 13-cü maddəsinin İİİ hissəsindən və 71-ci maddəsinin İİ hissəsindən irəli gələn və Mülki Məcəllənin 16-cı maddəsində təsbit olunmuş mülki qanunvericiliyin mühüm prinsiplərindən biri olan hüquqlardan sui-istifadənin yolverilməzliyi prinsipi hüququn digər sahələrində olduğu kimi ilk növbədə iki əsas cəhəti nəzərdə tutur: zərərin vurulması və qanunvericinin müəyyən etdiyi məqsədlərə zidd şəkildə hüquqdan istifadə edilməsi.

48. Oxşar mövqe X9 Məhkəməsi tərəfindən ifadə edilmiş, “Centros Ltd. Erhvervs-og Selskabsstyrelsen” işi üzrə 09 Mart 1999-cu il tarixli qərarında həmin məhkəmə qeyd etmişdir ki, şəxs ona verilən hüququ qanunverici tərəfindən bu hüquq verilərkən nəzərdə tutulan məqsədə zidd olaraq başqalarına zərər vurmaqla qeyribərabər fayda əldə etmək üçün ağlabatmayan tərzdə həyata keçirirsə o, bu hüququndan sui-istifadə etmiş olur.

49. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları qanunvericilikdə nəzərdə tutulmuş əsaslarla sübut edə bilmişdir. Cavabdeh isə apellyasiya şikayətinin dəlillərini sübuta yetirə bilməmişdir.

50. Kollegiya yuxarıda qeyd olunan maddi hüquq normalarının tələblərindən çıxış edərək, bildirir ki, hazırkı iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin faktiki hallarına uyğun olmaqla, eyni zamanda ədalətli və qanuni mövqedir.

51. Eyni zamanda iş üzrə aparılmış ekspertiza tədqiqatlarının dəyəri olan 122 manat Cavabdeh tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir.

52. Bu baxımdan, məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlilləri formal mülahizələr kimi qiymətləndirərək hesab edir ki, bu dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.

53. Beləliklə də, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, hazırkı iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(060)-37/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

54. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392- 393 və 402.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(060)-37/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. İş üzrə aparılmış ekspertiza tədqiqatın dəyəri olan 122 (yüz iyirmi iki) manat Cavabdeh tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN **********, X3, Kod 210005, VÖEN **********, müxbir hesab AZ 41 NABZ **********0000003944 SWİFT BİK CTREAZ 22, hesab nömrəsi «AZ34CTRE ********************) keçirilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar