Məhkəmə qərarları › İş №2(105)-128/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-128/2025

24.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-128/2025 24.01.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyası hakimlər X1 (sədrlik edən və məruzəçi), Məmmədov Zahid Tahir oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Quliyev Həsən Sahib oğlunun katibliyi ilə, iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit borcunun qaytarılması tələbinə dair” mülki iş üzrə Qusar Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(029)-156/2024 nömrəli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Qusar Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(029)-156/2024 nömrəli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 8543.12 ABŞ dolları əsas borc, 3699.65 ABŞ dolları faiz borcu, 200.00 ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli Qərarına əsasən hesablanmış 582.59 ABŞ dolları faiz borcu olmaqla cəmi 13.025,36 ABŞ dolları (on üç min iyirmi beş dollar, otuz altı sent) məbləğində kredit borcunun qətnamə icra olunan günə Azərbaycan manatı məzənnəsi ilə hesablanmaqla müştərək qaydada tutularaq iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin hesabına keçirilməsi, həmçinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəməyə iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 188.75 manat məbləğində dövlət rüsumunun müştərək qaydada tutularaq ləğv prosesində olan İddiaçı ASC-nin hesabına keçirilməsi və iş üzrə 100 (yüz) manat məbləğində məhkəmə xərclərinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına keçirilməsi qət edilmişdir (hakim Əli Cəlilov). Qətnamədən Cavabdeh1 apellyasiya şikayəti vermişdir. İşin halları: İddiaçı ləğv prosesində olan (LPO) İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit borcunun qaytarılması tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cəmi borcu 19361.97 ABŞ dolları (on doqquz min üç yüz altmış bir dollar doxsan yeddi sent) - bundan 8543.12 ABŞ dolları əsas borc, 3854.34 ABŞ dolları faiz borcu, 6370.70 ABŞ dolları cərimə və kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli Qərarına əsasən hesablanmış 593.81 ABŞ dolları faiz borcunun, habelə iş üzrə ödənilmiş 188.75 AZN dövlət rüsumunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq, ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC-nin Qusar filialı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2014-cü il tarixli 840 nömrəli Kredit müqaviləsinə əsasən cavabdehə illik 28% dərəcəsi ilə 36 ay müddətinə 12.750 ABŞ dolları məbləğində kredit verilmişdir. Cavabdeh1 kredit verilərkən Cavabdeh2 ilə bank arasında eyni tarixli ZM-840 nömrəli Zaminlik müqaviləsi bağlanmışdır. Bu müqavilənin 4.2-ci bəndinə əsasən faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borcalanın öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin və ya zaminlər kreditor qarşısında borcalan ilə eyni həcmdə məsuliyyət daşıyır. Kredit və zaminlik müqavilələri üzrə bağlanmış xx.xx.2017-ci il tarixli 02 saylı Əlavə sazişlərə əsasən borcalanın kreditor qarşısındakı kredit öhdəliyinin qalığı (“restrukturizasiya edilmiş kredit”) 14148.97 ABŞ dolları (on dörd min yüz qırx səkkiz dollar, 97 sent) təşkil etmişdir. Restrukturizasiya edilmiş kreditin müddəti xx.xx.2022-ci il tarixədək uzadılmışdır. Restrukturizasiya edilmiş kreditin borcalan tərəfindən bu əlavə saziş imzalandığı tarixdən etibarən illik 10% dərəcəsi ilə ödənilməsi razılaşdırılmışdır. Əlavə sazişə əsasən borcalan ödəniş qrafikində nəzərdə tutulmuş müddətlərdə kredit üzrə hesablanmış faizləri və cərimələri, habelə tariflərə uyğun olaraq komissiya haqlarını, çıxarış və arayışların borcalana verilməsi və ya borcalanın adından göndərilməsi üzrə xərcləri kreditora vaxtında və tam olaraq ödəməyi öhdəsinə götürmüşdür. Müqavilədən irəli gələn öhdəliyin vaxtında və lazımi qaydada icra edilməməsi ilə əlaqədar kreditin hesablanmış faizlər, cərimə və bu müqaviləyə əsasən ödənilməsi nəzərdə tutulan digər məbləğlər ilə birlikdə qaytarılmasını, dəymiş zərərin, o cümlədən əldən çıxmış faydanın ödənilməsini tələb etməyə bankın hüququ vardır. xx.xx.2023-cü il tarixə Cavabdeh1 kredit müqaviləsi üzrə cəmi 19361.97 ABŞ dolları məbləğində borcu yaranmışdır. Bundan 8543.12 ABŞ dolları əsas borc, 3854.34 ABŞ dolları faiz borcu, 6370.70 ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli Qərarına əsasən hesablanmış 593.81 ABŞ dolları faiz borcu təşkil edir. Müqavilənin müvafiq bəndlərinə əsasən borcalan kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və ya yerinə yetirə bilmədikdə, kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə bankın hüququ vardır. Müqavilənin şərtlərinin kobud şəkildə pozulması ilə əlaqədar bank tərəfindən cavabdehə borcun ödənilməsi barədə dəfələrlə şifahi müraciətlər olunmasına və 16 may 2023-cü il tarixli bildiriş məktubunun göndərilməsinə baxmayaraq, cavabdehlər banka heç bir cavab verməmiş və kredit borcunun banka qaytarılmasını təmin etməmişlər. Bank, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdehlər həmin müqavilə üzrə öz öhdəliklərini yerinə yetirməmişlər. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi, cavabdeh tərəfindən ödəniş cədvəlinin pozulması bank lisenziyasının ləğvindən əvvəl, yəni bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdeh ona verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydı, bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi… Ona görə də iddia tələbinin əsaslı olduğu bildirilərək təmin edilməsi xahiş olunmuşdur. Birinci instansiya məhkəməsi yuxarıda qeyd olunan qətnamə qəbul etmişdir. Qətnamədən narazı qalan Cavabdeh1 apellyasiya şikayəti verərək, Qusar Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(029)-156/2024 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin və işdə iştirak edən şəxslərin dəlilləri Cavabdeh1 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qənaətinə görə birinci instansiya məhkəməsinin qətnaməsi qanunsuz olmaqla işin hallarına uyğun deyildir. Belə ki, əvvəla, Qusar Rayon Məhkəməsi onun məhkəmə iclasında iştirakını təmin etməmiş, iddiaçının iddia ərizəsində göstərdiyi əsas və faiz borclarının məbləğləri ilə bağlı onun fikir və etirazını bildirməsinə, etirazının dəlillərinə dair sübutlar təqdim etməsinə, yaxud sübutların əldə olunması barədə vəsatət verməsinə şərait yaratmamışdır. Digər tərəfdən, iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası tam və hərtərəfli həyata keçirilməmiş, onun banka etdiyi ödənişlərin bir çoxu nəzərə alınmamış, bununla da onun banka olan əsas və faiz borclarının hesablanmasında səhvə yol verilmişdir. Ekspert rəyində onun kredit borcu aşağıdakı kimi müəyyən edilir: xx.xx.2022-ci il tarixinə - əsas borc üzrə 8543,14 ABŞ dolları, faiz borcu üzrə 3699,65 ABŞ dolları; xx.xx.2023-cü il tarixinə - AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən (5%-lə) hesablanan borc üzrə 582,59 ABŞ dolları... Həmin rəy məhkəməyə daxil olduqdan sonra iş üzrə icraat təzələnərək məhkəmə prosesi təyin edilsə də, bununla bağlı ona bildiriş göndərilməmiş və buna görə də, rəyə dair etirazını məhkəməyə bildirə bilməmişdir. Ekspert rəyi ona görə düzgün və əsaslı deyil ki, rəy üzrə tədqiqat aparılan zaman Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” xx.xx.2019-cu il tarixli Fərmanının tələbləri nəzərə alınmamış, əsas və faiz borcları hesablanarkən həmin Fərmanın göstərişlərinə əməl olunmamış, o cümlədən onun banka etdiyi ödənişlərin həcmi dəqiq müəyyən olunmamışdır. Belə ki, həmin Fərmanın 6.1-ci bəndinə əsasən banklara tövsiyə edilmişdir ki, bu Fərmanın 7.1-ci bəndində nəzərdə tutulan siyahı üzrə vaxtı keçmiş kredit borcu olan fiziki şəxslərə yeni güzəştli kredit müqaviləsi bağlanmasını təklif etsinlər. Həmin Fərmanın 6.2-ci bəndinə əsasən banklara tövsiyə edilmişdir ki, fiziki şəxslərin vaxtı keçmiş kredit borclarının restrukturizasiya olunacağını nəzərə alaraq, banklar bir ay müddətində həmin kreditlərə hesablanmış faizlərin silinməsini və məhkəmədə olan işlərin geri çağırılmasını təmin edən tədbirlər görsünlər. Həmin Fərmanın 8.8-ci maddəsinə əsasən güzəştli kredit dedikdə fiziki şəxslərin vaxtı keçmiş kredit borclarının restrukturizasiyası məqsədilə onlara banklar tərəfindən illik faiz dərəcəsi 1 faiz, banklara isə Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən illik faiz dərəcəsi 0,1 faiz olmaqla 5 il (1 il güzəşt müddəti ilə) müddətinə verilən kreditlər başa düşülür. Həmin Fərmanın 8.9-cu bəndinə əsasən faizlərin silinməsi dedikdə vaxtı keçmiş kredit borcları üzrə hesablanmış faizlərin və dəbbə pulunun (cərimə, penya) silinməsi başa düşülür... Göründüyü kimi, həmin Fərmanda əsas kredit borclarının ödənilməsi məqsədilə fiziki şəxslərə güzəştli kreditlərin verilməsi, yəni müqavilənin restrukturizasiyası, restrukturizasiya zamanı vaxtı keçmiş kredit borcları üzrə hesablanmış faizlərin və dəbbə pulunun (cərimə, penya) silinməsi nəzərdə tutulmuşdur. Lakin, iş üzrə təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizası üzrə tədqiqat aparılan zamanı qeyd olunan hallar araşdırılmamışdır. Qusar Rayon Məhkəməsi isə həmin rəyi tədqiq etməklə həmin pozuntuları aşkar etməmiş, bu məqsədlə onun iştirakı ilə müvafiq araşdırma aparmamış, nəticədə isə düzgün olmayan qətnamə qəbul etmişdir. Apellyasiya baxışı iclasının yeri və vaxtı barədə tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasında iştirak etməmişlər. Əvvəlki məhkəmə iclası ilə əlaqədar Cavabdeh1 məhkəməyə vəsatət və ərizə göndərərək, iş üzrə təkrar məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsini və vəkillə müqavilə bağlaması üçün ona vaxt verilməsini xahiş etmişdir. Cavabdehlər hazırkı məhkəmə iclasına gəlməmiş və gəlməməyin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak etmiş iddiaçı LPO İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin təmin olunmamasını və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Hazırkı məhkəmə iclası ilə əlaqədar iddiaçının nümayəndəsi Nümayəndə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə məhkəməyə ərizə ilə müraciət edərək, məhkəmə iclasının iştirakı olmadan keçirilməsini və cavabdehin apellyasiya şikayətinin təmin edilməyərək Qusar Rayon Məhkəməsinin iş üzrə xx.xx.2024-cü il tarixli qətnaməsinin qüvvədə saxlanılmasını xahiş etmişdir... Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən hazırkı məhkəmə iclasında işə iddiaçının nümayəndəsinin və cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası Cavabdeh1 apellyasiya şikayətinin dəlillərinə və işdə olan sübutlara tətbiq edilməli hüquq normaları baxımından qiymət verib hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək yeni qətnamə qəbul edilməli və iddia qismən təmin edilməlidir. Hüquqi məsələlər və apellyasiya instansiyası məhkəməsinin mövqeyi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Mülki Prosessual Məcəllənin 77.1-ci mаddəsinə əsаsən, hər bir tərəf öz tələb və etirаzlаrının əsаsı kimi istinаd etdiyi hаllаrı sübut etməlidir. Həmin Məcəllənin 217-ci mаddəsinə əsаsən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hаkim) öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. Hazırkı işin mübahisə olunmayan hallarından görünür ki, İddiaçı ASC-nin Qusar filialı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2014-cü il tarixli 840 nömrəli Kredit müqaviləsinə əsasən cavabdehə illik 28% dərəcəsi ilə 36 ay müddətinə 12.750 ABŞ dolları məbləğində kredit verilmişdir. Cavabdeh1 kredit verilərkən digər Cavabdeh2 ilə bank arasında eyni tarixli ZM-840 nömrəli Zaminlik müqaviləsi bağlanmışdır ki, bu müqaviləyə əsasən Cavabdeh2 zamin qismində öz üzərinə faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borcalanın öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, kreditor qarşısında borcalan ilə eyni həcmdə məsuliyyət daşımaq öhdəliyi götürmüşdür. Kredit və zaminlik müqavilələri üzrə bağlanmış xx.xx.2017-ci il tarixli 02 saylı Əlavə sazişlərə əsasən həmin tarixə borcalanın kreditor qarşısındakı kredit öhdəliyinin qalığını təşkil etmiş 9605.85 ABŞ dolları əsas borc, 3742.92 ABŞ dolları faiz borcu və 800.20 ABŞ dolları cərimə borcu olmaqla cəmi 14148.97 ABŞ dolları (on dörd min yüz qırx səkkiz dollar, 97 sent) məbləğində kredit vəsaiti restrukturizasiya edilərək, kreditin müddəti xx.xx.2022-ci il tarixədək uzadılmış və illik 10% dərəcəsi ilə qaytarılması razılaşdırılmışdır. Lakin kredit müqaviləsi və sonrakı saziş üzrə əsas borc və ona hesablanmış faizlərin ödəniş qrafiki üzrə vaxtlı-vaxtında ödənilməsi təmin olunmamış, ona görə də iddiaçı tərəfindən cavabdehlərə qarşı məhkəmədə iddia qaldırılaraq onlardan xx.xx.2023-cü il tarixinə olan 8543.12 ABŞ dolları əsas borc, 3854.34 ABŞ dolları faiz borcu, 6370.70 ABŞ dolları cərimə və kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli Qərarına əsasən hesablanmış 593.81 ABŞ dolları faiz borcu olmaqla cəmi 19361.97 ABŞ dolları məbləğində kredit borcu tələb olunmuşdur. Qeyd olunduğu kimi, birinci instansiya məhkəməsi iddia tələbini qismən təmin edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 8543.12 ABŞ dolları əsas borc, 3699.65 ABŞ dolları faiz borcu, 200.00 ABŞ dolları cərimə və kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli Qərarına əsasən hesablanmış 582.59 ABŞ dolları faiz borcu olmaqla cəmi 13.025,36 ABŞ dolları (on üç min iyirmi beş dollar, otuz altı sent) məbləğində kredit borcunun qətnamə icra olunan günə Azərbaycan manatı məzənnəsi ilə hesablanmaqla müştərək qaydada tutularaq iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin hesabına keçirilməsini qət etmişdir. Cavabdeh1 apellyasiya şikayətinin dəlilləri araşdırılarkən müəyyən olunmuşdur ki, birinci instansiya məhkəməsi iş üzrə tam və hərtərəfli araşdırma aparmamış, xüsusən də “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanının mübahisəli kreditə şamil olunub-olunmamasını müəyyənləşdirməmiş, nəticədə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmaması ilə qətnamə qəbul etmişdir. Belə ki, Azərbaycan Respublikasında əhalinin rifahını yüksəltməyin, sosial müdafiəsini və layiqli həyat səviyyəsini təmin etməyin dövlətin sosial-iqtisadi inkişaf konsepsiyasının prioritetlərindən olmasını, qlobal iqtisadi və maliyyə böhranının ölkə iqtisadiyyatına təsirlərinin əhalinin müəyyən qrupunun ödəmə qabiliyyətinin zəifləməsinə, bunun da nəticəsində kredit təşkilatlarından xarici valyutada borc almış vətəndaşların bank sistemi qarşısında vaxtı keçmiş kreditlər üzrə öhdəliklərinin artmasına və bu öhdəliklərin yerinə yetirilməsi ilə bağlı məsələlərə məhkəmə müstəvisində baxılma hallarının çoxalmasını və sair halları nəzərə alan ölkə başçısı tərəfindən dünya bazarında neftin qiymətinin 3-4 dəfə azalması ilə bağlı baş vermiş devalvasiya nəticəsində fiziki şəxslərin xarici valyutada olan kreditləri üzrə onların üzləşdiyi maliyyə itkisini qarşılamaq, o cümlədən problemli kreditlər məsələsinin həllinə dövlət dəstəyini təmin etmək məqsədilə "Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında" 28 fevral 2019-cu il tarixdə 551 nömrəli Fərman imzalanmışdır. Həmin Fərmanın 3-cü bəndi ilə Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasına tapşırılmışdır ki, (3.1.) Azərbaycan Respublikasının Mərkəzi Bankı ilə birlikdə bu Fərmanın 1-ci hissəsində göstərilən tələblər nəzərə alınmaqla, fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizmini (qaydasını), habelə həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştləri müəyyən edərək, Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla on beş gün müddətində təsdiq etsin; (3.2.) bu Fərmanın 1-ci hissəsinə əsasən ediləcək ödənişin ümumi məbləğini, ödəniş ediləcək fiziki şəxslərin siyahısını və hər bir fiziki şəxsə ödəniləcək vəsaitin məbləğini qırx beş gün müddətində müəyyən edərək bu barədə Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə və Azərbaycan Respublikasının Mərkəzi Bankına məlumat versin. Fərmanın 5-ci bəndi ilə Azərbaycan Respublikasının Mərkəzi Bankına tövsiyə edilmişdir ki, bu Fərman qüvvəyə mindiyi tarixə fiziki şəxslərin xarici valyutada əsas məbləği 10 000 (on min) ABŞ dollarınadək, milli valyutada isə 17 000 (on yeddi min) manatadək olan kreditlər üzrə vaxtı keçmiş kredit borclarının restrukturizasiyası məqsədilə, Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının müraciəti əsasında, banklara 682 000 000,0 (altı yüz səksən iki milyon) manat məbləğinədək dövlət zəmanəti ilə təmin edilmiş güzəştli kredit verilməsini, bu Fərmanın 5.1-ci bəndində nəzərdə tutulan tədbirlər nəticəsində bankların valyuta mövqeyinin pisləşməsinin qarşısını almaq məqsədilə ayrılmış kreditin hesabına banklara, onların müraciəti əsasında 215 000 000,0 (iki yüz on beş milyon) ABŞ dolları dəyərinədək xarici valyutada ifadə olunmuş, illik faiz dərəcəsi 0,5 faiz olmaqla qiymətli kağızların verilməsini ... təmin etsin. Habelə, Fərmanın 6-cı bəndinə əsasən, banklara bu Fərmanın 7.1-ci bəndində nəzərdə tutulan siyahı üzrə vaxtı keçmiş kredit borcu olan fiziki şəxslərə yeni güzəştli kredit müqaviləsi bağlanmasını təklif etmələri, fiziki şəxslərin vaxtı keçmiş kredit borclarının restrukturizasiya olunacağını nəzərə alaraq bir ay müddətində həmin kreditlərə hesablanmış faizlərin silinməsini və məhkəmədə olan işlərin geri çağırılmasını, borcları restrukturizasiya olunmuş fiziki şəxslərin borc yükünün yüngülləşdirilməsini təmin edən digər tədbirlər görmələri tövsiyə edilmişdir. Həmin Fərmana əsasən, güzəştli kredit dedikdə fiziki şəxslərin vaxtı keçmiş kredit borclarının restrukturizasiyası məqsədilə onlara banklar tərəfindən illik faiz dərəcəsi 1 faiz olmaqla 5 il (1 il güzəşt müddəti ilə) müddətinə verilən kreditlər, faizlərin silinməsi dedikdə vaxtı keçmiş kredit borcları üzrə hesablanmış faizlərin və dəbbə pulunun (cərimə, penya) silinməsi nəzərdə tutulmuşdur. Hazırkı iş üzrə apellyasiya icraatı zamanı Azərbaycan Respublikasının Mərkəzi Bankına ünvanlanmış sorğuya verilən cavabda qeyd olunur ki, “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” ölkə başçısının xx.xx.2019-cu il tarixli 551 nömrəli Fərmanının icrası Mərkəzi Bankın xx.xx.2019-cu il tarixinə Mərkəzləşdirilmiş Kredit Reyestrinin (MKR) məlumat bazasına, habelə Fərman çərçivəsində yaradılmış məlumat bazasında (PK) göstərilən və müvafiq bankların təqdim etdikləri məlumatlara əsasən həyata keçirilir. Mərkəzi Bankın MKR və PK məlumat bazalarına əsasən müəyyən olunur ki, ləğv prosesində olan İddiaçı ASC ilə Cavabdeh1 (FİN: xxxxxxx) arasında bağlanmış xx.xx.2014-cü il tarixli kredit müqaviləsi Fərmanın təsiri çərçivəsinə düşmüşdür. Belə ki, Fərmanın qüvvəyə mindiyi günə – xx.xx.2019-cu il tarixinə sözügedən kredit müqaviləsi üzrə cavabdehin vaxtı keçmiş əsas kredit borcu 8 543,12 ABŞ dolları (səkkiz min beş yüz qırx üç ABŞ dolları on iki sent) təşkil etdiyindən həmin borcun restrukturizasiya edilməsi nəzərdə tutulmuşdur. Eyni zamanda göstərilən məlumatlar ləğv olunmuş Maliyyə Bazarlarına Nəzarət Palatasının xx.xx.2019-cu il tarixli qərarı ilə təsdiq edilmiş “Fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizminin və həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştlərin müəyyən edilməsi Qaydası”nın tələblərinə əsasən kompensasiya ödənişləri və restrukturizasiya ilə bağlı məlumatların fiziki şəxslər və kredit təşkilatları üçün əlçatanlığının təmin olunması və onlar tərəfindən həmin məlumatların onlayn rejimdə əldə edilməsi məqsədilə yaradılmış elektron portala da yerləşdirilmişdir. Qaydaların tələblərinə əsasən fiziki şəxslərin vaxtı keçmiş əsas kredit borclarının restrukturizasiyası hər bir müştəriyə münasibətdə müvafiq kredit təşkilatları (və ya onların ləğvedicisi) tərəfindən fərdi qaydada tətbiq edilə bilərdi. Bundan başqa, Qaydanın 6.16-cı bəndinə əsasən fiziki şəxslərin kredit borclarının restrukturizasiyası məqsədilə yeni güzəştli kredit müqaviləsinin bağlanması ilə bağlı müraciətlərinin qəbulu 2019-cu ilin dekabrın 31-də başa çatmışdır. Mərkəzi Bankın cavab məktubundan və məktuba əlavə olunmuş Problemli kreditlərin kompensasiyası barədə məlumatlardan görünür ki, xx.xx.2014-cü il tarixli 840 nömrəli Kredit müqaviləsinə əsasən İddiaçı ASC tərəfindən Cavabdeh1 verilmiş kredit üzrə xx.xx.2019-cu il tarixə hesablanmış borc Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli 551 nömrəli Fərmanının təsiri dairəsinə düşmüş və həmin Fərmanın müddəaları mübahisəli kredit borcuna da aid olmuşdur. Fərmanın tətbiqindən sonra borclu (cavabdeh) Cavabdeh1 restrukturizasiya olunması təklif edilən krediti 14523,30 manat (on dörd min beş yüz iyirmi üç manat 30 qəpik) məbləğində müəyyən olunmuşdur. Lakin xx.xx.2019-cu il tarixli 551 nömrəli Fərmanla müəyyən olunmuş müddətdə, yəni 2019-cu il dekabrın 31-dək nə iddiaçı (kredit verən) İddiaçı ASC (onun ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu) tərəfindən borclu (cavabdeh) Cavabdeh1 kreditin (əsas borcun) restrukturizasiya olunması barədə təklif verilməmiş, nə də bununla bağlı borclu (cavabdeh) Cavabdeh1 tərəfindən kredit verən (iddiaçı) İddiaçı ASC-yə (yaxud onun ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna) müraciət olunmamışdır. Qeyd etmək lazım gəlir ki, mübahisəli kredit üzrə axırıncı ödəniş 2017-ci ilin dekabr ayında olmuş, 2018-ci ilin əvvəlindən indiyədək heç bir ödəniş edilməmişdir. Qeyd olunduğu kimi, Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” 28 fevral 2019-cu il tarixli Fərmanına əsasən problemli kreditlər üzrə faiz və cərimə borclarının silinməsi nəticəsində banklara dəyə biləcək zərəri kompensasiya etməyi dövlət öz üzərinə götürmüş, bundan əlavə, vətəndaşların 10.000 ABŞ dolları və ya 17.000 manat məbləğədək olan əsas borclarının restrukturizasiya olunması məqsədilə dövlət tərəfindən banklara (Mərkəzi Bank vasitəsilə) güzətli kredit ayrılmışdır. Ona görə də banklar tərəfindən Fərmanın təsiri dairəsinə düşən problemli kreditlər üzrə faiz və cərimə borclarının vətəndaşlardan (borclulardan) tələb edilməsi qanunsuzdur (həmin borclar dövlət hesabına silinməlidir) və yalnız restrukturizasiya olunması təklif olunan əsas kredit borcları tələb edilə bilər. Lakin, İddiaçı ASC (onun ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu) cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı irəli sürdüyü iddiada onlardan 8543.12 ABŞ dolları (14523,30 manat) məbləğdə əsas borcla yanaşı, 3854.34 ABŞ dolları məbləğdə faiz borcu, 6370.70 ABŞ dolları məbləğdə cərimə və kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli Qərarına əsasən hesablanmış 593.81 ABŞ dolları məbləğdə faiz borcu da tələb etmiş, birinci instansiya məhkəməsi isə əsas borcdan savayı, digər borcları da qismən – 3699.65 ABŞ dolları məbləğdə faiz borcunu, 200.00 ABŞ dolları məbləğdə cəriməni və kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli Qərarına əsasən hesablanmış 582.59 ABŞ dolları məbləğdə faiz borcunu təmin etmişdir. Məhkəmə bu nəticəyə gələrkən maddi hüquq normalarını düzgün tətbiq etməmiş, o cümlədən hazırkı iş üzrə iddianın həllinə tətbiq edilməli olan Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli 551 nömrəli Fərmanının tələblərini pozmuşdur. Odur ki, məhkəmə kollegiyası hazırkı iş üzrə iddia tələbini yalnız 14523,30 manat məbləğində əsas borca aid hissədə əsaslı hesab edir. İstinad edilən Fərmanın tələblərinə müvafiq olaraq həmin borc (kredit) məbləğinin restrukturizasiya olunması ilə bağlı tərəflər arasında müqavilə (yeni kredit müqaviləsi) bağlanmadığından iddiaçının həmin borca görə faiz, cərimə və zərərin əvəzi hesablamasının (tələb etməsinin) hüquqi əsası yoxdur. Eləcə də, xx.xx.2019-cu il tarixli 551 nömrəli Fərmanın tələblərinə əməl olunmadığından, iddiaçının tərəflər arasında xx.xx.2014-cü il tarixli 840 nömrəli Kredit müqaviləsi üzrə bağlanmış xx.xx.2017-ci il tarixli 02 saylı Əlavə sazişə (restrukturizasiya sazişinə) istinad etməklə cavabdehlərdən faiz borcu, cərimə və zərərin əvəzi tələb etməsi qanunsuzdur. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Cavabdeh2 zamin olduğu müqavilə öhdəliyinin icra müddəti xx.xx.2022-ci il tarixdə sona çatmışdır. Mülki Məcəllənin 477.0.4cü maddəsinə görə, zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir... İddiaçı isə məhkəməyə hazırkı iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə, yəni zaminliklə təmin olunmuş öhdəliyin icrası müddəti bitəndən təxminən 1 il 8 ay sonra müraciət etmişdir. Nəzərə alınmalıdır ki, Mülki Məcəllənin 477.0.4-cü maddəsində müəyyən olunmuş müddət kəsici müddət olmaqla məhkəmə tərəfindən öz təşəbbüsü ilə (tərəflərin istəyindən və müraciətindən asılı olmayaraq) tətbiq edilir. Ona görə də, İddiaçı ASC-nin Qusar filialı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2014-cü il tarixli 840 nömrəli Kredit müqaviləsi (və xx.xx.2017-ci il tarixli 02 saylı Əlavə saziş) üzrə digər Cavabdeh2 zaminliyinə artıq xitam verilmiş hesab olunmalıdır. Bununla əlaqədar Cavabdeh2 hazırkı işdə cavabdeh qismində iştirakına da xitam verilməlidir. Cavabdeh1 həm apellyasiya şikayətində, həm də sonradan apellyasiya məhkəməsinə göndərdiyi vəsatət və ərizəsində iş üzrə təkrar məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsini xahiş etmiş, bunun səbəblərindən biri kimi banka etdiyi ödənişlərin bir çoxunun nəzərə alınmamasını göstərmişdir. Lakin o, nəzərə alınmamasını iddia etdiyi ödənişləri ilə bağlı məhkəməyə heç bir sübut təqdim etməmişdir. Belə vəziyyətdə təkrar ekspertizanın təyin olunması əhəmiyyətsizdir. Təkrar ekspertiza keçirilməsi barədə vəsatət verilməsinin digər səbəbi isə mübahisəli kredit borcunun Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanı tətbiq olunmaqla yenidən hesablanması göstərilmişdir. Lakin, həmin məsələ hüququn (qanunun) tətbiqi ilə bağlı olduğundan bu səbəblə ekspertiza təyin edilməsi yolverilməzdir. Ona görə də məhkəmə kollegiyası iş üzrə təkrar məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsinə əsas və zərurət görməyərək cavabdehin vəsatətini təmin olunmadan saxlamışdır. Azərbaycan Respublikası MPM-in 385.1.1-ci maddəsinə görə, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. MPM-in 384.0.2-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Şərh olunanlara əsasən məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, Cavabdeh1 apellyasiya şikayəti qismən təmin edilməli, Qusar Rayon Məhkəməsinin hazırkı iş üzrə xx.xx.2024-cü il tarixli, e-2(029)-156/2024 nömrəli qətnaməsi ləğv edilərək yeni qətnamə qəbul edilməli, iddia tələbi qismən təmin edilməklə Cavabdeh1 14523,30 manat (on dörd min beş yüz iyirmi üç manat 30 qəpik) məbləğində pul vəsaitinin iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə tutulması qət edilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.5-ci maddəsinə əsasən, apellyasiya və kassasiya şikayətləri verilməsi ilə əlaqədar işdə iştirak edən şəxslərin çəkdikləri məhkəmə xərcləri də bu Məcəllənin 119.1-119.4-cü maddələrində göstərilən qaydaya uyğun bölüşdürülür. İş materiallarından görünür ki, iddiaçı məhkəməyə iddia ərizəsinin verilməsi ilə əlaqədar 188,75 manat, cavabdeh isə apellyasiya şikayətinin verilməsi üçün 95 manat dövlət rüsumu ödəmişlər. Bundan başqa, birinci instansiya məhkəməsinin təşəbbüsü ilə təyin olunmuş ekspertizanın tədqiqat xərcləri 100 manat təşkil etmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384,385, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Qusar Rayon Məhkəməsinin hazırkı iş üzrə xx.xx.2024-cü il tarixli, e-2(029)- 156/2024 nömrəli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit borcunun qaytarılması tələbinə dair” iddiası qismən təmin edilərək, Cavabdeh1 14523,30 manat (on dörd min beş yüz iyirmi üç manat 30 qəpik) məbləğində pul vəsaiti iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumları qarşılıqlı surətdə hesaba alınmaqla Cavabdeh1 33 (otuz üç) manat məbləğdə rüsum əvəzi tutularaq iddiaçı ləğv prosesində olan İddiaçı ASCnin xeyrinə ödənilsin; ödənilmiş dövlət rüsumları qalan hissələrdə tərəflərin özlərinə aid edilsin. Həmçinin, ekspertiza xərcinə görə Cavabdeh1 50 (əlli) manat məbləğdə, iddiaçı ləğv prosesində olan İddiaçı ASC-dən də 50 (əlli) manat məbləğdə pul vəsaiti tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Hazırkı qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində tələbləri təmin olunmayan şəxslər tərəfindən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet üzərindən Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar