Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1281/2021 06.05.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri: Məmmədov Telman Qədir oğlu (sədrlik edən, məruzəçi hakim), Abasov Şəmsəddin Rizalı oğlu və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1 iştirakı ilə açıq məhkəmə iclasında Sumqayıt Şəhər Məhkəməsinin 23 noyabr 2020-ci il tarixli, 2(060)-2469/2020 saylı qətnaməsindən Cavabdeh apellyasiya şikayətinə əsasən işə apellyasiya qaydasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Sumqayıt Şəhər Məhkəməsinin 23 noyabr 2020-ci il tarixli, 2(060)-2469/2020 saylı qətnaməsi ilə (sədrlik edən, hakim Almaz Süleymanova) İddiaçı bank olmayan kredit təşkilatı açıq səhmdar cəmiyyətinin Cavabdeh qarşı kredit müqaviləsinin ləğv edilməsi, kredit borcunun tutulması və tələbin ipoteka predmetinə yönəldilməsinə dair mülki iş üzrə iddia qismən təmin edilmiş, İddiaçı bank olmayan kredit təşkilatı açıq səhmdar cəmiyyəti ilə Cavabdeh arasında bağlanılmış 15 dekabr 2015-ci il tarixli, 2015/00263-01 saylı kredit müqaviləsinin ləğv edilməsi, Cavabdeh 4551,74 ABŞ dolları əsas borc, 1893,86 ABŞ dolları faiz borcu, 400 ABŞ dolları dəbbə pulu, cəmi 6845,6 ABŞ dolları (ödəniş gününə manata məzənnə ilə) borcun və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 18,90 manatın İddiaçı bank olmayan kredit təşkilatı açıq səhmdar cəmiyyətinin xeyrinə tutulması, tələbin Cavabdeh mülkiyyətində olan Sumqayıt şəhəri, 42-ci məhəllə, ev 9-da yerləşən ümumi sahəsi 75,0 kv.m, yaşayış sahəsi 47,3 kv.m və yardımçı sahəsi 27,7 kv.m olan 22 saylı mənzilə yönəldilməsi, həmin əmlakın açıq hərracdan satılması, ipoteka predmetinin ilkin satış qiymətinin 58000 manat müəyyən edilməsi, hərrac üzrə xərclər satışdan əldə olunan vəsaitdən çıxıldıqdan sonra iddiaçının iddia tələbinin satılmış əmlak hesabına ödənilməsi, iddiaçının tələbləri ödənildikdən sonra qalan məbləğin Cavabdeh qaytarılması, Sumqayıt şəhəri, 42-ci məhəllə, ev 9, 22 saylı mənzilə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh əşyaları ilə birlikdə mənzildən çıxarılmaqla mənzilin boşaldılması, mülki iş üzrə aparılmış məhkəmə-əmtəəşünaslıq tədqiqatının dəyərinin əvəzi olaraq 189 manatın Cavabdeh, 111 manatın İddiaçı bank olmayan kredit təşkilatı açıq səhmdar cəmiyyətindən tutularaq “xxxx” məhdud məsuliyyətli cəmiyyətinin (Müştəri hesabı: AZ65UBAZ**********0060AZN001) xeyrinə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmiş, cavabdeh qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ: Mülki işin materiallarından görünür ki, İddiaçı bank olmayan kredit təşkilatı açıq səhmdar cəmiyyəti iddia ilə məhkəməyə müraciət edərək tərəflər arasında bağlanmış 15 dekabr 2015-ci il tarixli, 2015/00263-01 saylı kredit müqaviləsinin ləğv edilməsi, Cavabdeh 10 fevral 2020-ci il tarixinə kreditin əsas borcu üzrə 4551,74 ABŞ dolları məbləğində qalıq, ona hesablanmış 1520,45 ABŞ dolları məbləğində faiz borc, ödənişlərin gecikdirilməsinə görə hesablanmış 1416,00 ABŞ dolları məbləğində dəbbə pulu, cəmi 7488,19 ABŞ dolları borcun və dövlət rüsumu kimi ödənilmiş 30,40 manat məbləğində pulun tutulması, tələbin Cavabdeh mülkiyyətində olan Sumqayıt şəhəri, 42-ci məhəllə, ev 9-da yerləşən ümumi sahəsi 75,0 kv.m, yaşayış sahəsi 47,3 kv.m və yardımçı sahəsi 27,7 kv.m olan 22 saylı mənzilə yönəldilməsi, həmin mənzilin açıq hərracda satılması və onun satışından əldə olunmuş pul vəsait hesabına 4551,74 ABŞ dolları məbləğində qalıq, ona hesablanmış 1520,45 ABŞ dolları məbləğində faiz borc, ödənişlərin gecikdirilməsinə görə hesablanmış 1416,00 ABŞ dolları məbləğində dəbbə pulu, cəmi 7488,19 ABŞ dolları borcun və dövlət rüsumu kimi ödənilmiş 30,40 manat məbləğində pulun cəmiyyətə ödənilməsi, ipoteka predmeti açıq hərracda satıldıqdan sonra cavabdehin ən geci 1 ay ərzində ipoteka predmeti olan əmlakdan əşyaları ilə birlikdə çıxarılmasına dair qətnamə qəbul olunmasını xahiş etmiş və tələblərini onunla əsaslandırmışdır ki, cəmiyyətlə Cavabdeh arasında bağlanmış 15 dekabr 2015-ci il tarixli, 2015/00263-01 saylı istehlak krediti müqaviləsinə əsasən cəmiyyət tərəfindən cavabdehə 60 ay müddətinə illik 28% hesablanmaq şərti ilə 12000 ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin təminatı olaraq Cavabdeh mülkiyyətində olan Sumqayıt şəhəri, 42-ci məhəllə, ev 9-da yerləşən ümumi sahəsi 75,0 kv.m, yaşayış sahəsi 47,3 kv.m və yardımçı sahəsi 27,7 kv.m olan 22 saylı mənzil ipoteka predmeti kimi cəmiyyətə təqdim etmiş və bu barədə 15 dekabr 2015-ci il tarixli ipoteka müqaviləsi bağlanmışdır. Qeyd olunan ipoteka müqaviləsi 18.12.2015-ci il tarixdə qeydə alınmış və müvafiq çıxarış verilmişdir. Cavabdeh tərəfindən kredit üzrə ödənişlər aparılmamışdır. Vəsaitin hesabına köçürüldüyü vaxtdan bəri cavabdeh tərəfindən kredit müqaviləsinin tələblərinə əməl olunmamış, kredit və ona hesablanmış faizlər ödənilməmişdir. Cəmiyyət tərəfindən cavabdehə dəfələrlə müraciət edilərək əsas kredit məbləği və ona hesablanmış faizlərin ödənilməsi xahiş edilmiş, cəmiyyət tərəfindən cavabdehə poçt vasitəsilə yaranmış borcu ödəmədiyi təqdirdə borcun qaytarılması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbi ilə məhkəməyə müraciət olunması barədə bildiriş məktubu göndərilmişdir. Lakin göstərilən kredit məbləği və ona hesablanmış faizlər bu günə kimi ödənilməmişdir. Bu isə müqavilə ilə cavabdehin öz üzərinə götürdüyü öhdəliyin pozulmasına gətirib çıxarmışdır. Belə ki, 10 fevral 2020-ci il tarixinə kreditin əsas borcu üzrə 4551,74 ABŞ dolları məbləğində qalıq, ona hesablanmış 1520,45 ABŞ dolları məbləğində faiz borcu, ödənişlərin gecikdirilməsinə görə hesablanmış 1416,00 ABŞ dolları məbləğində dəbbə pulu, cəmi 7488,19 ABŞ dolları məbləğində borc yaranmışdır. İddiaçı bank olmayan kredit təşkilatı açıq səhmdar cəmiyyəti iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək tərəflər arasında bağlanmış 15 dekabr 2015-ci il tarixli, 2015/00263-01 saylı kredit müqaviləsinin ləğv edilməsi, Cavabdeh kreditin əsas borcu üzrə 4551,74 ABŞ dolları qalıq, ona hesablanmış 1893,86 ABŞ dolları faiz borc, ödənişlərin gecikdirilməsinə görə hesablanmış 4452 ABŞ dolları dəbbə pulu, cəmi 10897,60 ABŞ dolları borcun və dövlət rüsumu kimi ödənilmiş 30,40 manat pulun tutulması, tələbin Cavabdeh mülkiyyətində olan Sumqayıt şəhəri, 42-ci məhəllə, ev 9-da yerləşən ümumi sahəsi 75,0 kv.m, yaşayış sahəsi 47,3 kv.m və yardımçı sahəsi 27,7 kv.m olan 22 saylı mənzilə yönəldilməsi, həmin mənzilin açıq hərracda satılması və onun satışından əldə olunmuş pul vəsait hesabına 4551,74 ABŞ dolları qalıq, ona hesablanmış 1893,86 ABŞ dolları faiz borcu, ödənişlərin gecikdirilməsinə görə hesablanmış 4452 ABŞ dolları dəbbə pulu, cəmi 10897,60 ABŞ dolları borcun və dövlət rüsumu kimi ödənilmiş 30,40 manat məbləğində pulun cəmiyyətə ödənilməsi, ipoteka predmeti açıq hərracda satıldıqdan sonra cavabdehin ən geci 1 ay ərzində ipoteka predmeti olan əmlakdan əşyaları ilə birlikdə çıxanlmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Mübahisə üzrə yuxarıda göstərilən qətnamə qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnamə prosessual pozuntulara yol verilərək qət edildiyindən apellyasiya qaydasında ləğv edilməlidir. Məhkəmə işə baxan zaman işin faktiki hallarını araşdırmamış, işin müəyyən olunmuş halları ilə bağlı düzgün nəticəyə gəlməməsi ilə bərabər, maddi və prosessual hüquq normalarına da riayət etməyərək, hüquq pozuntularına yol vermişdir. Qətnamə şəxsi mülahizələr əsasında və yoxlanılmamış dəlillər əsasında qurulduğundan, məhkəmənin gəldiyi nəticə həm faktiki hallarla bağlı, həm də tətbiq edilmiş hüquq normalara görə işin həqiqi hallarına uyğun deyildir və tərəflərin qarşılıqlı münasibətlərini əks etdirmir. Azərbaycan Respublikası MM-nin 295-ci maddəsinə əsasən girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. Qanunun tələbindən göründüyü kimi, öhdəlik girov qoymuş şəxsin cavabdeh olduğu səbəbdən icra edilmədikdə və ya lazımınca icra edilmədikdə tələb girov qoyulmuş əşyaya yönəldilə bilər. Lakin göstərilən müqavilə üzrə öhdəliyin icrası onun cavabdeh olmadığı, ondan asılı olmayan səbəbdən gecikdirilmişdir. Belə ki, ailəsilə bağlı bəzi problemlər yaranmış və bununla əlaqədar güclü maddi sıxıntılarla üzləşərək maddi çətinliyə düşmüşdür. Bu səbəbdən müqavilə üzrə öhdəliyinin icrasını gecikdirmişdir. Maddi çətinliyə məruz qaldığı müddətə qədər müqavilə üzrə öhdəliklərini yerinə yetirmişdir. Məhkəmə qətnaməsi ilə müəyyən olunmuş dəbbə pulu tənasübsüz surətdə yüksəkdir. Məhkəmə onun üzərində əsas və faiz borcu olaraq icra edilməmiş pul öhdəliyinin olmasını, bununla yanaşı əlavə olaraq yüksək məbləğdə cərimənin tətbiq edilməsini onun vəziyyətini daha da ağırlaşdırdığını, habelə cavabdehin əmlak mənafelərini, o cümlədən öhdəliyin icrasını bilərəkdən gecikdirmədiyini nəzərə alaraq dəbbə pulunun tələbi ilə bağlı hissədə iddianı təmin etməməli və dəbbə pulunun müəyyən olunmaması barədə qətnamə qəbul etməlidir. Məhkəmə tələbin ipoteka predmetinə yönəldilməsi ilə yanaşı, əmlak satıldıqdan 1 ay sonra onun əşyaları ilə birlikdə mənzildən çıxarmaqla mənzilin boşaldılmasını da qət etmişdir. Onun mənzildən çıxarılması ilə bağlı məsələ tələbin ipotekaya yönəldilməsi tələbindən ayrı icraatda daha ətraflı şəkildə araşdırılaraq həll edilməlidir. Belə ki, həmin mənzildə qeydiyyatda olan digər şəxslərin olmasını, mənzilin boşaldılmasının onların da hüquqlarına toxunduğunu nəzərə alaraq iddiaçı tərəfindən irəli sürülmüş bu tələblərə birlikdə baxılması işin hərtərəfli araşdırılmasına mane olduğu üçün mənzilin boşaldılması ilə bağlı tələb məhkəməyə ayrı qaydada verilməli idi. Apellyasiya şikayətində iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə çıxarılması xahiş edilmişdir. İddiaçı bank olmayan kredit təşkilatı açıq səhmdar cəmiyyəti və Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, iddiaçı nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etmədiyindən, cavabdeh məhkəmə iclasına gəlmədiyindən məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinə cərimə borcuna aid hissədə dəyişiklik edilməli, qətnamə iddianın təmin edilmiş qalan hissələrində dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin faktki olaraq iddianın təmin edilmiş hissələrində ləğv edilməsinə yönəldiyindən, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı bu hissələrdə yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edilib-edilməməsinə hüquqi qiymət verilməlidir. İş materiallarından görünür ki, İddiaçı bank olmayan kredit təşkilatı açıq səhmdar cəmiyyəti ilə bağlanmış 2015/00263-01 saylı, 15 dekabr 2015-ci il tarixli istehlak krediti müqaviləsinə əsasən Cavabdeh 60 ay müddətinə illik faiz dərəcəsi 28 faiz olmaqla, 12000 ABŞ dolları məbləğində kredit verilmişdir. İş materiallarında olan 15 dekabr 2015-ci il tarixli ipoteka müqaviləsinin surətindən görünür ki, İddiaçı bank olmayan kredit təşkilatı açıq səhmdar cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 2015/00263-01 saylı, 15 dekabr 2015-ci il tarixli istehlak krediti müqaviləsi üzrə öhdəliyin icrasının təmini kimi Cavabdeh məxsus Sumqayıt şəhəri, 42-ci məhəllə, ev 9-da yerləşən ümumi sahəsi 75.0 kv.m, yaşayış sahəsi 47.3 kv.m və yardımçı sahəsi 27.7 kv.m olan 22 saylı mənzil ipoteka ilə yüklü edilmiş və ipoteka predmetinin qiyməti 30000 manat müəyyən edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Ərazi İdarəsi tərəfindən verilmiş RX seriyalı, ******* nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Cavabdeh məxsus Sumqayıt şəhəri, 42-ci məhəllə, 9 saylı evin 22 saylı mənzilinin ipoteka ilə yüklü edilməsi 18 dekabr 2015-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 262 nömrəli reyestr kitabının 77 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan İddiaçı bank olmayan kredit təşkilatı açıq səhmdar cəmiyyətinin 11 fevral 2020-ci il tarixli borc haqqında arayışından görünür ki, 2015/00263-01 saylı, 15 dekabr 2015-ci il tarixli istehlak krediti müqaviləsi üzrə Cavabdeh 10 fevral 2020-ci il tarixə əsas kredit borcu 4551,74 ABŞ dolları, faiz borcu 1520,45 ABŞ dolları, dəbbə borcu 1416,00 ABŞ dolları, cəmi borcu 7488,19 ABŞ dolları təşkil edir. İş materiallarında olan İddiaçı bank olmayan kredit təşkilatı açıq səhmdar cəmiyyətinin 27 dekabr 2019-cu il tarixli bildirişinin surətindən görünür ki, Cavabdeh kredit borcunun ödəniməsi barədə xəbərdar edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinin 17 yanvar 2020-ci il tarixli məktubundan görünür ki, Cavabdeh məxsus Sumqayıt şəhəri, 42-ci məhəllə, 9 saylı evin 22 saylı mənzilinə tutmanın yönəldilməsi barədə bildirişin dövlət qeydiyyatı aparılmışdır. İş materiallarında olan “xxxx” MMC-nin 02 sentyabr 2020-ci il tarixli qiymətləndirmə barədə hesabatından görünür ki, Cavabdeh məxsus Sumqayıt şəhəri, 42-ci məhəllə, ev 9-da yerləşən 22 saylı mənzilin bazar dəyəri 75000 manat, likvid dəyəri 58000 manat təşkil edir. İş materiallarında olan İddiaçı bank olmayan kredit təşkilatı açıq səhmdar cəmiyyətinin 20 oktyabr 2020-ci il tarixli borc haqqında arayışından görünür ki, 2015/00263-01 saylı, 15 dekabr 2015-ci il tarixli istehlak krediti müqaviləsi üzrə Cavabdeh 20 oktyabr 2020-ci il tarixə əsas kredit borcu 4551,74 ABŞ dolları, faiz borcu 1893,86 ABŞ dolları, dəbbə borcu 4452,00 ABŞ dolları, cəmi borcu 10897,60 ABŞ dolları təşkil edir. Azərbaycan Respublikası MM-nin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1 və 448.2-ci maddələrinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 449.4-cü maddəsinə görə özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. İş üzrə araşdırılmış sübutlardan görünür ki, İddiaçı bank olmayan kredit təşkilatı açıq səhmdar cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 2015/00263-01 saylı, 15 dekabr 2015-ci il tarixli istehlak krediti müqaviləsinə əsasən Cavabdeh 60 ay müddətinə illik faiz dərəcəsi 28 faiz olmaqla, 12000 ABŞ dolları məbləğində kredit verilmişdir. Azərbaycan Respublikası MM-nin 421-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. İddiaçı bank olmayan kredit təşkilatı açıq səhmdar cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 2015/00263-01 saylı, 15 dekabr 2015-ci il tarixli istehlak krediti müqaviləsi üzrə ödəniş cədvəlindən görünür ki, Cavabdeh hər ay əsas və faiz borcu ilə birlikdə 374 ABŞ dolları ödəniş etməlidir. İş materiallarında olan hesabdan çıxarışdan görünür ki, Cavabdeh kredit müqaviləsi üzrə sonuncu dəfə 07 yanvar 2019-cu il tarixdə ödəniş etmişdir. İddiaçı” bank olmayan kredit təşkilatı açıq səhmdar cəmiyyəti isə 03 mart 2020-ci il tarixdə hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. Göründüyü kimi, Cavabdeh 2019-cu ilin yanvar ayından sonra ödəniş etməmişdir. Qeyd edilən hal cavabdeh tərəfindən müqavilənin əhəmiyyətli dərəcədə pozulması kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası MM-nin 269.1, 269.2 və 269.4-cü maddələrinə əsasən girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Girov və ipoteka hüququ əşya hüquqlarının məhdudlaşdırılmasından ibarətdir. İpoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. Həmin Məcəllənin 270.1-ci maddəsinə görə girov və ipoteka müqavilə üzrə əmələ gəlir. Həmin Məcəllənin 295-ci maddəsinə əsasən girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. Həmin Məcəllənin 317.1-ci maddəsində göstərilir ki, borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. “İpoteka haqqında” qanunun 4.1-ci maddəsinə əsasən əgər ipoteka müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, ipoteka saxlayanın tələbi aşağıdakılar da daxil edilməklə tam həcmdə təmin edilir: 4.1.1. əsas borc; 4.1.2.faizlər; 4.1.3. öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi, o cümlədən gecikdirilməsi nəticəsində dəbbə pulu və (və ya) vurulmuş zərərin əvəzinin ödənilməsi. 4.1.4.ipoteka predmetinə tutmanın yönəldilməsi ilə əlaqədar məhkəmə xərclərinin və digər xərclərin ödənilməsi. Həmin Qanunun 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Həmin Qanunun 34.1, 34.1.1, 34.1.2-ci maddələrinin mənasına görə ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anı-əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması; əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması və sair hallarda yaranır. “İpoteka haqqında” qanunun 1.0.9-cu maddəsinə görə ilkin satış qiyməti - bu Qanunun tələblərinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir. Həmin Qanunun 59.3-cü maddəsinə əsasən ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki, yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun və ya ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. Həmin Qanunun 59.4-cü maddəsinə görə bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən və yaşayış yeri üzrə qeydiyyatdan çıxmadıqda, həmin şəxslər evdən (mənzildən) və yaşayış yeri üzrə qeydiyyatdan ayrıca məhkəmə qərarı tələb olunmadan ipoteka predmetinə tutmanın yönəldilməsi barədə icra sənədi əsasında 10 təqvim günü müddətində məcburi qaydada çıxarılırlar. Məhkəmə kollegiyası yuxarıda qeyd olunan maddi hüquq normalarının tələblərini hazırki mübahisəli hüquq münasibətlərinə tətbiq edib, hesab edir ki, cavabdehin kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməməsi, hazırki öhdəlik hüquq münasibətlərinin məhz cavabdehin təqsiri üzündən pozulması işin mübahisəsiz halları olmaqla, həmin faktlar apellyasiya şikayətinin dəlilləri və mülki işin materialları ilə də inkar edilmədiyindən və cavabdeh pul vəsaitinin ödənilməsini gecikdirməklə ondan faydalandığından, İddiaçı bank olmayan kredit təşkilatı açıq səhmdar cəmiyyəti ilə Cavabdeh arasında bağlanılmış 15 dekabr 2015-ci il tarixli, 2015/00263-01 saylı kredit müqaviləsinin ləğv edilməsi, Cavabdeh 4551,74 ABŞ dolları əsas borc, 1893,86 ABŞ dolları faiz borcu və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 18,90 manatın İddiaçı bank olmayan kredit təşkilatı açıq səhmdar cəmiyyətinin xeyrinə tutulması, tələbin Cavabdeh mülkiyyətində olan Sumqayıt şəhəri, 42-ci məhəllə, ev 9-da yerləşən ümumi sahəsi 75.0 kv.m, yaşayış sahəsi 47.3 kv.m və yardımçı sahəsi 27.7 kv.m olan 22 saylı mənzilə yönəldilməsi, həmin əmlakın açıq hərracdan satılması, ipoteka predmetinin ilkin satış qiymətinin 58000 manat müəyyən edilməsi, hərrac üzrə xərclər satışdan əldə olunan vəsaitdən çıxıldıqdan sonra iddiaçının iddia tələbinin satılmış əmlak hesabına ödənilməsi, iddiaçının tələbləri ödənildikdən sonra qalan məbləğin Cavabdeh qaytarılması, Sumqayıt şəhəri, 42-ci məhəllə, ev 9, 22 saylı mənzilə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh əşyaları ilə birlikdə mənzildən çıxarılmaqla mənzilin boşaldılması barədə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. İş materiallarından görünür ki, birinci instansiya məhkəməsi Cavabdeh İddiaçı bank olmayan kredit təşkilatı açıq səhmdar cəmiyyətinin xeyrinə 400 ABŞ dolları cərimə tutmuşdur. Azərbaycan Respublikası MM-nin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, peniya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə kollegiyası qeyd edir ki, əsas fəaliyyəti kreditlər təqdim etməklə bu kreditlərin faizləri hesabına gəlir əldə edilməsi olan kredit münasibətlərində dəbbə pulu gəlir vasitəsi kimi çıxış edə bilməz. Çünki dəbbə pulu (cərimə) öhdəliklərin icrasının təminatı vasitəsidir, öhdəliklərin icra olunmaması halında nəzərdə tutulan maliyyə sanksiyasıdır və bu səbəbdən onun miqdarı tənasübsüz surətdə yüksək ola bilməz. Əks halda, bu, öhdəliklərin icrası üçün nəzərdə tutulan tədbirlərin mahiyyətinə uyğun olmaz. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı təşkilatın 4452 ABŞ dolları məbləğində cərimə tələb etməsi və birinci instansiya məhkəməsinin cavabdehdən 400 ABŞ dolları cərimə tutması tənasübsüz surətdə yüksəkdir. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsinə cərimə borcuna aid hissədə dəyişiklik edilərək cavabdehdən 150 ABŞ dolları cərimənin tutulmasını məhkəmə kollegiyası ədalətli hesab edir və bunu həm iddiaçı təşkilatın əmlak, həm də bütün əsaslı mənafelərinə, həmçinin cavabdehin maddi və əmlak vəziyyətinə uyğun hesab edir. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində qeyd etdiyi digər dəlilləri əsassız hesab edir. İş materiallarından görünür ki, iddiaçı qətnamə ilə razılaşaraq, apellyasiya şikayəti verməmişdir. Azərbaycan Respublikası MPM-nin 384.0.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Beləliklə, məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən işə əlavə edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verib, hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinə cərimə borcuna aid hissədə dəyişiklik edilməli, qətnamə iddianın təmin edilmiş qalan hissələrində dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT E T D İ: Cavabdeh apellyasiya şikayəti qismən təmin edilsin. İş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 23 noyabr 2020-ci il tarixli, 2(060)-2469/2020 saylı qətnaməsinə cərimə borcuna aid hissədə dəyişiklik edilsin. Cavabdeh İddiaçı bank olmayan kredit təşkilatı açıq səhmdar cəmiyyətinin xeyrinə 150 (bir yüz əlli ABŞ dolları) ABŞ dolları (ödəniş gününə manata məzənnə ilə) cərimə borcu tutulsun. Qətnamə iddianın təmin edilmiş qalan hissələrində dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər, qətnamədən kassasiya şikayəti verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Telman Məmmədov Hakimlər: Şəmsəddin Abasov Fuad Məmmədov
Məhkəmə qərarları › İş №2(105)-1281/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1281/2021
06.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver