Məhkəmə qərarları › İş №2(105)-1281/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1281/2024

16.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1281/2024 16.10.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: kredit borcu, gecikdirilmiş vaxt üçün illik beş faiz) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri X4 (sədrlik edən və məruzəçi), X2 və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, İsmayılova Ləman Zakir qızının katibliyi ilə Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(012)-1127/2024 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi: İşin halları

1. 02 fevral 2023-cü il tarixli notarial qaydada təsdiq edilmiş kredit müqaviləsinin surətindən görünür ki, İddiaçı (borc verən) ilə Cavabdeh (borc alan) arasında kredit müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən İddiaçı Cavabdeh 35000 manat məbləğində borc pul vermiş, Cavabdeh isə krediti xx.xx.2023-cü il tarixinədək İddiaçı qaytarmağı öhdəsinə götürmüşdür.

Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 35000 manat pulun, notariat xidmətlərinə görə ödənilmiş 185 manat və dövlət rüsumuna görə ödənilmiş 196 manat olmaqla, cəmi 35381 manat pulun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

3. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh xx.xx.2023-cü il tarixdə 35000 manat pulu borc vermişdir. Bununla bağlı cavabdehlə aralarında xx.xx.2023-cü il tarixdə Bakı şəhəri 20 saylı notariat kontorunda 35000 manat pulun verilməsinə dair kredit müqaviləsi rəsmləşdirilmişdir. Aralarında bağlanmış müqavilənin 2-ci bəndinə əsasən 35000 manat məbləğində pulu xx.xx.2023-cü il tarixədək cavabdeh geri qaytarmağı öhdəsinə götürsə də, öhdəliyi bu günədək tam olaraq icra etməmişdir. Müqavilədə razılaşdıqları müddətdən xeyli vaxt keçməsinə baxmayaraq cavabdeh tərəfindən heç bir ödəniş olunmamış və bugünki günə iddiaçıya olan borcu 35000 manat təşkil edir. Aşağıda göstərilənlərə əsasən hesab edir ki, bu günədək ödənilməmiş borcun əvəzi 35000 manat, 185 manat notariat xidmətləri, 196 dövlət rüsumu, cəmi 35381 manat məbləğində pul qanunvericilikdə nəzərdə tutulmuş qaydada cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

4. İddiaçı vəkili-nümayəndəsi Nümayəndə iddia həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh 35000 manat pulun, 1750 manat faiz borcunun, notariat xidmətlərinə görə 185 manat və dövlət rüsumuna görə ödənilmiş 211,30 manat məbləğində pulun tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(012)-1127/2024 nömrəli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Cavabdeh 35000 manat əsas borcun, 1750 manat faiz borcun, notariat xidmətlərinə görə ödənilmiş 70 manat və 196 manat məbləğində dövlət rüsumun, ümumilikdə 37016 (otuz yeddi min on altı manat) manatın alınaraq İddiaçı ödənilməsi qət edilmişdir (hakim Elman Məmmədov).

6. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 425.1, 425.2, 442, 445.7, 448.1, 739.1-ci maddələri, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 119.1, 217.4-cü maddələri ilə əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri

7. Cavabdeh apellyasiya şikayəti verib, Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(012)-1127/2024 nömrəli qətnaməsinin əsas (35000 manat) borcun və faiz (1750 manat) borcun hissəsində ləğv edib, iş üzrə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

8. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iddiaçı ilə onun arasında kredit müqaviləsi mövcud olsa da, kredit müqaviləsi üzrə 35000 manat pulun ödənilməsinə dair öhdəlik götürsə də, iddiaçıya onun 25000 manat borcu qalmış, həmçinin kredit müqaviləsi üzrə faizlərin hesablanması şərtləndirilməmişdir. Ödənilmiş 10000 manat məbləğində pulun 4500 manat hissəsi iddiaçının ona verdiyi kart hesabına köçürmüşdür, 5500 manat hissəsini isə şəxsən vermişdir. 1750 manat faiz borcu ilə bağlı isə aralarında bağlanmış kredit müqaviləsində hər hansı bir şərt nəzərdə tutulmamışdır. Buna görə də hesab edir ki, qətnamə həmin hissələrdə ləğv edilməli və iş üzrə yeni qətnamə qəbul edilməlidir. Buradan da görünür ki, məhkəmə işin faktiki hallarını nəzərə almamış, iş üzrə gəldiyi nəticəyə dair maddi və prosessual hüquq normalarının tələblərini pozmuşdur. İşin faktiki hallarından göründüyü kimi iddiaçı ilə onun arasında kredit müqaviləsi var, həmin müqavilə üzrə 35000 manat məbləğində borcun müəyyən olunmuş müddətdə ona qaytarmağı öhdəsinə götürmüşdür. İddiaçıya 25000 manat borcun qaldığını inkar etmir, 35000 manat borcum olduğunu da qəbul etmir. Bununla yanaşı faiz borcunu da qəbul etmir, çünki iddiaçı ilə onun arasında bağlanmış kredit müqaviləsində faizlə bağlı şərtlər nəzərdə tutulmamışdır. Bu mənada birinci instansiya məhkəməsinin qəbul etdiyi qətnamə hesab edir ki, ondan 35000 manat borcun və 1750 manat faiz borcun tutulması hissəsində tam əsassızdır. Göründüyü kimi məhkəmə onun hüquqlarının qorunmasını təmin etməmiş, formal xarakterli və hüquqi cəhətdən əsaslandırılmamış qətnamə qəbul etmişdir.

Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri

9. Apellyasiya şikayətinə yazılı etiraz verilməmişdir.

Apellyasiya icraatı iştirakçılarının izahatları

10. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada iş üzrə tərəflərə məlumat verilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin üzrlü səbəbləri məhkəməyə məlumat verməmişlər.

11. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə, məhkəmə işə baxmağa haqlıdır.

12. Qeyd olunan hüquq normasını əsas götürərək məhkəmə kollegiyası işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi

13. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

14. Maddə 739. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır.

15. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

16. Maddə 445.2.1. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır.

17. Maddə 445.7. Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir.

18. Maddə 448.1 və 448.2. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

19. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

20. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

21. Maddə 101.7. Ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir.

22. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

23. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

24. Maddə 384.0.3. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər.

Apellyasiya baxışının hədləri

25. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6 və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

26. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

27. Apellyasiya şikayətindən görünür ki, cavabdeh Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(012)-1127/2024 nömrəli qətnaməsinin ləğv edilməsini xahiş etmişdir.

28. Ona görə də kollegiya Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsinin tam həcmdə yoxlanılmasını vacib hesab edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

29. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli və birinci instansiya məhkəməsinin qətnaməsi “gecikdirilmiş vaxt üçün illik beş faiz” hissəsində dəyişdirilməlidir.

30. İşin hallarından görünür ki, 02 fevral 2023-cü il tarixli kredit müqaviləsinə əsasən İddiaçı Cavabdeh 35000 manat məbləğində borc pul vermiş, Cavabdeh isə krediti xx.xx.2023-cü il tarixinədək İddiaçı qaytarmağı öhdəsinə götürmüşdür.

31. Cavabdeh apellyasiya şikayətinin dəlillərində 10000 manat məbləğində pulun 4500 manatın iddiaçının ona verdiyi kart hesabına köçürülməsini və 5500 manat hissəsini isə şəxsən iddiaçıya verilməsini göstərsə də, buna dair hər hansı mötəbər sübutu məhkəməyə təqdim etməmişdir.

32. Kollegiya əvvəla vurğulayır ki, mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir.

33. Məhkəmə həmçinin qeyd edir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri isə bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmağına dair ehtimal ortaya çıxır.

34. Mülki məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Mülki Prosessual Məcəllənin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 2019-cu il 18 mart tarixli Qərarı).

35. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı tam təmin etməklə düzgün hüquqi nəticəyə gəlməmiş, tutulmalı olan gecikdirilmiş vaxt üçün illik beş faiz məbləği 1750 manat həddində müəyyən etməklə səhvə yol vermişdir.

36. İşdən görünür ki, iddiaçı hazırkı iddia ilə məhkəməyə xx.xx.2023-cü il tarixində müraciət etmişdir. Belə olan halda kollegiya hesab edir ki, borc olana pul məbləğinin ödənilməsini gecikdirməsinə görə gecikdirilmiş vaxt üçün illik beş faiz öhdəliyin icra tarixi olan xx.xx.2023-cü ildən başlayaraq xx.xx.2023-cü il tarixədək (9 ay, 3 gün müddətinə) hesablanmalıdır. Kollegiya bununla bağlı hesabat apararaq gecikdirilmiş vaxt üçün illik beş faizi 1327 manat məbləğində müəyyən etmişdir.

37. Beləliklə, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə dəyişdirilməli, kredit müqaviləsi üzrə gecikdirilmiş vaxt üçün illik beş faizi 1327 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır.

38. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.3, 392- 393 və 402.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi: Apellyasiya şikayəti qismən təmin edilsin. Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(012)-1127/2024 nömrəli qətnaməsi “1750 manat faiz borcun tutulması” hissəsində dəyişdirilsin. Cavabdeh 1327 ( min üç yüz iyirmi yeddi) manat faiz borcu tutularaq İddiaçı ödənilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar