Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-1284/2023 09.06.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" X4 Səhmdar Cəmiyyətinin cavabdeh Adıgözəlova (Əliyeva) Esmira Nadir qızına qarşı iş üzrə QƏRARDADİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Fuad Əli oğlu, hakimlər X3 və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Əliyev Rəşad Ayıl oğlunun katibliyi ilə, İddiaçı "xxxx" X4 Səhmdar Cəmiyyətinin cavabdeh Adıgözəlova (Əliyeva) Esmira Nadir qızına qarşı kredit müqaviləsi üzrə yaranmış borcun tutulması tələbinə dair sadələşdirilmiş icraat üzrə Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(060)- 1468/2023 nömrəli qərardadından cavabdeh tərəfindən verilmiş şikayətə Sumqayıt Məhkəmə Kompleksinin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi. Birinci instansiya məhkəməsindəki icraat
1. İddiaçı "xxxx" X4 Səhmdar Cəmiyyəti ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh E.N.Adıgözəlovadan (Əliyeva) iddiaçı "xxxx" KB ASC-nin xeyrinə 1999 (bir min yüz doxsan doqquz) manat 82 (səksən iki) qəpik əsas, 415 (dörd yüz on beş) manat 59 (əlli doqquz) qəpik faiz, 0 (sıfır) manat cərimə, 0 (sıfır) manat komisyon haqqı borcu olmaqla, cəmi 2415 (iki min dörd yüz on beş) manat 41 (qırx bir) qəpik borcun və dövlət rüsumu olaraq ödənilmiş 44 (qırx dörd) manat 56 (əlli altı) qəpik məbləğində vəsaitin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. Sumqayıt Şəhər Məhkəməsinin 14 fevral 2023-cü il tarixli 2(060)-1468/2023 saylı qətnaməsi ilə iddianın təmin edilməsi, cavabdeh Adıgözəlova (Əliyeva) Esmira Nadir qızından əsas borc üzrə 1999 (bir min yüz doxsan doqquz) manat 82 (səksən iki) qəpik, 415 (dörd yüz on beş) manat 59 (əlli doqquz) qəpik faiz borcu olmaqla, cəmi 2415 (iki min dörd yüz on beş) manat 41 (qırx bir) qəpik məbləğində borcun və 44 (qırx dörd) manat 56 (əlli altı) qəpik dövlət rüsumu iddiaçı "xxxx" Kommersiya Bankı ASC-nin xeyrinə tutulması qət edilmişdir.
3. Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək, ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinə buraxılmış prosessual müddətin bərpa olunması barədə ərizə əlavə edilmişdir. 4 Ərizə onunla əsaslandırmışdır ki, mülki iş barəsində məlumatı olsada, səhhəti ilə əlaqədar məhkəmə proseslərində iştirak edə bilməmişdir. Belə ki, sonuncu məhkəmə iclası 14 fevral 2023-cü il tarixdə olmuş və həmin tarixdə iş üzrə yekun məhkəmə aktı çıxarılmışdır. Qətnaməni vaxtında alsa da, hamiləliyi ilə bağlı səhhətində yaranmış narahatçılıq səbəbindən, həmçinin də, 05 aprel 2023-cü il tarixdə Sumqayıt şəhər “X6” MMC-də qeysəriyyə əməliyyatı yolu ilə uşaq dünyaya gətirdiyindən həmin qətnamədən qanunla müəyyən olunmuş qaydada şikayət vermə müddəti ötürmüşdür.
5. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(060)-1468/2023 nömrəli qərardadı ilə (hakim Gülnarə Tağızadə) ərizə təmin edilməmişdir.
6. Qərardaddan cavabdeh Adıgözəlova (Əliyeva) Esmira Nadir qızı şikayət verərək, onun ləğv edilməsini və ərizənin təmin edilməsini xahiş etmişdir.
7. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(060)-1468/2023 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş, şikayətin iş materialları ilə birlikdə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır.
Şikayətin və ona qarşı etirazın dəlilləri
a) Şikayətin dəlilləri
8. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə qətnaməsini faktiki olaraq gec almışdır. Belə ki, məhkəmənin xx.xx.2023-cü il tarixli, 2(060)-1468/2023 saylı qətnaməsinin surətini onun yerinə qardaşının arvadı X1 poçt xəbərnaməsinə imza etməklə xx.xx.2023-cü il tarixdə alsa da, hamiləliyi ilə əlaqədar səhhətində yaranmış narahatlıqlara görə həmin qətnamə ona gec təqdim olunmuşdur. Həmin ərəfədə də hamiləliyi ilə bağlı səhhətində yaranmış narahatçılıq səbəbindən, həmçinin xx.xx.2023-cü il tarixdə Sumqayıt şəhər “X6” MMC-də qeysəriyyə əməliyyatı yolu ilə uşaq dünyaya gətirdiyindən, eləcə də, sözügedən qətnaməni gec əldə etdiyindən, həmin qətnamədən qanunla müəyyən olunmuş qaydada şikayət vermə müddətini üzrlü səbəblərdən ötürmüşdür.
b) Şikayətə qarşı etirazın dəlilləri
9. Şikayətə qarşı yazılı etiraz daxil olmamışdır.
Tətbiq edilən hüquq
10. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
Maddə 130. Prosessual müddətlərin buraxılmasının nəticələri 130.1. Qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. (...)
Maddə 133. Prosessual müddətlərin bərpası 133.1. Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. (...)
Maddə 135. Məhkəmə sənədlərinin çatdırılması və rəsmi qaydada verilməsi 135.1. Bu Məcəllənin 135.6-cı və 135.8-ci maddələrində müəyyən edilmiş hallar istisna olmaqla, bu Məcəllənin 134-cü maddəsində sadalanan məhkəmə sənədləri “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi (məktubu) ilə çatdırılır. Zəruri hallarda məhkəmə sənədinin çatdırılması hakim tərəfindən məhkəmə işçisinə tapşırıla və ya işdə iştirak edən şəxsin razılığı ilə həmin şəxsə həvalə edilə bilər. [155] 135.2. Məhkəmə sənədləri məhkəməyə qaytarılmalı olan, forması müvafiq qaydada təsdiq edilmiş qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Hüquqi şəxsə ünvanlanmış məhkəmə sənədləri müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Məhkəmə sənədlərinin rəsmi qaydada verilməsi məhkəmədə də həyata keçirilə bilər. 135.3. Məhkəmə sənədlərinin çatdırılması vəzifəsi üzərinə düşən şəxs ünvan sahibini onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapmadıqda, həmin sənədlər ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda müvafiq icra hakimiyyəti orqanına, ünvan sahibinin yaşadığı yer üzrə yerli özünüidarə orqanına, yaxud onun işlədiyi yer üzrə müdiriyyətə verilir. Ünvan sahibinin əvəzinə məhkəmə sənədlərini qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməli və imkan olan kimi məhkəmə sənədlərini ünvan sahibinə verməlidir. 135.4. Məhkəmə sənədlərinin çatdırılması vəzifəsi üzərinə düşən rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər bunu məhkəmə sənədlərini aldıqları tarixdən sonra gələn gündən gec olmayaraq yerinə yetirməli və məhkəmə sənədlərinin çatdırılması barədə bir gün müddətində məhkəməyə xəbər verməlidirlər. 135.5. Bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. (...)
Maddə 360. Apellyasiya şikayətinin verilmə müddəti Apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər.
Maddə 363. Apellyasiya şikayətinin qaytarılması 363.1. Apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən aşağıdakı hallarda qaytarılır: (...) 363.1.3. apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə;
Maddə 372. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri (...) 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
Maddə 398. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyəti 398.0. Apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: 398.0.1. məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək (...)
Maddə 402. Kassasiya şikayəti vermə hüququ (...) 402.2. Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının aşağıdakı qərardadlarından kassasiya şikayəti verilə bilər: 402.2.1. apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; 402.2.2. kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; 402.2.3. kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; 402.2.4. iş üzrə icraata xitam verilməsi barədə; 402.2.5. bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında.
Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri
11. Apellyasiya instansiya məhkəməsi Mülki Prosessual Məcəllənin 397.2-ci maddəsinin tələbinə əsasən qərardaddan verilən şikayətə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir.
12. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
13. Məhkəmə kollegiyası məruzəçi-hakimi dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
14. İlk öncə məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsi hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verir. Məhkəmə müdafiəsi təminatı əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında olmaqla, eyni zamanda bütün digər hüquq və azadlıqların təminatı kimi qəbul olunur. Ədalət mühakiməsi vasitəsilə insan hüquq və azadlıqlarının təminatı sisteminin universal xarakteri, həmçinin şəxsin qanunsuz və əsassız məhkəmə qərarlarından müdafiə olunması məqsədilə müvafiq məhkəmələrə şikayət etmək imkanlarını əhatə edir. Bu mənada məhkəmə müdafiəsi hüququ yalnız birinci instansiyada məhkəmə müdafiəsinin təmin olunmasını deyil, onun həmçinin apellyasiya və kassasiya instansiyalarında da həyata keçirilməsini nəzərdə tutur. Hər hansı məhkəmə instansiyasına şikayət etmək hüququ məhkəmə müdafiəsi hüququndan irəli gəlir.
15. Lakin nəzərə alınmalıdır ki, məhkəmə müdafiəsi hüququ mütləq hüquq deyildir və prosessual şərtlərin mövcudluğunda bəzi məhdudiyyətlərə məruz qala bilər. Məhkəmənin qərarından yuxarı instansiya məhkəməsinə şikayət verilməsi üçün də bəzi şərtlər, məhdudiyyətlər nəzərdə tutulur. Bu cür məhdudiyyətlərdən biri MPM-in 360-cı maddəsində apellyasiya şikayətinin verilməsi üçün müəyyən olunmiş müddətdir. Həmin normada apellyasiya şikayətinin qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində verilə bilməsi müəyyən olunur.
16. İş materiallarınan görünür ki, qətnamənin surəti xx.xx.2023-cü il tarixli müşayiətedici məktubla cavabdehin yaşadığı “ünvan 1 ünvanına göndərilmiş, qətnamə iddiaçının qardaşı tərəfindən xx.xx.2023-cü il tarixdə həmin ünvanda qəbul edilmişdir.
17. Qətnamə iddiaçının yaşadığı ünvanda rəsmi qaydada təqdim edildiyindən şikayətin verilmə müddəti qətnamənin təqdim edildiyi vaxtdan hesablanmalıdır.
18. Cavabdeh tərəfindən mübahisələndirilən məhkəmə qətnaməsindən apellyasiya şikayətinin verilməsinin son müddəti xx.xx.2023-cü il tarixdə bitmişdir.
19. Qətnamədən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti xx.xx.2023-cü il tarixdə məhkəməyə daxil olmuşdur və bununla cavabdehin apellyasiya şikayəti verməsi üçün nəzərdə tutulmuş prоsessual müddəti buraхdığı müəyyən olunur.
20. Apellyasiya şikayəti verilməsi üçün nəzərdə tutulmuş prоsessual müddətin üzrlü hesab edilməsi barədə cavabdeh tərəfin dəlillərinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, müddətin bərpası ilə bağlı vəsatətlərə baxılarkən yalnız elə səbəblər üzrlü hesab edilə bilər ki, həmin səbəblərin mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı və şəxsin özü tərəfindən onların dəf edilməsi imkanı mümkün olmamalıdır.
21. Cavabdehin şikayətində göstərdiyi dəlillər üzrlü hesab edilə bilməz. Belə ki, qətnamənin surəti cavabdehə qanunla müəyyən olunmuş qaydada təqdim edilmişdir. Mülki Prosessual Məcəllənin 135-ci maddəsinə əsasən, məhkəmə sənədləri “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi (məktubu) ilə çatdırılır. Məhkəmə sənədlərinin çatdırılması vəzifəsi üzərinə düşən şəxs ünvan sahibini onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapmadıqda, həmin sənədlər ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda müvafiq icra hakimiyyəti orqanına, ünvan sahibinin yaşadığı yer üzrə yerli özünüidarə orqanına, yaxud onun işlədiyi yer üzrə müdiriyyətə verilir. Ünvan sahibinin əvəzinə məhkəmə sənədlərini qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməli və imkan olan kimi məhkəmə sənədlərini ünvan sahibinə verməlidir. Qeyd edilən hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir.
22. Bundan başqa, cavabdeh əməliyat olunduğunu, səhhəti ilə əlaqədar olaraq gec apellyasiya şikayətini verdiyini bildirsə də, tərəfin özünün göstərdiyi kimi o, xx.xx.2023-cü il tarixdə əməliyyat olmuşdur. Qətnamədən apellyasiya şikayətinin verilməsi müddəti isə xx.xx.2023-cü il tarixdə bitmişdir. Şikayətin verilmə müddətinin başladığı gündən cavabdehin əməliyyat olunduğu günə qədər 1 aydan çox müddət keçmişdir ki, bu zaman ərzində cavabdehin apellyasiya şikayəti vermək imkanı olmuşdur. Bu halın əksini təsdiq edəcək sübutlar isə məhkəməyə təqdim edilməmişdir.
23. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası hesab edir ki, şikayətin dəlilləri iş üzrə birinci instansiya məhkəməsinin qərardadının ləğvi üçün əsas olmadığından şikayət təmin olunmamalı, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(060)- 1468/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
24. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 263-264, 357, 398.0.1, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı:
Şikayət təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(060)-1468/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.