Məhkəmə qərarları › İş №2(105)-1286/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1286/2023

20.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1286/2023 20.06.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: borcun tutulması ) Mülki Kollegiyasının hakimləri Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi), X10 və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, Həşimova Leyla Yusub qızının katibliyi, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X2, Cavabdeh iştirakı ilə, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1500/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsindən iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı «Yelobank” Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, cavabdehdən iddiaçının xeyrinə xx.xx.2021-ci il tarixli kredit müqaviləsi üzrə 1726,28 manat əsas, 339,89 manat faiz, 431,18 manat cərimə borcu olmaqla, ümumilikdə 2497,35 manat məbləğində borcun və 44,97 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, 22 iyun 2021-ci il tarixli kredit müqaviləsinə əsasən X8 iddiaçıdan illik 19,3 faizlə 24 ay müddətinə 2200 manat məbləğində kredit götürmüşdür. 1 saylı Sumqayıt Regional “ASAN xidmət” mərkəzində Notariat ofisi tərəfindən verilmiş 3338 №-li, 15 noyabr 2022-ci il tarixli arayışdan görünür ki, xx.xx.2022ci il tarixdə vəfat etmiş X5 vərəsəsi ünvan 1 ünvanında qeydiyyatda olan Cavabdeh və X9 miras əmlakdan pay almalıdırlar. 2023-cü ilin yanvarın 10-dək X5 iddiaçıya 22 iyun 2021-ci il tarixli kredit müqaviləsi üzrə 1726,28 manat əsas, 339,89 manat faiz borcu, 862,36 manat cərimə borcu olmaqla, ümumilikdə 2928,53 manat borcu vardır. X5 xx.xx.2021-ci il tarixli kredit müqaviləsi üzrə iddiaçıya ümumi cərimə borcu 862,36 manat təşkil etməsinə baxmayaraq, cərimə məbləği kredit müqaviləsində nəzərdə tutulmuş və təqdim olunan maliyyə arayışı üzrə ümumi cərimə məbləğinin 50%-i miqdarında olmaqla, yəni 431,18 manat məbləğində tələb olunur. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırır. İddia ərizəsinə qarşı etiraz verilməmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1500/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, 199 (yüz doxsan doqquz) manat 15 (on beş) qəpik məbləğində faiz borcu və 10 (on) manat dövlət rüsumunun Cavabdeh tutularaq iddiaçı «Yelobank” Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir (hakim Emin Abdullayev). Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı ilə cavabdeh X8 arasında kredit müqaviləsi bağlanmış və 2200 manat məbləğində kredit məbləği iddiaçı tərəfindən Namik Namazova verilmişdir. Namik Namazov xx.xx.2022-ci ildə ölmüşdür. Hazırda iddiaçı cavabdehin Namik Namazovun vərəsəsi olmasına əsaslanaraq kredit borcunu ondan tələb edir. Məhkəmə sorğusu əsasında xx.xx.2022-ci il tarixdə vəfat etmiş X4 miras qalmış əmlaka dair xx.xx.2022-ci il tarixdə, reyestrdə 2V-1648 nömrəsi ilə təsdiq edilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin rəsmiləşdirilməsi üçün zəruri olan sənədlərin surəti məhkəməyə göndərilmişdir. xx.xx.2022-ci il tarixi qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətinə əsasən xx.xx.2022-ci il tarixdə vəfat etmiş X5 vərəsələri, arvadı Cavabdeh və qızı X7r. Şəhadətnamə verilən miras əmlak “Azəriqaz” İB tərəfindən xx.xx.2022-ci il tarixli, 01/01 MS-04-3 nömrəli məktubuna əsasən 199,15 manat xəstəlik müavinətindən ibarətdir. Birinci instansiya məhkəməsi iddianı qismən təmin etmiş, gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 432.4, 739.1. 739.2, 1306.2-ci maddələrinə, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 04 iyun 2018-ci il tarixli Qərarına istinad edərək əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən apellyasiya şikayəti verilərək Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1500/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsi xahiş edilmişdir. Şikayətin dəlilləri: Məhkəmə “Yelo Bank “ ASC-nin cavabdehlər Cavabdeh qarşı iddiasını qismən təmin edərkən düzgün nəticəyə gəlməmiş, əsassız və qanunsuz qətnamə qəbul etmişdir. Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin icrasından birtərəfli imtinaya və onun şərtlərini birtərəfli dəyişdirməyə yol verilmir. Göürndüyü kimi cavabdeh xx.xx.2021-ci il tarixli kredit müqaviləsi üzrə öhdəliyindən birtərəfli qaydada imtina etmişdir ki, bu da Mülki Məcəllənin 430.1-ci maddəsinin tələblərinin pozulması deməkdir. İddiaçı ASC-dən xx.xx.2021-ci il tarixdə 19.3 faizlə 24 ay müddətinə 2200 manat kredit götürmüş X5 vərəsəsi Cavabdeh qarşı iddia tələbində Bank haqlı olmuş, lakin gəlinən nəticədə araşdırma aparılmadan yalnızca “Azəriqaz” İB-nin məktubu ilə borc məbləğindən 199.15 manat məbləğində pul tutulması ədalətsizdir. Odur ki, cavabdehdən tutulmalı borc məbləğinə münasibətdə iddia tam təmin edilməli olduğu halda iddianı rədd etməkdə haqlı olmamış və qətnamədə səhv nəticəyə gəlmişdir. b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri Cavabdeh tərəfindən apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. c) Apellyasiya icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X6 apellyasiya şikayətini müdafiə edərək bildirdi ki, borclu 2022-ci ilin yanvar ayında ölmüşdür. Cavabdeh onun varisidir. Məhkəmə cavabdehdən təkcə qəbul etdiyi miras əmlak həcmində borc tutub. Hesab edirik ki, öhdəlik icra olunduğu günə qədər tam həcmdə qüvvədədir və icra olunmalıdır. Qeyd olunanlara əsasən apellyasiya şikayətinin təmin edilməsini, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1500/2023 nömrəli, xx.xx.2023cü il tarixli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə kollegiyasının iclasında Cavabdeh apellyasiya şikayətini qəbul etməyərək bildirdi ki, ona ərindən qalan miras əmlak həcmində borcu ödəməkdən imtina etmir. Apellyasiya şikayətinin təmin edilməməsini, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)- 1500/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. 1306.1-ci maddəsinə əsasən Mülki Məcəlləyə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. 1306.2-ci maddəsinə əsasən əgər miras qoyan vərəsələrə keçmiş borclar üzrə birgə borclu olmuşdursa, vərəsələr birgə məsuliyyət daşıyırlar. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 04 iyun 2018-ci il tarixli Qərarında göstərilmişdir ki, Konstitusiya Məhkəməsinin Plenumu borclunun ölümü halında mirası qəbul etmiş vərəsələrin miras qoyanın öhdəlikləri üzrə borcluya çevrildiyini nəzərə alaraq hesab edir ki, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras qoyanın kreditoru qarşısında məsuliyyət daşımalıdırlar. Vərəsələrin məsuliyyətinin həddi ilə bağlı qeyd olunmalıdır ki, miras qoyanın borcuna görə vərəsələrin məsuliyyəti mirasın həcmi ilə məhdudlaşır. Mülki Prosessual Məcəllə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1 məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında təqdim olunmuş sübutlarla əsaslandırır. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini və işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və Sumqayıt Şəhər Məhkəməsinin 2(060)- 1500/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Nikah haqqında şəhadətnamənin surətinə əsasən X8 ilə cavabdeh arasında nikah xx.xx.2007-ci ildə, Sumqayıt şəhər Nikah evində bağlanmışdır. Nikah bağlandıqdan sonra ərə Namazov, arvada Həsənova soyadları verilmişdir. İş materiallarından müəyyən olunur ki, iddiaçı ilə Namik Namazov arasında bağlanmış xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən iddiaçı Namik Namazova 24 ay müddətinə, illik 19,3%-lə, 2200 manat kredit vermişdir. İşdə olan xx.xx.2023-cü il tarixli maliyyə arayışına əsasən Namik Namazovun həmin tarixə borcu əsas borc üzrə 1726,28 manat, faiz borcu üzrə 339,89 manat, cərimə üzrə 862,36 manat olmaqla, cəmi 2928,53 manat təşkil edir. Ölüm haqqında şəhadətnamənin və “Elektron notariat” X1 vasitəsilə “X3” AQİS-dən çıxarışın surətlərinə əsasən X8 xx.xx.2022-ci ildə vəfat etmişdir. xx.xx.2022-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, iddiaçı cavabdehə borcun 5 gün müddətində ödənilməsi ilə bağlı bildiriş göndərmişdir. İşdə olan mədaxil qəbzindən görünür ki, iddiaçı iddia ərizəsinin verilməsi üçün 44,97 manat dövlət rüsumu ödəmişdir. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, iddiaçı ilə cavabdeh X8 arasında kredit müqaviləsi bağlanmış və 2200 manat məbləğində kredit məbləği iddiaçı tərəfindən Namik Namazova verilmişdir. Namik Namazov xx.xx.2022-ci ildə ölmüşdür. Hazırda iddiaçı cavabdeh Namik Namazovun vərəsəsi olmasına əsaslanaraq kredit borcunu ondan tələb edir. xx.xx.2022-ci il tarixi qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətinə əsasən xx.xx.2022-ci il tarixdə vəfat etmiş X5 vərəsələri, arvadı Cavabdeh və qızı X7r. Şəhadətnamə verilən miras əmlak “Azəriqaz” İB tərəfindən xx.xx.2022-ci il tarixli, 01/01 MS-04-3 nömrəli məktubuna əsasən 199,15 manat xəstəlik müavinətindən ibarətdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticəni əsaslı hesab edərək qeyd edir ki, iş materialları ilə müəyyən edilir ki, kredit müqaviləsi üzrə borcalan ölmüş, onun vərəsələri arvadı Cavabdeh və qızı X7r. Qanunvericiliyə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 04 iyun 2018-ci il tarixli Qərarında göstərilmişdir ki, Konstitusiya Məhkəməsinin Plenumu borclunun ölümü halında mirası qəbul etmiş vərəsələrin miras qoyanın öhdəlikləri üzrə borcluya çevrildiyini nəzərə alaraq hesab edir ki, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras qoyanın kreditoru qarşısında məsuliyyət daşımalıdırlar. Vərəsələrin məsuliyyətinin həddi ilə bağlı qeyd olunmalıdır ki, miras qoyanın borcuna görə vərəsələrin məsuliyyəti mirasın həcmi ilə məhdudlaşır. Hazırki işdən isə görünür ki, iş üzrə cavabdehə Namik Namazovun vərəsəsi olaraq 199,15 manat xəstəlik müavinəti miras qalmışdır. Belə olan halda da cavabdeh əri Namik Namazovdan miras kimi ona keçmiş əmlak həddində məsuliyyət daşıdığından bank qarşısında da həmin həcmdə məsuliyyəti həmin həcmdə ola bilər. Həmçinin məhkəmə kollegiyası qeyd edir ki, Mülki Məcəllənin 432.4-cü maddəsində məbləğin kredit müqaviləsi üzrə hansı borclara aid edilməsi ilə bağlı qeyd edilməlidir ki, Mülki Məcəlləyə əsasən əgər borclu əsas öhdəliyin icrasından başqa, faizləri və xərcləri də ödəməlidirsə, bütün borcun ödənilməsi üçün yetərli olmayan öhdəliyin icrası əvvəlcə xərclərin hesabına, sonra faizlərin hesabına və nəhayət, əsas öhdəliyin hesabına daxil edilir. Belə olan halda birinci instansiya məhkəməsi qeyd edilən məbləğdə pulun faiz borcundan çıxılması nəticəsinə gəlməkdə haqlı olmuşdur. Bundan başqa məhkəmə kollegiyası qeyd edir ki, iddia tələbi qismən təmin edildiyindən ödənilmiş dövlət rüsumundan da 10 manat məbləğində pul cavabdehdən tutulmalıdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə qiymət verərək qeyd edir ki, şikayətin dəlilləri əsaslandırılmadığından əsassızdır və formal mülahizələr kimi qiymətləndirilməlidir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qanunvericilik normalarını düzgün tətbiq edərək haqlı nəticəyə gəlmişdir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsinə dair apellyasiya şikayətrinin dəlillərini formal mülahizələr kimi qiymətləndirərək hesab edir ki, qətnamənin ləğvi üçün Mülki Prosessual Məcəllənin 385.1-ci maddəsində sadalanan əsaslar yoxdur. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan məhkəmənin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. Apellyasiya şikayətinin dəlili formal mülahizələrdən ibarət olmuşdur. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1500/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392- 393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1500/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Qətnamədən şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar