Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-1287/2023 09.06.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Kreditor Açıq Səhmdar Cəmiyyətinin Borclu qarşı iş üzrə QƏRARDADİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Fuad Əli oğlu, hakimlər X1 və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Əliyev Rəşad Ayıl oğlunun katibliyi ilə, Zəngilan Rayon Məhkəməsinin 2(034)-1247/2016 nömrəli xx.xx.2023-cü il tarixli qərardadından Kreditor ASC tərəfindən verilmiş şikayətə Sumqayıt Məhkəmə Kompleksinin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi. Birinci instansiya məhkəməsindəki icraat
1. Zəngilan Rayon Məhkəməsinin 2(034)-1247/2016 nömrəli, xx.xx.2016-cı il tarixli əmri ilə Borclu 2991,43 manat əsas borc, 586,79 manat faiz borcu və dövlət rüsumu olaraq 20 manat, cəmi 3598,22 manat məbləğində pulun tutularaq Kreditor ASC-yə ödənilməsi əmr edilmişdir.
2. Məhkəmə əmri icraya yönəldilmiş və Zəngilan rayon İQ-nin xx.xx.2016-cı il tarixli qərarı ilə icra sənədi üzrə icraata başlanılmışdır.
3. Kreditor ASC xx.xx.2021-ci il tarixli məktubla Zəngilan Rayon Məhkəməsinə müraciət etmiş və icra vərəqəsinin Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinin icraatına daxil olmadığını bildirərək, yenidən icraya yönəldilməsini xahiş etmişdir.
4. Zəngilan Rayon Məhkəməsi xx.xx.2023-cü il tarixdə məhkəmə əmrini icraya yönəltmişdir.
5. Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinin xx.xx.2021-ci il tarixli qərarı ilə icra sənədi üzrə icraata başlanılmışdır.
6. Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinin xx.xx.2022-ci il tarixli icraata xitam verilməsi haqqında qərarı ilə Borclu xx.xx.2021-ci il tarixdə vəfat etməsi və borclunun adına vərəsəlik işinin açılmaması ilə əlaqədar icra sənədinə xitam verilmişdir.
7. Kreditor ASC xx.xx.2022-ci il tarixli məktubla Zəngilan Rayon Məhkəməsinə müraciət etmiş və icra vərəqəsinin Abşeron rayon İcra şöbəsinin icraatına daxil olmadığını bildirərək, yenidən icraya yönəldilməsini xahiş etmişdir.
8. Daha sonra, şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Abşeron rayon İcra şöbəsinin “İcra edilməmiş və ya qismən icra edilmiş icra sənədinin məhkəməyə və ya digər orqana geri qaytarılması haqqında” qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
9. Zəngilan Rayon Məhkəmsinin 2(034)-1247/2016 nömrəli xx.xx.2023-cü il tarixli qərardadı ilə şikayətin geri qaytarılması qərara alınmışdır.
10. Kreditor ASC şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Nəsimi rayon İcra şöbəsinin “İcraata xitam verilməsi haqqında” qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
11. Zəngilan Rayon Məhkəmsinin 2(034)-1247/2016 nömrəli xx.xx.2023-cü il tarixli qərardadı ilə (hakim Gülsarə İmanova) şikayətin geri qaytarılması qərara alınmışdır.
12. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, Zəngilan Rayon Məhkəməsində “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunmasına baxmayaraq, şikayətin “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə göndərilməsi qaydasına tələbkar tərəfindən əməl edilməmişdir.
13. Zəngilan Rayon Məhkəmsinin 2(034)-1247/2016 nömrəli xx.xx.2023-cü il tarixli qərardadı ilə şikayətin təmin edilməməsi və baxılması üçün 7 gün müddətində işlə birlikdə Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır.
Şikayətin və ona qarşı etirazın dəlilləri
a) Şikayətin dəlilləri
14. Şikayət onunla əsaslandırılmışdır ki, Zəngilan Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(034)-1247/2016 saylı qərardadına əsasən Kreditor ASC tərəfindən Nəsimi rayon icra şöbəsi tərəfindən xx.xx.2022-ci il tarixində qəbul olunmuş icraata xitam verilməsi haqqında qərardan verilmiş şikayət Zəngilan Rayon Məhkəməsi tərəfindən MPM-in 361-ci maddəsi əsas götürülməklə geri qaytarılmışdır. Zəngilan Rayon Məhkəməsinin 2(034)- 1247/2016 saylı, xx.xx.2016-cı il tarixli məhkəmə əmrinə əsasən Borclu Kreditor ASC- in xeyrinə, cəmi 3598,22 manat məbləğində kredit borcunun və 20 manat dövlət rüsumunun tutulması əmr edilmiş və icra sənədi icra olunması üçün Nəsimi rayon İcra şöbəsinə göndərilmişdir. Məhkəmə əmrinin qəbul edilməsindən uzun müddət keçməsinə baxmayaraq, cavabdeh Borclu tərəfindən icra sənədi üzrə tələb icra edilməmişdir. Tələbkar Kreditor ASC tərəfindən Nəsimi rayon icra şöbəsinə göstərilən icra sənədi üzrə həyata keçirilmiş icra tədbirlərinin dəqiqləşdirməsilə bağlı müraciət ünvanlanmışdır. Məlum olmuşdur ki, qeyd olunan icra sənədi üzrə icraata xx.xx.2022-ci il tarixində “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20.1.3-cü maddəsinə əsasən xitam verilmişdir. Lakin göstərilən qərar "Kapital Bank” ASC-yə təqdim olunmadığından tələbkarın hüquqları pozulmuşdur. Zəngilan Rayon Məhkəməsinin 2(034)-1247/2016 saylı, xx.xx.2016-cı il tarixli məhkəmə əmri üzrə cavabdeh Borclu Kreditor ASC-yə hazırkı tarixə qalıq borcu 3011,43 manat təşkil edir. Bakı şəhəri Nəsimi rayon İcra şöbəsi tərəfindən qəbul olunmuş Zəngilan Rayon Məhkəməsinin 2(034)-1247/2016 saylı, xx.xx.2016-cı il tarixli məhkəmə əmri üzrə icraata xitam verilməsinə dair qərar onunla əsaslandırılmışdır ki, Borclu xx.xx.2021-ci il tarixində vəfat etmişdir. Lakin Nəsimi rayon İcra şöbəsi tərəfindən icra sənədi üzrə icraata xitam verilərkən borcluya məxsus bank hesablarının və həmin hesablarda vəsaitin olub-olmadığı, borclu şəxsin barəsində vərəsəlik işinin açılıbaçılmadığı araşdırılmamışdır. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20.1.3-cü maddəsinə əsasən tələbkar və ya borclu öldükdə, ölmüş elan edildikdə və ya xəbərsiz itkin düşmüş hesab edildikdə, əgər məhkəmə və ya digər orqanın qərarı ilə müəyyən edilmiş tələblər və ya vəzifələr həmin şəxsin vərəsəsinə və ya qanunvericiliklə müəyyən edilmiş qaydada onun əmlakını idarə edən şəxsə keçə bilməzsə icra sənədi üzrə icraata xitam verilir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 45, 50 və 82-ci maddələrində qeyd edilən tədbirlərinin heç biri yerinə yetirməmiş və barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsi barədə məhkəməyə müraciət olunmamışdır. Şikayət verilərkən tərəflərindən bütün qaydalara əməl edilmişdir.
b) Şikayətə qarşı etirazın dəlilləri
15. Şikayətə qarşı yazılı etiraz daxil olmamışdır.
Tətbiq edilən hüquq
16. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
Maddə 10-1. Mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının elektron qaydada aparılması 10-1.1. Elektron qaydada mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatı bu Məcəllə ilə müəyyən edilmiş ümumi prosessual qaydalara uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə aparılır. 10-1.2. Məhkəmə və proses iştirakçıları tərəfindən ərizə, şikayət və digər sənədlərin elektron formada tərtib edilməsi, göndərilməsi, qəbulu, sənədlərin elektron qeydiyyatı və elektron dövriyyəsi müvafiq icra hakimiyyəti orqanının Azərbaycan Respublikasının Ali Məhkəməsi ilə birlikdə müəyyən etdiyi “Elektron məhkəmə” informasiya sistemindən istifadə qaydalarına uyğun olaraq həyata keçirilir. 10-1.3. Kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. (...) Maddə 267. Qərardadlardan şikayət verilməsi
267.1. Məhkəmə tərəfindən ayrıca akt şəklində qəbul edilmiş qərardaddan bu Məcəllədə göstərilmiş hallarda şikayət verilə bilər. 267.2. İşdə iştirak edən şəxslər və qərardadın bilavasitə aid olduğu digər şəxslər şikayət vermək hüququna malikdirlər. 267.3. Şikayət yazılı şəkildə qərardadı qəbul edən məhkəməyə verilir.
Maddə 269. Şikayətə baxılması
269.1. Şikayətə qərardadı qəbul etmiş birinci instansiya məhkəməsi tərəfindən 3 gün müddətində yazılı icraat qaydasında baxılır. 269.2. Şikayət əsaslıdırsa, hakim qərardadı dəyişdirir və ya ləğv edir və mübahisəyə baxılması üçün tərəflərlə birlikdə sonrakı prosessual hərəkətləri yerinə yetirir. 269.3. Əks təqdirdə bu şikayət baxıldıqdan sonra 7 gün müddətində işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə, bu Məcəllənin 32.5-ci maddəsində nəzərdə tutulmuş qaydada aidiyyət haqqında qərardaddan şikayət verildikdə isə həmin şikayət bu Məcəllənin 403-1.5-ci maddəsinin tələbləri izah edilməklə işdə iştirak edən şəxslərə rəsmi qaydada verilir və iş kasasiya instansiyası məhkəməsinə göndərilir.
Maddə 361. Apellyasiya şikayətinin məzmunu 361.1. Bu Məcəllə ilə müəyyən edilmiş formada verilən apellyasiya şikayətində aşağıdakılar göstərilməlidir: 361.1.1. şikayətin verildiyi məhkəmənin adı və ünvanı; 361.1.2. şikayəti verən şəxsin soyadı, adı, atasının adı, (hüquqi şəxsə münasibətdə adı) şəxsiyyətini eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, işdə prosessual vəziyyəti; 361.1.3. barəsində şikayət verilən məhkəmə aktı, onun qəbul edilmə tarixi, nəticə hissəsi, həmin aktı qəbul edən məhkəmənin adı; 361.1.4. şikayəti verən şəxsin tələbi və məhkəmə aktının hansı hissədə mübahisələndirildiyi; 361.1.5. şikayət verən şəxsin məhkəmə aktını düzgün hesab etmədiyi konkret əsaslar; 361.1.6. şikayət verən şəxsin istinad etdiyi konkret fakt və hallar, habelə onları təsdiq edən sübutlar; 361.1.7. şikayətə əlavə edilən sənədlərin siyahısı. 361.2. Apellyasiya şikayəti, şikayəti vermiş şəxs, onun qanuni nümayəndəsi və ya nümayəndəsi, yaxud vəkili tərəfindən imzalanır. Qanuni nümayəndə və ya nümayəndə, yaxud vəkil tərəfindən verilən apellyasiya şikayətinə, əgər işdə yoxdursa müvafiq olaraq nümayəndənin, yaxud vəkilin səlahiyyətini təsdiq edən etibarnamə, vəkilin orderi və ya digər sənəd əlavə edilməlidir. 361.3. Şikayətə dövlət rüsumunun ödənilməsini təsdiq edən sübutlar əlavə edilir.
Maddə 363. Apellyasiya şikayətinin qaytarılması 363.1. Apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən aşağıdakı hallarda qaytarılır: 363.1.1. apellyasiya şikayəti imzalanmamışdırsa və ya onu imzalamağa hüququ olmayan şəxs və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışdırsa, habelə apellyasiya şikayəti vermək hüququ olmayan şəxs tərəfindən verilmişdirsə; 363.1.1-1. apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə; 363.1.2. apellyasiya şikayətinə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədlər əlavə olunmamışdırsa, qanunla dövlət rüsumunun ödənilməsinə möhlət verilməsi, hissə-hissə ödənilməsi və ya onun məbləğinin azaldılması imkanı nəzərdə tutulmuşdursa, bu barədə vəsatət olmadıqda və ya vəsatət rədd edilmişdirsə; 363.1.3. apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə; 363.1.4. apellyasiya şikayət ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərilənədək şikayəti verən şəxsin onun geri qaytarılması haqqında ərizəsi daxil olmuşdursa; 363.1.5. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə bu Məcəllənin 10-1.3-cü maddələrində nəzərdə tutulmuş qaydada aparılan elektron məhkəmə icraatında apellyasiya şikayəti həmin maddənin tələblərinə uyğun verilmədikdə. 363.2. Apellyasiya şikayətinin qaytarılması haqqında qərardad çıxarılır. 363.3. Apellyasiya şikayətinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. 363.4. Bu Məcəllənin 363.1.1 və 363.1.2-ci maddələrində göstərilmiş hallar aradan qaldırıldıqdan sonra şikayəti vermiş şəxs yenidən məhkəməyə ümumi qaydada apellyasiya şikayəti ilə müraciət edə bilər.
Maddə 372. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri (...) 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
Maddə 398. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyəti 398.0. Apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: 398.0.1. məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək (...)
Maddə 402. Kassasiya şikayəti vermə hüququ (...) 402.2. Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının aşağıdakı qərardadlarından kassasiya şikayəti verilə bilər: 402.2.1. apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; 402.2.2. kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; 402.2.3. kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; 402.2.4. iş üzrə icraata xitam verilməsi barədə; 402.2.5. bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında.
Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri
17. Apellyasiya instansiya məhkəməsi Mülki Prosessual Məcəllənin 397.2-ci maddəsinin tələbinə əsasən qərardaddan verilən şikayətə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir.
18. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
19. Məhkəmə kollegiyası məruzəçi-hakimi dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
20. Belə ki, Kreditor ASC-nin şikayəti MPM-in imperativ xarakterli “Apellyasiya şikayətinin forması” adlı 2 saylı Əlavəsi ilə tələb olunan forma və məzmuna uyğun tərtib edilmədən məhkəməyə təqdim olunmuş, bununla da MPM-in 361.1-ci maddəsinin tələbi pozulmuşdur.
21. MPM-in 361.1-ci maddəsində apellyasiya şikayətinin məhz bu Məcəllə ilə müəyyən edilmiş formada tərtib olunmaqla verilməsi nəzərdə tutulmuş, həmin forma isə MPM-ə “Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında” 2021-ci il 9 iyul tarixli, № 363-VİQD saylı Qanunu ilə əlavə edilmiş “Əlavə 2”də göstərilmişdir.
22. Bundan başqa, MPM-ə əsasən “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir.
23. Kreditor ASC isə Zəngilan Rayon Məhkəmsinin 2(034)-1247/2016 nömrəli xx.xx.2023-cü il tarixli qərardadından şikayəti elektron kabinet vasitəsilə (elektron ərizə formasında) verməli, elektron imza ilə imzalamalı olduğu halda, kağız daşıyıcada məhkəməyə təqdim etmişdir.
24. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadının ləğvi üçün əsas olmadığından şikayət təmin olunmamalı, Zəngilan Rayon Məhkəmsinin 2(034)-1247/2016 nömrəli xx.xx.2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
25. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 263-264, 357, 398.0.1, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qərara aldı:
Şikayət təmin edilməsin. Zəngilan Rayon Məhkəməsinin 2(034)-1247/2016 nömrəli xx.xx.2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.