Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1287/2025 23.09.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh X3 qarşı mülki iş üzrə (Açar söz: maddi ziyanın ödənilməsi) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının hakimləri-Hüseynzadə Afiq Hüseyn oğlu (sədrlik edən və məruzəçi), X9 və X4 ibarət tərkibdə, Cəfərova Aysel Ramiz qızının katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, Siyəzən Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(059)-111/2025 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi. İşin halları Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı Cavabdeh (üçüncü şəxs Siyəzən RPŞ DYPB YPXİ) qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, heyvanın avtomobilə vurduğu 2340 manat məbləğində zərərin və ödənilmiş 44 manat manat dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, 21 noyabr 2024-cü il tarixdə saat təxminən 18:00 radələrində ona məxsus olan Tayota markalı, **-MK-*** dövlət nömrə nişanlı avtomaşınla Siyəzən rayon Qarabulaq kənd yolu ilə üzü Siyəzən istiqamətində hərəkətdə olarkən qəfildən yolun sağından iri buynuzlu heyvanlar sahibi tərəfindən yola çıxarılmağa başlamış, yolun hərəkət hissəsində xeyli heyvan olduğundan avtomaşının hərəkət istiqamətini sola dəyişsə də idarə etdiyi avtomobil heyvanlardan birinə dəymiş və nəticədə avtomobilin əsasən ön və sol hissəsi ciddi zərər gördüyündən ona 2340 manat məbləğində ziyan dəymişdir. Hadisə zamanı heç kim xəsarət almasa da nəqliyyat vasitəsinə ciddi maddi zərər dəymişdir. Cavabdeh, yəni heyvan sahibi hadisə ilə əlaqədar Siyəzən rayon PŞ-də izahat vermiş və yol-nəqliyyat hadisəsinin baş verməsində təqsirli bilinərək, Azərbaycan Respublikası İXM-nin 338.5-ci maddəsi ilə inzibati cərimə olunmuşdur. Siyəzən şəhəri, H.Əliyev küçəsində yerləşən avtotəmir sexinin mütəxəsisi tərəfindən verilən xx.xx.2024-cü il tarixli “Ziyan Aktı”na əsasən avtomaşına cəmi 2340 manat ziyan dəydiyi müəyyən olunmuşdur. Cavabdehin səhlənkarlığı və nəzarətsizliyi səbəbindən yol-nəqliyyat hadisəsi nəticəsində əmlakına ciddi maddi zərər dəymiş, həmçinin keçirdiyi psixoloji sarsıntıya görə mənəvi zərərə uğramışdır. Buna baxmayaraq cavabdeh əmlakına vurulan ziyanı ödəməyəcəyini bildirir. Onu da qeyd edir ki, cavabdeh tərəfindən heyvanlarını özbaşına buraxdığına görə həmin ərazidə bir neçə dəfə heyvanların vurulması ilə əlaqədar yol nəqliyyat hasdisəsinin baş verməsi deyilir. Odur ki, mübahisənin ədalətli həllindən ötrü ədalət mühakiməsini yalnız məhkəmələr həyata keçirdiyini əsas tutaraq, hüquqlarının və qanunla qorunan mənafeyinin müdafiəsini məhkəmədən xahiş edir.
3. Cavabdeh iddiaya dair yazılı etiraz edərək bildirmişdir ki, 21 noyabr 2024-cü il tarixdə, saat təxminən 18:00 radələrində İddiaçı özünün idarə etdiyi Tayota markalı **-MK- *** dövlət nömrə nişanlı avtomaşınla yüksək sürətdə Siyəzən istiqamətində hərəkət etməklə yolundan çıxaraq sol tərəfdə, əks istiqamətdə, yarı hissəsi torpaq yolda olan ona məxsus bir baş iribuynuzlu inəyini vuraraq ağır xəsarət yetirmişdir. Baş vermiş hadisə zamanı onun sol əlinə də ziyan dəymişdir. Hadisə yerinə gəlmiş Siyəzən rayon X11 Yol Polisi əməkdaşı İlkin adlı şəxs, onun savadsızlığından sui-istifadə edərək, öz maddi marağına görə işi qeyri-obyektiv apararaq onun barəsində İXM-nin 338.5-ci maddəsi ilə inzibati protokol tərtib edərək, oxuya bilmədiyi sənədə imza etdirmişdir. Bundan başqa baş vermiş hadisə nəticəsində onun inəyi ölməsə də müalicəsi üçün 500 manat pul xərcləmişdir. Odur ki, iddia tələbinin rədd edilməsi və Siyəzən rayon X11 Yol Polisi əməkdaşı İlkin adlı şəxsin hərəkətlərinin yoxlanılması üçün təkrar araşdırılma aparılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
4. Siyəzən Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(059)-111/2025 saylı qətnaməsi ilə (hakim Günel Quluzadə) iddia təmin edilmiş, Cavabdeh 2340 manat məbləğində maddi ziyan və 44 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 2384 (iki min üç yüz səksən dörd) manat məbləğində pulun tutulataq İddiaçı xeyrinə ödənilməsi, aparılmış məhkəmə-əmttəşünaslıq ekspertizası tədqiqatının dəyəri 50 (əlli) manat məbləğində pulun Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir.
5. Məhkəmə müəyyən etmişdir ki, İddiaçı özünə məxsus Tayota markalı, **-MK-*** dövlət nömrə nişanlı avtomaşınla Siyəzən rayon Qarabulaq kənd yolu ilə üzü Siyəzən istiqamətində hərəkətdə olarkən Cavabdeh mal-qaranın asfalt və sement-beton örtüklü yollarla ötürülməsi ilə bağlı təqsirli hərəkəti nəticəsində iddiaçıya məxsus maşının cavabdehə məxsus inəklə toqquşması və iddiaçıya məxsus avtomaşına ziyan dəyməsi iş materiallarında olan inzibati tənbeh vermə haqqında qərar, ziyan aktı, ekspert rəyi, tərəflərin izahatları və şahid ifadəsi ilə tam sübuta yetirilmişdir. Cavabdeh baş vermiş hadisədə təqsirli olmadığını bildirsə də buna dair məhkəməyə hər hansı sübut təqdim etməmiş, barəsində qəbul edilmiş xx.xx.2024-cü il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarı mübahisələndirməyərək əksinə tənbeh edildiyi 40 manat inzibati cəriməni də dərhal ödəyərək (məhkəmə iclasında özünün və şahidin verdiyi izahat) həmin qərarla razılaşmışdır. Dəymiş ziyanın məbləği ilə bağlı məhkəmə qeyd edir ki, iş mateiallarında olan ziyan aktı və məhkəmə əmtəəşünaslıq ekspertizasının rəyi ilə iddiaçının idarə etdiyi Tayota markalı **-MK-*** dövlət nömrə nişanlı avtomaşına 2340 manat məbləğində maddi ziyan dəydiyi müəyyən olunmuşdur. Məhkəmə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının 05 may 2025-ci il tarixli, 9/1139 saylı ekspert rəyi ilə razılaşaraq həmin rəyi işin hallarını müəyyən edən kifayət qədər əsaslı, tam aydın və dolğun sübut kimi qəbul edir.
6. Birinci instansiya məhkəməsi öz hüquqi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 1096.2, 1097.1, 1110-cu maddələrinə və Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 106-cı maddələrinə istinad etməklə əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
7. Cavabdeh apellyasiya şikayəti verərək, Siyəzən Rayon Məhkəməsinin xx.xx.2025ci il tarixli, 2(059)-111/2025 saylı qətnaməsinin ləğv edilməsini xahiş etmişdir.
8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, etiraz ərizəsində də qeyd etdiyi kimi, xx.xx.2024-cü il tarixdə, saat təxminən 18-00 radələrində İddiaçı özünün idarə etdiyi Toyota markalı, **-MK-*** dövlət nömrə nişanlı avtomaşınla yüksək sürətlə Siyəzən istiqamətində hərəkət edirdi. Bu vaxt o yolundan çıxaraq sol tərəfdə, əks istiqamətdə, yarı hissəsi torpaq yolda ona məxsus bir baş iribuynuzlu inəyini vuraraq ağır xəsarət yetirmişdir. Baş vermiş hadisə zamanı onun sol əlinə də ziyan dəymişdir. Yol ikinci dərəcəli yoldur, gediş-gəliş çox az olur. Həmin yolda sürət həddi 50 olsa da iddiaçı çox böyük sürətlə hərəkət edirdi. Yol qırağında 7 ədəd yol nişan var. O, da yolu piyada keçidindən bir az aralıda keçirdi. İş üzrə təyin edilmiş Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli rəyindən xəbəri olmayıb. Bu barədə nə bildiriş gəlib, nə də SMS. Ona görə də hesab edir ki, iz üzrə yenidən təkrar məhkəmə ekspertizası aparılmalı, işə yenidən qərəzsiz, ədalətli baxılmalıdır. Bundan əlavə Siyəzən rayon PŞ-nin DYP əməkdaşı İlikn adlı şəxs onu aldadaraq, savadsızlığından istifadə edərək İXM-nin 338.5-ci maddəsi ilə inzibati protokola qol çəkdirmişdir. Belə ki, həmin əlifbada oxuya bilmədiyindən onu aldadaraq, hadisənin baş verdiyi barədə dediyini yazdığını bildirmişdir. Bu işlə əlaqədar prokurorluğa yenidən müraciət edəcək. Həmçinin baş vermiş qəza nəticəsində sol əlinə də ziyan dəymişdir. Əlinin müalicəsi üçün 500 manata kimi pul xərcləmişdir. Onun özünə və inəyinə dəymiş maddi ziyanın ödənilməsi tələbi tətbiq edilməli olduğu halda, yüksək sürətlə hərəkət edən iddiaçının tələbinin qanunsuz olaraq tələbinin təmin edilmişdir. Qəza hadisəsinin baş vermiş yolda maksimal sürət həddi 50 km/saat olduğu halda iddiaçı X1 yüksək sürətlə avtomobili idarə etdiyinin qeyd olunmamışdır. Yol qırağında 7 ədəd yol nişanının olduğu, həmçinin yolun ikinci dərəcəli yol olmasının nəzərə alınmamışdır. Siyəzən rayon PŞ-nin DYP əməkdaşı İlkin adlı şəxsin savadsızlığından sui-istifadə edərək, öz marağına görə işi qeyri-obyektiv aparması araşdırılmamışdır.
b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
9. İddiaçı tərəfindən apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
c) Apellyasiya icraatı iştirakçılarının izahatları
10. Məhkəmə kollegiyasının iclasında Cavabdeh apellyasiya şikayətini müdafiə edərək bildirdi ki, hadisə baş verən yol ikinci dərəcəli yoldur, sürət həddi 50 km/ saat olmalıdır. İddiaçı döngədə sürətli sürüb. Özünə də zərər dəyib, əli zədələnib. Polis də onu aldadaraq izahat yazıblar. 40 manat pulu vardı, onu da verib ki, cəriməni tez ödəsin ki, ona 5 manat geri qaytarsın. Cəriməni ödəməsi təqsirini etiraf etməsi kimi qiymtələndirilməməlidir. Belə ki, onu başqa yol hərəkəti qaydasını pozmasına görə cəriməsi olduğunu deyib, aldatmaql ödətdirmişlər. Buna görə də şikayətinin təmin olunmasını xahiş edir.
11. Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətinə etiraz edərək bildirdi ki, cavabdeh sağ qolunun zədələndiyini bildirir, ona böhtan atır. Cavabdeh heyvanların arxasında olub, havanın qaranlıq vaxtında heyvanları yol çıxardırb. Avtomobilin təmirinə qüsur aktında göstəriləndən əlavə xərcləri olsa da həmin xərci tələb etməyib.
12. Üçüncü şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Siyəzən Rayon Polis Şöbəsinə məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, iştirak etməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən işə üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
İşdə olan sübutlar
13. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BDYPİ Qİİ tərəfindən 30 yanvar 2018-ci il tarixdə verilmiş AD seriyalı, 139694 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, 2014-cü il buraxılışlı, “Toyota Camry” minik markalı, ** MK *** dövlət qeydiyyat nişanlı minik avtomobilinin sahibi İddiaçıdur.
14. Siyəzən rayon X14 Yol polisi tərəfindən tərtib edilmiş “inzibati tənbeh vermə haqqında” xx.xx.2024-cü il tarixli TP ******* saylı qərardan görünür ki, Cavabdeh Azərbaycan Respublikası İXM-nin 338.5.2-ci maddəsi ilə təqsirli bilinərək 40 manat məbləğində inzibati cərimə edilmişdir.
15. X7 tərəfindən 29 noyabr 2024-cü il tarixdə tərtib edilmiş ziyan aktından görünür ki, İddiaçı məxsus 2014-cü il buraxılışlı, “Toyota Camry” minik markalı, ** MK *** dövlət qeydiyyat nişanlı minik avtomobilinə dəymiş ziyan aşağıdakı kimidir: sol yan güzgü-01 ədəd, qiyməti 200 manat, sol qanad ön-01 ədəd qiyməti 180 manat, banper ön-01 ədəd qiyməti 240 manat, ön sol fara-01 ədəd qiyməti 220 manat, sol duman fara-01 ədəd qiyməti 70 manat, patkrilnik sol-01 ədəd 30 manat, matorum altraşitnik 01 ədəd 40 manat, abirsofka 01 ədəd 120 manat, ön kapot-01 ədəd 600 manat, banper kaleska-01 ədəd 40 manat, dəmirçi əl haqqı 300 manat, rəngsaz əl haqqı 300 manat olmaqla, cəmi 2340 manat təşkil edir.
16. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə-əmtəəşünaslıq ekspertizasının 05 may 2025-ci il tarixli, 9/1139 nömrəli rəyinin surətindən görünür ki, aparılmış tədqiqatlar nəticəsində iş materiallarında olan X7 tərəfindən 29 noyabr 2024-cü il tarixdə tərtib edilmiş ziyan aktındakı məlumatlara əsasən Bakı şəhəri, Babək prospektində yerləşən Toyota rəsmi dilleri bazarlarında olan avtohissələrin qiymətləri nəzərə alınmaqla 2014-cü il buraxılışlı, “Toyota Camry” minik markalı, ** MK *** dövlət qeydiyyat nişanlı minik avtomobilinin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 2340 manat müəyyən edilir, o cümlədən dəyişməli hissələrin qiyməti 1740 manat, təmir-bərpa işlərinin qiyməti 600 manat müəyyən edilmişdir.
17. Məhkəmə iclasında şahid qismində dindirilmiş inzibati tənbeh vermə haqqında qərar qəbul edən şəxs Siyəzən rayon X11 X13 baş dövlət avtomobil müfəttişi X5 izahat verərək bildirmişdir ki, 2024-cü ilin noyabr ayında yol nəqliyyat hadisəsinin baş verməsinə dair məlumat əsasında hadisə yerinə getmiş, İddiaçı özünə məxsus olan Tayota markalı **-MK-*** dövlət nömrə nişanlı avtomaşınla Siyəzən rayon Qarabulaq kənd yolu ilə üzü Siyəzən istiqamətində hərəkətdə olarkən qəfildən yolun sağından iri buynuzlu heyvanlardan inəyə dəymişdir. Həmin vaxt inək ölməmiş, inəyi sahibi olan cavabdeh və maşının sürcüsü olan iddiaçıya hər hansı xəsarət dəyməmişdir. Faktla bağlı araşdırma aparılmış hazırki iş üzrə cavabdeh X2 təqsiri müəyyən olunaraq barəsində İXM-nin 338.5.2-ci maddəsi ilə inzibati xəta haqqında qərar qəbul edilərək 40 manat məbləğində inzibati cərimə olunmuş və onun tərəfindən cərimə dərhal ödənilmişdir.
Tətbiq edilən hüquq
18. Azərbaycan Respublikası Mülki Məcəlləsi
21.1 Hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. 21.2 Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkmişə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd əməldir. 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1 Mülki hüquq pozuntusu törətmiş şəxs fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin əvəzini tam həcmdə ödəməlidir. 1110. Heyvanın sahibi öz heyvanının başqalarına vurduğu zərərin əvəzini ödəməyə borcludur. Bu zaman heyvanın nəzarət altında olduğunun, itdiyinin və ya qaçdığının əhəmiyyəti yoxdur. Əgər heyvanın sahibi üçüncü şəxslərin müdafiəsi üçün zəruri tədbirlər görmüşsə, zərərin əvəzinin ödənilməsi öhdəliyi tətbiq edilmir.
19. Mülki Prosessual Məcəllə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini təmin etmədən saxlaya bilər.
Apellyasiya baxışının hədləri
20. Məhkəmə kollegiyası tərəfindən Siyəzən Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(059)-111/2025 saylı qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmışdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
21. Məhkəmə kollegiyası iddiaçının izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Siyəzən Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(059)-111/2025 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
22. Belə ki, işin müəyyən edilmiş hallarına əsasən cavabdehin yol hərəkəti qaydasını pozaraq heyvanları yola çıxarması nəticəsində baş vermiş yol-nəqliyyat hadisəsi zamanı iddiaçının mülkiyyətində olan avtomobilinə zərər dəymiş və həmin zərərin məbləği ekspert rəyi ilə müəyyən edilmişdir.
23. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək qeyd edir ki, hadisədə cavabdehin təqsiri olması barəsində tərtib edilmiş inzibati xəta haqqında qərarla təsdiq edilmiş, cavabdeh təqsirli olmasını qəbul edərək, həmin qərarı mübahisələndirməmiş və cərimə məbləği tərəfindən ödənilmişdir.
24. Beləliklə, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Buna görə də apellyasiya şikayəti təmin edilməməli, Siyəzən Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(059)-111/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
25. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 220, 384.0.1, 392-393 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Q Ə T E T D İ:
Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Siyəzən Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(059)-111/2025 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə elan olunduğu andan qanuni qüvvəyə minir. Qətnamədən şikayət verilə bilməz.