Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1289/2024 14.08.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iddiası ilə bağlı mülki iş üzrə (Açar sözlər: alimentin miqdarının artırılması) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri X7 (sədrlik edən və məruzəçi), X1 və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, İsmayılova Ləman Zakir qızının katibliyi, İddiaçı iştirakı ilə Şamaxı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(074)-596/2024 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi: İşin halları
1. Şamaxı Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(074)-562/2020 saylı qətnaməsindən görünür ki, iddiaçı X3 Cavabdeh qarşı aliment tələbinə dair iddiası qismən təmin edilərək, Cavabdeh xx.xx.2020-ci il tarixdən başlayaraq, birgə nikahdan doğulmuş xx.xx.2018-ci il təvəllüdlü X6 və xx.xx.2020-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün, hər ay hər uşağa görə 110 manat olmaqla, cəmi 220 manat sabit pul məbləğində alimentin tutulub, iddiaçı X4 verilməsi qət edilmişdir.
Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Şamaxı Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(074)-562/2020 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılaraq, Cavabdeh xx.xx.2018-ci il təvəllüdlü X6 və xx.xx.2020-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün, hər ay hər uşağa 235 manat olmaqla, cəmi 470 manat sabit pul məbləğində alimentin və mediasiya xərcinə görə ödənilmiş 50 manat məbləğində pulun alınaraq, ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Şamaxı Rayon Məhkəməsinin 2(074)- 562/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsindən görünür ki, cavabdehlə birgə nikahından doğulmuş xx.xx.2018-ci il təvəllüdlü X6 və xx.xx.2020-ci il təvəllüdlü X2 onun yanında qalmaqla, onların yetkinlik yaşınadək saxlanması üçün, Cavabdeh hər ay hər uşağa görə 110 manat olmaqla, hər ay cəmi 220 manat sabit pul məbləğində alimentin alınıb, ona verilməsi qət edilmişdir. “Yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununda göstərilmişdir ki, 2024-cü il üçün uşaqlara görə hər ay 235 manat pul tələb olunur. Hesab edir ki, 2024-cü il üçün hər uşağa görə 110 manat alimentin tutulması olduqca çox az məbləğdir. Çünki bütün ərzaq mallarının və geyim əşyalarının qiymətləri çox qalxmışdır. Uşaqların geyim, sağlamlıq və digər maddi təminat xərcləri ona çox böyük çətinlik yaradır. Odur ki, uşaqlarının mənafeyi maksimal təmin olunmaqla, cavabdehdən sabit pul məbləğində alınmalı alimentin məbləğinin hər ay hər uşaq üçün 110 manatdan 235 manatadək artırılması üçün, əlavə məhkəmə qətnaməsinə zərurət yaranmışdır.
4. Şamaxı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(074)-596/2024 nömrəli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Şamaxı Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(074)-562/2020 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının artırılaraq, Cavabdeh hazırki qətnamə qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq, xx.xx.2018-ci il təvəllüdlü X6 və xx.xx.2020-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün, hər ay hər uşağa görə 175 manat olmaqla, cəmi 350 (üç yüz əlli) manat sabit pul məbləğində aliment və ödənilmiş 50 (əlli) manat mediasiya xərcinin tutularaq, İddiaçı ödənilməsi, Cavabdeh 62 (altmış iki) manat məbləğində dövlət rüsumunun tutularaq, dövlət büdcəsinə ödənilməsi qət edilmişdir (hakim Fərid Yaqubov).
5. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 75.1, 75.4, 78.1, 78.2, 112.1-ci maddələri, “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli qərarındakı hüquqi mövqeyi, “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli qərarındakı hüquqi mövqeyi ilə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 112.1.3, 119.1 və 217.4-cü maddələri ilə əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri
6. Cavabdeh apellyasiya şikayəti verib, Şamaxı Rayon Məhkəməsinin 2(074)- 596/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsini tamamilə ləğv edərək iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qət edilməsini xahiş etmişdir.
7. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi iş üzrə Azərbaycan Respublikası Ailə Məcəlləsi qanunvericiliyinin tələblərini düzgün tətbiq və təfsir etməmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinin tələbindən göründüyü kimi uşağı saxlamaq təkcə atanın yox, ananın da öhdəliyinə düşür. Lakin məhkəmə iş üzrə qətnamə qəbul edərkən bu halı nəzərə almamışdır. Pensiya, təqaüd və müavinət, ünvanlı sosial yardım yardım almır. Aylıq əmək haqqısı isə 500 (beş yüz) manat civarındadır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.2-ci maddəsinə görə isə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir.
8. Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı müəyyən edilərkən məhkəmə tərəflərin maddi və ailə vəziyyətini nəzərə almalıdır. Lakin Şamaxı Rayon Məhkəməsinin 2(074)-596/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsində məhkəmə onun maddi və ailə vəziyyətini nəzərə almamışdır. Birinci instansiya Məhkəməsinin qətnaməsində Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsindən bəhs edilsə də həmin maddənin tələbləri, yəni tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla, aliment ödəməkdən azad edə bilər müddəası nəzərə alınmamışdır. O, iddiaçı ilə boşandıqdan sonra yeni nikaha daxil olaraq ailə qurmuşdur. Hal-hazırda ikinci həyat yoldaşı hamilədir. Göründüyü kimi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinin tələbi bu halda tətbiq olunmalı və iddiaçının alimentin məbləğinin artırılması tələbi rədd edilməlidir. Lakin birinci instansiya məhkəməsi qətnamədə yazdığı qanunun bu tələbini düzgün təfsir və tətbiq etməmişdir. İşin bütün faktiki halları düzgün araşdırılmamış və istinad edilən qanunlar və normativ aktlar düzgün tətbiq və təfsir edilməməklə maddi və prosessual hüquq normaları kobud surətdə pozulmuşdur. Nəticədə qətnamə qət edilərkən məhkəmə səhv nəticəyə gəlmişdir. İkinci həyat yoldaşı ilə birgə çox çətin şəraitdə yaşayırlar, maddi vəziyyəti çox pisdir. İkinci həyat yoldaşının hamilə olması səbəbindən onun tibbi müayinə xərcləri də daxil olmaqla özlərinə xeyli pul lazımdır. Lakin onun başqa yerdən gəliri olmadığından çox pis maddi sıxıntı vəziyyətindədir. Hesab edir ki, qeyd etdiyi əsaslarla Şamaxı Rayon Məhkəməsinin 2(074)-596/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi tamamilə ləğv edilməli və iş üzrə yeni qətnamə qət edilməklə iddia tələbi rədd edilməlidir.
Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
9. İddiaçı apellyasiya şikayətinə etiraz tədim edərək apellyasiya şikayətinin təmin edilməməsi və Şamaxı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(074)-596/2024 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
10. İddiaçı etirazını onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi işin hallarına hüquqi qiymət verərək düzgün nəticəyə gəlmiş və iddia tələbinin qismən təmin olunması üçün qanunda nəzərdə tutulmuş əsaslarla qətnamə qət etmişdir. Cavabdehin apellyasiya şikayətinə etiraz edərək bildirir ki, birinci instansiya məhkəməsi işi düzgün araşdırmış və düzgün nəticəyə gəlmişdir.
Apellyasiya icraatı iştirakçılarının izahatları
11. Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
12. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məlumat verməmişdir.
13. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə, məhkəmə işə baxmağa haqlıdır.
14. Qeyd olunan hüquq normasını əsas götürərək məhkəmə kollegiyası işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası:
15. Maddə 17. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir.
16. Maddə 34. Analıq, atalıq, uşaqlıq qanunla qorunur. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də vəzifəsidir.
“Uşaq hüquqları haqqında” Konvensiya:
17. Maddə 27.2. Valideyn (valideynlər) və ya uşağı tərbiyə edən digər şəxslər özlərinin qabiliyyəti və maliyyə imkanları çərçivəsində uşağın inkişafı üçün zəruri olan həyat şəraitini təmin edilməsinə görə məsuliyyət daşıyırlar.
“Uşaq hüquqları haqqında” Qanun:
18. Maddə 13. Uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır.
Azərbaycan Respublikasının Ailə Məcəlləsi:
19. Maddə 76.2. Bu payların miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər.
20. Maddə 78.1. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər.
21. Maddə 78.2. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir.
22. Maddə 112.1. Aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətə layiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi:
23. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
24. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
25. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
26. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
27. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər.
28. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
29. Maddə 402.1. Apellyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, kommersiya mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz.
Apellyasiya baxışının hədləri
30. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6 və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
31. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
32. Apellyasiya şikayətindən görünür ki, Cavabdeh Şamaxı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(074)-596/2024 nömrəli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir.
33. Ona görə də kollegiya Şamaxı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsini iddianın təmin edilən hissədə yoxlanılmasını vacib hesab edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
34. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini və işdə iştirak edən şəxsin izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
35. Belə ki, daha öncə istinad olunan qanunvericilik aktlarından göründüyü kimi həmin aktların əsas istiqaməti ona yönəlmişdir ki, heç bir əsas valideynləri öz uşaqlarını saxlamaq vəzifəsindən azad etmir. Alimentin ödənilməsi onlara öz şəxsi istehlak tələbatlarının, ehtiyaclarının ödənilməsinə mane olsa belə valideynlər mənbəyindən asılı olmayaraq öz qazanclarını uşaqları ilə bölüşdürməyə borcludurlar. Uşaqların saxlanılması valideynlərin hər ikisinin mənəvi borcu olmaqla yanaşı, həm də vacib hüquqi vəzifələridir.
36. Kollegiya ilk növbədə qeyd edir ki, istənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Bunun üçün isə məhkəmələr tərəfindən ilk növbədə işin faktiki halları və hüquqi əsası araşdırılmalıdır. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia təmin olunur, uzlaşmırsa rədd edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.
37. İddiaçının iddia tələbi, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarının artırılmasından (dəyişdirilməsindən) ibarətdir; belə növ iddia tələblərinin həllinin qanuni əsasını isə Ailə Məcəlləsinin 112.1-ci maddəsi təşkil edir.
38. Qanunverici, prinsip etibari ilə məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra onun miqdarının dəyişdirilməsinin (artırılmasının və ya azaldılmasının) və ya aliment ödəməkdən ümumiyyətlə azad edilmənin mümkünlüyünü nəzərdə tutur. Lakin bunun ən əsas şərti məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olduğunun sübuta yetirilməsidir. Hazırkı mübahisə üzrə iddiaçı, alimentin miqdarının artırılmasını müəyyənləşdirilmiş alimentin uşaqların ehtiyaclarını ödəməyə imkan verməməsinə əsaslanmaqla tələb etmişdir.
39. Göründüyü kimi, alimentin tutulması barədə qətnamənin qəbul edilməsindən xeyli müddət keçmiş, həmin müddətdən sonra minimum yaşayış tələbatları artmışdır.
40. Belə ki, “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il tarixli Qərarında Konstitusiya Məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, geyim, qida, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas olar bilər.
41. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 28 mart 2016-cı il tarixli, qərarında qeyd edilir ki, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən edilərkən uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas meyar olmalı və yalnız bir tərəfin deyil, hər iki tərəfin ailə və maddi vəziyyəti öyrənilməlidir.
42. Məhkəmə kollegiyası hesab edir ki, Şamaxı Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(074)-562/2020 saylı qətnaməsinin çıxarılmasıdan 4 il vaxt keçməsi, məhkəmə qətnaməsi ilə müəyyən edilən alimentin uşağın saxlanması üçün yetərli olmaması, tərəflərin yetkinlik yaşına çatmamış uşaqlarının təminatının mümkün qədər maksimal saxlanması imkanları, eləcə də cavabdehin aliment verməsinə dair maddi imkanları mövcud iqtisadi vəziyyətdə inflyasiya nəzərə alınmalıdır.
43. Məhkəmə kollegiyası onu da qeyd etməyi zəruri hesab edir ki, hər hansı bir məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün əsas şərtlərdən biri onun ədalətli olmasıdır.
44. Avropa İnsan Hüquqları Məhkəməsinin bir çox qərarlarında da (“Delcourt Belçikaya qarşı” iş üzrə xx.xx.1970-ci il tarixli, “Piersack Belçikaya qarşı” iş üzrə xx.xx.1982-ci il tarixli, “X8rşı” iş üzrə xx.xx.1984-cü il tarixli qərarları) ifadə olunmuş mövqeyinə görə “ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir”.
45. Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, xx.xx.2018ci il təvəllüdlü X6 və xx.xx.2020-ci il təvəllüdlü X2 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün Cavabdeh hər ay hər uşağa görə 175 manat olmaqla, cəmi 350 (üç yüz əlli) manat sabit pul məbləğində alimentin tutulması hər iki tərəfə münasibətdə ədalətli və ağlabatandır.
46. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış, tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir ki, bu da Azərbaycan Respublikasının MPM-nin 384.0.1-ci maddəsinə görə məhkəmə qətnaməsinin apellyasiya qaydasında dəyişdirilmədən saxlanması, apellyasiya şikayətinin isə təmin edilməməsi üçün əsasdır.
47. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şamaxı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(074)-596/2024 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.