Məhkəmə qərarları › İş №2(105)-129/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-129/2023

24.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-129/2023 24.01.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh4 qızına, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, X3, Cavabdeh2 qarşı mülki iş üzrə (Açar sözlər: kredit borcunun qaytarılması, tələbin ipoteka predmetinə yönəldilməsi, mənzilin və evin boşaldılması) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi), X8 və X5 ibarət tərkibdə, Həşimova Leyla Yusub qızının katibliyi, İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə iştirakı ilə, Abşeron Rayon Məhkəməsinin 2(012)-2984/2017 nömrəli, 04 may 2017-ci il tarixli qətnaməsindən iş üzrə Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı ASC cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, X3 və Cavabdeh2 qarşı kredit borcunun qaytarılması, tələbin ipoteka predmetinə yönəldilməsi, mənzilin və evin boşaldılması və sair tələblərə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh1 22 noyabr 2013-cü il tarixli, sm4793 saylı Baş kredit müqaviləsi üzrə 79256,17 manat əsas borc, 11176,10 faiz borcu, 20000 manat (iyirmi min) dəbbə pulu, cəmi 109083,11 manat pul, habelə 90 manat dövlət rüsumunun tutularaq iddiaçı banka ödənilməsi, tələbin ipoteka predmetinə yönəldilməsi, ipoteka predmetinin açıq hərracdan satıldıqdan sonra ipoteka predmetinin boşaldılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı təşkilat xx.xx.2016-cı il tarixdə iddia tələbinin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək (i.v.167) cavabdehdən 79256,17 manat əsas borc, 18035,78 manat faiz borcu, 20000 manat cərimə borcu, cəmi 117291,95 manat borcun tutulmasını xahiş etmişdir. İddiaçı təşkilat xx.xx.2017-ci il tarixdə iddia tələbinin artırılması barədə ərizə ilə müraciət edərək (i.v. 195) Cavabdeh1 22 noyabr 2013-cü il tarixli, sm4793 saylı Baş kredit müqaviləsi üzrə 79256,17 manat əsas borc, 24526,66 faiz borcu, 20000 manat (iyirmi min) dəbbə pulu, cəmi 123782,83 manat pul tələb etmişdir. İddiaçı ASC iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı "Rabitəbank” ASC-nin “Sumqayıt” filialı ilə Cavabdeh1 arasında bağlanmış 22 noyabr 2013-cü il tarixli, sm4793 saylı Baş kredit müqaviləsinə əsasən cavabdehə illik 16,75 faiz dərəcəsi olmaqla 60 (altmış) ay müddətinə 100000 (yüz min) AZN məbləğində kredit verilmişdir. 22 noyabr 2013-cü il tarixli, sm4793 saylı Baş kredit müqaviləsinin şərtlərinə görə Cavabdeh1 kredit üzrə hesablanmış dəbbə pulunu (cərimə, penya), faizləri və əsas borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürsə də kreditin ödənilməsinə dair öhdəlikləri vaxtında və lazımi qaydada icra etməmişdir. Bu barədə cavabdehə dəfələrlə yazılı və şifahi qaydada xəbərdar edilməsinə baxmayaraq Cavabdeh1 öhdəliklərinin icra edilməsindən qərəzli olaraq yayınmışdır. Cavabdeh1 kredit müqaviləsi üzrə 79256,17 manat (yetmiş doqquz min iki yüz əlli altı manat on yeddi qəpik) əsas borcu, 24526,66 manat (iyirmi dörd min beş yüz iyirmi altı manat altmış altı qəpik) faiz borcu, 20000 manat (iyirmi min) dəbbə pulu, cəmi 123782,83 manat (yüz iyirmi üç min yeddi yüz səksən iki manat səksən üç qəpik) borcu vardır. 22 noyabr 2013-cü il tarixli, sm4793 saylı Baş kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrasının təmini üsulu kimi tam mülkiyyət hüququ ilə Cavabdeh1 məxsus Abşeron rayonu, Ceyranbatan qəsəbəsi, N.Nərimanov küçəsi, 29 saylı evin 1 saylı mənzili və tam mülkiyyət hüququ ilə cavabdeh X3 məxsus Abşeron rayonu, Saray qəsəbəsi, Yeni məhəllə ünvanında yerləşən fərdi yaşayış evi İddiaçı ASC qarşısında 22 noyabr 2013-cü il tarixli və 03 dekabr 2013-cü il tarixli sm4793 saylı İpoteka müqavilələrinə əsasən yüklü edilmişdir. İpoteka müqavilələri notarial qaydada təsdiq edilmiş və dövlət qeydiyyatına alınmışdır. Həmçinin Cavabdeh1 və X1 ailə üzvlərinin həmin mənzilin ipoteka ilə yüklü edilməsinə dair razılıqları da notarial qaydada təsdiq edilmişdir. Tərəflər arasında bağlanmış 22 noyabr 2013-cü il tarixli, sm4793 saylı Baş kredit müqaviləsinin 4.6-cı bəndinə əsasən, müştəri bu Müqavilə üzrə üzərinə düşən vəzifələri vaxtında icra etmədikdə, kredit faizlərinin ödənilməsi müddətini bir dəfə pozduqda girovsaxlayan (Bank) girova ödəniş yönəldə bilər. Eyni zamanda həmin Müqavilənin 5.4-cü bəndinə əsasən (borcluya aid hissədə), müştəri bir dəfə bu Müqavilədə nəzərdə tutulmuş vəzifələrini yerinə yetirməzsə, o cümlədən Bankın tələb və göstərişlərinə əməl etməzsə, kredit faizlərini ödəmə müddətini pozarsa, çəkilən xərcləri ödəməzsə və digər şərtlərə əməl etməzsə, Bankın bu Müqaviləni pozmağa və bütün tələblərini vaxtından əvvəl ödəməyə hüququ vardır. Azərbaycan Respublikasının “İpoteka haqqında” Qanununun 36-cı maddəsinin imperativ tələblərinə riayət olunaraq iddiaçı bank tərəfindən ipoteka qoyan cavabdehlərə müvafiq bildirişlə müraciət edilmiş, ipoteka predmeti kimi çıxış edən əmlaka tutmanın yönəldilməsi barədə bildirişin rəsmi qaydada qeydə alınması barədə müvafiq reyestr orqanına müraciət olunmuş və bildiriş həmin orqanda qeydə alınmışdır. Abşeron Rayon Məhkəməsinin 04 may 2017-ci il tarixli, 2(012)-2984/2017 saylı qətnaməsi ilə İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, X6 və Cavabdeh2 qarşı kredit borcunun qaytarılması, tələbin ipoteka predmetinə yönəldilməsi, mənzilin və evin boşaldılması tələbinə dair iddia qismən təmin edilib, İddiaçı ASC və Cavabdeh1 arasında bağlanmış 22 noyabr 2013-cü il tarixli sm4793 saylı kredit müqaviləsi ləğv edilmiş, Cavabdeh1 İddiaçı ASC-nin xeyrinə 22 noyabr 2013-cü il tarixli sm4793 saylı kredit müqaviləsinə əsasən 79256,17 manat əsas borc, 24526,66 manat faiz borcu, 2000 manat cərimə borcu, cəmi 105782,83 manat (yüz beş min yeddi yüz səksən iki manat səksən üç qəpik) məbləğində kredit borcu, bildirişin qeydə alınması üçün ödənilmiş 60 manat və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun tutulması, borcun ödənilməsi üçün tutma tam mülkiyyət hüququ ilə Cavabdeh1 məxsus Abşeron rayonu, Ceyranbatan qəsəbəsi, N.Nərimanov küçəsi, 29 saylı evin 1 saylı mənzilinə və tam mülkiyyət hüququ ilə X3 məxsus Abşeron rayonu, Saray qəsəbəsi, Yeni məhəllə ünvanında yerləşən fərdi yaşayış evinə yönəldilməsi, Abşeron rayonu ,Ceyranbatan qəsəbəsi, N.Nərimanov küçəsi, 29 saylı evin 1 saylı mənzilin 87200 manat, Abşeron rayonu, Saray qəsəbəsi, Yeni məhəllə ünvanında yerləşən fərdi yaşayış evinin 72500 manat ilkin satış qiyməti ilə açıq hərracda satılması, satışdan əldə olunmuş vəsait hesabına Cavabdeh1 İddiaçı ASC-yə olan 105872,83 manat borcunun ödənilməsi, fərdi yaşayış evi və mənzil açıq hərracda satıldıqdan sonra ən geci 1 ay ərzində cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7 Abşeron rayonu, Ceyranbatan qəsəbəsi, N.Nərimanov küçəsi, 29 saylı evin 1 saylı mənzilindən, cavabdehlər X6 və Cavabdeh2 isə X3 məxsus Abşeron rayonu, Saray qəsəbəsi, Yeni məhəllə ünvanında yerləşən fərdi yaşayış evindən çıxarılması, həmin fərdi yaşayış evi və mənzilin boşaldılaraq iddiaçı banka təhvil verilməsi, iddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 30 manat pul vəsaitinin 25 manat hissəsi Cavabdeh1 tutulub İddiaçı ASC-yə ödənilməsi, iş üzrə məhkəməmühasibatlıq ekspertizasının keçirilməsinə sərf olunmuş 80 manat pulun Cavabdeh1 tutulub dövlət nəfinə keçirilməsi qət edilmişdir (hakim İ.Ə.Kərimli). Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, iddiaçı bankla Cavabdeh1 arasında bağlanmış 22 noyabr 2013-cü il tarixli sm4793 saylı Baş kredit müqaviləsinə əsasən cavabdehə 60 ay müddətinə illik 16,75 % dərəcəsi ilə 100000 manat məbləğində kredit verilmiş və 22 noyabr 2013-cü il tarixli, sm4793 saylı Baş kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrasının təmini üsulu kimi tam mülkiyyət hüququ ilə Cavabdeh1 məxsus olan Abşeron rayonu, Ceyranbatan qəsəbəsi, N.Nərimanov küçəsi, 29 saylı evin 1 saylı mənzili və tam mülkiyyət hüququ ilə cavabdeh X3 məxsus Abşeron rayonu, Saray qəsəbəsi, Yeni məhəllə ünvanında yerləşən fərdi yaşayış evi İddiaçı ASC qarşısında 22 noyabr 2013-cü il tarixli və 03 dekabr 2013-cü il tarixli, sm4793 saylı İpoteka müqavilələrinə əsasən yüklü edilmişdir. Xəbərdarlıq edilməsinə baxmayaraq, borc tam ödənilməmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1, 739.2, 385.1, 425.1, 442, 445,269.1, 269.3, 269.4, 462, 467-ci maddələrinə, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 59.3,59.4,25-ci maddəsinə istinad edərək əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri Cavabdeh2 nümayəndə və vəkili Vəkil apellyasiya şikayəti verərək Abşeron Rayon Məhkəməsinin 04 may 2017-ci il tarixli, 2(012)-2984/2017 saylı qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Şikayətin dəlilləri: Məhkəmə iclsasında iştirakının təmin edilməməsi ilə çəkişmə prinsipi pozulmuşdur. O, X4 arvadıdır. Əri xx.xx.2018-ci ildə ölmüşdür. Hazırki qətnamədən bir müddət əvvəl məlumatı olub. Məhkəmə prosesindən xəbəri olmayıb, məhkəmə tərəfindən bildiriş almayıb. Əri məhkəmə işləri barədə ona məlumat verməmişdir. Evin ilkin satış qiymətu 72500 manat müəyyən edilib, bu real bazar qiymətinə uyğun deyil. Evin qiyməti daha yüksəkdir. Məhkəmə qətnaməsi aydın deyil, iddia tələbinin həcminin artırılması barədə ərizədə hansı məbləğdən söhbət getdiyi məlum deyil. Habelə məhkəmə faizlərin hesablanması üçün ekspertiza təyin etməmişdir. b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri İddiaçı tərəfindən apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. c) Apellyasiya icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə apellyasiya şikayətini qəbul etməyərək bildirdi ki, cavabdehlər hər şeydən xəbərdardır. Mübahisəli əmlak boşaldılmalıdır. Həmin əmlakın alıcısı var. Ev artıq bankın balansındadır. Bu barədə çıxarış var. Qeyd olunanlara əsasən apellyasiya şikayətinin təmin edilməməsini, Abşeron Rayon Məhkəməsinin 2(012)-2984/2017 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir. Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq iş üzrə cavabdehlər, apellyasiya şikayəti vermiş cavabdehin nümayəndə və vəkili məhkəmə iclasında iştirak etməmiş, iştirak etməməsinin səbələri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən iş üzrə cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 449.4-cü maddəsinə əsasən özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 59.3-cü maddəsinə əsasən ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. 59.4-cü maddəsinə əsasən bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən və yaşayış yeri üzrə qeydiyyatdan çıxmadıqda, həmin şəxslər evdən (mənzildən) və yaşayış yeri üzrə qeydiyyatdan ayrıca məhkəmə qərarı tələb olunmadan ipoteka predmetinə tutmanın yönəldilməsi barədə icra sənədi əsasında 10 təqvim günü müddətində məcburi qaydada çıxarılırlar. Mülki Prosessual Məcəllə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 119.1 məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 384.0.1. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında dəyişdirilmədən, apellyasiya şikayətinin isə təmin edilmədən saxlanması üçün əsasdır. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apelyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarında qeyd edilir ki, “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apelyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apelyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Bununla əlaqədar olaraq apelyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etsə də, şikayətin məzmunundan görünür ki, cavabdeh birinci instansiya məhkəməsinin qətnaməsini tam mülkiyyət hüququ ilə X3 məxsus Abşeron rayonu, Saray qəsəbəsi, Yeni məhəllə ünvanında yerləşən fərdi yaşayış evinin ilkin satış qiymətinin 72500 manat müəyyən edilməsi və faiz borcuna dair hissədə mübahisələndirmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsini ipoteka predmetinin ilkin satış qiymətinin 72500 manat müəyyən edilməsi və tutulan borcun məbləğinə dair hissədə müzakirə edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

Mülki işin materiallarında olan İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 22 noyabr 2013-cü il tarixli sm4793 saylı Baş kredit müqaviləsindən görünür ki, cavabdehə 60 ay müddətinə illik 16,75 % dərəcəsi ilə 100000 manat məbləğində kredit verilmişdir. İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 03 dekabr 2013-cü il tarixli sm4793 saylı ipoteka müqaviləsindən görünür ki, Cavabdeh1 məxsus Abşeron rayonu, Ceyranbatan qəsəbəsi, N.Nərimanov küçəsi, 29 saylı evin 1 saylı mənzili 22 noyabr 2013cü il tarixli sm4793 saylı Baş kredit müqaviləsinin icrasının təmin üsulu kimi bank qarşısında ipoteka ilə yüklü edilmişdir. İddiaçı ASC ilə Cavabdeh1 və X6 arasında bağlanmış 22 noyabr 2013-cü il tarixli sm4793 saylı ipoteka müqaviləsindən görünür ki, X3 məxsus Abşeron rayonu, Saray qəsəbəsi, Yeni məhəllə ünvanında yerləşən fərdi yaşayış evi 22 noyabr 2013-cü il tarixli sm4793 saylı Baş kredit müqaviləsinin icrasının təmin üsulu kimi bank qarşısında ipoteka ilə yüklü edilmişdir. iddiaçı bank tərəfindən cavabdehlər Cavabdeh1 və X2 ünvanlanmış xx.xx.2015-ci il və xx.xx.2015-ci il tarixli bildirişlərdən görünür ki, kredit müqaviləsi üzrə borc ödənilmədiyinə görə borcun məcburi qaydada alınması və ipoteka predmetlərinə tutma yönəldiləcəyi barədə xəbərdarlıq edilmişdir. elektron xidmətlər portalından çıxarışlardan görünür ki, ipoteka predmetinə tutma yönəldilməsi barədə bildirişlər daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. məhkəmə-mühasibatlıq ekspertizasının 27 mart 2017-ci il tarixli, 353 saylı rəyinə görə 22 noyabr 2013-cü il tarixli sm4793 saylı Baş kredit müqaviləsinə əsasən xx.xx.2016cı il tarixə Cavabdeh1 banka olan əsas borcu 79256,17 manat, faiz borcu 11059,99 manat, cəmi borcu 90316,16 manat məbləğində müəyyən olunur. müstəqil qiymətləndirici "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2016-cı il tarixli rəylərə əsasən Cavabdeh1 məxsus Abşeron rayonu, Ceyranbatan qəsəbəsi, N.Nərimanov küçəsi, 29 saylı evin 1 saylı mənzilinin bazar dəyəri 87200 manat, tam mülkiyyət hüququ ilə cavabdeh X3 məxsus Abşeron rayonu Saray qəsəbəsi Yeni məhəllə ünvanında yerləşən fərdi yaşayış evinin bazar dəyəri isə 72500 manat müəyyən edilmişdir. Birinci instansiya məhkəməsi ekspert rəyinə və qiymətləndirmə rəyinə istinad edərək ipoteka predmetinin ilkin satış qiymətinin 72500 manat müəyyən edilməsi və cavabdehlərdən 79256,17 manat əsas borc, 24526,66 manat faiz borcu, 2000 manat cərimə borcu, cəmi 105782,83 manat (yüz beş min yeddi yüz səksən iki manat səksən üç qəpik) məbləğində borcun tutulması qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticəni əsaslı sayaraq qeyd edir ki, məhkəmə ekspert və qiymətləndirmə rəyinə istinad etməkdə haqlı olmuşdur. Belə ki, iş materiallarıdan görünür ki, iddiaçı təşkilat iddia ərizəsində Cavabdeh1 22 noyabr 2013-cü il tarixli, sm4793 saylı Baş kredit müqaviləsi üzrə 79256,17 manat əsas borc, 11176,10 faiz borcu, 20000 manat (iyirmi min) dəbbə pulu, cəmi 109083,11 manat pul tələb etmiş, daha sonra iddiaçı təşkilat xx.xx.2016-cı il tarixdə iddia tələbinin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək (i.v.167) cavabdehdən 79256,17 manat əsas borc, 18035,78 manat faiz borcu, 20000 manat cərimə borcu, cəmi 117291,95 manat borcun tutulmasını xahiş etmişdir. İş materiallarından görünür ki, iş üzrə məhkəmə mühasibatlıq ekspertizası təyin edilmiş, 27 mart 2017-ci il tarixli, 353 saylı rəyinə əsasən 22 noyabr 2013-cü il tarixli sm4793 saylı Baş kredit müqaviləsinə əsasən xx.xx.2016-cı il tarixə Cavabdeh1 banka olan əsas borcu 79256,17 manat, faiz borcu 11059,99 manat, cəmi borcu 90316,16 manat məbləğində müəyyən olunur. xx.xx.2017-ci il tarixdə iddiaçı təşkilat iddia tələbini artırılması barədə ərizə ilə müraciət edərək (i.v. 195) Cavabdeh1 22 noyabr 2013-cü il tarixli, sm4793 saylı Baş kredit müqaviləsi üzrə 79256,17 manat əsas borc, 24526,66 faiz borcu, 20000 manat (iyirmi min) dəbbə pulu, cəmi 123782,83 manat pul tələb etmişdir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, tələb olunan məbləğ ekspert rəyi ilə təsdiq edildiyindən birinci instansiya məhkəməsi kredit müqaviləsi üzrə əsas və faiz borcunun tutulmasına dair hissədə gəldiyi nəticədə haqlı olmuşdur. Belə ki, Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Hazırki işdən görünür ki, iddiaçı ilə Cavabdeh1 arasında kredit müqaviləsi imzalanmış, bu müqavilə Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada tam fəaliyyət qabiliyyətli şəxslər arasında bağlanmış və onun etibarsızlığına səbəb ola biləcək digər hallar da mövcud olmamış, kredit müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməsi cavabdehin risk dairəsinə daxil olan öhdəliyi olduğu üçün o, bu öhdəliklərin icra edilməməsinə görə iddaçı qarşısında cavabdehlik daşımışdır. Mülki Məcəllənin 448.1-ci maddəsinə görə də əgər bu Məcəllə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Müqavilə üzrə Cavabdeh1 xx.xx.2017-ci il tarixinə 79256,17 manat əsas borc, 24526,66 faiz borcu, 20000 manat (iyirmi min) dəbbə pulu, cəmi 123782,83 manat pul məblə\ində borcu olması ekspert rəyi və maliyyə arayışı (i.v.212) ilə ilə təsdiqini tapır. Həmçinin cavabdehdən tələb edilən məbləğ mübahisələndirildiyindən iş üzrə ekspertiza təyin edilmiş, ekspert rəyi iş materiallarına əlavə edilmişdir. Bununla da iddia tələbində tələb edilən məbləğidə cavabdehin borcu olması ekspert rəyi ilə də təsdiq edilir. Həmçinin məhkəmə kollegiyası qeyd edir ki, cavabdehin öhdəliyi lazımınca icra etmədiyi üçün iddiaçının dəbbə pulu almaq tələbinin də qanuni əsasları vardır. Belə ki, Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədyi və lazımınca icra edilmədyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Hazırki işdən görünür ki, iddiaçı təşkilat əsas və faiz borcuan görə cavabdehlərdən 20000 manat cərimə borcu tələb etmiş, məhkəmə haqlı olaraq cərimə borcunun yüksək olması qənaətinə gələrək cərimə borcunu 2000 manat müəyyən etmişdir. Bundan başqa məhkəmə kollegiyası ipöoteka predmetinin ilkin satış qiymətinin 72500 manat müəyyən edilməsinə dair birinci instansiya məhkəməsinin gəldiyi nəticəni əsaslı hesab edir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 20 iyul 2020-ci il tarixli, 01 saylı qərarında göstərilmişdir ki, “İpoteka haqqında” Qanunun 39.3.3-cü maddəsinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. Həmin Qanunun 1.0.9-cu maddəsinə əsasən ilkin satış qiyməti – qanunun tələbinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir. Həmin Qanunun 1.0.9-cu maddəsindən göründüyü kimi, sözügedən normada ipoteka predmetinin ilkin satış qiymətinin anlayışı aydın şəkildə həmin əmlakın məhz likvid qiymətini ehtiva etməsi kimi verilmişdir. "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2016-cı il tarixli rəylərə əsasən Cavabdeh1 məxsus Abşeron rayonu, Ceyranbatan qəsəbəsi, N.Nərimanov küçəsi, 29 saylı evin 1 saylı mənzilinin bazar dəyəri 87200 manat, tam mülkiyyət hüququ ilə cavabdeh X3 məxsus Abşeron rayonu Saray qəsəbəsi Yeni məhəllə ünvanında yerləşən fərdi yaşayış evinin bazar dəyəri isə 72500 manat müəyyən edilmişdir. Bununla da müəyyən edilir ki, ipoteka predmetinin qiyməti barədə tərəflər arasında razılşama olmamış, əmlak qiymətləndirilmiş və qiymətləndirmə rəyi iş materialarına əlavə edilmiş, X3 məxsus Abşeron rayonu, Saray qəsəbəsi, Yeni məhəllə ünvanında yerləşən fərdi yaşayış evinin ilkin satış qiyməti 72500 manat müəyyən edilmişdir. Bununla da məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi yuxarıda müzakirə edilən hissələrdə gəldiyi nəticələrdə haqlı olmuşdur. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinə qiymət verərək, cavabdehin birinci instansiya məhkəməsində keçirilən ekspertizaların nəticələrinə dair ekspert rəyləri ilə razı olmaması barədə dəlilinə qiymət verərək qeyd edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, hazırkı iş üzrə yuxarıda qeyd edilən ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksək olduğundan və ekspert rəyində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilmədiyindən ekspert rəyi sübut kimi qəbul edilməlidir. Eyni zamanda məhkəmə kollegiyası qeyd edir ki, mübahisəli X3 məxsus Abşeron rayonu Saray qəsəbəsi Yeni məhəllə ünvanında yerləşən fərdi yaşayış evi xx.xx.2019-cu il tarixli hərracın yekunları üzrə alğı-satqısı barədə müqaviləyə əsasən 26218,75 manata İddiaçı ASC-yə satılmış, bundan sonra fərdi yaşayın evinə dar xx.xx.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli, **********82-10301 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqlında daşınmaz əmlakın Dövlət reyestrindən çıxaırş əldə edilmişdir. Bununla da müəyyən edilir ki, apellyantın ilkin satış qiymətini mübahisələndirdiyi fərdi yaşayış evi artıq iddiaçı təşkilatın mülkiyyətindədir. Belə olan halda isə mübahisəli fərdi yaşayış evinin ilkin satış qiymətinin müəyyən edilməsinə zərurət yoxdur. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin cavabdehlərdən tutulan borcun məbləği və ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi barədə gəldiyi nəticə və tətbiq etdiyi qanunvericilik normaları işin hallarına uyğun olmaqla qanuni və əsaslıdır. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qanunvericilik normalarını düzgün tətbiq edərək haqlı nəticəyə gəlmişdir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsinə dair apellyasiya şikayətlərinin dəlillərini formal mülahizələr kimi qiymətləndirərək hesab edir ki, qətnamənin ləğvi üçün Mülki Prosessual Məcəllənin 385.1-ci maddəsində sadalanan əsaslar yoxdur. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan məhkəmənin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. Apellyasiya şikayətinin dəlili formal mülahizələrdən ibarət olmuşdur. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, Cavabdeh2 apellyasiya şikayəti təmin edilməməli, Abşeron Rayon Məhkəməsinin 2(012)-2984/2017 nömrəli, 04 may 2017-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392-393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

Cavabdeh2 apellyasiya şikayəti təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin 2(012)-2984/2017 nömrəli, 04 may 2017-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar