Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1291/2021 07.05.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Abasov Şəmsəddin Rizalı oğlu (sədrlik edən və məruzəçi), Məmmədov Zaur İkram oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Ağamirova Nigar Kamran qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı borcun qaytarılması tələbinə dair mülki iş üzrə Qobustan Rayon Məhkəməsinin 25 noyabr 2016-cı il tarixli, 2(027)-1205/2016 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Qobustan Rayon Məhkəməsinin 25 noyabr 2016-cı il tarixli, 2(027)-1205/2016 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh 3500 manat məbləğində pulun və dövlət rüsumunun əvəzi olan 30 manat məbləğində pulun İddiaçı xeyrinə tutulması qət edilmişdir (Q.Hacıyev). Qətnamədən Cavabdeh apelyasiya şikayəti verərək Qobustan Rayon Məhkəməsinin 25 noyabr 2016-cı il tarixli, 2(027)-1205/2016 saylı qətnaməsinin ləğv edilməsini, iddianın təmin edilməməsi və onun qarşılıqlı iddiasının təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İŞİN HALLARİ: İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh 3500 manat məbləğində əsas borcun, gecikdirilmiş vaxt üçün 1000 manat faiz borcunun və dövlət rüsumu üçün ödədiyi 30 manat məbləğində pulun onun xeyrinə tutulmasına dair məhkəmə qətnaməsinin qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, onunla Cavabdeh arasında 26 may 2015-ci il tarixdə Abşeron rayon 1 saylı DNK-da kredit müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən o, həmin tarixdə Cavabdeh 3500 manat pulu vermiş, Cavabdeh isə ona verilən 3500 manat pulu 26.10.2015-ci il tarixə qədər ona ödəməsini öhdəsinə götürmüşdür. Lakin Cavabdeh üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmişdir. Bununla bağlı dəfələrlə cavabdehlə əlaqə saxlamağına baxmayaraq o, 3500 manat borcunu könüllü olaraq qaytarmaqdan boyun qaçırmışdır. Göstərilənlərə, habelə Mülki Məcəllənin 385 və 449.1-ci maddələrinə əsasən iddia təmin edilməlidir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı çıxarılmışdır. Ş İ K A Y Ə T İ N D Ə L İ L L Ə R İ, T Ə R Ə F L Ə R İ N İ Z A H A T L A R İ və S Ü B U T L A R İ : İş üzrə Cavabdeh apelyasiya şikayətini bununla əsaslandırmışdır ki, məhkəmə mübahisəni hərtərəfli araşdırmamış, işin faktiki hallarına düzgün qiymət verməmiş, iddianın qismən təmin edilməsi barədə səhv nəticəyə gəlmişdir. Məhkəmə iclasında onun iştirakı təmin edilməmiş, bunun nəticəsində hüquqları pozulmuşdur. Onun iddiaçıya heç bir borcu yoxdur, çünki aldığı borcu çoxdan ödəmişdir. Lakin iddiaçıya inandığı üçün ödədiyi borc barədə ondan qəbz və kredit müqaviləsinə xitam verilməsi üçün onun ərizəsini almamışdır. Məhkəmə qərar qəbul edərkən yalnız İddiaçı izahatına istinad etdiyindən qətnamə ləğv edilməli, iddianın təmin edilməməsi, onun qarşılıqlı iddiasının təmin olunması barədə qətnamə qəbul edilməlidir. Apelyasiya baxışı zamanı məhkəmə iclaslarının vaxtı və yeri barədə dəfələrlə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmişlər. İş üzrə Cavabdeh arvadı(?) teleqramla məhkəməyə müraciət edərək məhkəmə iclasının təxirə salınmasını xahiş etmiş, lakin ərinin iştirak etməməsinin üzrlü sayılmasına dair heç bir əsaslı səbəb göstərməmişdir. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə, məhkəmə işə baxmağa haqlıdır. Qeyd olunan hüquq normasını və işə baxılmasının qanunla müəyyən edilmiş müddətinin başa çatmasını əsas götürərək məhkəmə kollegiyası işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə görə məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. İş materiallarına əlavə edilmiş 26 may 2015-ci il tarixli, 3 M/510 reyestr nömrəli kredit müqaviləsindən görünür ki, İddiaçı 5 ay müddətinə, yəni 26.10.2015-ci il tarixədək qaytarmaq şərtilə faizsiz borc kimi 3500 manat pulu Cavabdeh vermiş, Cavabdeh isə həmin məbləği qəbul etmiş və qeyd edilən tarixdə İddiaçı qaytarmağı öhdəsinə götürmüşdür. M Ə H K Ə M Ə N İ N H Ü Q U Q İ M Ö V Q E Y İ: Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Yenə həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçinin məruzəsini dinləyərək, apellyasiya şikayətinin dəlillərini nəzərə alıb, işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən apelyasiya şikayəti təmin edilməməli, hazırkı iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İddianın təmin edilməmiş hissəsində qətnamədən apelyasiya şikayəti verilmədiyindən hazırkı mərhələdə bu hissədə qətnamə MPM-nin 372.6-cı maddəsinə əsasən apelyasiya baxışının predmeti hesab edilmir. Məhkəmə kollegiyasının araşdırması zamanı müəyyən olundu ki, tərəflər borc münasibətlərində olmuş, borc notarial qaydada təsdiq edilmiş nüqaviləyə əsasən təsdiq edilmişdir. Borclu cavabdeh aldığı pul vəsaitini geri qaytarmadığı üçün iddiaçı məhkəməyə müraciət etməli olmuşdur. Cavabdeh apelyasiya şikayətində iddiaçıya borcu olmadığını bildirir. Mübahisə ilə bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Mülki qanunvericiliyə əsasən, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. (Mülki Məcəllənin 324.1, 324.2, 324.4 və 324.5-ci maddələri) İstinad olunan maddi hüquq normalarının mənasına görə əqdin bağlanılması üçün ilkin zəruri olan şərtlərdən biri tərəflərin razılaşdırılmış iradə ifadəsidir. İşdən göründüyü kimi, tərəflər borc münasibətində olmuş və öz iradə ifadələrini notarial qaydada təsdiq edilmiş yazılı əqd formasında rəsmiləşdirmişlər. Məhkəmə kollegiyası hesab edir ki, tərəflər arasında bağlanmış 26 may 2015-ci il tarixli kredit müqaviləsinə əsasən, Cavabdeh İddiaçı kredit (borc) almaq hüququna malik olduğu kimi, eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini kreditora qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. AR Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Mülki Məcəllənin 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Qeyd edildiyi kimi borc öhdəliyi notarial qaydada təsdiq edilmiş yazılı formada rəsmiləşdirilmişdir. Mülki Məcəllənin 448.1 və 448.2-ci maddələrinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Yuxarıdakı normaların tələblərindən də aydın olur ki, borclu müqavilə üzrə öhdəliklərini yerinə yetirmədikdə kreditorun bunu tələb etmək hüququ yaranır və kreditor qarşısında borclu məsuliyyət daşıyırlar. Apelyasiya şikayətində cavabdeh iddiaçıdan 3500 manat borc aldığını və aldığı bu borc məbləğini qaytardığını bildirsə də, bununla bağlı məhkəməyə heç bir legitim və mötəbər sübut təqdim edə bilməmişdir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh iddiaçı İddiaçı qarşısında öhdəliyi yaranmışdır və o bu öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi sadalanan maddi hüquq normalarına istinad etməklə mübahisə üzrə düzgün nəticəyə gəlmişdir. Bu baxımdan, məhkəmə kollegiyası cavabdehin apelyasiya şikayətində göstərdiyi dəlilləri formal mülahizələr kimi qiymətləndirirərək hesab edir ki, bu dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Hazırki halda məhkəmə kollegiyası hesab edir ki, iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilmişdir. Cavabdeh apelyasiya şikayətinin əsaslarına dair məhkəməyə hər hansı mötəbər və legitim sübut təqdim edə bilməmişdir. Ona görə də məhkəmə kollegiyası apelyasiya şikayətini formal mülahizələr kimi qiymətləndirir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini təmin etmədən saxlaya bilər. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Cavabdeh apelyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Qobustan Rayon Məhkəməsinin 25 noyabr 2016-cı il tarixli, 2(027)- 1205/2016 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilsin. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəmsəddin Abasov Hakimlər: Zaur Məmmədov Telman Məmmədov
Məhkəmə qərarları › İş №2(105)-1291/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1291/2021
07.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver