Məhkəmə qərarları › İş №2(105)-1295/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-1295/2025

18.09.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-1295/2025 18.09.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyası – hakimlər X1 (sədrlik edən və məruzəçi), Məmmədov Zahid Tahir oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, iddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “maddi zərərin ödənilməsi tələbinə dair” mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin “iddia ərizəsinin qaytarılması haqqında” xx.xx.2025-ci il tarixli, 2(012)-5082/2025 nömrəli qərardadından iddiaçı "xxxx" MMC tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı “maddi zərərin ödənilməsi tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən vurulmuş 46689,46 manat məbləğində zərərin tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(012)-5082/2025 nömrəli qərardadı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır (hakim Habil Əhmədov). Həmin qərardaddan iddiaçı "xxxx" MMC şikayət verərək, Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(012)-5082/2025 nömrəli qərardadının ləğv edilməsini və iddia ərizəsinin icraata qəbul olunaraq baxılmasını xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(012)-5082/2025 nömrəli qərardadı ilə şikayətin təmin edilməməsi, iddiaçı "xxxx" MMC tərəfindən verilmiş şikayətin iş materialları ilə birlikdə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır (hakim Habil Əhmədov). Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları üzrə araşdıraraq bu nəticəyə gəlir ki, iddiaçı "xxxx" MMC tərəfindən verilmiş şikayət təmin edilməməli, Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(012)-5082/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, birinci instansiya məhkəməsi iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılmalı olması barədə qənaətini onunla əsaslandırmışdır ki, iddia ərizəsindən göründüyü kimi, iddiaçı onun xeyrinə cavabdehdən 46689,46 manat məbləğində zərərin tutulmasını tələb edir. Lakin həmin tələb üzrə dövlət rüsumu ödənilməmiş, iddiaçı tərəfindən iddia ərizəsinə 230 manat rüsumun ödənilməsini təsdiq edən sənəd əlavə edilməmişdir. İddiaçı isə şikayətini onunla əsaslandırmışdır ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.1-ci maddəsinə müvafiq olaraq, əməyin ödənilməsi və əmək fəaliyyəti ilə bağlı tələblər üzrə iddiaçılar məhkəməyə verilən iddia ərizəsinə görə dövlət rüsumu ödəməkdən azaddırlar. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iddiaçı "xxxx" MMC-nin iddia ərizəsinin geri qaytarılması barədə qərarı qanuni və əsaslıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 108.1 və 108.1.1-ci maddəsinə əsasən, mülki məhkəmə icraatında iddia ərizəsi verildikdə dövlət rüsumu ödənilir. Həmin Məcəllənin 108.2-ci maddəsinə görə, məhkəmələrdə baxılan işlər üzrə dövlət rüsumunun əsasları, ödənilmə qaydaları, məbləği və dövlət rüsumu ödəməkdən azad edilmə halları qanunla müəyyən edilir. Həmin Məcəllənin 150.1.2-ci maddəsinə əsasən, iddia ərizəsinə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd əlavə edilir. Həmin Məcəllənin 152.1.5-ci maddəsinə əsasən, müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. İddiaçının istinad etdiyi “Dövlət rüsumu haqqında” Qanunun 9.1.1-ci maddəsində həqiqətən də iddiaçıların əməyin ödənilməsi və əmək fəaliyyəti ilə bağlı tələblər üzrə məhkəməyə verilən iddia ərizəsinə görə dövlət rüsumu ödəməkdən azad olduğu müəyyən edilmişdir. Lakin bu normada nəzərdə tutulmuş mənada “iddiaçılar” dedikdə qanuni əsaslarla əmək fəaliyyəti ilə məşğul olan fiziki şəxslər (işçilər) başa düşülməlidir. Həmin fiziki şəxsləri əmək fəaliyyətinə cəlb edən fərdi sahibkarlar və hüquqi şəxslər, yəni işəgötürənlər isə işçilərlə əmək münasibətlərində olduqları zaman özləri əmək fəaliyyəti deyil, iqtisadi (kommersiya) və (və ya) maliyyə-təsərrüfat fəaliyyəti həyata keçirirlər. Ona görə də “Dövlət rüsumu haqqında” Qanunun 9.1.1-ci maddəsi bu subyektlərə (işəgötürənlərə) aid deyildir. Beləliklə, işəgötürənlə işçi arasında əmək münasibətlərindən irəli gələn mübahisə yaranarsa, məhkəməyə iddia ərizəsi verən işçi dövlət rüsumu ödəməkdən azaddır, iddia ərizəsini işəgötürən verdikdə isə o, dövlət rüsumu ödəməkdən azad deyil və “Dövlət rüsumu haqqında” Qanunla müəyyən olunmuş qaydada və məbləğdə dövlət rüsumu ödəməlidir. Əks halda iddia ərizəsi MPM-in 152.1.5-ci maddəsinə əsasən geri qaytarılmalıdır. Ona görə də məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq hesab edir ki, iddiaçı "xxxx" MMC tərəfindən verilmiş iddia ərizəsi MPM-in 150.1.2-ci maddəsinin tələbinə cavab vermədiyindən məhkəmə həmin ərizəni ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarmaqda haqlı olmuşdur. İddiaçının şikayəti birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsinə əsas vermir və həmin şikayətlə bağlı qərardadın ləğvi üçün başqa əsaslar da müəyyən olunmamışdır. Odur ki, şikayət təmin edilməməli və Abşeron Rayon Məhkəməsinin “iddia ərizəsinin qaytarılması haqqında” xx.xx.2025-ci il tarixli, 2(012)-5082/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. MPM-in 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərardadından şikayətə baxdıqda qərardadı dəyişdirilmədən saxlayıb şikayəti təmin etməmək barədə qərardad qəbul edə bilər. MPM-in 400 və 402-ci maddələrinə müvafiq olaraq, birinci instansiya məhkəməsinin iddia ərizəsinin qaytarılması haqqında qərardadından şikayətə baxılması əsasında apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilən qərardaddan kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır və apellyasiya məhkəməsinin həmin qərardadı çıxarıldığı andan qanuni qüvvəyə minir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 150, 152, 266-269, 395-400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı "xxxx" MMC tərəfindən verilmiş şikayət təmin edilməsin. İş üzrə Abşeron Rayon Məhkəməsinin “iddia ərizəsinin qaytarılması haqqında” xx.xx.2025-ci il tarixli, 2(012)-5082/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Hazırkı qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar